Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-695/2024 29.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:10-da Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 və X5, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X6, X3 və Dövlət ittihamçısı, müdafiəçi –Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ndə seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında saat 16:05-də açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan külli miqdarda 13,001 qram narkotik vasitə-heroin əldə edərək üzərində saxlamaqla daşımış, 05 iyul 2023-cü il tarixdə saat 23:30-da Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi yeni sahədə polis əməkdaşları tərəfindən saxlanılaraq Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə gətirilmiş, orada 06 iyul 2023-cü il tarixdə saat 01:10-da müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində axtarış, baxış və götürmə aparılarkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən ağ rəngli salfetin içində şəffaf rəngli sellofan bükümündə təmiz çəkisi 13,001 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. İşin halları: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2011-ci ildən narkotik vasitə istifadə edir, əvvəllər narkotik vasitəni Ağcabədi rayonu, Hindarxı kəndindən əldə etmişdir. O, sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşından narkotik vasitə istəyərək 05 iyul 2023-cü il tarixdə həmin narkotik vasitənin qarşılığında ödəyəcəyi məbləği Ağdam rayonunun, Quzanlı kəndində bankomat vasitəsilə ödəyib çekin şəklini atdıqdan sonra narkotik vasitənin olduğu yerə, yəni Mərdəkan qəsəbəsində yerləşən Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin yaxınlığına gələn zaman polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş, şöbədə videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilən zaman könüllü olaraq şalvarının cibindəki 1 büküm “kakos”-u, yəni narkotik vasitə olan heroini təqdim etmişdir. Üzərindən çıxan narkotik vasitə ona məxsus olmuş, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi və ya fiziki zorakılıq olmamışdır. Özünü təqsirli bilir, ittiham aktında göstərilənlər doğrudur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2 ay əvvəl İran İslam Respublikasının vətəndaşı olan “Baba” adlı şəxslə instaqram sosial şəbəkəsində tanış olduqdan sonra sonuncu ona kartına mədaxil etdiyi pul müqabilində Bakı şəhərində müəyyən yerə heroin qoydurub həmin yerdən götürə biləcəyini təklif etdikdə razılaşmış və ilk dəfə xatırlamadığı bank kartına 270 manat pul mədaxil etmiş, əvəzində isə “Baba” adlı şəxs heroini qoyduğu yeri bildirdiyindən, o da həmin yerdən götürüb istifadə etmişdir. 05 iyul 2023-cü il tarixdə Ağdam şəhəri Bahar-2 qəsəbəsində olarkən yenidən İran İslam Respublikasının vətəndaşı olan “Baba” adlı şəxslə əlaqəyə girib özü üçün 15 qram heroin istədikdə 400 manat pul müqabilində razılaşmış, “Baba” adlı şəxs bank kartının nömrəsini “Whatsapp” tətbiqi vasitəsilə göndərdiyindən o, həmin karta 400 manat pul mədaxil etdikdən bir qədər sonra həmin şəxs “Whatsapp” tətbiqi vasitəsilə heroinin qoyulduğu yeri bildirmiş, həmin yer Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yeni sahədə yerləşmişdir. O, saat 12 radələrində taksi ilə Ağdam şəhərindən çıxıb Bakıya yola çıxmış və saat 23:25 radələrində “Baba” adlı şəxsin ona bildirdiyi Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni sahə deyilən əraziyə gəlmişdir. Oradan bir ədəd ağ rəngli salfetə bükülü halda şəffaf rəngli sellofana bükülmüş heroini götürüb şalvarının sağ yan cibinə qoyduqdan sonra 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə dəvət etdikdə razılaşaraq getmiş, həmin polis şöbəsində xidməti otaqların birində müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah olunaraq üzərində şəxsi axtarış aparılmışdır. O, həmin vaxt əynindəki şalvarının sağ yan cibindəki salfetə bükülü halda şəffaf sellofan bükümün içində olan heroini təqdim edib bükümün içində narkotik vasitə heroin olduğunu deyərək əldə etmə şəraiti ilə bağlı məlumat vermiş, həmin heroin qablaşdırılıb götürülməklə rəsmiləşdirilmişdir. O, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün almış, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlər edilməmiş, “Baba” adlı şəxsin istifadəsindəki “+98***- ***-**-**”, “+98933-78-92-64-83” və “+98***-***-**-**” saylı mobil nömrə ilə “Whatsapp” tətbiqi vasitəsilə əlaqə saxlamış, mobil telefonda sonuncunun adını “Baba”, “Gülüm” və “Babam” kimi qeyd etmişdir. “Baba” adlı şəxsdən 2 dəfə narkotik vasitə almış və bu barədə heç kimə heç nə deməmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, Ağdam şəhərində yaşadığına, “Baba” adlı şəxsin isə narkotik vasitələri yalnız Bakı şəhərində müxtəlif yerlərə qoyduğuna görə, hər dəfə Bakı şəhərinə gəlməməsi və polis əməkdaşları tərəfindən tutulmaqdan qorxduğu üçün 13,001 qram narkotik vasitə sifariş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsində polis sahə inspektoru vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət, düşmənçilik olmamışdır. 05 iyul 2023-cü il tarixdə saat 23 radələrində əməliyyat müvəkkili Şahid1 ilə birgə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində xidmətdə olarkən bir nəfər şəxsin şübhəli hərəkətlər etdiyini görüb yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində heç bir sənəd olmadığına görə həmin şəxs şöbəyə dəvət edilmiş, raportla rəhbərliyə məruzə olunduqdan sonra şöbədə təhqiqatçı tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs cibində olan 01 ədəd bükümdəki narkotik vasitə olan heroinə bənzər maddəni könüllü olaraq təqdim etmiş, aşkarlanan həmin maddə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin narkotik vasitəni X4 vətəndaşından şəxsi istifadəsi üçün əldə bildirmiş, aşkar olunan narkotik vasitə qablaşdırılıb ekspertizaya göndərilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq Şahid2 ifadəsində göstərdiklərinin doğru olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət, düşmənçilik olmamışdır. O, 05 iyul 2023-cü il tarixdə gecə vaxtı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində xidmətdə olarkən özünü şübhəli apardığına görə Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə dəvət olunub orada baxış keçirilən zaman üzərindən 1 büküm narkotik vasitə olan heroin aşkar edilmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, Ağdam rayonunda yaşadığına görə pulu da “Milliön” aparatı vasitəsilə həmin şəxsə göndərdiyini bildirmiş, aşkar olunan narkotik vasitə qablaşdırılıb ekspertizaya göndərilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq Şahid1 ifadəsində göstərdiklərinin doğru olduğunu bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları Şahid1 və Şahid2 həmin tarixdə saat 23:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, yeni sahə ünvanında xidmətdə olarkən Təqsirləndirilən şəxs özünü şübhəli aparmasını görüb yaxınlaşan zaman üzərində narkotik vasitə olduğunu bildirdiyi üçün həmin polis şöbəsinə aparmışlar. (Cild 1, iş vərəqə 4) “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs əvvəli 05 iyul 2023-cü il tarixdə saat 23:30-dan hesabalanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 5; 15) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan, xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən ağ salfetin içərisində bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim edərək həmin bükümdə narkotik vasitə “kakos” (yəni heroin) olduğunu bildirmiş, qara rəngli şalvarının sol cibindən 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd "xxxx" ASC-nin bank kartı aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin maddəni “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikası vətəndaşının “Whatsapp” tətbiqi vasitəsilə göndərdiyi məkana gedib götürdüyünü, həmin şəxsə 400 manat pulu Ağdam şəhərindən “Millön” ödəmə terminalı vasitəsi ilə ödəniş etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunanlar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 244 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. (Cild 1, iş vərəqə 25-26; 79) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-ci il tarixli, 3-16-16/2-6/3642 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №244” dairəvi möhür əksləri olan”... “Şübhəli şəxs imza” “Təqsirləndirilən şəxs...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 13,001 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 13,001 qram olmuş, 0,050 qram tədqiqata sərf edildikdən sonra 12,951 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 32-34) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 51-53) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(003)-326/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 72-74) xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefona baxış keçirilən zaman telefonda “Baba “Gülüm” və “Babam” kimi qeyd edilmiş İran İslam Respublikasına məxsus “+98***-***-**-**”, “+98***-***-**-**-83” və “+98***-***-**-**” nömrələrlə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs əlaqəsinin olması öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqə 75) xx.xx.2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərarlardan görünür ki, tədqiqatdan sonra qalıq qalmış 12,951 qram çəkidə narkotik vasitə olan heroin, 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd "xxxx" ASC-yə məxsus bank kartı iş üzrə maddi sübut hesab edilməklə saxlanılması üçün Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 88; 91) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə Bardə Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə, xx.xx.2014-cü il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən həmin maddə ilə 02 il müddətinə azadlıqdan məhrum edilmişdir. O, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə 05 ay 19 gün vaxtından əvvəl şərti azad edilmişdir. (Cild 1, iş vərəqə 95-96) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X8 xx.xx.2023-cü il tarixli, 4241 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 97-98) xx.xx.2023-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilmiş, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyləri və digər sənədlər sübut növü kimi qəbul edilmiş, maddi sübutların Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlanması otağına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə-heroinin mənbəyinin müəyyən olunması üçün cinayət işinin materiallarından həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 103- 108) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 114-115) Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin “Ağdam Rayon Mərkəzi Xəstəxanası” X8 xx.xx.2023-cü il tarixli, 93 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdən həmin xəstəxananın Poliklinika şöbəsində “Mirtal qapağın ilkin prolapsı. Mədəcik ekstrasistoliyarı. Tipli ürək ritminin davamlı pozulması ilə. Sağ ağ ciyərin yuxarı payının keçirilmiş vərəmindən sonrakı qalıq əlamətləri” diaqnozu ilə qeydiyyatdadır və xəstəliyi hərbi xidmət dövründə qazanılmışdır. (Cild 1, iş vərəqə 126) Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə qeyd edir ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış və Təqsirləndirilən şəxs öz təqsirini səmimi olaraq etiraf etmiş, Təqsirləndirilən şəxs etirafı iş üzrə bütün sübutların məcmusu ilə, yəni özünün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi, şahid ifadələri, ekpert rəyləri və digər sənədlərlə öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs və şahidlərin ifadələrindən, 06 iyul 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs 1 ədəd bükümdə narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmiş, aşkarlananlar zərfə qoyulub 244 nömrəli möhürlə möhürləndikdən sonra məhkəmə-kimyəvi ekspertizası təyin edilərək icra olunması üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. xx.xx.2023-cü il tarıxlı, 3-16-16/2-6/3642 nömrəli ekspert rəyinin təsviri hissəsindən görünür ki, tədqiqat obyekti üzərində “AR DİN Zərflər üçün 244” nömrəli dairəvi möhür əksləri olan, “Şübhəli şəxs imza” “Təqsirləndirilən şəxs...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə təqdim olunmuş, zərf açıldıqda içərisində 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 13,001 qram olan qəhvəyi rəngli maddə aşkar edilmişdir. Daha sonra keçirilmiş ekspertizanın nəticəsində həmin maddənin kustar üsulla hazırlanmış narkotik vasitə heroin olması müəyyənləşmiş və rəyin nəticə hissəsində bu barədə qeyd edilmişdir. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Cinayət işinin materiallarından görünür ki, 06 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 1 ədəd bükümdəki narkotik vasitə olan heroinin təmiz çəkisi 13,001 qram təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən narkotik vasitə olan heroin təmiz halda 0,15 qramdan artıq çəkidə olduqda şəxsi istehlak miqdarından artıq, narkotik vasitə olan heroinin çəkisi təmiz halda 2 (iki) qramdan artıq olduqda isə külli miqdar təşkil edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış heroinin miqdarı külli miqdarda (təmiz halda qramlarla) istifadəsinin təmiz çəkisi üçün nəzərdə tutulmuş aşağı həddindən çoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə yekun hüquqi qiymət verərkən və onun cinayət əməllərini törətməkdə təqsirliliyi məsələsini müəyyən edərkən mütləq nəzərə alır ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamı qəbul edərək ibtidai istintaqda verdiyi etirafedici ifadəsi ilə oxşar məzmunlu ifadəni məhkəmə istintaqı zamanı bir daha verməklə əməlini etiraf etmiş və şahidlərin ifadələrində göstərdiyi xüsusatların həqiqiliyini də təsdiq etmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 1 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, 06 iyul 2023-cü il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, onlara əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi psixotrop maddə olan metamfetaminin təmiz çəkisinin külli miqdarda olmasına, təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələrinə əsasən, habelə şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyasına görə isə həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməklə səmimi peşmanlığını, səhhətini cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, habelə cəzasını yüngülləşdirən halların mövcudluğunu, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə bir halı qeyd etməyi zəruri bilir ki, cinayət işinin materiallarına əsasən, Təqsirləndirilən şəxs azadlığı xx.xx.2023-cü il tarixdə saat 23:30-da faktiki olaraq məhdudlaşdırılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(003)-326/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, o, tutulduğu vaxt həbs müddətinə daxil edilməklə, həmin tarixdən bugünədək Təqsirləndirilən şəxs davamlı olaraq həbsdə saxlanılır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılan 01 (bir) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumilikdə təmiz çəkisi 12,951 qram olan narkotik vasitə-heroin məhv edilməli, 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd "xxxx" ASC-yə məxsus bank kartı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, cinayət işində olan Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X8 xx.xx.2023-cü il tarixli, 4241 nömrəli Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmaqla, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılan 01 (bir) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumilikdə təmiz çəkisi 12,951 qram olan narkotik vasitə-heroin məhv edilsin, 01 ədəd “Samsung” markalı mobil telefon və "xxxx" ASC-yə məxsus bank kartı Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-695/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-695/2024
29.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver