Məhkəmə qərarları › İş №1(101)-695/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-695/2025

03.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-695/2025 03.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və həmin idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin nümayəndəsi – Bakı şəhəri, “Nümayəndə və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, 16 may 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144- 1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qadınları aldatma, zor tətbiq etməklə, hədə-qorxu gəlmə, məcburetmə yolu ilə təsir imkanlarından və zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edib insan alveri məqsədi ilə zərərçəkmiş şəxsin pasportunu götürüb saxlamaqla təkrar tamah niyyəti ilə iki şəxs barəsində insan alveri, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah məqsədilə 2019-cu ilin sentyabr-dekabr aylarında Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “ünvan 4 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə “Whatsapp” ani mesajlaşma və mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb ona Türkiyə Respublikasının Artvin şəhərində yüksək maaşlı işə düzəldəcəyini vəd edib, aldatma yolu ilə təsir imkanlarından və zərərçəkmiş şəxsin zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 23 yanvar 2020-ci il tarixdə saat 16:45-də Azərbaycan Respublikasının dövlət sərhədini “Qırmızı Körpü” dövlət sərhəd buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Artvin şəhərinə aparıb, orada olan “Güney” otelinə yerləşdirdikdən sonra onu döyüb zor tətbiq etməklə, hədə-qorxu gəlmə, məcburetmə yolu ilə insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla 23 yanvar 2020-ci ildən 03 fevral 2020-ci il tarixədək olan müddət ərzində qeyd olunan oteldə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Bundan başqa, o təkrar, tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə şəxsiyyəti istintaqla araşdırılan Rəqsanə adlı şəxs ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən tamah məqsədilə 2020-ci ilin yay aylarında ünvan 5 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə mobil telefonla əlaqə saxlayaraq ona Türkiyə Respublikasının Artvin şəhərində yüksək maaşlı işə düzəldəcəyini vəd edib aldatma yolu ilə təsir imkanlarından və zərərçəkmiş şəxsin zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra Rəqsanə adlı qadın vasitəsi ilə bütün yol xərclərini ödəyərək, yəni sonuncunun aldığı aviabiletlə onu 21 avqust 2020-ci il tarixdə saat 05:12-də Azərbaycan Respublikasının dövlət sərhədini Heydər Əliyev adına Bakı hava limanından keçirməklə Türkiyə Respublikasının Artvin şəhərinə aparıb həmin şəhərdə olan Rəqsanə adlı qadın tərəfindən işlədilən “Mersivan” adlı otelə yerləşdirdikdən sonra onu döyüb zor tətbiq etməklə, hədə-qorxu gəlmə, məcburetmə yolu ilə insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus pasportu götürüb saxlamaqla 21 avqust 2020-ci il tarixdən 30 oktyabr 2020-ci il tarixədək olan müddət ərzində həmin oteldə, eləcə də Artvin şəhərinin müxtəlif yerlərində kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində təkrar insan alveri cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 20 ildir gözəllik salonu işlədir. İş üzrə zərərçəkmiş kimi tanınan şəxslər onun rəfiqələridir. Belə ki, o, Türkiyəyə gedəndə Elnarə ilə avtobusda görüşmüş, həmin vaxt onları sərhəddən buraxmamışlar. O, ağlaya-ağlaya orada gəzişən vaxt Elnarəni görmüş, sonuncu, ondan nəyə görə ağladığını soruşanda, o, sərhəddən buraxılmadığını bildirmişdir. Həmin vaxt Elnarə özü də sərhəddən buraxmadıqlarını demişdir. Orada olan bir şəxs onlara növbənin dəyişməsini gözləməyi məsləhət görmüş, bundan sonra buraxıla biləcəklərini söyləmişdir. Onlar növbə dəyişəndən sonra yenidən buraxılış məntəqəsinə yaxınlaşmış, bu dəfə isə onları sərhəddən buraxmışlar. Həmin vaxt onlar Trabzon şəhərinə gedən avtobusa minmişlər, Elnarə Dənizli şəhərinə, o isə, Ordu şəhərinə getmək üçün yola düşmüşlər. O, yolda düşmüş, Elnarə isə Dənizliyə getmişdir. Həmin vaxt Elnarə onun telefon nömrəsini götürmüşdür. Bir müddət sonra Elnarə ona zəng edərək Azərbaycana qayıtmaq istədiyini demiş, o da, özünün də bilet aldığını, sabah Azərbaycana qayıdacağını söyləmişdir. Elnarə ondan necə qayıdacağını soruşduqda, avtobusun onu yoldan götürəcəyini bildirmiş, Elnarə isə, özünün gəlmək istədiyni deyərək birlikdə getməyi təklif etmişdir. Sonra onlar birlikdə Azərbaycana gəlmişlər və həmin vaxtdan rəfiqəlik etmişlər. Elnarə ilə birlikdə Gürcüstana və Türkiyəyə getmişlər. İkinci epizodla bağlı Təqsirləndirilən şəxs ifadəsində bildirdi ki, karantin müddətində qonşu salonda işləyən qadınlardan biri ona zəng edərək, alt mərtəbədə yaşayan qonşunun gəlininin Türkiyəyə getmək istədiyini demiş, özünün əvvəllər Türkiyəyə gedibgəldiyini bildiyindən, həmin gəlinin də onunla birlikdə getməsini təklif etmişdir. O isə, karantin olduğunu, həm də özünün qaraciyər serrozundan əziyyət çəkdiyini, bu səbəbdən hələ getmədyini söyləmişdir. Həmin vaxt elə olmuşdur ki, Çinarə adlı gəlin onun nömrəsini götürmüş və onlar arada telefonla danışmışlar. Hətta bir gün həmin Çinarə onu bağlarına da qonaq çağırmış, orada lap yaxından bir-birini tanımışlar. Orada olan vaxt Türkiyədən Çinarəyə zəng gəlmiş və o, görüntülü danışmışdır. Həmin vaxt Çinarə onu Türkiyədən danışdığı şəxslərə tərifləyərək, yaxşı saç ustası olduğunu, qaş, göz düzəltdiyini bildirmiş, onlar da onu Türkiyəyə dəvət etmişlər. Sonra gəlin ona demişdir ki, orada bir xanım var, sizin biletinizi alır və Türkiyəyə dəvət edir ki, onun orada saçını düzəldəsiniz. O da, hələ getmək fikri olmadığını deyərək, Çinarədən həmin xanımın nömrəsini götürmüşdür. Sonra ona bilet almışlar və onlar Trabzon şəhərinə getmişlər. Orada onları Çinarənin rəfiqəsi qarşılamış və otelə aparmışdır. Oteldə Çinarənin üç rəfiqəsi olmuş və onların hər üçü bir otaqda qalmış, digər iki qız isə başqa bir otaqda qalmışlar. Həmin vaxt özünün saçını, qaşını düzəldəcəyi xanım ora gəlməmiş, öz evində olmuşdur. Səhəri günü həmin qadının yoldaşı gəlib onları aparmış, oraya gedəndə həmin qızların da orada olduğunu görmüşdür. O, həmin xanımın saçını sarı boyamış, buna görə apardığı sarı saç onda qalmışdır. Çinarənin yanındakı qız həmin saçın öz saçına qaynaq edilməsini istəmiş, bir gün sonra o, həmin saçı ona qaynaq eləmişdir. Daha sonra o, Ordu şəhərinə getmişdir. Birdə 2021-ci ildə Çinarəni «Oturum idarəsi»ndə görmüş, həmin vaxt o, rəfiqələri ilə gəlmiş, o isə, öz yoldaşı ilə oraya getmişdir. Ondan sonra Çinarə onun salonuna gəlib-getmiş, demək olar ki, hər gün danışmışlar. O, Çinarənin pis işini görməmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, o, ixtisasca həkim deyil və hansısa universiteti bitirməmişdir, cadəcə olaraq «lazeroloq» sertifikatı almışdır. Özü subaydır, lakin Türkiyədə imam nikahı ilə ailə qurmuşdur. Əvvəlki həyat yoldaşından bir uşağı var. Azərbaycanda gözəllik salonunda işləmişdir. O, 2020-ci ilin avqust ayında Türkiyəyə Çinarəyə görə getmişdir. Özü qaraciyər serrozundan əziyyət çəkir, xəstəliyi ilə bağlı sənədləri də vardır. Elnarə ilə o, 2019-cu ildə sərhəddi bir yerdə keçmiş, həmin vaxt Elnarə ilə Gürcüstana getmişlər və bir gün orada qalmışlar. Türkiyədə olanda onunla Ordu şəhərində görüşmüşlər, həmin vaxt Elnarə onun yanına gəlmiş, bir gün sonra birlikdə Azərbaycana qayıtmışlar. 2020-ci ildə yenə də onlar birlikdə Türkiyəyə getmişlər, o, Ordu şəhərinə, Elnarə isə Dənizliyə getmişdir. Türkiyədə olduqları həmin 10 gün müddətinin 27 saatını yolda olmuşlar. Özü heç vaxt Artvin şəhərinə getməmişdir. Elnarə ilə onun münasibəti yaxşı olmuş, Elnarə ondan şikayət etməmişdir. Çinarəni isə o, ortaq tanışı, kosmetoloq Nahidə xanımın vasitəsi ilə tanımışdır. Təqsirləndirilən şəxs verdiyi cavablara görə, Türkiyə Respublikasına gözəllik salonunda işləmək üçün getmiş, heç kimi cinsi istismara məruz qoymamışdır. O, halal zəhməti ilə pul qazanmış, Çinarə və Elnarənin pasportlarını ələ keçirməmiş, onlarla Türkiyədə istirahət etmək getmişlər. O, İnsan alverinə qarşı mübarizə Baş idarəsində əvvəllər olmamışdır. 31 yanvar 2024-cü il tarixdə onu həmin idarənin əməkdaşları oğurlayıb Baş idarəyə aparmışlar. Əvvəllər isə 2023-cü ildə idarənin əməkdaşı Şahid2 ona zəng edib idarəyə çağırmışdır. Polis əməkdaşları onu uşağı ilə şantaj etmişlər. İdarədən Fuad və Emin adlı polis əməkdaşları onu oğurlayıb aparmışlar. Orada ona izahat yazdırmışlar, o isə, həmin izahatı oxumadan imzalamışdır. İdarədə bilmişdir ki, Elnarə ilə Çinarə onun barəsində şikayət ərizəsi vermişlər. 2022-ci ildə Türkiyədən deportasiya olunduqdan sonra X2rşı Mübarizə idarəsinə aparmışlar. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanyır, onunla düşmənçiliyi və ədavəti olmamışdır. Bir dəfə o, Gürcüstana qohumunun yanına gedərkən onu sərhəddə saxlamışlar. Həmin vaxt Məhin də orada olmuş, onu da sərhəddən buraxmamışlar. Həmin vaxt Məhinlə orada tanış olmuşdur. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs1 özünün 2019-cu ildə Türkiyəyə getdiyini, orada Artvin şəhərində olduğunu, Türkiyədən karantin müddətində Azərbaycana qayıtdığını, Məhinin onu Türkiyəyə dəvət edərkən orada restoran işinə düzəldəcəyini dediyini, ikinci dəfə Türkiyəyə gedəndə isə xəstə baxıcısı kimi işə düzəldəcəyini bildirdiyini, «votsap» vasitəsi ilə ona zəng edib Türkiyəyə getməyi təklif etdiyini, onu Gürcüstandan Artvin şəhərinə «Güney otel»ə apardığını, oteldə olarkən oradan çıxmağa imkan vermədiyini, özünün Məhin tərəfindən Artvin şəhərində cinsi istismar edildiyini, Türkiyədə olduqları müddətdə Məhinilə onun arasında mübahisə və dava-dalaş baş verdiyini, Məhinin onu tapdığı kişi müştərilərlə görüşdürdüyünü, həmin müştərilərdən pulu Məhinin özünün götürdüyünü, pasportunu özündə saxladığı üçün Azərbaycana qayıda bilmədiyini, ölkəyə gələndə Məhinin onun biletini aldığını, orada olanda valideynləri ilə də danışdığını, özünün digər Zərərçəkmiş şəxs2 əvvəllər tanımadığını, Məhinin onu hədələdiyini, özünün əvvəllər İnsan alverinə qarşı mübarizə idarəsində heç vaxt olmadığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında ibtidai istintaq zamanı keçirilmiş üzləşməyə dair protokol tədqiq olunmuş, bu zaman Zərərçəkmiş şəxs1 istintaqa verdiyi sərbəst ifadəsində göstərdiklərini təsdiq edərək Təqsirləndirilən şəxs tərəfindən aldatma yolu ilə cinsi istismar məqsədi ilə cəlb edildiyini bildirmişdir (cild 1, iş vərəqi 111-115). Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs2 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, həmin ifadənin məhkəmədə verilmiş ifadə kimi qəbul olunmasını xahiş etdi. Zərərçəkmiş şəxsin həmin mövqeyi ilə əlaqədar onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs2 göstərmişdir ki, təxminən 2020-ci ilin yay aylarında hal-hazırda adını xatırlamadığı ortaq tanışı vasitəsilə Məhin adlı şəxsin mobil telefon nömrəsini əldə etmişdir. Məhinin Türkiyə Respublikasına tez-tez gedib gəldiyini və orada kosmetoloji xidmətlər göstərdiyini, bu sahədə həmçinin başqa digər sahələrdə də əlaqələrinin geniş olduğunu, iş tapmaq barədə onun kömək edə biləcəyini eşitmiş və Məhinlə əlaqə saxlamışdır. Aralarında olan söhbət zamanı heç yerdə işləmədiyini, bu səbəbdən maddi vəziyyətinin ağır olduğunu, Bakı şəhərində iş tapmaqda çətinlik çəkdiyini, Türkiyə Respublikasında yükşək maaşlı işlə təmin olmaq istədiyini, lakin tək getmək istəmədiyini bildirmişdir. Həmçinin aralarında olan söhbət zamanı Məhinə özü haqqında danışmış, ingilis dilini bildiyini demişdir. Həmin vaxt maddi vəziyyəti ağır olması səbəbindən ölkədən çıxmaq istəmişdir. Məhin tez-tez Türkiyəyə gedib-gəldiyini, Türkiyəyə aparacağını və orada iş tapmaqda kömək edəcəyini bildirmişdir. Lakin Məhin bir neçə dəfə əlaqə saxlayaraq birlikdə Türkiyəyə getmələrini təklif etmişdir. Artıq Türkiyəyə getmək istəmədiyini və oraya getmək üçün pulunun olmadığını demişdir. X4 şəhərində Rəqsanə adlı tanışının olduğunu, Rəqsanənin orada Türkiyə vətəndaşı ilə ailəli olduğunu, həmin şəxsin otellərinin olduğunu və oteldə iş təşkil edəcəyini bildirmişdir. Məhin Rəqsanə ilə danışdığını, ona bilet alacağını, orada oteldə işə düzədəcəyini, işləyib çoxlu pul qazanacağını, sonra borcunu qaytaracağını demişdir. Məhin cox israr etdikdən sonra onunla Türkiyəyə getməyə razılaşmışdır. Telefonunun Whatsapp proqramı vasitəsilə pasportunun fotoşəklini Məhinə göndərmişdir. Məhin bilet aldığını demiş və yola hazırlaşmağı tapşırmışdır. xx.xx.2020-ci il tarixdə səhər saatlarında Məhinlə birlikdə H.Əliyev adına beynəlxalq hava limanından təyyarə ilə İstanbul şəhərinə, oradan da başqa bir təyyarə ilə Trabzon şəhərinə getmişlər. Trabzon hava limanında Rəqsanənin göndərdiyi taksi sürücüsü onları qarşılamış və maşınla Artvin şəhərində yerləşən «Mersivan» otelinə aparmışdır. Türkiyədə hava limanında olarkən qeydiyyata düşmək üçün lazım olduğunu deyərək onun pasportunu Məhin almışdır. Səhəri gün Məhin otelin boş otağına salaraq işinin həmin oteldə onun tapdığı kişilərlə cinsi əlaqədə olmaqdan ibarət olacağını demişdir. Belə bir iş görməyəcəyini bildirmişdir. Məhin isə üzərinə gələrək telefonunu əlindən almış, pasportu da onda olmuşdur. Hədə-qorxu gələrək dediyini etməyəcəyi halda, başına oyun açacağını, orada heç kimin kömək etməyəcəyini bildirmişdir. Məhin Türkiyəyə gəlməyi üçün xərc çəkildiyini, həmin pulu qaytardıqdan sonra geri qayıda biləcəyini demişdir. Onunla razılaşmadıqda, Məhin gözəllik salonu üçün 10.000 manat dəyərində aparat aldığını, onun pulunu ödəməli olduğunu və bu səbəbdən işləmək məcburiyyətində olduğunu bildirmişdir. Geri qayıtmağa pulu olmadığı, pasportunun Məhində olduğu və başqa çıxış yolu olmadığı üçün onunla razılaşmaq məcburiyyətində qalmışdır. Məhin daim nəzarət edir, hər gün özü ilə otelin kazinosuna aparır, orada kişilərlə razılaşaraq otel otaqlarında həmin kişilərə pul qarşılığında cinsi əlaqədə olmaları üçün təqdim etmişdir. Məhindən qorxduğu üçün dediklərini etmiş, hara qaçacağını bilməmişdir. Həmin vaxt hoteldə Sima adlı azərbaycanlı qadın da olmuşdur. Simanı Türkiyə Respublikasına gətirən orta boylu, uzun saçlı, girdə sifətli bir qadın olmuçdur. Dəqiq xatırlamamış, özünü İlhamə və ya İlahə kimi təqdim etmişdir. Təxminən iki aya yaxın Məhinin nəzarəti altında cinsi istismar edilmişdir. Məhin tanışları kişilərlə yolun kənarına aparmış, orada avtomobildə kişilərə təqdim etmişdir. Məhin beləcə onu cinsi istismara məruz qoymuşdur. Yol xərci və yemək verdiyi üçün Məhinə borcu olduğunu, dediklərini edəcəyi halda özü ilə birlikdə Azərbaycana qaytaracağını bildirmişdir. Məhinə dəfələrlə etiraz edərək onun dediyini etməyəcəyini, geri qayıtmaq istədiyini demişdir. Məhin isə kişilərlə cinsi əlaqədə olduğu zaman telefonu vasitəsi ilə kameraya çəkdiyini və onun dediklərini etməyəcəyi halda, həmin videoları sosial şəbəkələrdə yayacağı ilə hədələmişdir. Bir neçə gündən sonra Məhin Artvinə qaytarmış, az miqdarda pul verərək özünün Azərbaycan Respublikasına qayıdacağını bildirmişdir. Orada tək qoyaraq özü Azərbaycana qayıtmışdır. Nə telefonu, nə də ki, pulu olmamışdır. Bundan sonra çətinliklə İstanbul şəhərində yaşayan Şərqiyyə adlı tanışı ilə əlaqə saxlamışdır. Şərqiyyədən kömək etməyi xahiş etmişdir. Şərqiyyə köməklik etmiş və pulu olmadığı üçün bilet alaraq xx.xx.2020-ci il tarixdə Azərbaycana yola salmışdır. Məhindən qorxduğu üçün Şərqiyyəyə başına gələnlər barədə məlumat verməmişdir, Azərbaycana qayıtdıqdan sonra polisə şikayət etməmişdir. Bunun səbəbi Məhindən qorxmağı olmuşdur. Artvin şəhərində görüntülərinin özündə olduğunu bildirib şantaj etməsi olmuşdur. Məhinin tapmaması üçün yeni nömrə almış, baş verənləri unutmağa çalışmışdır (cild 1, iş vərəqi 47-50). Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs2 bildirdi ki, onun pasportu özündə olmadığı üçün polisə müraciət edə bilməmişdir. Məhin onun oteldən çıxmasının qarşısını almaq üçün qapıda iki nəfər qoymuşdur. Türkiyədə olduğu müddətdə o, 2-3 dəfə hər dəfə 300 manat olmaqla evinə pul göndərmişdir. Həmin müddətdə Məhin onun telefonunu əlindən almış, buna görə heç yerə zəng edə bilməmişdir. Evə pul göndərəndə 1-2 dəfə bankda olmuş, həmçinin pul göndərməsi barədə anasına «sms» yazmışdır. Türkiyədə «Mersivan otel» də cinsi istismar olunmuş, orada heç kimə şikayət etməmişdir. Orada bir dəfə Məhin onu bir düzənliyə aparmış, orada 6-7 nəfər kişi onun üstünə cumub onunla cinsi əlaqədə olmuşlar. İş üzrə digər zərərçəkmiş Elnarəni Məmmədovanı tanımır, onun şikayət etməsini bilmir. Özü isə 2024-cü ilin yanvar ayında şikayət etmişdir. Türkiyədən gələndən sonra o, Məhinlə əlaqə saxlasa da, sonuncu, onu tanımadığını bildirmişdir. Bu gün də o, Təqsirləndirilən şəxs şikayətçidir, onun cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında ibtidai istintaq zamanı keçirilmiş üzləşməyə dair protokol tədqiq olunmuş, bu zaman Zərərçəkmiş şəxs2 istintaqa verdiyi sərbəst ifadəsində göstərdiklərini təsdiq edərək Təqsirləndirilən şəxs tərəfindən aldatma yolu ilə cinsi istismar məqsədi ilə cəlb edildiyini bildirmişdir (cild 1, iş vərəqi 106-110). Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 31 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Baş idarəyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən Türkiyənin Artvin şəhərinə aparıldıqlarını, həmin şəhərdə cinsi istismara məruz qaldıqlarını göstərmişlər. Həmin ərizələrin araşdırılması ona və digər əməliyyat müvəkkili Şahid2 həvalə olunmuşdur. Onlar tərəfindən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 izahatları alınmış, daha sonra Təqsirləndirilən şəxs adlı qadının şəxsiyyəti müəyyən edilmişdir. 31 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Baş idarəyə dəvət edilmiş və izahatı alınmışdır. Daha sonra onlar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs sərhəd keçmələrinə dair məlumatlara baxış keçirilmişdir. Bu barədə protokol tərtib edilərək materiala əlavə edilmiş, sonra materiallar aidiyyəti üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Şahid2 həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 28 fevral 2024-cü il tarixli 541 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs1 həmçinin qərarda göstərilən ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, ona qarşı törədilən əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs1 idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə sakit təbiətli, adaptiv və ünsiyyətcildir. Emosionai-iradi sferasında, fərdi-psixi xüsusisyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs1 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs1 əqliintellektual imkanlarına, fərdi-psixoloji xüsusiyyətlərinə, emosional halına görə insan alveri cinayətinə məruz qaldığı dövrdə Təqsirləndirilən şəxs müqavimət göstərə bilərdi. Lakin sənədinin əlindən alınması, ailəsinin yanında rüsvay ediləcəyi ilə təhdid olunması, borcunu qaytarmaq (ona alınmış təyyarə biletinin pulu) məcburiyyətində qoyulması ilə əlaqədar müqaviməti psixoloji cəhətdən sındırılmaqla tabe olmağa məruz qalmışdır. Zərərçəkmiş şəxs1 fərdi-psixi xüsusiyyətlərinə görə insan alveri cinayəti törədilən yeri (Türkiyə Respublikasının Artvin vilayətini) tərk etmək qabiliyyətinə malik olmuşdur. Lakin məruz qaldığı psixoloji təsir və təyziqlə əlaqədar insan alveri cinayəti törədilən yeri tərk etməyə bilərdi. Zərərçəkmiş şəxs1 ona qarşı cinayət törədilən vaxt olduğu hoteldə məcburi qalmasını kənar təsir və ya hansı kənar şəxslərin təsiri altında baş verməsini istintaq müəyyən edir. Zərərçəkmiş şəxs1 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təsirinə və məcburiyyətinə qarşı müqavimət göstərməsinə imkan versə də, qərarın təsviri hissəsində göstərilən məruz qaldığı psixoloji təsir və təyziqlə əlaqədar onun həmin şəxs və ya şəxslərin təsiri altında hərəkət etməsi mümkündür. Zərərçəkmiş şəxs1 qeyd edilən dövr ərzində azadlığının məhdudlaşdırılması ilə nəticələnən psixi və məcburiyyət təsiri altında olduğu qənaətinə gəlinir (cild 1, iş vərəqi 69-72). Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 28 fevral 2024cü il tarixli 542 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs2 həmçinin qərarda göstərilən ona qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, ona qarşı törədilən əməlin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs2 idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adaptiv və ünsiyyətcildir. Emosionai-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs2 emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs2 əqli-intellektual imkanlarına, fərdi-psixoloji xüsusiyyətlərinə, emosional halına görə insan alveri cinayətinə məruz qaldığı dövrdə Təqsirləndirilən şəxs müqavimət göstərə bilərdi. Lakin sənədinin əlindən alınması, ailəsinin yanında rüsvay ediləcəyi ilə təhdid olunması, borcunu qaytarmaq (ona alınmış təyyarə biletinin pulu) məcburiyyətində qoyulması ilə əlaqədar müqaviməti psixoloji cəhətdən sındırılmaqla tabe olmağa məruz qalmışdır. Zərərçəkmiş şəxs2 fərdi-psixi xüsusiyyətlərinə görə insan alveri cinayəti törədilən yeri tərk etmək qabiliyyətinə malik olmuşdur. Lakin məruz qaldığı psixoloji təsir və təyziqlə əlaqədar insan alveri cinayəti törədilən yeri tərk etməyə bilərdi. Zərərçəkmiş şəxs2 ona qarşı cinayət törədilən vaxt olduğu evdə məcburi qalmasını kənar təsir və ya hansı kənar şəxslərin təsiri altında baş verməsini istintaq müəyyən edir. Zərərçəkmiş şəxs2 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təsirinə və məcburiyyətinə qarşı müqavimət göstərməsinə imkan versə də, qərarın təsviri hissəsində göstərilən məruz qaldığı psixoloji təsir və təyziqlə əlaqədar onun həmin şəxs və ya şəxslərin təsiri altında hərəkət etməsi mümkündür. Zərərçəkmiş şəxs2 qeyd edilən dövr ərzində azadlığının məhdudlaşdırılması ilə nəticələnən psixi və məcburiyyət təsiri altında olduğu qənaətinə gəlinir (cild 1, iş vərəqi 73-77). Azərbaycan Respublikası DİN-nin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 P ******* nömrəli ümumvətəndaş pasportundan istifadə edərək xx.xx.2020-ci il tarixdə Bakı Beynəlxalq hava limanından çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2020-ci il tarixdə Bakı Beynəlxalq hava limanından keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması müəyyən edilmişdir. Bundan əlavə, Zərərçəkmiş şəxs1 P ******* nömrəli ümumvətəndaş pasportundan istifadə etməklə xx.xx.2019-cu il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2019-cu il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, xx.xx.2019-cu il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2019-cu il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, xx.xx.2019-cu il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2019- cu il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, xx.xx.2020-ci il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2020-ci il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması müəyyən edilmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs P ******* nömrəli ümumvətəndaş pasportundan istifadə edərək xx.xx.2019-cu il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2019-cu il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, xx.xx.2019-cu il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2019-cu il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, C 02873139 nömrəli ümumvətəndaş pasportundan istifadə edərək xx.xx.2019-cu il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2019-cu il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, xx.xx.2020-ci il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2020-ci il tarixdə “Qırmızı körpü” sərhəd buraxılış məntəqəsindən keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması, xx.xx.2020-ci il tarixdə Bakı Beynəlxalq hava limanından çıxaraq Azərbaycan Respublikası ərazisini tərk etməsi, xx.xx.2020-ci il tarixdə Bakı Beynəlxalq hava limanından keçərək Azərbaycan Respublikası ərazisinə daxil olması müəyyən edilmişdir. İbtidai istintaq zamanı 23 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan “İphone 14 Pro Max” markalı mobil telefonuna baxış keçirilən zaman mobil telefonun «Qalereya» adlanan bölməsində olan “Gizli" adlandırılmış qovluqda Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd pasport, 2 ədəd ayrı-ayrı vaxtlarda çəkilmiş şəxsiyyət vəsiqələrinin fotoşəkilləri aşkar edilmişdir (cild 1, iş vərəqi 165-171). İbtidai istintaq zamanı 24 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı mobil telefonuna baxış keçirilən zaman mobil telefonun «Whatsapp» adlanan tətbiqində 055 ***-**-** saylı mobil nömrəsinə Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd fotoşəkil, 4 ədəd arxa fonda mahnılar olan fotoşəkillər göndərməsi aşkar edilmişdir (cild 1, iş vərəqi 172-178). İbtidai istintaq orqanının 14 oktyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olan “İphone 14 Pro Max” markalı və “Samsung” markalı mobil telefonlar iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün İAQMBİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 311-328). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin müraciəti əsasında özünün əlavə ifadəsi alınmaqla polis əməkdaşları tərəfindən qeyri-insani rəftara məruz qalması barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsində araşdırma aparılmışdır. Araşdırmanın nəticəsi olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən döyülməsi, işgəncəyə məruz qalması halları öz təsdiqini tapmadığından, 17 sentyabr 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir (cild 1, iş vərəqi 289-290). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş 09 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Baş idarənin əməliyyatsorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur (cild 1, iş vərəqi 110). Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, zərərçəkmiş şəxsləri cinsi istismar etmədiyini, ona qarşı irəli sürülmüş ittihamı qəbul etmədiyini, ona qarşı cinayət işinin qərəzli olaraq qaldırıldığını, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 özlərinin sərbəst şəkildə Türkiyəyə gedib-gəldiklərini, onların pasportlarını alıb özündə saxlamadığını, onlara hədə-qorxu gəlmədiyini və cinsi istismara məruz qoymadığını bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, qadınları aldatma, zor tətbiq etməklə, hədə-qorxu gəlmə, məcburetmə yolu ilə təsir imkanlarından və zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edib insan alveri məqsədi ilə zərərçəkmiş şəxsin pasportunu götürüb saxlamaqla təkrar tamah niyyəti ilə iki şəxs barəsində insan alveri, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər törətməsində təqsiri özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, Təqsirləndirilən şəxs ilkin etirafedici izahatı, “İAMAS”-a baxış protokolu, ekspertiza rəyləri, mobil telefona baxış keçirilməsi haqqında protokollar və həmin protokollara əlavə edilmiş fotoşəkillərlə tam təsdiq olunur. Bu səbəbdən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsləri cinsi istismar etməməsi və onlara qarşı insan alveri cinayətini törətməməsi ilə bağlı məhkəmədə gətirdiyi dəlilləri onun tərəfindən məsuliyyətdən yayınmaq üçün seçilmiş müdafiə taktikası kimi qiymətləndirir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır, həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qadın olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi, Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən, cinayətin tamah məqsədi ilə törədilməsini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə ayrı-ayrılıqda cəzalar təyin edilməli, həmin cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla qəti cəza təyin olunmalıdır. Məhkəmədə həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdə hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş və 17 may 2024-cü ildə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixdə Bakı şəhəri, Nərimanov rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sonradan istintaq müddətində Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti bir neçə dəfə uzadılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, hal-hazıra qədər o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 16 may 2024-cü il tarixdən başlayaraq məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli, cəzanın başlanğıcı 16 may 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinin tələbinə görə isə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Qeyd olunan müddəanı nəzərə alan məhkəmə hesab edir ki, istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş bir ədəd "İphone 14 Pro Max" və bir ədəd “Samsung” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra ona qaytarılması üçün cəza çəkdiyi müəssisəyə göndərilməlidir. Cinayət işi üzrə məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin tətbiqi üçün əsaslar olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144- 1.2.5-ci maddələri ilə 8 (səkkiz) il müddətə, Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 1 (bir) ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs məxsus bir ədəd "İphone 14 Pro Max" və bir ədəd “Samsung” markalı mobil telefonlar ona qaytarılması üçün cəza çəkdiyi müəssisəyə göndərilsin. İş üzrə məhkəmə məsrəflərinin olmaması, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin tətbiqi üçün əsaslar olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar