Məhkəmə qərarları › İş №1(101)-703/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-703/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-703/2023 31.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - "Mirzəyev və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, məhkumluğu olmayan, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 02 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 03 sentyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yerdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 1 ədəd bükümdə təmiz çəkisi 2,165 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 15:30da Bakı şəhəri, Binəqədi RPİ, 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şevçenko küçəsində saxlanılıb Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 65 saylı ünvanda yerləşən 6-cı Polis bölməsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 2,165 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisi kimi xəstədir. Lakin onun üzərində həmin çəkidə narkotik olmamışdır. Polis işçiləri hadisə günü onu tutub polis bölməsinə aparmış, orada ona bir büküm verərək, yarım qram narkotik olduğunu bildirmiş və istifadəçi kimi işini sənədləşdirəcəyini bildirmişlər. O da, polislərin dediklərini qəbul etmişdir. Üstündə olan az miqdarda narkotik vasitəni «Kubinka»dan tanımadığı şəxsdən almışdır. Çəkiliş zamanı da belə demişdir. Təzyiq altında olduğu üçün polis işçilərinin dedikləri kimi izahat vermişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, polis işçiləri ona yarım qram narkotik verdiklərini demiş, o da, inanıb həmin yarım qramı qəbul etmiş və üç ilədək cəza çəkməyə razı olmuşdur. O, narkotik vasitə istifadəçisi olmuş və əsasən «kakos» kimi tanıdığı narkotik çəkmişdir. Təxminən iki il yarım olar ki, o, narkotikdən istifadə etməyə başlamışdır. Narkotikləri almaq üçün uşaqlara pul vermiş, onlar da onun üçün narkotiklər almışlar. İstintaq təcridxanasına daxil olanda üzərində xəsarət izləri olsa da, özü xəsarətləri olmadığını bildirmiş, həm də müayinə zamanı heç bir xəsarət aşkar edilməmişdir. O, heç yerə şikayət etməmişdir. Barəsində məhkəmə tərəfindən sanksiya veriləndə o, elə bilmişdir ki, maddəsi 234.1-ci maddədir, ona görə də həmin məhkəmədə heç bir narazılıq etməmişdir. Törətdiyi əməldən peşmandır. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq tədqiq olundu. Həmin ifadəsində CM-nin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilən Təqsirləndirilən şəxs göstərmişdir ki, 02 sentyabr 2022-ci il saat 15 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şevçenko küçəsində yaşadığı evin qarşısında olan zaman olan iki nəfər tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis kimi təqdim etmiş, xidməti vəsiqələrini göstərdikdən sonra sonuncuların polis əməkdaşları olduqlarını öyrənmişdir. Polis əməkdaşları ona bildirmişlər ki, narkotik vasitə və psixotrop maddələrin saxlanmasında və satışında şübhəlidir və üzərinə baxış keçirmək istəyirlər. Bundan sonra onun razılığı ilə Binəqədi RPİ-nin 6-cı PB-nə aparılmış və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edilərək videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Aşkar olunmuş 1 ədəd büküm iştirakçılar tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükülünün içərisindən aşkar olunmuş qəhvəyi rəngli maddənin narkotik vasitə olan heroin olduğunu bildirmiş və o, həmin narkotik vasitə olan heroini 02 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra aşkar edilən qara rəngli kağıza bükülmüş 1 ədəd bükülü qablaşdırılaraq çəkisi və tərkibi müəyyən edilməsi üçün tədqiqata göndərilməsi məqsədi ilə zərfləşdirilmiş və üzəri möhürlə möhürlənmişdir. Həmin zərfin üzəri baxış iştirakçıları tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 151-152). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ, 6-cı Polis bölməsinin sabiq baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 6-cı Polis bölməsində işlədiyi vaxt ona Biləcəri qəsəbəsi, Şevçenko küçəsi, ev 12-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar 02 sentyabr 2022-ci il tarixdə onun tərəfindən əməliyyat tədbirinin keçirilməsi üçün müvafiq qərar qəbul edilmiş, Binəqədi RPİ, 6-cı Polis bölməsinin sahə rəisi Şahid2 Qüdrət oğlunun da daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Onlar 02 sentyabr 2022-ci il tarixdə saat 15:30 radələrində Biləcəri qəsəbəsi, Şevçenko küçəsinə getmiş, orada yaşadığı evin qarşısında olarkən Toğrul adlı şəxsin zahiri əlamətlərinə oxşar şəxsi görüb özlərini təqdim edərək onu saxlamışlar. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra üzərində narkotik vasitə və psixotrop maddələr gəzdirməsi, satması və istifadə etməsində şübhəli olduğunu deyərək, 6-cı Polis bölməsinə aparmışlar. Bölmədə təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Aşkar olunmuş bükümün içərisində nə olması barədə suala cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükülünün içərisində olan maddə narkotik vasitə heroindir, həmin heroini 02 sentyabr 2022-cİ il tarixdə səhər saatlarında "Kubinka” adlanan yerdə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata almışdır. Bundan sonra aşkar edilən gümüşü rəngli kağıza bükülmüş 1 ədəd büküm qablaşdırılmış və möhürlə möhürlənmişdir. Həmin zərfin üstü və yazılmış protokol iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ, 6-cı Polis bölməsinin sahə rəisi Şahid2 Qüdrət oğlu şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitə heroinin aşkar edilməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 02 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə saat 15:30 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şevçenko küçəsində yerləşən yaşadığı evin qarşısında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Binəqədi RPİ, 6-cı Polis Bölməsinin inzibati binasına aparılmış, orada videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, aşkar olunmuş bükümün içərisində olan qəhvəyi rəngli maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında “Kubinka" adlanan yerdə tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra aşkar olunaraq götürülmüş büküm boş zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra tərtib edilmiş protokol ucadan oxunmuş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 30-35). Cinayət işində olan DVD diskə baxış keçirilməsi haqqında 04 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin diskdə 1 ədəd faylda xx.xx.2022-ci il tarixdə lentə alınmış videogörüntü qeydə alınmışdır. Baxış zamanı həmin görüntülərin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi istintaq hərəkətinin videoçəkilişi olması və videogörüntülərlə 02 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokolun bir-biri ilə uyğun olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 86-87). Məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2022-ci il tarixli 6/4736 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “AR DİN Zərflər üçün N-175” möhür əksi, “...Şübhəli şəxs... Təqsirləndirilən şəxs...” yazılar, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,165 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ), metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»in İ siyahısına daxildir (cild 1, iş vərəqi 39-44). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5923 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 124-125). Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 3104 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixoaptik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmayıb, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları İdarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs oğlu törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 126-128). İbtidai istintaq orqanının 13 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 2,165 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,065 qram narkotik vasitə heroin məhkəmənin müvafiq qərarınadək saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 130-139). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2022ci il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2012-ci İl tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətə islah işləri cəzasına məhkum olunsa da, hazırda onun məhkumluğu ödənildiyindən məhkumluğu olmayan şəxs hesab edilməlidir (cild 1, iş vərəqi 88-95). Məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi kimi xəstə olduğunu, lakin onun üzərində həmin çəkidə narkotik olmadığını, polis işçiləri hadisə günü onu tutub polis bölməsinə apardıqlarını, orada ona bir büküm verərək, yarım qram narkotik olduğunu, onun işinin istifadəçi kimi sənədləşdiriləcəyinin bildirildiyini, onun da polislərin dediklərini qəbul etdiyini, üstündə olan az miqdarda narkotik vasitəni «Kubinka»dan tanımadığı şəxsdən aldığını, çəkiliş zamanı da belə dediyini, təzyiq altında olduğu üçün polis işçilərinin dedikləri kimi izahat verdiyini bildirərək, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası müdafiə tərəfinin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub videoçəkiliş aparılmaqla şəxsi axtarışı zamanı özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitəni təqdim etmiş, həmin maddi sübut prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. İlkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, narkotik vasitəni saxlanıldığı gün “Kubinka” deyilən yerdə tanımadığı şəxsdən 20 manata öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmçinin cinayət işinə əlavə edilmiş Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs həmin vaxt ona qarşı CM-nin 234.4.3-cü maddəsi elan edilmiş ittihamla özünü təqsirli bilməsə də, narkotik vasitənin özünə məxsus olmasını inkar etməmiş, həmçinin saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər göstərilməsi barədə heç nə bildirməmişdir. Hazırkı məhkəmə iclasında da Təqsirləndirilən şəxs istintaq təcridxanasında müayinə zamanı onda heç bir xəsarət izi aşkar edilmədiyini və istintaq zamanı özünün heç yerə şikayət etmədiyini, əməlindən peşman olduğunu bildirmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə ziddiyyətli ifadələr verməsini məsuliyyətini yüngülləşdirmək üçün onun tərəfindən seçilmiş müdafiə taktikası kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edir. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 02 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Binəqədi RPİ, 6-cı Polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5923 saylı rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan kustar üsulla hazırlanmış bir ədəd bükümdə 2,065 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin olduğu bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 110 (yüz on) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işində olan orderdən və hesabatdan görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsinin vəsaiti hesabına vəkil Müdafiəçi müdafiə etmiş, vəkil bununla bağlı 40 saat vaxt sərf etmişdir. Odur ki, vəkil Müdafiəçi ödənilməli olan 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti "Mirzəyev və partnyorları" Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 02 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Binəqədi RPl-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 2,065 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünü əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 240 (iki yüz qırx) manat pul vəsaiti "Mirzəyev və partnyorları" Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar