Məhkəmə qərarları › İş №1(101)-710/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-710/2023

31.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-710/2023 31.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 5 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı, 2 yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 3də yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 04 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,592 qram, 4,063 qram, 3,961 qram, 6,342 qram, ümumi təmiz çəkisi 17,958 qram təşkil edən kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroini əldə edib üstündə saxlayaraq daşımış, 23 sentyabr 2022-ci il tarixdə saat 10:00 dəqiqədə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunun yaxınlığında saxlanılaraq 30cu Polis şöbəsinin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı 04 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 3,592 qram, 4,063 qram, 3,961 qram, 6,342 qram, ümumi təmiz çəkisi 17,958 qram təşkil edən kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə heroinlər aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, polis əməkdaşları onu axşam saatlarında gəlib evdən tutub polis bölməsinə aparmışlar. Polis əməkdaşları üzərinə baxış keçirərkən üzərindən heç nə çıxmamışdır, ittiham aktında qeyd olunan narkotik vasitəni onlar boynuna qoymuşlar. Üzərinə baxış keçirilərkən aparılan videoçəkiliş zamanı guya üzərindən aşkar olunan narkotik vasitənin miqdarı 4 büküm deyil, 3 büküm olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, narkotik vasitə istifadəçisi olmuş, narkotik vasitədən 1 ilə yaxın müddətdə istifadə etmişdir. Narkotik vasitə heroini 20-30 manata tanımadığı şəxslərdən əldə etmiş, yarım qram narkotik vasitəni 3 günə istifadə etmişdir. Narkotik vasitə satışı ilə məşğul olmamış, heç kəsə narkotik vasitə verməmiş, bu barədə heç kəslə telefon danışıqları da olmamışdır. Heroindən başqa digər növ narkotik vasitələrdən istifadə etməmişdir. Sonuncu dəfə narkotik vasitə heroindən polislər tərəfindən tutulmamışdan 3 gün öncə istifadə etmiş, istifadə etdiyi heroinin yarım qramını 20 manata Suraxanı rayonu ərazisindən əldə etmişdir. Sonuncu dəfə əldə etdiyi narkotik vasitənin hamısını istifadə etmişdir, tutulan zaman onda narkotik vasitə olmamışdır. Onu narkoloji ekspertizadan keçirməmişlər, hər hansı ekspertiza rəyi ilə də tanış olmamışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, bir neçə il müddət olar ki, narkotik vasitə olan heroindən istifadə edir. O, istifadə etdiyi narkotik vasitəni Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almışdır. 23 sentyabr 2022-ci il tarixdə saat təxminən 10:00 dəqiqədə yaşadığı evin yaxınlığında, yəni Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda olan vaxtı mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirmiş, onu üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti ilə bağlı Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşmış, onlar ilə birlikdə 30-cu Polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin inzibati otaqlarının birində hüquq və vəzifələri ona izah olunduqdan sonra polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona üzərində qeyri-qanuni hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi bildirilmiş, o, əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxlayaraq daşıdığı dörd büküm narkotik vasitə heroini cibindən çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi dörd ədəd büküm kütlənin nə olduğunu ondan soruşmuş, o, təqdim etdiyi dörd ədəd büküm kütlənin narkotik vasitə heroin olduğunu və özü istifadə etmək məqsədilə üzərində daşıdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman üzərində saxlanılması və ya daşınması qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Sonra isə üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, tərtib edilmiş protokol o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə heroini 22 sentyabr 2022-ci il tarixdə Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 40 manata almışdır (iş vərəqi 85-86). İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan olunduqdan sonra verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, bununla yanaşı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Hövsan qəsəbəsi, Quşçuluq massivində qardaşının evində yaşamışdır. Onlara Təqsirləndirilən şəxs və sonuncunun qardaşının narkotik vasitənin saxlanması, dövriyyəsi və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatında göstərilənlər öz təsdiqini tapmışdır. Belə ki, polis şöbəsində təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən təqsirləndirilən şəxsin üzərində 5 və ya 6 büküm narkotik vasitə olan heroin aşkarlanmışdır. Heroin aşkar edilərkən Təqsirləndirilən şəxs narkotik istifadəçisi olduğunu və həmin narkotiki səhv etmirsə, Suraxanı rayonu ərazisindən aldığını demişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs yaxalamağa çalışarkən o, qaçmağa cəhd etmiş və onlardan gizlənmişdir. Onlardan qaçmasına səbəb yəqin ki, etdiyi əməlin cinayət olmasını bilməsi olmuşdur. Onlar Təqsirləndirilən şəxs Quşçuluq massivində zirzəmiyə qaçıb gizlənərkən yaxalamışlar. Onun tərəfindən təqsirləndirilən şəxsə qarşı təzyiq olmamışdır. Onun yanında başqa bir kimsə də təqsirləndirilən şəxsə təzyiq göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onlara Təqsirləndirilən şəxs narkotik vasitənin qəbulu və daşınması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri Şahid1, üzvü isə o, təyin olunmuşdur. Hövsan qəsəbəsinin Quşçuluq massivi ərazisində təqsirləndirilən şəxsi yaxalamağa çalışarkən sonuncu onlardan qaçmağa çalışmışdır. Onlar təqsirləndirilən şəxsi evin zirzəmisindən tutmuşlar. Ona özlərini təqdim etmiş, təqsirləndirilən şəxs də özünü təqdim etdikdən sonra onu narkotik vasitənin qəbulu və daşınması ilə bağlı şübhəli şəxs kimi polis şöbəsinə dəvət etmiş, təqsirləndirilən şəxs də etiraz etmədən onlarla birgə polis şöbəsinə gəlmişdir. Təhqiqatçının otağında videoçəkiliş yolu ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış keçirilən zaman cibindən qəhvəyi rəngdə maddə çıxmışdır. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğunu soruşduqda o, həmin maddənin narkotik vasitə olan heroin olduğunu söyləmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitənin çəkisinin nə qədər olduğunu xatırlamır. Aşkarlanan narkotik vasitənin sayı səhv etmirsə 3-4 büküm olmuşdur. Təqsirləndirilən şəxs yəqin ki, üzərində narkotik vasitə olduğu üçün onlardan qaçmışdır. Onlar Təqsirləndirilən şəxs tutularkən onların polis olduqlarını bilib qaçmağa cəhd göstərmişdir. Onun tərəfindən təqsirləndirilən şəxsə qarşı təzyiq olmamışdır. Təqsirləndirilən şəxsə polis əməkdaşları tərəfindən hər hansı təzyiq göstərməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1983-cü il tarixində Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan vətəndaş Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur (iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (iş vərəqi 6-7). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, xx.xx.1983-cü il tarixində Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3 ünvanında yaşayan vətəndaş Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək həmin tarixdə saat 10:00 dəqiqədə, ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinə gətirilmişdir (iş vərəqi 11). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 04 (dörd) ədəd şəffaf sellofandan ibarət bükümü təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində kakos kimi tanıdığı narkotik maddə var. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bu narkotik vasitələri bir gün öncə tanımadığı şəxsdən ümumilikdə 40 (qırx) manat pul ödəyərək öz şəxsi istifadəsi üçün almış, həmin narkotik vasitəni sonra istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. xx.xx.2022-ci il tarixdə saat 10:00 dəqiqədə yaşadığı ünvan 3 ünvanın yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi toz halında narkotik vasitəyə bənzər maddə olan 04 ədəd şəffaf rəngli sellofandan ibarət büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 194 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Həmçinin şəxsi axtarış davam etdirilərkən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir (iş vərəqi 30-31). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mənzilə baxış keçirmə və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozu, nömrəsiz ev ünvanına baxış keçirilmişdir. Baxış keçirilən ünvanın giriş qapısı taxtadan olub ətrafı ağ rəngli mişar daşları ilə əhatəli olub, həyətə girişdə orta hissədə birmərtəbəli kürsülü ağ mişar daşından tikili ev mövcuddur. Evin giriş qapısı yaşıl rəngli dəmir qapıdan pəncərələri ağ rəngli plastik pəncərədəndir. Ev ümumilikdə 3 otaq, 1 dəhliz, 1 hamam otağından ibarətdir. Baxış zamanı ünvandan istintaq əhəmiyyəti kəsb edən hər hansı bir maddi sübut aşkar edilməmişdir (iş vərəqi 34). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/5465 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №194” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan kağız paketdəki 04 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 3,592 qram, 4,063 qram, 3,961 qram, 6,342 qram, ümumi təmiz çəkisi 17,958 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 04 bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildirlər Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir (iş vərəqi 40-44). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli maddi sübut hesab edilməsi barədə qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 17,958 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin (tədqiqata sərf edildikdən sonra qalıq 17,798 qram) cinayət işi üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması üçün nəzərdə tutulan otağa təhvil verilmişdir (iş vərəqi 96). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması barədə görüntüləri əks etdirən DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin diskdə bir ədəd fayl vardır, faylda olan videogörüntü 23 sentyabr 2022-ci il tarixlidir və 04 dəqiqə 48 saniyədən ibarətdir. Videoçəkilişdən görünür ki, polis əməkdaşları Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin inzibati binasında yerləşən xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən dörd ədəd büküm kütləni təqdim edərək bildirmişdir ki, təqdim etdiyi dörd ədəd büküm kütlə narkotik vasitə olan heroindir və özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşımışdır (iş vərəqi 116). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mənzilə baxış keçirmə və götürmə aparılması barədə görüntüləri əks etdirən DVD diskinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, faylda olan videogörüntü 23 sentyabr 2022-ci il tarixlidir və 03 dəqiqə 41 saniyədən ibarətdir. Çəkilmiş videoçəkilişdən görünür ki, polis əməkdaşları və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda yerləşən nömrəsiz evin həyətyanı torpaq sahəsinə və evə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətdə qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilidikdən sonra həyətə və evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq sovxozunda yerləşən nömrəsiz evin həyətyanı torpaq sahəsindən və evdən qadağan olunmuş hər hansı bir əşya və predment aşkar olunmamışdır (iş vərəqi 117). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 19752 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına hal-hazırda "xxxx" MMC-də nömrə qeydə alınmamışdır (iş vərəqi 118). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “2 nömrəli X2”nın xx.xx.2022-ci il tarixli, 1/3027 saylı məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X1 müraciət etməmişdir (iş vərəqi 119). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 9383 saylı məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü, ünvan 1 ünvanda pasport qeydiyyatında olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olunmamışdır (iş vərəqi 120). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, xx/xx-13754 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında pasport qeydiyyatında olan, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olunmamışdır və qeydiyyatda yoxdur (iş vərəqi 122). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-14064/22 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Bakcell şəbəkəsində aktiv nömrə qeydə alınmamışdır (iş vərəqi 125). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 21725 saylı məktubundan və CD diskindən görünür ki, təqdim edilən qərarda qeyd edilən nömrənin müqavilə sahibinə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri müddətində mövcud olan zənglər və SMS siyahısına, SMS mətnlərinə və əhatə dairəsinə dair məlumat təqdim edilmişdir (iş vərəqi 126). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin təqdim etdiyi 01 ədəd CD diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsinə dair "xxxx" MMC-nin təqdim etdiyi CD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 3 ədəd fayl vardır. Birinci faylda SMS tarixçəsi, ikinci faylda zənglərin detallaşması, üçüncü faylda isə zənglərin məxsusluq tarixçələri vardır. Baxış zamanı bir ədəd CD diskdə olan fayllara baxıldıqda müəyyən edilmişdir ki, iş üçün əhəmiyyət kəsb edən SMS mətnləri və mobil nömrə zəngləri aşkar edilməmişdir (iş vərəqi 127). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, AZF/LGL-19251/22 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Azerfon şəbəkəsində aktiv nömrə qeydə alınmamışdır (iş vərəqi 130). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin xx.xx.2022-ci il tarixli, 097-12214-1222 saylı məktubun məzmunundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini o, satış məqsədilə əldə edərək üzərində saxlamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin haradan və kimdən əldə etməsini müəyyən etmək məqsədilə əməliyyat tədbirləri davam etdirilir (iş vərəqi 131). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7630 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 132-133). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3884 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır (iş vərəqi 134-136). İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(010)- 674/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqi 177-179). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 115). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2005ci il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6 adlı övladları vardır (iş vərəqi 142-144). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işinin istintaq materiallarından Təqsirləndirilən şəxs aşkar edilmiş heroinin mənbəyinə dair Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilərək araşdırılması davam etdirilmişdir (iş vərəqi 153). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs polis bölməsinə aparılarkən üzərində narkotik vasitə olmaması, ittiham aktında qeyd olunan narkotik vasitənin polislər tərəfindən boynuna qoyulması, özünün narkotik vasitənin yalnız istifadəçisi olması, narkotiklərin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadələrinə, həmin ifadələrdə qeyd edilənlər heç bir sübuta əsaslanmadığından tənqidi yanaşır, bunu onun müdafiə mövqeyi kimi dəyərləndirir və hesab edir ki, belə ifadələr verməklə o, məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** telefon nömrəsi ilə narkotik vasitələrin alışı, istifadəsi və satışı ilə bağlı yazışmaların müəyyən edilməməsinə baxmayaraq, məhkəmə təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotiklərin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, xırda bükümlərə bükülməsini, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotikləri məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə həmin nəticəyə gələrkən eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi və məhkəmədə təsdiq etdiyi narkotiklərin əldə edilib saxlanması ilə bağlı etirafedici ifadələrini, həmin ifadələr müvafiq hissələrdə cinayət işinin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağın olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olumasını, himayəsində 2 yetkinlik yaşına çatmayan uşağın olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə barəsində 25 sentyabr 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 sentyabr 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (iş vərəqi 21, 85-86). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 23 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs oğlundan aşkar edilərək götürülümüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 17,798 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 23 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülümüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 17,798 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 110 (yüz on) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar