Məhkəmə qərarları › İş №1(101)-696/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-696/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-696/2023 01.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri “Arbitrium” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Yasamal Rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 noyabr 2016-cı il tarixli qərarı ilə cəzası 01 ilə endirilmiş, 24 fevral 2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə edərək daşıyıb saxlamış və satmışdır. Belə ki, o, 2022-ci ilin sentyabr ayının təxminən əvvəllərində Bakı şəhərində naməlum İran İslam Respublikasının vətəndaşı «Yusif» adlı şəxslə satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələrinin əldə edilməsi, saxlanılması, daşınması barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq «Yusif» adlı şəxsin qanunsuz yolla və naməlum şəxs vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına göndərdiyi hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,290 qr, 0,270 qr, 0,319 qr və 0,120 qram olmaqla, ümumi çəkisi 0,999 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 5 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,282 qr, 0,740 qr, 0,88 qr, 0,415 qr və 0,395 olmaqla ümumi çəkisi 2,712 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ayrı ayrılıqda çəkiləri 1,680 qram və 0,1 qram olan kustar üsulla hazırlanmış qurudulmuş marixuananı Abşeron rayonu, Novxanı qəsəbəsində naməlum yerdən tamah niyyəti ilə qanunsuz olaraq qəsdən əldə etmiş, həmin narkotik vasitələri və psixotrop maddələri üzərində saxlamaqla yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq massivi, Yeni yaşayış sahəsi yaxınlığına daşımış, narkotik vasitə olan heroindən xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olan 0,290 qramını xx.xx.2022-ci il tarixdə Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində tanışına satmış, 13 sentyabr 2022-ci il tarixdə Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün saat 19:30-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində fərdi evin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmiş və xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sarı rəngli dəmir qutunun içərisində hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,270 qr, 0,319 qr və 0,120 qram olmaqla, ümumi çəkisi 0,709 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 5 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,282 qr, 0,740 qr, 0,88 qr, 0,415 qr və 0,395 olmaqla ümumi çəkisi 2,712 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ayrı-ayrılıqda çəkiləri 1,680 qram və 0,1 qram olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 17 ildir ki, narkotik maddələrindən istifadə edir. Dəfələrlə müalicə alsa da, hələ də narkotik vasitədən asılılığı var və sağala bilməmişdir. O, narkotik vasitələri onlayn şəkildə özünü X7 vətəndaşı kimi tanıdan Yusif adlı şəxsdən alırmış. Lakin, o, həmin şəxsin həqiqətən də İran vətəndaşı olub-olmadığını bilmir. Həmin şəxsin üzünü görməmiş, səsini belə eşitməmişdir. Yusif adlı şəxsi ona dostu tanıtmışdır. O, Yusif adlı şəxsdən iki dəfə narkotik vasitə almışdır. Yusif adlı şəxslə “İnstagram” sosial şəbəkəsi vasitəsilə danışırmış, pulu onun atdığı hesaba köçürürmüş. Yer təyin edilirmiş və o da həmin yerə gedib narkotik vasitəni oradan götürürmüş. Axırıncı dəfə 2022-ci ilin avqust ayının 11-i axşam vaxtı həmin şəxsin Rabitə bank kartına nağd pul ödəyərək əvvəlcədən təyin edilən yerdən hər birindən 2 qram olmaqla narkotik vasitələri götürmüşdür. Səhəri gün evdə dostu Kamran və o bir yerdə imiş. Anası və qızı həkimə gedəcəkləri üçün bir gün əvvəldən qardaşıgilə getmişlər. O, yuxudan oyananda evdə təqribən 20 nəfər polis əməkdaşı görmüşdür. İttiham aktında qeyd edilən 3 büküm heroin, 3 büküm marixuana, 5 büküm şüşə olan narkotik vasitələr ona məxsusdur. Eleketron tərəzi ona məxsus olsa da, ittiham aktında qeyd olunan şəkildə onun şalvarının cibində olmamışdır. Kamranla o sinif yoldaşı olmuşlar. 12-13 avqust tarixlərində Kamran evində qonaq qalırmış. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Yusif adlı şəxsin həqiqətən də İran vətəndaşı olduğunu bilmir. Özünü ona elə təqdim etmişdir. O, narkotik vasitə alarkən pulu «Rabitə» banka məxsus kart hesabına köçürmüşdür. Yusif adlı şəxsdən iki dəfə narkotik vasitə almışdır. O, Kamrana narkotik vasitə verməmiş,lakin Kamran istintaq zamanı narkotik vasitəni ondan aldığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Xəzər RPİ-nin 3-cü PŞ-də baş əməliyyat müvəkkili işləyir. 2022-ci ilin sentyabr ayında Xəzər RPİ-nin 3-cü PŞ-nə Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat rəhbərliyə məruzə edildikdən sonra onlar tərəfindən əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs yaşadığı yer tam müəyyən edildikdən bir neçə gün sonra, onlar həmin ərazidə mövqelənmişlər. 2022-ci il sentyar ayının 13-ü axşam vaxtı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində fərdi evin yaxınlığında şəxs hərəkət edən zaman onlar yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs ad və soyadını soruşub xidmət apardıqları Polis İdarəsinə dəvət etmişlər. Dəvət edərkən Təqsirləndirilən şəxs nə üçün yaxınlaşdıqları və niyə dəvət etmələri barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etməyərək birlikdə Şöbəyə gəlmiş və orada Təqsirləndirilən şəxs vəkil təqdim olunduqdan sonra videoçəkiliş ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirilmişdir ki, üzərində qanunla qadağan olunan əşya və ya maddə varsa təqdim etsin. Bundan sonra, Təqsirləndirilən şəxs qara rəngli şalvarının sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, qara rəngli «Samsung» 20 markalı mobil telefon, qara rəngli dəmir qutuda olan 11 büküm, 1 ədəd açarı çıxarıb təqdim etmişdir. Həmçinin, səhv etmirsə, cibində elektron tərəzi də var imiş. Sarı rəngli dəmir qutu şəxsin özünün, təhqiqatçı və müdafiəçinin iştirakları ilə açılmış və qutunun içərisində şəxsin öz sözlərinə görə narkotik vasitələr var imiş. Narkotik vasitələrdən ümumilikdə 11 büküm olmaqla, 3 büküm heroin, 3 büküm marixuana, yerdə qalan 5 bükümü isə metamfetamin imiş. Təqsirləndirilən şəxs bildirmişdir ki, bu narkotik vasitələri bir gün əvvəl, yəni, 12 avqust 2022-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsindən onlayn yolla İran İslam Respublikası vətəndaşından 250 manata almışdır. Bu narkotik vasitələrdən bir qismini istifadə edib, qalan hissəsini də üzərində saxlamışdır. Şəxs bildirmişdir ki, mütəmadi olaraq həmin şəxslə əlaqə saxlyaraq narkotik vasitə əldə edirmiş. Kart hesabına pul köçürdərək “Whatsapp” sosial şəbəkəsindən şəkili atılan yerə gedib həmin narkotik vasitəni əldə edirmiş. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 11 ədəd büküm və elektron tərəzi zərfə qoyularaq möhürlənmiş və üzərində imza edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı İntiqam İsmayılovun 13 sentyabr 2022-ci il tarixli raportunun kserosurətindən görünür ki, X1 qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 19-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokolun kserosurətindən görünür ki, X4 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 28-29-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 sentyabr 2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokolun kserosurətindən görünür ki, X1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı, sonuncu əynində olan göy rəngli cins şalvarın cibindən 01 ədəd bükülünü təqdim edərək, narkotik vasitə heroin olduğunu və narkotik vasitəni tanışı Pərviz adlı şəxsin ona verməsini bildirmişdir. Cinayət işinin 119-120-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X3 15 sentyabr 2022-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərarından görünür ki, X1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 33-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 13 sentyabr 2022-ci il tarixli raportundan görünür ki, şübhəli şəxs X1 ona narkotik vasitə verməsini bildirdiyi Pərviz adlı şəxsin müəyyən edilməsi üçün, keçirilmiş əməliyyat tədbiri zamanı, xx.xx.2022-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq YYS-si ərazisində Pərviz adlı şəxsin xarici görünüşü ilə oxşar şəxsin olmasını görüb ona yaxınlaşıb, özlərini təqdim etmişlər və həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Cinayət işinin 50-51-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 sentyabr 2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsindən əvvəl paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sarı rəngli dəmir qutunun içərisində ümumilikdə 11 büküm, bir ədəd qara rəngli “Samsung” mobil telefon, 1 ədəd açar və özünə məxsus şəxsiyyət vəsiqəsini, arxa sol cibindən 1 ədəd tərəzi, şalvarın sol cibindən isə 1 ədəd corab və siqaret qutusunu çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş dəmir qutunun içərisində olan 3 bükümün heroin, digər 3 bükümün marixuana, yerdə qalan 5 bükümün isə şüşə adlı narkotik vasitə olduğunu, xx.xx.2022-ci ildə Abşeron rayonu, Novxanı qəsəbəsindən onlayn yolla İİR vətəndaşından 250 manata aldığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş bükümlər qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 70-74-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 sentyabr 2022-ci il tarixli 6/5163-7/1028 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «... şübhəli şəxs imza K.Hüseynov...» yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,290 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş üzərində «.. Şübhəli şəxs imza Təqsirləndirilən şəxs... » yazı və imzalar olan zərfdə 3 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,270 qr, 0,319 qr və 0,120 qram olmaqla, ümumi çəkisi 0,709 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində «.. Şübhəli şəxs imza Təqsirləndirilən şəxs... » yazı və imzalar olan zərfdə 5 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,282 qr, 0,740 qr, 088 qr, 0,415 qr və 0,395 qram olmaqla, ümumi çəkisi 2,712 qram ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində «.. Şübhəli şəxs imza Təqsirləndirilən şəxs... » yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 1,680 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində «.. Şübhəli şəxs imza Təqsirləndirilən şəxs... » yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə tütün və təmiz çəkisi 0,1 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 1,780 qram olub, tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş üzərində «.. Şübhəli şəxs imza Təqsirləndirilən şəxs... » yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,140 qram bitki mənşəli kütlənin tərkibində narkotik aktivlikli komponentlər yoxdur və o narkotik vasitələrə aid deyildir. Həmin zərfin içərisində olan 1 ədəd elektron tərəzinin səthində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Təqdim edilmiş heroinlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublmkası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitlərin» siyahısına (Siyahı İ), Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublmkası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 137-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 sentyabr 2022-ci il tarixli CD-R diskinə baxış keçirilməsi barədə protokoldan görünür ki, 13 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən didkə baxış keçirilən zaman müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın cibindən bir ədəd sarı rəngli dəmir qutunun içərisində olan ümumilikdə 11 büküm, bir ədəd qara rəngli mobil telefonu, 1 ədəd açarı, şəxsiyyət vəsiqəsini, 1 ədəd tərəzi və siqaret qutusunu çıxarıb təqdim edir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş dəmir qutunun içərisində olan 3 bükümün heroin, digər 3 bükümün marixuana, yerdə qalan 5 bükümün isə şüşə adlı narkotik vasitə olduğunu, xx.xx.2022-ci ildə Abşeron rayonu, Novxanı qəsəbəsindən onlayn yolla İİR vətəndaşından 250 manata aldığını, bir qismini istifadə etdiyini, qalanını üzərində saxladığını bildirir. Aşkar edilmiş bükümlər qablaşdırılaraq götürülür və bu barədə protokol tərtib edilərək, iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin 138-154-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 sentyabr 2022-ci il tarixli telefona baxış keçirilməsi barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş bir ədəd mobil telefona baxış keçirilən zaman, həmin mobil telefonun “Whatsapp” proqramında aşağıdakı məzmunda sms mətnləri müəyyən edilmişdir: -Emil adı ilə qeyd edilmiş şəxs Təqsirləndirilən şəxs “1 qram yox bileti gorsen yarı verersen getirsin” məzmunlu mesaj; -Təqsirləndirilən şəxs Emil adı ilə qeyd edilmiş şəxsə “denen mala gedir, pul qoysun 100 manat”, bu mesajın cavabında isə Emil adlı şəxs ona “Qaqa o bura gelende mene patı gönder” məzmunlu mesaj; Təqsirləndirilən şəxs isə Emils adı ilə qeyd edilmiş şəxsə “senin patin 1 qram 10 gundur mendedir” məzmunlu mesaj göndərmiş; -Sabuhi Yasamal adlı şəxsə Təqsirləndirilən şəxs “Gedecem burdan patı kakos goturmeye, pul vurmusam, yeri atmaqin gozleyirem” məzmunlu mesaj; -Sabuhi Yasamal adlı şəxsə Təqsirləndirilən şəxs “Evdeyem ureyin patı isteyir gel cek” məzmunlu mesajlar göndərmişdir. Həmçinin «Yusif» İran adı ilə qeyd edilmiş şəxsə Təqsirləndirilən şəxs elektron tərəzi üzərində büküm olan şəkil göndərmiş; həmin şəxsin ona ərazini göstərən şəkil atdığı müəyyən edilmişdir. Cinayət işinin 185-186-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X3 16 noyabr 2022-ci il tarixli cinayət işi materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul olunması haqqında qərarından görünür ki, cinayət işi materiallarından X4 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq ayrıca icraata qəbul olunmuşdur. Cinayət işinin 188-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X3 16 noyabr 2022-ci il tarixli cinayət işi materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul olunması haqqında qərarından görünür ki, cinayət işi materiallarından Yusif adlı İran islam Respublikası vətəndaşı barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 206.3.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq ayrıca icraata qəbul olunmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı yekun məhkəmə çıxışı zamanı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə verilmiş ittihamdan imtina edərək, cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, dövlət ittihamçısının çıxışını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü tam təqsirli bilərək, aşkar edilmiş narkotik vasitə heroin, marixuana və metamfetaminin ona məxsus olduğunu, İran vətəndaşı kimi tanıdığı Yusif adlı şəxsdən aldığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünün etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, Təqsirləndirilən şəxs mobil telefonunda olan sms mətnlərini və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qərarların tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar, qurudulmuş marixuanın 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramından artıq miqdarda isə külli miqdar, metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 167-168-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 11 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Cavadov X2 Rayon Məhkəməsinin 29 avqust 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 noyabr 2016-cı il tarixli qərarı ilə cəzası 01 ilə endirilmiş, 24 fevral 2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 174-175-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 04 oktaybr 2022-ci il tarixli 5759 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin nəticəsində ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsələhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin xəstəlik tarixindən çıxarışından görünür ki, təqsirləndirilən şəxsin qızı X5 onkoloji xəstədir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində xəstə uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 13 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 42-ci vərəqəsində olan 13 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin cinayət işinin 126-130-cu vərəqələrində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 4(003)-409/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 sentyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,240 qram və 0,559 qram heroin, 2,462 qram metamfetamin, 1,680 qram qurudulmuş marixuana məhv edilməli, bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza xərci olan 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,240 qram və 0,559 qram heroin, 2,462 qram metamfetamin, 1,680 qram qurudulmuş marixuana məhv edilsin. 01 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Əhməd Quliyev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar