Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-707/2023 16.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ BAKİ AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 14:40 Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Səbuhi Sabir oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8, inzibati binada qeydiyyatda olmaqla, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda 01 ədəd şəffaf sellofanda ümumi təmiz çəkisi 2,368 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində saxlanılaraq Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına aparılmış, polis şöbəsində xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ümumi təmiz çəkisi 2,368 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, 27 avqust 2022-ci ildə tək başına Ramana qəsəbəsində yerləşən qəbiristanlıqda ot vuran zaman, bir nəfər polis əməkdaşı gəlib onu tutmuşdur. O, Bölməyə gətirilmiş və onun AR CM-in 234.1-ci maddəsi ilə ittiham olunduğunu bildirmişdir. Narkotik vasitə istifadəçisi olsa da, saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmadığını, Əmrah adlı polis əməkdaşı tərəfindən ona zor tətbiq olunduğundan videoçəkiliş zamanı üzərindən aşkar edilən narkotik vasitələrin ona məxsus olmasını qəbul etdiyini, qətimkan tədbirinin seçilməsi üçün keçirilən məhkəmə iclasında, eləcə də, istintaq təcridxanasına daxil olarkən polis əməkdaşları tərəfindən döyülməsi və zədə alması, barədə heç nə demədiyini, döyülməsi nəticəsində aldığı zədələrə görə 2 ay xəstəxanada müalicə aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə inspektoru Şahid ifadəsində göstərdi ki, o, polis leytenantı rütbəsi daşıyır. xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində həmin şöbənin əməliyyat müvəkkili polis kiçik leytenantı X5 ilə xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib həmin şəxsin anket məlumatlarını soruşmuşlar. Həmin şəxs üzərində şəxsiyyət vəsiqəsinin olmadığını, xx.xx.1981-cı il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində fərdi tikilmiş evdə yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxs onlardan yayınmaq istədiyindən onlarda şübhə doğurmuş, narkotik maddələrin qəbulunda şübhə doğurduğu üçün həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. Həmin şəxs onlara etiraz etmədən onlarla birlikdə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə getmişlər. Şöbədə üzərinə baxış keçiriləcək şəxsin şəxsiyyəti müəyyən edildikdə həmin şəxsin xx.xx.1981-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində fərdi tikilmiş evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra ilk öncə Təqsirləndirilən şəxs şöbədə xidməti iş otaqlarının birinə dəvət edilmişdir. Həmin otaqda Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildikdə o, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli, spesifik iyə malik maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğunu soruşduqda o, həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni Sabunçu rayonu, Ramana qəsəbəsində üzdən tanıdığı adını Vüqar kimi bildiyi şəxsdən 30 manat aldığını bildirmişdir. Sonra onun üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra baxış iştirakçılarının iştirakı ilə onun üzərindən aşkar olunmuş büküm qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və onun tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/4593 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №159" dairəvi möhür əksi, "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş..." sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,368 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanun ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı-İ) daxildir. Qeyd: heroin ümumi təmiz çəkisi: 2,368 qr, tədqiqata sərf edildi: ümumi 0,05 qr, qalıq: 2,318 qr (iş vərəqə 33-36) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 X6-narkoloji X1 xx.xx.2022-ci il tarixli, 7265 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(iş vərəqə 96-97) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” və xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi barədə” protokollardan görünür ki, şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş və şəxsi axtarışı əks etdirən video görüntü 01 ədəd «DVD» diskə köçürülmüş və həmin «DVD» diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükümü çıxardaraq, narkotik vasitə olan heroin olduğunu bildirib, bükümü təhqiqat orqanlarına təhvil vermişdir. Həmin narkotik vasitə heroini o, xx.xx.2022-ci il tarixdə Sabunçu rayonu, Ramana qəsəbəsində üzdən tanıdığı adını Vüqar kimi bildiyi şəxsdən 30 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə qablaşdırılaraq möhürlənmişdir. Odur ki, şəxsi axtarışı əks etdirən video görüntü 01 ədəd «DVD» disk iş üzrə maddi sübut kimi tanınmışdır. (iş vərəqə 26-28; 60) İş materiallarında olan AR DİN Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-in xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Sabunçu RPİ-nin 12-ci PŞ-dən alınmış əməliyyat tapşırığı əsasında keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. (iş vərəqə 81) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 2,368 qram təşkil etmiş narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,318 qram təşkil edən narkotik vasitə heroin saxlanması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir (iş vərəqə 99-105) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təsvir edilmiş cinayət əməllini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə Əmrah adlı polis əməkdaşı tərəfindən ona zor tətbiq olunduğundan videoçəkiliş zamanı üzərindən aşkar edilən narkotik vasitələrin ona məxsus olmasını qəbul etməsi, polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində aldığı zədələrə görə 2 ay xəstəxanada müalicə alması barədə verdiyini ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi özünün etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidin ifadələri, ekspert rəyləri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və digər sənədlərlə tam təkzib olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı AR CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edirmiş. Əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkumluğu olmuşdur. Mahiyyəti üzrə bildirmişdir ki, o, iki ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə edirmiş. O, narkotik vasitə olan heroini Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayan Vüqar adlı şəxsdən alırmış. xx.xx.2022-ci il tarixdə günorta saatlarında o, Sabunçu rayonu, Ramana qəsəbəsində Vüqar adlı şəxsdən şəxsi istifadəsi üçün 30 manata narkotik vasitə olan heroini almışdır. O, şəffaf sellofana bükülmüş heroini əynində olan qara şalvarın sağ yan cibinə qoymuşdur ki, axşam saatlarında istifadə etsin. Həmin gün yəni, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində o, piyada evinə gedən zaman Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşmışlar. Onlar ona özlərini təqdim edərək 12-ci polis şöbəsinin əməkdaşları olduğunu bildirib xidməti vəsiqələrini ona təqdim etmişlər. Bundan sonra onlar ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu polis bölməsinə dəvət etmişlər. O, üzərində narkotik vasitə olduğundan onlardan yayınmaq istəyirmiş. Onlar onun yayındırıcı cavablarını görüb onu şöbəyə dəvət etmişlər. Bundan sonra o, etiraz etmədən polis şöbəsinə getmişdir. Orada onu xidməti otaqların birinə dəvət etmişlər və narkotik vasitələrin qanunsuz saxlanılmasında, daşınmasında və gəzdirilməsində şübhəli olduğunu bildirmişlər. Ona vəkillər siyahısını təqdim etmişlər və növbədə olan vəkillərdən o, müdafiəçi X2 müdafiə etməsini istəmişdir. Bundan sonra vəkilinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulma protokolu tərtib edilmiş və ona hüquq və vəzifələri izah edilmişdir. Daha sonra onun üzərinə və üzərində olan əşyalara şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Onun üzərində narkotik vasitə olan heroinin olduğundan o, istəməmişdir ki, onu müdafiə edən vəkil bunu görsün. Ona görə o, ərizə ilə müraciət edərək şəxsi axtarış keçirilən zaman vəkilinin iştirakından imtina etmişdir. Bu zaman təqhqiatçının otağında polis əməkdaşlarının iştirakı ilə video çəkilişdən istifadə etməklər üzərinə şəxsi axtarış keçirilmişdir. Polis şöbəsində üzərinə baxış keçirilərkən ona üzərində olan əşyaları təqdim etməyini bildirdikdə o, əynində olan qara şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş “kakos”u yəni heorin olduğunu bildirib masanın üzərinə qoymuşdur. Həmin sellofan polis əməkdaşları tərəfindən açılmışdır. Həmin sellofanın içərisində qəhvəyi rəngli maddə narkotik vasitə heroinə bənzər maddə var imiş. O, aşkar olunmuş maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 28 avqust 2022-ci il tarixdə günorta saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsində üzdən tanıdığı Vüqar adlı şəxsdən 30 manata alıb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan başqa üzərində hər hansı qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona polis əməkdaşları tərəfindən zor tətbiq edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, onun məhkəmədə və ibtidai istintaqda verdiyini ifadələri ziddiyyət təşkil edir, belə ki, Təqsirləndirilən şəxs zədə alması ilə bağlı iş materiallarında hər hansı sənədin olmaması, həmin vaxtı aidiyyatı orqanlara şikayət etməməsi, eyni zamanda ibtidai istintaq zamanı verdiyi ifadəsində, barəsində həbs qətimkan tədbiri seçilərkən ona zor tətbiq olunması ilə bağlı da münasibət bildirməməsi və ibtidai istintaq dövründə deyil, hazırda zor tətbiqi ilə bağlı məsələni gündəmə gətirməsi özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə qeyd edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vas itələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan Plenum qərarının 4-cü bəndinin ikinci abzasında qeyd edilir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edibetməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ümumi təmiz çəkisi 2,368 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicənin davam etdirilməsi və tamamlanmasına dair 5 saylı Cəzaçəkmə Müəssəsinin təqdimatına Salyan rayon məhkəməsinin inzibati binasında 01 dekabr 2021-ci il tarixdə baxılmış və Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(057)-450/2021 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsi Səhiyyə Nazirliyinin nəzdində olan ixtisaslaşdırılmış tibb müəssisəsində davam etdirilməsi və tamamlanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Xəlilov X4 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4 cü bəndinə əsasən narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra cəzadan azad edilmişdir. (iş vərəqə 90-91) Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 7-ci bəndində qeyd edilir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməli və onun əməlində cinayətlərin residivi halı müəyyən olunmur. İş materiallarında olan AR Ədliyyə Nazirliyinin elektron məlumat sisteminin xx.xx.2023-cü il tarixli sorğusundan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013cü il təvəllüdlü X3 adlı bir azyaşlı qız övladı vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı qız uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(008)-710/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 27 avqust 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 15, 68-73) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 7265 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 55 (əlli beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş 01 ədəd şəffaf sellofana bükülmüş içərisində ümumi təmiz çəkisi 2,368 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,318 qramı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk isə hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 60 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 27 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,318 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk isə hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri- ekspertiza xərcinin dəyərini təşkil edən 55 (əlli beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 60 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: imza: Əhməd Quliyev hakimlər: imza: Səbuhi Hüseynov imza: İradə Həsənzadə Düzdür: Məhkəmənin hakimi Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-707/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-707/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver