Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-709/2024 10.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1989-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, subay, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16 iyun 2023cü il tarixli hökmü ilə 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən satış məqsədi ilə, qanunsuz olaraq, 01 ədəd qara rəngli sellofanın içərisində 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 1552,3 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və xx.xx.2023-cü il tarixdə saat 00:10-da Xətai RPİ- nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 2 ünvanın qarşısında saxlanılıb ünvan 3əşən Xətai RPİ-nin 36-cı PB-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videogörüntü ilə keçirilən baxış və götürmə zamanı, sağ əlində olan qara rəngli sellofanın içindən 01 ədəd yapışqan lentə bükülmüş, külli miqdarda təmiz çəkisi 1552,3 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234..4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Həzi Aslanov metrostansiyasının yaxınlığında faktiki ər-arvad münasibətində olduğu Mədinə adlı qadınla birlikdə yaşamış, 13 may 2023-cü il tarixində sonuncu ilə aralarında yaranmış mübahisədən sonra axşam saatlarında evdən çıxaraq dostu Seymurgilə getmiş; 15 may 2023-cü il tarixdə axşamüstü Mədinənin mobil telefon nömrəsindən ona ard-arda zənglər gəlmiş, cavab verərkən Mədinə onun yanına gəlmək istədiyini demiş, telefonda yenidən mübahisə etdikdən sonra olduğu yeri, ynəi dostu Seymurun evi olan «Ulduz» metrostansiyasının yaxınlığında yerləşən ünvanının lokasiyasını Mədinəyə göndərmiş, atdığı ünvan evin tam yaxınlığı olmadığı üçün özü düşüb Mədinəni qarşılamalı olmuş, sonuncu oraya çatdıqda taksiyə yaxınlaşaraq pulunu vermək və Mədinə ilə dostugilə qayıtmaq istəmiş, lakin taksiyə yaxınlaşan zaman 3-4 nəfər tərəfindən zorla avtomobilə əyləşdirilərək Xətai rayon Polis İdarəsinə aparılmış, təxminən gecə saat 1-ə kimi onu orada saxlamışlar, sonra mülki geyimdə olan polis əməkdaşı yanına gələrək Mədinəni də ona qoşacaqlarını və ikisini də tutacaqlarını bildirmiş, o, buna etiraz etmiş, polis əməkdaşı isə cavabında 1.5 kiloqram çəkidə narkotik vasitəni götürüb əraziyə gedəcəyi təqdirdə Mədinəni cəlb etməyəcəklərini bildirmişdir; o, tutulana qədər heç vaxt həmin çəkidə narkotik vasitə görməmişdir, narkotik vasitələrdən tutulmamışdan 5-6 ay əvvəl istifadə etməyə başlamış, heç vaxt heç kimə narkotik vasitə satmamış, narkotik vasitələrin satışı ilə məşğul olmamış. Narkotik vasitəni aldığı şəxs iranlı deyil, Ağdaş rayonundan bir şəxs olmuşdur; Mədinə narkotik vasitə istifadəçisi olmamış, polis əməkdaşları yaşadıqları evə 15 may 2023-cü il tarixində ona görə gəlmiş və onu saxlamaq üçün Mədinənin nömrəsindən bilərəkdən ona zəng etdirmişlər, polis əməkdaşları onu Mədinəni də tutacaqları ilə və lazım olsa yaşadığı evə də narkotik vasitə qoya biləcəkləri ilə hədələmişlər; o, baş verənlər barədə heç kimə bildirməmiş, şikayət etməmiş, məhkəmə iclasında deməyi uyğun hesab etmişdir, o¸ «Ulduz» metrostansiyasının yaxınlığında «ASK Arena»nın yanında, yəni Keşlə qəsəbəsində saat 21-22 radələrində saxlanılmış, onu saxlayan şəxslər 2 avtomobillə gəlmiş, 3-4 nəfər polis əməkdaşı olmuşlar, onu və Mədinəni müxtəlif avtomobillərdə əyləşdirmişlər, avtomobillərin nömrələrinin təxmini olaraq 637 və ya 437 olduğunu, rənglərinin ağ oldğunu xatırlayır» Mədinə ona 437 dövlət nömrə nişanı olan taksi ilə yaxınlaşacağını yazmış, Xəti RPİ-nin müvəqqəti saxlama yerinə aparılmış, orada döyülmüş, lakin hər hansı bir xəsarət almamışdır; cibindəki 50 manat pul polis əməkdaşları tərəfindən götürülmüş, kartında yerləşən 50 manat da onlar tərəfindən öz kartlarına atılmışdır. Həmin tarixdə Məhəmməd Hadi küçəsində olmamış, polis idarəsində olarkən vəkil gəldikdən sonra videoçəkiliş aparılmışdır; Ona ittiham edilən 1.5 kq narkotik vasitəni 36-cı bölmədə qara sellofanda görmüş, ona qədər heç bir narkotik vasitə görməmişdir. Mayor rütbəsində olan polis əməkaşı əvvəlcə onu 3 kq narkotik vasitə ittihamı ilə tutacaqlarını bildirsə də, sonradan 1.5 kq çəkidə narkotik vasitəni boynuna götürməsini tələb etmişlər, bütün təzyiqlər, hədəqorxular nəticəsində məcburiyyətdən narkotik vasitənin guya ona məxsus olması barədə iadə verməyə razılıq vermişdir.. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai RPİ-nin NMBnin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 15 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:10 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılaraq, Xətai RPİ-nin 36-cı PB-nə gətirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əlində olan qara rəngli sellofan torbanın içərisində bir ədəd qara rəngli sellofan büküm aşkar edilmişdir. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz halında maddə olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nartotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni tanımadığı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, lakin iranlı şəxsdən ancaq 2 qram narkotik vasitə istədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən Redmi markalı mobil telefon aşkar olunmuş, başqa Pərvizin üzərindən qanunsuz predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qarşı istər saxlanılan zaman istərsə də polis bölməsində heç bir fiziki və ya psixi təsir təzyiq edilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, şübhəli şəxsin tutulması haqqında 16 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 21). Xətai Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 87-91). Məhkəmə-kimyəvi ekspertizası üzrə 16 may 2023-cü il tarixli 6/2834 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs (imza)..." sözləri olan kağız yapışdırılmış bir ədəd kağız bağlamadakı bir ədəd bükümdə təmiz çəkisi 1552,3 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 1, iş vərəqi 41-45). Məhkəmə-narkoloji ekspertizası üzrə 07 iyun 2023-cü il tarixli 3552 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 141-142). 16 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və şəxsi axtarış və götürmənin əks olunduğu 01 ədəd diskə baxış zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşyaları təqdim etməsi təklif olunmuş; Təqsirləndirilən şəxs əlindəki qara rəngli sellofan torbanın içərisindəki qara rəngli sellofana bükülmüş bükümü təqdim etmiş; həmin büküm açılarkən içərisində qəhvəyi rəngli, toz halında maddə olması müəyyən olunmuş; Təqsirləndirilən şəxs həmin maddənin nartotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni tanımadığı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, belə ki, həmin şəxsdən 2 qram istədiyini və onun da həmin narkotik vasitəni qoyduğu yerin konumunu göndərməklə, gedib Bakı şəhəri, Xətai rayonunda, metropolitenin H.Aslanov stansiyasının yaxınlığından götürdüyünü, bu zaman həmin narkotik vasitənin çox olduğunu görüb həmin şəxsə ondan yalnız 2 qram istədiyi halda nə üçün daha çox qoyduğunu soruşduqda həmin şəxsin ona bir hissəsini onun üçün, bir hissəsini isə gəlib ondan götürəcəklərini dediyini, həmin şəxsdən özü istifadə etmək məqsədilə yalnız 2 qram istədiyini, narkotik vasitəni götürdükdən bir neçə dəqiqə sonra polis əməkdaşlarının ona yaxınlaşıb saxladıqlarını və polis əməkdaşlarının ona heç bir psixi və fiziki zor tətbiq etmədiyini bildirmiş; Daha sonra Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən içərisində hər hansı bir mobil nömrə olmayan Redmi markalı mobil telefon aşkar olunmuş, başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir (cild 1, iş vərəqi 32-33,53). Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 105). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 3-4 nəfər polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmamasını, polis əməkdaşları tərəfindən döyülməsini, ona hədə-qorxu edilməsini, polis əməkdaşlarının təsiri və təzyiqi ilə əvvəlcədən üzərinə qoyulmuş 1552,3 qram olan narkotik vasitə heroini videoçəkiliş aparılarkən çıxararaq təqdim etməsi və polis əməkdaşlarının təzyiqi nəticəsində etirafedici ifadələr verməsi, heç vaxt narkotik vasitələrin satışını həyata keçirməməsi, iranlı şəxs ilə əlaqəsinin olmaması barədə məhkəmə zamanı verdiyi ifadəsinə işin faktiki hallarına uyğun deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Xətai Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli qərarından görünür ki, həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən Təqsirləndirilən şəxs məhkəmədə polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması barədə bildirməmiş və ona qarşı irəli sürülən ittihamda göstərilən əməli törətdiyini etiraf etmiş və əməlindan peşman olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində, o cümlədən 16 may 2023-cü il tarixdə üzərinə baxış keçirilən zaman aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olmasını etiraf etmiş; şəxsi axtarış keçirilməsi barədə 16 may 2023-cü il tarixli protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qalması barədə heç bir qeydi olmamış, həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən Təqsirləndirilən şəxs sərbəst şəkildə üzərindən aşkar edilən qanunsuz əşya və predmetləri polis əməkdaşlarına könüllü təqdim etməsi müəyyən edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin tutulmasında və üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş şahid qismində dindirilmiş polis əməkdaşları məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də idarədə heç bir fiziki və ya psixi təsir edilmədiyini bildirmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib, özündə saxlayaraq daşıması işin materialları ilə sübut olunmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmazsa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə heroinin xeyli miqdarının aşağı həddi 0,15 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ümumilikdə təmiz çəkisi isə 1,862 qram olduğundan xeyli miqdar təşkil edir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan elektron məhkəmə sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il və xx.xx.2012-ci il təvəllüdlü iki yetkinlik yaşına çatmayan övladı var. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 16 may 2023-cü il tarixdən hesablanmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azdalıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməli, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il müddətə azdalıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə tam toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasının Təqsirləndirilən şəxs tərəfindən tam çəkilməsi nəzərə alınaraq ona təyin edlmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmasını, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 16 may 2023-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMin 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-kimyəvi ekspertizası üzrə 16 may 2023-cü il tarixli 6/2834 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1552,3 qram narkotik vasitə olan heroin kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Xətai RPİ-in maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatına sonra qalıq qalan 1552,2 qram narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçirilən zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə-narkoloji ekspertizası üzrə 07 iyun 2023-cü il tarixli 3552 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən Təqsirləndirilən şəxs narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyun 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il müddətə azdalıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam toplamaq yolu ilə ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasının Təqsirləndirilən şəxs tərəfindən tam çəkilməsi nəzərə alınaraq təyin edlmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan tibbi xarakterli məcburi müalicə tədbirləri təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Bakı şəhəri Xətai RPİ-in maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatına sonra qalıq qalan 1552,2 qram narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və gütürmə keçrilən zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-709/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-709/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver