Məhkəmə qərarları › İş №1(101)-709/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-709/2021

24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-709/2021 24.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X6 Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisi X2 iştirakı ilə xx xxx 1977-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, Sumqayıt Regional Vəkil Bürosunun vəkili işləyən, məhkum olunmamış, Sumqayıt şəhəri 18-ci mikrorayon, ev 29, mənzil 42-də qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 26 avqust 2020-ci il tarixdə, saat 16:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 5-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etdiyi arvadı Mirzəyeva (Hüseynli) Aytəkin Hüseynağa qızına məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Opel Astra» markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Əzizbəyov küçəsində hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç tədbir görməmiş və Sumqayıt şəhəri Əzizbəyov küçəsi ilə Nərimanov küçələrinin kəsişməsində idarə etdiyi «Opel Astra» markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq qapısının üzərində olan güzgü ilə hərəkət istiqamətinin sol kənarından yolun hərəkət hissəsinə daxil olaraq yolun əks tərəfi istiqamətində 2.9 metr məsafə qət etmiş piyada XX.XX.1940-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurub, onun 25 sentyabr 2020-ci il tarixdə yaşadığı ünvanda ölümünə səbəb olan başın kül travması, baş beynin travmadan sonrakı kəskin ödemi, baş beyin toxumasına qansızma, sorulmaqda olan təpə-ənsə nahiyəsinin epidural hematoması, sol qulaq seyvanının və sol gicgah-ənsə nahiyəsinin əzilmiş-cırılmış yaraları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkilidir. Vəkillik fəaliyyəti dövründə məhkəmələrdə yalnız mülki mübahisələrə dair işlərdə tərəf kimi çıxış etmişdir. Cinayət işləri üzrə, xüsusilə də yol-nəqliyyat hadisələrinin araşdırılmasında tərəfin vəkili, yaxud nümayəndəsi kimi iştirak etməmiş və bu sahədə təcrübəsi yoxdur. Hadisə baş verdikdən sonra X8a yol-nəqliyyat hadisələri üzrə təcrübəli bir vəkillə müqavilə bağlamaq istədiyini demiş, sonuncu ona vəkil kimi onu yaxşı tanıdığını, baş vermiş hadisədə onun heç bir günahının olmadığını, özünə vəkil tutarsa, bu onun imicinə xələl gətirəcəyini, zərərçəkmiş tərəfin də şikayətinin olmadığını, bu səbəbdən artıq xərc çəkməyə lüzum görmədiyini bildirib, onu fikrindən daşındırmışdır. Müstəntiq ona özünün bu sahədə mütəxəssis olduğunu, deyəcəyi şəkildə ifadə verərsə, əməlində cinayət tərkibi olmadığına görə işin icraatına xitam verəcəyini demiş, sonuncunun vədinə inanıb onun istəyinə uyğun ifadə vermiş və ifadəsi yerində yoxlanılarkən öyrətdiklərini təkrar etmişdir. Sonradan aldandığını başa düşmüşdür. 2002-ci il buraxılışlı «Opel Astra» markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil arvadı X1 məxsusdur. 26 avqust 2020-ci il tarixdə saat 16-30-da Sumqayıt Apellyasiya Məhkəməsində prosesdən çıxıb vəkil yoldaşı X10 ilə birlikdə idarə etdiyi «Opel Astra» markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri S.Vurğun küçəsi ilə Əzizbəyov küçələrinin kəsişməsində yerləşən işıqfordan sola dönüb, hərəkətini Əzizbəyov küçəsi istiqamətində davam etdirmişdir. Bir qədər irəli hərəkət edib Əzizbəyov küçəsi ilə Nərimanov küçələrinin kəsişməsində yerləşən işıqfora çatmışdır. Yol açıq olduğundan, yəni işıqforun yaşıl işığı yandığından avtomobilin sürətini azaltmadan 50-60 km/ saat sürətlə hərəkətini davam etdirmişdir. Hadisə yerinə çatmamış, aralıdan hərəkəti istiqamətində sağda yerləşən birinci və ondan bir qədər irəlidəki soldakı işıqforun altında yol kəsişməsinin tinində piyadalırın dayanıb yaşıl işıq yanmasını gözlədiklərini, ikinci işıqforda, yolun sol tərəfində tində dayanmış piyadalardan 4-5 metr irəlidə bardyürün istündə yaşlı bir nəfər kişinin dayandığını görmüşdür. Piyadalar onun hərəkəti üçün heç bir maneə törətmədiyindən avtomobilini eyni sürətlə səkidən təxminən iki metr aralı məsafədə idarə etməkdə davam etdirmişdir. Piyadalara təxminən 20-25 metr qalmış, bir nəfər kişinin iti sürətlə yolun hərəkət hissəsinə daxil olub, yolu soldan sağa keçdiyini görmüşdür. Odur ki, özünü itirmədən dərhal ayağını əyləcə basmış, lakin əyləcin tutb-tutmadığını təxmin edə bilməmişdir. Piyada maşının sol tərəf güzgüsünə dəyib yerə yıxılmışdır. Hadisə bir anın içində baş vermişdir. Əyləci basmazdan əvvəl təhlükədən yayınmaq məqsədilə avtomobilin sükanını sağa və ya sola döndərməmişdir. Avtomobil təxminən 7-8 metr irəli gedib dayanmışdır. Maşını saxlayıb düşmüş və bu zaman zərərçəkmişin sol böyrü üstə yerə uzandığını görmüşdür. Hadisəni görüb yaxınlaşan şəxslər və orda olan taksi sürücüləri Zərərçəkmiş şəxs yolun kənarına çəkməyə təklif etmiş, lakin sonuncu yaralı olduğundan onu yerindən tərpətməmişlər. Hadisə yerinə birinci DYP-nin əməkdaşları, daha sonra təxminən 10-15 dəqiqədən X14 avtomobili gəlmişdir. DYP-nin əməkdaşları tibbi müayinədən keçmək üçün onu Sumqayıt şəhər narkoloji dispanserinə aparmışlar. Oradan çıxıb xəstəxanaya getmiş və zərərçəkmiş şəxsin qohumları ilə əlaqə saxlamışdır. Gecə saat 00-1 radələrində xəstəxanaya zərərçəkmiş şəxsin oğlu və gəlini gəlmişdir. Zərərçəkmiş şəxs bir neçə gün sonra xəstəxanadan çıxmış və ev şəraitində müalicə almağa başlamışdır. Bu müddət ərzində bir neçə dəfə zərərçəkmiş şəxsin yanına gedib ona baş çəkmiş və aralarında yaxşı münasibət yaranmışdır. X8 da ona zərərçəkmiş şəxslə barışacağı halda, problemi olmayacağını dediyindən, tez-tez Zərərçəkmiş şəxs baş çəkib onun vəziyyəti ilə maraqlanmışdır. 25 sentyabr 2020-ci il tarixdə isə Zərərçəkmiş şəxs dünyasını dəyişmiş, yəni ölmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş hadisə yerinin sxeminə işin istintaqını aparan müstəntiqə inanıb imza etmişdir. Həmin sxemləri müstəntiq tərtib etmişdir və onların heç biri ilə razılaşmır. Həmin vaxt Zərərçəkmiş şəxs vəziyyəti yaxşı olduğundan sxemə əhəmiyyət vermədən, müstəntiqə inanıb, tərtib etdiyi sxemlərə imza etmişdir. Cinayət işinin 5-13-cü vərəqələrindəki hadisə yerinə baxış keçirilməsi haqqında və 53-59-cu vərəqələrindəki ifadənin yerində yoxlanılması haqqında protokollarında yazılanlarla razılaşmır. Barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun atasıdır. 26 avqust 2020-ci il tarixdə saat təxminən 19 radələrində yaşadığı evdə olarkən valideyinlərinin qeydiyyatda olduğu Goranboy rayonu Şəfəq kənd icra nümayəndəliyindən hazırda kim olmasını xatırlamadığı şəxs ona zəng edib, atasının Sumqayıt şəhəri ərazisində baş vermiş yolnəqliyyat hadisəsindən sonra huşsuz vəziyyətdə Sumqayıt şəhər X14 xəstəxanasına yerləşdirdirildiyini deyib, ona Sumqayıt ŞPİ-nin bir nəfər əməkdaşının mobil nömrəsini verərək əlaqə saxlamasını xahiş etmişdir. Deyilən mobil nömrəyə zəng edib əlaqə saxlamışdır. Həmin şəxs özünü Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı Elsevər Quliyev kimi təqdim edib, 26 avqust 2020-ci il tarixdə saal 16:30 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi «Opel Astra» markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Əzizbəyov küçəsində hərəkətdə olarkən, Sumqayıt şəhəri Əzizbəyov küçəsi ilə Nərimanov küçələrinin kəsişməsində mərhum atası Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurduğunu, onun təcili-tibbi yardım briqadası əməkdaşları tərəfindən huşsuz vəziyyətdə Sumqayıt şəhər X14 Xəstəxanasına gətirildiyini və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyini bildirmişdir. Bundan dərhal sonra xəstəxanaya getmişdir. Atası təxminən 10 gün xəstəxanada stasionar şəraitdə müalicə olunduqdan sonra ambulalor müalicə təyin edilərək evə buraxılmış və ev şəraitində müalicəsini davam etdirmişdir. Atasından hadisənin hansı şəraitdə baş verməsini sorşmuş, sonuncu baş verənləri xatırlamadığını bildirilmişdir. Sürücü Təqsirləndirilən şəxslə hadisənin hansı şəraitdə baş verməsi ilə maraqlandıqda sonuncu, Sumqayıt şəhəri Əzizbəyov küçəsi ilə idarə etdiyi avtomobillə hərəkətdə olarkən Sumqayıt şəhəri Nərimanov küçəsi ilə Əzizbəyov küçələrinin kəsişməsində atası mərhum Zərərçəkmiş şəxs avtomobil yolunun hərəkət hissəsinə daxil olaraq idarə etdiyi avtomobilin qarşısına çıxdığını, bundan sonra isə idarə etdiyi avtomobilin sol qabaq qapısı üzərində olan güzgünün atasına dəydiyini, zərbənin təsirindən atasının yerə yıxıldığını və başının asfalt yola dəyərək huşunu itirdiyini bildirmişdir. Daha sonra hadisə yerinə X14 birqadasının əməkdaşları gəlmiş və atası xəstəxanaya aparılmışdır. Mərhum atası 25 sentyabr 2020-ci il tarixədək ev şəraitində müalicə olunmuş və həmin gün saat təxminən 15 radələrində vəfat etmişdir. Bundan sonra onun meyitini tibbi ekspertizadan keçirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X12 Sumqayıt şəhər şöbəsinə təhvil vermişlər. Daha sonra isə meyiti qəbul edərək 26 sentyabr 2020-ci il tarixdə atasını Goranboy rayonu Şəfəq kəndində dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Etiram oğlu ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin DYPŞ-nin inspektoru, polis serjantıdır. 26 avqust 2020-ci il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri ərazisində xidmətdə olduğu vaxt Əzizbəyov küçəsi ilə Nərimanov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verdiyi barədə məlumat daxil olmuşdur. Dərhal idarə etdiyi xidməti avtomobil ilə hadisə yerinə getmişdir. Ona məlum olmuşdur ki, bir az əvvəl Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi «Opel Astra» markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Sumqayıt şəhəri Əzizbəyov küçəsi ilə Nərimanov küçələrinin kəsişməsində yolun hərəkət hissəsinə daxil olmuş piyada 1940-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurmuş və piyada hadisə yerinə gələn təcili-tibbi yardım maşını ilə Sumqayıt şəhər X14 Xəstəxanasına aparılmışdır. Sürücü Təqsirləndirilən şəxs isə hadisə yerində qalmışdır. Bundan sonra hadisə yeri sürücünün, hal şahidlərinin iştirakı ilə müayinə olunmuş, hadisə yerinin fotoşəkilləri və sxemi çəkilməklə, bu barədə protokol tərtib edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində sərxoşluq müayinəsindən keçirilmişdir. Yol-nəqliyyat hadisəsinin baş verdiyi əraziyə gedən zaman sürücü Təqsirləndirilən şəxs hadisə yerində olmuş. Onun maşınla vurduğu piyada isə hadisə yerinə çağırılmış təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, 26 avqust 2020-ci il tarixdə saat 16 radələrində iş yoldaşı Təqsirləndirilən şəxs idarə etdiyi «Opel Astra» markalı avtomaşında Sumqayıt Apelyasiya Məhkəməsindən Sumqayıt İnzibati Məhkəməsinə getmişlər. Təqsirləndirilən şəxs avtomaşını 50-60 km/saat sürətlə idarə etmişdir. Salonun arxa oturacağın orta hissəsində əyləşib yola baxmışdır. Avtomobil almaq arzusunda olduğundan Vüsalın avtomobili idarə etməsinə diqqət etmişdir. Yol kəsişməsində işıqforun yaşıl işığı yandığından sürəti azaltmadan yoluna davam etmişlər. Həm yolun sağında yerləşən birinci işıqforun altında, həm də solda ikinci yol kəsişməsindəki işıqforun altında piyadaların dayandıqlarını Soldan işıqforun altında dayanmış piyadalardan 5-6 metr aralıda bir nəfər də piyada yolunun hərəkət hissəsinin qırağında səkidə dayanması sadəcə diqqətini cəlb elmişdir. Onlar birinci işıqforu keçib, bir qədər irəli getdikdən sonra, həmin tək dayanmış piyada qəfil durduğu yerdən qaçaraq, iti surətlə yolu soldan sağa keçmək istəmişdir. Həmin anda Vüsal sərt tormozlama əməliyyatı aparmışdır. Avtomobilin piyadaya dəymə anını görməmişdir. Piyadanın avtomobil yoluna girdiyi anda, avtomobillə piyada arasında təxminən 15-20 metr məsafə olmuşdur. Hadisə bir göz qırpımında baş vermişdir. Hadisə zamanı yolda digər nəqliyyat vasitələrinin olubolmadığını xatırlamır. Piyada yolun hərəkət hissəsinə iti surətlə qaçaraq daxil olmuşdur. Piyadanı yaşının 80 olduğunu biləndə, onun cəldliyinə təəcüblənmişdir. Hələ birinci işıqfora çatmamış, piyadanı dayandığı yerdə görmüşdür. Piyadanın yolun hərəkət hissəsinə tərəf qaçmağa başladığını 15-20 metr məsafədən görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin müstəntiqi vəzifəsində çalışır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil bürosunun vəkili kimi tanıyır. Sonuncu ilə qohumluğu və ədavəti yoxdur. Cinayət işinin ona təqdim edilən 53-59-cu vərəqələrindəki şahidin ifadənin yerində yoxlanılması haqqında protokol və hadisə yerinin sxemi onun tərəfindən tərtib edilmiş, bu zaman fotoşəkillər çəkilərək prtokola əlavə etmişdir. Hadisə yerinə Təqsirləndirilən şəxslə bir yerdə getmiş, ölçüləri bir yerdə götürmüş (ruletkanın bir tərəfini Vüsal özü tutmuş) və iş yerinə qayıdandan sonra xidməti otağında sxemi tərtib etmişdir. Sxemi Təqsirləndirilən şəxs təqdim etmiş, sonuncu protokol və sxemlə tanış olduqdan sonra, sxemdə əks olunanların hadisə yerində gördükləri ilə uyğunluq təşkil etdiyini və sxemə əlavəsinin olmadığını bildirib, protokola və sxemə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində Yol nəqliyyat hadisələrinin ekspertizası şöbəsində ekspert vəzifəsində çalışır. İstintaq orqanının qərarında müəyyən etdiyi çərçivədə və verilmiş məlumatlar üzrə tədqiqat aparıb rəy vermişdir. Bu zaman avtomobilin növü, sürəti, yol şəraiti və piyada haqqında məlumatlar əsas götürülür. Müvafiq metodikalara əsaslanıb rəy vermişdir. Rəyin doğruluğunu təsdiq edir. Məhkəmə-tibb ekspertizasının 23 sentyabr 2020-ci il tarixli 104 saylı rəyindən görünür ki, 1940-cı il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində başın küt travması, baş beynin travmadan sonrakı kəskin ödemi, baş beyin toxumasına qansızma, sorulmaqda olan təpə-ənsə nahiyəsinin epidural hematoması, sol qulaq seyvanının və sol gicgah-ənsə nahiyəsinin əzilmiş-cırılmış yaralarından ibarət xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşva (əşyalar) təsirindən törənmişdir, həyatidirlər, törənmə müddəti onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən 26 avqust 2020-ci il tarixdə və şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanm əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs meyiti üzərində aşkar olunmuş xəsarətlər lokal olaraq baş nahiyəsində yerləşdiyinə görə və meyitin bədəni üzərində digər xəsarət aşkar olunmadığına görə ilkin zərbənin hansı tərəfdən yetirilməsi haqqında fikir söyləmək mümkün olmadı. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu başın küt travması nəticəsində baş-beyinin travmadan sonrakı kəskin ödemi olmuşdur. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsindən 4-6 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Məhkəmə yol-nəqliyyat ekspertizasının 21 oktyabr 2020-ci il tarixli, 8/1780 saylı rəyindən görünür ki, «Opel Astra» markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riyaət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşin 92-ci vərəqindəki Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsindən daxil olmuş 11 noyabr 2020-ci il tarixli 302-4335-1220 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına 1 iyul 2010cu il tarixdə AB 305029 saylı «B» kateqoriyalı 10 illik etibarlılıq müddəti olan sürücülük vəsiqəsi olmuşdur. İşin 53-59-cu vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi kimi Sumqayıt ŞPİ-nin qarşısından özünün göstərdiyi marşrutla Sumqayıt şəhəri Əzizbəyov küçəsi ilə Nərimanov küçələrinin kəsişməsinə gələrək, 2002-ci il buraxılışlı «Opel Astra» markalı, **-NA-*** dövlət qeydiyyat nişanlı axtomobilin həyat yoldaşı X1 məxsus olduğunu, həmin avtomobil həyat yoldaşı ilə birgə mülkiyyətlərində olduğundan etibarnamə olmadan idarə etdiyini, sonuncu dəfə 26 avqust 2020-ci il tarixdə saat 16:30 radələrində idarə etdiyi avtomobillə Sumqayıt şəhəri Səməd Vurğun küçəsində hərəkətdə olarkən Səməd Vurğun küçəsi ilə Əzizbəyov küçələrinin kəsişməsində yerləşən işıqfordan sola dönüb, hərəkətini Əzizbəyov küçəsi ilə düzünə davam etdirdiyini, bundan sonra avtomobillə bir qədər hərəkət edib, Sumqayıt şəhəri Əzizbəyov küçəsi ilə Nərimanov küçələrinin kəsişməsində yerləşən işıqfora çatdığını, işıqforun hərəkətin davam etdirilməsinə icazə verən yaşıl işığı yandığından, idarə etdiyi avtomobillə hərəkətini dayandırmadığını, bu zaman hərəkət istiqamətinin sol tərəfindən, bir nəfər anket məlumatlarını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs qəflətən idarə etdiyi avtomobilin qarşısına çıxdığını, bunu görsə də, ancaq heç bir tədbir görə bilmədiyini və həmin piyadanı idarə etdiyi avtomobilin sol qabaq qapısının üzərində olan güzgüyə dəyərək, fırlanıb yerə yıxıldığını, bundan sonra idarə etdiyi avtomobili saxlayaraq piyadaya yaxınlaşdıqda, piyadanın yolun hərəkət hissəsində yerdə sol böyrü üstə uzandığını gördüyünü, daha sonra oraya gəlmiş tanımadığı şəxslərin həmin piyadını yoldan kənarlaşdırmağını təklif etsələr də, hadisə yerinə təcili tibbi yarıdım birqadası çağrıldığını bildirib piyadanın yerindən tərpədilməsinə razılıq vermədiyini, təxminən 10-15 dəqiqə sonra hadisə yerinə gəlmiş X14 birqadasının əməkdaşlarının ilk olaraq piyadanı yolun hərəkət hissəsindən kənarlaşdırdıqlarını, sonra ona ilkin tibbi yardım göstərərək X14 avtomobilinə mindirib xəstəxanaya apardıqlarını, daha sonra isə hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən tibbi müayinədən keçmək üçün Sumqayıt şəhər narkoloji dispanserinə aparıldığını, tibbi müayinədən keçdikdən sonra Sumqayıt şəhər TTY xəstəxanasına getdiyini, Zərərçəkmiş şəxs Sumqayıt şəhər X14 xəstəxanasında təxminən 10 gün müalicə olunduqdan sonra, ona ambulalor müalicə təyin edilərək yaşadığı evə buraxıldığını, 25 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evində vəfat etdiyini ailə üzvlərindən eşitdiyini, hadisə vaxtı idarə etdiyi avtomaşında sərnişin kimi vəkil yoldaşı Günel Səfərlinin olduğunu, idarə etdiyi avtomobildə yük olmadığını, hadisədən əvvəl idarə etdiyi avtomobilin sürətinin təxminən 50-60 km/saat olduğunu, piyadanın idarə etdiyi avtomobillə hərəkətdə olduğu avtomobil yolunun hərəkət hissəsinə daxil olmasını bir və ya iki metr məsafədən, ani vaxtda, yəni bir saniyə əvvəl gördüyünü, hadisənin qarşısını almaq üçün hər hansı tədbir görməyə imkanının olmadığını, piyadanın idarə etdiyi avtomobilin sol qabaq qapısının üzərində olan güzgüyə dəyib yerə yıxıldıqdan sonra avtomobili saxlaya bildiyini bildirmişdir. İfadənin yerində yoxlanması istintaq hərəkəti icra edilərkən hadisə yerində, yəni Sumqayıt şəhəri Nərimanov küçəsi ilə Əzizbəyov küçələrinin kəsişməsində yerləşən işıqforlar arasında məsafənin 19.80 metr, həmin işıqforlar arasındakı səkilər arasında məsafənin 13.80 metr, avtomobil yolunun eninin 8.70 metr, piyadanın vurulduğu yerlə yolun sağ kənarı arasında 5.80 metr, sol kənarı arasında 2.90 metr məsafə olduğu müəyyən olunmuşdur. İşin 67-ci vərəqindəki Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdəki doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 27 mart 2009-cu il təvəllüdlü Tuqay Mirzəyev və 31 yanvar 2011-ci il təvəllüdlü Sədəf Mirzəyeva olmaqla iki azyaşlı uşağı vardır. İşin 129-130-cu vərəqlərindəki qəradan görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 dekabr 2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi. Onun bu ifadəsi məhkəmədə dindirilmiş şahid ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyi, ifadənin yerində yoxlanılması haqqında protokol, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsindən daxil olmuş 11 noyabr 2020-ci il tarixli 302-4335-1220 saylı məktub və işin digər faktiki halları ilə təkzib olunduğundan, məhkəmə ifadəsinə tənqidi yanaşır, cəzadan yayınmaq cəhdi kimi qiymətləndirir və sübut hesab etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə tövsif edilməli, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.1-ci maddəsinə əsasən o, təyin edilən azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə yerləşdirildiyi gündən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və maddi sübutların olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona həmin maddə ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə yerləşdirildiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia və maddi sübutların olmadığı nəzərə alınsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 100 (yüz) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar