Məhkəmə qərarları › İş №1(101)-692/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-692/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-692/2021 03.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, tərcüməçi – X4, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 02 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və 9 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Gürcüstan Respublikasının Siqnaxi rayonunda anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikası, Siqnaxi rayonu, Sakobu kəndində qeydiyyatda olmaqla, Tbilisi şəhəri, Varketili rayonu, Kaloubnis küçəsi, ev 24D, mənzil 30-da yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan təbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xeyli miqdar təşkil edən pul vəsaitini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən bəyan etməməklə keçirməklə təkrar qaçaqmalçılıq etmişdir. Belə ki, o, x xxxxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Azərbaycan Respublikasından keçməklə X7 getmək məqsədilə Gürcüstandan Azərbaycan Respublikasına gələrkən Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda piyada idxal nəzarət xəttində gömrük yoxlaması zamanı çiynindən asdığı, üzərində “Sport” sözü yazılmış qara rəngli bel çantasının zəncirbəndlə bağlanmış ciblərinin içərisində əvvəlcədən kağız üzərində və ya elektron formada yazılı, həmçinin şifahi bəyan etmədiyi hər biri 100 nominallıq 419 əsginasdan ibarət 41.900 və hər biri 50 nominallıq 22 əsginasdan ibarət 1100 ABŞ dolları olmaqla, ümumilikdə cəmi 73.100 AZN ekvivalentində xeyli miqdar təşkil edən 43.000 ABŞ dolları məbləğində nəğd pulu qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Bundan başqa o, cinayət əməlini davam etdirərək, təkrar x xxxxxxxx 2020-ci il tarixdə saat 9 radələrində FZ710 saylı Bakı-Dubay aviareysi ilə Azərbaycan Respublikasından X7 gedərkən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı şəhərinin Xəzər rayonunun inzibati ərazisində yerləşən “Terminal 1 X11” gömrük postunda “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçərkən çiynindən asdığı, üzərində “Sport” sözü yazılmış qara rəngli bel çantasının zəncirbəndlə bağlanmış ciblərinin içərisində əvvəlcədən kağız üzərində və ya elektron formada yazılı, həmçinin şifahi bəyan etmədiyi hər biri 100 nominallıq 419 əsginasdan ibarət 41.900 və hər biri 50 nominallıq 22 əsginasdan ibarət 1100 ABŞ dolları olmaqla ümumilikdə cəmi 73.100 AZN ekvivalentində xeyli miqdar təşkil edən 43.000 ABŞ dolları məbləğində nəğd pulu qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Gürcüstan Respublikasının vətəndaşıdır, himayəsində 2 azyaşlı uşağı vardır. 2004-cü ildən etibarən Gürcüstan dövlət orqanlarında rəsmi qeydiyyata alınmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sahibkarlıq fəaliyyəti ilə əlaqədar mütəmadi olaraq X5 Dubay şəhərinə gedib oradan müxtəlif növ ehtiyat hissələri alıb konteyner vasitəsilə Gürcüstana gətirib satışını həyata keçirmişdir. Həmin pulu o, Gürcüstan Respublikasında bankdan kredit götürmüş və hesab etmişdir ki, BƏƏ-nin Dubay şəhərində avtomobillər üçün ehtiyyat hissələri alıb sonra Gürcüstanda satıb, gəlir əldə edəcək. Bu səbədən 2020-ci ilin sentyabr ayının əvvəllərində Tbilisi şəhərində yerləşən “Fly Dubai” şirkətinin nümayəndəliyinə bilet almaq üçün müraciət etmişdir. Həmin ərəfədə Tbilisi şəhərindən Dubay şəhərinə uçuşlar həyata keçirilmədiyinə görə ona şirkət tərəfindən Bakı şəhərindən Dubay şəhərinə təyyarə vasitəsilə getmək təklif olunmuş və o da razılaşmışdır. x xxxxxxxx 2020-ci il tarixdə xüsusi olaraq Azərbaycan Respublikasına gələn təxminən 25 nəfərlə birlikdə Gürcüstanın “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsinə gəlmişdir. O, Dubay şəhərinə ehtiyat hissələrinin alqı-satqısı ilə bağlı getdiyinə görə üzərində 53.000 ABŞ dolları məbləğində nəğd pul götürmüşdür. Həmin pulu üzərində gəzdirdiyi bel çantasında saxlamışdır. O, Gürcüstanın gömrük postundan keçərkən onun üzərində pul olduğunu şifahi şəkildə Gürcüstan gömrük orqanlarının əməkdaşlarına bildirsə də, adını və soyadını bilmədiyi gömrük əməkdaşı həmin pulun ölkə xaricinə çıxdığını və Bakı şəhərinə deyil, Dubay şəhərinə aparıldığını və xüsusi reyslə getdiyini əsas gətirərək pulun gömrük orqanına bəyan edilməsinə ehtiyac olmadığını bildirmişdir. O, Azərbaycan Respublikasının “Qırmızı körpü” gömrük postuna daxil olmuş, orada bir ədəd çemodanı və bel çantasını rentgen aparatına gömrük nəzarətinə təqdim etmişdir. Orada heç bir sorğu-sual olunmadan Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. Bir müddət sonra başqa bir sərnişin avtobusu ilə xüsusi reyslə Bakı şəhərinə, “X9 Aeroportu”na gəlmişdir. Aeroporta təxminən saat 8-9 ərəfələrində çatmışdır. Təxminən saat 10 radələrində çemodanı baqaja təhvil verərək qeydiyyatdan keçib, uçuş talonunu alıb gömrük nəzarəti zonasına yaxınlaşmışdır. Orada bel çantasını və bel kəmərini, eləcə də üzərində olan digər əşyaları rentgen aparatına yerləşdirmişdir. Bu vaxt bir nəfər gömrük əməkdaşı bel çantasında nə apardığını soruşduqda, o, çantasında 53.000 ABŞ dolları məbləğində nəğd pul apardığını bildirmişdir. Bundan sonra onu yoxlama otağına dəvət etmişlər və onun üzərinə və şəxsi əşyalarına hal şahidlərinin iştirakı ilə baxış keçirmişlər. Sonra bel çantasından aşkar edilən pulu qablaşdıraraq götürmüşlər. Bu barədə protokol tərtib edilmiş və protokol imzalanmışdır. Həmin cinayət qanunu bilmədiyinə görə baş vermişdir. Hərəkətindən peşman olmuşdur. Bunu nəzərə alıb ona həbslə bağlı olmayan cəza tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində inspektor vəzifəsində işləyir. x xxxxxxxx 2020-ci il tarixində növbədə olduğu zaman, xidməti vəzifəsini “X9 Aeroportu”nun T1 terminalının B zonasında gediş zalında yerinə yetirmişdir. Saat 09:25 radələrində FZ 710 saylı Bakı-Dubay aviareysi ilə gedən sərnişin, Gürcüstan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs “Yaşıl kanal“ buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçmiş, lakin, mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı gömrük qanunvericiliyinin tələbinə əsasən gömrük orqanının müəyyən etdiyi yerdə, yəni, “Qırmızı kanal” buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətinə təqdim etməmiş, elektron və ya yazılı formada bəyan etməmişdir. Təqsirləndirilən şəxs əl çantasını rentgen skan aparatına yerləşdirilmiş rentgen aparatının lentinə qoyub oradan keçərkən monitorda valyuta təsvirləri əks olunduğundan sərnişin onun tərəfindən saxlanılaraq, nağd şəklində apardığı xarici valyutanın miqdarı barədə sorğu-sual olunarkən Jaba 53.000 ABŞ dolları miqdarında xarici valyuta apardığını və həmin pulları sentyabrın 7-dən 8-nə keçən gecə “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsi vasitəsi ilə Gürcüstandan Azərbaycana gələrkən gətirdiyini bildirmişdir. Bundan sonra sərnişin çantasında yoxlama keçirilməsindən ötrü otağa dəvət olunmuşdur. Orada hal şahidlərinin və əməkdaş Şahid2 iştirakı ilə yoxlama keçirilərkən, Təqsirləndirilən şəxs məxsus olan, üzərində “Sport” sözü yazılmış qara rəngli kiçik həcmli əl çantasının zəncirbəndlə bağlanmış ciblərindən 519 ədəd hər biri 100 ABŞ dolları nominalında və 22 ədəd hər biri 50 ABŞ dolları nominalında pul əsginasları aşkar olunmuşdur. Şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən bəyan edilməmiş mallar aşkar olunmamışdır. Yoxlama prosesi başa çatdıqdan sonra aşkar olunan ümumilikdə 53.000 ABŞ dolları polietilen zərfdə qablaşdırılaraq, onlar tərəfindən protokol əsasında götürülmüşdür. Sorğu zamanı təqsirləndirilən şəxs Gürcüstanın gömrük postundan keçərkən üzərində olan pulu gömrük orqanına yazılı bəyan etmədiyni bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, “X13 Limanı”nda fəhlə işləyir. xx.xx.2020-ci il tarixində 09:50 radələrində bir nəfər gömrük əməkdaşı ona bir nəfərin üzərinə baxış keçirilməsində hal şahidi qismində iştirak etməyini təklif etmişdir. O, razılaşmış və aeroportun gediş zalında yerləşən gömrüyün yoxlama otağına daxil olmuşdur. Gömrük əməkdaşı otaqda duran və əvvəllər tanımadığı bir şəxsi təqdim edərək, həmin şəxsin FZ 710 saylı Bakı-Dubay aviareysi ilə gedən Gürcüstan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olduğunu və Jabanın çantasına yoxlama aparılacağını bildirmişdir. Ona hüquq və vəzifələri izah olunduqdan sonra yoxlama keçirilmişdir. Yoxlama zamanı, Təqsirləndirilən şəxs məxsus, üzərində “Sport” sözü yazılmış qara rəngli kiçik əl çantasının ciblərindən 519 ədəd hər biri 100 ABŞ dolları nominalında və 22 ədəd hər biri 50 ABŞ dolları əsginasları olmaqla, ümumilikdə 53.000 ABŞ dolları aşkar edilərək həmin pullar zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Sonra bu barədə protokol yazılmış və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Ondan başqa da hal şahidi dəvət olunaraq baxışda iştirak etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid3 istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, eyni məzmunlu ifadə verərək Şahid4 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 12-16-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxxx 2020-ci il tarixli yoxlama, əşyaların və sənədin götürülməsi haqqında protokoldan görünür ki, keçirilmiş istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs məxsus olan, üzərində “Sport” sözü yazılmış qara rəngli kiçik həcmli əl çantasının zəncirbəndlə bağlanmış ciblərindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmamış 519 ədəd hər biri 100 ABŞ dolları nominalında və 22 ədəd hər biri 50 ABŞ dolları nominalında pul əsginasları olmaqla, ümumilikdə 53.000 (əlli üç min) ABŞ dolları məbləğində pul aşkar edilərək götürülmüşdür. Cinayət işinin 18-19-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxxx 2020-ci il tarixli şəxsi yoxlama aparılması haqqında protokoldan görünür ki, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən aparılması qanunvericiliklə qadağan edilmiş, yaxud məhdudlaşdırılmış, habelə bəyan edilməmiş mallar aşkar edilməmişdir. Cinayət işinin 30-31-ci vərəqələrində olan Azərbaycan Respublikası Mərkəzi Bankının AZN Məzənnələrindən çıxarışdan və arayışdan görünür ki, xx xxxxxxxx 2020-ci ildə xarici valyutalar üzrə məzənnədə 1 ABŞ dolları 1.70 manat təşkil etdiyindən, 53.000 ABŞ dollarının ümumi dəyəri 90.100 manat təşkil edir. Cinayət işinin 57-58-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş sərhədkeçmə məlumatından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisinə yalnız bir dəfə, xx xxxxxxxx 2020-ci il tarixdə saat 22:45-də “Qırmızı körpü” sərhəd nəzarət məntəqəsindən ölkə ərazisinə gəlmişdir. Cinayət işinin 82-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxxx 2020-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Gürcüstan vətəndaşı Təqsirləndirilən şəxs x xxxxxxxx 2020-ci il tarixdə saat 22.45-də Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunun piyada idxal nəzarət xəttini keçməsini əks etdirən videogörüntülərə keçirilmiş baxış zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs x xxxxxxxx 2020-ci il tarixdə saat 22:50-də Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunda piyada idxal nəzarət xəttinə daxil olmuş, Gürcüstan və Azərbaycan Respublikaları arasında razılaşdırılmış siyahıya uyğun olaraq gömrük nəzarətini keçmiş, nəzarətdən keçərkən çiynindən asdığı bel çantasını və bir ədəd çemodanı rentgen-skan aparatına yerləşdirmiş, şifahi və ya yazılı formada hər hansı yükü bəyan etməmişdir. Həmçinin, müəyyən edilmiş ki, gömrük nəzarətini keçərkən gömrük nəzarətini həyata keçirən inspektorlarla aralarında hər hansı danışığın aparılması görünmür, habelə rentgen-skan aparatından əl yükü keçirilərkən hər hansı şübhə yaradacaq predmet, o cümlədən nəğd pul aşkar edilməmişdir. Cinayət işinin 83-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Cinayət işi üzrə aparılmış xx xxxxxxx 2020-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs x xxxxxxxx 2020-ci il tarixdə saat 09:24-də Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1” beynəlxalq gömrük postunda gömrük nəzarətini keçməsini əks etdirən videogörüntülərə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs x xxxxxxxx 2020-ci il tarixdə saat 09:24-də Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1” beynəlxalq gömrük postunda aviasiya təhlükəsizliyi üzrə nəzarət zonasında yerləşdirilmiş rentgen aparatında gömrük nəzarətindən keçərkən çiynindən asılmış üzərində “Sport” sözü yazılmış qara rəngli kiçik həcmli əl çantasını rentgen aparatının lenti üzərinə yerləşdirmiş, keçirilmiş gömrük yoxlanışı zamanı çantanın zəncirbəndlə bağlanmış ciblərindən əvvəlcədən kağız üzərində və ya elektron formada yazılı, həmçinin sorğu-sual zamanı şifahi bəyan edilməyən xeyli miqdarda, hər biri 100 nominallıq 519 əsginasdan ibarət 51.900 ABŞ dolları və hər biri 50 nominallıq 22 əsginasdan 1100 ABŞ dollardan ibarət ümumilikdə 53.000 ABŞ dolları məbləğində pul aşkar edilərək götürülmüşdür. Cinayət işinin 111-112-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 5/863 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 519 ədəd 100 ABŞ dolları nominallı, 22 ədəd 50 ABŞ dolları nominallı pul əsginasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əsginasları ilə eynilik təşkil edir. Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə valyuta vəsaitinin təkrarən xeyli miqdarda keçirilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsinə əsasən cinayət tərkibi yaradır. Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 206.1-ci maddəsində “xeyli miqdar” dedikdə, keçirilən qaçaqmalçılıq əşyalarının dəyərinin əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın 4.11-ci bəndinin 1 saylı əlavəsinə əsasən 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən 10000 (on min) ABŞ dolları ekvivalentindən artıq valyuta və digər kağızlar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməlidir. “Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların Siyahısı”nın (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2013-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na 1 nömrəli əlavə) 6-cı bəndinə əsasən 10000 (on min) ABŞ dolları ekvivalentindən artıq valyuta və digər kağızlar bu qaydalarla müəyyən edilmiş hədlərdən artıq hesab olunur. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, qərarın 12-ci bəndində qeyd edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəyan etməmə dedikdə, gömrük bəyannaməsində və ya GM-də nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 171-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin tərcümə olunaraq təsdiq olunmuş kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində x xxxxxx 2015-ci il təvəllüdlü Tatia Cibğaşvili və x xxxxxx 2008-ci il təvəllüdlü Saba Cibğaşvili adlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən yuxarıda qeyd olunan CM-nin madəsində göstərilən əməllər ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsi dövlətin xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətləri cinayətkar qəsdlərdən qorumaqla bu obyektə vurulan zərərə görə cinayət məsuliyyəti müəyyən etmiş və göstərilən əməlin törədilməsinə görə həmin maddədə yalnız azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilmişdir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Çünki məhkəmədə təyin ediləcək cəzanın növünü müzakirə edərkən ona azadlıqdan məhrum etmə cəzasına nisbətən yüngül cəza təyin etmək üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Cinayət işinin 153-154-cü vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onun məhkəmə iclas zalından həbsə alınmasını əsaslı hesab edir. Onun barəsində cəzaçəkmə müddətinin əvvəli tutulduğu tarixdən hesablanmalıdır. Bununla yanaşı, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Gürcüstan Respublikası vətəndaşıdır. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Gürcüstan Respublikası vətəndaşı olduğundan, ona cəza təyin edilərkən, o, əsas cəza növünü çəkdikdən sonra barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın da təyin edilməsi məqsədə uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 61.52 (altmış bir manat əlli iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Cinayət işinin 157-158-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli “Maddi sübutun tanınması və saxlanca təhvil verilməsi barədə” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş 53.000 ABŞ dolları məbləğində pulun 10.000 ABŞ dolları olan hissəi hüquqpozma predmeti olmadığına görə onun özünə qaytarılması, 53.000 ABŞ dollarından qalmış və hüquqpozma predmeti hesab edilən 43.000 ABŞ dolları maddi sübut kimi tanınaraq, Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin mühasibət uçotu şöbəsində saxlanılması qərara alınmışdır. Cinayət işinin 159-cu vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli pulların təhvil verilməsi barədə protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş 53.000 ABŞ dolları məbləğində puldan 10.000 ABŞ dolları (polietilen paket № 202088) Təqsirləndirilən şəxs təhvil verilmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş pullar onun təqsirli bilindiyi qaçaqmalçılıq cinayətinin predmetidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli Qərarında maddi sübut qismində tanınmış cinayətin predmetinin dövlət nəfinə alınması xüsusi müsadirə adlandırılmış, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.2-ci maddəsi isə şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərinin dövlət nəfinə keçirilməsini nəzərdə tutmuşdur. Lakin, məhkəmə hesab edir ki, qanunun həmin normalarını tətbiq etməklə pulların Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməsi onun məcburi qaydada xüsusi mülkiyyətindən məhrum edilməsi deməkdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, fiziki şəxsin əldə edilmə mənbəyi mübahisələndirilməyən öz xüsusi mülkiyyətindən məcburi qaydada məhrum edilməsi məsələsi həll olunduğundan, bu cür məhrumetmənin cinayət-hüquqi anlamda cinayət cəzası kimi və ya cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada xüsusi müsadirə kimi tətbiq edilməsi düzgün hesab edilə bilməz. Belə ki, məhkəməyədək icraat zamanı və məhkəmə prosesində iş üzrə dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, həmin fəaliyyəti ilə əlaqədar Gürcüstan Respublikasında bankdan kredit götürmüşdür ki, X5 Dubay şəhərində müxtəlif növ ehtiyat hissələri alıb konteyner vasitəsilə Gürcüstana gətirib satışını həyata keçirsin. Təqsirləndirilən şəxsin ifadəsindən görünür ki, onda aşkar edilmiş 43.000 ABŞ dolları cinayət yolu ilə əldə edilməmiş, ona məxsus öz xüsusi mülkiyyətindən olan pul vəsaitidir. Təqsirləndirilən şəxsin bu ifadəsini təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilənin xeyrinə həll edilməsi, eyni ilə cinayət və cinayət prosessual qanunların tətbiqində aradan qaldırılmış şübhələrin də onun xeyrinə həll olunması, ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsinin ittiham tərəfinin üzərinə düşməsi göstərilir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində qeyd olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının 26 və 27-cı bəndində aşağıdaılar qeyd edilmişdir: qaçaqmalçılığın predmeti, aləti və ya vasitəsi olan maddi sübutlar barədə məsələ həll edilərkən izah edilsin ki, bu zaman həmçinin mülkiyyətin toxunulmazlığı haqqında Konstitusiyanın 29-cu maddəsinin, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, xüsusi müsadirənin əsasları və qaydaları təsbit edilmiş CM-nin 99-1-ci maddəsinin və GM-nin tələbləri nəzərə alınmalıdır. Məhkəmələrə tövsiyə edilsin ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmayılov Rusiyaya qarşı” iş üzrə xx xxxxxx 2008-ci il tarixli, “X1rşı” iş üzrə xx xxxxxxx 2009-cu il tarixli Qərarlar) əsaslansınlar. Təqsirləndirilən şəxsdən götürülmüş həmin pul vəsaitinin müsadirə olunması şəxsin öz mülkiyyətindən faktiki olaraq məhrum edilməsi ilə nəticələnir ki, bu da fiziki şəxsin fundamental hüquqlarından sayılan mülkiyyət hüququnun pozulmasına səbəb olur. Ona görə də, məhkəmə hesab edir ki, bu cür müsadirənin hətta Cinayət Prosessual Məcəllənin 132.1.2-ci maddəsi əsasında həyata keçirilməsi belə qərarı verən orqanı şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, eləcə də “İnsan Hüquqlarının və X6 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnu gözləmək və müsadirəni yalnız bu aktlarla yol verilən hallarda tətbiq etmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 2.2 və 2.3-cü maddələrində Azərbaycan Respublikası Konstitusiyasının normalarının Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə malik olduğu və birbaşa qüvvədə olduğu, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllədən fərqli digər qaydalar müəyyən olunduğu halda, beynəlxalq müqavilənin qaydalarının tətbiq edildiyi təsbit edilmişdir. Qaçaqmalçılıq cinayətinin predmetini təşkil edən cinayət törətmiş şəxsə məxsus olan pul vəsaitinin müsadirəsinin cinayət-prosessual hüquq tədbiri kimi hansı hallarda tətbiq edilməli olduğu, başqa sözlə bu cür müsadirə vasitəsilə şəxsin mülkiyyət hüququna müdaxiləyə hansı hallarda yol verildiyini İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “İsmayılov Rusiyaya qarşı” işi üzrə xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir. Həmin işdə Rusiya hökuməti İsmayılovun iddiasına qarşı etirazlarında qaçaqmalçılığın predmetini təşkil edən pul vəsaitinin maddi sübut kimi tanınmasına və bu cür predmetlərin müsadirəsinə nəyinki milli prosessual qanunvericiliyin, hətta “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” BMT Konvensiyasının 12-ci maddəsinin yol verdiyinə istinad edilmişdir. Həqiqətən də, Avropa Məhkəməsi maddi sübut kimi tanınmış cinayətin predmetinin müsadirəsinə Rusiyanın Cinayət-Prosessual Məcəlləsinin 81-ci maddəsinin 3cü hissəsinin 1-ci bəndinin yol verdiyini, yəni, bu cür hallarda 1 saylı Protokolun 1-ci maddəsinin tələbi baxımından mülkiyyətin toxunulmazlığına müdaxilənin qanuni olduğunu etiraf edir. Bununla belə, Avropa Məhkəməsi milli məhkəmə tərəfindən İsmayılova məxsus pul vəsaitinin məcburi qaydada dövlət nəfinə alınması ilə onun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat verilən mülkiyyətin müdafiəsi hüququnun pozulması haqqında nəticəyə gəlmişdir. Məhkəmə belə nəticəyə gələrkən İsmayılovun müsadirə olunmuş pul vəsaitini qanuni yolla əldə etməsinə əsaslanıb onun haqqında olan işi əvvəllər baxmış olduğu müsadirə tədbirinin cinayət yolu ilə əldə edilmiş, qeyri-qanuni olaraq əldə edilən hesab olunmuş və yaxud qanuna zidd fəaliyyət üçün nəzərdə tutulmuş əmlaka tətbiq olunduğu digər işlərdən fərqləndirmişdir (İsmayılov Rusiyaya qarşı işi üzrə qərarın 36-cı bəndi). Məhkəmə əlavə olaraq, həm də onu qeyd etmişdir ki, “ərizəçi əvvəllər məhkum edilməmiş və baxılan hadisəyə qədər hər hansı bir cinayətdə şübhəli bilinməmiş və yaxud təqsirləndirilməmişdir. Ərizəçi barəsində müsadirə tədbirinin tətbiq edilməsi ilə hakimiyyətin çirkli pulların yuyulması, narkotik alveri, terrorçuluğun maliyyələşdirilməsi, vergiləri ödəməkdən boyun qaçırma kimi hər hansı bir başqa hüquqa zidd fəaliyyətin qarşısını almağa çalışdığını göstərən də heç bir dəlil yoxdur. Onun daşıdığı pullar qanuni yolla əldə edilmiş və bu vəsaitin Azərbaycandan çıxarılması gömrük orqanına bəyan edilməsi şərti ilə yolveriləndir. Deməli, ona istinad edilən yeganə kriminal davranış aktı həmin əmlakın gömrük orqanına bəyan edilməməsi olmuşdur” (qərarın 37-ci bəndi). Bunları, eləcə də İsmayılov barəsində tətbiq olunmuş müsadirə tədbirinin zərərə görə maddi kompensasiya kimi çıxış etmədiyini nəzərə alan Avropa Məhkəməsi baxılan işdə ərizəçinin qaçaqmalçılıq əməlinə görə artıq cəzalandırılmasına – sınaq müddəti ilə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum olunmasına baxmayaraq, məqsədi onu “çəkindirmək, cəzalandırmaq” olan və bu səbəbdən əlavə sanksiya kimi çıxış edən müsadirəyə məruz qaldığını hüquq pozuntusu kimi qeyd etmiş və cəza ilə yanaşı müsadirənin də tətbiq edilməsini onun üzərinə ifrat yükün (cəzanın) qoyulması kimi qiymətləndirmişdir. Göründüyü kimi, Avropa Məhkəməsi müsadirənin prosessual-hüquq qaydaları əsasında xüsusi müsadirə şəklində tətbiq olunduğu hallarda da, onun mümkünlüyünü müsadirə predmetinin cinayət yolu ilə əldə olunması, qeyri-qanuni fəaliyyət üçün nəzərdə tutulması kimi faktorlarla şərtləndirmişdir. Avropa Məhkəməsinin göstərilən qərarının hazırkı işlə müqayisəsindən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs götürülmüş pulların müsadirə olunması, Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmadığı halda, onun faktiki olaraq əmlak xarakterli ikinci sanksiyaya məruz qalmasına səbəb ola bilər. Deməli, göstərilən prosessual tədbirin tətbiqi hazırkı iş üzrə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs ifrat yükə məruz qoyacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin mühasibat uçotu şöbəsində maddi sübut kimi saxlanılan və bəyan edilməmiş 43.000 (qırx üç min) ABŞ dolları məbləğində pulun hökm qanuni qüvvəyə mindikdən və müvafiq dövlət rüsumu ödənildikdən sonra, mülkiyətçisi və iş üzrə Təqsirləndirilən şəxs özü tərəfindən müəyyən edilərək etibar edilmiş şəxsə qaytarılmalısı, 10.000 ABŞ dolları pulun isə Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən təyin olunmuş əsas cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 61.52 (altmış bir manat əlli iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin mühasibat uçotu şöbəsində maddi sübut kimi saxlanılan və bəyan edilməmiş 43.000 (qırx üç min) ABŞ dolları məbləğində pul hökm qanuni qüvvəyə mindikdən və müvafiq dövlət rüsumu ödənildikdən sonra, mülkiyətçisi və iş üzrə Təqsirləndirilən şəxs özü tərəfindən müəyyən edilərək etibar edilmiş şəxsə qaytarılsın. 10.000 ABŞ dolları pulun Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar