Məhkəmə qərarları › İş №1(101)-695/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-695/2022

28.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-695/2022 28.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Beyləqan Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni sahədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2021-ci il tarixdə saat 10:30 radələrində nəqliyyat vasitəsini idarəetmə hüququ və müvafiq etibarnaməsi olmadan idarə etdiyi, X6 məxsus “X16” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qala-Pirallahı yolunun yaşayış məntəqəsi olduğu üçün hərəkət sürəti 60 km/saat sürətlə məhdudlaşdırılmış ünvan 3 ünvanında yerləşən Dövlət Təhlükəsizlik Xidmətinin Pirallahı rayon Şöbəsinin inzibati binasının qarşısında Pirallahı qəsəbəsi istiqamətində təxminən 70 km/saat sürətlə yolun sol zolağı ilə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququnun sürücülük vəsiqəsi əsasında həyata keçirilməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli, 1.1-1.3 üfüqi nişanlanma xətlərini kəsib keçməməli olduğu halda bu qaydalara riayət etməmiş və idarə etdiyi avtomobilin ön hissəsi ilə onunla eyni zolaqda Pirallahı qəsəbəsi istiqamətində hərəkətdə olan və müəyyən edilmiş yerdən sola dönməni həyata keçirən sürücü Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “VAZ- 2101” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sürücü Zərərçəkmiş şəxs gicgah nahiyyəsinin, ənsə nahiyyəsinin, burun belinin, sol baldırın əzilmiş yarası, ənsə nahiyyəsinin hematoması, sol və sağ dirsək nahiyyəsinin, sağ əlin arxa səthinin, sol dizin ön səthinin, sol baldırın yuxarı üçdə birinin ön səthinin, sol baldırın yuxarı üçdə birinin iç səthinin sıyrıqları, döş qəfəsinin sağ yan səthinin orta üçdə birinin qançırı, ağır travmatik və hemorragik şok ilə müşayiət olunan döş sümüyünün orta üçdə birinin qapalı, az yerdəyişən sınığı, sağ Vİ,Vİİ,Vİİİ, İX və sol Vİİ, Vİİİ, İX qabırğaların orta körpücük xətt üzrə qapalı, az yerdəyişən sınıqları, sağ bud sümüyünün qapalı qəlpəli, yerdəyişən sınıqları, sol baldır sümüklərinin açıq, qəlpəli, yerdəyişən sınıqları, kəskin daxili qanitirmə ilə nəticələnmiş qaraciyərin cırılması kimi xarakterizə olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərərvurma əlamətlərinə malik xəsarətlər almaqla ölümünə birbaşa səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, sürücülük kurslarında təhsil alsa da sonradan imtahana getməyə vaxt tapmamış, ona görə də vaxtında sürücülük vəsiqəsi ala bilməmişdir. 2021-ci ilin iyul ayında “X16” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilkin ödəniş olaraq 13000 manat ödəməklə, aylıq ödənişini isə 1100 manata razılaşmaqla kreditlə almış, amma sürücülük vəsiqəsi olmadığı üçün rəsmiləşdirmələr dostu Şahid4 adına edilmişdir. Avtomobil həmişə onda olmuş və özü idarə etmişdir. O, avtomobillə arabir sifarişlər yerinə yetirmişdir. 02 sentyabr 2021-ci il tarixdə ilk dəfə metronun “Koroğlu” stansiyası və Pirallahı qəsəbəsi marşrutu üzrə sərnişin aparmış, sonrakı günlərdə də həmin marşrut üzrə işləməyi qərara almışdır. 03 sentyabr 2021-ci il tarixdə həmin marşrut üzrə işləmək üçün avtomobillə metronun “Koroğlu” stansiyasının yanına getmişdir. Təxminən saat 10 radələrində oradan altı nəfər sərnişin götürüb Pirallahı qəsəbəsi istiqamətində hərəkətə başlamışdır. Zirə qəsəbəsində sərnişinlərdən biri, Pirallahı qəsəbəsində 10 saylı xəstəxananın qarşısında isə ikisi avtomobildən düşmüşdür. Həmin vaxt avtomobildə üç sərnişin qalmışdır. Xəstəxananın qarşısından Pirallahı qəsəbəsinin içərisi istiqamətində hərəkətə başlamış və avtomobili ilə eyni istiqamət üçün olan yolun sol zolağı ilə təxminən 60-70 km/saat sürətlə hərəkət etmişdir. Həmin istiqamətdə qarşısındakı yol təxminən 200-250 metr məsafədə tam boş olmuş, heç bir nəqliyyat vasitəsi hərəkət etməmişdir. O, Pirallahı qəsəbəsi, Səməd Vurğun küçəsində yerləşən Dövlət Təhlükəsizlik Xidmətinin Pirallahı rayon Şöbəsinin inzibati binasının qarşısına çatanda ondan sol tərəfdə yolun kənarında dayanmış üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər şəxsi görmüş, hərəkətini davam etdirərək siqnal verərək həmin şəxslə salamlaşmış və təxminən 2 saniyə sonra yenidən yola baxanda onun hərəkət etdiyi sol zolaqda qarşıda “VAZ-2101” markalı avtomobilin müəyyən edilmiş yerdən sola dönmək üçün dayandığını görmüş, həmin vaxt artıq aralarında 5-10 metr məsafə olmuşdur. O, əyləci basmağa çalışsa da artıq çatdırmamış, avtomobili azca sola doğru qaçırmış və həmin vaxt onun avtomobilinin ön hissəsi ilə “VAZ-2101” markalı avtomobilin sol yan hissəsi toqquşmuşdur. O anda əyləci sıxmadığı üçün həmin avtomobili öz avtomobilinin önündə təxminən 55-60 metr itələyib qabağa aparmış və nəhayət dayanmışdır. Bu vaxt o, “VAZ-2101” markalı avtomobilin sürücüsünün tərpənmədiyini görüb həyəcan keçirmiş, bir neçə saniyə sonra özünə gəlib avtomobildən düşmüş və yaxınlaşıb həmin şəxsi avtomobildən çıxarmağa çalışmışdır. Həmin vaxt qapı açılmamış və ətrafda olan tanımadığı şəxslərin köməkliyi ilə qapını açıb həmin sürücünü avtomobildən çıxara bilmişdir. Həmin şəxs huşsuz vəziyyətdə olmuş və onun sağ olub-olmadığını təxmin edə bilməmişdir. Toqquşduğu avtomobildə sürücüdən başqa heç kim olmamışdır. Öz avtomobilində olan üç qadının vəziyyəti ilə maraqlanmış və onlarda ciddi bir xəsarət olmadığını görmüşdür. Bir neçə dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş və toqquşduğu avtomobilin sürücüsünün öldüyünü bilmişdir. Bundan sonra ölmüş şəxsi, eləcə də avtomobilində olan üç qadını təcili tibbi yardım avtomobili ilə aparmışlar. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə hələ ibtidai istintaqın gedişində barışmış, mərhumun dəfni ilə bağlı və sair xərcləri tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi onu bağışlamış və aralarında tam barışıq əldə olunmuşdur. Hal-hazırda da zərərçəkmiş şəxsin ailəsi ilə müntəzəm əlaqə saxlayır. Ona qarşı hər hansı tələb və şikayət yoxdur. Ona görə də məhkəmədən bütün bu halların, eləcə də himayəsində azyaşlı uşağının olmasının, 44 günlük Vətən müharibəsində iştirak edərək düşmənə qarşı döyüşməsinin, müharibə iştirakçısı olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı tam etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun atasıdır. Atası spirtli içkidən az istifadə etmiş, fiziki cəhətdən sağlam olmuş, səhhətində hər hansı ciddi problem olmamışdır. Atasının BC kateqoriyalı sürücülük vəsiqəsi olmuş və “VAZ-2101” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili uzun illər etibarnamə əsasında idarə etmişdir. 03 sentyabr 2021-ci il tarixdə saat 11 radələrində işdə olduğu vaxtda Təbriz adlı tanışı ona zəng edərək Pirallahı qəsəbəsində baş vermiş yol qəzası nəticəsində atası Fərmanın xəsarət aldığını bildirmişdir. O, dərhal Pirallahı qəsəbəsində yerləşən xəstəxanaya getmiş, yolda dəfələrlə atasının mobil telefonuna zəng etsə də atası cavab verməmişdir. Xəstəxanaya çatanda atasının artıq öldüyünü öyrənmişdir. X8 Xidmətinin Pirallahı rayon Şöbəsinin inzibati binasının qarşısında sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “X16” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə atasının idarə etdiyi avtomobilin toqquşduğunu, nəticədə atasının ağır xəsarətlər alaraq hadisə yerində öldüyünü öyrənmişdir. Təqsirləndirilən şəxs nə özü, nə də digər ailə üzvləri ümumiyyətlə tanımamışlar. Hadisədən sonra Təqsirləndirilən şəxs atasının vəfatı ilə bağlı bütün zəruri xərcləri ödəmiş, yas mərasimlərində iştirak etmiş, baş vermiş hadisə ilə bağlı peşmançılıq hissi keçirirək bütün ailəsi, yaxınları ilə bərabər üzrxahlıq etmişdir. Ona görə də o, təqsirləndirilən şəxslə barışmış və onu bağışlamışdır, Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Ona görə də bütün bu halların nəzərə alınaraq Təqsirləndirilən şəxs mümkün olan qədər humanist cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, 2021-ci ilin iyul ayında tanışı Nahid özünə kreditlə avtomobil almaq istədiyini, lakin sürücülük vəsiqəsi olmadığını demiş və avtomobili alıb kredit verən təşkilatın ona etibarnamə verməsini, sonra özü sürücülük vəsiqəsi alanda bununla bağlı yeni etibarnamə alacağını bildirmişdir. O da bir söz deməyib aralarındakı münasibətə görə razılaşmışdır. “X16” markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə kredit Nahidin adına rəsmiləşdirilmiş və həmin kredit təşkilatı ona avtomobildən istifadə etmək üçün etibarnamə vermişdir. Bundan sonra o, avtomobili Nahidin yaşadığı Qala qəsəbəsinə gətirmiş və sonuncunun həyətində saxlamışdır. Nahid ona yaxın vaxtlarda sürücülük vəsiqəsi alacağını və ondan sonra avtomobili idarə edəcəyini demişdir. Avtomobilin aylıq təxminən 1100 manat ödənişini Nahid özü etmişdir. O, sonralar 3-4 dəfə ayrı-ayrı vaxtlarda Nahiddən sürücülük vəsiqəsi alıb-almamasını soruşmuş, Nahid də hələ almadığını demişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində Nahidlə telefonla danışanda sonuncunun sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdiyini, Pirallahı qəsəbəsində hərəkətdə olan zaman “VAZ-2101” markalı avtomobillə toqquşduğunu, nəticədə yol-nəqliyyat hadisəsi törədərək bir nəfər şəxsin ölümünə səbəb olduğunu öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 03 sentyabr 2021-ci il tarixdə səhər saatlarında işə getmək üçün metronun “Koroğlu” stansiyasının yaxınlığında “X16” markalı avtomobilə əyləşmiş, iş yoldaşları Şahid2 və Şahid3 də həmin avtomobildə olmuşlar. Gülnarə və Adilə yanaşı, arxaları sürücüyə olmaqla onunla üzbəüz əyləşmişlər. Yol boyu bir-birləri ilə söhbət etmiş, yola elə də diqqət etməmişlər. Pirallahı qəsəbəsində xəstəxananın yanında iki sərnişin avtomobildən düşmüş, bundan sonra özü yuxulu olduğu üçün mürgüləmişdir. Qəflətən avtomobilin nəyləsə toqquşduğunu hiss etmiş və müvazinətini saxlaya bilməyərək avtomobilin salonunda əyləşən digər sərnişinlərlə birbirinə, eləcə də avtomobilin salonunun müxtəlif hissələrinə çırpılmışlar. Toqquşmadan sonra avtomobil bir neçə metr getmiş və dayanmışdır. Pəncərədən baxanda başqa bir avtomobillə toqquşduqlarını görmüşlər. Sonra onları avtomobildən düşürüb ilkin tibbi yardım göstərmişlər və ayaq nahiyyələrində ağrılar hiss etmişdir. Heç bir tələb və şikayəti yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 03 sentyabr 2021-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Qala-Pirallahı yolunun Pirallahı qəsəbəsi istiqamətində olan hissəsində, ünvan 5 ünvanında yerləşən Dövlət Təhlükəsizlik Xidmətinin Pirallahı rayon Şöbəsinin inzibati binasının qarşısındadır. Gürgən qəsəbəsindən Pirallahı qəsəbəsi istiqamətinə olan yol iki hərəkət zolağından ibarət olmaqla hərəkət yolunun eni 6,6 metr, Pirallahı qəsəbəsindən Gürgən qəsəbəsi istiqamətində iki hərəkət zolağından ibarət olmaqla hərəkət yolunun eni 6,6 metrdir. Hər iki hərəkət yolunu bir-birindən qoşa-xətt ayırır və hər iki hərəkət hissəsinin sağ tərəfində sarı xətt vardır. Gürgən qəsəbəsindən Pirallahı qəsəbəsi istiqamətində olan yolun sağ kənarında iki hərəkət yolunu işıqlandıran şəhər elektrik dirəkləri yerləşir. Hadisə yerində tormoz izləri yoxdur, lakin toqquşma yerindən 62,5 metr Pirallahı qəsəbəsinin mərkəzi istiqamətində avtomobillərin asfalta sürtünmə izləri vardır. Toqquşma yeri yolun ortasında olan qoşa xəttin üzərindən başlayaraq Pirallahı qəsəbəsindən Gürgən qəsəbəsi istiqamətində olan yolun sol zolağında, qoşa xətdən 1,4 metr məsafəyədək yerdə müşahidə edilir. “X16” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşı tərəfi Pirallahı qəsəbəsinin mərkəzi istiqamətində olmaqla toqquşma yerindən 62,5 metr həmin istiqamətində, yolun ortasında olan qoşa xəttin üzərində dayanmaqla, sağ arxa tərəfi 1,1 metr, sağ ön tərəfi 0,4 metr Gürgən- Pirallahı yolunda, hadisə yerindən sonra Pirallahı qəsəbəsinin mərkəzi istiqamətində olan yolun kənarındakı birinci işıq dirəyinə paralel dayanmışdır. “VAZ-2101” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil Gürgən- Pirallahı yolunun ortasında olan qoşa xəttin üzərində və qoşa xəttə 45 dərəcə bucaq altında dayanmaqla, kəskin deformasiyaya uğramış və sol yan tərəfi “X16” markalı **-SZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin ön tərəfi ilə təmas vəziyyətindədir. Hadisə baş verən yerdə yol quru və asfalt örtüklü olmaqla hər iki istiqamət üçün düzdür. Hadisə baş vermiş yol, Gürgən-Pirallahı qəsəbəsi və əks istiqamətdə sürət 60 km/saat ilə məhdudlaşdırılmışdır. “X16” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisə yerindədir (cild 1, iş vərəqə 6-20). Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 21 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, “VAZ-2101” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin bütün hissələri zədələnmiş və deformasiyaya uğramışdır, ön sürücü oturacağında qan izləri vardır. Zərbədən sonra avtomobilin idarəetmə və tormoz sistemi sıradan çıxmışdır (cild 1, iş vərəqə 62-64). Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında 06 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, “X16” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsində, ön şüşəsində, ön kapotun sağ tərəfində toqquşma tipli yol-nəqliyyat hadisəsinə xarakterik əzilmələr vardır, avtomobilin idarəetmə və tormoz sistemində hər hansı nasazlıq mövcud deyil (cild 1, iş vərəqə 69-71). Məhkəmə-tibbi ekspertizasının 01 oktyabr 2021-ci il tarixli 21 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər-gicgah nahiyyəsinin, ənsə nahiyyəsinin, burun belinin, sol baldırın əzilmiş yarası, ənsə nahiyyəsinin hematoması, sol və sağ dirsək nahiyyəsinin, sağ əlin arxa səthinin, sol dizin ön səthinin, sol baldırın yuxarı üçdə birinin ön səthinin, sol baldırın yuxarı üçdə birinin iç səthinin sıyrıqları, döş qəfəsinin sağ yan səthinin orta üçdə birinin qançırı, ağır travmatik və hemorragik şok ilə müşayiət olunan döş sümüyünün orta üçdə birinin qapalı, az yerdəyişən sınığı; sağ Vİ,Vİİ,Vİİİ, İX və sol Vİİ, Vİİİ, İX qabırğaların orta körpücük xətt üzrə qapalı, az yerdəyişən sınıqları, sağ bud sümüyünün qapalı qəlpəli, yerdəyişən sınıqları, sol baldır sümüklərinin açıq, qəlpəli, yerdəyişən sınıqları, kəskin daxili qanitirmə ilə nəticələnmiş qaraciyərin cırılması küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni 03.09.2021-ci il tarixdə hərəkətdə olan avtomaşının qabarıq hissələrinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqədədirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompeksi nəticəsində baş vermiş ağır travmatik və hemorragik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum Zərərçəkmiş şəxs meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr, güclü təsiredicilər aşkar edilməmişdir (cild 1, iş vərəqə 90-96). Diskə baxış keçirilməsi haqqında 15 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, “X16” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil arxadan gələrək onunla eyni zolaqda öndə olan “VAZ-2101” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin Gürgən qəsəbəsi istiqamətindən Qala-Pirallahı yolunun sol zolağı ilə hərəkət edib K.Rzayev küçəsinə dönmək üçün sürətini azaldıb dönməni icra etməyə başladıqdan və təhlükəsizlik tədbirlərinə riayət edib qarşı hərəkət yoluna çıxmağa başladığı anda avtomobillər toqquşur (cild 1, iş vərəqə 115-116). Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 17 yanvar 2022-ci il tarixli 8/3300 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “X16” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində ”Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısım almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “X16” markalı avtomobili sürücülük vəsiqəsi olmadan və yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 70 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin və 50ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “VAZ-2101” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir (cild 1, iş vərəqə 120-123). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin 19 oktyabr 2021-ci il tarixli 016-123595- 1121 saylı məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin Baş X17i İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir (cild 1, iş vərəqə 87). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2011-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 84-85). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından və müvafiq hökmün surətindən görünür ki, Qasımov X10 Rayon Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 46-47,48-52 ). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 ərizə ilə ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (cild 1, iş vərəqə 78). Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs 44 günlük Vətən müharibəsində iştirak etmişdir (cild 1, iş vərəqə 83). Cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin komandiri tərəfindən imzalanmış Fəxri Fərmandan görünür ki, əsgər Təqsirləndirilən şəxs təlim və məşğələlərdə əldə etdiyi yüksək nəticələrinə, ictimai-siyasi hazırlıq üzrə keçirilən tədbirlərdə fəal iştirakına və nümunəvi hərbi intizamına görə təltif olunmuşdur. Həmçinin hərbi hissə komandanlığı tərəfindən onun ailəsinə təşəkkür məktubu ünvanlanmışdır (cild 1, iş vərəqə 80, 81). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl ehtiyatsızlıqdan törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə əsas və nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzalar təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə özünü tam təqsirli bilərək səmimi peşman olmasını, Vətən müharibəsi iştirakçısı olmasını, hərbi xidmət zamanı Fəxri Fərmanla təltif olunmasını, nümunəvi hərbi xidməti ilə bağlı ailəsinə komandanlıq tərəfindən təşəkkür məktubunun ünvanlanmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, həmin maddəyə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinin tələblərinə əsasən, cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin - əlavə cəzanın icrasının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini də əsaslı hesab edir. Bu halda əlavə cəza, cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 100 (bir yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 121). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq zamanı Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən, məhkəmə mərhələsində isə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən həyata keçirilmişdir. Cinayət- Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində göstərilmiş 12 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X4 vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir (cild 1, iş vərəqə 177,189). Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15.11.2013-cü il qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası cəzanı icra edən müəssisə və orqan tərəfindən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Təqsirləndirilən şəxs 100 (bir yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına vəkil X5 üçün 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına vəkil X9 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar