Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-695/2023 26.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 10:55-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlayaraq daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan külli miqdarda təmiz çəkisi 6,552 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə “heroin”i qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 21 sentyabr 2022-ci il tarixdə saat 00:30 radələrində Daxili İşlər Nazirliyinin X9 Alayının 4-cü Patrul bölüyünün əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv adlanan ərazidə saxlanılarkən, narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün ünvan 2 ünvanında yerləşən 41-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, həmin gün saat 01:15-dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən naməlum mənbədən satış məqsədi olmadan qanunsuz əldə edib üzərində saxlayaraq daşıdığı bir ədəd şəffaf sellofan kəsiyindən olan bükümün içərisində təmiz çəkisi 6,552 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirili bilərək ifadəsində qeyd etmişdir ki, narkotik istifadəsinə 2018-ci ildə azad olunduqdan sonra yenidən başlamışdır. Sentyabrın 20-dən 21-ə keçən gecə Səbail rayonu, Badamdarda 3-cü massiv deyilən ərazidə Post Patrul Xidmətinin əməkdaşları tərəfindən tutularaq bölməyə aparılmışdır. Həmin əraziyə narkotik dalınca getmişdir. Post patrul əməkdaşları yaxınlaşaraq orda nə etdiyini və harada yaşadığnı soruşmuş, o da Səməd Vurğunda yaşadığını bildirmişdir. Sonra onu polis bölməsinə aparıb üzərinə videoçəkilişlə vəkilin iştirakı ilə baxış keçirmişlər, üzərində 6 qram yarım narkotik vasitə “kakos”, yəni heroin olmuşdur. 1 qramı 15 manata almış,105 manat ödəmişdir. 140 manat ödəməsinin səbəbi ondan əvvəl aldığı narkotikin ödənişinə görə borcunun qalması olmuşdur. Polislər tərəfindən ona hər-hansı zor və təzyiq olmamışdır. Narkotik vasitəni bir il əvvəl rəhmətə getmiş tanışı Teymurun nömrəsini verdiyi iranlı «Adəm» adlı şəxslə «Whatsapp» mobil tətbiqi vasitəsi ilə almış, müxtəlif adamların bank kartlarına pul göndərəndən sonra Adəm ona narkotik vasitələrinin qoyulduğu yerin şəkilini və geolokasiyanı göndərmiş, o da müxtəlif yerlərdə gizlədirmiş narkotiki gedib götürmüşdür. Narkotiki bu şəkildə almaq daha ucuz başa gəldiyindən bu üsulu seçmişdir. Həmin gün narkotik Səbail rayonu, Badamdarda 3-cü massiv deyilən ərazidə hasarın kənarında gizlədilmiş, o da “kakos”u götürdükdən sonra polislər tərəfindən saxlanılmışdır. 4.Məhkəmə iclas zalında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, təxminən 2 il olar ki, Teymur adlı tanışından əslən iranlı olan «Adəm» adlı şəxsin « Whatsapp » mobil tətbiqində istifadə etdiyi nömrəni almış və həmin Adəmdən özünün istifadəsi üçün narkotik vasitələr alırmış. Bunun üçün Adəm ona müxtəlif adamların adına olan bank kartlarının fotoşəkillərini göndərirmiş və o, həmin kart hesablarına pul göndərəndən sonra Adəm ona digər adamlar vasitəsi ilə narkotik vasitələri müxtəlif ünvanlara çatdırmışdır. Bank kartlarının sahiblərini və narkotik vasitələri müxtəlif yerlərə qoyan adamların kim olduğunu bilmir, onları heç vaxt görməmişdir. Adəmin göstərişi ilə tanımadığı adamlar sifariş etdiyi narkotik vasitələri müxtəlif yerlərə gizlədirmişlər, Adəm isə ona narkotik vasitələrinin qoyulduğu yerin şəkilini və geolokasiyanı göndərirmiş, o da gedib tapmışdır. Teymur 1 il bundan əvvəl dünyasını dəyişmişdir. Adəmin telefon nömrəsi və sonuncu ilə apardığı yazışma onun mobil telefonunda vardır. Həmin telefon Redmi A7 markalı smartfondur, onu o, polis bölməsinə gətirildikdən sonra növbətçi hissəyə təhvil vermişdir. Narkotik vasitələri o, həmişə yalnız öz istifadəsi üçün alırmış. 20 sentyabr 2022-ji il tarixdə o, növbəti dəfə «kakos»a olan tələbatını ödəmək üçün təxminən 7 qram «kakos»u Adəm adlı şəxsdən almaq qərarına gəlmişdir. Bunun üçün o, axşam 19:30 radələrində Adəmlə «VVhatsapp» mobil tətbiqi ilə əlaqəyə çıxmış və sonuncudan 7 qram almaq istədiyini yazmışdır. Adəm adlışəxs ona bir neçə dəqiqədən sonra Kapital Bankın plastik bank kartın şəkilini göndərmişdir. Həmin kartın üzərində fiziki şəxsin adı olmamış, nömrələr olmuşdur. O, yaşadığı evin yanında olan «Fresko» supermarketinə daxil olub orada «e-manat» ödəmə terminalı vasitəsi ilə 140 manat pulu həmin kart nömrəsinə göndərmiş və saat 23 radələrində Adəm ona sifariş etdiyi narkotik vasitənin qoyulduğu yerin geolokasiyanı və şəkilini göndərmişdir. Həmin yer Badamdar qəsəbəsində olan 3-cü yaşayış massivində ünvanı yazılmayan küçədə yerləşən fərdi yaşayış evlərin arasındakı hissədə yerləşən daş hasarın dibi olmuşdur. O, 2111 çağrı mərkəzi olan taksi xidmətinə zəng vurmuş və taksi maşını onu yaşadığı evin yanından Badamdar qəsəbəsinə qədər aparmışdır. Lakin, taksi maşını onu təyin olunan yerə qədər deyil, Badamdar qəsəbəsində yerləşən «Araz» marketə qədər aparmışdır. Taksi sürücüsü hara və nəyə görə getdiyini bilməmişdir. Orada o, taksidən enmiş və piyada narkotik vasitənin qoyulduğu yerə getmişdir. Narkotik vasitəni o, hasarın dibində plastmas stakanın içində şəffaf sellofanın içində aşkar etmişdir. O, plastmas stakanı orada atmış içində narkotik vasitə olan sellofan bükümü isə əynindəki şalvarının sağ yan cibinə qoymuşdur. Elə həmin küçədən çıxmaq istəyərkən yolla keçən polis patrul maşını onun yanında saxlamış və polis formasında olan iki nəfər ona yaxınlaşaraq kim olduğunu və gecə saatlarında orada nə etdiyini soruşmuşdular. O, üzərində narkotik vasitə olduğundan həyacanlanmış və polis əməkdaşları bunu hiss edib ondan şübhələnmişdilər. O, adını və soyadını söyləmiş və polis əməkdaşları onun nəyə görə həyacanlandığını soruşduqda o, onsuzda ifşa olunacağını başa düşdüyündən üzərində narkotik vasitələrin olmasını etiraf etmişdir. Belə olan halda ona bildirmişdilər ki, onun üzərinə baxış keçirilməsi üçün o polis bölməsinə getməlidir. O, razılaşmış və polis əməkdaşları onu 41-ci polis bölməsinə aparmışdılar. Orada onu otaqların birinə aparmışdılar, onunla bir sıra sənədlər tərtib olunmuş, sonra ona vəkil təqdim olunmuş və vəkil onunla bir qədər söhbət edəndən sonra ona bildirilmişdir ki, üzərinə baxış keçiriləcək. Baxışın videoçəkilişlə aparılacağından onu xəbərdar etmişdilər. Sonra çəkilişlər başlanmış və ona təklif olunmuşdur ki, üzərində qeyri qanuni əşya varsa özü könüllü olaraq təqdim etsin. O, əynindəki şalvarın sağ cibində olan bükümü təqdim etmişdir. Həmin büküm açılmış, içərisindəki «kakos» aşkar edilmişdir. Baxışı aparan polis zabiti ona bir neçə sual vermiş və o, sualları cavablandırandan sonra həmin narkotik vasitə boş kağız zərfə qoyulmuş, zərf möhürlənmiş və tərəflərindən imzalanmışdır. Çəkilişlər bitəndən sonra baxışla bağlı protokol tərtib edilmiş və tərəflərindən imzalanmışdır. Sorğu-sual zamanı ifadəsini dəqiqləşdirən Təqsirləndirilən şəxs narkotik vasitələri yalnız şəxsi istifadəsi üçün əldə etdiyini, 41-ci polis bölməsində üzərindən aşkar edilmiş narkotik vasitə «kakos»u da şəxsi istifadəsi üçün aldığını, bu miqdarın təxminən onun 7-10 günlük dozanın olduğunu, anket məlumatlarında qeyd etdiyi telefon nömrəsindən başqa istifadəsində digər mobil telefon nömrələrin olmadığını, 41-ci polis bölməsində üzərindən aşkar edilmiş narkotik vasitə heroindən başqa digər hər hansı yerdə dövriyyəsi qanunla qadağan olunmuş narkotik vasitə saxlamadığını, külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşıdığını Adəm adlı şəxsdən və həmin narkotik vasitənin ona çatdırılmasını təşkil edən şəxsdən başqa heç kəsin bilmədiyini, əldə etdiyi heroini dozalara bölmək üçün elektron və ya digər tərəzi olmadığını, vizual olaraq bir dəfəlik çəkməsi üçün nə qədər heroin tələb olunduğunu bildiyini, bunun üçün hər hansı bir texniki vasitəyə ehtiyacın olmadığını qeyd etmişdir (İ cild, səh. 56-58). 5.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, sentyabrın 20-dən 21-ə keçən gecə 3-cü yaşayış massivində xidmət apararkən qaranlıq bir küçədə vətəndaşı görmüş, yaxınlaşıb nə etməsi ilə maraqlanmışlar. Nə səbəbə burada olduğunu soruşduqda vətəndaş bildirmişdir ki, üzərində narkotik vasitə vardır. Bölməyə aparılmış, iştirakları ilə baxış keçirilmiş, bir il əvvəl olduğu üçün tam xatırlamadığını bildirərək təqsirləndirilən şəxsin cibindən narkotik vasitə çıxdığını qeyd etmişdir. Təqsirləndirilən şəxsin üzərinə axtarış video çəkiliş aparılmaqla keçirilmiş, hərhansı təzyiq göstərilməmişdir. 6.Məhkəmə baxışında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2021-ci ildən Daxili İşlər orqanlarında və 2022-ci ildən tutduğu vəzifədə xidmət edir, 4-cü patrul bölüyü Səbail rayonunun 8-ci və 41ci polis bölmələrinin inzibati ərazisində xidmət aparır. İdarədə tərtib olunmuş dislokasiya qrafikinə əsasən o, 2442 çağırılışlı avtopatrulda sutkanın gecə saatlarında axşam saat 20dən növbəti gün səhər saat 8-dək xidmət aparır. 20 sentyabr 2022-ci il tarixdə saat 20:00da o, xidmətə başlamış və təlimatlandırmada iştirak edəndən sonra postdar yoldaşı, polis nəfəri, polis serjantı Şahid1la «Mercedes Citan» markalı **-PV-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilə əyləşib xidməti ərazilərdə patrul xidməti təşkil etməyə başlamışlar. 21 sentyabr 2022-ci il tarixə keçən gecə saat 00:30 radələrində Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində xidməti avtomobillə hərəkət edən zaman asfalt örtüklü yolun sağ kənarında bir nəfər kişi cinsli şəxsin hasarın dibinə işıq saldığını və əyilib oradan nəsə götürdüyünü görmüşlər. Həmin şəxs özünü şübhəli apardığına görə onlar avtomobilin fara işıqlarını ona yönəldib həmin şəxsə yaxınlaşdıqda sonuncunun onları görüb dalanların birinə girib yayınmaq istədiyini görmüşlər. Onlar maşından düşüb həmin şəxsə yaxınlaşmışlar və özlərini təqdim edərək həmin şəxsin gecə vaxtlarında bu ərazidə nə etməsini öyrənmişlər. Həmin şəxs adekvat bir cavab verə bilmədən həyacanlanmağa başlamış və hansı səbəbdən həyacanlandığını soruşduqda həmin şəxs üzərində narkotik vasitə olduğunu və tutulmaq istəmədiyindən həyacan keçirdiyini bildirmişdir. Onlar izah etmişlər ki, həmin şəxs ərazi aidiyyəti üzrə 41-ci polis bölməsinə təqdim olunmalıdır. Onlar həmin şəxsi maşınlarına dəvət etmişlər və həmin şəxs etiraz etmədən onlarla 41-ci polis bölməsinə gəlmişdir. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs otaqların birinə yerləşdirilmiş, üzərindəki mobil telefon bölmənin növbətçi hissəsinə təhvil verilmişdir. Sonra Şahid1la bölmənin rəhbərliyi adına raport tərtib etmişdilər. Az sonra onlara Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və onların da iştirak etmələri xahiş edilmişdir. Bundan sonra onları bölmənin təhqiqatçısının otağına dəvət etmişlər, həmin otaqda həmçinin dəvət olunmuş vəkil də olmuşdur. Polis bölməsinin əməkdaşlarından biri telefonla çəkiliş aparmağa başlamış və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Axtarış aparılarkən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyindən olan büküm təqdim etmiş və həmin bükümün içərisində «kakos» adlı narkotik vasitənin olduğunu, həmin narkotik vasitəni Yasamal rayonunun ərazisində tanımadığı şəxsdən 140 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin büküm açılmış və içərisində qəhvəyi rəngli toz halında olan maddə aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs əynindəki paltara da baxış keçirilmiş, lakin əlavə olaraq heç nə aşkar edilməmişdir. Aşkar edilmiş maddə boş zərfə qablaşdırılmış, zərf möhürlənmiş, hamı zərfi imzalamış və çəkilişlər bitmişdir. Bundan sonra çəkilişlə bağlı protokol tərtib edilmiş və hamısı bu protokolu imzalamışdılar. Sonra onlar polis bölməsinin binasını tərk edərək xidmətlərinə davam etmişlər (İ cild, səh. 95-97). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, sentyabrın 20-dən 21-ə keçən gecə 2442 avto patrulda xidmət apararkən massiv 3-də qaranlıq dalanda həmin vətəndaşın əyilib nəsə götürdüyünü görmüş, dərhal ona tərəf maşının işığını vermiş, həmin şəxs yayınmaq istədikdə digər əməkdaş Samirlə düşüb özlərini təqdim etmişlər. Həmin şəxs üstündə narkotik olduğunu etiraf etmiş və 41-ci polis bölməsinə dəvət etmişlər, bölmədə axtarış zamanı dəqiq xatırlamasa da onun sağ cibindən 1 büküm narkotik vasitə “kakos” çıxmışdır. Yasamalda bir nəfərdən aldığını bildirmişdir. 8.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2005-ci ildən Daxili İşlər orqanlarında və tutduğu vəzifədə xidmət edir, 4-cü patrul bölüyü Səbail RPİ-nin 8-ci və 41-ci polis bölmələrinin inzibati ərazilərində xidmət aparır. İdarədə tərtib olunmuş dislokasiya qrafikinə əsasən o, 2442 çağırılışlı avtopatrulda sutkanın gecə saatlarında axşam saat 20-dən növbəti gün səhər saat 8-dək xidmət aparır. 20 sentyabr 2022-ci il tarixdə saat 20:00-da o, xidmətə başlamış və təlimatlandırmada iştirak edəndən sonra post yoldaşı, polis nəfəri, kiçik serjant Şahid2 ilə «Mercedes Citan» markalı **-PV-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobilə əyləşib xidməti ərazilərdə patrul xidməti təşkil etməyə başlamışdılar. 21 sentyabr 2022-ci il tarixə keçən gecə saat 00:30 radələrində Badamdar qəsəbəsinin 3-cü yaşayış massivdə xidməti avtomobillə adsız küçədə hərəkət edən zaman yaşayış evlərindən birinin qarşısından keçərkən avtomobil yolunun sağ kənarında bir nəfər əynində tünd paltar geyinmiş kişi cinsli, arıq bədən quruluşlu şəxsin əlindəki telefonun işığı ilə hasarın dibinə işıq salıb oradan nəsə götürdüyünü görmüşdülər. Həmin şəxsin hərəkətləri onlarda şübhə yaratdığı üçün onlar avtomobilin fara işıqlarını həmin şəxsə yönəltmiş və bu şəxsə yaxınlaşdıqda sonuncunun onları görüb yayınmaq istədiyini görmüşdülər. Onlar maşından düşüb həmin şəxsə yaxınlaşmış və sonuncunun daha da həyacanlanmasını görmüşdülər. Onlar özlərini təqdim edərək həmin şəxsin hansı səbəbdən həyacanlandığını soruşduqda həmin şəxs üzərində narkotik vasitə olduğunu və tutulmaq istəmədiyindən həyacan keçirdiyini bildirmişdir. Ona görə də məsələni araşdırmaq üçün həmin şəxsi avtopatrula mindirib 41-ci polis bölməsinə gətirmişdilər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdilər. Təqsirləndirilən şəxs otaqların birinə yerləşdirilmiş, sonuncunun üzərindəki mobil telefon söndürülüb növbətçi hissəyə təhvil verilmişdir. Onlar vətəndaşın gətirilməsi ilə bağlı bölmənin rəhbərliyi adına raport tərtib etmişdilər. Gətirdikləri şəxsin üzərinə şəxsi axtarış keçirilməsi məqsədəmüvafiq hesab edilmiş və bundan sonra onları bölmənin təhqiqatçısının otağına dəvət etmişdilər və həmin otaqda Təqsirləndirilən şəxs qadın cinsindən vəkilin olduğunu görmüşdülər. Sonra polis bölməsinin əməkdaşlarından biri telefonla çəkiliş aparmağa başlamış və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Axtarış aparılarkən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan kəsiyindən olan büküm təqdim etmiş və həmin bükümün içərisində 7 qrama yaxın «kakos» adlı narkotik vasitənin olduğunu, həmin narkotik vasitəni Yasamal rayonunun ərazisində tanımadığı şəxsdən 140 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin büküm açılmış və içərisində qəhvəyi rəngli toz halında olan maddə aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs fiziki olaraq şəxsi axtarışı keçirilmiş, lakin əlavə olaraq hər hansı bir predmet aşkar edilməmişdir. Aşkar edilmiş maddə boş zərfə qablaşdırılmış, zərf möhürlənmiş, hamı zərfi imzalamış və çəkilişlər bitmişdir. Bundan sonra çəkilişlə bağlı protokol tərtib edilmiş və hamısı bu protokolu imzalamışdılar. Sonra onlar polis bölməsinin binasını tərk edərək xidmətə davam etmişdilər (İ cild, səh. 87-89). 9.Məhkəmə istintaq zamanı 17 aprel 2023-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, sentyabrın 20-si növbətçi hissədən ÇPA-nın əməkdaşlarının narkotik vasitə istifadəsində şübhəli bilinən şəxsin bölməyə gətirilməsi barədə məlumat verilmişdir. O, çəkiliş ilə bağlı iştirak etməli olmuş, çəkilişdə vətəndaş özünü təqdim etmişdir. Üzərində qanunsuz nə olduğunu soruşduqda özü könüllü şəkildə 7 qrama yaxın “kakos” adlı narkotik maddəni təqdim etmişdir. Yasamalda bir nəfər şəxsdən aldığını bildirmişdir. Sonra narkotik vasitə qablaşdırılaraq zərfə qoyulub ekspertiza üçün hazırlanmışdır. 10.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2022-ci il tarixli 6/5363 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün dairəvi möhür əksi və …» vətəndaş Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəyə bənzər maddə…Şübhəli şəxs: Təqsirləndirilən şəxs – imza, vəkil imza, iştirakçılar – iki imza; icraçı Ənvər Məlikov imza …» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə bir ədəd bükümdəki təmiz çəkisi - 6,552 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 35-38). 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin Ambulator X2 barədə 24 oktyabr 2022-ci il tarixli, 6284 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı opiodlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 125-126). 12.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 21 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə 41-ci polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik olan, narkotik maddəyə oxşar kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf sellofan bükülünün içərisində «kakos» kimi tanıdığı narkotik maddə olduğunu və həmin narkotik maddəni özü istifadə etmək üçün adını bilmədiyi şəxsdən 140 manata aldığını və üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə götürülərək zərflərə qablaşdırılıb möhürlənmişdir (İ cild, səh. 22-23). 13.«Elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə» 21 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, 41-ci polis bölməsində Təqsirləndirilən şəxs barəsində toplanmış materialla birlikdə təqdim edilərək cinayət işi materiallarına əlavə edilmiş üzərində «Bingo» markalanma yazısı olan bir ədəd kompakt diskə baxış zamanı müəyyən edilmişdir ki, diskin yaddaşında «video**********177261637 (1)» adlı MP4 formatlı fayl mövcüddur. Həmin fayl açıldıqda görünür ki, faylın həcmi 107851 kilobayt təşkil edir. Faylda çəkilişlər 04 dəqiqə 23 saniyə müddətindədir. Görünür ki, çəkilişlər xidməti otaqların birində aparılır. Çəkilişlər polis leytenantı rütbəsini daşıyan, polis zabitin özünü Səbail RPİ-nin 41-ci polis bölməsinin təhqiqaçısı Ənvər Məlikov kimi təqdim etməsindən başlanır. Təhqiqatçı Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Səyyarə Əliyevanın, X9 Alayının 4-cü Patrul bölüyünün polis nəfərləri Şahid1 və Şahid2, 41-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 iştirakları ilə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərinə şəxsi axtarış və götürmə prosessual hərəkəti keçirdiyini elan edir. Otaqda iki polis nəfərinin arasında dayanan, əynində tünd tonlara aid rəngdə qısaqol köynək və şalvar geyinmiş, arıq bədən quruluşlu, 35-40 yaş arasında olan, saçı alın nahiyyəsində seyrəlmiş kişi cinsinə mənsub şəxsə demoqrafik məlumatlarını söyləyəndən sonra şifahi sorğu-sual zamanı təxminən 2-3 il «kakos» adlandırdığı narkotik vasitədən istifadə etdiyini, hazırda da üzərində qanunsuz dövriyyəsi qadağan edilmiş əşyanın olmasını bildirmiş və təhqiqatçı Ə.Məlikov həmin əşyanın təqdim edilməsini təklif etdikdə Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən şəffaf rəngli sellofan kəsiyindən olan bir ədəd bükümü çıxarıb masa üzərinə qoymuş və həmin bükümün içərisində 7 qram «kakos» olduğunu, həmin vasitəni Yasamal rayonunun ərazisində tanımadığı şəxsdən 140 manata şəxsi istifadə üçün aldığını söyləyir. Təhqiqatçı təqdim olunan bükümü açdıqda içərisində qəhvəyi rəngli, toz şəkilində maddə kütləsi aşkar edilir. Vəkil Səyyarə Əliyevanın sualına cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümdəki miqdarın onun bir həftəlik normasının olduğunu bildirmişdir. Üzərində saxlanması qadağan olunmuş başqa hər hansı əşyaların olub-olmaması barədə təhqiqatçının sualına Təqsirləndirilən şəxs mənfi cavab verəndən sonra sonuncunun fiziki olaraq şəxsi axtarışı keçirilir, digər hər hansı əşyalar aşkar edilmir. Təhqiqatçı Ə.Məlikov təqdim olunan bükümü boş ağ zərfə yerləşdirib, qablaşdıraraq möhürləyir və prosesual hərəkətin iştirakçıları tərəfindən həmin zərf imzalanır. Yekunda X6 Təqsirləndirilən şəxs sonuncunun polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalıb-qalmadığını soruşduqda sonuncu mənfi cavab verir. Bundan sonra keçirilmiş şəxsi axtarışla bağlı əlavə suallar daxil olmadığından X6 çəkilişin sona çatmasını elan edir. 4-cü dəqiqənin 23-cü saniyəsində çəkilişlər bitir (İ cild, səh. 45-46). 14.Məhkəmə iclasında məhkəməyədək icraat mərhələsində aparılmış şəxsi axtarış və götürülmə aparılmasını əks etdirən video görüntüyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs şifahi sorğu-sual zamanı təxminən 2-3 il «kakos» adlandırdığı narkotik vasitədən istifadə etdiyini, hazırda da üzərində qanunsuz dövriyyəsi qadağan edilmiş əşyanın olmasını bildirmiş və X6 həmin əşyanın təqdim edilməsini təklif etdikdə Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən şəffaf rəngli sellofan kəsiyindən olan bir ədəd bükümü çıxarıb masa üzərinə qoymuş və həmin bükümün içərisində 7 qram «kakos» olduğunu, həmin vasitəni Yasamal rayonunun ərazisində tanımadığı şəxsdən 140 manata şəxsi istifadə üçün aldığını söyləyir. Təhqiqatçı təqdim olunan bükümü açdıqda içərisində qəhvəyi rəngli, toz şəkilində, maddə kütləsi aşkar edilir. Vəkilin sualına cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümdəki miqdarın onun bir həftəlik norması olduğunu bildirmişdir. Üzərində saxlanması qadağan olunmuş başqa hər hansı əşyaların olub-olmaması barədə təhqiqatçının sualına Təqsirləndirilən şəxs mənfi cavab verəndən sonra sonuncunun fiziki olaraq şəxsi axtarışı keçirilir, digər hər hansı əşyalar aşkar edilmir. X6 təqdim olunan bükümü boş ağ zərfə yerləşdirib, qablaşdıraraq möhürləyir və prosesual hərəkətin iştirakçıları tərəfindən həmin zərf imzalanır. Yekunda X6 Təqsirləndirilən şəxs sonuncunun polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalıbqalmadığını soruşduqda sonuncu mənfi cavab verir. 15.«Mobil telefonda olan məlumatlara baxış keçirilməsi barədə» 11 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, 41-ci polis bölməsində toplanmış materialla birlikdə istintaqa təqdim edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Xiaomi Redmi” markalı mobil telefonunda olan məlumatlara baxış keçirilmişdir. Telefon aparatı sensor ekranla təchiz edilib, monolit tiplidir. İçərisində 1 GSM kartın olması aşkar edilmişdir. Əvvəl «Mesajlaşma» qovluğu açıldı. Həmin qovluqda adları telefon kitabçasında «Kosmo Kids», «Facebook», «Bakcell», «Sebuhi Dere», «Uber» və «Faiq» adları altında qeyd olunmuş abunəçilərlə sms mübadiləsinin aparılması müəyyən edilmişdir. Qeyd olunan abunəçilərlə aparılmış sms mübadiləsinin məzmunu iş üçün əhəmiyyət kəsb etmir. Bundan sonra «Qalereya» qovluğu açıldı və burada olan mediafaillərin iş üçün əhəmiyyət kəsb etmədiyi müşahidə edilir. Telefonda media və sair faillərin mübadiləsi üçün nəzərdə tutulmuş «Whatsapp» mobil tətbiqi açıldı. Həmin mobil tətbiqində «Söhbətlər» bölümündə 11 profillə məlumat mübadiləsinin olması müşahidə edilir. «Adəm» profilə olan məlumat mübadiləsinə baxış zamanı müəyyən edilmişdir ki, yazışma 18-20 sentyabr 2022-ci il tarixləri əhatə edir. Adəm adlı profildən göndərilənlər yaşıl, Təqsirləndirilən şəxs adlı profildən göndərilənlər isə boz rəngli çərçivəyə alınıb. 18 sentyabr 2022-ci il tarixdə saat 19:07-də həmin profildən əl işarəsi şəkilli «emodzi» göndərildikdən sonra, saat 19:14-də Təqsirləndirilən şəxs tərəfindən «bir iki gune xeber edecem» məzmunlu mesaj göndərilmişdir. Bundan sonra 20 sentyabr 2022-ci il tarixdə saat 19:21-də Təqsirləndirilən şəxs tərəfindən «Adəm salam axşamın xeyir, bir dənə kartı atardın da» məzmunlu səsli mesaj göndərildikdən sonra saat 19:22-də Adəm adlı profildən 4169+7388+1698+7113…kaptal…a…….c…..r; məzmunlu mesaj göndərilmişdir. Saat 19:28-də Təqsirləndirilən şəxs tərəfindən bir ədəd E-manat elektron ödəmə sisteminin qəbzi göndərilir. Qəbz 75 manat 416973******7113 saylı kart nömrəsinə mədaxil edilməsi ilə bağlıdır. Qəbzdə ödəmə vaxtı xx.xx.2022-ci il saat 19:24 kimi qeyd olunub. 20 manatın ödənilməsinə dair qəbzdən məlum olur ki, həmin vəsait Kapital Bank ASC-də olan A******J**** adlı kart sahibinə göndərilmişdir. Həmin dəqiqədə Təqsirləndirilən şəxs tərəfindən «Adəm 5 dənə torpaq olacaq da kola. Sən can imkan dərəcəsində indi yenə tez at da, yəni keçən dəfə Vallah razı qaldım. Yəni pis başa düşmə e, gülbalayla düzəldirəm o pulu mən bunu götürüb səndən satmıram. Öz pulumu şey edirəm, özüm üçün saxlayıram, xırda-xırda yeyirəm»; saat 19:29-da «Adəm» profilindən bir saniyə davam edən səsli mesaj göndərilir, lakin məzmununu aird etmək mümkün deyildir; Həmin dəqiqədə Təqsirləndirilən şəxs tərəfindən ardıcıl olaraq «5», «Torpaq» və «Kola» məzmunlu 3 mesaj göndərildikdən sonra Adəm adlı profildən «👍» şəkilli emodzi göndərilmişdir; saat 19:36-da Təqsirləndirilən şəxs tərəfindən «Adəm 2 dənə də artıq. Pulu vururam indi çeki də göndərirəm» məzmunlu səsli mesaj göndəriləndən sonra həmin dəqiqədə Adəm adlı profildən «vur, vur, vur» məzmunlu səsli mesaj və 19:38-də «Ha» məzmunlu mesaj göndərilmişdir; saat 19:38-də Təqsirləndirilən şəxs tərəfindən «Səhv atdım Adəm bağışla. Gör nə deyirəm: beşini bir, ikisini ayrı qoya bilər, bir yerə qoysun, prosto ayrı qoysun da» məzmunlu səsli və «iki deyqeye atiram ceki» məzmunlu mesaj göndəriləndən sonra həmin dəqiqədə Adəm adlı profildən «tez elə bağladım 7 dənə, tez elə» məzmunlu səsli mesaj göndərilmişdir; saat 19:39-da Təqsirləndirilən şəxs tərəfindən tranzaksiyanın uğurla həyata keçirilməsi barədə elektron bildiriş göndərilir. Bildirişdən məlum olur ki, xx.xx.2022ci il tarixdə saat 19:39-da 416973******9094 kart hesabından 416973******7113 kart hesabına 30 manat köçürülmüşdür; saat 21:46-da Təqsirləndirilən şəxs tərəfindən «Xeber yoxdi?», məzmunlu mesaj, saat 22:03-də «Adəm sən canı onu tələsdir də başıva dönüm», saat 22:07-də «Adəm yol pulum azdır, ona görə şey eliyirəm, yoxsa narahat olmazdım Allahhaqqı. Heç olmazsa deyirəm ki, bir tərəf avtobusla gedəndə, bir tərəf taksi ilə qayıdardım da» məzmunlu səsli mesajlar, saat 22:09-da «yol pulum azdi ona görə narahatam», saat 22:43-də «Noldu?» məzmunlu mesajlar göndərilmişdir; saat 22:43-də Adəm adlı profildən «colde» məzmunlu mesaj göndərildikdən sonra Təqsirləndirilən şəxs tərəfindən «Ok» məzmunlu mesaj göndərilmişdir. Bundan sonra saat 22:56-da Adəm adlı profildən yaşıl oxla işarələnmiş, küçələrdən birini əks etdirən fotoşəkil və geolokasiya göstəricisi və «t7» məzmunlu mesaj göndərildikdən sonra Təqsirləndirilən şəxs tərəfindən «Cox saqol» məzmunlu mesaj göndərilmişdir. Bununla da bu profillə mübadilə bitir. Digər profillərlə olan mesaj və sair məlumat mübadilələrinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir (İ cild, səh. 113-114). 16.«Maddi sübut kimi tanıma barədə» 21 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən bir ədəd kompakt disk iş üzrə sübut növü kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (İ cild, səh. 48). 17.«Maddi sübut kimi tanıma və saxlama barədə» 11 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Xiaomi Redmi” markalı mobil telefon aparatı iş üzrə sübut növü kimi tanınmış və Səbail Rayon Polis İdarəsinin saxlama otağına təhvil verilmişdir (İ cild, səh. 116). 18.«Maddi sübut kimi tanıma və saxlama barədə» 25 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin 6,552 qram çəkidə göstərilməklə iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,452 qram narkotik vasitə heroin Səbail Rayon Polis İdarəsinin saxlama otağına təhvil verilmişdir (İ cild, səh. 121). 19.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 14). 20.Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 4(009)- 386/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 66-68). 21.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2010-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13 fevral 2012-ci il tarixdə cəzasıının sonu ilə azad olunmuşdur (İ cild, səh. 102-103, 118-121). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 22.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 23.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. 24.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 25.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 26.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 27.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 28.Azərbayvan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 29.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 30.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 31.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 32.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 5-ci bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. 33.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 34.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 35.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 36.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 37.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 38.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 39.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 40.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 41.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 42.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 43.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 44.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 45.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 46.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 47.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 21 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. 48.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 49.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 50.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 51.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,452 qram olan narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diskin, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məxsus «Xiaomi Redmi» markalı mobil telefon aparatı onun özünə qaytarılmalıdır. 52.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 53.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 54.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 55.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 56.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 35 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 210 manat təşkil edir. 57.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 210 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 58.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 21 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 210 (iki yüz on) manat Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasında saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 6,452 qram narkotik vasitə heroin məhv edilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın, «Xiaomi Redmi» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Siyavuş Hacıyev
3. Vüqar Quliyev