Məhkəmə qərarları › İş №1(101)-702/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-702/2022

28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-702/2022 28.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 17 : 40 - da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkumluğu olmayan, Ağsu şəhəri, M.Ə.Rəsulzadə 1/7 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2021-ci ilin iyul ayından 05.10.2021-ci il tarixədək olan müddət ərzində müxtəlif tarixlərdə və vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə, Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin saxlanc yeri hesab edilən zirzəmisinə qanunsuz daxil olmaqla oradan hissə-hissə sonuncuya məxsus ümumi dəyəri 540 manat təşkil edən hər kv.m-nin qiyməti 13 manat 50 qəpik olan 40 kv.m kafel almaz greyt 60X60, ümumi dəyəri 5.600 manat təşkil edən hər kv.m-nin qiyməti 35 manat olan 160 kv.m keramika fasad 120X60 (taxta tekstura), ümumi dəyəri 2.520 manat təşkil edən hər kv.mnin qiyməti 28 manat olan 90 kv.m keramika fasad monblanc 120X60, ümumi dəyəri 2.030 manat təşkil edən hər kv.m-nin qiyməti 29 manat olan 70 kv.m keramika fasad dark grey 120X60, ümumi dəyəri 1.870 manat təşkil edən hər dəstinin qiyməti 170 manat olan 11 dəst geviss razetka, ümumi dəyəri 120 manat təşkil edən hər birinin qiyməti 6 manat olan 20 ədəd dekorrolik 25, ümumi dəyəri 100 manat təşkil edən hər birinin qiyməti 2 manat 50 qəpik olan 40 ədəd barmaq rolik, ümumi dəyəri 51 manat təşkil edən hər birinin qiyməti 1 manat 70 qəpik olan 30 ədəd laqonda daşı 180-lıq, ümumi dəyəri 368 manat 50 qəpik təşkil edən hər birinin qiyməti 6 manat 70 qəpik olan 55 ədəd daş yunu yapışdırıcısı, ümumi dəyəri 1.836 manat təşkil edən hər birinin qiyməti 91 manat 80 qəpik olan 20 ədəd silikonlu fasad 25 kq, ümumi dəyəri 2.176 manat təşkil edən hər birinin qiyməti 68 manat olan 32 ədəd travertino-beyaz 20 kq, ümumi dəyəri 2.042 manat 40 qəpik təşkil edən hər birinin qiyməti 7 manat 40 qəpik olan 276 ədəd norm klass A M400, ümumi dəyəri 250 manat təşkil edən hər birinin qiyməti 5 manat olan 50 ədəd basf master tile keramika yapışdırıcısı, ümumi dəyəri 1.586 manat təşkil edən hər birinin qiyməti 6 manat 50 qəpik olan 244 ədəd mata mister fix, ümumi dəyəri 490 manat təşkil edən hər birinin qiyməti 35 manat olan 14 ədəd led lampa horoz, ümumi dəyəri 220 manat təşkil edən hər birinin qiyməti 5 manat 50 qəpik olan 40 ədəd astar şpakilovka, ümumi dəyəri 195 manat təşkil edən hər birinin qiyməti 6 manat 50 qəpik olan 30 ədəd üzlük şpakilovka, ümumi dəyəri 1.575 manat təşkil edən hər birinin qiyməti 7 manat 50 qəpik olan 210 ədəd mata izolotex yapışdırıcı, ümumi dəyəri 680 manat təşkil edən hər birinin qiyməti 85 manat olan 8 ədəd sobsan rulotex, ümumi dəyəri 580 manat təşkil edən hər birinin qiyməti 58 manat olan 10 ədəd X9, bir ədəd qiyməti 3.328 manat 60 qəpik olan mis nakaneçnik gilza və s. ümumi dəyəri 1.080 manat təşkil edən hər birinin qiyməti 135 manat olan 8 ədəd polisan natua P1 yrni mat, ümumi dəyəri 385 manat təşkil edən hər birinin qiyməti 11 manat olan 35 ədəd silikon kolbasa, ümumi dəyəri 240 manat təşkil edən hər birinin qiyməti 9 manat 60 qəpik olan 25 ədəd silikon yapışdırıcı, ümumi dəyəri 14.235 manat təşkil edən hər bir kv.m-nin qiyməti 39 manat olan 365 kv.m metlax 120X60 antracide, ümumi dəyəri 2.700 manat təşkil edən hər birinin qiyməti 150 manat olan 18 ədəd betek plus, ümumi dəyəri 981 manat təşkil edən hər birinin qiyməti 109 manat olan 9 ədəd ildırım çubuğu, ümumi dəyəri 1.260 manat təşkil edən hər birinin qiyməti 70 manat olan 18 ədəd mis birləşdiricilər, ümumi dəyəri 736 manat təşkil edən hər birinin qiyməti 92 manat olan 8 ədəd zink emusiya, ümumi dəyəri 252 manat təşkil edən hər birinin qiyməti 14 manat olan 18 ədəd tol texnikol, ümumi dəyəri 742 manat 50 qəpik təşkil edən hər birinin qiyməti 13 manat 50 qəpik olan 55 ədəd silikon sika, ümumi dəyəri 240 manat təşkil edən hər bir kv.m-nin qiyməti 12 manat olan 20 kv.m kafel 30X30 ağ rəng, ümumi dəyəri 180 manat təşkil edən hər bir kv.m-nin qiyməti 12 manat olan 15 ədəd kafel 60X30 adlı tikinti materiallarını, sonuncu dəfə isə 05.10.2021-ci il tarixdə saat 05 radələrində ümumi dəyəri 116 manat təşkil edən, hər birinin qiyməti 58 manat olan 2 ədəd X9ı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 51.306 manat məbləğində külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci ilin axırlarından başlayaraq 2021-ci ilin oktyabr ayının 5-dək Səbail rayonu, Dostluq küçəsində tikilmiş fərdi tikilidə fəhlə işləmiş, iş saatı səhər saat 08-dən axşam saat 17-ə qədər olmuş, günə 20 manat olmaqla aylıq 600 manat əmək haqqı almışdır. Təxminən 2021-ci ilin iyul ayının əvvəllərində lizinqlə “Ravon” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə götürmüş, avtomobilə görə günə 25 manat ödəniş etmişdir. İşdən sonra həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, 2021-ci ilin yay aylarında müxtəlif günlərdə işlədiyi yerdən müxtəlif sayda “Mətanət A” sement kisəsini talamış və aparıb Dərnəgüldə müxtəlif mağazalara kisənin birini 5 manatdan satmışdır. O, həmin kisələri müxtəlif günlərdə bir və ya iki-iki götürməklə aparmış, qeyd etdiyi əmlakları da Bakı şəhərinin müxtəlif ünvanlarında mağazalara satmışdır. Həmin əmlakları idarə etdiyi “Ravon” markalı avtomobil ilə aparmış, sonuncu dəfə artıq 05.10.2021-ci il tarixdə saat 05 radələrində iki vedrə emosiya götürüb tikilinin arxa hissəsindən çıxarkən nəzarətçilər onu saxlamışlar. Bütün tikintiyə aid əmlaklar tikilinin birinci mərtəbəsində anbar kimi istifadə olunan yerdə saxlanılmış, əvvəllər, həmin yerin qapısı olmamış, heç nə ilə mühafizə olunmamışdır. İçəri rahat formada daxil olmaq olurmuş, son zamanlar, yəni 2021-ci ilin oktyabr ayında artıq qapı qoyulmuş, həmçinin ətraf ərazi təhlükəsizlik kamerası ilə mühafizə olunduğundan içəri girmək olmurmuş. Oktyabr ayının əvvəlində oraya havalandırma sistemi quraşdırmaq üçün divarda yer açılmış və havalandırma quraşdırılmış, lakin çöl tərəfdən həmin yeri tam bağlanmamış, açıq qalmış və bunu o, bilmişdir. Buna görə də 05.10.2021-ci il tarixdə gecə saatlarında həmin yerdən içəri daxil olaraq iki vedrə emulsiya götürüb çıxmış, həmin vaxt oradan çıxanda bir qədər səs-küy olmuş, lakin o, anbardan çıxmış, o, oradan uzaqlaşmaq istəyəndə nəzarətçilər yaxınlaşaraq onu saxlamışlar. O, həmin əməlləri törətmək barədə qabaqcadan kiminləsə razılaşmamış, yalnız keçmiş iş yoldaşı Azərdən bəzi malların qiyməti ilə maraqlanmış, ancaq sonuncuya həmin əmlakları taladığını deməmişdir. Əmlakları satdığı şəxslərə həmin əmlakların oğurluq yolla əldə olunması barədə bir söz deməmişdir. O, Şahid2 24 kvadratmetrlik ərazi üçün nəzərdə tutulmuş qara rəngli metlaq və “Mətanət A” şirkətinə məxsus 10 kisə mata satmış, 2021-ci ilin iyul ayının ortalarında Şahid4 evinin həyətinə kafellər, 3 ədəd yapışdırıcı qoymuş, həmçinin sonuncuya 2 kisə sement satmış, həmçinin Şamxala mata, emosiya təklif etmişdir ki, almaq istəyən olsa ona desin. Şahid7 2021-ci ilin avqust ayının təxminən ortalarında 3 növ kafelin fotoşəklini göndərərək, bahalı kafellər olduğunu və onun üçün kvadratını 25 manatdan verəcəyini demişdir. 2021-ci ilin avqust ayında gecə saat 01 radələrində idarə etdiyi avtomobildə olan təxminən 4 ədəd emulsiyanı və 10 ədəd silikonu Şahid8 yaşadığı evə qoymuş və növbəti gün götürəcəyini bildirmiş, bir neçə gün sonra gəlib həmin emulsiyaları və silikonu götürüb aparmışdır. X1 2021-ci ilin iyul və avqust aylarında 6 vedrə “Sobsan” markalı emulsiya, 1 vedrə “Bitum”, 8 dəst “Ceviz” markalı razetka, 2 ədəd led işıq satmışdır. Qardaşı Şahid3 təxminən 2021-ci ilin iyul ayının əvvəllərində özündə 1,20x60 metr ölçüdə kafellər olduğunu deyərək kafelləri rayonda satıb sata bilməyəcəyini soruşmuş, rayona getdikdə 5 vedrə “Sobsan” markalı emulsiya, 1 vedrə “Bitum”, 8 dəst “Ceviz” markalı razetka, 2 ədəd led işıq aparmışdır. Bundan başqa söhbətlərin birində Orxana özündə 30-40 kisə mata olduğunu da demiş, taladığı əmlakın dəyəri ittihamda qeyd edildiyi kimi 51.306 manat dəyərində olmamışdır. O, zərərçəkmiş şəxsə həmin məbləğdən bir neçə dəfə aşağı həddə, təxminən 10-15 min manat dəyərində maddi ziyan vurmuş, ona yalnız oğurladığı əmlakların dəyərinə uyğun olaraq aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 4 ünvanında yerləşən 32 sot torpaq sahəsində özü üçün iki ayrı-ayrı fərdi yaşayış evi tikdirmişdir. Həmin evlərin tikintisinə təxminən 2019-cu il tarixdən başlamış, hazırda evlərdən birinin tikintisi başa çatmış, təmir olunaraq hazır vəziyyətə gətirilmiş, digərinin tikintisi isə başa çatsa da təmir işləri davam etmişdir. Həmin təmir işləri gedən evdə təmir üçün nəzərdə tutulan materialları evin zirzəmisinə yığılmış, həmin yeri anbar kimi istifadə edilmiş, ustalar lazım olduqca həmin materiallardan istifadə etmişlər. Təxminən 2021-ci ilin yay aylarında həmin anbara daxil olduqda yenicə aldığı 18 ədəd sement kisəsinin yerində olmadığını aşkar etmiş, lakin konkret olaraq bunu kimin etdiyini bilmədiyi üçün heç kəsə bu barədə bir söz deməmişdir. Bundan bir neçə ay sonra da anbara daxil olduqda müəyyən malların yerində olmadığını aşkar etmiş, bu hal bir neçə dəfə baş vermiş, lakin konkret olaraq bunu kimin etdiyini bilməmişdir. Əvvəllər həyəti mühafizə etmək üçün bir nəfər mühafizəçi olmuş, sonradan artıq iki nəfər mühafizəçi işə götürmüş, 05.10.2021-ci il tarixdə mühafizəçilər gecə vaxtı orada işləyən fəhlə Təqsirləndirilən şəxs oğurluq edərkən əlində olan 2 ədəd emulsiya ilə saxlamışlar. Bundan sonra o, anbara baxış keçirmiş və talanan əmlakların ümumi sayını müəyyən etmişdir. İlkin hesablama nəticəsində müəyyən olunmuşdu ki, anbardan 60x120 metr ölçüdə 700 kvadratmetrlik yer üçün nəzərdə tutulmuş kafel, 12 ədəd kondisioner üçün mis dirsək, 9 ədəd ildırım çubuq, 180 metr uzunluğunda mis kabel, 250 ədəd mata, 10 rulon tol, 92 ədəd sement, 1 dəst mis avadanlıqları, 60x60 metr ölçüdə 465 kvadrat metr yer üçün nəzərdə tutulmuş kafel, 40 ədəd silikon K, 10 dəst ceviz kulçator talanmışdır. Həmin anbar hər hansı xüsusi vasitə ilə mühafizə olunmamış, mühafizəçilər özləri oraya nəzarət etmişlər. Baş vermiş hadisə nəticəsində ona 51.616 manat maddi ziyan dəymişdir. Belə ki, 60x120 metr ölçüdə 700 kvadratmetrlik yer üçün nəzərdə tutulmuş kafelin hər kvadratmetrinin qiymətinin 40 manat olmasını nəzərə alaraq ümumi 28000,00 manat, kondisioner üçün mis dirsəklərin bir ədədinin qiymətinin 70 manat olmasını nəzərə alaraq 12 ədədi 840 manat, ildırım çubuğun bir ədədinin dəyəri 109 manat olmaqla 9 ədədi 981 manat, mis kabelin metrinin 3 manat olmasını nəzərə alaraq 180 metri 540 manat, matanın bir ədədinin qiymətinin 6,5 manat olmasını nəzərə alaraq 250 ədədi 1625 manat, tolun rulonunun bir ədədinin qiymətinin 14 manat olmasını nəzərə alaraq 10 rulon 140 manat, bir kisə sementin qiymətinin 7,5 manat olmasını nəzərə alaraq 92 kisə 690 manat, 1 ədəd mis avadanlığın qiymətinin 2300 manat, 60x60 metr ölçüdə 465 kvadratmetr yer üçün nəzərdə tutulmuş kafelin hər kvadratmetrinin qiymətinin 30 manat olmasını nəzərə alaraq ümumi 13950 manat, silikonun bir ədədinin qiymətinin 13,5 manat olmasını nəzərə alaraq 40 ədədi 540 manat, 1 dəst ceviz kulçatorun qiymətinin 170 manat olmasını nəzərə alaraq 10 dəsti 1700 manat edir. Son olaraq taladığı iki ədəd emosiyanın bir ədədinin qiyməti 155 manat olmaqla iki ədədi 300 manatdır. Qeyd etdiyi əmlakların marka, modeli və məxsus olduğu firma barədə məlumatları dəqiq hesablama apardıqdan sonra deyəcək. Son olaraq Pünhanın taladığı emusiyalar “Sobsan” firmasına məxsus idi. Hər vedrəsində 25 kilo emusiya olur. Həmçinin, ibtidai istintaq zamanı ilkin ifadəsində hələ dəqiq hesablama aparılmamış, sonradan inventarizasiya aparılmış və talanan malların dəqiq miqdarı, növü və qiyməti barədə akt tərtib olunmuşdur. Bundan başqa Pünhanın son olaraq taladığı və əlində saxlanılan emulsiyaların hər birinin dəyəri 155 manat olmuş, lakin ilkin ifadəsində həmin qiymətləri səhv demiş, həmin emusiyalar hər birinin qiyməti 58 manat olan “X9” dır. Həmin malların yığıldığı sahəyə Təqsirləndirilən şəxs daxil olmaq hüququ olmamış, həmin yer tikilinin zirzəmisi olmuş, həmin yer saxlanc yeri olmuşdur. Konkret olaraq hansısa vasitə ilə mühafizə olunmasa da Təqsirləndirilən şəxs oraya daxil olmaq hüququ olmamış, Təqsirləndirilən şəxs fəhlə işlədiyinə görə sonuncuya heç bir tikinti materialları etibar edilməmişdir. Şahid4 və Kamran Həsənov ona məxsus olan müəyyən qədər əmlakı qaytarmış, onun qaytardıqları 11,52 kvadratmetrlik “X7”, 36,72 kvadratmetrlik “X11 tekstura”, 95,76 kvadratmetrlik “Antrasid” və 3 ədəd silikon yapışdırıcı olmuşdur. Kamran İsrafilovun qaytardıqları isə 1 ədəd “Led Lampa horoz”, 4 ədəd “X9” və 1 ədəd “Tol Texnikol” dur. O, həmin əmlakları təhvil alarkən akt tərtib etmiş, ona ümumilikdə 51.306 manat dəyərində maddi ziyan dəymiş, hazırda o, təqsirləndirilən şəxsdən ona vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, kişi salonunda bərbər işləyir və Təqsirləndirilən şəxs bir il olar ki, onun müştərisidir. Təqsirləndirilən şəxs tikinti materialları anbarında işlədiyini, lazım olarsa anbarda olan materiallardan ona ucuz qiymətə ala bilər demişdir. Pünhan ona təklif etmişdi ki, nə vaxt tikinti materialı lazım olsa ondan alsın. 2021-ci ilin avqust ayının təxminən ortalarında Saatlı rayonunda olan evləri üçün kafel lazım olmuş, ona görə də Pünhana “Whatsapp” proqramı vasitəsilə yazaraq bu barədə soruşmuş, sonuncu ona 3 növ kafelin fotoşəklini göndərmiş, bahalı kafellər olduğunu, onun üçün kv. metrini 25 manata verəcəyini demişdir. O, həmin şəkillərə baxsa da, kafelləri bəyənməmiş və Pünhandan kafel və ya başqa material almamış, Pünhanın harada işlədiyini bilməmiş, sonuncu ona işlədiyi anbardan tikinti materiallarını ucuz qiymətə alaraq satdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Pünhanın qardaşı Sübhanla birlikdə o, bir müddət işləmiş, bu formada Sübhanın qardaşları Pünhanı və Orxanı tanımışdı. Lakin onlarla aralarında yaxın münasibət olmamış, hazırda o, Ağsu rayonunda tikinti materialları dükanında satıcı işləyir. 2021-ci ilin iyul və avqust aylarında Orxan ona 5 vedrə “Sobsan” markalı emosiya və 1 vedrə “Bitum”, 8 dəst “Ceviz” markalı razetka, 2 ədəd led işıq gətirmiş, o, emusiyalara görə Orxana 100 manat pul vermişdir. Digər malları isə satıldıqdan sonra pulunu verəcəyini demiş, bundan başqa Orxan ona qardaşı Pünhanda kafellər olduğunu və həmin kafelləri satmaq istədiyini bildirmiş, lakin o, kafelləri almamışdır. Daha sonra Pünhan dükana gələrək özü ilə bir vedrə “Sobsan” markalı emusiya gətirmiş və emusiyaya görə Pünhana 50 manat pul vermişdir. Pünhan həmin vaxtı razetkaları və led işığın bir ədədini ondan götürmüş, İkinci led işığı isə unudaraq onda qalmışdır. Bundan başqa Orxan ona Pünhanda mata olduğunu və onu satmaq istədiyini bildirmiş, lakin o, matanı almamışdır. Sonradan biləndə ki, həmin mallar oğurluq yolla əldə edilib, 4 vedrə “Sobsan” markalı emusiyanı, 1 vedrə “Bitumu” və 1 ədəd led işığı aparıb zərərçəkmiş şəxsə qaytarmışdır. Həmin vaxtı Orxan ona həmin mallar qardaşı Pünhanın işlədiyi obyektdə artıq qaldığını və istifadə edilmədiyini və həmin malların qardaşına verildiyini, malların hamısı təzə, istifadə olunmamış mallar olduğunu bildirmiş, ona görə də o, həmin malların oğurluq olduğunu bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2020-ci ilin axırlarından başlayaraq Səbail rayonu,Dostluq küçəsində tikilmiş fərdi tikilidə elektrik işləri görmüş, orada təxminən 2021-ci ilin aprel ayına qədər işləmiş, zəhmət haqqısı günə 25 manat hesablanmış və ay sonunda maaş almışdır. Son olaraq 2021-ci ilin mart və aprel aylarında artıq maaş ala bilmədiyi üçün qərara gəlmişdir ki, işdən çıxsın və bundan sonra aprel ayında işdən çıxmışdır. Təxminən 2021-ci ilin iyun ayında orada fəhlə işləyən Pünhan adlı şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “Whatsapp” proqramı vasitəsi ilə kabellərin uc hissəsinə bağlamaq üçün istifadə olunan bir qutu misin şəklini göndərmiş və ondan onları neçəyə və harada sata biləcəyini soruşmuş, o da həmin mis qutunu elektrik malları dükanına aparıb orada sata biləcəyini və təxminən ona görə 5-10 manat pul veriləcəyini bildirmişdir. Bundan başqa Pünhan ona iş yerində uzun mis turbaların olduğunu bildirib həmin turbaların nə üçün istifadə olunduğunu və qiymət baxımından bahalı olub-olmadığını soruşmuşdur. O, isə Pünhana izah etmişdir ki, həmin turbalardan bəziləri elektrik işlərində, bəziləri isə kondisioner quraşdırılmasında istifadə olunur. Maraqlandıqdan sonra Pünhana demişdir ki, kondisiner quraşdırılmasında istifadə olunan turbaları 20 manata satmaq olar. Bundan başqa həmin ərəfədə xatırlamadığı gündə Pünhan ona gecə nəzarətçi qismində orada işləyən Teymur qalmış, Teymur da orada fəhlə işləmiş, işlədiyi ərəfədən Teymurun işçilər arasında mənfi xarakterizə olunduğunu bilmişdir. Hətta həmin ərəfədə bir neçə dəfə tikinti avadanlıqları itmiş, hamı Teymurun götürdüyünü şübhələnmiş, lakin konkret olaraq heç kim bunu Teymura sübut edə bilməmişdir. Buna görə də o, Pünhana bildirmişdir ki, Teymur nəzarətçi qalıbsa yəqin ki, yenə də hansısa əmlakı talaya bilər. Daha sonra Pünhan ona orada istifadə olunmuş artıq qalan kabellər olduğunu demiş və həmin kabellərin uzunluğu təxminən 1 metr olmuşdur. Həmin kabelləri hansı formada içəridən çıxara biləcəyini Pünhan ondan soruşduqda Pünhana izah etmişdir ki, həmin kabelləri doğrayıb hasardan çölə atıb sonra gedib çöl tərəfdən götürə bilər. Pünhanın dediklərindən başqa onun Pünhanın nə etdiyindən xəbəri olmamış, 2021-ci ilin oktyabr ayının əvvəllərində o, yenidən həmin yerdə işə başlamış, həmin ərəfədə onun özü də hələ maaşını ala bilməmiş, buna görə də acıqlı olmuş və Pünhan ondan bunu soruşduqda Pünhana bu formada izah etmişdir. Həmin vaxt Pünhan əmlakları talamaq niyyətinin olduğunu ona bildirməmiş, Pünhan yalnız artıq qalan kabelləri oradan hansı formada çıxara biləcəyini soruşduqda başa düşmüşdür ki, Pünhan kabelləri talamaq istəyir, lakin mis turba və mis qutunu Pünhanın talamaq niyyətinin olduğunu başa düşməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, Pünhan 2014-cü ildə hərbi xidməti başa vurduqdan sonra Bakı şəhərində müxtəlif ünvanlarda qalaraq müxtəlif işlərdə işləmişdir. Son bur il olardı ki, Pünhan Bakı şəhərində Badamdar qəsəbəsində tikintidə fəhlə işləmişdir. Təxminən 2021-ci ilin iyul ayının əvvəllərində Pünhanla danışan zaman ona bildirmişdir ki, onda 1,20x60 metr ölçüdə kafellər var və kafelləri rayonda satıb sata bilməyəcəyini ondan soruşmuş, Pünhan ona həmin kafellərin işdə artıq qaldığını və lazım olmadığını bildirmişdir. Pünhan kafellərin 150 kvadratmerlik ərazi üçün olduğunu, rənglərinin qara, süd rəngi və boz olmaqla 3 növünün olduğunu demiş, sonra kafellərin hər birindən bir hissə nümunə olaraq rayona göndərmişdir ki, həmin kafelləri göstərib müştəri tapsın. O, kafellərin hissələrini götürüb rayonda müxtəlif tikinti materialları satılan dükanlara göstərmiş, lakin kafelləri almaq istəyən olmamış, bu barədə Pünhana da məlumat vermişdir. Bundan sonra Pünhan rayona gəldikdə özü ilə 4 vedrə “Sobsan” markalı emusiya gətirmiş və onlar birlikdə onu rayonda olan tikinti materialları satılan dükana aparıb satmışlar. Həmin satışa görə Pünhan 100 manat pul almış, növbəti dəfə Pünhan rayona gəldikdə özü ilə 5 vedrə “Sobsan” markalı emusiya və 1 vedrə də bitum gətirmiş, Pünhan həmin malları evə qoyduqdan sonra getmişdir. Növbəti gün o, həmin malları aparıb tikinti materialları dükanına 80 manata satmış və həmin pulu Pünhanın ona dediyi kart hesabına göndərmişdir. Həmçinin Pünhan gəldikdə özü ilə 4 vedrə “Sobsan” markalı emusiya, 1 vedrə “Bitum”, 2 ədəd led işıq, təxminən 5 dəst də kulçator gətirmişdir. Həmin malları Pünhan evə qoyaraq getmiş, bundan sonra özü həmin malları rayonda yerləşən tikinti materialları dükanına aparmış, dükanda kulçatordan başqa digər mallara görə 150 manat pul almışdır. Malları ondan alan şəxs kulçatorlar satıldıqdan sonra pulunu verəcəyini bildirmiş, həmin 150 manat pulu da Pünhanın kart hesabına göndərmişdir. Sonradan kulçatorlar satılmadığı üçün Pünhan gələrək onları özü ilə aparmış, söhbətlərin birində Pünhan özündə 30 kisə mata olduğunu da demiş və ona şəklini göndərmişdir. Lakin matanı ucuz qiymətə istədiklərindən Pünhan razı olmayıb matanı satmamış, Pünhan malların işlədiyi obyektdə artıq qaldığını və istifadə edilmədiyini ona demiş, o, malların oğurluq olmasını bilməmiş, həmin malları rayonda Kamran adlı şəxs almışdır. O, satılan mallardan hər hansı gəlir əldə etməmiş, Pünhan “Vatsap” proqramında ona mataların şəklini göndərmiş, hazırda o, həmin yazışmaları və şəkilləri silmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. Təxminən avqust ayında Pünhan onunla əlaqə saxlayaraq özündə emusiya olduğunu və gətirib onlara qoymaq istədiyini ondan soruşmuş, o da razı olmuşdur. Təxminən gecə saat 01 radələrində Pünhan onun yaşadığı ünvana gəlmiş və idarə etdiyi avtomobilində olan 4 ədəd emusiyanı və 10 ədəd silikonu onun yaşadığı evə qoyub növbəti gün gəlib götürəcəyini demişdir. Həmin vaxtı Pünhan ona silikon və emusiyanı işdən ona verildiyini bildirmiş, o, isə Pünhandan bunu hansı formada götürdüyünü isə soruşmamışdır. Bir neçə gün sonra Pünhan gəlib həmin emosiyaları və silikonları götürüb aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bir ildən çoxdur ki, tanıyır. Pünhan əvvəllər Dərnəgüldə təkər təmiri sexində onun qardaşı oğlu ilə birlikdə işləmiş və buna görə də Pünhanla tanışlığı yaranmışdır. Sonradan Pünhan həmin işdən ayrılmış, lakin buna baxmayaraq onların mobil nömrəsi bir-birində olmuşdur. Sonralar o, bilmişdir ki, Pünhan kreditlə avtomobil götürüb və taksi fəaliyyəti ilə məşğul olur. Onun özü isə Beynəlxalq avtovağzalın yaxınlığında təkər təmiri ilə məşğul olmuş, Pünhan tez-tez onun yanına gəlib avtomobilin təkərlərinə hava vurdurmuşdur. Təxminən 2021-ci ilin iyul ayının sonlarında o, evində təmir işləri gördürmüş və həmin ərəfədə Pünhan bir dəfə təkər təmiri sexində olarkən söhbət zamanı Pünhana evində təmir işləri apardığını bildirib ona ucuz qiymətə metlax lazım olduğunu demişdir. Pünhan isə ona təşkil edə biləcəyini və yaxşı mal olduğunu bildirmişdir. O da Pünhana həmin məhsulların markasının şəkllərini ona göndərməsini, o, da tanışları ilə maraqlanacağını bildirmişdir. Bundan sonra Pünhan 29.07.2021-ci il tarixdə həmin metlaxların qutusunun iki ədəd fotoşəklini ona göndərmişdir. O da maraqlandıqda metlaxların yaxşı olduğunu öyrənmiş və Pünhandan 24 kv.metr ərazi üçün nəzərdə tutulmuş qara rəngli metlax almışdır. Metlaxın kv.m-ni 10 manatdan hesablamış və həmin metlaxın dəyəri 240 manat etdiyi üçün Pünhana 240 manat pul vermişdir. Bundan təxminən 10 gün sonra evində olan təmir işləri ilə əlaqədar olaraq Pünhandan “Mətanət A” şirkətinə məxsus 10 kisə mata almış, hər kisəyə görə Pünhana 5 manat olmaqla ümumilikdə 50 manat pul vermişdir. Həmin 10 kisədən 4-ü xarab olduğu üçün istifadə edə bilməmiş, qalan 6 kisəni isə istifadə etmiş, matanı və metlaxı Pünhanın haradan gətirməsi barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər onunla Ağsu şəhərində qonşuluqda yaşamış, 2012-ci il tarixdən isə Bakı şəhərində yaşayır. Onun Pünhanla yaxın münasibəti olmamış, mobil nömrələri bir-birində olmuşdur. Təxminən 2021-ci ilin iyul ayının ortalarında Pünhan onunla əlaqə saxlayaraq özündə kafellər olduğunu bildirib ondan xahiş etmişdir ki, həmin kafelləri müvəqqəti olaraq onun yaşadığı ünvanın həyətinə qoysun. O da aralarında olan tanışlıq xatirinə razı olmuşdur. Bundan sonra iyul ayında hazırda xatırlamadığı tarixdə gecə saat 01 radələrində Pünhan onun qaldığı evin həyətinə kafelləri gətirib boşaltmış və bir həftədən sonra həmin kafelləri özü ilə rayona aparacağını demiş, bundan başqa Pünhan həyətə 3 ədəd yapışdırıcı da qoymuşdur. Pünhan ona həmin kafellərin və yapışdırıcının işdən artıq qaldığını və pulla aldığını demişdir. Onun qardaşı Xırdalan şəhərində özü üçün ev tikdirmiş, lakin qardaşı özü rayonda qalmış, evin tikintisini isə ustalar həyata keçirmişdir. O da arada gedib nəzarət etmiş və Pünhan bunu bilmiş, buna görə də tikintidə istifadə etmək üçün ona 2 kisə sement gətirmişdir. O, iki kisə sementə görə Pünhana 10 manat pul vermiş, bir həftə sonra Pünhanla əlaqə saxlamış və gəlib kafelləri və yapışdırıcını götürməsini xahiş etmişdir. Pünhan hər dəfə gələcəyini desə də gəlməmiş mallar onun yaşadığı ünvanın həyətində qalmışdır. Sonradan Pünhanın həbs olunduğunu eşitmiş və bilmişdir ki, Pünhanın həbs olma səbəbi işlədiyi yerdən tikinti materialları oğurlaması olmuşdur. Bu zaman o, başa düşmüşdür ki, həyətində olan mallar da oğurluq yolla əldə olunub və Pünhanın işlədiyi ünvanı öyrənib malları aparıb qaytarmışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid6 ifadəsində göstərmişdir ki,2021-ci ilin avqust-sentyabr aylarında Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən evdə gözətçi işləmiş, işlədiyi ərəfədə həmin ev tikilməkdə olmuşdur. 05.10.2021-ci il tarixdə saat 05.00 radələrində işdə olarkən nəzarət etmək məqsədilə iş yoldaşı Allahverdi ilə birlikdə tikilinin arxa hissəsinə keçmiş, bu zaman onlar görmüşlər ki, fəhlə işləyən Pünhan adlı şəxs əlində iki vedrə «Sobsan» markalı emusiya ilə gedir. Onlar başa düşmüşlər ki, Pünhan həmin emusiyaları oğurlamış, ona görə də, cəld gedərək Pünhanı saxlamış və bu barədə Zərərçəkmiş şəxs məlumat vermişlər. Sonradan Allahverdi işdən çıxmış, o da hazırda orada işləmir, ona görə də uzun müddətdir ki, sonuncu ilə əlaqəsi yoxdur. Onda sonuncunun anket məlumatları olmamış, həmin vaxtı Pünhan orada tək olmuşdur. İş materiallarında olan AR Auditorlar Palatası sərbəst auditoru X4 tərəfindən tərtib edilmiş 08.10.2021-ci il tarixli müstəqil auditorun hesabatına (rəyə) əsasən, 05 oktyabr 2021-ci il tarixli invertarizasiya aktı və 06 oktyabr 2021-ci il tarixli dəymiş maddi ziyanın qiymətləndirilməsi aktı ilə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın 51.306 (əlli bir min üç yüz altı) manat olduğu müəyyən edilmişdir. (cild 01, iş vərəqə 157-162) İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi barədə 05 oktyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisənin ünvan 7 ünvanında yerləşən fərdi tikilidə baş verdiyi müəyyən edilmiş, tikintinin zirzəmisinə baxış zamanı müəyyən edilmişdir ki, tikinti üçün lazım olan bütün mallar həmin hissəyə yığılmışdır. Zirzəminin 1 girişi vardır, lakin girişdə qapı və ya digər hansısa mühafizə vasitəsi yoxdur. (cild 01, iş vərəqə 4-9) İş materiallarında olan 15.10.2021-ci il tarixli əşyaları tanınmaya təqdim etmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə istintaq hərəkəti zamanı 4 ədəd “Mətanət A” Mata İzolotex yapışdırıcı və 24 kvadratmetr ərazidə yerə döşənmiş 60x60 ölçülü X12 tanıyaraq, həmin malların ona məxsus ünvan 7 ünvanında yerləşən fərdi tikilinin zirzəmisindən oğurlanan mallar olduğunu bildirmişdir. (cild 01, iş vərəqə 148-149) İş materiallarında olan 15.10.2021-ci il tarixli əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə istintaq hərəkəti zamanı Şahid4 tərəfindən ona qaytarılmış 11,52 kvadmetrlik “X7”, 36,72 kvadratmetrlik “X11 tekstura”, 95,76 kvadratmetrlik “Antrasid” və 3 ədəd silikon yapışdırıcı və X3 tərəfindən 1 ədəd “Led Lampa horoz”, 4 ədəd “Sobsan silikonlu astar” və 1 ədəd “Bitum” adlanan “Tol Texnikol” malları, həmçinin, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs sonuncu dəfə 05.10.2021-ci il tarixdə taladığı emosiyalara keçirilən baxış nəticəsində həmin emosiyaların iki ədəd “X9” olduğu müəyyən edilmişdir. (cild 01, iş vərəqə 150-153) İş materiallarında olan 26 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs mülki iddiaçı qismində tanınmışdır. (cild 01, iş vərəqə 216-219) İş materiallarında olan 27.01.2021-ci il tarixli ifadənin hadisə yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq cinayətini törətdiyi ünvan 7 ünvanında yerləşən fərdi tikilinin yerini əyani şəkildə göstərməklə əvvəl verdiyi ifadəsini təsdiq etmişdir. (cild 01, iş vərəqə 229-231) İş materiallarında olan 08 oktyabr 2021-ci il tarixli mobil telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə istifadəsində olmuş “Samsung A3” markalı mobil telefon aparatında olan ani mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş “Whatsapp” proqramı vasitəsilə göndərilmiş fotoşəkillərə və nitqlərə baxış aparılmış, baxış zamanı aşağıdakı hallar müəyyən edilmişdir: 1) ***-***-**-** saylı nömrədə adı “Orxan Brat” kimi qeyd edilən şəxslə 11 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs arasında olan danışıq zamanı, Təqsirləndirilən şəxs həmin şəxsə səs qeydi göndərərək bildirmişdir ki, özündə təzə, uzunluğu 1,20 sm, eni də 60 sm olan, 3 növdə kafel metlax vardır və ucuz qiymətə rayonda kimə sata biləcəyini soruşmuşdur. 2 sentyabr 2021-ci il tarixdə, Təqsirləndirilən şəxs özündə 40,40, 60,60, 30,30 ölçüdə kafellər, emosiya, razetka olduğunu bildirir və həmin şəxs malları dükana verə biləcəyini bildirir. 2) ***-***-**-** saylı nömrədə adı “Azik Xaloxlu” kimi qeyd edilən şəxslə 11 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs arasında olan danışıq zamanı Təqsirləndirilən şəxs həmin şəxsə özündə mata və emosiya olduğunu bildirərək, malları həmin şəxsin evinə qoymaq istədiyini bildirir. Həmin şəxs isə razılıq verərək gətirməsini bildirir. 3) ***-***-**-** saylı nömrədə adı “Ruslan Berber” kimi qeyd edilən şəxslə 16 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs arasında olan danışıq zamanı Təqsirləndirilən şəxs həmin şəxsə kafellərin fotoşəklini göndərməsi müəyyən edilmişdir. 4) ***-***-**-** saylı nömrədə adı “Samxal Qaqa” kimi qeyd edilən şəxslə 7 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs arasında olan danışıq zamanı, Təqsirləndirilən şəxs özündə 40 ədəd mata, 2 vedrə dekorativ emosiya olduğunu, matanın adının “Mətanət” olduğunu bildirir və həmin malları kimə verə biləcəyini soruşur. Həmin şəxs isə malların qiymətini soruşur. 01 oktyabr 2021-ci il tarixdəki danışıqlarda Təqsirləndirilən şəxs həmin şəxsə özündə orijinal razetka, kulçator olduğunu bildirərək, satmaq üçün tanış elektrik malları satılan ünvan olub-olmamasını soruşur. 5) ***-***-**-** saylı nömrədə adı “Tofiq Baba” kimi qeyd edilən şəxslə 5 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs arasında olan danışıq zamanı, həmin şəxs səs formasında Təqsirləndirilən şəxs orada hansı növ oboy olduğunu soruşur və şəklini çəkib göndərməsini istəyir. Təqsirləndirilən şəxs isə cavab olaraq səslə ona burada oboy olmadığını deyir. 12 avqust 2021-ci il tarixdə həmin şəxs Təqsirləndirilən şəxs səs göndərərək 10 ədəd “Mətanət” istəyir. 6) ***-***-**-** saylı nömrədə adı “ X13” kimi qeyd edilən şəxslə 12 sentyabr 2021-ci il tarixdə olan danışıq zamanı, Təqsirləndirilən şəxs həmin şəxsə özündə olan “Mətanətdən” götürüb- götürməyəcəyini soruşur. Bundan başqa mobil telefonun şəkillər bölməsinə baxış zamanı “Geviss” markalı razetkaların fotoşəkillərinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, mesajlaşma mübadilə sistemi üçün nəzərdə tutulmuş «Whatsapp» proqramı vasitəsilə göndərilmiş fotoşəkillər onun tərəfindən icra edilmiş və nitq (səs yazısı) ona məxsusdur, fotoşəkillər və nitqlər reallığı əks etdirir, hər hansı bir montaj edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 21.12.2021-ci il tarixli, 2120 nömrəli məktubundan görünür ki, barəsində sorğu verilmiş Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. (cild 01, iş vərəqə 202) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək, taladığı əmlakın dəyərinin ittihamda qeyd edildiyi kimi 51.306 manat dəyərində olmaması, zərərçəkmiş şəxsə həmin məbləğdən bir neçə dəfə aşağı həddə, təxminən 10-15 min manat dəyərində maddi ziyan vurması barədə verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun olmamaqla, məsuliyyətdən boyun qaçırmağa yönəlmiş və özünün qismən etiraf edici ifadəsi, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, 08.10.2021-ci il tarixli AR Auditorlar Palatası sərbəst auditor X4 tərəfindən tərtib edilmiş müstəqil auditorun hesabatı (rəyi), 15.10.2021-ci il tarixli əşyaları tanınmaya təqdim etmə haqqında protokol, 15.10.2021-ci il tarixli əşyalara baxış keçirilməsi haqqında protokol, ifadənin hadisə yerində yoxlanılması haqqında protokol, 08 oktyabr 2021-ci il tarixli mobil telefona baxış keçirilməsi barədə protokol və digər mötəbər sübutlarla tam təkzib edilir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 01 saylı qərarına əsasən, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Plenum qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Qeyd edilən Plenum qərarının 17-ci bəndinin 3-cü abzasında göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Həmin Plenum qərarının 19-cu bəndinə əsasən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Plenum qərarının 20-ci bəndinin 2-ci və 3-cü abzaslarına əsasən, Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Beləliklə, Məhkəmə işdə toplanmış hüquqi sənədləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 02.12.2021-ci il tarixli tələbnamədən və Bakı şəhəri Abşeron rayon Məhkəməsinin 02.11.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etməklə, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 06.09.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir.(cild 01, iş vərəqə 172-181) Azərbaycan Respublikası CM-nin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, həmçinin, AR CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli ehtiyatsızlıqdan törədilmiş və eyni zamanda böyük ictimai təhlükə törətməyən cinayət olduğundan, onun əməlində cinayətlərin residivi halı müəyyən edilmir. İş materiallarında olan 27.01.2022-ci il tarixli 247 saylı Ağsu şəhər İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunu. (cild 01, iş vərəqə 233) Məhkəmə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş materiallarında olan mülki iddia ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs 51.306 manat məbləğində maddi ziyanın ona ödənilməsini xahiş etmişdir. (iş vərəqə 154-155) Məhkəmə mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs tərəfindən qaldırılmış mülki iddia təmin edilməli və 51.306 (əlli bir min üç yüz altı) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs qaytarılmalıdır. Məhkəmə, AR CPM-in 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Bakı şəhəri Səbail RPİ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung A3” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalı, ibtidai istintaq zamanı 04 ədəd “Mətanət A” markalı matanın, 11,52 kv/metrlik X8, 36,72 kv/metrlik Taxta teksturalı Fasadı, 95,76 kv/metrlik metlax antracideni, 3 ədəd silikonli dolğu, 4 vedrə “Sobsan” markalı emusiya, 1 vedrə bitum və 1 ədəd led işığın sahibinə qaytarılması, həmçinin 24 kvadratmetrlik kafel almaz greytin Şahid2 qalması nəzərə alınmalı, Təqsirləndirilən şəxs məxsus “Samsung A3” markalı mobil telefon aparatından “Whatsapp” proqramı vasitəsilə göndərilmiş fotoşəkillərin və nitqlərin köçürüldüyü bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş materiallarında olan 06.10.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.10.2021-ci il tarixli, 4(009)- 474/2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 06 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və həbs etmənin əvvəli 06 oktyabr 2021-ci tarixdən hesablanmışdır. (iş vərəqə 33; 114-116) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 06 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 180 manat miqdarında pul vəsaiti dövlət büdcəsinin hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 345, 346, 347, 351-353, 356-cı maddələrini rəhbər tutub məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 oktyabr 2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin və 51.306 (əlli bir min üç yüz altı) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Səbail RPİ-də saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung A3” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın, 04 ədəd “Mətanət A” markalı matanın, 11,52 kv/metrlik X8, 36,72 kv/metrlik Taxta teksturalı Fasadı, 95,76 kv/metrlik metlax antracideni, 3 ədəd silikonli dolğu, 4 vedrə “Sobsan” markalı emusiya, 1 vedrə bitum, 1 ədəd led işığın sahibinə qaytarılması və 24 kvadratmetrlik kafel almaz greytin Şahid2 qalması nəzərə alınsın, bir ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı 180 manat miqdarında pul vəsaiti dövlət büdcəsinin hesabından Bakı şəhəri 25 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev Hakimlər: Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar