Məhkəmə qərarları › İş №1(101)-701/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-701/2025

28.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-701/2025 28.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X5 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Nizaməddin qızının iştirakları ilə, xx xxxx 1991-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır Belə ki, Təqsirləndirilən şəxs 24 iyul 2024-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Təzə Pir” məscidinin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan “Elnarə” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 3,369 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 24 iyul 2024-cü il tarixdə saat 19:10-da Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq polis idarəsinin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 3,369 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, təxminən 4 ildir ki, narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən damara yeritmək yolu istifadə edir. Həmin maddələrin hər birinin qramını 70 manata əldə etmişdir. “Eliş” deyə çağırılan Elnarə adlı qadına narkotik vasitə üçün pul vermiş, həmin narkotik vasitəni almaq üçün sonuncunun olduğu evə getmiş, lakin “Eliş” onda hələ narkotik vasitə olmadığını, 2 saatdan sonra gəlməyini demişdir. Oradan çıxıb müəyyən ləvazimatları almaq üçün aptekə daxil olmuş, aptekdən çıxan kimi polis əməkdaşları onu saxlamışlar. Həmin vaxt üzərində heç bir maddə olmamışdır. Polis əməkdaşları onu “Təzə Pir” məscidinin arxa tərəfində saxlayaraq Yasamal rayon Polis İdarəsinə aparmışlar. Polis əməkdaşları onu döydüklərinə görə bədənində xəsarət izləri olmuş, onu saxlayan əməliyyat müvəkkilləri özləri xəsarətləri ilə bağlı ekspertizaya aparmışlar, orada həkim heç ayağa da durmadan, bədənini yoxlamadan, ancaq sorğu-sual edərək onda xəsarət olmaması ilə bağlı rəy vermişdir. Polis əməkdaşları yanında olduqlarından özü də döyülməyi barədə həkimə heç nə deməmişdir. Polis əməkdaşları onu dəyənəklə bədəninə, üzünə isə torba ilə vurmuşlar ki, xəsarət izləri qalmasın. Döyülməyi ilə bağlı belində, bədəninin müxtəlif yerlərində xəsarət izləri qalmışdır. Onu təxminən 1 saata yaxın incitmişlər, sonda məcbur qalıb polis əməkdaşlarına heç olmasa əməlini CM-nin 234.1-ci maddəsi ilə rəsmiləşdirmələrini demişdir, onlar da razılaşmışlar. O, latın qrafikası ilə oxuya bilməmişdir, təqdim olunan sənədləri oxumadan imzalamışdır. Ancaq Bakı İstintaq təcridxanasında ona CM-nin 234.1- 1-ci maddəsi ilə ittiham verildiyini bilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, iyul ayında daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Mustafa Sübhi küçəsi, 14 ünvanında saxlanılmış, aidiyyəti üzrə Yasamal rayon Polis İdarəsinə gətirilmişdir. İdarədə çəkiliş vasitəsilə üzərinə baxış keçirilən zaman üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Maddə Elçinin cibindən çıxarılmış, kiçik ölçüdə olmuşdur. Aşkar olunan maddə qablaşdırılaraq aidiyyəti üzrə ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, onlara daxil olan əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlaması, satışı ilə məşğul olması haqqında olmuş, əməliyyat tədbirini keçirməkdə məqsədləri şəxsi saxlamaq və üzərində narkotik vasitə aşkar etmək olmuşdur. Təqsirləndirilən şəxs təxminən saat 6-7 radələrində saxlanılmışdır. Elçin narkotiki Elnarə adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı tərəflərindən heç bir fiziki və ya psixi təsir olmamış, Təqsirləndirilən şəxs İdarədə heç kim döyməmiş, o, belə halın şahidi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadəsi ilə Şahid2 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxx 1991-ci ildə ünvan 5 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi və istifadə etməsi bildirilmişdir (cild 1, iş vərəqi 5). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 6-7). - xx.xx.2024-cü il tarixli raportun məzmunundan görünür ki, həmin tarixdə Yasamal rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxx 1991-ci ildə ünvan 5 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs ünvan 3 ünvanının qarşısında saat 19:10 dəqiqədə saxlanılaraq Yasamal RPİ-yə gətirilmişdir (cild 1, iş vərəqi 11). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ sellofana bükülmüş maddəni çıxarıb təqdim edərək həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, onu həmin tarixdə günorta radələrində Təzə Pir məscidinin yanında “Elnarə” adlı qadından 40 manat pul ödəyərək aldığını bildirmişdir. Təqdim edilmiş bükülüyə baxış keçirilən zaman içərisində ağ rəngli, kristal şəklində psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar edilmişdir. Sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmış, DİN-in 42 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 35-37). - materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/3798 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunan maddə...” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,369 qram olan ağ rəngli, kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat təşkil edir (cild 1, iş vərəqi 46-50). - təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 61-62). - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Yasamal rayon Polis İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar Təqsirləndirilən şəxs ətrafında müşahidə və soraqlaşma, onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsi hissəsində qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 88-89). - DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı lentə alınmış videogörüntünü özündə əks etdirən bir ədəd DVD-R diskə baxış keçirdilmiş, baxış zamanı müəyyən edilmişdir ki, baş təhqiqatçı Əli Məmmədovun qarşısında, daha sonra sol tərəfində masa arxasında əyləşmiş şəxs, “Mərkəz” vəkil bürosunun müdafiəçisi X1r. Xidməti otaqda olan masanın sağ tərəfində - əynində mavi rəngli cins şalvar və uzun qol boz rəngli köynək olan iki nəfər şəxsin arasında ayaq üstə dayanmış şəxs isə Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs sol və sağ yanında dayanmış şəxslər - adları video çəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 və həmin bölmənin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2dur. Videogörüntünün başlanğıcında təhqiqatçı Əli Məmmədov Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs sağ əlini əynində olan mavi rəngli cins şalvarın sağ yan cibinə salaraq oradan 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb qarşısındakı masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü iştirakçıların və sonuncunun gözü qarşısında açılır və həmin bükülüdə ağ rəngli maddə olması müəyyən olunur. O, həmin maddənin “patı” kimi tanınan psixotrop maddə olduğunu, həmin psixotrop maddəni “Təzə Pir” adlanan ərazidən Elnarə adlı şəxsdən 40 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirir. Təqsirləndirilən şəxs müdafiəçi S.Əliyev sual verərək ona qarşı hər hansı təzyiqin olmasını soruşduqda Təqsirləndirilən şəxs heç bir təzyiq olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan görüntüdəki şəxslərin gözü qarşısında qablaşdırılaraq ağ rəngli zərfə qoyulur və Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin “Zərflər üçün” 42 saylı möhürü ilə möhürlənir. Daha sonra həmin zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır (cild 1, iş vərəqi 117). - DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında xx.xx.2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi mobil nömrə üzrə "xxxx" MMC-dən əldə edilmiş diskdə olan məlumatlara baxış keçirilmiş, baxış zamanı məlumatlar arasında iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 120). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsinin, əməliyyat tapşırığına xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi qadının şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 121). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5685 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 125-126). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2347 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə emosional davamsız şəxsiyyət pozuntusu qeyd olunmuşdur. Onda aşkar olunmuş emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 127-129). - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 766 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqi 130-132). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 3,369 qram metamfetamin, habelə Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD-R disk iş üzrə maddi sübut kimi tanınmış, disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 3,319 qram metamfetamin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin məsul saxlancına verilmişdir (cild 1, iş vərəqi 133-140). - cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş külli miqdarda psixotrop maddə metamfetamini əldə etdiyi “Elnarə” adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 143-144). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən üzərində psixotrop maddə olmaması, polislərin onu döymələri və bunun nəticəsində onun məcbur olub psixotrop maddəni öz üzərinə götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis bölməsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı o, tutulmuş və ifadələri alınmışdır. Habelə müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, şalvarının sağ yan cibindən bir ədəd ağ sellofana bükülmüş maddəni çıxarıb təqdim edərək həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, onu həmin tarixdə günorta radələrində “Təzə Pir” məscidinin yanında “Elnarə” adlı qadından 40 manat pul ödəyərək aldığını bildirmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadələr verərkən üzərindən aşkar edilmiş həmin bükümün içərisində olan kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni “Elnarə” adlı qadından 40 manat pul ödəyərək aldığını bildirmiş, polis əməkdaşları tərəfindən ona fiziki və ya psixi təsir olmadığını bildirmişdir. Döyülməsi ilə bağlı təqsirləndirilən şəxsin iddialarını yoxlamaq məqsədilə, məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı Bakı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilmiş və kitabçada təqsirləndirilən şəxsin sol çiyninin arxa nahiyəsində, sol dirsək nahiyəsində, qarnının sol yan nahiyəsində 2-3 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yaraların aşkar olduğu barədə qeydlərin aparlıldığı müəyyən edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Yasamal rayon prokurorluğundan daxil olmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş zədələrlə bağlı Bakı İstintaq təcridxanasından və Yasamal Rayon Məhkəməsindən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində müvafiq araşdırma aparılmış, araşdırma zamanı onun, Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının izahatları alınmış, habelə məhkəmə-tibb ekspertizası keçirilmişdir. Araşdırma nəticəsində prokurorluq Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması müəyyən edilmədiyinə dair nəticəyə gəlmiş və bu səbəbdən toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək ona 2500 manat cərimə cəzası təyin edilmişdir. Bakı şəhər Probasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “28 May – Respublika Günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli qərarının təsiri altına düşdüyündən həmin cəzadan azad edilmişdir (cild 1, iş vərəqi 108-109). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzadan azad edildiyi gündən iki il keçdiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2024-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 26 iyul 2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 24 iyul 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 24, 83-87). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 24 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən götürülərək Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 3,319 qram metamfetamin məhv edilməlidir. Digər maddi sübut – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 24 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən götürülərək Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,319 qram metamfetamin məhv edilsin. Digər maddi sübut – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar