Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-700/2023 10.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma məqsədilə “Eltunar” adlı şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan razılaşdırılmış yerdə “Eltunar” adlı şəxsdən ümumi təmiz çəkisi 30,168 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 15,146 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış və Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs 13 sentyabr 2022-ci il tarixdə, saat 22:45-də ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Suraxanı Rayon Polis İdarəsinə gətirilərək orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən əynindəki boz rəngli idman şalvarının sol yan-üst cibindən qara rəngdə olan pul kisəsinin içərisində qırmızı qutunun içərisindən 16 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 14,763 qram, 0,864 qram, 1,051 qram, 0,998 qram, 1,137 qram, 0,813 qram, 1,129 qram, 1,079 qram, 1,107 qram, 1,041 qram, 1,076 qram, 0,822 qram, 1,061 qram, 1,128 qram, 1,052 qram olmaqla, ümumi təmiz çəkisi 29,121 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr, xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 14,234 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd üzərində heroinin və metamfetaminin izləri olan elektron tərəzi, həmin əynindəki boz rəngli idman şalvarının sağ yan-üst cibindən bir ədəd “Sobranie” siqaret qutusunu içərisində 01 ədəd bükümdə təmiz çəkisi 1,047 qram qəhvəyi rəngli tozşəkilli maddə, digər narkotik vasitə heroinlərlə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,912 qram olan ağ rəngli kristallardan ibarət maddə, digər psixotrop maddə metamfetaminlə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, artıq 7 ildir ki, turizm şirkətində çalışır. Həm daxili, həm də xarici turlarla məşğul olmuşdur. İşi ilə əlaqədar o, rayona adətən səhər gedib, axşam qayıdır. Belə ki, turistləri rayona aparıb gətirir. İttiham aktında qeyd edilən kimi, 13 senytabr tarixində axşam radələrində, ad günü yığıncağı məqsədilə köhnə iş yoldaşları ilə birlikdə və tanışlarla Qaraçuxurda, 31-ci polis bölməsinin yanında yerləşən adını xatırlamadığı böyük restoranda 5-6 nəfər olaraq kabinetdə toplanmış, çay sifariş etmişdirlər. Nigarı ora köhnə işçisi Hafiz adlı fotoqraf dəvət etmişdir. Hafiz studio açdığı üçün Nigarla iş müzakirə etmək istəmişdir. Üzərində övladının əşyaları olan qara bel çantası olmuşdur. Oradan çıxdıqdan sonra evə getməli, uşağına yemək aparmalı imiş. O, evdə olmayanda uşağına müvəqqəti olaraq ödənişlə tutduğu dayə baxmışdır. Restoranda sifarişini verdikdən sonra, o, bel çantasını stolun üstündə kənara atmış, çantanın ağzı yarı açıq qalmışdır. Sonra məclisdə olan qonaqlardan biri maşından bir şey götürməyə, Elturan isə ayaqyoluna getdiyini demiş və bu gedişlə orada birgə oturduğu şəxslər kafeni yavaş-yavaş tərk etmişlər. O, isə gözləməyə başlamışdır. Gözlədiyi zaman şüşədən kafeyə 5 nəfər gəldiyini görmüş, həmin şəxslər ona yaxınlaşaraq əlini qandallamış, çantasından tərəzini, içərisində bükümlərin olduğu qırmızı rəngdə qutunu çıxararaq ona göstərmiş, o isə belə işlərlə məşğul olmadığını demişdir, sonra isə ona boynuna alması üçün şillə vurmağa başlamışdırlar. Nigar həmin maddələrlə əlaqəsinin olmadığını, evdə körpə uşağı olduğunu bildirmişdir. Qanını yoxlatdıran zaman qanında narkotik vasitə çıxmamışdır. O, narkotik istifadəçisi deyil. Məclisdə kimlərin olubolmamasını soruşduqda isə onların adlarını və soyadlarını vermişdir, həmin şəxsləri tapıbtapmadıqlarını isə bilməmişdir. Həmin məclisdə olduğu üçün çox peşmandır. O, turizm şirkətinin rəhbəridir. Aylıq qazancı stabil deyil, sezon vaxtı 10000-15000 manat, sezon olmayanda isə 300 manat olur. Ən az aldığı haqq ay ərzində 500 manat təşkil edir. Ayağındakı qandala görə isə 4 aydır işləyə bilmir. Elturanı 3-4 il bundan əvvəl, vaxtilə turisti olduğu üçün tanımışdır, Elturan üçün təşkil etdiyi tur rayon səyahəti ilə əlaqədar olduğundan sonuncunun şəxsiyyətini təsdiq edən məlumatlar onda olmamışdır. Rus və ingilis dillərini bilir. 2015-2018-ci illərdə sırf Rusiya, Ukraniya və Belarusiyadan gələn xarici qonaqlarla işləmiş, sonra Gürcüstan, Trabzona özü turist aparmışdır. Pandemiya dövründə firmanın marketində merçendayzer işləmişdir. Turlara gedən zaman uşağına ya anası ya da 20-30 manat ödəniş etdiyi dayə baxmışdır. Hafizi 5-6 ildir ki tanımışdır. Belə ki, o, peşəkar fotoqrafdır və əvvəllər təşkil etdiyi turlarda müştərilərə fotosessiya xidməti göstərmişdir. Qonaqlıqda olan Elmar adlı şəxsi tanımır, bildiyinə görə taksi sürücüsüdür. Əsas onu qonaqlığa çağıran Hafiz olmuş, Elturanı 2 dəfə görmüş, Hafiz isə onun işçisi olmuş, Gunel Vəliyevanı orada, Elmarı isə Elturanın dostu olduğu üçün tanımışdır. Hafizlə iş danışmağa getsə də digər şəxslərin hansı məqsədlə ora dəvət olunmasından xəbəri yoxdur. Anası evdə uşağına baxdığına görə saat 10-da Hafizlə görüşə bilmişdir. Hafizlə tez-tez görüşməmiş, ancaq mesajlaşaraq hal-əhval tutmuşdurlar. Elmar və Elturan isə taksi fəaliyyəti ilə məşğuldurlar. Kafenin ayrıca kabinəsində oturduqları üçün orada onlardan başqa heç kəs olmamışdır. Buna görə də çantasından aşkar edilənlərin Eltruan, Elmar, Hafiz tərəfindən qoyulduğunu düşünür. Hafizdən savayı digərlərinin ona qarşı şəxsi qərəzlikləri yoxdur. Belə ki, sonuncu ilə bir iki dəfə aralarında yüngül mübahisələr olmuşdur. İnsan 20 il bir yerdə olduğu adamı da tanıya bilmir, ona görə onlar tərəfindən belə hərəkət edilməsinin səbəbini bilmir. Həmin ərəfədə Yasamal rayonunda yaşamış, Yasamaldakı evə baxış keçirilməmiş, NZS ünvanında olan evə baxış keçirilmişdir. Halbuki NZS-də yerləşən evdə Elturangil qalmışdır. Özünün o evlə heç bir aidiyyatı olmamışdır. X5 evindən çıxdığına görə öz əşyalarını 2-3 günlük müvəqqəti olaraq polis əməkdaşlarının getdiyi evə yerləşdirmişdir. Əvvəllər həmin mənzildə bir dəfə qaldığından, həmçinin göstərilən mənzil yaxın dostu tərəfindən Elturana kirayə verildiyindən evin ünvanı barədə xəbərdar olduğunu, Elturanın o evdə yaşadığını polis əməkdaşlarına özü bildirmişdir. 17 fevral 2023-cü il tarixli iclasda ifadə verərkən təqsirləndirilən şəxs ifadəsini dəyişərək şəxsi axtarış zamanı onun üzərindən aşkar edilərək götürülən tərəzi və qırmızı qutunun evdən tapıldığını və onun boynuna qoyulduğunu bildirmişdir. İfadələri arasındakı ziddiyyəti isə o təqsirləndirilən şəxs kimi yalan danışmaq hüququ ilə izah etmişdir. Əməliyatçıların nəsə yazdıqları yadında deyil. 3 gün onu ac-susuz saxlamış, suyu tualetdən iç demişdirlər. 3 gündən sonra azadlığa çıxmış, ona qarşı yol verilən bu hərəkətlərlə bağlı qorxduğuna görə şikayət etməmişdir. İttihamdakı maddələrlə belə məhkəmə günü tanış olmuşdur. Məhkəmə prosesi bitdikdən sonra ona ev dustaqlığı verilsə də qorxduğuna görə yenə şikayət etməmişdir. Videoçəkiliş zamanı onu məcbur edən adamların adları yadında deyil. Hafiz və Elturanla o hadisədən sonra görüşməmişdir. Hafiz adlı şəxs Qaraçuxur ərazisində yaşayır, soyadını bilmir Elturan isə nömrəsini dəyişdiyindən hazırda onunla əlaqəsi qalmamışdır. Anası işləmir, anasının səhhətində problem var, dizləri tutulub. Anasına çətin olmasın deyə dayə tutmuşdur. Kiçik bacısı var, atası 10 il əvvəl onları ataraq getmişdir, ailəsinə o tək baxdığına görə çətinlik çəkir. Anası onun həbs olunduğu təqdirdə uşağa baxa bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan edilərək tədqiq edilən ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, o, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olmasa da evlidir və 08 aylıq övladı vardır. Uşağının atası hazırda həbsdədir. O, anası ilə birlikdə yaşayır. Uşağının xərcləri üçün ona 100 manat pul lazım olmuşdur. Bu məqsədlə tanışı Elturanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib ondan 100 manat borca pul istəmişdir. Elturan da ona verəcəyi narkotik maddə heroin, psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzini Bakı şəhəri, Qaraçuxur qəsəbəsində Hafiz adlı şəxsə çatdırılmasını və bunun qarşılığında Hafizin ona 650 manat pul verəcəyini, həmin 650 manat puldan da 100 manatını ona verə biləcəyini demişdir. Pula ehtiyacı olduğundan o, Elturanın bu təklifi ilə razılaşmışdır. Elturandan Hafizin telefon nömrəsini götürmüşdür. Sonra Hafizin ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib onunla harada görüşəcəyini soruşmuşdur. Hafiz də Qaraçuxur qəsəbəsinə getməli olduğunu demişdir. 13 sentyabr 2022-ci il tarixdə o, Elturandan aldığı narkotiklə birlikdə tanımadığı taksi ilə Qaraçuxur qəsəbəsinə getmişdir. Həmin günü Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində saat 22:45-də iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Suraxanı rayon Polis İdarəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə Suraxanı rayon Polis İdarəsinə getmişdir. Orada hüquqlarının müdafiə edilməsi məqsədilə ona vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edilməklə bildiriş təqdim edilmişdir. Sonra onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan boz rəngli şalvarın sol yan-üst cibində olan pul çantasını, çantanın içərisində olan 16 büküm narkotik maddəni və bir ədəd elektron tərəzini və həmin şalvarın sağ yan-üst cibində siqaret qutusunun içərisində iki bükümdə olan narkotik maddəni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən heç bir şey aşkar edilməmişdir. Tutduğu əməldən çox peşman olduğunu qeyd etmişdir. Hazırda narkotik maddələrdən istifadə etmir. Lakin, 2-3 dəfə əvvəllər istifadə etmişdir. Bu işlə məşğul olmağından heç kimin xəbəri olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı zorakılıq tətbiq edilməmişdir. Elturan və Hafiz adlı şəxslərin soyadları və atalarının adlarını bilməmişdir Məhkəmə iclasında verdiyi ifadələrlə ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyəti izah edərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, dindirilmə protokollarındakı imzalar ona aiddir. Protokolları oxumadan qol çəkmişdir. Bundan başqa o, dindirmə protokollarındakı öz xətti ilə yazılmış “özümü təqsirli bilirəm” ifadələrini ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmək mənasında deyil, həmin gün o kafedə olduğu üçün peşmançılıq hissi keçirməsi ilə əlaqədar olduğunu vurğulamışdır. İfadəsindəki ziddiyəti həmçinin döyülməsi ilə izah edir. Onu üzündən şillə ilə vurmuşlar, hətta üzü şişmişdir. Barəsində qətimkan tədbiri seçilməsi zamanı üzünün şişən tərəfini saçları ilə örtdüyündən görünməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkaqlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, dərhal raport şəkilində rəhbərliyə məruzə edilərək, ondan və digər polis leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu yaradıldıqdan sonra Qaraçuxur qəsəbəsi, Əhmədov küçəsinə gəlmiş, orada Nigar xanıma bənzəyən qadını görərək yaxınlaşmış, polis əməkdaşları olduqlarını sonuncunun nəzərinə çatdıraraq, narkotikin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirmiş və onu Suraxanı Rayon Polis idarəsinə dəvət etmişdirlər. Nigar xanım NZS qəsəbəsində yaşasa da əməliyyat tədbirləri Qaraçuxurda keçirilmişdir. Şəxs saxlanılan zaman tək olmuşdur. Saxlanıldıqdan sonra dövlət vəsaiti hesabına müdafiəçi dəvət olunmuş, onun vəzifələri və hüquqları izah edilmiş, müdafiəçinin iştirakı ilə çəkilişlə xanıma üzərində qanunsuz nə varsa könüllü şəkildə təqdim etməyini xahiş etmişlər. O da içində boz rəngli tərəzi və qırmızı dəmir qutu ol qara pul kisəsini çıxarmışdır. Səhv etmirsə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmaqla təqsirləndirilən şəxs tərəfindən təqdim edilən bükümlərin sayı 16 ədəd təşkil etmişdir. Hər şey iştirakçıların imzası ilə protokollaşdırılmış və möhürlənmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə onun NZS qəsəbəsində Əhmədov küçəsi 6 ünvanında evinə baxış keçirilmiş və qeyri-qanuni heç bir şey aşkar edilməmişdir. Şəxs onlara Elturanın orda yaşadığını bildirmiş amma orada Elturanı görməmişdirlər. Xanımla idarədə söhbət edən zaman demişdir ki, narkotiki Elturan adlı şəxsin göstərişi ilə Qaraçuxurda tanımadığı şəxsə 650 manat müqabilində təqdim edəcəyi tədqirdə həmin vəsaitdən ona müəyyən pul məbləğ verilməli imiş. Üzərində olan maddələri könüllü şəkildə təqdim etdiyi, polisə müqavimət göstərmədiyi üçün ona qarşı heç bir zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxsin barəsində məlumat verdiyi şəxslər haqqında informasiyanı tamamlaya bilməməsi səbəbindən həmin şəxslərin axtarışı istiqamətində əməliyyat tədbirləri həyata keçirə bilməmişdirlər. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsin narkotikin vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında 13 sentyabr 2022-ci ildə ünvan 7 ünvanına gedərək narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak edən Təqsirləndirilən şəxs tutmuşlar. Təqsirləndirilən şəxs saxlanılarkən tək olmuş, saxlanıldıqdan sonra Suraxanı rayon polis idarəsinə gətirilmiş, sonuncu əynində idman şalvarının sol və sağ ciblərindən pul qabı və qırmızı qutu çıxararaq təqdim etmişdir. Qutuda 16 büküm olmuşdur. Araşdırdıqdan sonra bükümlərdən on beşinin heroin, birinin isə metamfetamin olduğu müəyyənləşdirilmişdir. Tərəzi, 6 ədəd plastik kart, “Samsung” markalı telefon şəxsin idman şalvarının ciblərində olmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, Elturan adlı şəxsin dediyi şəxslərə 650 manat müqabilində narkotik vasitə təqdim edəcəyi təqdirdə sonuncuya da müəyyən pul miqdarı verilməli imiş. Təqsirləndirilən şəxs Elturan adlı həmin şəxslə Xətai rayonu NZS qəsəbəsində yerləşən evdə kirayə qaldığını bildirmiş, həmin evə baxış keçirilmiş, lakin baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç nə aşkarlanmamışdır. Açarları olmadığından evin qapısını onlar açmışdırlar. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 13 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən və ya cinayət törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitənin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə “X2 haqqında” Qanununa uyğun olaraq müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (Cild 1, iş vərəqə 5-6). 15 sentyabr 2022-ci il tarixli Suraxanı rayon məhkəməsinin qərarından görünür ki, Suraxanı rayon Polis İdarəsinin 13 sentyabr 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərarı qanuni hesab edilmişdir ( cild 1, iş vərəqə 133-134). Şəxsi axtarış və götürmə aparılması haqqında 14 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan boz rəngli idman şalvarının sol yan üst cibindən qara rəngli pul kisəsininin içindən boz rəngli bir ədəd elektron tərəzi və qırmızı rəngli dəmir qutunun içindən 16 ədəd büküm, onun əynindəki idman şalvarının sağ yan üst cibindən isə bir ədəd üzərində “Sobranie” yazısı olan siqaret qutusunun içindən 02 ədəd büküm və onun əl çantasından 06 ədəd bank kartı və 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqə 32-34). 14 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/5172 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №45” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs - imza; iştirakçılar - imzalar, təhqiqatçı: T.Camalov - imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağır zərfdə 16 (on altı) ədəd bükümlərdəki təmiz çəkiləri 14,763 qram, 0,864 qram, 1,051 qram, 0,998 qram, 1,137 qram, 0,813 qram, 1,129 qram, 1,079 qram, 1,107qram, 1,041 qram, 1,076 qram, 0,822 qram, 1,061 qram, 1,128 qram, 1,052 qram və 1,047 qram olmaqla, ümumi təmiz çəkisi 30,168 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə göə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 02 (iki) ədəd bükümlərdəki təmiz çəkiləri - 14,234 qram və 0,912 qram olmaqla, ümumi təmiz çəkisi 15,146 qram olan ağ rəngli kristallardan ibarət maddə kütlələri xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd elektron tərəzinin üzərində və 01 ədəd pul kisəsinin içərisində heroinin və metamfetaminin izləri vardır. İz şəkində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək deyildir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildirlər. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 29, 768 qram, metamfetaminin qalıq çəkisi 15,046 qram təşkil etmişdir (Cild 1, iş vərəqə 55-58). 11 oktyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 5955 nömrəli rəyindən göstərilir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 135-136). 17 dekabr 2022-ci il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefonun üzərində mobil nömrə və yaddaş kartı olmaması müəyyən edilmişdir. Baxış zamanı həmin mobil telefonda iş üçün əhəmiyyət kəsb edən danışıqlar, sms mətnləri və ya digər hər hansı bir məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqə 139). Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (Cild 1, iş vərəqə 127). 17 dekabr 2022-ci il tarixli “Toplanmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərara əsasən Təqsirləndirilən şəxsn üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 29,768 qram təşkil edən narkotik vasitə heroin, 15,046 qram təşkil edən psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzinin maddi sübut qismində tanınaraq saxlanılması üçün Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskin və "xxxx" MMC-dən alınmış 01 ədəd CD diski iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut qismində tanınması və cinayət işinə əlavə olunması müəyyənləşdirilmişdir ( cild 1, iş vərəqə 141-149). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin məcəllənin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin, 2-ci Siyahısının 67-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxsin ttiham aktında göstərilən yerdən deyil, çay evindən tutularaq aparılması, şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən narkotik vasitənin ona məxsus olmaması, kənar şəxslər tərəfindən çantasına qoyulması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Cinayət işi materiallarına əlavə edilən və məhkəmə iclasında bilavasitə tədqiq edilən üzərində şəxsi axtarış aparılmasına dair video görüntüləri özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı içərisində 16 ədəd büküm olan qırmızı rəngli dəmir qutunu, içində 02 ədəd büküm olan “Sobranie” yazısı olan siqaret qutusunu təqdim edərək həmin 16 ədəd bükümdən 15 ədəd bükümün içərisində heroin olduğunu və qalan 01 ədəd bükümün içərisində isə metamfetamin olduğunu, siqaret qutusunun içərisində olan iki ədəd bükümlərdən birinin içində heroin, digər bükümün içərisində isə metamfetamin olduğunu, təqdim etdiyi ümumilikdə 16 ədəd bükümdə heroini və 02 ədəd bükümdə metamfetamini “Eltunar” adlı şəxsdən sonuncunun tapşırığına əsasən 650 manat müqabilində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə aparıb orada tanımadığı bir nəfər şəxsə təqdim edəcəyi təqdirdə həmin məbləğdən 100 manat pulun ona veriləcəyi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə baxış iclasında isə təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə üzərinə axtarış aparılmazdan əvvəl döyüldüyü üçün göstərilən məzmunda ifadələr verdiyini, dindirmə protokollarını oxumadan imzaladığını qeyd etmişdir. Təqsirləndirilən şəxs döyülməsini təsdiq edən hər hansı bir sənədin olub-olmaması, həkimə müraciət edib-etməməsi barədə suallar verilərkən sonuncu polisdən qorxduğu üçün heç bir yerə müraciət etmədiyini bildirmişdir. Bundan başqa ilkin baxış iclasında şəxsi axtarış zamanı təqdim etdiyi bükümlərin tutulduğu gün getdiyi çay evində yanında olan şəxslər tərəfindən çantasına qoyulduğunu bildirən, sonrakı məhkəmə iclasında isə həmin bükümlərin baxış keçirilən evdən aşkar edildiyini, lakin polis əməkdaşları tərəfindən onun “boynuna” qoyulduğunu iddia edən Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti “təqsirləndirilən şəxsin yalan danışmaq hüququ” ilə izah etmişdir. Dindirmə protokollarını oxumadan imzaladığını bildirən Günay Qədirova məhkəməyəqədər icraatda təqsirləndirilən şəxs qismində ifadə verərkən öz xətti ilə yazılmış “özümü təqsirli bilirəm, peşmanam” sözlərini isə həmin gün o kafeyə getdiyi üçün peşman olması ilə əlaqələndirmişdir. Beləliklə, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutu qiymətləndirən məhkəmə təqsirləndirilən şəxsin tez-tez ifadələrini dəyişməsini, ziddiyyətli ifadələr verməsini, verdiyi ifadələri təsdiq edən hər hansı bir tutarlı dəlil təqdim edə bilməməsini, təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, həm məhkəmə nəzarəti qaydasında barəsində həbs qətimkan tədbiri seçilməsi, həm də istintaq dövründə eyniməzmunlu ifadə verməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən ümumi təmiz çəkisi 30,168 qram təşkil edən 16 ədəd büküm heroinin və ümumi təmiz çəkisi 15,146 qram təşkil edən 02 ədəd büküm metamfetaminin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə heroinin 30,168 qram, psixotrop maddə metamfetaminin 15,146 qram təşkil etməsi, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən DVD diskdən və məhkəməyədək icraatda verdiyi ifadələrdən də göründüyü kimi üzərindən aşkar edilən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini “Eltunar” adlı şəxsdən sonuncunun tapşırığına əsasən 650 manat müqabilində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə aparıb orada tanımadığı bir nəfər şəxsə təqdim edəcəyi təqdirdə həmin məbləğdən 100 manat pulun ona veriləcəyi üçün əldə etməsi, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin əlamətlərinin aşkar edilməməsi hallarını birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən satış məqsədilə əldə etmiş, saxlamış və daşımışdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 07 fevral 2022-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator kitabçasından çıxarışdan görünür ki, təqsirləndirilən şəxsin himayəsində olan X4 mikrosefali xəstəliyindən əziyyət çəkir, stasionar müalicəyə ehtiyacı vardır. X3 tərəfindən təqdim edilmiş epikrizdə göstərilmişdir ki, X4 28 fevral 2023 və 07 mart 2023-cü illərdə həmin xəstəxanada müalicədə olmuş, sonuncuya kvadroplegik spastik serebral iflic, mikrosefaliya, spastik tetraparez, inkişaf etaplarının kobud ləngiməsi diaqnozu qoyulmuş, fizioterapevtik müalicənin davam etdirilməsi məsləhət edilmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilirəkən verdiyi ifadələrində sonuncu uşağının xəsəliyi ilə əlaqədar 100 manat pula ehtiyacı olmasını, “Eltunar”adlı şəxsdən borc istəməsini, Eltunar isə yalnız Qaraçuxur qəsəbəsində Hafiz adlı şəxsə 650 manat müqabilində narkotik vasitə çatdıracağı təqdirdə həmin 650 manatdan 100 manatını verəcəyini təklif etdiyini, əvvəlcə qorxduğuna görə tərəddüd etsə də uşağına dərman almaq üçün pula ehtiyacı olduğuna görə göstərilən təkliflə razılaşdığını qeyd etmişdir. Həmçinin təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm məhkəmədə verdiyi ifadələrdən görünür ki, o, onunla əlbir olan şəxslərin aşkar edilməsində istintaq orqanlarına kömək etməyə cəhd etmiş, lakin məhkəmə iclasında şahidlərin də dediyi kimi məlumatların natamam olması səbəbindən qeyd olunan şəxslərin ifşa edilməsi istiqamətində aparılan əməliyyat axtarış tədbirləri nəticəsiz qalmışdır. Məhkəmə onu da qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərkən digər hallarla yanaşı həmçinin sonuncu tərəfindən Elturan və Hafiz adlı şəxslərin bütün əlaqə məlumatlarının təqdim edilməsi və hazırda həmin şəxslərin saxlanması və məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə müstəntiqin çıxışını nəzərə alınmışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, həmin uşağın kvadroplegik spastik serebral iflic, mikrosefaliya, spastik tetraparez xəstəliklərindən əziyyət çəkməsini, təqsirləndirilən şəxsin himayəsində olan uşağı təkbaşına böyütməsini, gənc olmasını, əvvəllər məhkum olunmamasını, anasına və məktəb şagirdi olan bacısına maddi köməklik etməsini, ailənin yeganə qazanc mənbəyi olmasını və törətdiyi cinayəti də məhz bir ana kimi övladının əziyyət çəkdiyi xəstəliklərinin müalicəsi ilə əlaqədar törətməsini, natamam da olsa narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi və təqdim etməli olduğu şəxslər barəsində olan məlumatları istintaq orqanına təqdim etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hal qismində nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məhkəmə hazırki iş üzrə təqsirləndirilən şəxsin himayəsində olan və kvadroplegik spastik serebral iflic, mikrosefaliya, spastik tetraparez xəstəliklərindən əziyyət çəkən bir yaşlı uşağını təkbaşına böyütməsi, həmin uşaq barəsində fizioterapevtik müalicənin davam etdirilməli olması, ailənin yeganə qazanc mənbəyi olması kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təyin edilməli olan cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən 07 fevral 2022ci il təvəllüdlü uşağı on dörd yaşına çatanadək təxirə salınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın təxirə salındığı dövrdə onun davranışına nəzarət qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri, Yasamal rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 29,768 qram təşkil edən narkotik vasitə heroin, 15,046 qram təşkil edən psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə aparılmasının videogörüntünülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 55). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Cinayət- Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 24 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5(beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilməklə 07 fevral 2022-ci il təvəllüdlü uşağı on dörd yaşına çatanadək Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası təxirə salınsın. Təqsirləndirilən şəxs davranışına nəzarət Bakı şəhəri, Yasamal rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustağlığı qətimkan tədbiri ləğv edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 29,768 qram təşkil edən narkotik vasitə heroin, 15,046 qram təşkil edən psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin; Təqsirləndirilən şəxs barəsində keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-700/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-700/2023
10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver