Məhkəmə qərarları › İş №1(101)-697/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-697/2022

10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-697/2022 10.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1983-cü il tarixdə Cəbrayıl rayonunun Əmirvarlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orla təhsilli, işləməyən, məhkumluğu olmayan, Cəbrayıl rayonu, Əmirvarlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində nömrəsiz fərdi evdə yaşamış, 19 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 5 bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,845 qram, 0,655 qram, 2,735 qram, 0,665 qram və 0,740 qram olmaqla tərkibinə görə eynilik təşkil edən və ümumi təmiz çəkisi 6,640 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda 2 bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,750 qram və 0,078 qram olmaqla tərkibinə görə eynilik təşkil edən və ümumi təmiz çəkisi 0,828 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, şəxsi istehlak miqdarından artıq miqdarda 3 bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,722 qram, 3,889 qram, 0,526 qram olmaqla tərkibinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 8,137 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, əsas təsiredici maddəsi metadon olan və tərkibindəki metadonun təsir maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edən 1 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutu kəsiyində 2 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərini, əsas təsiredici maddəsi preqabalin və tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edən üzərində “PGN 300” göstəriciləri olan 4 ədəd kapsulu, əsas təsiredici maddəsi tramadol hidroxlorid olan və tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 3,050 təşkil edən üzərində “Tramadol 50 mq” göstəriciləri olan dərman konvolyutu kəsiklərində 7 ədəd ağ-göy rəngli dərman kapsullarını və üzərində “Tramadol Hydrochloride 225” göstəriciləri olan dərman konvolyutu kəsiklərində 12 ədəd qırmızı rəngli dairəvi formalı dərman həblərini əldə edib üzərində saxlamaqla daşımış, 19 oktyabr 2021-ci il tarixdə saat 04:10 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan Bağlar massivində sükanı arxasında əyləşdiyi, dayanmış vəziyyətdə olan **-KY- *** dövlət qeydiyyat nömrəli “Hyundai Elantra” markalı avtomobildə Şahid4 ilə birlikdə olarkən, onlara yaxınlaşan X10 Alayının 11-ci patrul bölüyünün əməkdaşlarını görüb qaçmağa çalışması və digər qeyri-adekvat davranışları səbəbindən şübhəli bilinərək saxlanılıb Bakı şəhəri, Xəzər RPİ-nin 1-ci Polis şöbəsinə gətirilmiş, şöbənin inzibati binasında dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti nəticəsində cibində oilan 1 ədəd eynək qutusunun içərisində yuxarıda sadalananlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları tərəfindən saxlanılarkən onda ittihamda göstərilən miqdarda narkotik vasitələr olmamışdır. Həmin vaxt onda cəmi bir büküm narkotik vasitə heroin olmuşdur. O, həmin gün bir qram heroini onun tanışı olan Humaya verib ondan dərman götürmüşdür. Saxlanılarkən onun üzərində cəmi 4 qram «kokos», yəni heroin və 8 qram marixuana olmuşdur. Digər narkotik vasitələrdən onun xəbəri olmamışdır. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs narkotik vasitəni özünün istifadəsi üçün aldığını, Humaya narkotik vasitə verib ondan dərman aldığını, yəni onları dəyişdiyini, Humay qadın olduğu üçün onun buraxılmasından ötrü hər şeyi öz boynuna götürdüyünü, heç kimə narkotik vasitə satmadığını, istintaqda ona olan təzyiqlər nəticəsində narkotik vasitələri İran vətəndaşından alması və satış üçün üstündə gəzdirməsi barədə ifadə verdiyini bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 4-5 aydır narkotik vasitə olan heroindən istifadə edir, narkotik vasitələri adını və haqqında başqa heç nə bilmədiyi bir İran vətəndaşından alır. Sonuncu dəfə təxminən 16 oktyabr 2021-ci il tarixdə Bakı şəhərinin mərkəzi küçələrinin birində yerləşən ünvanını dəqiq xatırlamadığı marketdə quraşdırılmış aparat vasitəsi ilə həmin şəxsin xatırlamadığı bank hesabına müxtəlif növ narkotik vasitələr, psixotrop maddə və həblər göndərməsi üçün təxminən 300 manat pul ödəmişdir. Bundan sonra həmin şəxs Şüvəlan qəsəbəsində dəniz kənarına gedən yolun kənarında daşın yanına narkotik vasitə qoydurduğunu bildirmiş və həmin yerin şəklini ona “İnstagram” vasitəsi ilə atmışdır. Bundan sonra o, həmin yerə gedərək baxmış və bir paketin içində müxtəlif bükümlərdə “kokos" adlandırdığı heroin, "patı" deyilən metamfetamin, marixuana və müxtəlif növ həblər olduğunu görmüşdür. Həmin narkotik vasitələri həm özü üçün, həm də onunla əlaqə yaradan şəxslərə pul qarşılığında da vermişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində həmçinin bildirmişdir ki, Humay adlı qadını bir neçə dəfə taksi fəaliyyəti ilə məşğul olan tanışı Müşfiq adlı şəxsin avtomobilində görmüşdür. Müşfiqdən Humay barəsində soruşduqda onun haqqında danışmış, o, Humayla əlaqə yaratmaq istədiyini bildirib Müşfiqdən onun nömrəsini istəmiş, Müşfiq Humayın nömrəsini ona vermişdir. Bundan sonra o, Humayla əlaqə yaratmış, aralarında olan səmimi söhbət zamanı ona məlum olmuşdur ki, Humay da narkotik vasitələr istifadəçisidir. Humay kəskin ağrıları olduğunu və ona narkotik vasitə heroin verməyini xahiş etmiş, buna görə də o, Humayla görüşmək üçün 19.09.2021ci il tarixdə idarə etdiyi **-KY-*** dövlət qeydiyyat nömrəli "Hyundai Elantra" markalı avtomobillə Humayın evinin yaxınlığına getmişdir. Humay evdən çıxaraq avtomobilə əyləşmiş, onlar bir qədər söhbət etmiş, bu zaman polis əməkdaşlarının yaxınlaşdığını görmüş, avtomobili hərəkətə keçirib uzaqlaşmaq istədikdə, polis əməkdaşları ondan dayanmağını tələb etmiş və onları polis şöbəsinə aparmışlar. Bu səbəbdən o, Humaya narkotik vasitə heroini verə bilməmişdir. Həmin vaxt onun üzərində 5 bükümdə heroin, 2 bükümdə metamfetamin, 3 bükümdə marixuana, bunlardan başqa çoxlu sayda müxtəlif növ təsdiredici həblər olmuşdur. Polis şöbəsində ona hüquq və vəzifələri izah edilmiş və öz xahişi əsasında təyin edilmiş vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Bu zaman cibində olan eynək qutusunun içərisində saxladığı həmin maddə və həbləri təqdim etmişdir. Həmin qutunun içərisindən 5 büküm heroin, 2 büküm metamfetamin, 3 büküm marixuana və 25 ədəd müxtəlif növ həblər aşkar edilmişdir. Bundan sonra cibində olan özünə məxsus 69 manat pulu və 1 ədəd işlək vəziyyətdə olmayan "Samsung” markalı telefon aşkar edilmiş, həmin pul və telefon onun özünə qaytarılmışdır. Lakin digər maddələr qablaşdırılaraq götürülmüş və ekspertizaya təqdim ediləcəyi bildirilmişdir. O, ekspertiza rəyi ilə tanış olmuş, həmin ekspertiza rəyi ilə bağlı heç bir etiraz və ya vəsatəti olmamışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə, psixotrop maddələr və digər təsiredici həblərin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq bildirmişdir ki, o, Humay adlı şəxsə istifadə etməsi üçün 1 büküm heroin vermək istəmiş, lakin tutulduğu üçün verə bilməmişdir. Polis orqanına gətirilərkən və digər vaxtlarda ona qarşı heç bir fiziki və psixi təzyiq edilməmişdir. İdarə etdiyi **-KY-*** dövlət qeydiyyat nömrəli "Hyundai Elantra” markalı avtomobili dostu Səyavuşun hansısa icarə avtomobil şirkətindən götürdüyünü, ondan avtomobili bir neçə günlük istifadə etməyi xahiş etdikdə ona verdiyini bildirmişdir (cild 1, iş vərəqi 108-109). Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN X10 Alayının 11-ci patrul böüyünün polis nəfəri Şahid1 ifadəsində bildirdi ki, 19 oktyabr 2021-ci il tarixdə saat 04:10 radələrində 11-ci patrul bölüyünün polis nəfəri Şahid2 və polis serjantı Şahid3la birlikdə Şüvəlan qəsəbəsi, Bağlar massivində xidmət apardıqları zaman dayanıqlı vəziyyətdə olan “Hyundai Elantra" markalı avtomobildə olan şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğundan şübhələnib həmin avtomobilə yaxınlaşmışlar. Bu zaman avtomobilin sükanı arxasında əyləşmiş şəxs qaçmağa cəhd etmişdir. Onlar həmin şəxsi və avtomobildə onun yanında əyləşmiş qadını saxlayaraq avtomobillə birlikdə Xəzər RPİ-nin 1-ci polis şöbəsinə gətirmişlər. Həmin şəxslərin Təqsirləndirilən şəxs və Şahid4 olduğu müəyyən edilmişdir. Polis şöbəsində adları çəkilən şəxslər tutulmuş və videoçəkilişdən istifadə etməklə şəxsi axtarışları keçirilmişdir. Təqsirləndirilən şəxs əynindəki jaketin cibindən qara rəngli eynək qabını təqdim edərək içərisində 5 bükümdə narkotik vasitə heroin, 2 bükümdə metamfetamin, 3 bükümdə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan başqa, həmin eynək qabının içərisində müxtəlif növ həblər olmuşdur. Vüsal həmin maddələri və həbləri 16 oktyabr 2021-ci il tarixdə tanımadığı İran vətəndaşından 300 manata aldığını bildirmişdir. Həmin kütlələr qablaşdırılıb möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur. Şübhəli şəxs qismində tutulmuş Şahid4 müdafiəçinin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarışı, həmçinin “Hyundai Elantra” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı qeyri-qanuni hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN X10 Alayının 11-ci patrul bölüyünün polis nəfərləri Şahid2 və Şahid3 əməliyyat tədbirlərinin keçirilməsinə cəlb olunmaqla Təqsirləndirilən şəxs və Şahid4 19 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağlar massivində xidmət apardıqları zaman saxlanılıb Xəzər RPİ-nin 1-ci Polis şöbəsinə gətirilməsində, Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılmasında və narkotik vasitələrin götürülməsində əməliyyat qrupunun üzvü kimi iştirak etdiklərini bildirərək, həmkarları Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla tanışlığı özü yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs onun istifadəsində olan telefon nömrəsinə zəng etmiş, aralarında ilkin tanışlıq söhbətləri olmuş, daha sonra isə nisbətən səmimi olmuşlar. Telefon danışığı zamanı ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs da narkotik vasitələrdən istifadə edir. O, Vüsaldan ona şəxsi istifadəsi üçün 1 büküm, yəni 0,1 qram narkotik vasitə heroin verib-verə bilməyəcəyini soruşmuş, Vüsal heç bir problem olmadığını, ona qeyd etdiyi miqdarda narkotik vasitə verə biləcəyini bildirmişdir. Onlar görüşmək qərarına gəlmiş, 19 oktyabr 2021-ci il tarixdə saat 03-04 radələrində Vüsal idarə etdiyi avtomobillə onun yaşadığı evin yaxınlığına gəlmiş və onlar görüşmüşlər. Söhbət zamanı Vüsal cibindən eynək qutusunu çıxarıb içində olan müxtəlif növ narkotik vasitələr və psixotrop maddələri, həmçinin həbləri ona göstərmişdir. O, digər maddələrin nə olduğunu, onları hardan aldığı barədə Vüsaldan soruşarkən birdən polis avtomobilinin onlara yaxınlaşdığını görmüşlər, Vüsal dərhal əlində olan qutunu cibinə qoymuş və avtomobili işə salıb hərəkət etdirməyə başlamışdır. Bu zaman polis əməkdaşları onları saxlamış və 1-ci polis şöbəsinə aparmışlar. Orada videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman onun üzərindən qanunla qadağan edilmiş hər-hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş maddələr Vüsalın özünə məxsusdur, həmin maddələri Vüsal ona göstərmişdir. Onun Təqsirləndirilən şəxs 0,1 qram narkotik vasitə heroin almaq, Vüsalın isə ona bu miqdarda narkotik vasitə heroin vermək niyyəti olsa belə, polis əməkdaşları onların yanına gəldiyindən niyyətlərini icra etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 94-96). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 19 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli jaketin sağ yan cibində olan qara rəngli eynək qabının içərisindəki 2 büküm şəffaf selofanda olan və 1 büküm siqaretin gümüşü rəngli kağızına bükülmüş kütlənin “nəşə", 5 büküm şəffaf selofana bükülmüş kütlənin “kakos” olduğunu, 1 ədəd qara rəngli siqaret kağızına bükülmüş, 1 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş kütlənin “şüşə" olduğunu, 19 ədəd “tramadol" adlı həb, 4 ədəd “Paden-300" adlı həb, 2 ədəd metadon həbləri olduğunu, bunları 5 gün əvvəl tanımadığı İran vətəndaşından 300 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 5 büküm narkotik vasitə heroinə, 3 büküm narkotik vasitə marixuanaya, 2 büküm psixotrop maddə metamfetaminə bənzər maddələr və 25 ədəd həblər sübut əhəmiyyətinə malik olduğundan Xəzər RPİ 1-ci Polis şöbəsinin təhqiqatçısı tərəfindən 1 ədəd kağız zərfə qablaşdırılıb, Daxili İşlər Nazirliyinin “Zərflər üçün" 157 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd işlək vəziyyətdə olmayan “Samsung" markalı mobil telefon və 69 manat pul isə sübut əhəmiyyətinə malik olmadığı üçün özünə qaytarılmışdır (cild 1, iş vərəqi 22- 24). Cinayət işinə əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 20 oktyabr 2021-ci il tarixli baxış protokoluna əsasən, diskdə olan birinci videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X10 Alayının 11-ci Patrul Bölüyünün polis nəfərləri, polis serjantı Şahid1, polis serjantı Şahid3, polis serjantı Şahid2, Bakı şəhəri 8 savlı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Xəzər RPİ 1-ci Polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən şəxsi axtarış, baxış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli jaketin sağ yan cibində olan qara rəngli eynək qabını təqdim edərək içərisində 2 büküm şəffaf selofanda olan və 1 büküm siqaretin gümüşü rəngli kağızına bükülmüş heroinə bənzər kütləni və qurudulmuş marixuanaya bənzər kütləni, 1 ədəd qara rəngli və 1 ədəd qızılı rəngli siqaret kağızlarına bükülmüş metamfetaminə bənzər kütləni, 5 bükümdə narkotik vasitə heroinə bənzər kütləni, dərman konvolyutu kəsiklərində olan 19 ədəd tramadol, 4 ədəd Paden-300 və 2 ədəd metadon adlı həbləri təqdim edir, həmin maddələri və həbləri tutulduğu gündən 4-5 gün əvvəl İran vətəndaşından ümumilikdə 300 manat pul verərək aldığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən 69 AZN pul və 1 ədəd işlək vəziyyətdə olmayan "Samsung" markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə və psixotrop maddəyə bənzər kütlələr, həmçinin müxtəlif növ həblər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Elvin Hacıyev tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Videoçəkiliş polis serjantı Şahid2 tərəfindən aparılmışdır. Videogörüntü 11 dəqiqə 18 saniyə müddətində davam edir (cild 1, iş vərəqi 132-133). Məhkəmə-kimyəvi ekspertizasının 19 oktyabr 2021-ci il tarixli 6/4648 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №157” dairəvi möhür əksləri olan bir ədəd zərfdəki beş ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,845 qr., 0,655 qr., 2,735 qr., 0,665 qr., 0,740 qr., ümumi təmiz çəkisi 6,640 qram olan qəhvəyi rəngli maddəllər kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,750 qr., 0,078 qr., ümumi təmiz çəkisi 0,828 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, 1 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutu kəsiyində 2 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edir, 4 ədəd üzərində “PGN 300” göstəriciləri olan dərman kapsullarının əsas təsiredici maddəsi preqabalindir və həmin kapsulların tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 1,2 qram təşkil edir, üzərində “Tramadol 50 mq” göstəriciləri olan dərman konvolyutu kəsiklərində 7 ədəd ağ-göy rəngli dərman kapsullarının və üzərində “Tramadol Hydrochloride 225” göstəriciləri olan dərman konvolyutu kəsiklərində 12 ədəd qırmızı rəngli dairəvi formalı dərman həblərinin əsas təsiredici maddəsi tramadol hidroxloriddir və həmin həb və kapsulların tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 3,050 qram (0,350 qr. + 2,7 qr.) təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. Preqabalin və tramadol 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na (1 nömrəli əlavə) daxildir (cild 1, iş vərəqi 58-69). Məhkəmə-bioloji ekspertizasının 19 oktyabr 2021-ci il tarixli 7/1069 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 157” dairəvi möhür əksi və imzalar olan zərfdə 2 ədəd şəffaf selofanda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,722 qr, 3.889 qr və 1 ədəd gümüşü-ağ rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 0,526 qram olmaqla, ümumi çəkisi 8,137 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir (cild 1, iş vərəqi 70-74). Məhkəmə-narkoloji ekspertizasının 09 dekabr 2021-ci il tarixli 4993 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 164-165). İbtidai istintaq orqanının 21 yanar 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə, Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 6,640 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 0,828 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 8,137 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd metadon həbləri, 4 ədəd preqabalin kapsulu, 7 ədəd tramadol kapsulu və 12 ədəd tramadol həbləri maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 6,540 qram çəkidə heroin, 0,788 qram çəkidə psixotrop maddə metamfetamin, 7,987 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd metadon həbi, 3 ədəd preqabalin kapsul, 6 ədəd tramadol kapsulları və 11 ədəd tramadol həbləri məhkəmənin hökmünə qədər saxlanılması üçün Xəzər RPİ-yə təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı çəkilmiş videogörüntüləri əks etdirən 1 ədəd disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 166-176). İş materiallarına əlavə edilmiş 10 yanvar 2022-ci il tarixli arayışdan və həmin tarixli xasiyyətnamədən, həmçinin nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Səfərov X5 rayonu, Əmirvarlı kəndindən məcburi köçkün olaraq hazırda ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində məskunlaşmışdır, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur, onun X2 ilə birgə nikahından 25.02.2005-ci il təvəllüdlü İlkanə Səfərli və 07.05.2009-cu il təvəllüdlü İlkin Səfərli olmaqla iki yetkinlik yaşına çatmayan uşağı vardır (cild 1, iş vərəqi 156-159). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 16 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 10 dekabr 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 400 manat cərimə cəzasına məhkum edilmiş və cərimə tam ödənilmişdir (cild 1, iş vərəqi 149-150). Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək, polis əməkdaşları tərəfindən saxlanılarkən onda ittihamda göstərilən miqdarda narkotik vasitələr olmadığını, cəmi bir büküm narkotik vasitə heroin olduğunu, narkotik vasitəni özünün istifadəsi üçün aldığını, heç kimə narkotik vasitə satmadığını, Humay qadın olduğu üçün onun buraxılmasından ötrü hər şeyi öz boynuna götürdüyünü, heç kimə narkotik vasitə satmadığını, istintaqda ona olan təzyiqlər nəticəsində narkotik vasitələri İran vətəndaşından alması və satış üçün üstündə gəzdirməsi barədə ifadə verdiyini bildirdi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri və psixotorp maddələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüş, ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində narkotik vasitələrin ona məxsus olduğunu, onları həm özü istifadə etmək, həm də satmaq üçün əldə etdiyini bildirmişdir. Bundan başqa, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri və tədqiq olunmuş digər sübutlarla təqsirləndirilən şəxsin aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədilə əldə edib saxlayaraq daşıması bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunanlara qiymət verən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrlə ziddiyyətli ifadə verməsini onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi dəyərləndirir, onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını və məcburi köçkün olmaqla yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN X10 Alayının 11-ci patrul bölüyünün əməkdaşları tərəfindən tutularaq hal-hazıra qədər həbsdə saxlanıldığından, ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həmin tarixdən hesablanmalı, 19 oktyabr 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Xəzər rayon Polis idarəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 6,540 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,788 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 7,987 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd metadon həbi, 3 ədəd preqabalin kapsulu, 6 ədəd tramadol kapsulları və 11 ədəd tramadol həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntüləri əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hazırkı cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatları 170 (yüz yetmiş) manat 52 qəpik dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 170 (yüz yetmiş) manat 52 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X7 həyata keçirmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Fərman Cəfərova ödənilməli olan 180 (yüz səksən) manat pul vəsaiti qeyd olunan vəkil bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 09 dekabr 2021-ci il tarixli 4993 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmasına baxmayaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün olmadığından, tibbi xarakterli məcburi tədbir tətbiq edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməsin, lakin o, narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Xəzər rayon Polis idarəsində saxlanılmaqla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq qalan 6,540 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,788 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 7,987 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd metadon həbi, 3 ədəd preqabalin kapsulu, 6 ədəd tramadol kapsulları və 11 ədəd tramadol həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntüləri əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri: - ekspertiza tədqiqatlarının dəyəri olan 170 (yüz yetmiş) manat 52 qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - ibtidai istintaq zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil X4 ödənilməli 180 (yüz səksən) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar