Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-706/2023 14.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X10 və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 1 may 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayır və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə olan heroini əldə edərək üzərində saxlamaqla daşımış, 5 iyul 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin 32ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 13:30-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən məscidin yaxınlığında saxlanılıb Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 2,431 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əmisi ilə birlikdə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində yerləşən məscidə namaz qılmaq üçün getmişdir. Məscidə daxil olmazdan əvvəl çöldə dayanıb siqaret çəkərkən onun əmisi dostu ilə söhbət edən vaxt mülki geyimdə olan bir neçə şəxsin əmisinin qolundan tutduqlarını görmüşdür. O, mübahisəni ayırmaq üçün ora gedəndə həmin şəxslər ona polis əməkdaşları olduqlarını deyib sonra onları 32-ci PBnə aparmışlar. Orada üzərinə baxış keçirildikdə hər hansı bir narkotik vasitə aşkar olunmamışdır. Ancaq polis əməkdaşları onu döyərək onların verdikləri narkotik vasitəni cibində saxlamağını, üzərinə baxış keçirilərkən təqdim etməyini bildirmişlər. Sonra da onu və əmisini 6 gün polis bölməsinin müvəqqəti saxlama yerində saxlamışlar. Fiziki təzyiq altında olduğu üçün 6-cı günün sonunda bütün sənədlərə imza etmişdir. O, hüquqi savadı olmadığı üçün həmin sənədlərə imza etdikdən sonra hansı nəticələrin olacağını bilməmişdir. Suraxanı rayon məhkəməsində qətimkan tədbiri ilə bağlı məsələyə baxan hakim əmisi ilə Mahmuda eyni sellofan bükümə görə ittiham elan edilməsini başa düşüb hər ikisini azadlığa buraxmış və bundan sonra əmisi ilə onun cinayət işləri ayrılmışdır. Narkotik vasitə istifadəçisidir və sonuncu dəfə tutulmazdan 2 gün əvvəl istifadə etmişdir. Anası və bacısı ilə birlikdə yaşayır. Anasına görə narkotik vasitələrdən istifadə etməyi dayandırmışdır. Əmisi dini ibadətlə məşğul olur. Əmisi və onun üzərində saxlanılan zaman narkotik vasitə olmamış, onlar saxlanıldıqdan 6 gün sonra üzərilərində axtarış həyata keçirmiş, saxlanılan zaman üzərində mobil telefon olmamışdır. Nənəsi xəstə olduğu üçün mobil telefonunu çox vaxt ona verir. Polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməsi ilə bağlı heç bir dövlət orqanına şikayət etməmişdir. Saxlanılan zaman üzərində narkotik vasitə olmamış, lakin əvvəllər narkotik vasitədən istifadə etmişdir. 32-ci PB-də Rüfət, Toğrul və digər polis əməkdaşları yumruq və təpiklə onu vurmuşlar. Polis əməkdaşları bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirmişlər. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, hazırda işləmir, narkotik maddə qəbul etdiyi üçün 2021-ci il tarixdə Respublika Narkoloji Mərkəzdə 18 gün müalicə almışdır. Bununla belə arabir narkotik vasitələrdən istifadə etmişdir. 5 iyul 2022-ci il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Dəmiryolu” vağzalının yaxınlığında olarkən yerdə 1 ədəd narıncı rəngli sellofan bükümünü görmüş və götürərək açıb içərisinə baxdıqda içərisində qəhvəyi rəngli narkotik vasitə heroin olduğunu müəyyən etmiş, özünün istifadəsi üçün həmin bükümü əynindəki şalvarın cibinə qoymuşdur. Həmin gün, yəni 5 iyul 2022-ci il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsindəki məscidin yaxınlığında olarkən ona 2 nəfər mülki geyimdə şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu Suraxanı RPİ-nin 32-ci PB-nə aparmışlar. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis idarəsinə getdikdən sonra ona hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Vəkil ona təqdim olunduqdan sonra o, ərizə yazaraq üzərində şəxsi axtarış keçirilən zaman vəkilin iştirak etməməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra onu saxlayan polislərin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilməyə başlanmışdır. Əvvəllcə ona üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir narkotik vasitə və ya əşya varsa çıxarıb təqdim etməyi təklif edilmişdir. Bundan sonra o, əynində olan qara rəngli cins şalvarının sol yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan həmin 1 ədəd sellofan bükümünü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində nə olması və haradan əldə etməyi barədə soruşulduqda o, təqdim etdiyi bükümdə narkotik vasitə heroin olduğunu, həmin gün Sabunçu qəsəbəsində yerləşən “Dəmiryolu” vağzalının yaxınlığında olarkən yerdən tapdığını, istifadəçisi olduğundan istifadə etməsi üçün cibində saxlamaqla daşıdığını bildirmişdir. Bundan sonra üzərində axtarış keçirilsə də, qadağan edilmiş digər natkotik vasitə və ya əşya aşkar edilməmişdir. Təqdim etdiyi 1 bükümdə olan heroin polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, sonra zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığından üzərindən aşkar edilmiş həmin narkotik vasitədən istifadə etmək imkanı olmamışdır. Narkotik maddələrin satışı ilə məşğul olmamış və ya kiməsə hədiyyə etməmiş, əvəzli-əvəzsiz verməmişdir. Polis əməkdaşı tərəfindən saxlanılan və polis idarəsində olduğu zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir (cild 1, iş vərəqə 55-57 və 68-70). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş, bundan sonra Təqsirləndirilən şəxs ifşa olunması istiqamətində o və Suraxanı RPİ-nin 32-ci PB-nin CA üzrə kiçik əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 5 iyul 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onlar saat 13:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində yerləşən məscidin yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra ona narkotik vasitələrin qanunsuz olaraq əldə etməsində, üzərində saxlamasında və daşımasında şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib onu Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci PB-nə aparmışlar. Polis bölməsinə getdikdən sonra orada xidməti otaqların birində Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçısı tərəfindən şübhəli şəxsin hüquq və vəzifələri izah olunmuş, onun hüquqlarının müdafə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Sonra onun və Şahid2 iştirakı ilə təhqiqatçı tərəfindən videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol cibindən 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, Sabunçu rayonu, Sabunçu dəmiryolu vağzalının yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs əməliyyat məlumatı əsasında saxlanılmış, barəsində olan əməliyyat məlumatı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuşdur. Şəxsi axtarışda o da iştirak etmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə küçədə axtarış keçirmək səlahiyyətləri olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə şahidlər Şahid1 və Şahid2 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (cild 1, iş vərəqə 104-111). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 5 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməzdən əvvəl ona qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd narıncı rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Dəmiryolu” vağzalının yaxınlığında yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 büküm kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra DİN-in “Zərflər üçün” 196 saylı möhürün əksi ilə möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir (cild 1, iş vərəqə 34-36). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/3673 saylı 5 iyul 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N196” dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,431 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Qeyd: heroinin ümümi təmiz çəkisi 2,431 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 2,381 qram, cild 1, iş vərəqə 43-45). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 4607 saylı 19 avqust 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 122-123). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 2263 saylı 22 avqust 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona istintad edilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 1, iş vərəqə 128-129). Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 7 iyul 2022-ci il tarixli protokoldan görünür ki, çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD diskə baxış protokolundan Təqsirləndirilən şəxs şəxsi axtarış aparılmazdan əvvəl üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsinin təklif edilməsi, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd narıncı rəngli sellafon bükümünü çıxarıb təqdim etməsi, sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın davam etdirilməsi və başqa əşya aşkar edilməməsi, ondan təqdim etdiyi 1 ədəd narıncı rəngli sellafon bükümündə nə olması, nə vaxt, kimdən, hansı yolla və nə məqsədlə əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümündə narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Dəmiryolu” vağzalının yaxınlığında yerdən tapdığını, istifadəçisi olduğundan üzərində saxladığını bildirməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd bükümün 1 ədəd kağız zərfə qoyulub qablaşdırılması, zərfin üzərinin bütün iştirakçılar tərəfindən imzalanması və zərfin möhür əksi ilə möhürlənməsi müəyyən olunmuşdur (cild 1, iş vərəqə 71). Cinayət işinin materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 9 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinin əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması ilə bağlı müraciətində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 2). Cinayət işinin materiallarında olan 19 dekabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,381 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 143-151). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 121). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Babazadə X2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 5 iyul 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 24). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 7 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir (cild 1, iş vərəqə 80-84). Cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçmə haqqında” 7 iyul 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 85-86). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin tutulduğu müddət məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 5 iyul 2022-ci il tarixdən 7 iyul 2022ci il tarixə kimi tutulduğu 2 (iki) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib həbs qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından həbs edilməli və cəzaçəkmə müddətinin əvvəli Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildiyi 14 mart 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,381 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 5 iyul 2022-ci il tarixdən 7 iyul 2022-ci il tarixə kimi tutulduğu 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs tutulduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbs edildiyi 14 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,381 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-706/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-706/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver