Məhkəmə qərarları › İş №1(101)-692/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-692/2020

26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-692/2020 26.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X13 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1986-cı il mayın 08-də Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 5 azyaşlı uşağı olan, əvvəllər məhkum edilmiş, daş karxanasında fəhlə işləmiş, Yardımlı rayonunun Ökü kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 2-ci Massivdə yerləşən birmərtəbəli nömrəsiz evdə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu bir qrup şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni istintaqa məlum olmayan mənbədən əldə edib daşımaqla özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında şəxsiyyəti istintaqın müəyyən etmədiyi şəxslə birləşmiş, əldə ediləcəyi gəliri bölüşdürmək barədə aralarında olunmuş razılığa əsasən 2020-ci il yanvarın 24-də sonuncunun yol maşını ilə göndərdiyi külli miqdarda, təmiz çəkisi 794,101 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki «Sədərək» ticarət mərkəzinin ərazisində əldə etmiş, həmin narkotik vasitənin 793 qramını daşıyıb yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 2-ci massivdə yerləşən birmərtəbəli nömrəsiz fərdi yaşayış evinin yataq otağında olan soyuducunun altında və 0,203 qramını yataq taxtının üzərindəki döşəyin altında, 0,364 qramını evin həyətindəki daşların altında saxlamaqla 0,534 qramını 2020-ci il yanvarın 31də günorta saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 2-ci massivdə X7 20 manata satmış, sonuncu göstərilən tarixdə saat 13 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Qızıldaş magistral yolunda yerləşən «Puta» yanacaq doldurma məntəqəsinin yaxınlığında Bakı şəhəri Qaradağ Rayon Polis X2 Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanaraq saat 1320-də idarənin inzibati binasına gətirilib orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində aparılan şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən təmiz çəkisi 0,534 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilməklə götürülmüş, təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilərək saat 2135-də Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 2-ci massivdə yerləşən birmərtəbəli nömrəsiz fərdi yaşayış evində axtarış və götürmə istintaq hərəkəti aparılıb yataq otağında olan yataq taxtının üzərindəki döşəyin altından təmiz çəkisi 0,203 qram və soyuducunun altından təmiz çəkisi 793 qram, evin həyətindəki daşların altından təmiz çəkisi 0,364 qram, ümumilikdə təmiz çəkisi 793,567 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilməklə götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heç zaman narkotik vasitə satışı ilə məşğul olmamışdır. 2020-ci il yanvarın 31-də gecə saatlarında saxlanarkən üzərində öz şəxsi istifadəsi üçün 0,5 qram heroin olmuşdur, qalanı onun deyildir. Bundan əvvəl onun kimi narkotik aludəçisi olan tanışı X7 0,5 qram heroin satmamışdır. Ona qarşı zor və ya təsir tətbiq olunmamışdır, lakin istintaqdakı ifadəni təsdiq etmir. İş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, polis mayoru olmaqla Bakı şəhəri Qaradağ Rayon Polis X2 Bölməsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 2020-ci il yanvarın 31-də Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan İnqilab adlı şəxsin narkotik vasitələri üzərində gəzdirməsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatının dəqiqləşdirilməsi üçün bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirildikdə saat 13 radələrində şəxsiyyətini sonradan bildiyi X8 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Qızıldaş avtomobil yolunda fəaliyyət göstərən «Puta» yanacaq doldurma məntəqəsinin yanında müəyyən edərək əməliyyat qrupunun üzvləri Şahid2 və Şahid3 ilə birlikdə özlərini təqdim edib idarənin inzibati binasına dəvət etmişlər. Orada onların və vəkilin iştirakı ilə təhqiqatçı Rövşən Ceyhun oğlu Kələntərov tərəfindən videoçəkilişlə X5 üzərində şəxsi yoxlama aparılmağa başlanmazdan əvvəl üstündə hər hansı qanunsuz əşya varsa təqdim etməsi təklif olunanda sonuncu əynindəki göy rəngli şalvarın sağ yan cibindən, içərisində narkotik vasitə olan heroin olduğunu və həmin maddəni Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində Çingiz adlı tanışından 20 manata öz istifadəsi üçün aldığını bildirməklə, çıxardığı ağ rəngli sellofan torbadan toz şəklində qəhvəyi rəngli iysiz kütlə aşkar edilmiş, göstərilən torba zərfə qoyularaq qablaşdırılıb 46 saylı möhürlə möhürlənmiş, müvafiq protokol tərtib edilməklə bütün iştirakçıların imzaları ilə təsdiq olunmuşdur. Bundan sonra şəxsiyyətini müəyyənləşdirdikləri Təqsirləndirilən şəxs yaşadığı, Bakı şəhər, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 2-ci massivdə yerləşən bir mərtəbəli nömrəsiz evdə təxirə salınmadan axtarış və götürmə istintaq hərəkəti aparılmış, yataq otağında olan taxtın üstündəki döşəyin altından bir ədəd kiçik ölçülü şəffat polietilen kəsiyində qəhvəyi rəngli maddə olan büküm, soyuducunun altından bir ədəd üzəri yapışqanlı lentlə sarınan böyük ölçülü bağlamada qəhvəyi rəngli kütlə, evin giriş qapısı ilə üzbəüz olan həm yataq, həmdə qonaq otağı kimi istifadə edilən otaqdakı şkafdan bir ədəd «Blendo Tomat» yazısı olan şüşə bankada toz halında qəhvəyi rəngli kütlə, eləcə də peçin yanında olan döşəkcənin üzərindən sellofan torbada ot halında naməlum kütlə aşkar olunaraq götürülmüşdür. Axtarış davam etdirildiyi vaxt həyətdəki daşların altından siqaretin gümüşü kağızına bükülən bir ədəd kiçik ölçülü bağlamadan qəhvəyi rəngli maddə aşkar edilib bütün predmetlər ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmışdır. Bütün iştirakçılar tərtib edilən protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. X9 və Təqsirləndirilən şəxs saxlanarkən özlərini çox səmimi aparmışlar, onlara qarşı zor, təzyiq və təsir tətbiq olunmamışdır. İş üzrə şahid qismində dindirilən Bakı şəhəri Qaradağ Rayon Polis X2 Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və polis baş leytenantı olmaqla hadisə zamanı Bakı şəhəri Qaradağ Rayon Polis X2 Bölməsində əməliyyat müvəkkili işləmiş Şahid2 Şahid1 ilə analoji ifadə verdilər. İş üzrə şahid qismində dindirilən Şahid6 2020-ci il yanvarın 31-də saat 21 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 2-ci massivdə yerləşən bir mərtəbəli nömrəsiz evdə axtarış və götürmə istintaq hərəkətində hal şahidi qismində iştirak etdiyini göstərməklə Şahid1 ilə uyğun ifadə verdi. İş üzrə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, o, kürəkəni Təqsirləndirilən şəxs narkotik aludəçisi olduğunu, narkotik vasitələrin satışını həyata keçirməsini heç bir vaxt bilməmiş, evdə aparılan axtarış zamanı qeyd edilən maddələrin Çingizə məxsus olması ona məlum olmuşdur. O, X8 tanımır və Çingizin İnqilaba narkotik vasitə satmasından, habelə törədilmiş hadisə barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs ibtidai araşdırma vaxtı şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilib narkotik vasitə heroini inyeksiya yolu ilə qəbul etməsi ilə yanaşı satışını da həyata keçirdiyini, narkotik vasitələri ay ərzində 3-4 dəfə Bakı şəhəri, Qaradağ rayonundakı daş karxanalarında işləyərkən tanıdığı Neftçala rayon sakini Hidayət adlı şəxsdən alaraq satdıqdan sonra pulunu verdiyini, sonuncu dəfə 2020-ci il yanvarın 24-də Hidayətin yol maşını ilə ona göndərdiyi külli miqdarda narkotik vasitəni tanımadığı şəxslərə satdığını, həmçinin 2020-ci il yanvarın 31-də X9 adlı tanışının ondan 20 manata şəxsi istifadəsi üçün təxminən yarım qram narkotik vasitə heroin aldığını, axşam saatlarında isə polis əməkdaşlarının yaşadığı ünvana gəlib onun razılığı ilə axtarış keçirməyə başladıqlarını, bu zaman evin yataq otağındakı soyuducunun altından bir ədəd sellofan paketdə, yataq taxtının üzərindəki döşəyin altından bir ədəd kiçik sellofan bükümdə, evin həyətində yığılan daşların arasından siqaretin gümüşü kağızına bükülü halda qəhvəyi rəngli narkotik vasitə heroin aşkar etdiklərini göstərmişdir (1-ci cild, iş vərəqi 86-89 və145- 148; 2-ci cild, iş vərəqi 57-60). Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid5 ibtidai araşdırma zamanı şahid qismində dindirilərkən 2020-ci il yanvarın 31-də saat 21 radələrində Təqsirləndirilən şəxs adlı şəxs barəsində axtarış və götürmə ilə bağlı əməliyyat tədbirində hal şahidi qismində iştirak etdiyini bildirməklə Şahid6 ilə oxşar ifadə vermişdir (1-ci cild, iş vərəqi 206). İş materiallarında olan 2020-ci il 31 yanvar tarixli izahatın kserosurətindən görünür ki, X10 həmin tarixdə Bakı şəhəri Qaradağ rayonunun Qızıldaş qəsəbəsində Çingiz adlı tanışından 20 manata bir büküm heroin almışdır (1-ci cild, iş vərəqi 26). İş materiallarındakı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 31 yanvar tarixli protokoldan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 2-ci Massivdə yerləşən birmərtəbəli nömrəsiz evdə axtarış və götürmə aparılarkən yataq taxtının üzərindəki döşəyin altından polietilen torbanın içərisində qəhvəyi rəngli maddə olan bir ədəd büküm, soyuducunun altından içərisində qəhvəyi rəngli maddə olan bir ədəd bağlama, qonaq otağından bir ədəd şüşə bankada qəhvəyi rəngli tozşəkilli maddə, peçin yanındakı döşəkçənin üzərindən bir ədəd sellofan torbada ot halında kütlə, həyətdəki kərpic daşlarının altından gümüşü rəngli siqaret kağızına bükülmüş bir ədəd bağlama aşkar edilərək götürülmüş, fotocədvəl protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 52-62). İş materiallarındakı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 31 yanvar tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild, iş vərəqi 75-76). İş materiallarındakı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 31 yanvar tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə keçirilən baxış zamanı qanunla qadağan edilən hər hansı bir əşya aşkar olunmamışdır (1-ci cild, iş vərəqi 84). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 01 fevral tarixli 2698 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində «Təqsirləndirilən şəxs...» yazısı olan üç ədəd zərfdəki bir ədəd polietilen bükümdə təmiz çəkisi 0,203 qram, bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,364 qram və bir ədəd üzəri şəffaf yapışqan lentlə bağlanan polietilen bağlamada təmiz çəkisi 793 qram olan maddə kütləsi xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olmaqla kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 793,567 qram təşkil edən narkotik vasitə heroindir, Təqsirləndirilən şəxs və X3 götürülən heroin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir; tədqiqatdan sonrakı qalıq 793,367 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (1-ci cild, iş vərəqi 100-103). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 01 fevral tarixli 2702 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində «Təqsirləndirilən şəxs...» yazıları və imzalar olan 01 №-li kağız paketdə bir ədəd sellofan torbada təmiz çəkisi 150,0 qram və 2 №-li kağız paketdə bir ədəd şüşə bankada təmiz çəkisi 220,0 qram olan bitki mənşəli kütlələr narkotik vasitələrə aid deyil, tədqiqatdan sonrakı qalıqlar müvafiq qaydada 149,98 qram və 219,98 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 66,46 manatdır (1-ci cild, iş vərəqi 105- 107). İş materiallarındakı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 01 fevral tarixli protokoldan görünür ki, şübhəli şəxslər X9 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilərkən birincisi Təqsirləndirilən şəxs tutulana kimi, yəni 2019-cu ilin oktyabr ayından 2020-ci il yanvarın 31-dək narkotik vasitə aldığını bildirərək ifadəsini təsdiq etmiş, ikincisi isə onun dediklərini təsdiq etmişdir (1-ci cild, iş vərəqi 108-111). İş materiallarındakı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 01 fevral tarixli protokoldan görünür ki, 2 dəqiqə 44 saniyəlik videonun olduğu bir ədəd DVD diskinə baxış zamanı üzərinə şəxsi axtarış və baxış keçirilən X5 göy rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofan bükümdə narkotik vasitə heroini təqdim etməklə onu öz istifadəsi üçün 2020-ci il yanvarın 31-də Çingiz aldı şəxsdən 20 manata aldığını və sonuncunun evində narkotik vasitə heroin olduğunu bildirməsi müəyyən edilmişdir (1-ci cild, iş vərəqi 112). İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 02 fevral tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsindən həmin Məcəllənin 234.4.3.-cü maddəsinə tövsif edilmişdir (1-ci cild, iş vərəqi 131-133). İş materiallarındakı Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2020-ci il 02 fevral tarixli protokoldan görünür ki, 4 dəqiqə 11 saniyəlik videonun olduğu bir ədəd DVD diskinə baxış zamanı üzərinə baxış keçirilən Təqsirləndirilən şəxs hər hansı bir qanunsuz əşya aşkarlanmaması müəyyən edilməmişdir (1-ci cild, iş vərəqi 135). İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 02 fevral tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 137-138). İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2020-ci il 02 fevral tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2020-ci il yanvarın 31dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 167- 169). İş materiallarında olan 2009-cu il 08 dekabr tarixli AZ-İ seriyalı 546156 №-li nikah haqqında şəhadətnamənin, AZE seriyalı 11081348 №-li, AZE seriyalı 11081345 №-li, AZE seriyalı 11081366 №-li, AZE seriyalı 11081371 №-li, AZE seriyalı 11081346 №-li şəxsiyyət vəsiqələrinin kserorusətlərindən və Yardımlı Rayonu İcra Hakimiyyəti başçısının Şiləvəngə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 2020-ci il 03 mart tarixli 83 nömrəli arayışından görünür ki, Çingiz Əlikömək oğlu X1 2009-cu il 09 may təvəllüdlü X18, 2011-ci il 25 aprel təvəllüdlü X15, 2011-ci il 09 iyul təvəllüdlü Röyal Çingiz oğlu Ağayev, 2013-cü il 14 iyun təvəllüdlü X16 və 2014-cü il 19 dekabr təvəllüdlü X17 adlı övladları vardır (1-ci cild, iş vərəqi 171-176 və 246). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 2020-ci il fevralın 17-də tərtib etdiyi tələbnamədən görünür ki Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2013-cü il 08 oktyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci, 177.2.2.-ci və 177.2.4.-cü maddələri ilə təqsirli bilinib 1.000 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, 2015-ci il martın 11-də cəza icra edilmişdir (1-ci cild, iş vərəqi 219). İş materiallarındakı Yardımlı Rayonu İcra Hakimiyyəti başçısının Şiləvəngə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin tərtib etdiyi 2020-ci il 03 mart tarixli 85 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Yardımlı rayonunun Ökü kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs birgəyaşayış qaydalarına əməl etmiş və barəsində heç bir inzibati tənbeh tətbiq edilməmişdir (1-ci cild, iş vərəqi 247-248). İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2019-cu il 19 noyabr tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci və 177.2.3-2.-ci maddələri ilə təqsirli bilinib 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (2-ci cild, iş vərəqi 13-21). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X20 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2020-ci il 01 may tarixli 1137 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnmiş narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (2-ci cild, iş vərəqi 22-23). İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2020-ci il 07 may tarixli sübutların qiymətləndirilməsi haqqında, habelə eyni tarixli və 2020ci il 08 may tarixli qərarlarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsindən həmin Məcəllənin 234.4.1.-ci və 234.4.3.-cü maddələrinə tövsif edilməklə ona qeyd olunan maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, X5 üzərindən və Təqsirləndirilən şəxs yaşadığı evdən götürülən müvafiq qaydada təmiz çəkisi 0,534 qram və 793,567 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq tədqiqatdan sonrakı 0,464 və 793,367 qram çəkidə qalıqları, bir ədəd sellofan torbada və bir ədəd şüşə bankada narkotik vasitələrə aid olmayan bitki mənşəli kütlələrin tədqiqatdan sonrakı müvafiq qaydada 149,98 qram və 219,98 qram çəkidə qalıqları saxlanılmaq üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmaması nəzərə alınmış, X9 barəsində Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə, Neftçala rayonunun Qəhrəmanlı kəndində yaşayan Hidayət adlı şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən qeydə alınmış videogörüntünü əks etdirən bir ədəd DVD diskinin cinayət işinə əlavə olunması nəzərə alınmışdır (2-ci cild, iş vərəqi 24-41, 43-45 və 49-50). Məhkəməyə təqdim edilən Bakı şəhəri Qaradağ Rayon İcra və Probasiya Şöbəsinin 2020-ci il 13 oktyabr tarixli xx/xx-1065/9 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2019-cu il 19 noyabr tarixli hökmü əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci və 177.2.3-2.-ci maddələri ilə təyin edilən 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Yardımlı Mərkəzi Xəstəxanasının 2020-ci il 15 iyul tarixli 461 nömrəli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs 2015-ci il avqustun 25-dən xəstəxananın vərəm kabinetində dispanser qeydiyyatında olmuşdur. Məhkəməyə təqdim edilən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2020-ci il 09 sentyabr tarixli hökmünün surətindən görünür ki, X9 Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonuncunun həbsdə olduğu 04 ay müddəti Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq üzərində 01 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, ondan aşkar edilib Bakı şəhərinin Qaradağ Rayon Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,534 qram narkotik vasitə heroinin 0,464 qram çəkidə qalığının məhv edilməsi qərara alınmış; X9 videoçəkilişlə aparılan baxış zamanı və məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilərkən 2019-cu ilin oktyabr ayından etibarən tutulduğu günə, yəni 2020-ci il yanvarın 31-nə kimi Təqsirləndirilən şəxs adlı şəxsdən adətən bir çet narkotik vasitə heroini 10 manata almaqla axırıncı dəfə təxminən yarım qram bir büküm həmin narkotik vasitəni 20 manata əldə etdiyini göstərmiş, şahid qismində dindirilən Təqsirləndirilən şəxs də sonuncunun ifadəsini təsdiq etmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə, yəni narkotik vasitələrin sadəcə aludəçisi olmaqla satışı ilə heç vaxt məşğul olmaması, üzərində öz şəxsi istifadəsi üçün 0,5 qram heroin gəzdirməsi və X7 0,5 qram heroin satmaması barədə dediklərinə, bununla da özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə marixuananın-kannabis (qurudulmuş) şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 500 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özünün şübhəli və təqsirləndirilən şəxslər qismindəki tam etirafedici və şahid ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlama rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində beş azyaşlı uşağının olmasının işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə almaqla qeydiyyatdakı yer üzrə müsbət xarakterizə edilməsini, ailə vəziyyətini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2019-cu il 19 noyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci və 177.2.3-2.-ci maddələri ilə təqsirli bilinib 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğundan hazırki cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Azərbaycan Respublikasının CM-nin 18.4.4.-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 68.1.1-1.-ci maddəsinə müvafiq olaraq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2019-cu il 19 noyabr tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci və 177.2.3-2.-ci maddələri ilə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 05 ay 28 gün müddəti azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla 08 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1.-ci maddəsi əsasında hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən götürülən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatdan sonrakı 793,367 qram çəkidə qalığı, bir ədəd sellofan torbada və bir ədəd şüşə bankada narkotik vasitələrə aid olmayan bitki mənşəli kütlələrin tədqiqatdan sonrakı müvafiq qaydada 149,98 qram və 219,98 qram çəkidə qalıqları məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən qeydə alınmış videogörüntünü əks etdirən bir ədəd DVD diskinin cinayət işinə əlavə olunması, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2020-ci il 09 sentyabr tarixli hökmü əsasında X5 üzərindən götürülməklə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,534 qram narkotik vasitə heroinin 0,464 qram çəkidə qalığının məhv edilməsinin qərara alınması nəzərə alınmalıdır. İş üzrə 180,46 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən 62 iş saatı; məhkəmədə hüquqlarının müdafiəsi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 52 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X11 vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 372 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 312 manat köçürülməlidir. Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2020-ci il yanvarın 31-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1.-ci maddəsinə müvafiq olaraq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2019-cu il 19 noyabr tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1.-ci və 177.2.3-2.-ci maddələri ilə təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 05 ay 28 gün müddəti azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla 08 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1.-ci maddəsi əsasında hazırki hökm üzrə təyin edilmiş 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə o, qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il yanvarın 31-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. 180,46 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X11 vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 372 manat, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 312 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən götürülən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin tədqiqatdan sonrakı 793,367 qram çəkidə qalığı, bir ədəd sellofan torbada və bir ədəd şüşə bankada narkotik vasitələrə aid olmayan bitki mənşəli kütlələrin tədqiqatdan sonrakı müvafiq qaydada 149,98 qram və 219,98 qram çəkidə qalıqları məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən qeydə alınmış videogörüntünü əks etdirən bir ədəd DVD diskinin cinayət işinə əlavə olunması, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2020-ci il 09 sentyabr tarixli hökmü əsasında X5 üzərindən götürülməklə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,534 qram narkotik vasitə heroinin 0,464 qram çəkidə qalığının məhv edilməsinin qərara alınması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar