Məhkəmə qərarları › İş №1(101)-694/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-694/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-694/2024 31.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X7 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Lerik rayonu, Daster kəndində anadan olmuş, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası vətəndaşı, Lerik rayonu, Daster kəndində qeydiyytada olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində üzərində saxlamaqla daşımış, Xəzər rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 20 may 2023-cü il tarixdə saat 23:05 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Günəşli” sanatoriyasının arxasında saxlanılaraq Xəzər rayon Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümündə 11,320 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da o, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 20 may 2023-cü il tarixdə axşam saat 11 radələrində polis əməkdaşları onu saxlayaraq polis bölməsinə aparmışlar. Bölməyə aparıldıqda isə ona vətənə xəyanətdə ittiham olunduğunu demişlər. Sonra isə ondan sənədləri imzalamağını tələb etsələr də imzalamamışdır. Bundan sonra isə narkotik vasitələri gətirərək həmin maddəni onun cibinə qoyaraq polis əməkdaşları onu döymüşlər. Vətənə xəyanətlə ittiham olunmamaq üşün məcbur qalıb narkotik vasitələrlə ittiham olunmağı qəbul etmişdir. Əlavə olaraq bildirmişdir ki, polis idarəsində üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkilişdən istifadə edilsə də, narkotikin özünə məxsus olmasını məcburi şəkildə etiraf etmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, narkotik vasitələrdən az bir müddətdir ki, istifadə edir. 20 may 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Günəşli” sanatoriyasının arxasında piyada hərəkətdə olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmiş və ondan özünü təqdim etməyi tələb etmişdir. Özünü təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək onlarla birlikdə Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasına getməli olduğunu bildirmiş, polis əməkdaşları ilə birlikdə Xəzər rayon Polis İdarəsinin inzibati binasına getmişdir. Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasında təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində tutulmağı haqqında qərar elan olunmuş, müdafiəçi ilə təmin edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra ona müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış aparılmağa başlamadan öncə ona üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməyi təklif edilmişdir. Bundan sonra əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxararaq həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, daha sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman üzərindən başqa dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroin içərisi boş olan ağ rəngli kağız zərfə qoyulmuş, həmin kağız zərf tərəfindən imzalanaraq möhürlənmişdir. Üzərində aparılan şəxsi axtarışla bağlı protokol tərtib olunmuş, həmin protokolla tanış olaraq düzgün tərtib olunduğuna əmin olduqdan sonra həmin protokola imza etmişdir. Üzərində 21 may 2023-cü il tarixdə aparılan şəxsi axtarış zamanı aşkar edilərək götürülən narkotik vasitə heroini 19 may 2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində əvvəllər tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 80 manat nağd pula əldə etmişdir. Narkotik vasitəni külli miqdarda əldə etsə də, həmin narkotik vasitəni satış məqsədilə əldə etməmiş və həmin narkotik vasitəni satmaq niyyətində olmamışdır. Narkotik vasitəni külli miqdar əldə etməyində məqsəd hər dəfə narkotik vasitə heroin əldə etmək üçün yeni şəxslər axtarmaq məcburiyyətində qalmamaq və özümü ifşa etmək təhlükəsi ilə üzləşməmək olmuşdur. Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilən zaman və üzərində şəxsi axtarış aparılan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zor və ya psixoloji təzyiq göstərilməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, əməliyyat tədbiri keçirilərək təqsirləndirilən şəxs saxlanılmış və idarəyə gətirilərək müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təzyiq edilməmişdir. Əlavə olaraq bildirmişdir ki, şəxsin döyülməsi ilə bağlı dedikləri də həqiqət deyil. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılaraq Xəzər rayonu, Günəşli sanatoriyasına getmişlər, təqsirləndirilən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. Şöbədə vəkilin iştirakı ilə videoçəkilişlə təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmiş və baxış zamanı təqsirləndirilən şəxs könüllü olaraq narkotik vasitəni təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs küçədə saxlaılıb. Təqsirləndirilən şəxsə heç bir fiziki təsir olmayıb. İbtidai araşdırma zamanı Şahid2 ifadəsində bildirmişdir ki, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. xx.xx.1998-ci ildə Lerik rayonu, Daster kəndində doğulan, Lerik rayonu, Daster kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Ay işığı” pansionatında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduqdan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuş, o və Xəzər rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu yaradıldıqdan sonra Şahid1lə birlikdə əməliyyat məlumatı əsasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsinə yollanmış, 20 may 2023-ci il tarixdə saat 23:05 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Günəşli” sanatoriyasının arxasında küçə ilə piyada hərəkət edən, Təqsirləndirilən şəxs zahirən bənzəyən və özünü şübhəli aparan bir nəfər şəxsi görüb ona yaxınlaşmış, Şahid1lə birlikdə özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərdikdən sonra həmin şəxsdən də özünü təqdim etməyi xahiş etmiş, həmin şəxs özünü xx.xx.1998-ci ildə Lerik rayonu, Daster kəndində doğulan, Lerik rayonu, Daster kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Ay işığı” pansionatında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Şahid1lə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu saxlamış, Təqsirləndirilən şəxs Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin inzibati binasına dəvət etmiş, o da buna etiraz etmədikdən sonra onu Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin inzibati binasına apararaq barəsində araşdırma aparılması üçün Xəzər rayon Polis İdarəsi 1-ci Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Anar İsayevə təhvil vermişdir. Anar İsayev Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş, bundan sonra Şahid1 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış aparılmadan öncə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim edərək bükümdə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni 19 may 2023-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində əvvəllər tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 80 manat nağd pula aldığını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən çıxardaraq təqdim etdiyi bir ədəd şəffaf sellofan bükümü açıldıqda içərisində spesifik iyə malik, tünd qəhvəyi rəngli tozşəkilli kütlənin olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, onun üzərindən qanunla dövriyyəsi qadağan olunan hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd şəffaf sellofan bükümündə olan kütlə içərisi boş olan zərfə qoyularaq qabalaşdırılmış, istintaq hərəkəti iştirakçıları tərəfindən imzalanaraq möhürlənmişdir. Bununla bağlı olaraq təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokolla tanış olmuş, protokolun düzgün tərtib edildiyinə əmin olduqdan sonra protokola imza etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən öncə və şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı fiziki zor və psixi təzyiq göstərilməsinin şahidi olmamışdır. X3 əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavət və qərəzli münasibət olmamışdır. Məhkəmə istintaqı zamanı və ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişin köçürüldüyü bir ədəd “DVD” diskdən) görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin əməkdaşları tərəfindən 20 may 2023-cü il tarixdə saat Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəsbəsi, əncir bağ sahəsində Günəşli sanatoriyasının arxasında saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmişdir. Xidməti otaqların birində üzərində keçirilmiş şəxsi axtarış zamanı o, əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən siqaretin şəffaf sellofanına bükülmüş 01 ədəd bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitəyə bənzər kütlənin “kakos” olduğunu bildirərək təqdim etmişdir. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elam olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 6/2937 saylı, 21 may 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində : “Azərbaycan Respublikası DİN Zərflər üçün N157” dairəvi möhür əksi və “...vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə; şübhəli şəxs: Təqsirləndirilən şəxs-imza, İştirakçılar-iki imza, müdafiəçiimza, Tərtib etdi A.İsayev-imza..' yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi - 11,320 qram olan qəhvəyi rəngli tozşəkili maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 4429 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamani narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazirda müayinə zamani Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyaci yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə Cinayət Prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamla bağlı gəldiyi yekun qənaət, yəni təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin məzmununa (dispozisiyasına) görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edilən qərarları, tövsiyələri, həmçinin Cinayət Prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, aşkar edilmiş narkotik vasitənin çəkisi (miqdarı) və bir büküm halında olması təqsirləndirilən şəxsin ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlillər (sübut) kimi qəbul oluna bilməz və təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədilə əldə edib saxlamaqla daşıması barədə nəticəyə gəlinməsi üçün kifayət etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq məqsədində (niyyətində) olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə məqsədin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçı və ya istehlakçıların olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi isə ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs konkret olaraq narkotik vasitənin satışını həyata keçirərkən saxlanılmamış, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən aşkar olunan narkotik vasitənin miqdarı, həmin narkotik vasitənin yalnız bir bükümdə olması, özü də əvvəlcədən hazırlanaraq xırda bükümlərə bölünməməsi, təqsirləndirilən şəxsin evindən, həyətyanı sahəsindən və ya avtomobilindən əlavə narkotik vasitənin aşkar olunmaması onu deməyə əsas verir ki, aşkar olunmuş narkotik vasitə satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Göründüyü kimi cinayət işinin materiallarında təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmasını, aşkar olunan narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini, onu satmaq üçün bükümlərə ayırmasını, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bundan əlavə, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında təqsirləndirilən şəxs tərəfindən aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkətin edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı məhz narkotik vasitənin miqdarını, bir bükümdə olmasını nəzərə alaraq, əlavə sübut toplamadan, real satış həyata keçirilərkən təqsirləndirilən şəxsi saxlamadan, digər əməliyyat tədbirləri həyata keçirmədən, ehtimala əsaslanmaqla təqsirləndirilən şəxsə qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə görə hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab gəlir ki, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı olmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını, üzərinə qoyulduğunu, şəxsi istifadəsi üçün əldə etmədiyini və belə bir fikrinin olmadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər edilməsini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlar şahid ifadələri, şəxsi axtarış (baxış) protokolları, habelə toplanmış digər sübutlarla (istintaq materialları ilə) tam təkzib edilmişdir. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış (baxışgötürmə) keçirilmiş və axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamaqla daşımasını ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi ilə səmimi etiraf etmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən fiziki və yaxud da psixoloji təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq Təcridxanasından və müvafiq MSY-dən onun tibbi kitabçasının surətləri əldə edilmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən onun müvafiq MSY-yə və İstintaq Təcridxanasına daxil olarkən müayinəsi zamanı hər hansı bir xəsarətinin aşkar olunmadığı müəyyən edilmişdir. Xəzər Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tutulan zaman polis əməkdaşları tərəfindən döyülməsinin müəyyən edilməsi barədə araşdırma aparılaraq ekspert rəyi və müvafiq tibbi sənədlər də nəzərə alınmaqla cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığı və üzərinə qoyulduğu, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməməsi və belə bir fikrinin olmadığı, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər etməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini, yəni narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamaqla daşıması ilə bağlı ifadələsini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlamaqla daşıması ilə bağlı ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə gərə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145-ci maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə şərh edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib - qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilib- edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X10rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq ,yəni qanuni yolla əldə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ifadəsi (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi) ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Lerik rayon İcra Hakimiyyəti başçısının Daster kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin gənc olmasını, əvvəllər məhkum olunmamasını və qeydiyyat yeri üzrə barəsində şikayətin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Xəzər RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan 11,220 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Xəzər RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan 11,220 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 92 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar