Məhkəmə qərarları › İş №1(101)-701/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-701/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-701/2023 11.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edərək saxlamaqla daşımışdır. Belə ki, ittiham aktına əsasən təqsirləndirilən şəxs Xəlfəquluyev Züİfi Məmmədbaba oğlu istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 4.459 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 02 sentyabr 2022-ci il tarixdə saat 11:00-da ünvan 2 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi RPİ-nin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi 4,459 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamış, polis əməkdaşları onu küçədə saxlamamış, yaşadığı evdən tutaraq aparmışlar. Polis əməkdaşları onu aparmaq istəyərkən müqavimət göstərmiş, elə orada ona zor tətbiq edərək bölməyə aparmışlar. Bölmədə video çəkiliş zamanı polis əməkdaşları narkotik vasitələrin ona məxsus olduğunu deməsi üçün ona təzyiq göstərmişlər. O, ümumiyyətlə narkotik vasitədən istifadə edən şəxsdir, adətən öz istifadəsi üçün, bir dəfəlik dozanı təxminən 10 manata almışdır. Üzərinə baxış keçirilərkən vəkil iştirak etməmiş, o da məcbur olub video çəkiliş zamanı həmin narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, “ayıq sürücü” kimi işləmiş, polis əməkdaşları onu apararkən evin həyətindəki otaqda, yəni mətbəxdə olmuş, həmin vaxt qapı açılmış, tanımadığı bir şəxs içəri daxil olmuş və ondan Təqsirləndirilən şəxs olub-olmadığını soruşmuşdur. Həmin şəxs polis əməkdaşı olduğunu bildirmişdir. Evə bir nəfər polis əməkdaşı daxil olmuş, digərləri bayırda olmuş, polis əməkdaşı xidməti formada olmamış, onların birlikdə evdən çıxmalarını qonşular görmüşlər. Həmin hadisə təxminən saat 10-11 radələrində olmuşdur. Qapıdan çıxarkən polis əməkdaşlarından biri ona yumruq atmış, o, hansı səbəbdən yumruq atdıqlarını bilməmiş, problem yaratmaması üçün belə etdiklərini güman etmişdir. Yumruq ona dəymiş, lakin əvvəldən hiss edərək başını kənara çəkdiyi üçün, yumruq yüngül şəkildə dəymişdir. O, saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. İttihamda elan olunan narkotik vasitələr polis əməkdaşlarının özlərinin olmuş, onun cibinə də onlar yerləşdirmişdir. O, ümumiyyətlə narkotik vasitə qəbul edən şəxsdir, əlinə hansı növdə narkotik vasitə düşsə, o növündən də istifadə etmişdir. Narkotik vasitəni hər gün qəbul edə bilməmiş, pulu olanda qəbul etmişdir. Narkotik vasitəni adətən 10 manata bir dəfə istifadəlik dozalarda almışdır. Onu saxlayan polis əməkdaşlarının adlarını bilmir, lakin üzdən görsə tanıyar. Polis əməkdaşları onu döymüş, hətta yaxın vaxtlara qədər bununla əlaqədar qabırğasında ağrı olmuş, lakin üzərində gözlə görünən xəsarəti olmamışdır. Bakı İstintaq Təcridxanasına daxil olan zaman üzərində xəsarət olmuş, lakin həmin xəsarəti özü yetirmiş, polis əməkdaşlarının onu döyməsi ilə əlaqədar olmamışdır. Qabırğasının zədələnməsinə görə müalicə almamış, müvəqqəti saxlama yerinə təhvil veriləndə bədənində xəsarət olmamışdır. Ona AR CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcəyini dediklərindən, Cinayət Məcəlləsinə yeni maddənin əlavə olunduğunu bilmədiyindən narkotik vasitəni öz üzərinə götürməyə razılaşmışdır. Qabırğasının zədələnməsinə görə şikayət etmiş, bununla bağlı prokurorluq orqanının əməkdaşı tərəfindən dindirilmişdir. Qızı vəfat etdikdən sonra 1- 2 ildir ki, narkotik vasitədən istifadə etmiş, əvvəllər narkotik vasitə istifadə etməyinə görə məsuliyyətə cəlb olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində həmçinin bildirmişdir ki, o, Şahid1 tətəfindən saxlanılmamış, Şahid1 bölmədə üzərinə axtarış keçirilən zaman görmüşdür. xx.xx.2022-ci il tarixdə səhər saatlarında kənddə olmuş, oğlu ilə günorta 11:30 radələrində Xızıdan qayıtdıqdan sonra axşam saatlarında evdə tutulmuşdur. Üzərindən polis əməkdaşlarının qoyduqları göy bükümdə maddə aşkar edilmiş, ondan nə olduğunu soruşduqda o da “tiryək” olduğunu bildirmiş, sonra isə tiryəki “kakos” adlı maddə ilə əvəz etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 02 sentyabr 2022-ci il tarixdə bölmənin inzibati ərazisində sahə inspektoru Şahid2lə saat 11 radələrində Namiq Məlikov küçəsində xidmət aparan zaman dalan 6 tərəfdə Təqsirləndirilən şəxs görmüş və yaxınlaşıb özlərini təqdim etmişlər. Şəxs özünü şübhəli apardığına görə onu bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs bölməyə gəlməkdən imtina etməmiş, bölmədə inzibati otaqların birində təhqiqatçının iştirakı ilə o və digər polis əməkdaşı Şahid2 iştirakı ilə şəxsin üzərinə axtarış keçirilmiş və üzərində narkotik vasitə olan “heroin”ə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs soruşduqda həmin narkotik vasitəni 40 manata aldığını bildirmişdir. Şahid1 məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi Namiq Məlikov küçəsində saxlamışlar, evində saxlamamışlar, ona qarşı heç bir təzyiq göstərməmişlər. Bölməyə dəvət olunduqda o, yayınmağa çalışmamışdır. O, təqsirləndirilən şəxsi ilk dəfə tutulanda görmüşdür. Şəxs barəsində bölməyə məlumat daxil olmamış, şəxsi polis əməkdaşı Şahid2lə birlikdə küçədə özünü şübhəli apardığına görə saxlamışlar. Şəxsə Şahid2lə birlikdə yaxınlaşmış, onu bölməyə dəvət etdikdən sonra üzərinə axtarış keçirilmişdir. Təqsirləndirilən şəxsi gündüz saat 11 radələrində saxlamışlar. Şəxsin üzərində saat neçədə axtarış keçirildiyini xatırlamır. 20-ci bölmədə inzibati otaqların birində şəxsin üzərinə axtarış keçirilmiş, təqsirlənirilən şəxsə qarşı heç bir təzyiq göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin sahə inspektoru polis leytenantı Şahid2, Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, maddi sübut, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Nəsimi RPİ-nin 20-ci PB-nin sahə inspektoru, polis leytenantı Şahid2 tərəfindən tərtib olunmuş 02 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 11.00 radələrində ünvan 4 ünvanının qarşısında xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını gördükdə həmin şəxsə yaxınlaraq özlərini təqdim etmiş və üzərində cinayət məsuliyyətinə səbəb ola biləcək qanunla qadağan olunmuş hər hansı bir əşya, eləcə də narkotik vasitə olması güman edildiyindən həmin şəxsi Nəsimi RPİ-nin 20ci PB-yə dəvət etmişlər. PB-də olan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Həmin raportla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi üçün aidiyyəti əməkdaşa göstəriş verilməsi PB-nin rəisindən xahiş edilmişdir. (iş vərəqə: səh.3) Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 02 sentyabr 2022-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunan “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 02 sentyabr 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında, paltarının ciblərində və bədənində ola biləcək qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təhvil vermişdir. Tədqiq olunan protokoldan həmçinin görünür ki, Təqsirləndirilən şəxs həmin bükümün nə olması soruşulduqda, o, səmimi olaraq həmin bükümün içərisində “kokos”, yəni narkotik vasitə heroin olmasını etiraf etmiş və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün “Papanin” adlanan arazidən tanımadığı şəxsdən 40 manat pul müqabilində əldə etməsini bildirmişdir. (iş vərəqə: səh.46-51) Məhkəmə baxışı zamanı nümayiş olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi yüklənmiş bir ədəd DVD formatlı diskdə olan 18 dəqiqə 52 saniyəlik videogörüntülərlə müəyyən edildi ki, DVD formatlı diskə yüklənmiş videogörüntülər məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 02 sentyabr 2022-ci il tarixli protokolun məzmunu ilə eynilik təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 sentyabr 2022-ci il tarixli 6/4743 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün № 188» möhür əksi, «...Şübhəli şəxs...Xəlfəquliyev Zülfi...» və s. sözlər, imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 4,459 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. (iş vərəqə 60-61) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «təqsirləndirilən şəxs qismində cəlb etmə» barədə 04 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir (iş vərəqə: səh. 73-74). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X2 üzrə xx.xx.2022-ci il tarixli, 6794 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh.116-117). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 sentyabr 2022-ci il tarixli əməliyyat tapşırığına verilmiş 30 sentyabr 2022-ci il tarixli, 084-171468-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə satmış şəxsin şəxsiyyətinin, eləcə də olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsə də müsbət nəticə əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansısa bir məlumat əldə etmək mümükün olmamışdır (iş vərəqə: səh.108). İbtidai istintaq orqanının işdə olan «sübutların qiymətləndirilməsi haqqında» 10 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4,459 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,359 qram narkotik vasitə heroin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Həmin qərardan həmçinin görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hadisə baş verən gün ona narkotik vasitə satan şəxsin barəsində araşdırma aparılması və qanuni tədbir görülməsi məqsədilə cinayət işi materiallarından ayrıca icraata material ayrılmaqla Nəsimi RPİ-nin 20-ci PŞ-yə göndərilmişdir. (iş vərəqə: səh.125-130) Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan heroinin çəkisi 4,459 qram təşkil etməklə «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş heroin narkotik vasitəsinin miqdarı külli miqdar həddində olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, polis əməkdaşları tərəfindən küçədə deyil, evində tutulması, saxlanılan zaman üzərində heç bir narkotik vasitənin olmaması, polis əməkdaşları tərəfindən döyülərək təzyiqlərə məruz qalması, bu səbəbdən də ibtidai istintaq zamanı etirafedici ifadələr verməsi ilə bağlı ifadəsinə qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd edilən məzmundakı ifadələri məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutlarla tam təkzib olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs saxlanıldığı Bakı İstintaq Təcridxanasından onun adına açılmış “Şəxsi iş” və tibbi kitabça əldə edilərək, məhkəmə iclasında tədqiq edilmiş və həmin sənədlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2022-ci il tarixdə Nəsimi RPİ-nin MSY-ə daxil olan zaman sol qolunda cızıqlar aşkar olunmuş, həmçinin 06 sentyabr 2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olan zaman müəssisənin tibbi-sanitar hissəsində üzərinə baxış keçirilərkən bazu və sol said nahiyələrində qərtməkli yara xəsarətləri aşkar olunduğundan bununla bağlı Ədliyyə Nazirliyinə və Bakı şəhər Prokurorluğuna xüsusi məlumat verilmiş, müvafiq akt tərtib olunmuş və təqsirləndirilən şəxsin izahatı alınmışdır. Təqsirləndirilən şəxs həmin izahatında qeyd olunan xəsarətləri polis əməkdaşları onu saxlayan zaman əsəbləşərək özü-özünə yetirdiyini bildirmişdir. Bundan başqa, məhkəmənin sorğusuna əsasən əldə edilərək, məhkəmə iclasında tədqiq edilib cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon prokurorluğunun müstəntiqi X5 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 04 noyabr 2022-ci il tarixli qərardan görünür ki, araşdırma zamanı iş üzrə təqsirləndirilən şəxsin və əməliyyat müvəkkili Şahid1 izahatları alınmış, Təqsirləndirilən şəxs barəsində məhkəmə-tibbi ekspertizası təyin olunmuş və ekspertiza üzrə 04 noyabr 2022-ci il tarixli 1472 saylı rəyi tədqiq olunmuşdur. Həmin rəyə əsasən, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər- sol bazu və sol said nahiyələrinin kəsilmiş yaraları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər iti kənara malik olan alətin (alətlərin) və ya əşyanın (əşyaların) təsirindən törənmişlər, tibbi sənədlərdə ətraflı təsvir olunmadığından törənmə müddətləri barədə fikir söyləmək mümkün olmadı, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən özözünə yetrilməsi nəticəsində əmələ gələ bnilmələri inkar edilmir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin əməkdaşları tərəfindən qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qalması, ona işgəncə verilməsi, ona xəsarət yetirilməsi sübuta yetmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən, o cümlədən cinayət işinin başlanmasını rədd edilməsi haqqında qərarın və ekspert rəyinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs üzərində yalnız sol bazu və sol said nahiyələrinin kəsilmiş yaraları aşkar edilmiş, təqsirləndirilən şəxs həm Nəsimi rayon prokurorluğuna verdiyi izahatında, həm də məhkəmə iclasında qeyd olunan xəsarətləri özü-özünə yetirdiyini bildirmiş, bundan başqa onun üzərində başqa hər hansı bir xəsarət izi aşkar edilməmişdir. Bununla da təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülüb təzyiqlərə məruz qalması ilə bağlı ifadəsi öz təsdiqini tapmamışdır. Bundan başqa, təqsirləndirilən şəxsin üzərinə videoçəkiliş altında baxış və axtarış keçirilmiş, aşkar olunmuş predmet qanuna müvafiq şəkildə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Başqa sözlə, məhkəmə təqsirləndirilən şəxsin onun üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması və polis əməkdaşları tərəfindən döyülərək təzyiqlərə məruz qalması ilə bağlı ifadəsini həqiqətə uyğun hesab etmir. Bundan başqa, təqsirləndirilən şəxsin ünvan 2 ünvanının qarşısında deyil, həmin ünvanda yerləşən yaşadığı mənzildə tutulması ilə bağlı ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs polis əməkdaşlarının onu öz mənzilindən tutub apararkən bütün qonşularının buna şahid olduğunu bildirsə də, müdafiə tərəfi qeyd olunan xüsusatla bağlı məhkəməyə hər hansı bir sübut və ya şahid təqdim etməmiş, məhkəmə tərəfindən qeyd olunan halın başqa üsulla müəyyən edilməsi də mümkün olunmamışdır. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmə iclasında 02 sentyabr 2022-ci il tarixdə səhər saatlarında deyil, gecə saat 23 radələrində tutulması, səhər saatlarında Xızı rayonunda olması ilə bağlı ifadəsinə qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxs həm məhkəmə iclasında sərbəst ifadə verən zaman, həm də Nəsimi rayon prokurorluğunda verdiyi izahatında polis əməkdaşları tərəfindən gündüz saat 11 radələrində saxlanıldığını bildirmişdir. Eyni zamanda məhkəmə iclasında nümayiş edilərək tədqiq olunmuş təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılmasıına dair videogörüntü ilə də müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış gündüz saatlarında həyata keçirilmişdir. Bununla da onun yaşadığı mənzildən tutulması, habelə gecə saatlarında tutulması ilə bağlı ifadəsi də öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin polis əməkdaşlarının onun üzərinə qoyduqları göy bükümdə maddənin aşkar edilməsi, ondan nə olduğunu soruşduqda o da “tiryək” olduğunu bildirməsi, sonra isə tiryəki “kakos” adlı maddə ilə əvəz etmələri ilə bağlı ifadəsinə münasibətdə qeyd edir ki, məhkəmə iclasında nümayiş edilərək tədqiq olunmuş təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılmasıına dair videogörüntü ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin üzərindən şəfaff rəngli bir büküm aşkar edilmiş, Təqsirləndirilən şəxs qeyd olunan bükümdəki maddənin nə olduğu sorşulduqda, o da “kokos” olduğunu bildirmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun hesab etmir, təqsirləndirilən şəxsin həmin ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq məqsədi daşıyır və öz ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə cinayət işinin materiallarına əlavə edilmiş sübutlarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin narkotik vasitə heroin olduğu, çəkisinin isə 4,459 qram təşkil etdiyi tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 107) Beləliklə, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X1 “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ №743264 saylı “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2011-ci il təvəllüdlü X3 adlı bir azyaşlı övladı var. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, oğlu X1 “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6794 №-li rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilməli, həmçinin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcəyini nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 02 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 02 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 04 sentyabr 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 02 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır (iş vərəqə: səh. 20-21, 95- 98). Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,359 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi 35 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 210 (iki yüz on) manat , 8 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 02 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. O, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. - Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,359 qram narkotik vasitə heroin məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 110 (yüz on) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdikləri hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 210 (iki yüz on) manat, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 48 (qırx səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar