Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-709/2020 18.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X9 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, x xxxxx 1988-ci il tarixdə Astara şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməmiş, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edərək saxlamış, daşımış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 10,010 qram ağ rəngli kristalik formada psixotrop maddə olan metamfetamini əldə edib etibarnamə əsasında idarə etdiyi “Mercedes-Benz E 240” markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağı üzərində saxladığı salfetka qutusunda gizlədib avtomobildə saxlayaraq daşımış və Şahid1 320 manat nağd, qalan 380 manatı isə 3 gün müddətinə adına olan “xxxxxxxxxxxx”-ın **********054757 hesab nömrəli kartına köçürmək şərti ilə satacağına razılıq əldə etdikdən sonra həmin külli miqdarda təmiz çəkisi 10,010 qram ağ rəngli kristalik formada psixotrop maddə olan metamfetamini xx xxxxxxxx 2019-cu il tarixdə saat 2:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Bakı-Ələt yolunun 41-ci kilometriliyində yerləşən “Terminal” restoranının qarşısında 170 manat, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Bakı-Ələt yolunun 72-ci kilometriliyində isə 150 manat almaqla Şahid1 satmış və həmin tarixdə Şahid1 aldığı metamfetamini könüllü olaraq Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verib Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat vermişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 1 ildən artıqdır ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, “Akkord” yaşayış binalarından birinin 1-ci mərtəbəsində bərbərxanada saç ustası işləyən Əkbər adlı şəxsi tanımışdır. Belə ki, övladının xəstəliyi ilə bağlı olaraq Bakıxanov qəsəbəsində həyət evində kirayədə qaldığı vaxtlarda saçını düzəltdirmək üçün Əkbərin yanına getmişdir. Ceyhun adlı şəxsi isə 2019-cu ilin təxminən iyul ayında Əkbərə görə tanımışdır. Belə ki, həmin vaxt idarə etdiyi “BMW” markalı **-ED-*** nömrəli avtomobilinin kondisioner kompressoru xarab olduğundan ehtiyat hissə axtarmışdır. Əkbər onu işlədiyi yerlə üzbəüz avtotəmir sexi və ehtiyat hissələrinin satışı mərkəzində işləyən Ceyhunla tanış etmişdir. O, həmin sexə getmiş və Ceyhun ona işlənmiş kompressoru 220 manata satmışdır. Sonradan kompressoru işlək vəziyyətə gətirmək üçün əlavə 400 manata yaxın pulu çıxmışdır. Lakin kompressor işlək vəziyyətə gəlməmiş və bu səbəbdən Ceyhunla aralarında mübahisə yaranmış, hətta Ceyhun kompressoru geri götürüb pulu qaytarmadığı üçün onları tanış etmiş Əkbər həmin pulu ona öz cibindən qaytaracağına söz vermiş, lakin Əkbər pulu verməmişdir. Bundan sonra pulunu almaq üçün bir neçə dəfə Əkbərin yanına getsə də, onu və Ceyhunu tapa bilməmişdir. 2019-cu ilin sentyabr ayının 16-da axşama yaxın bir nəfər onun ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə işləyən duos tipli mobil telefonunun “SİM” nömrəsinə xatırlamadığı bir nömrədən zəng edib özünü təqdim edərək Ceyhun olduğunu bildirmişdir. Həmin günə qədər Ceyhunun nömrəsini bilməmiş və aralarında heç vaxt telefon danışığı olmamışdır. Ceyhun telefonda ona demişdir ki, Əkbər hazırda yanındadır və ona satdığı kompressorun pulunu xeyli əvvəl Əkbərə vermişdir ki, ona çatdırsın, lakin Əkbər pulu ona çatdırmamışdır. Ona görə də Ceyhun ona təklif etmişdir ki, görüşərək Əkbərdən pulu alıb ona versin. Həmin vaxt Bakıxanovda kirayədə qaldığı evdə olmuş və həmin gün evi təhvil verib valideynlərinin yaşadığı Astaraya getməli olmuşdur. Ceyhun onun Bakıda olduğunu bilməmiş, ona demişdir ki, Əkbərlə birlikdə şəhərdən kənarda Qobustan qəsəbəsi tərəfdədirlər və hansısa çayxanada oturublar. Ceyhuna bildirmişdir ki, onsuz da Bakıdan çıxıb Astaraya qayıtmağı planlaşdırır, ona görə də onu gözləsinlər, həmin yoldan keçəcək, yolüstü görüşüb pulu götürər. Ceyhun isə orada gözlədiyini bildirmişdir. Anasının adına qeydiyyatdan keçsə də, özünün etibarnamə ilə idarə etdiyi “Mercedes” markalı **-LP-*** nömrəli avtomobil ilə tək olaraq xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixə keçən gecə saat 1 radələrində Bakıxanov qəsəbəsindən çıxıb Dərnəgül yolu ilə gedib Lökbatan dairəsinə çıxmış və Astara istiqamətində hərəkətini davam etdirmişdir. Lökbatan dairəsindən Astara istiqamətində təxminən 15-20 dəqiqə hərəkət edib Ceyhungilin olduğu yerə çatmışdır. Ceyhun bildirmişdir ki, yolun kənarında dayanan ağ rəngli “VAZ-21014” markalı maşında oturub onu gözləyir. O, həmin maşının yanına çatıb saxlamış, Ceyhun həmin maşının sürücü oturacağından düşüb maşının qabaq tərəfində əyləşmişdir. Ceyhun tək olmuş, Əkbər yanında olmamışdır. Əkbərin harada olduğunu soruşanda Ceyhun Əkbərin tualetə getdiyini və indi gələcəyini demişdir. Ceyhun onunla maşında söhbət etməyə başlamış və demişdir ki, pulu həqiqətən də Əkbərə verib, Əkbər gəlsin, söhbət edərlər. Sonra başa düşmüşdür ki, Ceyhun vaxtı uzadır. Bu zaman onun avtomobilinin arxasında Dövlət Yol Polisinin “Kia” markalı yol-patrul maşını saxlamış və səsgücləndirici ilə onun maşınının nömrəsini səsləndirib maşından düşüb onlara yaxınlaşmağı tələb etmişdir. O, maşından düşmək istəyəndə qarşıdan əks istiqamətdə gələn bir “Cip” tipli maşın onun maşınının sol tərəfində saxlamışdır. Buna görə də o, qorxmuş və maşından düşməyib maşını idarə edərək oradan Astara istiqamətində uzaqlaşmağa başlamışdır. Ceyhun da maşında yanında oturmuşdur. O, güzgüdən baxıb arxasınca heç bir maşının gəlmədiyini görmüşdür. O, avtomobili təxminən 150-160 km/saat sürətlə idarə etmişdir. O, nəyin baş verdiyini başa düşməmişdir. Ceyhun isə yolda Əkbərin ünvanına söyüş söymüşdür ki, Əkbər özü qaçıb gizlənib və polislərə zəng edib. O isə heç nə etmədiyini və polislərin nə üçün onlara yaxınlaşdıqlarını başa düşmədiyini demişdir. Ceyhun xatırlamadığı bir yerdə maşınından düşəndən sonra o, Astaraya evinə getmişdir. O, Astaraya çatanda saat artıq 3:30 radələri olmuşdur. Səhəri günü Ceyhunla telefonla danışanda sonuncu ona demişdir ki, Əkbər hazırda yanındadır. Ceyhun telefonun səsgücləndirici mikrofonunu işə salmış və o, hər ikisi ilə danışmağa başlamışdır. Ceyhun və Əkbər bir-birinin üstünə günahı atmağa başlamışlar. Belə ki, Ceyun demişdir ki, Əkbər onları polisə satıb, Əkbər isə Ceyhunun satdığını demişdir. Sonra telefonu söndürmüş və Ceyhuna xatırlamadığı məzmunda mesaj yazmışdır. Sonra Ceyhun və Əkbərlə əlaqə yaratmamışdır. xx xxxxxx 2019-cu il tarixdə Astara polisi tərəfindən tutulub Astara Polis Şöbəsinə aparılmışdır. Orada demişlər ki, Qaradağ rayon Polis İdarəsi onu axtarır və gəlib aparacaqlar. Sonra onu Qobustanda olan Polis Bölməsinə aparmışlar və orada məlum olmuşdur ki, onu Bakı Şəhər Baş Polis İdarəsi axtarır. Sonra o, Nərimanov rayon X5 saxlama Yerinə Təhvil verilmişdir. O, Astaraya tək getmiş, onun barəsində Ceyhun polisə şikayət etmişdir. Ceyhundan heç bir məbləğdə pul almamışdır. O, Ceyhuna narkotik vasitə satmamışdır. “xxxxxxxxxxxx” kartı ona məxsus olmuşdur. Ona həmin kart vasitəsilə pul göndərilməmiş, Əkbər ona pul verməmişdir. Təqsirləndirilən şəxstəqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməməsinə baxmayaraq onun həmin cinayət əməlini törətməkdə tam təqsirli olması aşağıdakı sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə Saatlı rayonundan olan Bakı şəhər sakini Şahid1 Bakı Şəhər Baş Polis İdarəsinə gəlib üzərində psixotrop maddə olduğunu bildirərək bununla bağlı könüllü olaraq ərizə yazıb həmin psixotrop maddəni təqdim etmək istədiyini demişdir. Bundan sonra Şahid1 ərizə ilə müraciət edib 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan şəffaf rəngli toz və kristal halında psixotrop maddəyə oxşar maddəni könüllü olaraq təqdim edərək bildirmişdir ki, həmin maddə 10 qram çəkidə metamfetamindir və həmin metamfetamini xx xxxxxxxx 2019-cu il tarixdə saat 2:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində əslən Astara rayonundan olan, “Mercedes” markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Pənah adlı şəxsdən 700 manata razılaşaraq almış, 170 manatı Pənaha nağd ödəmiş və qalan 530 manatı isə 3 gün müddətində Pənahın verdiyi bank hesabına ödəməlidir. Bundan sonra Şahid1 təqdim etdiyi psixotrop maddəyə oxşar maddə onlar tərəfdən götürülərək zərfə qoyulub qablaşdırılmış və möhürlənmişdir. Şahid1 könüllü olaraq psixotorop maddə olan metamfetaminə oxşar maddəni təqdim etməsi ilə bağlı polis əməkdaşı Şahid2 tərəfindən protokol tərtib edilmiş, iştirakçılar, Şahid1 və baxışda iştirak edən idarənin əməliyyat müvəkkilləri protokolu imzalamışlar. Bundan sonra Pənah adlı şəxsin müəyyən olunması üçün zəruri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi ilə bağlı rəhbərliyə raportla müraciət edilmiş və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur. Daha sonra toplanmış materiallar istintaqa təqdim edilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Şahid1 psixotrop maddəni satan şəxsin Astara rayon sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Şahid1 hadisəyə qədər tanımamışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid2ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki,o, Şahid3ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 2, iş vərəqə 21-23). Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, təxminən 2 ildir ki, Bakıxanov qəsəbəsində “Akkord” şirkətinin yanında bərbər işləyən Əkbər adlı şəxsi tanıyır və normal münasibətləri vardır. Son vaxtlar söhbət zamanı Əkbər ona demişdir ki, Pənah adlı tanıdığı bir nəfər var, əslən Astara rayonundandır, narkotik və psixotrop maddələrin satışı ilə məşğuldur. Əkbər demişdir ki, özü də Pənahdan narkotik vasitə almışdır. Əkbərin bu sözü ona maraqlı gəlmiş, çünki onun narkotik maddə satan şəxslərə qarşı nifrəti olduğu üçün həmin şəxslərin tutulmasını və ciddi cəzalandırılmasını istəmişdir. Əkbərə demişdir ki, Pənahla onu tanış etsin. Növbəti dəfə Əkbər onu 2019-cu ilin sentyabr ayının əvvəllərində Bakıxanov qəsəbəsində Pənahla tanış etmişdir. Pənahla yaxın ünsiyyətə girib etibarını qazanmaq istəmişdir. Pənah özü ona demişdir ki, lazım olsa onda narkotik və ya psixatrop maddə olur. O, özünü şübhəli aparmayaraq demişdir ki, lazım olsa deyər. Pənahla bir-birinin mobil telefon nömrələrini götürmüşlər. Pənah özünün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini ona vermişdir. Sonrakı günlərdə Pənah özü onun ***-***-**-** saylı nömrəsinə zəng etmiş və danışmışlar. Sonra o, xx xxxxxxxx 2019-cu il tarixdə Pənahla danışanda ona narkotik vasitə verməsini istəmişdir. Pənah demişdir ki, hazırda onda narkotik vasitə yoxdur, lakin əvəzinə daha yaxşısı olan metamfetamin verə bilər. O, razılaşmış və neçəyə verməsini Pənahdan soruşmuşdur. Pənah demişdir ki, həmin maddənin bir dəfəyə ən azı 10 qramını 700 manata satır, o da razılaşmışdır. Pənah demişdir ki, gecə Qaradağ rayonu ərazisində, Salyan yolunun üstündə yerləşən “Terminal” restoranının qarşısına gələr. O da taksi ilə xx xxxxxxxx 2019-cu il tarixə keçən gecə saat təxminən 2:30 radələrində “Terminal” restoranının qarşısına getmişdir. Az sonra Pənah özünün idarə etdiyi “Mercedes” markalı **-LP-*** nömrəli avtomobili ilə həmin yerə gəlmişdir. O, Pənahın avtomobilinin qabaq oturacağına oturmuşdur. Pənah orada ona sellofan paketdə 10 qram metamfetamin vermiş, o da Pənaha 170 manat pul vermiş və demişdir ki, 1-2 günə də qalan 530 manatı verər. Pənah demişdir ki, işləri olar və onunla görüşməyə vaxtı olmaz, ona görə də “xxxxxxxxxxxx”-ın **********054757 saylı hesab nömrəsini ona verib bildirmişdir ki, 530 manatı həmin hesaba köçürər, o da razılaşmışdır. Pənah demişdir ki, onda həmişə çoxlu sayıda narkotik və ya psixotrop maddə olur, nə qədər istəsə təşkil edə bilər. Hətta avtomobilinin arxa otaracağını göstərib demişdir ki, qutularda olan hamısı psixotrop maddələrdir. Həqiqətən də Pənahın avtomobilinin arxa oturacağında çoxlu sayıda təxminən 20 ədəd salfetka qutuları olmuşdur. Pənah ona satdığı 10 qram metamfetamini də həmin salfetka qutusundan üst tərəfdən salfetkaları çıxarıb altından götürmüşdür. Həmin vaxt Pənah yaxınlıqda yol-patrul xidməti avtomobilini görüb öz maşınını dərhal hərəkətə gətirmişdir. Pənah elə başa düşmüşdür ki, yol-patrul xidməti onu saxlamağa yaxınlaşıb. Pənah yüksək sürətlə avtomobilini Salyan yolu ilə hərəkət etdirmiş və həmin an əyləşdiyi sürücü oturacağının sağ tərəfindən “Makarov” tipli tapançanı çıxarıb onun başına dirəyərək bildirmişdir ki, “sən məni polislərə satmısan, ona görə də yol-patrul xidməti maşını bizə yaxınlaşıb”. O, çox qorxmuş və əllərini yuxarı qaldırmışdır. Pənaha and-aman edib bildirmişdir ki, polislərlə bir əlaqəsi yoxdur. Pənah tapançanı onun başından ayırmayıb cibində nə qədər pul olduğunu soruşmuş və çıxartmağı tələb etmişdir. O, şalvarının cibində olan 150 manat pulu çıxarmışdır. Pənah demişdir ki, “niyə psixotrop maddəyə görə 170 manat verib qalan pulu cibində saxlamısan”. O isə demişdir ki, bu pulu şəxsi ehtiyacları üçün saxlamışdır, qalan 530 manatı bank hesabına köçürəcək. Pənah ona satdığı 10 qram metamfetaminin harada olduğunu soruşmuş və qaytarmağı tələb etmişdir. O, yalandan demişdir ki, yol-patrul xidməti maşını yaxınlaşanda həmin maddəni pəncərədən bayıra atmışdır. Lakin metamfetamin cibində olmuş, Pənahı aldatmışdır. Pənah isə çox böyük sürətlə, saatda 200-220 km sürətlə avtomobili idarə etdiyi üçün onun ciblərini yoxlamaq imkanı olmamışdır. Pənah cibində olan 150 manat pulu əlindən alıb öz cibinə qoymuş, yalnız bundan sonra tapançanı onun başından ayırmışdır. Pənah yolda heç bir yerdə saxlamayıb birbaşa Astara rayonuna sürmüş və Astara rayonunda bir marketin yanında saxlamışdır. Pənah ona demişdir ki, maşından düşüb marketin içərisinə girsin, o, elə də etmişdir. Sonra marketdən bir nəfər cavan kök oğlan çıxıb Pənahla görüşmüşdür. O, marketin içərisində qalmış və pəncərədən Pənahın maşınına baxmışdır. Bayırda marketi işlədən oğlan Pənahın avtomobilinin arxa qapısını açıb oradan salfetka qutularından birini götürmüş, sonra Pənah arxa oturacaqdan qara sellofan paket götürüb yük yerini açmış və ora qoymuşdur. O, görmüşdür ki, yük yerində çoxlu sayda qara sellofan torbalar var. Sonra marketi işlədən oğlan əli ilə Pənaha hansısa istiqamət vermişdir. O, marketin içərisində olmuş, Pənah avtomobili yüksək sürətlə sürüb uzaqlaşmış, marketi işlədən oğlan isə əlində salfetka qutusu marketə girmişdir. O, Pənahın hara getdiyini soruşanda həmin şəxs Pənahın indi qayıdacağını demişdir. Təxminən 10 dəqiqə sonra Pənah qayıdıb ona avtomobilə oturmağı demiş, o da əyləşmişdir. Arxa oturacağa baxanda oranın boş olduğunu, artıq qutuların orada olmadığını görmüşdür. O, başa düşmüşdür ki, marketi işlədən oğlanın verdiyi istiqamət üzrə Pənah avtomobilində olan psixotrop maddələri harasa boşaldıb qayıtmışdır. Sonra Pənah onu Astara-İran sərhədinə gətirmiş və orada düşürdüb demişdir ki, “çıx get, nə sən məni görmüsən, nə də mən səni görmüşəm”. O, pulsuz olmuş, lakin həyəcanlı olduğu üçün Pənahdan pul istəməyi də unutmuşdur. Pənah avtomobili sürüb çıxıb getmişdir. Sonra o, taksi ilə Bakı şəhərinə gəlmiş və birbaşa Bakı Şəhər Baş Polis İdarəsinə gedib Pənahdan aldığı psixotrop maddəni ərizə yazaraq könüllü surətdə polislərə təqdim etmişdir. Polis əməkdaşı protokol yazaraq psixotrop maddəni ondan götürmüşdür. O, Pənah haqqında bildiyi bütün məlumatları polis əməkdaşlarına demişdir. Lakin polis əməkdaşlarına Pənahın onun üstünə tapança çıxartmasını deməmişdir, çünki qorxmuşdur. Fikirləşmişdir ki, Pənah təhlükəli adamdır və onu öldürə bilər. Söhbətləri zamanı Pənah ona demişdir ki, Bakı şəhərinə narkotik vasitəni özü paylayır, lakin konkret kimlərə satdığını bilmir. O, illər əvvəl narkotik vasitə qəbul etmiş və sonra müalicə alaraq bu işdən uzaqlaşmışdır, əvvəllər narkotik vasitə qəbul etməsinə görə çox peşmandır. Avtomobil kondisionerinin kompressoru ilə bağlı Təqsirləndirilən şəxs göstərdikləri yalandır, onun Pənaha borcu yaranmamışdır, Pənah məsuliyyətdən boyun qaçırmaq üçün bunları uydurmuşdur, hadisələr onun ifadəsində göstərdiyi kimi baş vermişdir və Pənahla görüşün səbəbi ona psixotrop maddə olan metamfetamin satması olmuşdur. O, heç vaxt avtotəmir emalatxanasında işləməmiş, kompressorun nə olduğunu bilmir, heç vaxt Pənaha və ya başqa şəxsə avtomobil ehtiyat hissəsi satmamışdır (cild 1, iş vərəqə 27-30; cild 2, iş vərəqə 172-175). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs fotoşəkli Şahid1 tanınma üçün təqdim edilmiş, o, tanınma üçün təqdim edilmiş ümumilikdə 4 ədəd fotoşəkilə baxıb Təqsirləndirilən şəxs şəklini göstərərək şəkildə olan şəxsi tanıdığını, Pənah adlı şəxs olduğunu və həmin şəxsin ona psixotrop maddə satdığını bildirmişdir. Buna dair protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və protokola fotocədvəl əlavə edilmişdir (cild 1, iş vərəqə 31-32). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid1 istintaqa verdiyi ifadəsini təsdiq edib ifadəsində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş, sonuncu isə üzünə qarşı deyilənlərin yalan olduğunu bildirmişdir (cild 1, iş vərəqə 220-224). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Şahid1 ifadəsinin yerində yoxlanılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddəyə görə 170 manat pulu Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Bakı-Ələt yolunun 41-ci kilometriliyində yerləşən “Terminal” restoranının qarşısında, 150 manat pulu isə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Bakı-Ələt yolunun 72-ci kilometriliyində alıb qalan 380 manat pulun 3 gün müddətində onun adına olan “xxxxxxxxxxxx”-ın **********054757 hesab nömrəli kartına köçürmək şərti ilə satacağına razılıq əldə etdikdən sonra psixotrop maddəni Şahid1 satmışdır (cild 2, iş vərəqə 182-185). Cinayət işinin materiallarından görünür ki, “Azercell” və “Azerfon”-dan alınmış Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı sim və ***-***-**-** saylı nar mobil nömrələrə daxil olan və həmin nömrələrdən çıxan zənglərə baxış keçirilərkən Təqsirləndirilən şəxs Şahid1 ilə xx xxxxxx 2019-cu il tarixdə saat 21:35-də 244 saniyə, xx xxxxxxxx 2019-cu il tarixdə saat 19:38-də 122 saniyə, xx xxxxxxxx 2019-cu il tarixdə saat 16:59-da 11 saniyə, saat 17:49-da 102 saniyə, x xxxxxxxx 2019-cu il tarixdə saat 00:30-da 67 saniyə, xx xxxxxxxx 2019-cu il tarixdə saat 19:30-da 88 saniyə, xx xxxxxxxx 2019-cu il tarixdə saat 00:51-də 99 saniyə, saat 00:54-də 122 saniyə, saat 1:06-da 95 saniyə, saat 1:08-də 60 saniyə, saat 1:14-də 15 və 67 saniyə danışıq apardığı, Təqsirləndirilən şəxs “SMS” yazışmalarına baxış keçirilərkən onun müxtəlif şəxslərlə “jarqon" terminlərdən və pərdələnmiş ifadələrdən istifadə etməklə narkotik və psixotrop maddələr satışı ilə məşğul olmasını təsdiq edən yazılar aşkar edilmiş, həmin yazıların çıxarışı protokola əlavə edilmişdir (cild 2, iş vərəqə 1-18). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli 23623 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “...Şahid1...” sözləri və imzalar olan 1 ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 10,010 qram ağ rəngli kristalik formada maddə metamfetamindir. Metamfetamin adlı preparat xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı”na daxildir (Siyahı İİ). Tədqiqata 0,05 qram sərf edilmiş, qalıq hissəsi 9,960 qramdır (cild 1, iş vərəqə 22-23). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx xxxxxx 2020-ci il tarixli 367 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqə 58-59). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş Şahid1 10,010 qram psixotrop maddə olan metamfetamini könüllü olaraq təqdim etməsini əks etdirən görüntü olan üzərində “ZYKLEN” sözü yazılmış 4,7 GB yaddaş tutumlu 120 dəqiqəlik 16X DVD-R diski iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında əlavə edilmişdir (cild 1, iş vərəqə 8; cild 2, iş vərəqə 204-217). Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı məhkəmə qərarı ilə **********054757 hesab nömrəsi barədə məlumatlar “xxxxxxxxxxxx” ASC-dən götürülmüş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2018-ci il tarixdə “xxxxxxxxxxxx”-ın Astara rayon filialında özünün adına ******************** hesab nömrəsi və bu hesab nömrəsinə bağlı **********054757 nömrəli plastik kart açdırmışdır (cild 1, iş vərəqə 86-132). Cinayət işinin materiallarına əlavə edilmiş “Mercedes-Benz” markalı **-LP-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2019-cu il tarixdən 2.10.2019-cu il tarixədək hərəkət trayektoriyasına dair Bakı Şəhər BPİ-nin DYPİ-dən alınmış çıxarışdan görünür ki, həmin avtomobil xx.xx.2019-cu il tarixdə saat 1:45-də Bakı-Ələt yolunun 55-ci kilometriliyində, saat 2:32-də 70-ci kilometriliyində, saat 2:37-də Salyan yolunun 11-ci kilometriliyində və saat 2:57-də Salyan-Biləsuvar yolunun 58-ci kilometriliyində hərəkətdə olmuşdur. Həmin tarixdən sonra xx.xx.2019-cu il tarixədək həmin avtomobilin hərəkət trayektoriyasına dair məlumat yoxdur (cild 1, iş vərəqə 69-74). Cinayət işinin materiallarında olan “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, psixotrop maddə olan metanfetaminin Təqsirləndirilən şəxs tərəfindən əldə edilmə mənbəyi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır (cild 2, iş vərəqə 232-233). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 19-20). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 2 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 235-237). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 194). İş materiallarında olan Xətai rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 231-234). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 91,76 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bakı Şəhər BPİ-də saxlanılan, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 9,960 qram psixotrop maddə olan metamfetamin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməli, üzərində “ZYKLEN” sözü yazılmış 4,7 GB yaddaş tutumlu 120 dəqiqəlik 16X DVD-R diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 91,76 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı Şəhər BPİ-də saxlanılan, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 9,960 qram psixotrop maddə olan metamfetamin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin, üzərində “ZYKLEN” sözü yazılmış 4,7 GB yaddaş tutumlu 120 dəqiqəlik 16X DVD-R diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-709/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-709/2020
18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver