Məhkəmə qərarları › İş №1(101)-704/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-704/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-704/2023 26.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 14 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1969-cu il tarixdə İsmayıllı rayonu Basqal kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ibtidai təhsilli, evli, himayəsində iki azyaşlı övladı olan, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, İsmayıllı rayonu Basqal kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ölkə ərazisində qanunsuz, olaraq narkotik vasitənin satışını həyata keçirib qazanc əldə etmək məqsədi ilə razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb xx.xx.2022-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Ağ Saray» dairəsi adlanan yerin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən ümumilikdə 15 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.452 qram, 0.420 qram, 0,444 qram, 0.432, 0.427 qram, 0.441 qram, 0,452 qram, 0,453 qram, 0.457 qram, 0.425 qram, 0.466 qram, 0.445 qram, 0,449 qram, 1.125 qram, 0,975 qram olmaqla, külli miqdarda ümumi təmiz çəkisi 7.863 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 13:45-də Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına aparılmış, orada həmin tarixdə saat 15:10-da üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli eynək qabının içərisindən 13 ədəd şəffaf sellofan bükümlərdə kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edən, ayrı-ayrılıqda təmiz, çəkiləri 0.452 qram, 0.420 qram, 0.444 qram, 0.432 qram, 0,427 qram, 0.441 qram, 0.452 qram, 0.453 qram, 0,457 qram, 0,425 qram, 0,466 qram, 0.445 qram, 0.449 qram, 01 ədəd ağ rəngli kağız bükümdə kimyəvi komponent tərkibinə görə 13 ədəd sellofan bükümdəki heroin kütlələri ilə eynilik təşkil edən təmiz çəkisi 1,125 qram və 01 ədəd ağ rəngli kağız bükümdə qeyd edilən heroin kütlələrindəki kimyəvi komponent tərkibinə görə fərqli olan təmiz çəkisi 0,975 qram, ümumi təmiz çəkisi isə 7,863 qram təşkil edən külli miqdarda maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təqribən 1998-ci ildən narkotik maddə qəbul edir, o, heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamışdır, ağrıları olduğu üçün heroindən istifadə etmişdir. Saxlanıldığı gün səhər uşaqları məktəbə aparmaq üçün evdən çağırıb, qapını açmış, həmin gün onu mülki geymli şəxslər saxlayıb, əynində şortiklə onu Binəqədi rayon Polis idarəsinin 6-cı polis bölməsinə aparmışlar. Həmin vaxt üzərində narkotik vasitə olmamış, bölmədə ailəsinidə gətirmələrini demişlər və ondan silahı da gətirməsini demişlər. O, silahı olmadığını bildirmişdir. Onun üzərində narkotik vasitə olmamış, çəkiliş zamanı bölmədə üstündən çıxan narkotikanı polis əməkdaşları qoymuşdur. Orada onu ailəsi ilə qorxudmuşlar və ona görə istintaq zamanı orada dediklərini boynuna almışdır. İbtidai istintaq zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Kamıl oğlunun ifadəsi məhkəmə iclasında elan olunarkən müəyyən olunmuşdur ki, polis əməkdaşları tərəfindən saxlanılmazdan bir həftə öncə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Ağ Saray» dairəsi adlanan yerin yaxınlığından tapdığı narkotik vasitə hesab edilən heroin üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 13:45 radələrində Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yaşadığı evin yanında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi RPİ-nin 6-cı PB-nə aparmışlar. Bölmədə xidməti otaqda hüquq və vəzifələri izah olunduqdan sonra, özünün xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasında xidməti otaqların birində üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan video çəkiliş altında şəxsi axtarış keçirilərkən o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli eynək qabının içində olan sellofan torbada 13 ədəd şəffaf sellofana və 02 ədəd ağ rənli kağıza bükülmüş bükümləri, sol yan cibindən isə «Samsung A12» markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar olunmuş kütlələr zərfə qoyularaq qablaşdırılıb, möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, lakin o, həmin protokolu heç bır səbəb göstərmədən, imza etməkdən imtina etmişdir. Aşkar olunmuş narkotik xasilərin üzərində gəzdirməsinin səbəbi isə istifadə etmək olmuş və o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs saxlanılan zaman əməliyyat müvəkkili işləmişdir. Hazırda sahə inspektoru vəzifəsində çalışır. 29 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla əlaqədar rəhbərliyə məruzə olunmuş və əməliyyat qrupu yaradılmışdır. Yaradılmış əməliyyat qrupuna əməliyyat müvəkkili, polis kapitanı Şahid2 daxil edilmiş və birlikdə həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanının yaxınlığına getmişlər. Həmin ünvanda Təqsirləndirilən şəxs tərəflərindən şübhəli şəxs qismində saxlanılaraq Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətirilmişdir. Polis bölməsində, faktın araşdırılması Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Rəvan İsrayılova həvalə olunmuşdur. Video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq vəzifələri izah edilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan, gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxs üzərindən eynək qabının içərisindən bükümlər təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirilmiş, təhqiqatçı tərəifindən həmin bükümlər açılaraq içərsində olan maddə kütlələri qablaşdırılaraq müvafiq ekspertiza keçirilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərdəki kütlələri hardan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyni soruşduqda o, həmin bükümlərdə olan heroini bir həftə öncə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən «Ağ Saray» dairəsi adlanan yerin yaxınlığında küçədə yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək həmkarının ifadəsində verdiyi ifadəsini təsdiqləmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4613 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün № 175» möhür əksi «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» və s. sözlər, imzalar olan zərfdəki 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.452 qram, 0.420 qram, 0.444 qram, 0,432 qram, 0,427 qram, 0.441 qram, 0.452 qram, 0.453 qram, 0.457 qram, 0.425 qram, 0.466 qram, 0,445 qram, 0.440 qram, 01 ədəd kağız bükümdə 1.125 qram, digər kağız bükümdə 0,975 qram olmaqla ümumi təmiz çəkiləri 7.563 maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 13 ədəd bükümdəki heroin kütlələri (1-13№-li oby.) və kağız bükümlərdən birindəki heroin kütləsi (14№-li oby.) kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Digər kağız bükümdəki heroin kütləsi (15№-li oby.) qeyd edilən heroin kütlələrindən kimyəvi komponent tərkibinə görə fərqlidir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş « Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına daxildir (Siyahı İ). Təqsirləndirilən şəxs götürülmüş tədqiqatlara sərf olunmaqla istifadə edilməsi nəzərə alınmaqla qalıq qalan 7,713 qram çəkidə heroin maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü Binəqədi RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6661 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Əarazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2945 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müsissələrə müraciət etməmiş, onda hər-hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən cinayəti törətdiyi zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk elmək, öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. X2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-ııin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə bu hissədə nəticəyə gələrkən onu əsas tutmuşdur ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni qanunsuz olaraq üzərində saxlamış, daşımışdır. Onun məqsədi əldə etdiyi narkotik vasitənin çəkisinə və ayırdığı bükümlərə uyğun şəkildə qazanc əldə etmək olmuşdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onun ibtidai istintaq orqanına şəxsiyyəti məlum olmayan başqa şəxslə cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girməsini, külli miqdarda narkotik vasitənin satışını həyata keçirmək olmasını, ən əsası isə Təqsirləndirilən şəxs həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdiyi şəxsin məqsədinin külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək olmasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdi onların cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduğu başqa şəxsin qəsdi ilə əhatə olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq edir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə narkomaniya xəstəliyindən əziyyət çəkən təqsirləndirilən şəxsin yalnız satış məqsədi ilə narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər sübutlar yekun nəticəyə gəlməyə imkan verir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı, onun üzərində tapılmış narkotik vasitənin - maddi sübutların mötəbərliyi məsələsini tərəddüdsüz olaraq mübahisələndirməmiş, narkotik vasitəni qanunsuz olaraq əldə etməsini, üzərində saxlamasını və daşımasını səmimi etiraf etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Odur ki, Təqsirləndirilən şəxs üzərində saxladığı narkotik vsitələri əldə edib xırda bükümlərə ayıraraq həmin maddələri satış məqsədi ilə əldə etməsini bir daha sübut etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, o, məhkəmə iclasında ibtidai istintaq zamanı vermiş olduğu ifadədən fərqli ifadə verərək onun üzərində narkotik vasitə olmadığını, o heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmadığı və təziyq altında qorxduğundan istintaq zamanı cinayəti etiraf etməsini bidirməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlləri ağır cinayət kateqoriyasına aiddirlər. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində ədalətli şəkildə vahid cəza ilə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Qaradağ rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə 01 il 03 gün vaxtından əvvəl şərli olaraq azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvələr məhkum olunduğu cinayət ağır cinayətlər katiqoriyasına aiddir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən –ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onların şübhəli şəxs qismində saxlanıldığı 29 avqust 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsində saxlanılan 13 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.452 qram, 0.420 qram, 0.444 qram, 0,432 qram, 0,427 qram, 0.441 qram, 0.452 qram, 0.453 qram, 0.457 qram, 0.425 qram, 0.466 qram, 0,445 qram, 0.440 qram, 01 ədəd kağız bükümdə 1.125 qram, digər kağız bükümdə 0,975 qram olmaqla ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkici 7.713 qram narkotik vasitə heroin məhv edilməlidir. - Şəxsi axtarış və maddi sübutların videogörüntülərini özündə əks etdirən 01 ədəd SD disk iş materiallarında saxlanılmalıdır. Ekspertiza xərcləri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 144 (bir yüz qırx dörd) manat pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 29 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından “Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 144 (bir yüz qırx dörd) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis İdarəsində saxlanılan ümumilikdə 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.452 qram, 0.420 qram, 0.444 qram, 0,432 qram, 0,427 qram, 0.441 qram, 0.452 qram, 0.453 qram, 0.457 qram, 0.425 qram, 0.466 qram, 0,445 qram, 0.440 qram, 1.125 qram, 0,975 qram olmaqla ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkici 7.713 qram narkotik vasitə heroin məhv edilsin. - Şəxsi axtarış və maddi sübutların videogörüntülərini özündə əks etdirən 01 ədəd SD disk iş materiallarında saxlanılsın. Ekspertiza xərcləri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar