Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-707/2020 26.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: X1 (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə; məhkəmə iclasının katibi: X4; dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət X5 İdarənin Ağır cinayətlər məhkəmələrində dövlət X5 şöbənin prokuroru Dövlət ittihamçısı; zərərçəkmiş Zərərçəkmiş şəxs müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhər 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Təqsirləndirilən şəxs, xx.xx.1966-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Nizami küçəsi, 19C, məhəllə 6-da qeydiyyatda olan, Sumqayıt şəhəri, Corat bağları ərazisində fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs o, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməllərini törətmişdir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs, xx.xx.2020-ci il tarixdə saat 02 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən «Metallurq» kafesinin həyətində Zərərçəkmiş şəxs ondan avtomobilin arxasından çəkilib yol verməsini bildirdiyindən heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs rəhmətə getmiş valideyninin ünvanına nalayiq söyüşlər söyüb təhqir edərək özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub ətrafda olan insanlara qarşı aşkar surətdə hörmətsilik və laqeydlik nümayiş etdirərək xuliqanlıq niyyəti ilə üzərində olan bıçaqla Zərərçəkmiş şəxs sol qalça nahiyyəsinə qəsdən bir dəfə vuraraq sol qalça nahiyyəsinin qarın boşluğuna keçərək bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 21 radələrində o, Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən «Metallurq» kafesinə getmişdir. O, orada masalardan birində əyləşib yemək və içki sifariş etmiş, həmin yerdə yemək yeyib 500 qram konyak içmişdir. Onun masasında tanımadığı bir neçə xanım da əyləşib onunla yemək yemişdir. O, orada yemək yedikdən sonra hesabı ödəyib oradan çıxmış və təxminən bir saatdan sonra o, yenidən həmin kafeyə qayıtmış, orada biraz oturduqdan sonra yenidən çölə çıxmışdır. O, kafenin çölündə taksi axtaran zaman tanımadığı şəxslərlə sərxoş olduğu üçün mübahisəsi yaranmışdır. Həmin şəxslərdən biri ona tərəf gəlib onun üzünə əl atmışdır. O, həmin şəxsin tək olmadığını görmüş və sərxoş olduğu üçün üzərində olan kiçik ölçülü bıçaqla həmin şəxsin qarın nahiyyəsindən bir dəfə vurmuş, həmin şəxs qorxub ondan aralaşmışdır. O, küçədəki şəxslərin onun üstünə gəldiyini gördüyü üçün o, qayıdıb kafeyə girmişdir. Orada onu sakitləşdirib çölə çıxarmış, çölə çıxanda vurduğu oğlanı görməmişdir. O, kafedə olan zaman polis əməkdaşları ona yaxınlaşıb onun kimisə bıçaqla vurduğunu bildirmişlər və onu polis bölməsinə dəvət etmişlər. Daha sonra onu sərxoşluq onun müayinəsinə aparılmışdır. O, sonradan bıçaqla vurub xəsarət yetirdiyi şəxsin adının Zakir olduğunu bilmişdir. O, əvvəllər Zakiri tanımamış, onun məqsədi Zakiri qorxutmaq olmuşdur. Çünki Zakir ondan cavan olmuş və ona qarşı pis sözlər işlətmişdir. Onun Zakiri öldürmək məqsədi olmamış, onu vuran zaman Zakir ondan kənara çəkilmişdir. O, istəsə Zakiri vurmaq imkanı olmuş, Zakir ona söyüş söydüyü üçün o, onu cəzalandırmaq istəmişdir. O, hadisə zamanı Zakirə xəsarət yetirdiyi bıçağı bazardan 2 manata almış, həmin bıçaq mətbəxtdə istifadə olunmaq üçün nəzərdə tutulmuş kiçik ölçüdə bıçaq olmuş, həmişə onu üzərində gəzdirmişdir. O, hadisədən sonra bir müddət çöldə gəzişmiş və həmin ərəfədə bıçağı xatırlamadığı bir yerə atmışdır. Hadisə zamanı o, sərxoş olduğu üçün bıçağı hara atdığını xatırlamır. O, xuliqanlıq niyyətinin olmadığını, özünü bıçaqla ağır xəsarət yetirməkdə təqsirli bildiyini, törətdiyi əməldən peşiman olduğunu bildirmişdir Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, əvvəllər məhkum olunmamışdır. xx.xx.2020-ci il tarixdə saat 23 radələrində o, tanışı Əzizağa adlı şəxslə zəngləşib Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində görüşmüşdür. O, Əzizağaya görüşüb bir yerdə çay içməyi təklif etmişdir. O, Əzizağaya Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən «Metallurq» kafesinə getməyi təklif etmişdir. Əzizağa onun təklifi ilə razılaşmışdır. Onlar Əzizağanın idarə etdiyi «Nexia» markalı avtomobillə qeyd etdiyi kafeyə getmişlər. Onlar orada təxminən bir saat oturmuş, çay içdikdən sonra isə getmək qərarına gəlmişlər. Onlar kafedən çölə çıxanda bir neçə nəfər şəxsin çöldə mübahisə etdiyini görmüşdür. Həmin şəxslər yaşlı bir nəfərlə mübahisə etmişlər. O, həmin şəxslərə yaşlı bir insanla mübahisə etdikləri üçün iradını bildirmişdir. O, qapıya tərəf gedib Əzizağanı çağırmış, Əzizağa isə ayaqyolu tərəfdən gəlmişdir. Əzizağa gələnə qədər o, maşına yaxınlaşıb həmin yaşlı kişiyə və orada olan şəxslərə demişdir ki, zəhmət olması icazə verin yəni maşından kənara çəkilin onlar çıxıb getsin. O, onlara bir neçə dəfə bu sözü desə də heç kim maşının arxasından kənara çəkilməmişdir. Bundan sonra həmin yaşlı şəxs onun atasının ünvanına nalayiq sözlər işlədib söyüş söymüşdür. Onların arasında təxminən iki metr məsafə olmuşdur. O, əlini ona tərəf uzadıb bildirmişdir ki, «yaşından utan niyə məni söyürsən». Bu sözdən sonra o, ona tərəf gəlmiş və ona yumruq atmışdır. O, isə onun çiynindən yüngül formada itələyib demişdir ki, «içkilisən çıx get». O, bu sözləri deyib maşına tərəf çevriləndə həmin şəxs arxa tərəfdən ona yaxınlaşıb bir dəfə bıçaqla onun sol qarın nahiyəsindən vurmuşdur. O, ona tərəf çevrilib onun əlindəki bıçağı görmüşdür. Bundan sonra o, əlində bıçaqla orada olan şəxslərə doğru gedib onlara da hücum etmiş, qışqırıb Əzizağaya bıçaqla vurulduğunu bildirmişdir. Bundan sonra o, maşının yanında yerə yıxılıb huşunu itirmişdir. O, ayılanda xəstəxanada reanimasiya şöbəsində olduğunu görmüşdür. Ona sonradan onu bıçaqla vuran şəxsin adının Elman olduğunu bilmişdir. Elman onu bir dəfə vurandan sonra kənara çəkilib camaata tərəf getmişdir. O, isə görünüməməsi üçün maşınların arasına keçmişdir. Elman onu təkrarən vurmağa cəhd etməmişdir. Əgər istəsə idi Elman yenə də ona xəsarət yetirə bilərdi, ancaq yetirməmişdir. Onların mübahisəsi «Metallurq» kafesindən çöldə yəni maşınlar dayanan yerdə baş vermişdir. Həmin vaxt onların mübahisəsi təxminən 10- 15 dəqiqə davam etmişdir. Həmin vaxt küçədə onlardan başqa da bir neçə şəxs olmuş, onların kim olduğunu tanımamış, mübahisə zamanı o, Təqsirləndirilən şəxs vurmamışdır. Onun müalicəsi üçün 1000 manat məbləğində kömək edilmiş, təqsirləndirilən şəxslə hazırda barışdığını, şikayəti, tələbi və iddiası olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs tanıyır. O, onun dostudur. xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Zakir onun mobil telefonuna zəng etmiş və harada olduğunu soruşmuşdur. O, isə çayxanada çay içdiyini bildirmiş və onu da yanına dəvət etmişdir. Zakir isə ona «Metallurq» kafesinə getməyi təklif etmişdir. Zakir ona demişdir ki, gedib orada biraz oturub çay içib çıxarıq. O, da onunla razılaşmışdır. O, idarə etdiyi «Nexia» markalı avtomobillə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən «Elmarın dairəsi» adlanan yerə getmiş və oradan Zakiri götürmüşdür. Bundan sonra onlar ikisi Sumqayıt şəhəri, «Metallurq» küçəsində yerləşən «Metallurq» kafeyə getmişlər. Onlar orada təxminən 45 dəqiqə oturmuşlar və çay içmişlər. Onlar kafedən çıxanda Zakirə gedib maşında əyləşməsini bildirmişdir. O, özü isə ayaq yoluna tərəf getmişdir. O, ayaq yolunda olanda küçədən qışqırıq səsləri gəldiyini eşitmişdir. O, ayaqyolundan təxminən 10 dəqiqədən sonra çıxmışdır. O, maşına tərəf getmiş və orada olan şəxslərdən onunla gələn Zakiri soruşmuşdur. Orada olan tanımadığı bir nəfər ona bildirmişdir ki, bir nəfər yaşlı kişi onunla gələn oğlanı bıçaqla vurmuşdur və onu xəstəxanaya yola salmışlar. O, orada həmin yaşlı kişini yəni Zakiri vuran şəxsi görməmişdir. O, Zakirin bıçaqlandığını eşitdikdən sonra dərhal Sumqayıt ŞTTYX-na getmişdir. Orada o, Zakir barədə maraqlanmış və ona bildirmişlər ki, Zakiri əməliyyat otağına alıblar. O, orada tanımadığı şəxslərdən hadisənin hansı səbəbdən baş verdiyini soruşduqda ona bildirmişlər ki, Zakir maşını çıxarmaq üçün yaşlı şəxsdən icazə istəyib. Həmin şəxs isə sərxoş olduğu üçün Zakirin rəhmətə getmiş atasının ünvanına söyüş söymüşdür. Zakir onun qolundan tutub maşından kənara çəkmək istəyəndə həmin şəxs bıçaqla Zakiri vurmuşdur. Bu sözləri ona orada olan tanımadığı bir şəxs bildirmişdir. O, hadisə barədə sonradan Zakirdən də soruşduqda o, da ona bidirmişdir ki, onu vuran şəxs əvvəlcə onun rəhmətə getmiş atasını söymüş sonra isə onu bir dəfə bıçaqla vurmuşdur. O, hadisə vaxtı Zakirin qışqırdığını və yerə yıxıldığını görməmişdi. Ola bilsin ki, o, bıçaqla vurulduqdan sonra onu köməyə çağırmış, lakin o, həmin vaxt ayaqyolunda olduğu üçün onu eşitməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən «Metallurq» kafedə nəzarətçi işləyir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə o, işlədiyi obyektdə olmuşdur. Saat təxminən 01 radələrində o, obyektin çölündə səs-küy gəldiyini eşitmiş və maraqlanmaq üçün çölə çıxmışdır. O, darvazadan çölə çıxmış və maşınlar dayanan yerə yaxınlaşmışdır. O, orada yaşlı bir nəfərin sərxoş vəziyyətdə oradakı şəxslərlə mübahisə etdiyini görmüşdür. Çöldəki şəxslər isə onu sakitləşdirməyə çalışmışlar. O, həmin şəxsi tanımamışdır. O, onun narahatçılıq yaratdığını görüb PPX-nə zəng etmiş və həmin şəxslə bağlı məlumat verib onları obyektə dəvət etmişdir. Qısa bir müddətdən sonra polis əməkdaşları obyektə gəlmişlər. Polis əməkdaşları həmin şəxsi sakitləşdirib polis maşınına əyləşdirib aparmışlar. Polislər həmin şəxsi apardıqdan sonra bir nəfər cavan oğlan bildirmişdir ki, həmin yaşlı şəxs onu bıçaqla vurub xəsarət yetirmişdir. O, ona bildirmişdir ki, həmin şəxsi 4-cü PB-nə aparmışlar, oraya getsin və şikayətini etsin. Bundan sonra həmin şəxsin hansı şəraitdə oradan getdiyini görməmişdir. Baş vermiş hadisə obyektin darvazasından çöldə maşınlar dayanan yerdə baş vermişdir və təxminən 5-10 dəqiqə davam etmişdir (Cild 1, i.v. 86-88). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Zərərçəkmiş şəxs bıçaqla vurduğu yeri göstərmiş, istintaq hərəkəti zamanı fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 1, i.v. 128-131). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş üzləşmə haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu bıçaqla vuraraq xəsarət yetirdiyini onun üzünə qarşı demişdir (Cild 1, i.v. 132-133). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 490 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol qalça nahiyyəsinin qarın boşluğuna keçərək bağırsağı zədələyən deşilmiş-kəsilmiş yarası kimi xəsarətlər vardır. Qeyd olunan xəsarət deşici-kəsici alətlə, ola bilsin ki, bıçaqla yetirilmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, müddəti xx.xx.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir (Cild 1, i.v. 113-116). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş kompleks-məhkəməlifli-trasoloji-kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli, 87-MTBŞ/2020 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın ön sol səthində bir ədəd dəlib-keçən zədə aşkar olunmuşdur. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Mayka üzərində aşkar edilmiş zədə bir predmetin təsirindən yaranmışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus iki ədəd sviter üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır (Cild 1, i.v. 122-125). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş kompleks-məhkəməlifli-trasoloji-kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli 163/2020-MTBŞ saylı rəyindən görünür ki, təqdim edilən Zərərçəkmiş şəxs məxsus mayka və 02 ədəd sviter üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A və B antigenləri alınmışdır. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə AB/İV/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər (Cild 1, i.v. 117-121). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş kompteks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 409 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövrundə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. HƏmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Eyni zamanda yoxlanılan şəxs Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur. İnadkarlıq, özünə qarşı hörmət tələb etmək, eqosentrizm, kobudluq kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik əmələ gəlmişdir. Həmin halın yaranması situasiya ilə şərtləşmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır (Cild 1, i.v. 108-112). Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi və cinayətin tövsifi haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, bir ədəd mayka, iki ədəd sviter və 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, bir ədəd mayka və iki ədəd sviter Sumqayıt şəhər Polis İdarəsinə saxlanılması üçün təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir (Cild 1, i.v 134-140). Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X3 xx xxxxxx 2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (c-1, i.v. 92-93). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xuliqanlıq niyyəti ilə sağlamlığa xəsarət yetirməməsi ilə bağlı göstərdiyi xüsusatlar faktiki olaraq cinayəti törətməsi barədə verdiyi ifadəsinin məzmunu ilə, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi və hmin ifadənin məhqəmə istintaqı zamanı verdiyi ifadəsinin faktiki dəyişməyən hissəsi ilə, ifadənin yerində yoxlanılması, ittiham olunduğu cinayəti törətməsi ilə bağlı tam etiraf etdiyi üzləşdirmə barədə protokollarla, habelə məhkəmə baxışında dindirilmiş və tədqiq edilmiş şahidlərin ifadələri ilə, baxış istintaq hərəkətinin protokolu ilə, məhkəmə ekspertizalarının rəyləri ilə, tədqiq olunmuş digər sənədlərlə təkzib olunduğundan, onun irəli sürdüyü dəlillər subyektiv xarakterli mülahizəsi olmaqla, yalnız onun özünü müdafiə etmə üsülü, müdafiə taktikası və məsuliyyəti yüngülləşdirməyə cəhd etmə kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tam sübut olunmuşdur. Onun həmin əməli Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən hər bir şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin törədilməsində rolunu və iştirakçılıq dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın onun islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayəti törətmiş şəxslər haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayətin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu ona vurulan ziyanı ödəmişdir, ona qarşı şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsini tətbiq etməklə cəza təyin olunmasını mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, “Bu Məcəllənin 59.1.12-ci maddəsinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında 6 (altı) ildən 11 (on bir) ilədək azadlıqdan məhrumetmə növündə cəza göstərilmişdir. Göstərilənlərə əsasən məhəkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiya üzrə təyin edilə biləcək cəza 08 il 03 aydan artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinin tələblərinə əsasən zərər çəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin sağalması üçün 1000 azn məbləğdə köməklik göstərilməsi, sonuncunun ona qarşı şikayəti, tələbi və iddiasının olmamasını, etdiyi hərəkətə münasibətdə əməlini etiraf edərək peşimançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə göstərilənləri və Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulan cəzanın məqsədlərinə nail olmaq məqsədilə ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə tutulmuş və Abşeron rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (Cild 1, i.v. 19, 66-69). Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən onun cəzaçəkmə müddətinin balanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət məsuliyyətinə cəlb edilmiş və «ağır» cinayətlər sırasına daxil olan cinayəti törətmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15 və 56.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə maddi sübuti kimi tanınmış Sumqayıt şəhər Polis İdarəsində saxlanılan bir ədəd mayka və iki ədəd sviter istifadəyə yararsız olduğundan məhv edilməli və 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilməlidir. Cinayət işi üzrə maddi ziyanın, mülki iddianın və məhkəmə xərcinin olmaması nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübuti kimi tanınmış Sumqayıt şəhər Polis İdarəsində saxlanılan bir ədəd mayka və iki ədəd sviter istifadəyə yararsız olduğundan məhv edilsin və 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilsin. Cinayət işi üzrə maddi ziyanın, mülki iddianın və məhkəmə xərcinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-707/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-707/2020
26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver