Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-699/2022 07.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Verdiktum” Vəkil Bürosunun vəkili X5 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1982-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik bitkilər sovxozu, ev 321-də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Lətif Sultanov küçəsi, ev 76-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Qulmahüseyn oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs Qulmahüseyn oğlu təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 3,553 qram olan kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20.04.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:30-da ünvan 2 ünvanının yaxınlığında saxlanılmış və Baş İdarəyə aparılmışdır. Orada saat 17:45-dən etibarən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilərkən onun əynində olmuş qara rəngli gödəkçənin sağ yan cibindən 2 (iki) ədəd bükümdə tərkibkərinə görə eyni olan, ayrı-ayrılıqda çəkiləri 2,411 qram və 1,142 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar təşkil edən 3,553 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, tutulana qədər psixotrop maddə metamfetamindən istifadə etmişdir. O, metamfetamini adını bilmədiyi şəxsdən almışdır. Sonuncu dəfə o, istifadə etmək üçün 0,5 qram çəkidə psixotrop maddə metamfetamini 25 manata alıb idarə etdiyi maşına qoymuşdur. 20.04.2021-ci il tarixdə günorta saatlarında o, Nəsimi rayonu ərazisində maşınında oturduğu zaman 2 (iki) nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək onun maşınına əyləşmişlər. Bundan sonra polis əməkdaşları onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Polislər onun maşınına oturan zaman maşında bir qədər istifadə etmək üçün 0,5 qram çəkidə onun aldığı psixotrop maddə metamfetamin olmuşdur. Onlar Baş İdarəyə gedərkən yolda polislər həmin 1 (bir) bükümdə 0,5 qram çəkidə olan metamfetamini aşkar etmişlər. O, günorta vaxtı tutulsa da, Baş İdarədə onun üzərinə şəxsi axtarış gecə saat 00:00-01:00 radələrində keçirilmişdir. Həmin vaxt orada vəkil də olmuşdur. Sonra polis əməkdaşları ona videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. O, günorta saatlarında tutulduğundan gecə üzərinə şəxsi axtarış keçirilənədək xidməti otaqların birində saxlanılmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl ona polis əməkdaşları təzyiq etmişlər və dedikləri məzmunda ifadə verməsini ondan tələb etmişlər. O, əvvəlcə ifadəsi olan protokolu imzalamaq istəməmişdir. Bundan sonra müstəntiq və digər polis əməkdaşları yenidən ona təzyiq etməyə başlamışlar. O, artıq təzyiqlərə dözə bilməmiş və müstəntiqin verdiyi sənədləri imzalamışdır. Sonra videoçəkiliş başlamamışdan əvvəl müstəntiq onun cibinə 2 (iki) ədəd bükümdə narkotik vasitə qoyaraq videoçəkiliş zamanı həmin bükümləri cibindən çıxarıb təqdim etməyini tələb etmişdir. Polislər ona demişlər ki, “bükümlərin sənə məxsus olmasını etiraf etməsən, sənin ailə üzvlərini idarəyə gətirib ifadələrini alacayıq”. O da ailə üzvlərinin idarəyə gəlməsini rəva bilməmiş, buna görə də məcbur olub videoçəkiliş zamanı üzərində 2 (iki) ədəd bükümdə psixotrop maddə olduğunu bildirmişdir. Lakin şəxsi axtarış keçirilən zaman onun üzərində cəmi 1 (bir) ədəd bükümdə 0,5 qram çəkidə psixotrop maddə olmuşdur. Onun üzərində həmin vaxt 2 (iki) ədəd bükümdə psixotrop maddə olmamışdır. Bundan başqa, o, heç vaxt heç kəsə narkotik vasitə satmamış və heç kəsi zəhərləməmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi, şəxsi axtarış zamanı üzərindən külli miqdarda, yəni 3,553 qram çəkidə deyil, cəmi 0,5 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar olunması, üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirməsi ilə bağlı məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 20.04.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, daşıması, eləcə də qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat onun tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Sonra əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. 20.04.2021-ci il tarixdə o, işlədiyi İdarənin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində Təqsirləndirilən şəxs piyada hərəkət edərkən saxlamış və saxladıqları şəxsi Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Baş İdarədə xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən 2 (iki) ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütləni çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən, həmçinin 1 (bir) ədəd mobil telefon, 1 (bir) ədəd plastik bank kartı da aşkar olunmuşdur. Bundan sonra 2 (iki) ədəd bükümdəki metamfetaminə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Bundan sonra həmin kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş maddələri Bakı şəhəri, Sabunçu rayonu ərazisində tutulmamışdan bir neçə gün əvvəl “Rəcəb” adlı şəxsdən əldə etdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 20.04.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs barəsində İdarənin əməliyyatçısı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Şahid1 raportla rəhbərliyə məruzə etdikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş, daha sonra əməliyyat qrupu yaradılmış və o da həmin qrupa daxil edilmişdir. 20.04.2021-ci il tarixdə o, Şahid1 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman saxlamış və saxladıqları şəxsi Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin daşınması ilə məşğul olduğunu etiraf etmişdir. Belə ki, Təqsirləndirilən şəxs “Əli” adlı iranlı şəxsin özünə narkotik vasitələr göndərdiyini, özünün də narkotik vasitələri həmin iranlı şəxsin dediyi yerlərə aparıb qoyduğunu bildirmişdir. Sonra onlar Təqsirləndirilən şəxs ilə birlikdə Sabunçu rayonuna gedərək iranlı şəxsin Təqsirləndirilən şəxs göndərdiyi narkotik vasitəni oradan götürmüşlər. Həmin narkotik vasitə tərəzidə çəkildikdə kütlənin çəkisi təxminən 4-6 kiloqram olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq satış məqsədi ilə əldə edib, Bakı şəhəri Nəsimi rayonu və Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərardan (cild 1, iş vərəqə 6-7) görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 20) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 29) görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 30-32) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 2 (iki) ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlələri çıxararaq təqdim etmiş, sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və kütlənin çəkisi 4 (dörd) qram təşkil etmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələri Bakı şəhəri, Sabunçu rayonu ərazisində “Rəcəb” adlı şəxsdən əldə etdiyini, bundan başqa, “Əli” adlı İran İslam Respublikasının vətəndaşı ilə əlbir olub Bakı şəhəri ərazisində narkotik maddələrin dövriyyəsini təşkil etdiyini, 20.04.2021-ci il tarixdə “Əli” adlı şəxsin Bakı şəhəri, Sabunçu rayonu ərazisində deyiləcək ünvana çatdırması üçün narkotik vasitə göndərdiyini, həmin narkotik vasitənin yerini tam dəqiq öyrənib təqdim edə biləcəyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2021-ci il tarixli baxış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 35) görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsi ərazisində yerləşən yeraltı keçidin yaxınlığındakı “piyada keçidi” yol nişanının ətrafına baxış keçirilməsi və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2021-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 36-37) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsi ərazisində yerləşən yeraltı keçidin yaxınlığındakı “piyada keçidi” yol nişanının sağ tərəfindəki 1 (bir) ədəd ağ rəngli sellofan torbanı təqdim etmiş, həmin torbanın içərisindən 2 (iki) ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisi 4 (dörd) kiloqram 630 (altı yüz otuz) qram təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1561 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 47-49) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..” və s. yazılar, imzalar olan 1 (bir) ədəd kağız paketdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,411 qram və 1,142qram, ümumi təmiz çəkisi 3,553 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2 (iki) ədəd bükümdəki psixotrop maddə metamfetamin kütlələri öz aralarında eynilik təşkil edirlər, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..” və s. yazılar, imzalar olan 1 (bir) ədəd bağlamada 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2300 qram və 2285 qram, ümumi təmiz çəkisi 4585 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 (iki) ədəd bükümdəki narkotik vasitə heroin kütlələri öz aralarında eynilik təşkil edirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 65-66) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 aprel 2021-ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 83-84) görünür ki, Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 aprel 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-394/2021 saylı qərarından (cild 1, iş vərəqə 96-98) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni 20 aprel 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 aprel 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 99-100) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 3,553 qram çəkidə psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,473 qram təşkil edən psixotrop maddə metamfetaminin və 4584,9 qram narkotik vasitə heroinin Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 aprel 2021-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 5(006)-262/2021 saylı qərarından (cild 1, iş vərəqə 166-167) görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair qəbul edilmiş qərarın qanuniliyi yoxlanılmadan geri qaytarılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 may 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 116-117) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 iyul 2021-ci il tarixli xasiyyətnamədən (cild 2, iş vərəqə 71) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 avqust 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-810/2021 saylı qərarından (cild 1, iş vərəqə 137-141) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 20 noyabr 2021-ci il tarixdədək uzadılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 3020 nömrəli rəyindən (cild 1, iş vərəqə 168-169) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 noyabr 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1185/2021 saylı qərarından (cild 1, iş vərəqə 161-165) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin daha 20 yanvar 2022-ci il tarixdədək uzadılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 yanvar 2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-55/2022 saylı qərarından (cild 1, iş vərəqə 180-184) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 20 fevral 2022-ci il tarixdədək uzadılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 yanvar 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 185-197) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 3,553 qram çəkidə psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,473 qram təşkil edən psixotrop maddə metamfetaminin və 4584,9 qram narkotik vasitə heroinin Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsinin nəzərə alınması, 2 (iki) ədəd diskin, 1 (bir) ədəd “Parvana Mustafazada”nın adına olan “Kapital Bank” plastik kartının maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi, 1 (bir) ədəd “Samsung” markalı mobil telefonun maddi sübut kimi tanınanaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi, Təqsirləndirilən şəxs tərəfindən külli miqdarda psixotrop maddə metamfetaminin əldə edilməsi mənbəsinin, eləcə də külli miqdarda narkotik vasitə heroinin əldə edilməsi mənbəsinin, hər hansı bir şəxs tərəfindən daşınmasının, saxlanılmasının müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 yanvar 2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 199-200) görünür ki, Təqsirləndirilən şəxs tərəfindən külli miqdarda 3,553 qram çəkidə psixotrop maddə əldə edilmə mənbəsinin, eləcə də 4585 qram çəkidə narkotik vasitə heronin mənbəsinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəii cinayət işinin ayrılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 24 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 208- 209) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 mart 2004-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 2, iş vərəqə 70) görünür ki, Təqsirləndirilən şəxs ilə X3 arasında nikah bağlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 noyabr 2013-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 41 saylı arayışından (cild 2, iş vərəqə 68) görünür ki, Təqsirləndirilən şəxs atası X2 1-ci qrup əlildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04.06.2015-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən (cild 1, iş vərəqə 66) görünür ki, 20.09.2006-cı il tarixdə Təqsirləndirilən şəxs övladı X6 anadan olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının Siyahıların 2-ci Siyahısının 67ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. İlk növbədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs onun üzərindən aşkarlanmış psixotrop maddə metamfetamini əvəzli və ya əvəzsiz qaydada əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı qeyd edilən xüsusatla bağlı faktiki olaraq heç bir araşdırma aparmamış, yəni Təqsirləndirilən şəxs kimdən, hansı tarixdə, hansı mənbədən və hansı şəraitdə psixotrop maddə metamfetamini qanunsuz şəkildə əldə etməsini müəyyən etməmişdir. Halbuki qeyd edilən məsələlərin ətraflı şəkildə araşdırılması qanunla müəyyən edilmiş qaydada ibtidai istintaqı həyata keçirən səlahiyyətli şəxsin üzərinə qoyulmuş əsas vəzifələrdən birini təşkil edir və ibtidai istintaq orqanı tərəfindən göstərilən halların ətraflı şəkildə araşdırılması ölkədə real şəkildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsində müstəsna rol oynayır. Ən vacib məsələ isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham, həmçinin onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etməsini də ehtiva edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı, həmçinin cinayət hadisəsinin baş vermə vaxtının müəyyən edilməsi ən vacib vəzifələrdən biri kimi təsbit edilmişdir. Bu isə o deməkdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi ilə bağlı ittiham irəli sürdüyü halda, mütləq qaydada onun satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə etməsi vaxtını və əldə etmə mənbəyini mötəbər sübutlarla müəyyən etməli idi. Lakin məhkəməyə aydın olmayan səbəblərdən ibtidai istintaq orqanı üzərinə düşən vəzifəni icra etməyə cəhd belə etməmişdir. Məhkəmə bu hissədə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır və bu səbəbdən də aparılmış ibtidai istintaqı natamam və qüsurlu ilkin araşdırma kimi qəbul edir. Buna baxmayaraq, məhkəmə istintaqında Təqsirləndirilən şəxs 20.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulması, tutulduqdan sonra üzərində şəxsi axtarış keçirilməsi və şəxsi axtarış zamanı onun əynində olmuş qara rəngli gödəkçənin sağ yan cibindən 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdar təşkil edən, yəni 3,553 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi ös təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərkən, eləcə də əldə etdikdən sonra üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri satması, narkotik vasitə və psixotrop maddələri bu və ya digər şəkildə istehlak edən şəxslərlə sözügedən vasitə/maddələrin qanunsuz alqı-satqısına yönəlmiş danışıqlar və yazışmalar aparması, başqa sözlə, həmin vasitə və maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Lakin məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməməsini və onun üzərindən aşkar edilmiş psixotrop maddənin çəkisini nəzərə alaraq, belə hesab edir ki, o, üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddəni satış məqsədi ilə qanunsuz şəkildə əldə edib üzərində saxlamaqla daşımışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək üzərindən aşkarlanmış psixotrop maddənin ümumi çəkisini mübahisələndirmiş, eləcə də heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bu hissədə məhkəmə təqsirləndirilən şəxsin vermiş olduğu ifadəsinə tənqidir yanaşır və hesab edir ki, o, belə məzmunda ifadə verərkən əsl həqiqəti gizlətməklə özünün qanunsuz əməllərinə haqq qazandırmaq istəmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsindən başlayaraq məhkəmə istintaqı başlananadək üzərindən aşkarlanmış psixotrop maddə metamfetaminin çəkisini, həmin maddənin olduğu bükümlərin sayını mübahisələndirməmiş, eləcə də qeyd edilənlərlə bağlı narazılığını ifadə etməmişdir. Əksinə o, etirafedici ifadə verərək üzərindən aşkarlanmış psixotrop maddənin çəkisi ilə razılaşmışdır. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında yuxarıda göstərilən məsələlərlə bağlı ifadə verərkən səmimi olmamış, özünü müdafiə etmək məqsədi ilə məhkəməyə bu hissədə yalan ifadə vermiş, bununla da məhkəmənin ədalətindən sui-istifadə etmək istəmişdir. Əks nəticəyə gəlmək üçün heç bir hal müəyyən edilməmişdir. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də onun üzərindən aşkar edilmiş külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və daşımışdır. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir.. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ali təhsilli olmasını, evli olmaqla himayəsində 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, atasının 1-ci qrup əlil olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal/hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 20 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan rəyə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,473 qram təşkil edən psixotrop maddə metamfetamin, 1 (bir) ədəd “Parvana Mustafazada”nın adına olan “Kapital Bank” plastik kartı məhv edilməli, 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 20 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,473 qram təşkil edən psixotrop maddə metamfetamin, “Parvana Mustafazada”nın adına olan 1 (bir) ədəd “Kapital Bank” plastik kartı məhv edilsin, 2 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-699/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-699/2022
07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver