Məhkəmə qərarları › İş №1(101)-710/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-710/2021

04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-710/2021 04.03.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında xx xxxxx 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xocalı şəhərində qeydiyyatda olan və Abşeron rayonu, Qobu kəndində yaşayan, xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə, saat 03 radələrində ünvan 1 ünvanın qarşısında olarkən tanışı, baxılan iş üzrə Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə ona yaxınlaşaraq salam vermiş, lakin sonuncunun sərxoş olması səbəbindən Təqsirləndirilən şəxs salamı cavablandırmadığından zərərçəkmiş Zərərçəkmiş şəxs mübahisə yaradaraq onun ünvanına nalayiq ifadələr işlətməklə təhqir etmiş, əli ilə onun sinəsindən itələmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs sərxoş olmasını bildiyindən əhəmiyyət verməyib getmək istədikdə sonuncunun təkrarən onun ünvanına nalayiq ifadələr işlətməklə təhqir etməsi səbəbindən onu vurmaqla qisas almaq niyyəti ilə naməlum mənbədən əldə edib üzərində gəzdirdiyi qatlanan cib bıçağı ilə zərərçəkmiş Zərərçəkmiş şəxs qarın nahiyəsindən qəsdən bir dəfə vuraraq ona qarının ön səthində ortada yerləşmiş qarın boşluğuna nüfuz edərək bağırsağı zədələyən, insan həyatı üçün təhlükəli olan bir ədəd kəsilmiş-deşilmiş yara kimi ağır dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə irəli sürülən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs hadisədən təxminən 2-3 il əvvəl tanımış, aralarında normal münasibət olmuş, heç bir problem olmamışdır. Vüqar yaşca ondan böyük olduğuna görə daim ona hörmət qoymuş, hətta bir neçə dəfə onunla yeyib-içmişdir. Vüqar özü «İnşaatçılar» metro stansiyasinin yaxınlığında yaşamışdır. xx xxx 2020-ci il tarixdən 22-nə keçən gecə saat 02 radələrində o, şəhər mərkəzindən marka və modelini xatırlamadığı ağ rəngli taksi ilə yaşadığı Qobu qəsəbəsinə getmək məqsədilə Yasamal rayonu ərazisindəki «İnşaatçılar» metro stansiyasinin qarşısına gəlmişdir. Belə ki, həmin metrostansiyanın yanında dayanan bir manatlıq taksilərlə daima yaşadığı qəsəbəyə getmişdir. O, Vüqarın yaşadığı evin qarşısında dayanıb mobil telefonunda musiqiyə qulaq asmış, siqaret çəkmiş və siqaretini bitirdikdən sonra yaşadığı qəsəbəyə getmək istəmişdir. Elə həmin vaxt Vüqar onun yanına gəlmiş, onun sərxoş olduğu açıqca hiss olunmuşdur. Vüqar spirtli içkinin təsiri altında, acıqlı şəkildə ona salam vermiş və orada dayanmasının səbəbini soruşmuşdur. O, Vüqarın salamını almamış, lakin siqaret çəkdiyini, həmçinin telefonda musiqiyə qulaq asdığını bildirib bir azdan çıxıb gedəcəyini demişdir. Lakin Vüqar sərxoş olduğundan onunla kobud danışmağa başlamışdır. O, Vüqara yaşca ondan kiçik olduğunu demiş, onunla kobud danışmamasını xahiş etmişdir. Vüqar onun xahişinə məhəl qoymayıb onun yaxasından tutub onu silkələmiş və nalayiq küçə söyüşləri söyməklə onu itələmişdir. O, Vüqara yenə də əhəmiyyət vermədikdə, Vüqar təkrarən onu nalayiq ifadələrlə söymüşdür. Bundan sonra o, bərk əsəbiləşmiş və sağ arxa cibində olan, işi ilə əlaqədar daima üzərində gəzdirdiyi cib bıçağını çıxardıb ondan söydüyü söyüşü geri götürməsini tələb etmişdir. Bıçaq çıxarmaqda məqsədi Vüqarı vurmaq yox, onu qorxutmaq olmuşdur. Lakin Vüqar onun əlində bıçaq görüb çəkilmək əvəzinə onun üzərinə gəlmiş, onu bıçaqla vurubvurmayacağını soruşmuşdur. O, Vüqarın üzərinə gəldiyini görüb hələ bir az da geri çəkilmiş, əlində olan bıçağı sağa, sola sallayaraq ondan uzaq durmasını tələb etmişdir. Amma Vüqar onu təkrar-təkrar söyməkdə davam etmişdir. Həmin vaxt o, əsəbiləşmiş və bıçaqla Vüqarın qarın nahiyəsindən bir dəfə vurmuşdur. Bıçaq Vüqarın bədəninə batmış və Vüqarın qarın nahiyyəsindən qan gəldiyini görmüş və bıçağı çəkib çıxartmışdır. Bundan sonra Vüqar ona evlərindən təcili qardaşı Fuadı çağırmasını istəmişdir. O, qaçaraq Vüqarın yaşadığı evin qapısını döyərək Fuadı çağırmışdır. Fuad gəldikdən sonra Vüqarın xəsarət aldığını görmüşdür. Vüqar ona narahat olmamasını və heç bir problem olmadığını demişdir. O isə hadisənin şokundan bərk həyəcanlanmış, cinayət törədərkən istifadə etdiyi bıçağı naməlum istiqamətdə atmışdır. Bundan sonra Fuad qaçaraq taksi avtomobili çağırmış, o özü də daxil olmaqla, Vüqarı taksiyə qoyub birlikdə xəstəxanaya getmişlər. Yolda olan zaman Fuad hadisənin necə baş verdiyini soruşmuş, qardaşı Vüqar isə ona narahat olmamağı tapşırmış, heç bir problemin olmadığını bildirib hadisənin mahiyyəti üzrə cavab verməmişdir. Xəstəxanaya çatdıqdan sonra Vüqarı əməliyyata aparmışlar. O, bir az gözlədikdən sonra evlərinə gedib baş vermiş hadisə barədə atası Ramizə məlumat vermiş və atası ilə birlikdə xəstəxanaya qayıtmışlar. Onlar Vüqarın qardaşı Fuadın xəstəxanada olduğunu görmüş və ona narahat olmamağı tapşırıb, bütün xəstəxana xərclərini özlərinin çəkəcəyini bildirmişlər. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, hadisədən sonra Vüqar təxminən 7-8 gün xəstəxanada qalmış, onun bütün müalicə və xəstəxana xərcləri onun özü və ailə üzvləri tərəfindən çəkilmişdir. Vüqarla, onun ailə üzvləri ilə barışıq əldə etmiş, aralarında mübahisəli heç nə qalmamışdır. Əməlindən səmimi peşiman olmuş, hazırda da peşimandır. Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə, axşamüstü qardaşı Fuadla birlikdə təxminən 3 bakal pivə içmiş və spirtli içkinin təsiri altında olmuşdur. Saat 23 radələrində Fuadla yaşadığı ünvan 2 ünvanın qarşısında olan zaman Fuad yatmaq istədiyini bildirib getmiş, o isə hava yaxşı olduğundan evin qarşısında oturmaqda davam etmişdir. Artıq 22 may tarixə keçən gecə, saat təxminən 02 radələrində hadisədən hələ 3 il əvvəl tanış olduğu, yaşca ondan kiçik olan, baxılan iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs dövlət qeydiyyat nişanına fikir vermədiyi, ağ rəngli, VAZ 2106 markalı taksi avtomobili ilə onun yaşadığı məhləyə gəlmiş və yaşadığdı evin qarşısında dayanıb mobil telefonda musiqiyə qulaq asmağa başlamışdır. O, Raminin fikirli halda olduğunu görüb, ona yaxınlaşıb haləhval tutmaq istəmişdir. Bu məqsədlə o, Raminə yaxınlaşıb ona salam vermiş və gecə vaxtı burada olmasının səbəbləri ilə maraqlanmışdır. Ramin onun üzünə baxsa da, salamını almamış və yenidən mobil telefonu ilə oynamağa başlamışdır. Ramin ona cavab vermədiyindən o, əli ilə Raminin yaxasından tutub silkələmiş, ona cavab verməməsinin səbəbini soruşmuş və onun ünvanına nalayiq ifadə işlədib onu itələmişdir. O, Ramini itələdikdən sonra təxminən 3-4 metr kənara çəkilmişdir. Ramin ondan onu söyməsinin səbəblərini soruşduqda o, yaxşı elədiyini demiş və Ramini təkrarən söymüşdür. Bundan sonra Ramin əlini arxa sağ cibinə ataraq bir ədəd qara rəngdə qatlanan cib bıçağı çıxartmış və əlində sallayaraq ondan üzr istəməsini tələb etmişdir. O, Raminə «sən hələ uşaqsan, səndən heç vaxt üzr istəməyəcəyəm» cavabını ona vermiş, hətta onun bıçaqdan istifədə edə bilməyəcəyini də demişdir. Bundan sonra Ramin əsəbiləşmiş və əlindəki bıçağı, sağa sola hərəkət etdirməyə başlamışdır. O, Raminin onu vurmayacağını güman edib onun üstünə getdikdə Ramin əlindəki bıçaqla onun qarın nahiyəsinə vurmuşdur. O, əvvəlcə heç nə hiss etməsə də, az sonra bədənində istilik hiss etmiş və Raminin əlində olan bıçağın ona batdığını bilmişdir. Ramin bıçağı geri çəkmiş və qorxusundan ağlamağa başlamışdır. O, əli ilə yarasını tutaraq Raminə qorxmamasını demiş və ona qardaşı Fuadı çağırıb onu xəstəxanaya aparmağı tapşırmışdır. Həmin vaxt Ramin qaçaraq onun evinin qapısını döymüş və qardaşı Fuadı çağırmışdır. Təxminən 2 dəqiqə sonra Fuad onun yanına gəlmiş və o, baş vermiş hadisəni qardaşına danışmışdır. Bundan sonra qardaşı Fuad taksi çağırmış o, Ramin və qardaşm Fuadla birlikdə X2 getmişlər. Xəstəxanada ona tibbi yardım edilmişdir. Bir neçə saat sonra ayıldıqda isə qardaşı Fuadı yanında görmüşdür. O, Fuaddan Ramini soruşmuş, onun harada olması ilə maraqlanmışdır. Qardaşı Raminin xəstəxanaya atası ilə birlikdə gəldiklərini, xəstəxana xərclərini ödədiklərini bildirmişdir. Təxmini bir-iki saat sonra Raminlə atası Ramiz onun yanına gəlmiş, Ramin çox peşman olduğunu, ona xəsarət yetirmək istəmədiyini bildirmişdir. O, Raminə narahat olmamasını bildirmiş, baş vermiş hadisədə onun özünün günahının olduğunu ona demişdir. Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, hadisə onun günahı üzündən baş vermiş, içkili olduğundan hərəkətlərini idarə edə bilməmiş, Raminin ünvanına xoşagəlməz söyüşlər etmişdir. Hazırda onlar bir-biri ilə barışmış, o, Ramini bağışlamış, ona qarşı şikayəti və tələbi qalmamışdır. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, aralarında keçirilən həmin istintaq hərəkəti zamanı zərərçəkmiş və təqsirləndirilən şəxs hər biri baş vermiş cinayət hadisəsinin baş vermə səbəb və motivləri, hadisənin gedişatı, nəticəsi və hadisədən sonrakı mərhələsi barədə sərbəst ifadələrində göstərmiş olduqları halları bir-birinin üzünə qarşı bir daha ifadə etmişlər (iş vərəqə: səh. 123-125). Bundan başqa, iş üzrə məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini bir daha təsdiq edərək göstərdi ki, baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun böyük qardaşıdır və onlar birlikdə yuxarıda göstərilən ünvanda birlikdə yaşamaqdadırlar. Sonuncu dəfə xx xxx 2020-ci il tarixdə, saat 23 radələrində qardaşı Vüqarla birlikdə yaşadığı evin qarşısında pivə içmiş, sonra yuxusu gəldiyi üçün yatmağa getmiş, Vüqar isə havanın yaxşı olduğunu bildirib evə getməmişdir. Artıq xx xxx 2020-ci il tarixə keçən gecə, saat təxminən 02 radələrində evdə yatan zaman qapının döyüldüyünü eşitmiş, təcili yuxudan oyanıb qapını açmağa getmişdir. Qapını açdıqda təxminən 1-2 il əvvəl tanış olduğu, hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxsin həyacanlı şəkildə onu çağırdığını görmüş, ona qardaşı Vüqarın xəsarət aldığını bildirmişdir. O, həmin vaxt bərk qorxmuş və evdən çıxaraq qardaşı Vüqarın yanına getmişdir. Qardaşı Vüqarı ayaq üstə dayanmış və əli ilə qarnını tutmuş vəziyyətdə görmüşdür. O, Vüqarın paltarında qan izləri görmüş, nə baş verdiyini həm Vüqardan, həm də Ramindən soruşmuşdur. Vüqar ona narahat olmamasını, Raminlə aralarında sözün çəp gəldiyini və Raminin əlindəki bıçağın ona batdığını bildirmişdir. Bundan sonra o, təcili küçəyə çıxaraq yoldan keçən bir taksi saxlatmış, o, Ramin və qardaşı Vüqar birlikdə xəstəxanaya getmişlər. Yolda Vüqar özündə olmuş, lakin xəsarət olan nahiyəsində ağrı olduğunu bildirmişdir. Ramin isə çox həyacanlı və qorxmuş vəziyyətdə olmuşdur. Bunu görən qardaşı Vüqar Raminə narahat olmamasını demiş, heç bir problem olmadığını və qəti şəkildə ondan şikayətçi olmayacağını bildirmişdir. Xəstəxanaya çatdıqdan sonra Vüqarı həkimlər əməliyyata aparmış, o isə Raminlə birlikdə xəstəxanada gözləyəsi olmuşdur. Onlar xəstəxanada olan zaman o, Ramindən hadisənin necə baş verdiyini soruşmuş, Ramin ona yaşadıqları evin qarşısında telefonda musiqi dinləyən zaman Vüqarın ona yaxınlaşıb hal-əhval tutduğunu, sonra isə yaxasından tutaraq onu söyüb itələdiyini, həmin vaxt o, cibində olan cib bıçağını çıxarıb Vüqarı qorxutmaq istədiyini, lakin Vüqarın onun üzərinə gəldiyini və qəfildən bıçağın ona batdığını həyacanlı şəkildə danışmışdır. Bir müddət sonra Ramin evlərinə atası ilə birlikdə xəstəxanaya qayıtmışdır. Onlar gələn zaman müxtəlif ərzaq məhsulları gətirmiş və Vüqarın bütün xəstəxana xərclərini öz öhdələrinə götürmüşlər. Vüqar palataya köçürüldükdən sonra o, qardaşının yanına gedib Raminin və atasının xəstəxanaya gəldiyini, xəstəxana xərclərini ödədiklərini bildirmişdir. Bundan sonra bir neçə dəfə Ramin özü, həmçinin atası Ramiz xəstəxanaya gəlib Vüqarla maraqlanmışlar. O, qardaşı Vüqardan şikayət edib etməyəcəyi ilə maraqlandıqda, Vüqar əsas səhvin onun özündə olduğunu, Raminin ondan yaşca kiçik olduğu halda onu söydüyünü və bu səbəbdən şikayət etməyəcəyini bildirmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 710 saylı rəyindən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs almış olduğu bədən xəsarəti - qarının ön səthində, ortada yerləşmiş, qarın boşluğuna nüfuz edərək bağırsağı zədələmiş 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaradır. Həmin xəsarət deşicikəsici əşyanın (alətin) təsirindən törənmişdir, məhkəmə-tibb ekspertizası təyin etmək barədə qərarda qeyd olunan vaxtda və şəraitdə, yəni cinayət hadisəsinin baş verdiyi xx xxx 2020-ci il tarixdə bıçaqla yetirilməyə xarakterikdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir(iş vərəqə: səh. 110-119). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 1704 saylı rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tədqiqat zamanı hər hansı bir psixi xəstəlik müəyyən edilməmişdir. Qərarda göstərilən əməli törətdiyi zaman Təqsirləndirilən şəxs psixi vəziyyəti onda meydana gəlmiş situaisya ilə əlaqəli nevrotik reaksiya kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs ekspert komissiyası tərəfindən ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmuşdur. Tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, o, hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: səh. 120-122). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan, zərər çəkən şəxsin geyim əşyalarının xəstəxanadan götürülməsi haqqında xx xxx 2020-ci il tarixli protokoldan və məhkəmə-trasoloji ekspertizanın xx xxxx 2020-ci il tarixli, 3/517 saylı rəyindən görünür ki, cinayət hadisəsi zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd göy rəngli qısa qol köynək onun müalicə üçün yerləşdirildiyi xəstəxanadan götürülmüş və iş üzrə məhkəmə-trasoloji ekspertiza təyin edilmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-trasoloji ekspertizanın xx xxxx 2020-ci il tarixli, 3/517 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində birn ədəd zədə vardır. Həmin zədə kəsici, ucu deşici xassəyə malik alətin (bıçaq və s) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir(iş vərəqə: səh. 9, 41-44). İbtidai istintaq orqanının xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, xx xxxx 2020-ci il tarixli, 3/517 saylı məhkəmə-trasoloji ekspertiza üzrə üzərində tədqiqat aparılmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus köynək iş üzrə maddi sübut kimi tanınaraq Yasamal RPİ-nin müvəqqəti saxlama kamerasına saxlanca verilmişdir(iş vərəqə: səh. 108- 109). Məhkəmə baxışı zamanı tədqiq olunan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinin ünvan 3 ünvanın qarşısı olduğu müəyyən edilmişdir. Baxış keçirilməsi prosesində fotocədvəl tərtib edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: səh. 27-29). Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vuran bədən xəsarəti yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının xx xxxx 2020-ci il tarixli qərarına əsasən şübhəli şəxs Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilmiş, onun tutulması ilə əlaqədar aparılan əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmiş, sonuncu - şübhəli şəxs Təqsirləndirilən şəxs özü xx xxxxxx 2020-ci il tarixdə Yasamal RPİ-nin İstintaq Şöbəsinə könüllü gələrək təqsirini etiraf etmişdir. Bu barədə tərtib olunan müvafiq sənədlər, o cümlədən Təqsirləndirilən şəxs könüllü gəlməsi barədə tərtib olunan protokol cinayət işinə əlavə olunmuşdur (iş vərəqə: səh. 47). Daha çonra məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs müalicəsi və sağalması üçün zəruri olan xərcləri çəkmiş, hələ məhkəməyədək icraat mərhələsində zərər çəkmiş şəxslə barışmış, sonuncu onu bağışlamış, bu barədə ərizəsini təqdim etmişdir (iş vərəqə: səh. 13). Məhkəmə baxışı zamanı, həmçinin müəyyən olundu ki, baş vermiş cinayət hadisəsi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanunsuz və əxlaqa zidd hərəkətlərinin təsiri nəticəsində törənmişdir. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə ərəfəsində spirtli içkinin təsiri altında Təqsirləndirilən şəxslə kobud danmış, ona qarşı təkrar-təkrar nalayiq söyüşlər ifadə edib onu itələmiş, sonuncu zərər çəkmiş tərəfindən özünə qarşı edilmiş qanuna və əxlaqa zidd həmin hərəkətlərin təsiri nəticəsində əsəbiləşərək baxılan iş üzrə cinayət hadisəsini törətmişdir (iş materialları). Təqsirləndirilən şəxs istər məhkəmə baxışı zamanı və istərsə də son sözlə məhkəməyə müraciət edərkən əməlindən səmimi peşiman olduğunu məhkəmənin nəzər diqqətinə çatdırmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs könüllü gələrək təqsirini boynuna almasını, zərər çəkmiş şəxsin müalicəsi və sağalması üçün zəruri olan xərcləri çəkdiyini, hələ məhkəməyədək icraat mərhələsində zərər çəkmiş şəxslə barışdığını, baş vermiş cinayət hadisəsinin zərər çəkmiş şəxsin qanunsuz və əxlaqa zidd hərəkətlərinin təsiri nəticəsində tördilməsini, zərərçəkmiş şəxsin onu bağışlamasını, həmçinin əvvəllər məhkum olunmamasını və tutduğu əməldən səmimi peşmanlığını, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında tördilməsi, həmin Məcəllənin 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna alması, həmin Məcəllənin 59.1.11-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin müalicəsi, onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması məqsədilə maddi yardımların göstərilməsi, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, ən nəhayət, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirnləndirilən şəxsin əvvəllər məhkum olunmaması və tutduğu əməldən səmimi peşmanlığı təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar hesab olunur. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib qeyd edir ki, zərər çəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vuran bədən xəsarəti yetirməyə görə Cinayət Məcəlləsinin 126.1-ci maddəsində konkret olaraq üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, həmin cəzaya alternativ cəza növü nəzərdə tutulmamışdır. Qanunun bu müddəasına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan əməli törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Lakin məhkəmə Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını, zərər çəkmiş şəxsin müalicəsi, onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması məqsədilə maddi yardımlar göstərdiyini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında tördilməsini, ən nəhayət onun əvvəllər məhkum olunmamasını və tutduğu əməldən səmimi peşmanlığını məcmu olaraq müstəsna hal kimi nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd olunan əmələ görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması ədalət və humanizm prinsipləri baxımından qeyri-obyektiv və Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə zidd olmuş olardı. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, onun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılması və üzərinə bu cəzadan irəli gələn müəyyən vəzifələr qoyulması məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinin tələblərinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2 və 52-1.3-cü maddələrinə əsasən məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər üzərində bu Məcəllənin 52-1.2.1 - 52-1.2.4-cü və 52-1.3.1 - 52-1.3.4-cü maddələrində nəzərdə tutulan əsas və əlavə vəzifələr müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşadığı Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.4-cü mddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs təyin olunmalı azadlığın məhdudlaşdırılması cəzasının müddəti ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla həmin cəzadan çıxılmalı və məhkum tərəfindən çəkilməli olan cəzanın müddəti qətiləşdirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub 01 (bir) gün saxlanılmış, barəsində həbs qətimkan tədbiri seçilməsi məqsədilə cinayət işinə prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılmış, lakin prokuror tərəfindən vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qanunun bu müddəasına əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində şübhəli şəxs qismində tutulub saxlanıldığı 01 (bir) gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və məhkum üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, onun cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, hökmün icrası Təqsirləndirilən şəxs daimi yaşadığı Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinə dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, onun barəsində olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Yasamal rayon Polis Şöbəsində saxlanılan, cinayət hadisəsi nəticəsində zədələnməklə istifadə təyinatını itirmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd göy rəngli qısaqol köynək məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 64,00 (altmış dörd) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə qismində tutulub saxlanıldığı 01 (bir) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşadığı Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan maddi sübut – cinayət hadisəsi nəticəsində zədələnməklə istifadə təyinatını itirmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd göy rəngli qısaqol köynək məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 64,00 (altmış dörd manat) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar