Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-705/2022 07.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü ildə Lerik rayonunun Zeynəpo kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X6 qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib, yetişdirməklə külli miqdarda kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayında istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, X6 yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində qanunsuz olaraq əkib 12 iyun 2021-ci il tarixədək olan müddət ərzində gündəlik nəzarəti altında ümumilikdə 40 ədəd çətənə (kannabis) bitkilərini aqrotexniki qaydada qulluq edib yetişdirməklə külli miqdarda kultivasiya etmiş, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə daxil olmuş əməliyyat məlumatının realizəsi ilə bağlı 12 iyun 2021-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Suraxanı rayonu, Binə qəsəbəsi, X6 yerləşən fərdi yaşayış evinin həyətindən sonuncunun qanunsuz olaraq əkib yetişdirməklə külli miqdarda kultivasiya etdiyi ümumi çəkisi 5115 qram (5 kq 115 qram) olan həmin 40 (qırx) ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qiamində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, qeydiyyatda olduğu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanında həyat yoldaşı Şahid4 ilə birlikdə yaşayır. O, xeyli müddət olar ki, fəhləlik etməklə ailəsini dolandırmışdır. 2015- 2017-ci il tarixlərində Binə qəsəbəsində olan müxtəlif parniklərdə fəhləlik etmiş və həmin vaxtdan onun bitkilərə qulluqdan anlayışı olmuşdur. 2013-cü ilin dekabr ayında Xəzər Rayon Məhkəməsinin hökmü ilə narkotik vasitələrdən qanunsuz olaraq istifadə etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. O, xeyli müddət olar ki, narkotik vasitə olan heroini inyeksiya yolu ilə qəbul etmişdir. Son zamanlar o, heroinə olan asılılığını azaltmaq üçün yaşadığı evin həyətində narkotik vasitə olan marixuana əkmək və becərmək qərarına gəlmişdir. O, çətənə toxumları əldə etmək üçün tanışı, Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində 117 N-li məktəbin yaxınlığında yaşayan Vidadi adlı şəxsə müraciət etmiş və həmin toxumları Vidadidən bir neçə dəfəyə 7-8 ədəddən ibarət olmaqla almışdır. Vidadi həmin toxumları ona verən zaman ondan hansısa miqdarda pul almamışdır. O, həmin toxumları yaşadığı evin həyətyanı sahəsində boşluq olan hissədə və orda olan bitkinin dibinə əkməklə həmin toxumların cücərməsi üçün qulluq etmiş, vaxtıvaxtında suyunu vermişdir ki, gələcəkdə onun yarpaqlarının qurudulması yolu ilə həmin narkotik vasitəni istifadə etsin. Yaxınlarından, ailə üzvlərindən hər hansı biri onun həyətində çətənə toxumu əkməsi və kol formasına çatmasından və qulluq etməsindən xəbərləri olmamışdır. 12 iyun 2021-ci il tarixdə saat 23:30 radələrində yaşadığı evdə olan zaman tanımadığı mülki geyimdə olan şəxslər onun evinə gəlmiş və yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər və həyətində çətənə kolu olması ilə bağlı əldə olunmuş məlumatın yoxlanması məqsədi ilə həyətyanı sahəsinə baxış keçirəcǝklərini bildirmişlər. Polis əməkdaşları bir nəfər aqronom və vəkil olaraq təqdim olunmuş şəxsin iştirakı ilə həyətə gəlmiş və o, evinin həyətyanı sahəsinə baxış keçirilməsinə razılıq ərizəsini vermişdir. O, həyətyanı sahəsində olan 1 ədəd dibçəkdə, digər 39 ədədi isə torpaqda olan kolları çıxarmaqla polis əməkdaşlarına təqdim etmişdir. Həmin kollar bir kənara yığılmaqla onun iştirakı ilə qablaşdırılmış və buna dair protokol tərtib olunmuşdur. Aqronom həmin kolun çətənə kolu olması ilə bağlı fikir bildirmişdir. Onlar tərtib olunmuş protokolu və həmin qablaşmanı imza ilə təsdiq etmişlər. Bundan sonra polis əməkdaşları onu Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinə gətirmişlər. O, etdiyi cinayət əməlindən peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin təhqiqatçısı vəzifəsində işləyir. 12 iyun 2021-ci il tarixdə Suraxanı rayon Polis idarəsinin Cinayət Axtarış şöbəsinin rəis müavini Şahid1 Suraxanı rayonu, Binə qəsəbəsi, X6 yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətində tərkibində narkotik maddələr olan bitkiləri qanunsuz olaraq əkib becərməsi, narkotik vasitələri saxlaması və satışı barədə əməliyyat məlumatı əldə etmişdir. Məlumatın realizəsi ilə bağlı idarə rəisinin göstərişi əsasında Şahid1, o və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həyətyanı torpaq sahəsində aşkar olunacaq narkotik tərkibli bitkilərə aqrotexniki qaydada qulluq olunub-olunmamasını müəyyən etmək məqsədilə onun tərəfindən Suraxanı rayonu, Yaşıllaşdırma idarəsində sahə rəisi işləyən, aqronom ixtisasını bitirmiş X5 mütəxəssis qismində şöbəyə dəvət olunmuşdur. Eyni zamanda, hadisə yerinə getməmişdən əvvəl 9 saylı Vəkil bürosunda növbətçilik qrafiki üzrə növbədə olan vəkilə bu barədə məlumat verilmişdir. Vəkil şöbəyə gəldikdən sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə saat təxminən 23 radələrində Binə-Südçülük sovxozuna Təqsirləndirilən şəxs evinə getmişlər. Həyət qapısını Seydağa açmışdır. Videoçəkilişlə özlərini ona polis əməkdaşları kimi təqdim etmiş, tərəflərindən Seydağaya həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkilərin əkilib becərilməsi ilə bağlı onlarda məlumat olması və həyətyanı torpaq sahəsinə və yaşadığı evə baxış keçirmək zərurətini bildirmişlər. Seydağa həyətyanı torpaq sahəsinə və evinə baxış keçirilməsinə etiraz etməmişdir. Seydağaya hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil təyin olunduğu bildirilmiş, Seydağa vəkilə heç bir etirazı olmadığını bildirmişdir. İlk olaraq həyətyanı torpaq sahəsinə tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı açıq havada meyvə ağaclarının arasında 1 ədəd dibçəkdə olmaqla 40 ədəd müxtəlif ölçülərdə çətənə kolları aşkar edilmişdir. Baxışda iştirak edən aqronom da bildirmişdir ki, çətənə kollarına xüsusi qulluq olunmuşdur. Seydağa narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini, çətənə kollarına şəxsən özünün qulluq etdiyini bildirmişdir. Çətənə kolları torpaqdan çıxarılmış və 3 ədəd bağlamada qablaşdırılmışdır. Bundan sonra Seydağanın evinə onun iştirakı ilə baxış keçirilmiş, evində narkotik vasitə və ya cinayət xarakterli predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuş, protokolu Təqsirləndirilən şəxs, müdafiəçisi və iştirakçılar imzalamışdır. Bundan sonra Seydağa tərəflərindən 30-cu Polis şöbəsinə gətirilmişdir. Şöbədə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə izahat yazaraq bir daha törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Seydağa ailə üzvlərinin çətənə kollarının əkilib-becərilməsinə hər hansı formada iştiraklarının olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid2 və Şahid1 Şahid3 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları ayrı-ayrılıqda tam olaraq təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Suraxanı rayonu, Binə qəsəbəsi, X6 nömrəsiz evdə əri Təqsirləndirilən şəxslə birlikdə yaşamışdır. O və Seydağa gündəlik ağac, gül və ya qazon əkilməsində fəhləlik etmişlər. Əvvəllər Seydağa narkotik vasitələr qəbul etmişdir. Hətta üzərində narkotik vasitə saxladığına görə məhkum olunmuşdur. Son vaxtlar Seydağa narkotik vasitələr qəbul etməmişdir. 12 iyun 2021-ci il tarixdə o, gecə saatlarında işdən evə qayıdanda görmüşdür ki, polis əməkdaşları evinin qarşısındadırlar, Seydağa da, ora gəlmişdir. Seydağaya videoçəkilişlə bildirmişlər ki, həyətə və evə baxış keçirmək istəyirlər. Seydağanın iştirakı ilə həyətə baxış keçirdilmişdir. O, baxışda iştirak etməmişdir. Həyətdən Seydağanın əkdiyi çətənə kolları aşkar edilmişdir. Bundan sonra evə baxış keçirmişlər. Evdən narkotik vasitə və ya başqa kriminal xarakterli əşya aşkar olunmamışdır. Seydağanın həyətdə çətənə kolları əkib-becərməsindən onun xəbəri olmamışdır. Çünki, o, gündəlik fəhləliklə məşğul olduğuna görə Seydağanın həyətdə badımcan və başqa tərəvəz məhsulları əkdiyini bilmişdir. O, Seydağanın əkdiyi çətənə kollarını görsə də, həmin kolların çətənə kolu olduğunu bilməmişdir. Elə bilmişdir ki, Seydağanın əkdiyi bitkilər güldür. Çünki, Seydağa müxtəlif güllər əkməyi xoşlamışdır. Ona görə də, o, həmin bitkiləri görəndə şübhələnməmişdir. Lakin o, həmin bitkilərə su verməmişdir və ya hər hansı formada qulluq etməmişdir. Seydağa özü həmin bitkilərə qulluq etmişdir. Seydağa həmin bitkilərin narkotik tərkibli bitkilər olduğunu ona deməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş həyətyanı sahəyə və mənzilə baxış keçirmə və götürmə aparılması haqqında 12.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 12 iyun 2021-ci il tarixdə saat 23:05-də Təqsirləndirilən şəxs yaşadığı Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ünvanına videoçəkiliş aparılmaqla baxış keçirilmiş, qeyd olunan ünvanda həyətyanı sahədə yerləşən istixananın içərisindən əkilib yetişdirilməklə kultivasiya edilmiş ümumi çəkisi 5115 qram (5 kq 115 qram) olan 40 (qırx) ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 29-30). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 13.06.2021-ci il tarixli aqronomik rəydən görünür ki, Təqsirləndirilən şəxs məxsus həyətyanı sahəyə baxış keçirilən zaman aşkar edilmiş bitkilər yarpaqlarına, gövdəsinə, zoğuna və yarpaqlarının iyinə görə narkotik xassəli çətənə bitkisidir, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir (cild 1, iş vərəqi 32). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş video çəkilişə dair CD diskə baxış keçirilməsi haqqında 08.09.2021-ci il tarixli protokoldan görünür ki, 12 iyun 2021-ci il tarixdə saat 23:05-dən saat 23:36-dək olan müddət ərizində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Şahid3 tərəfindən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, həmin şöbənin əməliyyat müvəkkili, polis mayoru Şahid2, Suraxanı rayonu Yaşıllaşdırma İdarəsində sahə rəisi vəzifəsində işləyən X5, Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi, 9 saylı Vəkil bürosunun vəkili X3 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, X6 nömrəsiz fərdi yaşayış evinin həyətinə keçirilən baxış zamanı həyətdən 1 ədədi dibçək olmaqla 40 ədəd çətənə kolu aşkar edilir (cild 1, iş vərəqi 164). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 13.06.2021-ci il tarixli, 7/554 saylı rəyindən görünür ki:
1. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahədən aşkar edilərək götürülmüş...” sözləri yazılmış 3 ədəd sintetik torbada ümumi sayı 40 (qırx ədəd) yaş vəziyyətdə, ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 1985 qram, 2) 2145 qram, 3) 985 qram, ümumi çəkisi 5115 qram (5 kilo 115 qram) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.
2. Aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir (cild 1, iş vərəqi 55-57). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 29.07.2021-ci il tarixli, 2547 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 167-168). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizanın 07.08.2021-ci il tarixli, 1742 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunan dövr ərzində, cinayət hadisəsini törədən zaman və hadisədən əvvəl hər hansı bir psixi xəstəliyin əlaməti müəyyən edilməyib. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatrik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxanılan şəxs Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1, 21.3 və ya 22-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs idrak prosseslərinin xüsusiyyətlərində normadan kənar hallara rast gəlinmədiyindən belə nəticəyə gəlinir ki, o, iş üçün əhəmiyyətli halları düzgün dərk etmək və bu barədə məlumat vermək qabiliyyətinə malikdir (cild 1, iş vərəqi 169-172). İşdə olan sübutların qiymətləndirilməsi haqqında 24.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətindən aşkar edilmiş ekspert tədqiqatından sonra qalıq qalan 5114,2 qram çəkidə 40 (qırx) ədəd narkotik tərkibli çətənə bitkiləri maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Təchizat şöbəsinə verilmişdir (cild 2, iş vərəqi 58-67). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 14.07.2021-ci il tarixli, 1/1315 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs stasionar müalicə üçün həmin xəstəxanaya müraciət etməyib (cild 1, iş vərəqi 129). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin 14.07.2021-ci il tarixli, 6047 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb (cild 1, iş vərəqi 130). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.6cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 19-cu bəndində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası CM-in 237-ci maddəsində nəzərdə tutulmuş cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İİİ Siyahıya əsasən qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərdən çətənə növlü bitkilərin 16 ədədi və ondan yuxarı miqdarı külli miqdar hesab olunur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib yetişdirməklə külli miqdarda kultivasiya etməsi kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05.12.2013-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin 30.10.2014-cü il tarixli qərarı ilə cəza çəkməkdən vaxtından əvvəl şərti azad olunmuşdur (cild 1, iş vərəqi 124-125, 145-149). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi vaxtdan 2 (iki) ildən çox vaxt keçdiyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 13 iyun 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən barəsində 14 iyun 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı 12 iyun 2021-ci il tarixdən hesablanmışdır. Sübutların qiymətləndirilməsi və icraata xitam verilməsi haqqında müstəntiqin 27 oktyabr 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində aparılan cinayət işinə və barəsində seçilmiş həbs qətimkan tədbirinə xitam verilmiş və o, həbsdən azad olunmuşdur. Bakı şəhəri Suraxanı rayon prokurorunun 30 noyabr 2021-ci il tarixli qərarına əsasən cinayət işinə xitam verilməsi barədə müstəntiqin 27 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi əlavə istintaqa qaytarılmış, 21 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsilə yenidən ittiham elan edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 yanvar 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 41, 91-95, 213-215, 224-231, 233-234; cild 2, iş vərəqi 18-19, 49-53). Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs birinci dəfə həbsdə saxlandığı 4 (dörd) ay 16 (on altı) gün ona təyin ediləcək cəzadan çıxılmalı, cəza çəkməsinin başlanğıcı onun həbs edildiyi 21 yanvar 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhər Baş Polis İdarəsinin Təchizat şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 5114,2 qram olan 40 (qırx) ədəd narkotik tərkibli çətənə kolları məhv edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 4 (dörd) ay 16 (on altı) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 4 (dörd) il 7 (yeddi) ay 14 (on dörd) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhər Baş Polis İdarəsinin Təchizat şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 5114,2 qram olan 40 (qırx) ədəd narkotik tərkibli çətənə kolları məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 89 (səksən doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Eldar İsmayılov Əli Məmmədov