Məhkəmə qərarları › İş №1(101)-701/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-701/2024

20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-701/2024 20.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və tərcüməçi X2 iştirakı ilə xx xxxx 1981-ci il tarixdə Gürcüstanın Tbilisi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, Abşeron Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan Həsən adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs Həsən adlı şəxsin sifarişi ilə gələcəkdə ayrı-ayrı müştərilərə çatdırılması, eləcə də satışının həyata keçirilməsi üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində gizlətdiyi “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in l siyahısına daxil olan külli miqdarda - 5,824 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısına daxil olan külli miqdarda - 11,481 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 08 kq 015 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanam həmin yerdən qanunsuz əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdə saat 22:04-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş və orada 02 may 2023-cü il tarixdə saat 00:22-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman sağ əlində saxladığı torbadan satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda - 5,824 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi külli miqdarda - 11,481 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bağlamada təmiz çəkisi külli miqdarda - 08 kq 015 qram olan tərkibində narkotik 10 maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 01 may 2023-cü il tarixdə axşam üstü yolla piyada getdiyi zaman bir nəfər yaşlı adam ona yaxınlaşmış, qolundan tutaraq onunla işi olduğunu bildirmiş, onu Naxçıvani küçəsinə aparmış, həmin küçədə bir nəfər də onların yanına gəlmiş, onu avtomobilə əyləşdirmiş və polis idarəsinə aparmışlar. Polis idarəsində onu otağa salmış və əli qandallı şəkildə döyməyə başlamışlar, içərisində narkotik vasitə olan sellofan torbanı göstərərk ona məxsus olduğunu etiraf etməsini tələb etmişlər; o, göstərilən təzyiqlərə dözməyərək məcbur qalaraq ona məxsus olmayan narkotik vasitənin özünə məxsus olmasını etiraf etmiş, videoçəkiliş zamanı 2 kiloqram narkotik vasitəni gətirib onun boynuna qoysalar da, məhkəməyə göndərilmiş ittihamda narkotik vasitənin çəkisinin 8 kiloqram olması göstərilmişdir; polis əməkdaşları onu tutan vaxt üstündə heç bir narkotik vasitə olmamış, üzərində yalnız bir telefon və bir alışqan olmuşdur; o, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış, narkotik vasitənin istifadəçisi olmuş, ona görə də məhkum olunmuşdur, Həsən adlı şəxslə əlaqəsi olmamış, narkotik vasitə satan şəxs ona narkotik vasitənin aparıb harasa qoyması ilə bağlı ona heç nə deməmişdir; telefonda narkotik vasitə aludəçisi olan dost-tanışlarıyla bir-birindən narkotik vasitə istəmələri barədə yazışmaları olmuşdur. Polis işçiləri tərəfindən ona fiziki təzyiqlər olmuş, döyülmüş, bədəni üzərində xəsarətlər olmuş, həmin xəsarətlər qeydiyyata alınmışdır. Onu polis idarəsinə gətirən başqa şəxslər olmuş, polis idarəsində çəkilişdə isə başqa şəxslər iştirak etmişdir; o, narkotik vasitə heroin qəbul etsə də, marixuana qəbul eləməmişdir. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, heç bir ruhi-əsəb xəstəliyi yoxdur. 2001- 2003-cü illərdə hərbi xidmətdə olmuşdur. 2007-ci ildə ailə həyatı qurmuş və birgə nikahdan iki azyaşlı övladı var. 3-4 ildir ki, “kokos” kimi tanıdığı narkotik vasitə heroindən və “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə edir. Əvvəllər “Azza” şirniyyat şirkətində işləmiş, narkotik vasitələrdən istifadəyə başladıqdan sonra işdən azad olunmuş, həmin vaxtdan etibarən fərdi əməklə - fəhləliklə məşğul olur. Abşeron Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum olunmağına baxmayaraq narkotik vasitələrdən asılı vəziyyətə düşdüyündən onları ata bilmirmiş. Ona görə də, mütəmadi olaraq “kokos” və “patı” istifadə edirmiş. Əvvəllər istifadə etdiyi maddələri Xırdalan şəhərində tanımadığı şəxslərdən almış, son 2-3 həftə olar ki, sosial şəbəkədə “Həsən” adlı iranlı şəxslə tanış olmuş və ondan onlayn yolla öz istifadəsi üçün narkotik vasitə və psixotrop maddə almış. Belə ki, “Həsən” onun üçün şəhərdə müxtəlif yerlərə narkotik vasitə atdırırmış və o həmin maddələri götürdükdən sonra Həsənin dediyi karta pul göndərmiş. Bu yolla o Həsəndən bir neçə dəfə narkotik vasitələr almışdır. Son dövrlərdə maddi vəziyyətində problemlər olduğundan Həsənə təxminən 300 manata yaxın borcu yaranmışdır. O da Həsənə demişdir ki, həmin pulu hissə-hissə verəcək. Həsən də onunla razılaşmışdır. 01 may 2023-cü il tarixdə o, Həsənlə danışmış və Həsəndən öz istifadəsi üçün «kokos» və patı istəmişdir. Həsən də gün ərzində göndərəcəyini bildirmişdir. Həmçinin, ona təklif etmişdir ki, əlavə malı da var, həmin malı qəbul edib özündə saxlasın və bir gün sonra Həsənin dediyi ünvana qoysun. Bunun qarşılığında Həsən onun 300 manat borcunu siləcəyini bildirmişdir. Belə ki, Həsən bildirmişdir ki, onun Bakı şəhərində olan kuryeri işə çıxa bilmir və buna görə də malını yerləşdirə bilmir. O da Həsənlə razılaşmışdır. Həmin günü, yəni, 01 may 2023-cü il tarixdə təxminən axşam saat 21 radələrində Həsən ona konum və şəkil göndərmişdir ki, gedib malı götürsün. Həmin konum Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsini göstərmişdir. O həmin konum üzrə gedib iranlı Həsənin göndərdiyi narkotik vasitələri tapmışdır. Həmin maddələri oradan götürmüş və uzaqlaşmaq istəyən zaman 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, sağ əlində saxladığı 01 ədəd qara rəngli sellofan torbada narkotik vasitə və psixotrop maddə vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə həmin Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o sağ əlində saxladığı qara rəngli sellofan torbanın içərisində narkotik vasitə və psixotrop maddə olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “Samsung" markalı mobil telefonu, şalvarının sol yan cibindən isə 01 ədəd alışqanı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra sağ əlində saxladığı 01 ədəd qara rəngli sellofan torbanı təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd qara rəngli sellofan torbanın içərisinə baxış keçirilmişdir. Baxış zamanı həmin sellofan torbanın içərisində 02 ədəd sellofan büküm və 01 ədəd sintetik kisə aşkar edilmişdir. Həmin 01 ədəd sintetik kisə iştirakçıların şahidliyi ilə açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuana olması müşahidə edilmişdir. Daha sonra 02 ədəd sellofan bükümlərə baxış keçirilmişdir. 1-ci sellofan bükümün içərisində psixotrop maddə metamfetamin, 2-ci sellofan bükümün içərisində isə narkotik vasitə heroin olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar olunmamışdır. Şifahi sorğu zamanı həmin maddə və kütlələri 01 may 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu inzibati ərazisində olarkən əvvəlcədən razılaşdırılmış qaydada anket məlumatlarını bilmədiyi "Həsən” adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, belə ki, həmin şəxsi təxminən 2-3 həftə müddətdir ki tanıdığını, lakin həmin şəxsi görmədiyini, həmin şəxslə ancaq mobil telefonla “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxladığını, belə ki, “Həsən” adlı şəxsdən əldə etdiyi “kokos” və metamfetaminin hər qramı üçün 28 manat pul ödəyəcəyini, lakin torbanın içərisində olan qurudulmuş marixuanaya oxşar kütlə üçün hər hansı vəsait ödəmədiyini, əksinə “Həsən” adlı şəxsin həmin kütlənin 1 gün müddətində onda qalması müqabilində ona 300 manat pul verəcəyini bildirmişdir. Şifahi sorğu zamanı həmin maddə və kütlələri öz şəxsi istifadəsi üçün əldə etdiyini, həmin maddə və kütlələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, özündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddə və kütlələr polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 01 ədəd "Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Üzərindən aşkar edilmiş 01 ədəd alışqan özünə qaytarılmışdır. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrdən heroin və metamfetamini öz istifadəsi üçün, marixuananı isə iranlı Həsənin dediyi yerə çatdırmaq üçün əldə etmişdir. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Əldə etdiyi maddələri necə əldə etmişdisə, o cür də təqdim etmişdir. Belə ki, o, həmin maddələri əldə etdikdən bir neçə dəqiqə sonra saxlanılmışdır. İranlı “Həsən” adlı şəxsin anket məlumatlarını bilmir, telefon nömrəsini də əzbər bilmir. Üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından heç kimin xəbəri olmamışdır. Evində və ya başqa bir yerdə narkotik vasitə və ya psixotrop saxlamır. "Bakcell” MMC-yə məxsus (055) ***-**-** və "xxxx" MMC-yə məxsus 070) (819-41-11 mobil nömrələrindən istifadə edir. Nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir (cild 1, iş vərəqi 45-46). Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 01 may 2023-cü il tarixdə Ruslan adlı şəxs qanunsuz yollarla külli miqdarda narkotik vasitələri əldə edib satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin gün saat təxminən 23 radələrində Binəqədi rayonu Naxçıvani küçəsi-59 ünvanına getmiş, orada həmin Ruslan adlı şəxsi saxlamış, özlərini təqdim edərək narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmiş və Baş İdarəyə dəvət etmişlər. Baş İdarəyə vəkil dəvət olunmuş, vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərində qara rəngli sellofan torba olmuş, torbanın içərisinə baxış keçirilmiş, torbanın içərisində narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, marixuana olan bükümlər aşkarlan edilmişdir. Təqsirləndirilən şəxs metamfetamini və heroini İran İslam Respublikasının vətəndaşından öz istifadəsi üçün əldə etdiyini, narkotik vasitə olan marixuananı isə iranlının sözünə əsasən saxladığını və aparıb bir yerə qoyacağını, başqa şəxsin də həmin narkotik vasitəni götürməli olduğunu bildirmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı təzyiq və təsir olmamışdır. Məhkəmə zamanı şahid qismində dindirilmiş və ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, şübhəli şəxsin tutulması haqqında 01 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 23). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 122-126). Şəxsi axtarış və götürmə aparılması haqqında 01 may 2023-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdə saat 22:04-də ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs sağ əlində saxladığı 01 ədəd qara rəngli sellofan torbanın içərisindəki 01 ədəd sintetik kisədən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd sellofan bükümün içərisindən psixotrop maddə metamfetaminə oxşar maddə və 01 ədəd sellofan bükümün içərisində narkotik vasitə heroinə oxşar maddə aşkar edimişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, şalvarın sol yan cibindən isə 01 ədəd alışqan aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş maddələr və 01 ədəd mobil telefon götürülmüş, 01 ədəd alışqan isə onun özünə qaytarılmışdır; şəxsi axtarış və götürmə istintaq hərəkəti 02 may 2023-cü il tarixdə saat 00:22-də başlamış və həmin tarixdə saat 00:47-də bitmişdir (cild 1, iş vərəqi 27-30). Məhkəmə-kimyəvi ekspertiza üzrə 02 may 2023-cü il tarixli 6/2525 nömrəli ekspert rəyinə əsasən AR DİN “Zərflər üçün N° 6” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş....” və s. yazılar, imzalar olan 01 ədəd kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,824 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 11,481 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir (cild 1, iş vərəqi 53-87). Məhkəmə-bioloji ekspertiza üzrə 02 may 2023-cü il tarixli 7/632 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş ... " yazıları və imzalar olan qara rəngli polietilen bağlamadakı 01 (bir) ədəd ağ rəngli sintetik bağlamada təmiz çəkisi - 8015 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (cild 1, iş vərəqi 58-61). Məhkəmə-narkoloji ekspertizası üzrə 14 iyul 2023-cü il tarixli 4438 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 183-184). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və Abşeron Rayon Məhkəməsinin 19 mart 2021 -ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 147). Abşeron rayon Məhkəməsinin 7(012)-71/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 19 mart 2021 -ci il tarixli hökmünə əsasən təyin edilmiş 02 il 04 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 10 ay 18 gün hissəsi “08 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən 01 il azadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlinin törədildiyi 01 may 2023-cü il tarixə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə və psixotrop maddə olmaması, polis əməkdaşlarının təsiri və təzyiqi ilə əvvəlcədən üzərinə qoyulmuş narkotik vasitəni videoçəkiliş aparılarkən çıxararaq təqdim etməsi və polis əməkdaşlarının təzyiqi nəticəsində etirafedici ifadələr verməsi, iranlı şəxs ilə heç bir əlaqəsinin olmaması, narkotik vasitə istifadəçisi olsa da heç vaxt satışını həyata keçirməməsi barədə məhkəmə zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli qərarından görünür ki, həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən Təqsirləndirilən şəxs məhkəmədə polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması barədə bildirməmiş, ona ittiham olunna əməldə özünü təqsirli bilərək, İran islam Respublikasının vətəndaşı ilə internet vasitəsilə tanış olduğunu, həmin şəxsin ona iş təklif etdiyini, işi narkotik vasitəni lazımi ünvanlara çatdırmaq olduğunu, pula ehtiyacı olduğu üçün işlə razılaşdığını, əməlindən peşman olduğunu göstərərək barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində, o cümlədən 01 may 2023-cü il tarixdə üzərinə baxış keçirilən zaman aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olmasını etiraf etmişdir; şəxsi axtarış keçirilməsi barədə 01 may 2023-cü il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qalması barədə heç bir qeydi olmamış, həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən Təqsirləndirilən şəxs sərbəst şəkildə üzərindən aşkar edilən qanunsuz əşya və predmetləri polis əməkdaşlarına könüllü təqdim etməsi müəyyən edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin tutulmasında və üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş polis əməkdaşları - Şahid1, Şahid2 və Şahid3 məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs qarşı sonuncuya qarşı istər saxlanılan zaman, istərsə də polis idarəisndə oduğu zaman heç bir fiziki və ya psixi təsir edilmədiyini bildirmişlər. Bakı İstintaq Təcridxanasından daxil olmuş 06 may 2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən alının ön səthində 0,5-1 sm ölçüdə üç ədəd çapılmış (kəsilmiş) üzəri qərtməkli yaralar müşahidə olunmuşdur. Qeyd edilən halın araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 aprel 2024-cü tarixli məktubu ilə Bakı şəhəri Nərimanov rayon prokuroruna Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 207.6-cı maddəsinə əsasən müraciət edilmişdir. Bakı şəhəri Nərimanov rayon Prokurorluğundan daxil olmuş 07 may 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə məlumat daxil olmamış və araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Baş Prokurorluğun 19 sentyabr 2024-cü il tarixli məktubundan və 13 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs BMCMİ-nin polis əməkdaşları tərəfindən saxlanılarkən işgəncəyə, fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalması barədə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı qeyd olunan xüsusatlar təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin külli miqdarının aşağı həddi 2 qram, narkotik vasitə marixuananın qurudulmuş halda külli miqdarının aşağı həddi 500 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 5,824 qram, narkotik vasitə heroinin təmiz çəkisi 11,481 qram, qurudulmuş narkotik vasitə marixuananın ümumilikdə təmiz çəkisi 8015,0 qram olmaqla hər biri külli miqdar təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşıması işin materialları ilə sübut olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsinə iki ayzaşlı uşağının olmasını cəzasını yüngülləşdirlən hal kimi müəyyən etmişdir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 01 may 2023-cü il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmasını, həmin Məcələnin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 01 may 2023-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-kimyəvi və Məhkəmə-bioloji ekspertiları üzrə 02 may 2023-cü il tarixli 6/2525 və 02 may 2023-cü il tarixli 7/632 nömrəli ekspert rəylərinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddələr kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar- Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerində saxlanılan ekspertiza təhqiqatından sonra qalıq qalan 5,724 qram psixotrop maddə metamfetamin, 11,381 qram narkotik vasitə heroin və 8.014,8 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Ruslan İsmaılovun üzərində şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin köçürüldüyü 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 188 (yüz səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə . hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerində saxlanılan ekspertiza təhqiqatından sonra qalıq qalan 5,724 qram psixotrop maddə metamfetamin, 11,381 qram narkotik vasitə heroin və 8.014,8 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin köçürüldüyü 01 ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 188 (yüz səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar