Məhkəmə qərarları › İş №1(101)-702/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-702/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-702/2025 14.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 4 yanvar 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-in 66.5-ci maddəsinə əsasən 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir), məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda 5,784 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsində yerləşən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsinin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 18 iyul 2024-cü il tarixdə saat 15:50-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq BMCMİ-yə gətirilmiş və orada həmin tarixdə saat 18:10-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1 ədəd sellofan bükümdə təmiz çəkisi külli miqdarda 5,784 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 14 iyul 2024-cü il tarixdə Suraxanı ərazisində tanışları Şahbaba və Taleh ilə birlikdə bir nəfəri döymüşdür. Daha sonra onlar 18 iyul 2024-cü il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən atası Həmid Abdinovla görüşə getmişlər. Görüş başa çatdıqdan sonra o, tanışları ilə birlikdə müəssisədən çıxan zaman DİN-nin BMCMİ-nin əməkdşkarı tərəfindən onların dediyinə görə narkotik daşıdığı üçün saxlanılmışlar. O, polis əməkdaşlarına müəssisəyə daxil olan zaman müxtəlif yoxlamalardan keçdiyini bildirsə belə polislər zorla onu BMCMİ-nə apardılar. İdarədə ona biraz əvvəl qeyd etdiyi adamı sifarişlə döydüyünü və həmçinin məhkumluğumun olduğunu bildirmişlər. Sonra polis əməkdaşları ona narkotik vasitəni öz üstünə götürəcəyini demişlər. O, ilk başda onlarla razılaşmasa belə psixi və fiziki təzyiqin nəticəsində məcburiyyət qarşısında qalaraq sənədləri imzalamış və narkotik vasitəni öz üzərinə götürmüşdür. Polis əməkdaşları ona qarşı göstərdikləri fiziki güc nəticəsində ayağı şişmiş və o, təcridxanaya gətirilən zaman həmin xəsarət qeydə alınmışdır. Bundan başqa o, narkotik vasitəni öz üzərinə götürməyi ilə razılaşmayanda polis əməkdaşları onun barəsində yenidən Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsi ilə cinayət işi açacaqlarını bildirərək ona hədə-qorxu gəlmişlər. Artıq müstəntiqin otağında olan zaman o, müstəntiqə məhkəmə istintaqı zamanı polis əməkdaşlarının onun üzərinə narkotik vasitəni qoyduqlarını söyləyəcəyini demişdir. Müstəntiq ona məhkəmədə həmin ifadəni işlətdiyi təqdirdə polis əməkdaşlarının ailə üzvlərinə qarşı fiziki güc tətbiq edəcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, videoçəkilişdən qabaq onun üzərindən hər hansı bir narkotik vasitə aşkar olunmamışdır. Məcburiyyət qarşısında qaldığı üçün sənədləri imzalamışdır. Ayağında olan xəsarət təcridxanada qeydiyyata alınmışdır. 6 saylı cəzaçəkmə müəssisəsinin kamera görüntülərində oraya daxil olması və oradan çıxması anının dəqiq saatı görünür. Əgər zərurət yaransa sorğu vasitəsi ilə kamera görüntüləri əldə edilə bilər. Həmid Abdinov atasıdır. Azərbaycan Respublikasının CM-nin 126-cı maddəsi ilə məhkum olunmuşdur. Atasına 9 il azadlıqdan məhrum edilmə cəzası verilmiş, azadlığa çıxması üçün təxminən 3 il 6 ay vaxtı qalmışdır. Cəzaçəkmə müəssisəsinə o, tək daxil olmuş, Şahbaba qohum olmadığı üçün ona müəssisəyə daxil olmağa icazə verilməmişdir. Müəssisəyə daxil olan zaman müxtəlif yoxlamalardan keçmişdir. Atası ilə görüşü təxminən saat yarım çəkmişdir. Görüş nəzarət altında keçirilmişdir. Görüşdən təqribən saat 4-də çıxmışdır. Şahbaba çöldə onu gözləmişdir. O, müəssisədən çıxdıqdan sonra ona Paşa zəng etmiş və müəssisənin qabağına gəlib onları götürəcəyini bildirmişdir. Hadisədən əvvəl o, tanışları ilə bir nəfəri döyəndə Paşa da həmçinin orada olmuşdur. Döydükləri şəxs şəxs onların barəsində hər hansı bir quruma şikayət etməmişdir. O, narkotik vasitədən istifadə etmir. Hətta ümumiyyətlə tütün məhsullarından istifadə etmir. Təcridxanada onu müayinə etmişlər. Ayağında olan xəsarət qeydə alınmışdır. Təcirdxanada ondan həmin xəsarəti hansı səbəblərə görə aldığını soruşduqda o, xəsarətin polis əməkdaşlarının tətbiq etdiyi fiziki güc nəticəsində yarandığını bildirmişdir. Polis əməkdaşları ona ailəsi ilə hədə-qorxu gəlmişlər. Bu səbəbdən o, məcburiyyət qarşısında qalaraq ifadəsini imzalamışdır. Orada yazılanları deməmiş, həmin ifadəni oxumadan imzalamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, əvvəllər nəşə kimi tanıdığı narkotik vasitə qəbul etmişdir. Son vaxtlarda isə psixotrop maddə metamfetamin qəbul etməyə başlamışdır. Sonuncu dəfə polis əməkdaşları tərəfindən tutulmamışdan 2 gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 50 manat pul müqabilində “şüşə” adı ilə tanıdığı psixotrop maddə metamfetamin alaraq üzərində saxlamışdır. X3 və X7 onun tanışlarıdır. Şahbaba Dadaşov ilə qonşu ünvanlarda yaşayır. Paşa Əliyev isə onun və həm də Şahbaba Dadaşovun ümumi tanışıdır. 18 iyul 2024-cü il tarixdə saat 16 radələrində o, tanışları Şahbaba Dadaşov və Paşa Əliyev ilə birlikdə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 6 saylı Cəzaçəkmə Müəssiəsinin yaxınlığında Paşa Əliyevin idarə etdiyi “Hyundai Elantra” markalı **-BD-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman onlara 5-6 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onlardan anket məlumatlarını soruşmuşlar. O, Şahbaba Dadaşov və Paşa Əliyev özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun və Şahbaba Dadaşovun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib, barələrində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onları tanış etmişlər. O, həmin vaxt yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üstündə “şüşə” adı ilə tanıdığı psixotrop maddə vardır. Eyni zamanda Şahbaba Dadaşov da səmimi olaraq etiraf edib üzərində “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir.Bundan sonra polis əməkdaşları onu, Şahbaba Dadaşov və X9 İdarəsinə getməyə dəvət etmişlər. Onlar buna etiraz etməmişlər və polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmişdirlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş, şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Daha sonra üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Polis əməkdaşları onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif etmişdir. Daha sonra onun üstünə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı o, üstündə “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan qara rəngli idman şalvarının sol yan cibində olan 1 ədəd sellofan bükümü və 1 ədəd “İphone” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra üstünə şəxsi axtarış həyata keçirilsə də hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. O, təqdim etdiyi 1 ədəd şəffaf sellofan bükümün içərisində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmiş, həmin büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisindən ağ rəngli, kristal formalı psixotrop maddə aşkar edilmişdir. Polis əməkdaşları həmin maddəyə baxış keçirib maddənin psixotrop maddə metamfetaminə oxşar maddə olduğunu bildirmişlər. Bundan sonra üstündən aşkar olunmuş 1 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 1 ədəd kağız zərfə qoyulub qablaşdırılmış və qablaşmanın üzəri möhürlənmiş, qablaşmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqdim etdiyi 1 ədəd “İphone” markalı telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı o, üstündən aşkar edilərək götürülmüş 1 ədəd şəffaf sellofan bükümün içərisində olan psixotrop maddə metamfetamini 2 gün əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 50 manat pul müqabilində aldığını, şəxsi istifadəsi üçün üstündə saxladığını, həmin maddənin üstündə olmasından başqa şəxslərin, həmçinin Şahbaba Dadaşovun və Paşa Əliyevin məlumatının olmadığını qeyd etmişdir. Daha sonra şəxsi axtarış, baxış və götürmə qurtarmış, videoçəkiliş dayandırılmışdır. Tədbirin nəcitəsinə dair protokol tərtib edilərək ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün həmin protokolu imzalamışdır (cild 1, iş vərəqi 175-181). Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Ona Təqsirləndirilən şəxs və Şahbaba Dadaşovun barəsində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məlumat daxil olduqdan sonra dərhal rəhbərliyə məruzə olunmuş, şəxslərin barələrində əməliyyat-axtarış tədbirlərinin görülməsi ilə bağlı qərar qəbul edilmiş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatında şəxslərin Nizami rayonu ərazisində olduqları bildirilmişdir. Həmin məlumata əsasən qeyd olunan ərazidə gəldikdə, orada Təqsirləndirilən şəxs, Şahbaba Dadaşovun və bir nəfər şəxsiyyəti məlum olmayan şəxsin “Hundai Elantra” markalı avtomobilin yanında olduqlarını məlum olmuşdur. Şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdən sonra onları Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. İnzibati binada, tədqiqatçının otağında şəxslərin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Axtarış zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq o, həmin psixotrop maddəni Suraxanı rayonu ərazisindən tapdığını bildirmişdir. Şəxsin psixotrop maddənin satışı ilə bağlı hər hansı bir məlumat olmamışdır. Şahid məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, əməliyyat qrupu 4 nəfərdən ibarət olmuşdur. Hadisə yerində olan 3-cü şəxsi adı “Paşa” olmuşdur. Hadisə yerində olan 3 şəxsin hər biri İdarəyə dəvət olunmuşdur. Şəxslər saxlanılan zaman onlara qarşı hər hansı müqavimət göstərməmişlər. İdarədə 3 şəxsin üzərinə birgə şəkildə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı saxlanılan şəxslərin hər birindən psixotrop maddə aşkar olunmuşdur. Şəxsin hansı həyat tərzi keçirdiyi ilə bağlı hər hansı məlumatı yoxdur. Şəxslərin barələrində daxil olmuş əməliyyat məlumatı narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə bağlı olmuşdur. Şəxsləri hadisə günü təxminən saat 15:00-16:00 radələrində saxlamışlar. Şəxsi axtarış vəkilin iştirakı ilə keçirilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Psixotrop maddənin satış faktı öz təsdiqini tapmamış, ancaq bununla bağlı araşdırmalar aparılır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı ona verilən suallara cavab olaraq üzərindən aşkar olunan maddənin istifadəçisi olduğunu etiraf etmişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 18 iyul 2024-cü il tarixli protokola və ona əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair yaddaşında videogörüntü olan 1 ədəd DVD diskə əsasən müəyyən edilmişdir ki, X3 və Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlamaları və daşımaları barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Şahbaba Dadaşov və Təqsirləndirilən şəxs 18 iyul 2024-cü il tarixdə saat 15:50 radələrində Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsində yerləşən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsinin yaxınlığında saxlanılaraq BMCMİ-yə dəvət edildikdən sonra orada həmin tarixdə saat 18:10-dan etibarən onların üzərində şəxsi axtarış aparılarkən Şahbaba Dadaşovun əynində olan qara rəngli idman şalvarının sol yan cibindən içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan 1 ədəd sellofan büküm və Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan 1 ədəd sellofan aşkar edilmişdir. Aşkar edilmiş həmin maddələr iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə prosesi 18 iyul 2024-cü il tarixdə saat 18:39-da başa çatmışdır (cild 1, iş vərəqi 49-53). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2024-cü il tarixli 3-16-16/2- 6/3702 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi, “X1 aşkar edilmiş maddə (imza) Ş.Dadaşov” yazısı və imzalar olan paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 6,958 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş maddə (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,784 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. X2 üstündən aşkar edilərək götürülmüş 1 ədəd bükümdə olan metamfetamin Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş 1 ədəd bükümdəki metamfetamin ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir (Qeyd: metamfetaminin təmiz çəkisi 5,784 qram, tədqiqata sərf edildi 0,01 qram, qalıq 5,684 qram, cild 1, iş vərəqi 86-91). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 20 iyul 2024cü il tarixli 4928 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehdiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 13-14). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 2 avqust 2024cü il tarixli 2487/K nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir (cild 2, iş vərəqi 25-28). Cinayət işinin materiallarında olan Bakı İstintaq Təcridxanasından daxil olmuş 26 noyabr 2024-cü il tarixli məktub və ona əlavə edilmiş məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təcridxanaya daxil olarkən həbsdən əvvəl xəsarət aldığını bildirmiş, bədəninə baxış zamanı sağ ayaq pəncəsinin üzərində yumşaq toxumaların əziyi, hər iki yuxarı ətrafda çoxsaylı köhnə çapıq toxuması aşkar edilmişdir (cild 3). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs və X2 ətrafında əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş 18 iyul 2024-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir (cild 2, iş vərəqi 8-10). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi” haqqında 4 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsində iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir (cild 2, iş vərəqi 66). Cinayət işinin materillarında olan maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 5,684 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 213-216). Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarış və götürmə videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 68-86). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamə və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib ona 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib CM-in 66.5-ci maddəsinə əsasən ona 4 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 2, iş vərəqi 41-51). 30 aprel 2021-ci il tarixdə edilmiş dəyişikliklər nəzərə alınmaqla “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 7-ci bəndinə əsasən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə müvafiq olaraq əvvəlki hökmün çıxarılmasına qədər, habelə həmin hökmün qüvvəyə minməsinədək törədilmiş cinayətlə əlaqədar cinayətlərin məcmusu qaydasında cəza təyin edilərkən (Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan 6 sentyabr 2010-cu il tarixli qərarı, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şərh olunmasına dair” 8 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli qərarları ilə yalnız hökmün qanuni qüvvəyə minməsindən sonra şəxsin cinayət-hüquqi anlamda əvvəllər məhkum edilmiş şəxs kimi nəzərdən keçirilməsinə yol verildiyindən) əvvəlki hökm təqsirləndirilən şəxsin əvvəl məhkum olunmuş şəxs kimi qəbul edilməsinə, nəticə etibarı ilə cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal qismində nəzərə alınmasına əsas yaradan akt kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edilən qərarın tələbini nəzərə almaqla nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs residivi müəyyən edilərkən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə olan məhkumluğu nəzərə alınmamalı, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli hökmü əsas götürülməklə şəxsin residivi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə olan məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyindən bu hal onun barəsində cinayətlərin residivini yaradır. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 40). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 iyul 2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 18 iyul 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 208-212). “AZEMİS” - Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü Mirhəmid Abdinov adlı bir azyaşlı uşağı vardır (cild 3). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittihama əsasən o, üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə külli miqdarda 5,784 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi və tamah niyyəti ilə əldə edib üzərində saxlamaqla daşımışdır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs və şahid ifadələrindən, maddi sübutlar, ekspertiza rəyləri və protokollardan bir mənalı şəkildə məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımışdır. Buna baxmayaraq istintaq orqanı yalnız aşkar olunmuş psixotrop maddənin külli miqdar təşkil etməsini əsas götürərək, heç bir sübuta əsaslanmadan Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamı irəli sürmüş, eyni zamanda məhkəmə istintaqı zamanı ittiham tərəfi məhkəməyə onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Göründüyü kimi istintaq orqanının gəldiyi nəticə mülahizə xarakteri daşıyır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd olunur ki, «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə əlaqədar istehlakçı ilə hər hansı razılığa gəlməsi, psixotrop maddəni satmaq məqsədi ilə xırda bağlamalara bükməsi, bu məqsədlə hər hansı avadanlıq əldə etməsi, o cümlədən psixotrop maddəni satmağa cəhd etməsi sübuta yetirilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 959-İİQ nömrəli Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Lakin, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi ilə aparılmış danışıqlara dair məlumatlar müvafiq mobil telefon operatorundan götürülmüş, həmin məlumatlara baxış zamanı onun narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına işarə edən hər hansı sübut aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddələrində qeyd edilmişdir ki, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143- 146-cı maddələrinin tələbinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofan bükümdə külli miqdarda 5,784 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi sübuta yetmədi. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan 1 ədəd sellofan bükümdə külli miqdarda 5,784 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində daşımaqla saxlamışdır. Ona görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərəalınmaqla təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234-1.1-ci maddəsinə nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1, 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 18 iyul 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 5,684 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -Təqsirləndirilən şəxs, X3 və X5 üstünə şəxsi axtarış, baxış və götürmə aparılmasının videogörüntü faylının saxlanıldığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 5,684 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -Təqsirləndirilən şəxs, X3 və X5 üstünə şəxsi axtarış, baxış və götürmə aparılmasının videogörüntü faylının saxlanıldığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Səbuhi Hüseynov Hakimlər: Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar