Məhkəmə qərarları › İş №1(101)-694/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-694/2025

06.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-694/2025 06.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X6 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, X16, ev 50 Q ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:50-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan 01 ədəd bükümdə təmiz çəkisi 3.875 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvana daşımış və 19 aprel 2024-cü il tarixdə, saat 04:10 radələrində ünvan 3 ünvanda olan zaman Nərimanov RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 4 ünvanda yerləşən Nərimanov RPİ-nin inzibati binasına gətirilmiş və Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 3,875 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, müharibə iştirakçısıdır. Müharibə vaxtı gecələr yatmamaq üçün ermənilərin üzərindən çıxan narkotik vasitə istifadə etmişdir. O, 19 aprel tarixində “Papanin”də tanımadığı, “instagram”dan tanış olduğu şəxsdən iki qram narkotik almış, sonra yol pulu olmadığından piyada qayıdarkən axşam saat 7-8 radələrində “4 saylı DOST” Xidməti ilə üzbə-üz körpünün altında olan yol tərəfdə saxlanılmışdır. İttiham aktında onu Rəşad adlı şəxsin tutması yazılmış, amma Rəşad yox, onu öz əsgər yoldaşı Özal tutmuşdur. O, on il ərzində əsgər yoldaşını görməmiş, uzaqdan Özalın gəldiyini görərək salamlaşıb necə olduğunu soruşmuşdur. Özalla görüşəndə əlini arxadan ona atmış, həmin vaxt nə etmək istədiyini, fikrinin nə olduğunu soruşmuş, Özal ona cibindəkini çıxarmasını bildirmişdir. Bu zaman o, Özala “nə bilirsən ki, mənim cibimdə nə var” demiş, həmin anda iki polis əməkdaşı yaxınlaşaraq onu tutmuşlar. Saxlayandan sonra onu Nərimanov rayon polis idarəsinə aparmışlar, orada otaqların birində polis əməkdaşı olan mayor əlində dubinka ilə onun başına vurmuşdur. O, müharibədə kantuziya aldığını bildirmişdir. Polis əməkdaşı ona “mənim üçün döyüşməmisən sən” demişdir. Həmin gün gecə orada saxlanılmış, səhəri gün çəkiliş olmuşdur. O, həmin narkotik vasitənin ona aid olmadığını bildirərək etiraz etmiş, ona “sənin üzərindən çıxan budur” demişlər. Vəkil ona səhəri gün çağırılmış, çəkilişdə vəkil iştirak etmiş və çəkiliş zamanı üzərindən metamfetamin aşkar edilmiş, həmin metamfetamin ona məxsus olmamışdır. O, saxlanılan ərəfədə üzərində iki qram olmuş, videoçəkilişdə həmin qramı çıxarmış, lakin zərfə üç qram qoymuşlar. Üç qramı görməmiş, haradan gəlməsini bilmir. Sanksiya məhkəməsində heç nə bildirməmiş, vəkil MSY-də yaxşı olacağını və qol çəkməsini demişdir. İstintaq dövründə olan vəkilin adını bilmir, onu axşam saat 9-10 radələrində tutmuşlar, vəkil səhəri gün səhər saat 7-8-də gəlmiş, üzərinə baxış axşam olmuşdur. Üzərinə iki dəfə baxış keçirilmiş, birinci baxışda vəkil və videoçəkiliş olmamış, ilk baxışda ona məxsus olan büküm olmuş, sonrakı baxışda büküm böyümüşdür. Baxışın keçirilməsində əsgər yoldaşı Özal Baxşəliyev də iştirak etmişdir. O, Özal Baxşəliyevin harada işlədiyini bilmir. Onu yenə də döyəcəklərini və vuracaqlarını düşündüyü üçün çəkilişdə etiraf etmişdir. O, narkotiklə bağlı kiminləsə yazışmamış, yanvar ayında hansısa yazışması olmamışdır. Müharibədə xəsarət, kontuziya almasının qeydiyyatı aparılmamışdır. İbtidai istintaq dövründə o şəkildə ifadə verməyinin səbəbi onu vurmaları olmuşdur. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. xx.xx.2024-cü il tarixdə, saat təxminən 04:10 radələrində ünvan 3 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdilər və onun narkotik vasitələrin və psixtrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu polis idarəsinə dəvət etdilər. Polis idarəsində olan zaman ona hüquq və vəzifələri izah edilmiş və müdafiəsi üçün müdafiəçi dəvət edilmişdir. Daha sonra video çəkiliş vasitəsi ilə onun üzərinə baxış keçirilmiş və o da əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş və daha sonra sağ yan cibində özünə məxsus '‘Samsung A40” markalı **********90598 və **********90596 saylı “imci” kodlu mobil telefonunu və üzərinə 4169-7388-3276-7028 nömrə yazılmış "Kapital bank”a məxsus "Birbank” kartını çıxarıb masanın üzərinə qoymuşdur. Ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o da hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra üzəri tam olaraq yoxlanıldıqdan sonra heç bir qanunla qadağan edilən əşya tapılmamışdır. Ondan təqdim etdiyi 01 ədəd bükümün içərisindəkinin nə olduğu soruşulmuş və o həmin 01 ədəd bükümün içərisində narkotik vasitə "şüşə” olduğunu demişdir və harada, nə vaxt, necə aldığını soruşduqda isə bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə "Papanin” kimi tanıdığı ərazidən tanımadığı şəxsdən 80 manata aldığını bildirmişdir. Bu zaman həmin bükümü nə üçün üzərində gəzdirdiyi soruşulduqda o da həmin bükümün içərisindəki -“şüşə”ni istifadə etmək üçün üzərində gəzdirdiyini demişdir. Bundan sonra içərisi boş olan zərf ona və iştirakçılara təqdim olunmuş, 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüləcəyi bildirilmişdir. Bundan sonra qeyd edilən zərfə qoyularaq zərfin ağızları Nərimanov Rayon Polis İdarəsinin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra ona təqdim olunmuş smslərlə tanış olmuş, qeyd etmişdir ki, orada qeyd olunan smslərdə ondan nə isə istənilir, o həmin mobil nömrələri tanımır və həmin şəxslərə heç nə verməmişdir. Əlavə qeyd edir ki, o sadəcə uzun müddət olar ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Heç bir psixiatrik dispanserdə və ya xəstəxanada qeydiyyatı yoxdur. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. Üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini heç kəsə satmamış və kiməsə satmaq niyyəti olmamışdır. Tutularkən və Nərimanov RPİ-də olarkən polis əməkdaşları tərəfindən ona hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir (İ cild, səh. 183-185, 252-254). 5.Məhkəmə baxışında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, aprel ayının 19-da ərazidə xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görərək polis idarəsinə dəvət etmişlər, polis idarəsində şəxsiyyəti müəyyən edilərkən Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Xidməti otaqların birində üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində qeyri-qanuni hansısa əşya və maddə varsa təqdim etməsi təklif olunmuş, daha sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən şəffaf sellofana bükülmüş bükümü təqdim etmişdir. Sorğu zamanı narkotik vasitə metamfetamin olduğunu, həmin narkotik vasitəni bir gün əvvəl “Papanin” deyilən ərazidə anket məlumtlarını bilmədiyi şəxsdən səksən manata aldığını bildirmişdir. Daha sonra aşkar edilən maddə zərfləşdirilmiş, protokol tərtib edilərək ucadan oxunmuş və hər biri tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs özünü şübhəli apararaq sağa-sola çox baxmış, yaxınlaşıb özlərini təqdim etmişlər və şəxsdən də özünü təqdim etməsini istəmişlər, rabitəsiz danışdığından və suallara cavab verməyindən narkotik vasitənin təsiri altında olmasından tam əmin olaraq Rayon Polis İdarəsinə dəvət etmişlər, onlarla polis idarəsinə getməyə razılaşmış və şəxsi xidməti maşında aparmışlar. İdarədə raportla rəisə məruzə etmişlər və rəis təhqiqatçının üzərinə yazmışdır. Bu proseslər baş verən zaman Kamil xidməti otaqda təhqiqatçı ilə tək olmuşdur. Çağırışdan sonra müdafiəçinin nə vaxt gəldiyi yadında deyil, amma çox çəkməmiş, təxminən on beş dəqiqəyə müdafiəçi gəlmişdir. Vəkilin kim olması onun yadında deyil. Şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman müdafiəçi ilə təmin edilmiş və videoçəkiliş həyata keçirilmişdir. Təqsirləndirilən şəxs 19 aprel tarixində, saat 4-5 aralığında “Riva” otelin qarşısında saxlanılmışdır. O, Özal Baxşəliyevi tanımır, onların Özal adlı əməkdaşları yoxdur. Polis bölməsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs qarşı hansısa zor və təzyiq olmamış, başına vurulması halının şahidi olmamışdır. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 6.Məhkəmə iclasında X5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 19 aprel 2024-cü il tarixdə, saat 04:10 radələrində Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olarkən ünvan 6 ünvanda yerləşən “Riva" adlı otelin qarşısında bir nəfər şəxsin özünü şübhəli apararaq getdiyini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq ona xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxsin şəxsiyyəti haqqında maraqlanmışlar. Həmin şəxsə özünü təqdim etməsini təklif edən zaman həmin şəxs davranışı və qeyri-adi hərəkətləri ilə həmin yerdən uzaqlaşmağa çalışması səbəbindən şübhələrini daha da artırmışdır. Həmin şəxsin onlarla rabitəsiz danışdığından narkotik vasitənin təsiri altında olmasından və bundan əlavə üzərində narkotik vasitə daşımasından şübhələnib buna görə həmin şəxsi ünvan 4 ünvanında yerləşən Nərimanov RPİ- nin inzibati binasına dəvət etmişlər. PŞ-də olarkən müəyyən olunmuşdur ki, həmin şəxs xx xxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, X16, ev 50 Q ünvanında yaşayan Təqsirləndirilən şəxsdur. Sonra onu Nərimanov RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Tuqay Mehtiyevə təhvil verilmişdir ki, barəsində araşdırma aparılması həyata keçirilsin. X11, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs də əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bükümün içərisində nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin 01 ədəd bükümün içərisində narkotik vasitə olan “şüşə" adı ilə tanınan maddə olduğunu və həmin bükümün ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin 01 ədəd bükümdə olan narkotik vasitəni xx.xx.2024-cü il tarixdə, axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, "Papanin" adı ilə tanınan ərazidən anket məlumatlarım bilmədiyi şəxsdən 80 manata aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman, üzərində şəxsi axtarış və götürmə keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir (İ cild, səh. 140-142). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, şəxsi aprel ayında gecə 3-4 radələrində ərazidə xidmət edən zaman “Riva” otelin qarşısında görmüşlər, yaxınlaşıb özlərini təqdim etmişlər, özünü təqdim etməkdən imtina edib suallardan yayındığından şəxsi polis bölməsinə dəvət etmişlər. Təhqiqata məruzə edilib üzərinə baxış keçirilmiş, üzərindən bir büküm narkotik aşkar edilmiş və “Papanin”dən 80 manata əldə etdiyini bildirmişdir. Şəxsi axtarış videoçəkilişlə olmuş və müdafiəçi iştirak etmişdir. Həmin narkotik vasitəni təhqiatçı aktlaşdırıb ekspertizaya göndərmişdir. O, ekspertiza rəyində nə qədər yazıldığını bilmir. Şəxs barəsində məlumat olmamış, özünü şübhəli aparmışdır. Onlar gecələr arxasında “polis” yazısı olan jiletlər geyinmişlər, bəzən belə şəxslər onları görəndə yayınmağa çalışmışlar, bu şəxsdə də belə olmuş, yaxınlaşanda özünü təqdim etməkdən imtina etmiş və suallarına da qəribə cavablar vermişdir. Onlar üçün ilkin şühbə gecə saatlarında şəxsin orada olması olmuş, həmin şəxs də özünü təqdim etməkdən imtina etmişdir. Onların xidməti gecə saat 12-dən sonra başlamışdır. Təqsirləndirilən şəxsi əsgər yoldaşı saxlamamışdır. O, Özal Baxşaəliyev adlı şəxsi tanımır, onların elə bir əməkdaşları olmamışdır. Onun yanında Təqsirləndirilən şəxs qarşı hansısa zor və təzyiq olmamış, polis əməkdaşları tərəfindən döyülməmişdir. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 8.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, şahid X7 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 143-145). 9.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2024-cü il tarixli 3-16/16/2-6/2112 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində ’‘Azərbaycan Respublikası DİN Zərflər üçün N 44" dairəvi möhür əksi, ’‘şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs" sözlər, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkiləri 3,875 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir (İ cild, səh. 39-43). 10.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X1 21 iyun 2024-cü il tarixli, 4315 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 135-136). 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12-Hüquqi şəxsi ambulator məhkəmə-psixiatrik ekspertizasının 21 iyun 2024-cü il tarixli, 1790 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 137-139). 12.«Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə» 19 aprel 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərinin özündə əks etdirən CD diskdən görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş və daha sonra sağ yan cibində özünə məxsus “Samsung A40” markalı mobil telefonu, “Kapital Bank”a məxsus birbank kartını çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf selofana bükülmüş büküm barədə məlumat verməsi bildirilmiş, Təqsirləndirilən şəxs bir şəffaf sellofana bülükmüş bükümdə olan maddənin narkotik vasitə "şüşə" olduğunu və həmin bükümü xx.xx.2024-cü il tarixdə axşam saatlarında “Papanin” kimi tanınan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 80 manata aldığını bildirmişdir. Bundan sonra narkotik vasitəyə bənzər maddə olan bir ədəd büküm zərfə qoyularaq zərfin ağızı Nərimanov Rayon Polis İdarəsinin zərflər üçün nəzərdə tutulmuş “44" nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır (İ cild, səh. 29-30). 13.«DVD diskə baxış keçirilməsi haqqında» 21 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs isifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə “sms” mətnlərinin tarixçəsi, zənglərin detallaşması və zənglərin məxsusluq tarixçələrinin əks olunduğu bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı jarqon terminlərdə ifadə olunan, əslində isə dövriyyəsi qadağan olunmuş psixotrop maddənin satışı ilə bağlı kifayət qədər sms yazışmalar müəyyən edilmişdir. (İ cild, səh. 129-130). 14.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 30 aprel 2024-cü il tarixli, 1/1973 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün 2 nömrəli X4 müraciət etməyib (İ cild, səh. 117). 15.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 04 may 2024-cü il tarixli, 5825 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İ cild, səh. 124). 16.«Maddi sübut kimi tanıma haqqında» 28 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 3,875 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 3,775 qram çəkidə psixotrop maddə olan metamfetamin saxlanış üçün Nərimanov Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir (İ cild, səh. 192-193). 17.«Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında» 28 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokola əlavə edilmiş 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir (İ cild, səh. 195-206). 18.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə tibbi müayinədən keçirilmiş, sorğu zamanı zədə almadığını bildirmiş, bədəninin səthinin müayinəsi zamanı yeni xəsarət izləri aşkar edilməmişdir. 19.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 15-16). 20.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 aprel 2024-cü il tarixli, 4(005)- 526/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 aprel 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “ev dustaqlığı" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 90-94). 21.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 4(005)- 924/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri 16 iyul 2024-cü il tarixdə dəyişdirilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddəti 01 (bir) ay 04 (dört) gün həddində müəyyən edilmişdir (İ cild, səh. 154-158). 22.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 121). 23.Cinayət işinin materiallarında olan vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 24.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 25.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 26.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 27.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 28.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 29.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 30.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 31.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 32.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 33.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 34.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 35.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metamfetamin külli miqdar hesab edilir. 36.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 37.Məhkəmə Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olmaması barədə ifadəsinə münasibətdə isə onu qeyd edir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil olan və göndərilən sms mətnlərinə dair məlumatların əks olunduğu elektron məlumat daşıyıcısına baxış zamanı jarqon terminlərdə ifadə olunan, əslində isə dövriyyəsi qadağan olunmuş psixotrop maddənin satışı ilə bağlı kifayət qədər sms yazışmalarının olması təqsirləndirilən şəxsin həmin psixotrop maddəni satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. 38.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 39.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X8rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 40.Məhkəmə təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə» 19 aprel 2024-cü il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən CD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş psixotrop maddənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 41.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 42.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla psixotrop maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 43.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlayaraq daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. 44.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 45.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olması məhkəmə araşdırması zamanı araşdırılmış sübutlarla, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 46.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 47.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 48.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 49.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 50.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, vətən müharibəsi iştirakçısı olmaqla “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medallarla təltif olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 51.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 52.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 53.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 54.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 55.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 56.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 57.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 19 aprel 2024-cü il tarixdən hesablanmalıdır. 58.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 59.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 60.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 61.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,775 qram çəkidə psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 62.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 63.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 64.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 65.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 66.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 67.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 68.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 19 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 3,775 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin, 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar