Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-712/2023 02.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxxx 1991-ci il tarixdə Beyləqan rayonunun Eyvazalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Eyvazalılar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 24 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 mart 2022-ci il tarixli qərarına əsasən barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, 08 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Nizami RPİ-də istintaq olunan başqa cinayət işi üzrə CM-nin 180.2.1 və 180.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Nizami Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli qərarına əsasən barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan bədən xəsarəti yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 21 mart 2022-ci il tarixdə, saat 03 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən «Palermo» kafesində kafenin işçisi - zərər çəkmiş Zərərçəkmiş şəxs sifariş verilən musiqi üçün ödənişi almasına baxmayaraq müsiqini səsləndirmədiyinə görə aralarında mübahisə yarandıqdan sonra həmin mübahisəyə aydınlıq gətirmək üçün Zərərçəkmiş şəxs kafedən çıxıb heç kəsin olmadığı yerdə söhbət etməyi təklif etmiş, onlar birlikdə kafedən çıxıb kafenin yaxınlığında dayanıb söhbət edən zaman Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi mətbəx bıçağını şalvarının arxa cibindən çıxardarkən o, həmin bıçağı Zərərçəkmiş şəxs əlindən alıb bıçaqla sonuncunun sinə nahiyyəsinə qəsdən bir dəfə vuraraq ona döş qəfəsinin sol yarısının ön səthinin daxilə (sol plevra boşluğuna) nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən, insan həyatı üçün təhlükəli olan sağlamlığa qəsdən ağır zərər vurmuşdur, yəni Təqsirləndirilən şəxs qeyd olunan bu hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddət Rusiya Federasiyasında yaşayıb, orada işləmiş, yalnız 2022-ci ilin əvvəlində Azərbaycana qayıtmışdır. 20 mart 2022-ci il tarixdə «Novruz bayramı” qabağı dostu Rəşid Şəfiyevlə görüşüb bir qədər onun evində olmuş, sonra isə o, Rəşidə çay içmək və dincəlmək üçün «Palermo» kafesinə getməyi təklif etmişdir. Bundan sonra o, və Rəşid gecə saat 12:00 radələrində evdən çıxıb Qara Qarayev prospektində yerləşən «Palermo» adlı kafeyə getmişlər. Kafedə oturub çay içmiş, musiqi dinləmişlər. Gecə saat təqribən 3 radələrində Rəşid adını xatırlamadığı mahnını sifariş etmək üçün barmenə yaxınlaşmış və ona 5 manat pul verib mahnı sifariş etmişdir. Lakin o, Rəşidin pul verib mahnı sifariş verdiyini görməmişdir. Barmen pulu almış, lakin bir müddət keçsə də mahnını səsləndirməmişdir. O, Rəşidlə barmenin söhbət etdiklərini görüb onlara yaxınlaşmış və nə baş verdiyini soruşmuşdur. Sonradan adının Ramin olduğunu öyrənib bildiyi barmenin mahnı qoymaqdan ötrü 5 manat aldığını, lakin mahnını qoymadığını həmin vaxt bilmişdir. Ramin mahnını qoymamağının səbəbini həmin mahnını tapa bilməməsi ilə izah etmişdir. Ramin kafenin təzə açıldığını, ona gördə də internetin olmadığını demiş, həmçinin onlar istəyən mahnının siyahıda olmadığını bildirmişdir. Belə olduqda onlar Ramindən pulu geri qaytarmağını tələb etmişlər. Ramin pulu ona verməyəcəyini bildirmiş, pulu onun vermədiyini demiş, pulu ondan yox, Rəşiddən aldığını bildirmişdir. O, Raminə həmin pulu mahnı üçün verdiklərini demiş, mahnını səsləndirmədiyinə görə pulu qaytarmağın zəruri olduğunu bildirmişdir. Ramin pulu qaytarmaqdan imtina etdiyindən onunla Ramin arasında mübahisə yaranmışdır. Lakin Ramin həmin 5 manatı ona verməmiş, bar stolunun üstünə qoymuş, Rəşid də pulu oradaq götürmüşdür. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, məhz bu mübahisəyə görə o, Raminə zaldan çıxıb heç kəsin olmadığı yerdə söhbət etməyi təklif etmişdir. Belə ki, o, Raminin ondan inciyib küsməməsi üçün onu başa salmaq istəmişdir. Bundan sonra onlar birlikdə Raminin dəvəti ilə barın içində olan xırda bir otağa keçmişlər. Otaq kimi olan həmin yer barın zalında deyil, girişində olan dəhliz kimi bir yer olmuşdur. O, Raminlə həmin yerə girdikdən sonra o, heç kəsin içəri keçməməsi üçün əli ilə qapını tutmuşdur. Otaqda əlbəyaxa dava-dalaş olmamış, o, sadəcə Raminə iradını bildirmişdir. Otaqdakı söhbətdə Raminlə mübahisələri daha da sərtləşmiş və Ramin ondan aralanıb zala girmişdir. Raminin zala nə üçün keçdiyini o, bilməmişdir. Həmin vaxtı barın işçiləri onların olduğu yerə gəlib ondan nə baş verdiyini soruşmuş, lakin o, yaxınlaşanlara heç bir mübahisə olmadığını söyləmişdir. Bundan sonra Ramin geri qayıdıb ona bayıra çıxmağı təklif etmişdir. O, Raminlə birlikdə bayıra çıxmış və bir qədər bardan aralanıb yolun kənarında heç kəsin olmadığı yerdə dayanmışlar. O, Raminə pulu mahnıya görə verdiklərini izah etməyə çalışmış, lakin bir-birinə qarşı söyüş söyməmişlər. Ramin də onunla sakit tərzdə söhbət etmişdir. O, bayıra çıxan zaman onun məqsədi məsələni mehribançılıqla bitirmək istəməsi olmuşdur. Lakin o, gözləmədiyi anda Ramin arxa cibindən iri bir mətbəx bıçaq çıxardıb onun boğazına tutmuşdur. O, bərk qorxmuş, həyəcanlı vəziyyətdə dərhal Raminin əlindən tutub bıçağı almağa çalışmış və 10-15 saniyə tutaşdıqdan sonra o, Ramindən bıçağı ala bilmişdir. Ramini divara söykəyib əlində olan bıçaqla Raminə yalançı zərbə endirmiş, yəni bıçağı Raminə batırmayıb dayandırmışdır. Lakin sonra o, əlində olan bıçaqla Raminin sinəsinə bir dəfə vurmuşdur. Həmin vaxt o, yenə də bıçaqı tam yox, Raminin sinəsinə azca batırıb çıxarmışdır. Bıçağın Raminə batdığını başa düşüb əlini çəkmiş və Ramini buraxmışdır. Onu vurmaq niyyəti olmadığını Ramin özü də başa düşmüşdür. O, Ramindən qan getdiyini görüb, maşın tapıb onu xətəxanaya çatdırmağa çalışmış, maşın axtarmış, 103-ə zəng etmək istəmişdir. Ramini vurduqdan sonra sonuncu yıxılmamış, ayaq üstə olmuşdur. Ramin həmin vaxt bıçağı ona geri verməyi demiş, “qaç, buradan get” ifadəsini işlətmişdir. O, Raminə onu xəstəxanaya aparmağı təklif etdikdə, Ramin ehtiyyac olmadığını demişdir. Lakin o, çıxıb getməmiş, Ramini xəstəxanaya aparmaq üçün maşın axtarmış, tapa bilmədikdə, özünün mobil telefonu işlək vəziyyətdə olmadığından Rəşidin Telefonu ilə 103-ə zəng vurub məlumat vermişdir. Bundan sonra o, həmin bıçağı Raminə qaytarıb oradan uzuqlaşıb çıxıb getmişdir. O, hadisə yerindən aralanan zaman onlarla əlaqə saxlaya bilməsi üçün orada olan işçinin mobil nömrəsini götürmüşdür. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, Onun Raminə bir necə zərbə vurmağa imkanı olsa da, o, bunu etməmişdir. O, “Palermo” kafesinə gedən zaman, həmçinin kafedə olarkən spirtli içki qəbul etməmiş, spirtli içkinin təsiri altında olmamışdır. O, hadisədən sonra, yəni mart ayının 24-nə kimi xəstəxanaya Raminin yanına getməmiş, lakin ona zəng etmiş, özü ilə deyil, onun qardaşı ilə əlaqə saxlamışdır. 24 mart 2022-ci ildə isə o, könüllü olaraq Nizami RPİ-yə gedib təqsirini boynuna almış və bu hal protokollaşdırılmışdır. Onlar Raminin müalicə xərclərini qarşılamış, ona kömək etmişlər. Sonradan da zərər çəkmiş Zərərçəkmiş şəxsla görüşüb danışmış və onunla barışmışdır. Hazırda aralarında münasibət yaxşıdır. Baş vermiş hadisəyə görə səmimi peşimandır. Məhkəmə baxışı zamanı tədqiq olunan, ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadələri hadisə yerində yoxlanılmış və təqsirləndirilən şəxs sərbəst ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmişdir. İstintaq hərəkəti keçirilərkən işin hallarına uyğun müvafiq fotoşəkillər çəkilərək protokola və cinayət işinin materiallarına həvalə edilmişdir (iş vərəqə: səh. 62-64). Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi kı, 20 mart 2021-ci il tarixdə işlədiyi Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 61 ünvanında yerləşən “Palermo” klubuna əvvəllər tanımadığı, lakin hadisə ərəfəsində adının Təhmasib olduğunu öyrəndiyi, hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs dostları ilə birlikdə gəlib oturmuş, bir qədər sonra Təhmasibin Rəşid adlı dostu ona mahnı sifariş etmiş, sifariş ödənişli olduğundan sifarişə görə 5 manat pul vermişdir. Ümumilikdə mahnı sifarişi 3-5 manat arasında olmuşdur. Lakin internet olmadığından o, mahnını səsləndirə bilməmişdir. Rəşid bir-iki dəfə gəlib getmiş, bundan sonra o, sifariş olunan mahnının yerinə başqa mahnı təklif etmiş, Rəşid də etiraz etməmişdir. Sonra Təhmasib ona yaxınlaşaraq mahnını istəmiş, o da mahnı olmadığını bildirmişdir. Həmin vaxt o, sadəcə olaraq Təhmasibə açıqlı cavab vermiş, ona “bu nədir, 5 manat pula görə biriniz gəlib biriniz gedirsiz” sözlərini demişdir. Bu zaman Təhmasib pulu istəmiş, o, pulu verməyəcəyini demiş, “mən səndən pul almamışam, pulu özü istəsin, özünə verəcəm” cavabını vermişdir. Buna görə aralarında mübahisə yaranmışdır. Həmin vaxt o, 5 manat pulu stolun üstünə qoymuş və Rəşid özü gəlib pulunu götürmüşdür. Təhmasiblə onun arasında mahnıya görə klubun içində mübahisə yarandıqdan onlar birlikdə klubun dəhlizinə çıxmışlar. Dəhlizdə mübahisə davam edərkən Təhmasib ona küçəyə çıxıb heç kəsin olmadığı bir yerdə söhbət etməyi təklif etmişdir. O, Təhmasibgilin iki nəfər olduqlarını, onu döyə biləcəklərini fikirləşib qorxaraq bardan meyvə, limon doğramaq üçün saxladığı bıçağı götürüb şalvarının arxa cibinə qoymuş və Təhmasiblə bayıra çıxmışdır. Lakin Təhmasib tək çıxmış, heç kimə yanlarına gəlməyə icazə verməmişdir. Bir qədər klubdan aralandıqdan sonra o, bıçağı cibindən çıxardıb Təhmasibin boğaz nahiyəsinə tərəf atdım, lakin bıçaq onu kəsməmişdir. O, sadəcə Təhmasibi qorxutmaq istəmiş, Təhmasibin ondan aralanıb qaçıb getməsini gözləmiş, onu vurmaq kimi bir niyyəti olmamışdır. Lakin Təhmasib qaçmamış, əksinə bıçağı ondan alıb əlini qaldıraraq həmin bıçaqla ona bir-iki dəfə zərbə atmış, lakin o özü vurduğu zərbələri dayandırmış, onu vurmaq istəməmiş və bıçaq ona dəyməmişdir. Onlar Təhmasiblə tutaşıb dayanmışlar. Təhmasib ikinci dəfə əlini qaldıraraq bu dəfə həmin bıçaqla onun sinəsinə bir dəfə zərbə endirmişdir. Bıçaq onun sinəsinə batdıqdan sonra o, Təhmasibə «məni vurdun» sözlərini demişdir. Təhmasib onun qarşısında dayanıb durmuş və həmin an o, Təhmasibə bıçağı ona verməyi və çıx getməyi demişdir. Bundan sonra Təhmasib bıçağı ona vermiş, amma çıxıb getməmiş, bilmədiyi kiminsə telefonu ilə zəng etmiş və “ambulans, ambulans” deyə qışqırmağa başlamışdır. Ondan sonra o, Təhmasibi görməmişdir. O, ambulansın, yəni təcili yardım maşınının geç gəldiyini görüb, qanlı köynəklə taksinin onu aparmayacağını fikirləşib klubun içinə girib köynəyini dəyişmiş və tanımadığı taksiyə minib tək olaraq xəstəxanaya getmişdir. Hadisədən sonra Təhmasiblə görüşüb danışmış və onunla barışmışdır. Zərərçəkmiş şəxs daha sonra ifadəsində göstərdi ki, son hadisə baş verərkən onların yanında heç kəs olmamışdır. Mübahisənin başlamasına əsas onun kafenin içərisində olarkən Təhmasiblə acıqlı danışması olmuş, lakin o, həmin vaxt Təhmasibə qarşı nalayiq ifadələr işlətməmiş və onu təhqir etməmişdim. Həmçinin Təhmasibə qarşı üzürxahlıq da etməmişdir. Təhmasib də öz növbəsində ona və ya qeyrilərinə qarşı söyüşlər etməmişdir. Təhmasiblə onun mübahisəsi zamanı kafenin fəaliyyəti pozulmamışdır. Lakin onun bıçaqla vurulması məlum olduqdan sonra kafe fəaliyyətini dayandırmışdır. O, Təhmasiblə barışmış, ona qarşı yeç bir şikayəti və tələbi yoxdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 20 mart 2022-ci il tarixdə dostu, baxılan iş üzrə Təqsirləndirilən şəxs onun evinə qonaq gəlmişdir. Bir qədər evdə oturduqdan sonra gecə saat 24 radələrində Təhmasib dostunun kafesinə gedib çay içməyi təklif etmişdir. Həmin kafenin kimə məxsus olmasını, Təhmasibin dostunun kim olmasını o, bilməmişdir. O, və Təhmasib evdən çıxıb Qara Qarayev prospektində yerləşən «Palermo» adlı kafeyə getmiş, kafedə Təhmasib çay içmiş, o isə az miqdarda pivə sifariş edib içmişdir. «Palermo» kafesində sifarişlər əsasında mahnılar səsləndirilmiş və onlar qulaq asmışlar. Gecə saat 3 radələrində o, mahnı sifariş etmək üçün adını bilmədiyi barmenə – baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yaxınlaşıb ona 5 manat pul verərək hazırda adını unutduğu mahnını sifariş etmişdir. Barmen pulu alsa da, sonradan həmin mahnını səsləndirməmiş, sifariş olunan həmin mahnını tapa bilmədiyini demişdir. O, Ramindən pulunu tələb etmiş, lakin başqa mahnı sifarişi adıyla Ramin pulu qaytarmamışdır. O, Barmenlə söhbət edərkən Təhmasib onlara yaxınlaşmış, onlar hər ikisi Ramindən pulu geri qaytarmağı tələb etmişlər. Təhmasiblə həmin barmen arasında sonuncunun pulu qaytarmaması səbəbilə mübahisələri yaranmış, Təhmasib və Ramin bir kənara çəkilib ikilikdə kafenin girəcəyində olan otaq kimi yerdə söhbət etmişlər. Barda olan işçilər, həmçinin o, Təhmasiblə Raminin yanına getmək istəyərkən onlar ikisi də klubdan çıxıb kənarda söhbət etmək istədiklərini bildirmiş, onlara gəlməmələrini xahiş etmişlər. Raminlə Təhmasib bardan çıxıb aralanmışlar. Təhmasib ona heç kəsin yaxınlaşmamasını xahiş etmiş, təklikdə söhbət edəcəklərini bildirmişdir. O, klubun qarşısında dayanıb Təhmasibi gözləmiş, təxminən 5-10 dəqiqə sonra Təhmasib ona yaxınlaşıb, Raminin onun üstünə bıçaq çıxardığını və onu vurmaq istədiyini demiş, həmin bıçağı Ramindən alıb onu vurduğunu bildirmişdir. Həmin vaxt Təhmasibin telefonu işlək vəziyyətdə olmadığından sonuncu ondan telefonu alıb X3 zəng edib yaralı barədə məlumat vermiş və təcili gəlmələrini tələb etmişdir. Bundan sonra Təhmasib Ramini xəstəxanaya aparmaqdan ötrü taksi axtarmış, lakin onlar taksi tapanadək Ramin özü taksiylə çıxıb xəstəxanaya getmişdir. Bundan sonra onlar da oradan uzaqlaşıb çıxıb getmişlər. Ən nəhayət, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi kı, 2008-ci ildə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 61 ünvanında, «Orbita» ticarət mərkəzinin yerləşdiyi iki mərtəbəli qeyri-yaşayış binasının ikinci mərtəbəsində təxminən 60-70 kv.metr ölçüdə olan «Palermo» adlı kafe-klubu icarəyə götürərək işlətmişdir. Bununla bağlı vergi ödəyicisi kimi Vergi Xidmətindən qeydiyyatdan keçib VÖEN açdırmışdır. Təxminən 2014 və ya 2015-ci ildə qonşusu - baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmin kluba barmen kimi işə götürmüşdir. 2020-ci ildə pandemiya ilə əlaqədar obyekt bağlandığından onlar fəaliyyətini dayandırmış, yalnız 2022-ci ilin mart ayında xüsusi karatntin rejimi qaydaları dəyişdirildikdən sonra Ramin ona həmin klubu özünün götürüb işlətməsinə icazə verməyi təklif etmişdir. O, Raminlə razılaşaraq klubu Raminə vermiş və bir daha klubla maraqlanmamışdır. Ramin klubu təmizləyib 20 mart 2022-ci ildə işə salacağını bildirmişdir. O özü yük daşıma ilə məşqul olduğundan bundan sonra kluba getməmişdir. Şahid qismində dindirilən Şahid1 ifadəsinin davamında göstərdi ki, 21 mart 2022-ci il tarixdə, saat təqribən 04 radələrində Ramin ona zəng edib onu biçaqladıqlarını və buna görə də təcili tibbi yardım avtomobili onu Sabunçu xəstəxanasına apardığını bildirmişdir. O, dərhal xəstaxanaya getmiş və orada Raminin əməliyyat olunduğunu öyrənmişdir. Ramin 4-5 gün reanimasiyada, bir neçə gün isə palatada qaldıqdan sonra evə buraxılmışdır. Raminlə görüşüb söhbət edərkən sonuncu ona tanımadığı şəxslərin kluba gəlib musiqi və pivə sifariş verdiklərini, sifariş verən şəxslərə klubun təzə açıldığını, buna görə musiqi qoya bilməyəcəyini dediyinə görə aralarında mübahisə yarandığını, həmin mübahisə zamanı onun (Raminin) döyüləcəyindən qorxaraq mətbəxdən bıçağı götürüb mübahisə edənlərdən biri ilə küçəyə çıxdığını, küçədə həmin şəxsi bıçağla qorxutmaq istəyərkən bıçağın onun əlindən yerə düşdüyünü və onunla mübahisə edən şəxsin bıçağı götürüb onu həmin bıçağla vurduğunu danışmışdır. Ramini bıçaqla vuran şəxsin adının Təhmasib olması sonradan ona məlum olmuşdur. O, təqsirləndirilən şəxsi əvvəllər görməmiş və onu tanımamış, ilk dəfə hazırkı məhkəmə iclasında görüb tanımışdır. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 21 iyun 2022-ci il tarixli, TS-20 saylı rəyindən görünür ki, tibbi tədqiqat zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədən səthində sol tərəfli hemopnevmotoraksla müşayiət olunan döş qəfəsinin sol yarısının ön səthinin daxilə (sol plevra boşluğuna) nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası aşkar edilmişdir ki, həmin xəsarət deşici-kəsici əşyanın təsirindən törənmişdir, biçaqla törədilməsi inkar olunmur, torənmə müddəti 21 mart 2022-ci il tarixə, yəni hadisə gününə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (iş vərəqə: 127-129). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «götürmə aparılması haqqında» 22 mart 2022-ci il tarixli protokoldan görünür ki, 21 mart 2022-ci il tarixdə, saat 03 radələrində bədən xəsarəti almaqla tibbi yardım üçün X2 müraciət etmiş Zərərçəkmiş şəxs Mərkəzə daxil olan zaman əynində olmuş bir ədəd qırmızı rəngli, qısaqol, üzərində «HİLFİGER» sözləri yazılmış bir ədəd kofta sübut əhəmiyyətli əşya kimi bir ədəd zərfə qablaşdırılmışdır(iş vərəqə: 19). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi kriminalistik ekspertizasının 18 iyul 2022-ci il tarixli, 304/MTKŞ-2022 nömrəli rəyindən görünür ki, tibbi yardım üçün X2 müraciət etmiş Zərərçəkmiş şəxs Mərkəzə daxil olan zaman əynində olmuş bir ədəd qırmızı rəngli, qısaqol, üzərində «HİLFİGER» sözləri yazılmış bir ədəd kofta üzərində zədə aşkar edilməmişdir (iş vərəqə: 130-132). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi bioloji ekspertizasının 01 iyul 2022-ci il tarixli, 367/2022-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus kofta üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Həmin ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız «H»antiqeni alınmışdır. Qeyd olunanlara əsasən ekspertlər belə nəticəyə gəlmişdir ki, belə bir vəziyyətdə həmin qan ləkələri O alfa, beta (İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilməsi mümkündür (iş vərəqə: 133-135). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 28 mart 2022-ci il tarixli, 213 saylı rəyindən görünür ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədən səthində sağ əlin barmağının sıyrığı kimi küt əşyanın təsirindən törənmiş, 22 mart 2022-ci il tarixdə yetirilməsi inkar olunmayan, sağlamlığa zərər vurmayan və dərəcəsi təyin olunmayan xəsarət aşkar edilmişdir. Tədqiq olunan həmin rəydən görünür ki, tibbi tədqiqat zamanı Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunan xəsarəti 22 mart 2022-ci il tarixdə, saat 03 radələrində Ramin adlı şəxslə mübahisə zəminində aldığını göstərmişdir (iş vərəqə: 123, 124-125). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan «Götürmə aparılması haqqında» 27 iyul 2022-ci il tarixli və «Baxış keçirilməsi haqqında» 05 avqust 2022-ci il tarixli protokolların məzmunundan görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı baxılan iş üzrə baş vermiş cinayət hadisəsinin törədildiyi vaxt hadisə yerinin əhatəsində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 58 ünvanında yerləşən ət məhsulları mağazasının qarşısında quraşdırılmış videomüşahidə kameralarından hadisənin qeyd olunduğu videogörüntülər götürülmüş və videogörüntülərin yükləndiyi bir ədəd disk sübut növü kimi cinayət işinin materiallarına əlavə edilmişdir. Tədqiq olunan «Baxış keçirilməsi haqqında» 05 avqust 2022-ci il tarixli protokolldan görünür ki, 1.05 dəqiqə davam edən videofaylda olan videogörüntülərin yükləndiyi diskə baxış keçirilmiş və baxış zamanı iş üzrə Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs yolun kənarında dayanıb söhbət etdikləri, söhbət əsnasında Zərərçəkmiş şəxs şalvarının arxa cibindən bıçaq çıxardaraq həmin bıçağı Təqsirləndirilən şəxs boğazına tutması, Təqsirləndirilən şəxs isə müqavimət göstərməklə həmin bıçağı Zərərçəkmiş şəxs alıb həmin bıçaqla Zərərçəkmiş şəxs sinəsinə zərbə endirdiyi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduqdan sonra həmin bıçağı Zərərçəkmiş şəxs qaytardığı və hadisə yerindən uzaqlaşdığı müəyyən edilmişdir (iş vərəqə: 110-116). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının «sübutların qiymətləndirilməsi haqqında» 01 dekabr 2022-ci il tarixli qərarından görünür ki, məhkəmə baxışı zamanı tədqiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tibbi yardıma müraciət edən zaman əynində olmaqla ekspertiza tədqiqatının obyekti olmuş bir ədəd «kofta» və Qara Qarayev prospekti 58 ünvanında yerləşən ət məhsulları mağazasının qarşısında quraşdırılmış video müşahidə kamerasından götürülmüş cinayət hadisəsinin ehtiva olunduğu video görüntülərin yükləndiyi bir ədəd disk iş üzrə maddi sübut qismində tanınmışdır. İş üzrə ittiham aktına əlavə olunan arayışdan görünür ki, cinayət işi üzrə maddi sübut olaraq tanınmış hadisənin videogörüntülərinin yükləndiyi bir ədəd disk cinayət işinin materiallarına əlavə edilmiş, bir ədəd zərfə qablaşdırılmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd kofta saxlanılmasından ötrü Bakı şəhəri Səbail RPİ-nə təhvil verilmişdir (iş vərəqə: 160-168, 208). Cinayət işində olan materiallarla müəyyən edilmişdir ki, keçirilmiş əməliyyat-istintaq tədbirlərinə baxmayaraq cinayətin aləti olmuş bıçağın olduğu yer müəyyən edilməmiş, ətrafında tədqiqat aparılmamış, maddi sübut kimi tanınıb iş materiallarına əlavə olunmamışdır (iş vərəqə: 42). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etmiş, özünün müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 90). Həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı ərizə ilə müraciət edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsyla barışdığını, ona dəymiş maddi və mənəvi zərərin sonuncu tərəfindən ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir (iş vərəqə: 73; iş materialları). Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsini zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən ona qarşı edilmiş qanunsuz hərəkətlərin təsiri nəticəsində törətmişdir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, ilk olaraq zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə sonuncunun dostu tərəfindən 5 manat pul müqabilində edilmiş müsiqi sifarişinin zərər çəkmiş şəxs tərəfindən icra olunmaması, həmin pul məbləğinin təqsirləndirilən şəxs tərəfindən geri tələb olunması mərhələsində zərər çəkmiş şəxsin ona qarşı kobud davranışı, yəni zərər çəkmiş şəxsin təşəbbüsü ilə yaranmış, cinayət hadisəsinin baş verməsinə səbəb isə mübahisələrin kulminasiya nöqtəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iş yerindən götürdüyü bıçağı çıxırıb Təqsirləndirilən şəxs boğaz nahiyyəsinə dirəməsi olmuşdur. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs hadisədən 3 gün sonra - 24 mart 2022-ci il tarixdə, saat 19:10-da Bakı şəhəri Nizami RPİyə könüllü gəlib təqsirini boynuna almış və könüllü gəlmə ilə bağlı təqsirləndirilən şəxsin hərəkəti müstəntiq tərəfindən həmin gün protokollaşdırılmışdır (iş vərəqə: 24). İşdə olan, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Eyvazlılar kənd ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 iyul 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: 91). Qeyd olunanlara əsasən məhkəmə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını, onun sonuncuya qarşı şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxs tərəfindən yetirilmiş maddi və mənəvi zərərin ödənildiyini, Təqsirləndirilən şəxs hadisədən sonra könüllü olaraq gəlib təqsirini boynuna almasını, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini Azərbaycan Respublikası CM-nin 59.1.8-ci, 59.1.9-cu, 59.1.12-ci və 59.1.13-cü maddəsinə, təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmadığını və yaşayış yeri üzrə müsbət xarakteriza olunduğunu həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə, barəsində cəzanı yüngülləşdirən halları nəzərə almaqla Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə, cəza təyinetmənin ümumi prinsiplərinə uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunacağı nəzərə alınmalı və o, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli məhkəmə hökmünün çxarıldığı tarixdən – 02 mart 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs könüllü gəldiyi gün – 24 mart 2022-ci il tarixdə baxılan iş üzrə törədilmiş cinayətə görə şübhəli şəxs qismində tutulmuş, 26 mart 2022-ci il tarixdə Nizami rayon prokurorunun təqdimatına əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin eyni tarixli qərparı ilə ev dustağlığı qətimkan tədbiri seçilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustağlığı qətimkan tədbirinin müddəti 21 yanvar 2023-cü il tarixədək uzadılmışdır. Ən nəhayət, cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olduvqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli hazırlıq iclasının qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Lakin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı mərhələsində “ev dustaqlığı” qətimkan tədbiri altında olarkən Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsində istintaq olunan başqa cinayət işi üzrə 08 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və bundan sonra həmin iş üzrə Nizami Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli qərarına əsasən barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablanmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 24 mart 2022-ci il tarixdə tutulub 26 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı iki gün və 26 mart 2022-ci il tarixdən 08 fevral 2023-cü il tarixədək, yəni Bakı şəhəri Nizami RPİ-nin İstintaq Şöbəsində istintaq olunan başqa cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 08 fevral 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 10 (on) ay 18 (on səkkiz) gün – cəmi 10 (on) ay 20 (iyirmi) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı, cəza çəkməsi üçün üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalı, həmçinin həbsdə və ev dustaqlığında saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinin tələblərinə görə şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində baxılan iş üzrə seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri sonuncunun Bakı şəhəri, Nizami RPİ-nin İstintaq Şöbəsində istintaq olunan başqa cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 08 fevral 2023-cü il tarixədən qüvvədən düşmüş hesab olunmalı, təqsirləndirilən şəxsin barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi nəzərdə tutulduğundan, hökmün icrasını təmin etmək məqsədilə hökm çıxarılarkən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 24 mart 2022-ci il tarixdən başlayaraq 08 fevral 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı bütün müddət ona təyin olunan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunmalıdır: - Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 58 ünvanında yerləşən ət məhsulları mağazasının qarşısında quraşdırılmış video müşahidə kamerasından götürülmüş cinayət hadisəsinin ehtiva olunduğu video görüntülərin yükləndiyi bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalı; - Bakı şəhəri, Səbail RPİ-də saxlanılan, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Bakı şəhəri, X2 daxil olarkən əynində olmuş bir ədəd qırmızı rəngli, qısaqol, üzərində «HİLFİGER» sözləri yazılmış bir ədəd kofta təyinatını itirdiyindən məhv edilməlidir. İş üzrə qanunla müəyyən edilmiş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, ekspertiza xərcləri müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 26 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün və 26 mart 2022-ci il tarixdən 08 fevral 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri altında saxlanıldığı 10 (on) ay 18 (on səkkiz) gün – cəmi 10 (on) ay 20 (iyirmi) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hökmün çıxarıldığı 02 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin olunan cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alanadək həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 58 ünvanında yerləşən ət məhsulları mağazasının qarşısında quraşdırılmış video müşahidə kamerasından götürülmüş cinayət hadisəsinin ehtiva olunduğu video görüntülərin yükləndiyi bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın; - Bakı şəhəri, Səbail RPİ-də saxlanılan, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Bakı şəhəri, X2 daxil olarkən əynində olmuş qırmızı rəngli, qısaqol, üzərində «HİLFİGER» sözləri yazılmış bir ədəd kofta təyinatını itirdiyindən məhv edilsin. İş üzrə qanunla müəyyən edilmiş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır, ekspertiza xərcləri müəyyən edilməmişdir. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-712/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-712/2023
02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver