Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-713/2021 04.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi, məsləhətçi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 2020-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri Binəqədi rayonu Şamaxinka adlanan yerdən şəxsiyyəti istintaqa məlum olmayan “Məhəmməd” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 40,950 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 16 mart 2020-ci il tarixdə saat 20:00 radələrində ünvan 2 ünvanın qarşısında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat tədbirləri nəticəsində saxlanılaraq BNMİ-nin inzibati binasına aparılmış və orada üzərinə keçirilən baxış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülümüş kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 40,950 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, həbs olunan gün dörd saata yaxın polis əməkdaşları onu nevində axtarış aparmışlar və evdən heç nə aşkar edilməmişdir. Daha sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar, gecəni orada keçirmiş, səhər gün ona Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə aparmışlar. Hadisəni Nizami rayon prokuroru araşdırmış və hadisənin həqiqətə uyğun olmadığını görüb onun işinə xitam verilmiş və həbsdən azad edilmişdir. O, sonuncu dəfə narkotik vasitədən 2007-ci ildə istifadə etmiş, o vaxtdan uşaqlarına söz verdiyi üçün narkotik vasitədən istifadə etməmişdir. Nizami rayon Polis İdarəsində üzərinə axtarış keçirilən zaman da üzərindən heç nə çıxmamışdır. Daha sonra barəsində olan cinayət işini Səbail rayon Polis İdarəsinə onun xəbəri olmadan vermişlər. Əvvəllər başqa cinayət əməlinə görə barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyinə görə çölə çıxmadığı üçün barəsində yeni cinayət işinin açılmasından xəbəri olmamışdır. Bundan başqa bildirmişdir ki, çəkilişdə gödəkçəsinin sağ cibindən ona aid olmayan qəhvəyi rəngdə quma oxşar maddə çıxmışdır. İbtidai istintaq zamanı psixoloji təsir altında olduğundan həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi aşağıdakı sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə Mühüm İşlər Üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri Nizami rayonu ərazisində narkotik vasitə olan heroini üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatına əsasən, əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və ondan, BNMİ-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 16 mart 2020-ci il tarixdə saat təxminən 20 radələrində ünvan 5 ünvanın qarşısında saxlayaraq özlərini təqdim edib birlikdə BNMİ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs imtina etmədən onlarla Baş İdarəyə getmişdir. Baş İdarədə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə etməsində, qəbulunda və üzərində daşımasında şübhəli olduğunu izah etdikdən sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş və onun üzərinə həmin tarixdə saat 21:00-da videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilmədən əvvəl N. Məmmədova təklif olunmuşdur ki, üzərində olan hər hansı qanunsuz əşya varsa, könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellafon bükümdə narkotik vasitə heroinə oxşar maddə və əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd elektron tərəzini təqdim etmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd “Nokia” markalı, 01 ədəd “Samsung” markalı mobil telefonlar və 18 manat nəğd pul akşar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs demişdir ki, üzərindən aşkar olunan maddə narkotik vasitə heroindir, həmin heroini tutulmamışdan qabaq təxminən mart ayının əvvəllərində Şamaxinka adlanan yerdə anket məlumatlarını bilmədiyi «İranlı» kimi tanıdığı «Məhəmməd» adlı şəxsdən 350 manat müqabilində almışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan büküm qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş və tərtib olunan protokol ucadan oxunduqdan sonra hər bir iştirakçı tərəfindən imza olunmuşdur. Bundan başqa, Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən, Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilərkən, eləcə də Baş idarədə ona heç bir fiziki və ya psixi təzyiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat-müvəkkilləri vəzifəsində işləyən Şahid2 və Şahid3 da Şahid1 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2016-ci ilin avqust ayında iki az yaşlı övladı ilə birlikdə Bakı şəhərinə köçmüş və uşaqlarını dolandırmaq üçün Bakı şəhərində olan müxtəlif restoranlarda «ofisiant» kimi işləmişdir. Təxminən 2 ilə yaxındır o, rəfiqəsi Aynur ilə birlikdə narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayında rəfiqəsi Aynurun vasitəsi ilə tanımışdır. O, 2020-ci ilin fevral-mart aylarında rəfiqəsi Aynurla birlikdə Nazimin yaşadığı Bakı şəhəri Nizami rayonu R.Rüstəmov küçəsində yerləşən evinə gedib Aynurla birlikdə Nazimə 20 manat pul vermiş və Nazim həmin pulun müqabilində onlara narkotik vasitə vermişdir. Onlar Nazimin evində həmin narkotik vasitənin bir hissəsini istifadə etmişlər, digər hissəni isə özləri ilə götürüb yaşadığı evə getmişlər. Hazırda narkotik vasitələrdən istifadə etmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, təxminən bir il yarımdır «şüşə» kimi tanınan narkotik vasitədən istifadə etmiş, lakin 2020-ci ilin iyul ayının ortalarında narkotik vasitələrdən istifadə etməyi tərgitmiş və müalicə almışdır. Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməyə başladığı zaman tanımışdır. Belə ki, Nazim ilə onun atası X4 əsgərlik yoldaşı olmuşlar və bir-biriləri ilə mütəmadi əlaqə saxlamışlar. Atasının vasitəsi ilə də onun Təqsirləndirilən şəxs ilə münasibəti olmuşdur. Bir müddət sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu öyrənmiş və sonuncudan şəxsi istifadəsi üçün müxtəlif zamanlarda Təqsirləndirilən şəxs evinin yaxınlığında yerləşən məhəllədə görüşüb 5-10 manat pul ödəyərək, «kakos» və ya «şüşə» kimi tanınan narkotik vasitələri alıb özü istifadə etmişdir. O, Təqsirləndirilən şəxs başqa vaxtlarda da tanımadığı şəxslərlə göürüşüb həmin şəxslərə də narkotik vasitələr satdığını görmüşdür. 2020-ci ilin iyul ayının ortalarından etibarən narkotik vasitələrin istifadəsini dayandırdığına görə artıq Təqsirləndirilən şəxs ilə arasında olan əlaqəni də kəsmiş və sonuncu ilə görüşməmişdir. O, sonuncu dəfə 2020-ci ilin mart və ya aprel ayında, yəni yaz aylarında özünün şəxsi mobil telefonu olmadığına görə anası Anjelika İsayevaya məxsus 050 ******* mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək narkotik vasitə almaq istədiyini deyib, Təqsirləndirilən şəxsla həmin günü onun yaşadığı Bakı şəhəri Nizami rayonu Rüstəm Rüstəmov küçəsində yerləşən evnin məhəlləsində görüşmüş və sonuncuya 10 manat pul verib narkotik vasitə almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami rayonu 57 saylı Mənzil Kommunal İstismar Sahəsində mühasib işləyir, Təqsirləndirilən şəxs şəxsən tanımır və sonuncu ilə heç vaxt münasibəti olmamışdır. +**********10 mobil telefon nömrəsi təxminən 10-12 ildir ona məxsus olmaqla, istifadəçisi hər zaman özü olmuşdur, telefonu konkret olaraq istifadə üçün kiməsə verməmişdir. Həmin telefon nömrəsi ona məxsus olsa da, o, şəxsən Təqsirləndirilən şəxs adlı şəxsi tanımır və həmin şəxslə heç vaxt telefon əlaqəsi saxlamamışdır. Digər bir tərəfdən də, o, Nizami rayonu ərazisində yerləşən 57 saylı MKİS-də işlədiyinə görə çox böyük ehtimalla Təqsirləndirilən şəxs adlı şəxs də digər sakinlər kimi ona işlə bağlı zəng etmiş ola bilərdi, lakin onun həmin şəxslə heç bir münasibəti yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 1997- 1998-ci illərdən tanışdır. Belə ki, Təqsirləndirilən şəxs onun bacısının həyat yoldaşı olmuşdur. Təxminən 5- 6 il əvvəl Nazim ilə bacısı ayrılmışlar və bacısı öz övladları ilə onun yanında yaşayır. Bacısıgilin bütün maddi və mənəvi təminatlarını özü təmin edir. Təqsirləndirilən şəxs tərəfindən heç vaxt ailəsi və övladlarına maddi-mənəvi dəstək və ya yardım göstərilməmişdir. Belə ki, o, bir neçə il əvvəl şəxsən özü görməsə də, hər ikisini tanıyan şəxslərdən Nazimin narkotik vasitələrin aludəçisi olması barədə məlumat almış, həmçinin Nazim bir müddət həbs edilmiş və ona görə də, bacısını və bacısının övladlarım Nazimdən qorumaq üçün öz evinə aparıb saxlamağa başlamışdır. Bundan əlavə, “+**********70” mobil telefon nömrəsi onun uşaqlıq dostu X1 adına rəsmiləşdirilsə də, nömrəni ilk gündən özü almış və 2008-ci ildən telefon nömrəsini tək özü istifadə etmişdir. Pərviz Babayevin həmin telefon nömrəsi ilə əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs uzun müddətdən sonra, yəni təxminən 2020-ci ilin mart ayında ona məxsus telefon nömrəsinə zəng edərək, ailəsi və övladları ilə görüşmək istədiyini bildirmiş, lakin o, Təqsirləndirilən şəxs hələ də narkotik vasitə aludəçisi olmasından ehtiyat edərək ailəsi və övladları ilə görüşməyə icazə verməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ilə heç bir münasibəti, telefon əlaqəsi və ya şəxsi görüşü olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizanın 6/214 saylı, 17 mart 2020- ci il tarixli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs aşkar edilmiş...» əl yazıları və AR DİN «Zərflər üçün № 7» möhür əksi olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 40.950 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmin zərfdəki elektron tərəzinin səthində heroinə məxsus izlər müəyyən edildi. Heroin «Azərbaycan Respublikası-nın ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizanın 1542 saylı, 10 iyun 2020-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi onun ibtidai istintaq zamanı verdiyi ifadələri, eləcə də tədqiq edilmiş digər mötəbər sübutların məcmusu ilə təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 18 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək təqsirləndirilən şəxs qismində həmin tarixdə, eləcə də 17 mart 2020-cu il tarixdə şübhəli şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, təxminən 3-4 ildir bədənində olan ağrılara görə narkotik vasitə olan heroini inyeksiya vasitəsi ilə istifadə edir, narkotik vasitəni əsasən «Şamaxinka» adlanan yerdə anket məlumatlarınıbilmədiyi «Məhəmməd» adlı şəxsdən alır. Sonuncu dəfə Məhəmmədlə 2020-ci ilin mart ayının əvvəllərində «Şamaxinka» adlanan ərazidə görüşmüş, ona 350 manat pul verib təxminən 41 qram narkotik vasitə heroin almışdır. O, həmin narkotik vasitəni cibinə qoymuş və daim üzərində gəzidirmişdir. Həmçinin cibində narkotik vasitəni istifadə etməzdən əvvəl ölçmək üçün tərəzi də olmuşdur. O, aldığı narkotik vasitəni bir neçə dəfə istifadə etmişdir. Sonuncu dəfə o, 16 mart 2020-ci il tarixdə saat 20 radələrində yaşadığı binanın həyətində olan zaman 2 nəfər əvvəllər tanımadığı mülki geyimdə şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib vəsiqələrini göstərmişlər, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyərək Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş və birlikdə qeyd edilən İdarəyə getmişdir. Həmin idarədə xidməti otaqlardan birində ona hüquqları izah edilmiş, bundan sonra müdafıəşi dəvət edilmiş və üzərində olan qanunsuz əşya və maddələri təqdim etməsi təklif edilmişdir. O, polis əməkdaşlarının təklifi ilə razılaşmış və əynində olan qara şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə öz istifadəsi üçün aldığı narkotik vasitə heroini çıxardıb təqdim etmişdir. Bundan sonra əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd elektron tərəzini təqdim etmişdir. Sorğu zamanı ondan həmin maddənin nə olduğu soruşulmuş, o, həmin maddənin narkotik vasitə olan heroin olduğunu və öz istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Bundan sonra onun təqdim etdiyi narkotik vasitə və tərəzi zərfə qoyularaq qablaşdırılmış və o, zərfi imzalamışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroindən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamır. Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılan vaxt və üzərinə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq olmamışdır. O, özü könüllü olaraq narkotik maddəni çıxarıb təqdim etmişdir. O, narkotik vasitə olan heroini ona satan «Məhəmməd» adlı şəxsi tanımamış, sonuncunun anket məlumatları barədə heç bir məlumatı olmamış, mobil telefon nömrəsini bilməmiş və heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs 21 may 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən də yuxarıda qeyd olunan ifadələri bir daha təsdiq etmişir. Bundan başqa məhkəmə baxışı zamanı iş materiallarında olan bir ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, görüntülər 16 mart 2021-ci il tarixdə, saat 21:00-da qeydə alınmışdır. X3 Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytenantı Vüsal Həsənquliyevin, Xüsusilə Mühüm İşlər Üzrə baş əməliyyat müvəkkili Şahid1, əməliyyat müvəkkili Şahid3 və Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkili Səyyarə Əliyevanın iştirakı ilə Təqsirləndirilən şəxs hüquqları izah olunduqdan sonra üzərində qanunla dövriyyəsi qadağan olunmuş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədləri könüllü verməsi təklif olunur. Sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə, həmçinin əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd elektron tərəzi, daha sonra gödəkçənin sağ yan cibindən 01 ədəd «Nokia» markalı, 01 ədəd «Samsung» markalı mobil telefonlar aşkar olunaraq götürülür, 18 manat məbləğdə nağd pul onun şəxsi vəsaiti olduğuna görə özünə geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Aağaverdi oğlunun narkotik vasitəni şəxsi istifadə məqsədi əldə etməsi ilə bağlı ibtidai istintaq zamanı vermiş olduğu, habelə məhkəmədə verdiyi ifadəsi özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və həmin məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət işinin 327-332-ci vərəqlərində olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hökm çıxarıldığı tarixə qədər həbsdə saxlanıldığı müddət 01 (ay) 19 (on doqquz) gün nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq, həmin hökm qanuni qüvvəyə minədək yenidən qəsdən ağır cinayət törətmişdir. Bakı şəhər Probasiya İdarəsinin 30 iyun 2021-ci il tarixli, 21-1/3-3833-11 saylı məktubundan görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli hökmü 04 may 2020-ci il tarixdə nizami rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və Təqsirləndirilən şəxs ona təyin olunmuş 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1 və 66.3-cü maddələrinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 fevral 2012-ci il tarixli qərarından görünür ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Belə olan halda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 mart 2020ci il tarixli hökmü qanuni qüvvəyə minənədək olan dövrdə yenidən cinayət törətdiyinə görə ona cinayətlərin məcmusu qaydasında, yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza əvvəlki hökmlə təyin olunmuş cəza ilə qismən toplamaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 16.03.2020-ci il tarixdən 18.03.2020-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 2 gün, habelə qətimkan tədbiri şərtlərini pozduğu üçün 21 may 2020-ci il tarixdə tutulduğu 1 gün, ümumilikdə 3 gün müddət cəza müddətinə hesablanmalı, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutularaq müəyyən edilən 1 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 06 (altı) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Səbail rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 40,900 qram narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi məhv edilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 16 mart 2020-ci il tarixdən 18 mart 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və qətimkan tədbiri şərtlərini pozduğu üçün 21 may 2020-ci il tarixdə tutulduğu 01 (bir) gün, ümumilikdə 03 (üç) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 06 (altı) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutularaq müəyyən edilən 1 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 06 (altı) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Səbail rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 40,900 qram narkotik vasitə olan heroin, bir ədəd elektron tərəzi məhv edilsin. Cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində ekspertiz axərci məhkəmə məsrəfi kimi tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-713/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-713/2021
04.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver