Məhkəmə qərarları › İş №1(101)-698/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-698/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-698/2021 28.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və ədliyyə müşaviri Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxx 1981-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 5 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, 02 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 mart 2020-ci il tarixdə həbsdən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Sabirabad rayonu, Yolçubəyli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 19 fevral 2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 6 ünvanında yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə idarəsinin qarşısında bir qədər əvvəl iş yoldaşı Zərərçəkmiş şəxs ilə işlədikləri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosessi, 5 ünvanında yerləşən yeni inşa olunan «Binəqədi Residence»nin binasında aparılan təmir işləri ilə əlaqədar orada olan elektrik naqillərindən birinci kim tərəfindən istifadə edilməsi ilə bağlı razılığa gəlmədikləri və buna görə sonuncunun qohumu Şahid onun Zərərçəkmiş şəxs üzr istəməsini tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı üzərində olan soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə sonuncunun döş qəfəsinə bir dəfə vuraraq döş qəfəsinin ön səthinin solda bir ədəd boşluğa nüfuz edən, sol ağ ciyərin aşağı payının yaralanmasına səbəb olmuş deşilmiş-kəsilmiş yarası xəsarəti yetirib insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 19 fevral 2020-ci il tarixdə “Binəqədi Rezidence”n binasında təmir işləri aparmış və bu zaman işıqların söndüyünü görmüşdür. O, qapının yanına gəlmiş və əvvəllər tanımadığı, adını sonradan bildiyi Şafiq adlı şəxsin onun çəkdiyi işıq xəttinə qarmaq atmaq yolu ilə müdaxilə etdiyini görmüşdür. Bu barədə Şafiqə iradını bildirmiş, qarmaq atmamasını, “udlinitel“ qoşaraq işıqdan istifadə etməsini bildirmişdir. Onun bu sözləri Şafiqin xoşuna gəlməmiş və onlar mübahisə etmişlər. Mübahisə zamanı Şafiq ona bir yumruq, o da, Şafiqə bir şillə vurmuş, həmin vaxt orada olan şəxslər onları ayırmışlar. Sonra onlar bir-birindən üzr istəmiş və hərə öz işinə getmişdir. Axşam işdən çıxan zaman Şafiq və yanında sonradan adını bildiyi Rahimin onu gözlədiklərini görmüş, Şafiq və Rahim tikintinin yanındakı çayxanada oturmağı və mübahisəyə son qoymağı təklif etmişdir. Çayxanada Rahim mübahisənin necə baş verdiyini soruşmuş, onlar hər ikisi hadisəni olduğu kimi danışmışlar. Rahim Şafiqə iradını bildirmiş, ona Şafiqdən üzr istəməsini və barışmalarını təklif etmişdir. Şafiq buna etiraz etmiş və onlar çölə çıxmışdır. Həmin vaxtı Rahim birnci olaraq ona Şafiqdən üzr istəməsini demiş, Rahimə mübahisənin Şafiqin başladığını və nəyə görə ondan üzr istəməli olduğunu demişdir. Belə olan halda Rahimlə aralarında mübahisə olmuş, həmin vaxtı Rahim onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman Şafiq də onun valideynlərinin və ailəsinin ünvanına söyüşlər söymüşdür. O da, bundan əsəbləşərək iş zamanı istifadə etdiyi və cibində saxladığı mətbəxt bıçağını çıxardaraq ilk nöbədə Rahimi vurmuş, həmin vaxt Şafiq yerdən daş götürərək onun üstünə gəlmişdir. Bu zaman o, həmin bıçaqla Şafiqi də vurmuş və oradan uzaqlaşıb getmişdir. Hadisədən sonra onlarla təkrar görüşmüş və onların hər ikisi ilə barışaraq bıçaqladığına görə üzrxaqlıq etmişdir. Sualları cavablandıran Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəstəxanada olarkən onunla əlaqə saxladığını və hər bir köməkliyi göstərdiyini, hazırda Zərərçəkmiş şəxsla barışdığını və əməlindən peşman olduğunu məhkəməyə bildirdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 19 fevral 2020-ci il tarixdə səhər saat 9 radələrində Binəqədi rayonunda Fövqəladə Hallar nazirliyinin Xüsusi Riskli xilasetmə idarəsinin yaxınlığında yerləşən yeni tikilmiş binaya işə gəlmiş, belə ki, həmin binada usta işi görərək mənzilin təmiri ilə məşğul olmuşdur. Orada ondan başqa da, digər ustalar işləmiş, onlardan biri də Təqsirləndirilən şəxs olmuşdur. Saat 10 radələrində işlərini görmək üçün drelin naqillərini cərəyana qoşmaq məqsədi ilə Bakirin işlədiyi mənzilə gəlmişdir. Orada dreli çərəyana qoşmaq istəyəndə Bakir bunu görmüş və öz narazılığını bildirib buna icazə verməmişdir. O, Bakirə «elə bil dədənin malıdır» sözlərini demiş, bu söz Bakirin xoşuna gəlməmişdir. Buna görə onların arasında sözlə mübahisə olmuş, Bakir onun üstünə gəlmiş, bu zaman Bakiri əli ilə itələmiş, Bakir isə sifətindən əli ilə vurmuşdur. O, Bakirə heç bir söz demədən çıxıb getmiş, həmin vaxt xalası oğlu Rahimlə görüşməli olmuşdur. Rahim zəng vuranda ona dalaşdığını, heç bir yerə getməyə kefi olmadığını demiş, Rahim kimlə dalaşdığını soruşanda, ona hadisənin necə baş verdiyini bildirmişdir. Rahim özünün gəlib söhbətə aydınlıq gətirəcəyini demişdir. Həmin gün axşam saat 18 radələrində işdən çıxıb binanın qarşısında Rahimlə görüşmüş, Rahim onu vuran şəxsin kim olduğunu soruşmuş, o da, binanın yaxınlığında durub evə getməyə hazırlaşan Bakiri ona göstərmişdir. Rahim Bakiri çağırıb onu yaxınlıqda olan çayxanaya dəvət etmişdir. Çayxanada olan zaman Rahim Bakirdən hansı səbəbə mübahisə etdiyini soruşmuş, Bakir də ona hadisəni olduğu kimi danışmışdır. Həmin vaxt Rahim hər ikisinin bir- birindən üzr istəyib söhbəti qurtarmağı təklif etmiş, lakin o, Bakirdən üzr istəməyəcəyini demişdir. Həmin vaxt Rahim Bakirə böyüklük etməyi və üzr istəməyi təklif etmiş, bu zaman Rahimlə Bakir arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Bakir cibindən bıçağı çıxarıb Rahimin kürəyindən vurmuş, həmin vaxt bunu görüb yerdən götürdüyü daşla Bakirin üstünə getmişdir. Bakir əlində daşı gördüyündən onun da sinəsindən bıçaqla vurmuş və hadisə yerindən qaçıb getmişdir. Sualları cavablandıran Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxsla barışdığını, ona vurulmuş ziyanın tam şəkildə ödənildiyini, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və iddia tələbinin olmadığını bildirdi, bu barədə 03 mart 2021-ci il tarixli yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında dindirilən Şahid ifadəsində bildirdi ki, 19 fevral 2020-ci il tarixdə xalası oğlu Şafiq ona zəng edərək dalaşdığını, bir nəfərin, yəni sonradan adını bildiyi Bakir adlı şəxsin onu döydüyünü bildirmişdir. Həmin gün saat 4-də Şafiqlə mübahisə edən həmin Bakir adlı şəxs pilləkanlə aşağı düşmüş, o, Bakirlə salamlaşıb onlarla birlikdə çay evinə getməyi təklif etmişdir. Çay evində olarkən Bakirin üstündə bıçaq olduğunu görmüş, ondan Şafiqi niyə vurduğunu soruşmuşdur. Bakir Şafiqin naqilə görə onunla mübahisə etdiyini və Şafiqi vurduğunu təsdiq etmişdir. Çay evində Şafiqə Bakirdən üzr istəməsini və Bakirin də ondan üzr istəməsini təklif etmiş, lakin Şafiq buna razılaşmamışdır. Sonra onlar çayxanadan çıxmış, həmin vaxt Bakirə böyüklük edib birinci Şafiqdən üzr istəməsini təklif etmiş, lakin Bakir razılaşmayaraq onunla mübahisə etmişdir. Bu zaman Bakir cibindən bıçağı çıxararaq ona iki bıçaq zərbəsi endirmiş, lakin o, həmin zərbələrdən yayına bilmişdir. Arxaya dönərək qaçmaq istədikdə, həmin şəxs əlindəki bıçaqla sol kürək nahiyəsinə zərbə endirmiş, Şafiq həmin şəxsin onu vurmaq istədiyini görüb bıçağı ondan almaq istəmişdir. Bu zaman Bakir əlindəki bıçaqla Şafiqin döş qəfəsinə zərbə endirmiş, zərbədən Şafiq yıxılmış, yerdən daş götürüb onun üstünə cummuş, Bakir isə oradan qaçaraq uzaqlaşmışdır. O, Şafiqin yerdə uzandığını və döş hissəsindən qan axdığını görmüş, yoldan keçən taksi ilə Şafiqi Binəqədi rayonundakı X7 Stansiyasına, oradan isə 1 nömrəli Şəhər Xəstəxanasına çatdırmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 25 fevral 2020-ci il tarixli 347 saylı rəyindən görünür ki, Şahid bədəni üzərində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin arxa səthindəki bir ədəd boşluğa nüfuz etməyən deşilmiş-kəsilmiş yara deşici-kəsici alətin təsirindən, həmin nahiyədəki bir ədəd kəsilmiş yara isə kəsici kənara malik olan iti alətin təsirindən onun X6 müraciət etdiyi və qərarda göstərilən 19.02.2020-ci il tarixdə törənmişdir, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Şahid döş qəfəsinin arxa səthində aşkar edilmiş deşilmiş-kəsilmiş və kəsilmiş yaralar qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən bıçaqla vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər (cild 1, iş vərəqi 118-120). İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 20 fevral 2020-ci il tarixli 751 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər -döş qəfəsinin ön səthinin solda bir ədəd boşluğa nüfuz edən, sol ağ ciyərin aşağı payının yaralanmasına səbəb olmuş deşilmiş-kəsilmiş yarası aşkar edilmişdir. Qeyd edilən xəsarət deşicikəsici alətin təsirindən onun X6 daxil olduğu və qərarda göstərilən 19.02.2020-ci il tarixdə törənmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığı ağır zərər vurmaya aiddir (cild 1, iş vərəqi 137-139). İş materiallarına əlavə edilmiş məhkəmə-maddi sübutların ekspertizasının 20 mart 2020ci il tarixli 98/2020 MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin sol yarım hissəsində bir ədəd; qara rəngli sviterin ön sol səthində bir ədəd; yaşıl rəngli sviterin ön sol səthində bir ədəd və köynəyin ön sol səthində bir ədəd (cəmi bir ədəd) dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin daxili sağ qoltuqaltı tikişi üzərində bir ədəd cırılma zədəsi aşkar olundu. Bu cırılma gödəkçənin müvafiq nahiyəsinə küt güvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı (cild 1, iş vərəqi 121-123). Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının 18 mart 2020-ci il tarixli 186/ 2020-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi:B(İİİ), Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə, şalvar, yaşıl rəngli kofta, alt köynəyi və zəncirbəndli kofta üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız «B» antigeni alındı.Belə olan halda bu qan ləkələri B(İİİ) qrupu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqi 124-129). İş materiallarında olan məhkəmə psixatrik ekspertizasının 07 fevral 2020-ci il tarixli 1238 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də hər hansı psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsi zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqli hesab edilməlidir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 149-151). İbtidai istintaq orqanının 22 dekabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan və 26 dekabr 2020-ci il tarixli raportdan görünür ki, 1 ədəd gödəkçə, 1 ədəd şalvar, 1 ədəd yaşıl rəngli kofta, 1 ədəd alt köynəyi, 1 ədəd zəncirbəndli kofta maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri, Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 178-184, 205). İş materiallarına əlavə edilmiş 27 fevral 2020-ci il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır (cild 1, iş vərəqi 39). Cinayət işinə əlavə edilmiş 02 mart 2020-ci il tarixli axtarışda olan şəxsin könüllü gələrək təslim olması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Binəqədi RPİ-nin 6-cı Polis bölməsinə könüllü gələrək təslim olmuşdur (cild 1, iş vərəqi 42). İş materiallarına əlavə edilmiş nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətlərindən, 19 mart 2020-ci il tarixli 241 nömrəli arayışdan, həmçinin xasiyyətnamədən görünür ki, Gözəlov X3 rayonu, Yolçubəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, onun himayəsində 5 azyaşlı uşağı vardır və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 100-108). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş 13 iyun 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur (cild 1, iş vərəqi 141). Yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində beş nəfər azyaşlı uşaqların olması, 59.1.8-ci maddəsinə əsasən, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsi, 59.1.10-cu maddəsinə uyğun olaraq, şəxsin könüllü gəlib təqsirini boynuna alması və 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, CM-nin 59.1.8, 59.1.10 və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 02 mart 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 mart 2020-ci il tarixdə həbsdən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələbinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən onun həbsdə saxlanıldığı 1 (bir) gün təyin olunacaq cəza müddətinə daxil edilməklə çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, əməlindən səmimi peşman olmasını, himayəsində beş nəfər azyaşlı uşaqların olmasını, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, könüllü gəlib təqsirini boynuna almasını və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini nəzərə alaraq onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunmaqla onun şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi zamanı Təqsirləndirilən şəxs üzərinə həmçinin vəzifələr qoyulmalı və həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən onun üzərində nəzarət müvafiq dövlət orqanlarına həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Bakı şəhəri, Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş maddi sübutlar - 1 ədəd gödəkçə, 1 ədəd şalvar, 1 ədəd yaşıl rəngli kofta, 1 ədəd alt köynəyi, 1 ədəd zəncirbəndli kofta maraqlı şəxslərin vəsatəti olmadığından və dəyərini itirdiyindən məhv edilməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, məhkəmə məsrəflərinin müəyyən edilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. 02 mart 2020-cı il tarixdən 03 mart 2020-ci il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində şərti məhkumetmə tətbiq edilsin və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti ilə şərti hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökmün icrasına nəzarət qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabirabad rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar – Bakı şəhəri, Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş 1 ədəd gödəkçə, 1 ədəd şalvar, 1 ədəd yaşıl rəngli kofta, 1 ədəd alt köynəyi, 1 ədəd zəncirbəndli kofta məhv edilsin. Cinayət işi üzrə mülki iddia verilməməsi, məhkəmə məsrəflərinin müəyyən edilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar