Məhkəmə qərarları › İş №1(101)-698/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-698/2023

13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-698/2023 13.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silahı əldə edərək gəzdirmiş və qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təyinatı üzrə istifadəyə yararlı ümumi təyinatlı 01 ədəd ov bıçağını istintaqa məlum olmayan vaxtda və mənbədən, naməlum vaxtda və şəraitdə əldə edərək üzərində gəzdirmiş, həmçinin qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda - ümumilikdə 6,024 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən, naməlum şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, onun qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdə saat 21:10-da ünvan 2 ünvanın yaxınlığında idarə etdiyi «BMW 735» markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edildikdən sonra, orada həmin gün saat 22:48-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən ayrı-ayrılıqda təmiz çəkiləri 2,971 qram və 3,053 qram olmaqla 02 ədəd sellofan bükümlərin içərisində külli miqdarda - ümumilikdə 6,024 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əynindəki göy rəngli cins şalvarının sol yan cibindən, sağ çiynindən asdığı qara rəngli dəridən hazırlanmış əl çantasının içərisindən isə təyinatı üzrə istifadəyə yararlı, ümumi təyinatlı həmin 01 ədəd ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, əvvəllər heç vaxt narkotik vasitə istifadə etməmişdir. Tutulmazdan az əvvəldən başlayaraq narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. 01 iyun 2022-ci il tarixdə axşam saatlarında metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında olarkən əvvəllər tanıdığı, narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildiyi Qabil adlı şəxslə rastlaşmışdır. Söhbət zamanı Qabil üzərində heroin olduğunu bildirmiş, o da 50 manata Qabildən iki büküm heroin alıb şalvarının cibinə qoymuşdur. Həmin bükümləri özündə saxlamaqda məqsədi nə vaxtsa istifadə etmək olmuşdur. Tutulmamışdan təxminən 45 gün əvvəl isə yaşadığı ünvanın yaxınlığında olanda yerdə bir ədəd bıçaq olduğunu görmüş, bıçaqlara xüsusi marağı olduğu üçün həmin bıçağı götürüb özündə saxlamışdır. Bıçağı üzərində gəzdirməkdə məqsədi isə hər hansı əşyanı kəsmək üçün istifadə etmək olmuşdur. Həmçinin tutulmazdan az əvvəl qurban kəsilməsində də o bıçaqdan istifadə etmiş, maşınında olan balta da məhz qurban kəsimində istifadə etdikdən sonra yük yerində qalmışdır. 01 iyun 2022-ci il tarixdə saat təxminən 21 radələrində “20 Yanvar” küçəsi 9 ünvanın yaxınlığında idarə etdiyi «BMW 735» markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayandığı vaxtda mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Sonra polislər ona külli miqdarda narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Polislər tərəfindən saxlanılanda həmin gün aldığı heroin cibində, yerdən tapdığı bıçaq da əl çantasının içində olmuşdur. İdarədə onun hüquqlarının müdafiəsi üçün vəkil çağırılmış, barəsində tutulma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış və götürmə aparılacağı bildirilmiş, o da etiraz etməmişdir. Ona üzərində qanunsuz əşya varsa təqdim etməsi bildirilmiş, o da şalvarının cibində heroin, çiynindən asdığı əl çantasının içində isə bir ədəd bıçaq olduğunu bildirmiş, həmin bükümləri, bıçağı, habelə üstündə olan şəxsi əşyalarını çıxarıb təqdim etmişdir. Polislərin suallarını cavablandırarkən üzərindən aşkar edilmiş heroini şəxsi istifadəsi üçün aldığını, bıçağı isə marağı olduğu üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan sonra 02 ədəd bükümdəki heroin və 01 ədəd bıçaq polis tərəfindən kağız zərflərdə qablaşdırılıb möhürlənmişdir. Sonra videoçəkiliş dayandırılmış, bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra özü və digər iştirakçılar protokolu imzalamışlar. Daha sonra videoçəkilişlə idarə etdiyi avtomobilə baxış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir. Ona avtomobildə narkotik və psixotrop maddələr, qanunsuz əşyalar varsa təqdim etməyi təklif edilmiş, o da avtomobildə narkotik və psixotrop maddələr, qanunsuz əşyalar saxlamadığını demiş, bundan sonra özünün iştirakı ilə avtomobilə baxış keçirilmiş və avtomobilin yük yerindən tutulmamışdan bir neçə gün əvvəl qurbanlıq heyvan kəsən zaman istifadə edib avtomobilə qoyduğu 01 ədəd balta aşkar olunmuşdur. O, həmin baltanı yaşadığı evdən götürdüyünü və avtomobildə saxladığını bildirmişdir. Bundan sonra həmin balta qablaşdırılıb möhürlənərək götürülmüşdür. Sonra videoçəkiliş dayandırılmış və bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra özü və digər iştirakçılar protokola imza etmişlər. Törətdiyi əməldən peşmandır. Ucu da qırıq olan bıçağın belə məsuliyyət yarada biləcəyini də düşünməmişdir. Ona görə bütün bu halların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı tam etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 01 iyun 2022-ci il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasiələrin və psixotrop maddələri satış məqsədi ilə əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə raportla məruzə etmiş, Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuş, bu məqsədlə əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik özünə həvalə olunmuşdur. Sonra Təqsirləndirilən şəxs olduğu yer barədə əldə etdikləri məlumat üzrə hərəkət etməyə başlayıb 01 iyun 2022-ci il tarixdə saat 21:10-da ünvan 3 ünvanın yaxınlığında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi idarə etdiyi «BMW 735» markalı **-FD- *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında müəyən edib onu saxlamışlar. Ona yaxınlaşarkən xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər, həmin şəxsə də özünü təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs onun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları olduğunu, əgər üzərində qanunsuz maddə və ya predmet saxlayırsa deməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən çox səmimi şəkildə hazırda üzərində öz istifadəsi üçün alıb saxladığı iki büküm «kakos», əl çantasında isə bir ədəd bıçaq olduğunu bildirmişdir. Sonra dərhal Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə birgə Baş idarəyə gətirmişlər. Baş İdarədə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, onun hüquqlarının müdafiəsi üçün vəkil də dəvət edilmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs bu prosesin videoçəkilişlə həyata keçiriləcəyi bildirilmiş, eləcə də hüquq və vəzifələri izah olunmaqla bu barədə qərar elan edilmişdir. Şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs üzərində saxladığı hər hansı qanunsuz əşya, predmet, narkotik və ya psixotrop maddə varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd kiçik sellofan bükümü, şalvarının sağ yan cibindən 18 manat pulunu, 01 ədəd avtomobil açarını, həmçinin çiynindən asdığı qara rəngli dəri materialdan olan əl çantasını çıxarıb masanın üzərinə qoyub təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əl çantasına baxış keçirilərkən çantadan “İphone” və “Ketel” markalı 02 ədəd mobil telefonlar, şəxsiyyət vəsiqəsi və 01 ədəd bıçaq aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin 02 ədəd sellofan bükümlər açılıb baxıldıqda bükümlərin hər birinin içərisində narkotik vasitə olan heroinə oxşar kəskin iyli maddələr olduğu müəyyən edilmişdir. Həmin 02 ədəd büküm və 01 ədəd bıçaq zərfə qoyularaq qablaşdırılmışdır. Pulu, avtomobilinin açarı və əl çantası isə onun özünə qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin 02 ədəd bükümdə olan heroini öz şəxsi istifadəsi məqsədi ilə elə həmin gün metronun “Memar Əcəmi” stansiyasının yanında tanımadığı Qabil adlı şəxsdən 50 manata aldığını, bıçağı isə yaşadığı evin yaxınlığından təsadüfən tapdığını, bıçaqlara marağı olduğu üçün götürüb çantasında saxladığını, həmin bıçaqdan təsərrüfat işlərində istifadə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs avtomobilinə baxış keçiriləcəyi bildirilmiş, sonuncunun buna etirazı olmamışdır. Sonra videoçəkiliş dayandırılaraq şəxsi axtarış və götürmə prosesi başa çatdırılmış, təhqiqatçı tərəfindən bu barədə protokol yazılaraq ucadan oxunmuş və iştirak edənlərin hamısı doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra Baş İdarənin həyətində saxlanılmış Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə onun özünün və müdafiəçisinin iştirakı ilə videoçəkilişlə baxış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs avtomobildə qanunsuz saxladığı hər hansı əşya, predmet, maddə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da avtomobildə qanunsuz heç nə saxlamadığını bildirmişdir. Baxış zamanı avtomobilin arxa yük yerindən 01 ədəd baltaya oxşar alət aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin aləti özü ət kəsimində istifadə etmək üçün avtomobildə saxladığını bildirmişdir. Həmin predmet iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülüb qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilin ona aid olduğunu və etibarnamə ilə idarə etdiyini bildirmişdir. Avtomobilə baxış başa çatandan sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və protokolun doğruluğunu imzalarla təsdiqləmişlər. Sonradan keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi öz təsdiqini tapmamış, üzərindən aşkar olunmuş heroini şəxsi istifadəsi üçün əldə etdiyi dəqiqləşdirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. Həmin Baş İdarənin ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş digər əməkdaşı Şahid3 da oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 205-209). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 01 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd sellofan bükümü və sağ çiynindən asdığı qara rəngli dəridən hazırlanmış əl çantasını çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisində heroin, çantanın içərisində isə 01 ədəd bıçaq olduğunu, heroini özü şəxsi istifadəsi üçün 01 iyun 2022-ci il tarixdə metronun “Memar Əcəmi” stansiyasının yanında Qabil adlı şəxsdən 50 manat pul müqabilində aldığını, bıçağı isə təxminən 45 gün əvvəl yaşadığı ünvanın yaxınlığından təsadüfən tapdığını, bıçaqlara marağı olduğu üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 27-30). Məhkəmə-kimyəvi ekspertizasının 02 iyun 2022-ci il tarixli 6/3083 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri olan kağız paketdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,971 qram və 3,053 qram, ümumi təmiz çəkisi 6,024 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 5,924 qram təşkil etmişdir (cild 1, iş vərəqə 52-56). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 iyun 2022-ci il tarixli 2962 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 164-165). Məhkəmə-kimyəvi ekspertizasının 17 iyun 2022-ci il tarixli 1976/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, fenilalkilamin qrupu törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (cild 1, iş vərəqə 166-169). Məhkəmə-kriminalistik ekspertizasının 20 iyun 2022-ci il tarixli 3/748 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən hər hansı dəyişiklik və düzəliş edilməyib, təyinatı üzrə istifadəyə yararlıdır (cild 1, iş vərəqə 170-173). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 113-114). Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 51 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs haqqında heç bir şikayətin daxil olmadığı göstərilmişdir (cild 1, iş vərəqə 131). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməl isə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü və 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 01 iyun 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 19, 103-107). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 01 iyun 2022ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 5,924 qram təşkil edən heroin və 01 ədəd ov bıçağı məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 145 (bir yüz qırx beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 53,171). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 01 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 5,924 qram təşkil edən heroin və 01 ədəd ov bıçağı məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 145 (bir yüz qırx beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar