Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-693/2022 02.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1992-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, Şəkili küçəsi, mənzil 8-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədi ilə şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı “Şayan” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək naməlum vaxtda və yerdə “Şayan” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 7,351 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamini və külli miqdarda təmiz çəkisi 26,055 qram olan qəhvəyi rəngli maddə narkotik vasitə heroini əldə etmiş, özündə saxlamaqla daşımış, 15 oktyabr 2021-ci il tarixdə gecə vaxtı saat 05:30-da Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Nəsimi rayonu, S.Əsgərova küçəsi ilə Ə.Topçubaşov küçəsinin kəsişdiyi yerdə saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş, polis bölməsində barəsində şəxsi axtarış aparılan zamanı əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş içində bir ədəd qara rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 7,351 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd qara rəngli sellofan bükümdə külli miqdarda təmiz çəkisi 26,055 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və həmin şəffaf sellofanda bir ədəd 6*10 sm ölçüdə “Aosai Pcket scale” yazıları olan, qara rəngli, işlək vəziyyətdə üzərində metamfetaminin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, hadisədən təxminən bir neçə ay əvvəl narkotik vasitə olan metamfetamindən istifadə etməyə başlamışdır. Təxminən 2 ay əvvəl tanımadığı, özünü İran İslam Respublikasının vətəndaşı, adını Şayan kimi təqdim edən şəxs istifadəsində olan mobil nömrəyə “Whatsapp” vasitəsilə zəng edərək, əvvəllər onunla yazışdığını bildirsədə, o, həmin şəxsi xatırlamasa da, onun həmin zəngindən sonra aralarında münasibət yaranmışdır. Söhbət əsnasında narkotik vasitələr göndərə biləcəyini demişdir. O da narkotik vasitə istifadə etdiyindən ona narkotik vasitə göndərməsinə razı olmuşdur. 15.10.2021-ci ildə Şayan onun istifadəsində olan mobil nömrənin “Whatsap"-na şəkil və səsli sms göndərərək ona metamfetamin göndərdiyini bildirmişdir. Şayan ona pulu qoyacağı yeri dedikdən sonra pulu onun dediyi yerə qoymuşdur. Bundan sonra Şayan ona narkotikin yerini bildirmişdir. O da həmin yerə gedərək göndərilmiş narkotik vasitəni həmin yerdən götürdükdən sonra piyada gedərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə aparılmışdır. Həmin vaxt onda cəmi 5 qram metamfetamin olmuşdur. Onda heroin olmamışdır. Polis bölməsində onun üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Sonra isə xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərində olan, narkotik vasitədən başqa heç nə aşkar olunmamışdır. İttiham aktında göstərilən 26 qram heroin onda olmamışdır. O, narkotik vasitənin istifadəçisidir, narkotik vasitənin satışı ilə məşğul olmamış və onun üzərində tərəzi də olmamışdır. Elan olunmuş cinayət işinin 47-53-cü vərəqələrində olan şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokola və təqdim edilmiş protokolda olan imzaya münasibətdə Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş protokolda olan imza onun imzasıdır, protokolu oxumadan imza etmişdir. Protokolu təsdiq etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin və izahatın sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 65-66, 81-83 və 171-173-cü vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: … «...danışığımız zamanı o, mənə narkotik vasitələr göndərməsini və satışdan yaxşı gəlir əldə edə biləcəyimi bildirərək məni şirnikləşdirmişdir. Bundan sonra, o, ilk dəfəsində məndən heç bir təmənna güdmədən təxminən 5-10 büküm şüşə və kakos göndərmişdir ki, həmin narkotik vasitələri mən bir neçəsini cəmləyərək, müxtəlif ünvanlara qoyduqdan sonra, yerlərinin şəkillərini çəkib “Whatsapp" vasitəsilə Şayan kimi tanıdığım şəxsin istifadəsində olan mobil nömrənin “Whatsapp"-na göndərirdim. Beləliklə də, ilk satışımda mənə 50 manat vermişdir. Həmin yerlərdən mən pul götürüb Şayanın kart hesab nömrəsinə göndərirdim. Sonuncu dəfə 13.10.2021-ci ildə axşam vaxtı olardı Şayanın kart hesab nömrəsinə 330 manat pul köçürmüşdüm. 15.10.2021-ci ildə gecə radələrində Şayan mənim istifadəmdə olan mobil nömrənin “Whatsap"-na şəkil və səsli sms göndərərək hal-hazırda məndən aşkar olunmuş narkotik vasitələrin yerini, yəni Qış Parkı ərazisində olduğunu bildirdi. ...Baxış zamanı mən üzərimdə olan narkotik vasitələri, tərəzini və mobil telefonumu əynimdə olan paltarlarımın ciblərindən çıxararaq təqdim etdim. Qeyd edim ki, həmin narkotik vasitələri, yəni şüşə və kakos adlanan narkotik vasitələri Şayanın sözünə görə müxtəlif çəki və bükümlərə bölərək sonradan hər hansı bir yerə qoyacaqdım və həmin yerlərdən pulu götürüb Şayana göndərib özümə də Şayanla razılaşmağımıza görə özümə təxminən 70-80 manat pul götürəcəkdim. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş protokolda olan ifadələri təsdiq etmir. İmzalar onun imzasıdır, protokolları oxumadan imza etmişdir. Elan olunmuş cinayət işinin 87-92-ci vərəqələrində olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş protokolu təsdiq etmir. İmza onun imzasıdır, protokolu oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yaşama! RPİ-nin Post Patrul Xidməti Bölməsində polis nəfəri, vəzifəsində işləyir. 15 oktyabr 2021 -ci il tarixdə saat təqribən 05.10 radələrində Yasamal RPİ-nin PPXB-nin polis nəfərləri, polis serjantı Şahid1 və polis serjantı Şahid3 ilə birlikdə xidmət aparan zaman Bakı şəhəri, Nəsimi rayonu S.Əsgərova küçəsi ilə Ə.Topçubaşov küçəsinin kəsişməsində tanımadığı bir nəfər şəxsin şübhəli davranışı diqqət cəlb etmiş, həmin şəxsə yaxınlaşaraq kimliyini maraqlandıqda qeyri səlis danışıq və davranışı, narkotik vasitələrin, psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması, göndərməsi və satmasında şübhə yaratdığı üçün həmin şəxsi yaxınlıqda olan Nəsimi RPİ-nin 21 -ci PB-yə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur, Polis Bölməsində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmiş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü təqdim etməsini təklif etmiş, o, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən şəffaf rəngli selofana bükülmüş bir ədəd büküm və əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən mobil telefon çıxararaq masanın üzərinə qoymuş, sonra Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmiş və göstərilən əşyalardan başqa hər hansı qadağa olunmuş bir maddə aşkar edilməmişdir, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf selofana bükülmüş büküm açıldıqda həmin bükümün içərisində iki qara rəngli sellofan büküm aşkar edilmiş, həmin bükümlərdən birinin içərisində açıq qəhvəyi rəngli daş şəkilli maddə, digər bükümün içərisində isə ağ kristal şəkilli maddə və üzərində "Aosai" sözləri yazılmış bir ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin birinin içərisində olan ağ kristal şəkilli maddənin narkotik vasitə “şüşə” olduğunu, digər bükümün ıçərsındə isə “kakos” adlanan narkotik vasitə olduğunu, həmin narkotik vasitəni “İran əsilli özünü “Şayan” adlı şəxsdən əldə etdiyini bildirmiş, daha sonra iki ədəd qara rəngli selofan büküm içərisində kristal şəkilli narkotik vasitəyə bənzər maddənin, bir ədəd içərisində açıq qəhvəyi rəngli daş şəkilli maddənin, həmçinin “Aosai” markalı elektron tərəzi ekspertiza tədqiqatı üçün zərfə qoyularaq möhürləndi və zərfin üzəri iştirakçılar tərəfindən imzalandı. Sonra da bu barədə protokol tərtib edilmiş, o, da digər iştirakçılar kimi protokola imza etmişdir. Proses iştirakçıların suallarını cavablandıraraq şahid X3 göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə onlarda heç bir əməliyyat məlumatı olmamış, sonuncu özünü şübhəli apardığı üçün saxlamışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq və təsir göstərməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin PPXB-də polis nəfəri Şahid3 və Şahid1 eyni məzmunlu ifadə verərək X1 ifadəsini təsdiq etmişlər. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də tədqiq etmişdir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Yasamal RPİ-nin PPXB-nün polis nəfərlərinin 15 oktyabr 2021-ci il tarixli raportundan görünür ki, 15.10.2021-ci il tarixdə saat 05:10-da xidmət apardıqları zaman, Bakı şəhəri, S.Əsgərova ilə Ə.Topçubaşov küçəsinin kəsişməsində tanımadıqları bir nəfər şəxsin davranışları diqqətlərini cəlb etdiyindən, ona yaxınlaşdıqda qeyri-səlis danışıq və davranışları onda narkotik vasitə, psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması, göndərməsi və satmasında şübhə yaratdığı üçün 21-ci PB-nə dəvət edilmişdir. PB-də həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Cinayət işinin 45-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 15 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu şəxsi axtarışın müdafiəçisi X2 iştirakı olmadan keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 46-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış müdafiəçi X2 15 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu Təqsirləndirilən şəxs öz razılığı və öz istəyi ilə şəxsi axtarış keçirilməsində iştirak etməkdən imtina etmişdir. Cinayət işinin 47-53-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 oktyabr 2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında, əşyalarında, ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 1 ədəd büküm və əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya aşkar edilməmişdir. Təqdim edilmiş bir ədəd bükümə baxış keçirdikdə, bükümün içərisində 01 ədəd bükümdə açıq qəhvəyi rəngli, daş şəkilli maddə, digər bir ədəd bükümdə ağ kristal şəkilli maddə və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Bükümlərin içərisində nə olması və haradan əldə etməsi barədə Təqsirləndirilən şəxs soruşduqda, o, maddələrin “şüşə” və “kokos” adlı narkotik vasitə olduğunu bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs təxminən 2 ay əvvəl “Whatsapp" vasitəsilə onunla əlaqə saxlayan İran əsilli özünü “Şayan” kimi təqdim edən şəxsin, İran İslam Respublikasından ona göndərəcəyi narkotik vasitələri satmasını təklif etdiyini və bu işdə gəlir əldə edəcəyini, bu təkliflə razılaşdığını, sonuncu dəfə 13.10.2021-ci ildə həmin narkotik vasitələr üçün “Şayan” adlı şəxsin bildirdiyi kart hesab nömrəsinə 330 manat pul köçürdüyünü və 15.10.2021-ci ildə saxlanılmazdan 10-15 dəqiqə əvvəl “Qış parkı”ndan götürdüyünü, tərəzini isə “Şayan” adlı şəxsin 2 ay əvvəl ona ilk dəfə narkotik vasitə göndərəndə verdiyini, həmin narkotik vasitələri kiçik bükümlərə bölərək müxtəlif ünvanlara qoyduqdan sonra, şəklini çəkib “Şayan” adlı şəxsə göndərdiyini və bu xidmətə görə 70-80 manat pul qaldığını bildirmişdir. Aşkar edilmiş bükümlər və tərəzi qablaşdırılaraq götürülmüşdü. Şəxsi axtarış zamanı “Sony” markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 58-61-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli, 6/4590 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N189” dairəvi möhür əksi “Şübhəli şəxs imza Təqsirləndirilən şəxs..” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 7,351 qram ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 1 ədəd bükümdə təmiz çəkisi 26,055 qram qəhvəyi rəngli maddə narkotik vasitə-heroindir, 1 ədəd üzərində “Aosai Pcket scale" yazılan qara rəngli elektron tərəzinin üzərində olan metamfetaminin izləri vardır. Metamfetamın iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 86-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 16 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ifadələrin yerində yoxlanması istintaq hərəkətinin müdafiəçisi X2 iştirakı olmadan keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin 87-93-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 oktyabr 2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri götürdüyü yeri göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoçəkiliş aparılmışdır Cinayət işinin 104-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 17 oktyabr 2021-ci il tarixli telefon məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Redmi” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 118-119-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 04 noyabr 2021-ci il tarixli sənədlərin götürülməsi və baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisinə giriş-çıxışı barədə DİN-nin X7 sistemindən olan məlumata baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs sərhəd keçməsi barədə məlumat aşkar edilməmişdir. Cinayət işinin 125-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 18 noyabr 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 15 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üstündə, paltarında, əşyalarında, ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 1 ədəd büküm və əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən mobil telefonu çıxarıb təqdim etmiş, təqdim edilmiş bir ədəd bükümə baxış keçirdikdə, bükümün içərisində 01 ədəd bükümdə açıq qəhvəyi rəngli maddə, bir ədəd bükümdə isə ağ kristal şəkilli maddə və 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Cinayət işinin 130-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 noyabr 2021-ci il tarixli telefon məlumatlarına baxış keçirilmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-** mobil nömrəsinə edilən zəng və SMS məlumatlarına baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 139-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci PB-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi “Şayan” adlı şəxsi müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 159-160-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X4 13 yanvar 2022-ci il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək bildirmişdir ki, o, narkotik vasitələrdən istifadə edir,onda yalnız 5 qram metamfetamin olmuş, digər narkotik vasitələr olmamışdır, xahiş edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif olunsun. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs özünün qismən etirafını, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanё maqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in və metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 106-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 21 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 136-cı vərəqəsində olan doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı - 19 noyabr 2014-cü il təvəllüdlü X6 vardır. Cinayət işinin 138-ci vərəqəsində olan Yevlax ŞİHB-nın 1 nömrəli sahə İnzibatı ƏDÜ Nümayəndəliyindən daxil olmuş 15 dekabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 140-141-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 noyabr 2021-ci il tarixli, 4596 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərin və psixotrop maddə olan metamfetamin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 149-151-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X10 kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 29 noyabr 2021-ci il tarixli, 2814 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental-psixoloii müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və s.), intellektinin normaya uyğun olması müəyyən olunur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, bu barədə düzgün məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə konfliktə meyilli şəxs olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əmə! dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs inadkarlıq, kobudluq qıcığa qarşı həssaslıq, məsuliyyətsizlik, konfliktə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs əqli və pisixi inkişafına görə hadisə etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir.dir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 15 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 23-cü vərəqəsində olan 15 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 100-103-cü vərəqələrində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktaybr 2021-ci il tarixli 4(006)-443/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 26,005 qram narkotik vasitə heroin və 7,301 qram psixotrop maddə metamfetamin, 01 ədəd “Aosai Pcket scale” yazıları olan elektron tərəzi məhv edilməli, bir ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, bir ədəd diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 26,005 qram narkotik vasitə heroin və 7,301 qram psixotrop maddə metamfetamin, 01 ədəd “Aosai Pcket scale” yazıları olan elektron tərəzi məhv edilsin. Bir ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Bir ədəd diskin cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-693/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-693/2022
02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver