Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-713/2023 27.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Səbuhi Sabir oğlu Hüseynovdan və Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1971-ci il avqustun 05-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, məhkumluğu olmayan, deməsinə görə avtodayanacaqda qeyri-rəsmi olaraq işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2022-ci il sentyabrın 08-də saat 13:50-də ünvan 3 ünvanının yaxınlığında saxlanaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə 3,830 qram təmiz çəkidə külli miqdar təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd bükümdə ayrı-ayrılıqda 1,352 qram və 9,804 qram, ümumilikdə 11,156 qram təmiz çəkidə külli miqdar təşkil edən ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilməklə götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitələr və psixotrop maddələr əldə edib qəbul etmişdir. 2022-ci il sentyabrın 08-də saat 13:50-də yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 50 ünvanının qarşısında olan vaxt iki nəfər mülki geyimli şəxs yaxınlaşmaqla saxlayaraq onun evinə daxil olub ətrafı dağıtmış və onu Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə aparmışdır. Tutularkən üzərində ancaq bir qram narkotik vasitə heroin olmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı tətbiq olunan təzyiq nəticəsində o, ittiham edildiyi maddələrin ona məxsus olduğunu bildirməklə sənədlərə qol çəkmiş, lakin bu barədə heç bir rəsmi orqana müraciət etməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis kapitanı rütbəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid1 ifadəsində göstərdi ki, 2022-ci il sentyabrın 08-də Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib Bakı şəhəri Yasamal rayonunun ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün ondan və idarənin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradıldıqda həmin gün saat 13:50-də Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 50 ünvanının yaxınlığında onlar piyada hərəkətdə olan zahiri görünüşünə görə Təqsirləndirilən şəxs oxşar şəxsi saxlamaqla şəxsiyyətini dəqiqləşdirdikdən sonra qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhələnildiyini bildirib sonuncunu Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə dəvət etmişlər. Orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən sonuncunun paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilməklə narkotik vasitələri, dövriyyəsi qadağan olunan, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunanda saxlanan şəxs əynindəki göy rəngli şalvarın sol yan cibindən dörd manat məbləğində pulu və bir ədəd “Nokia” markalı mobil telefonu, sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə, iki bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələri və bir ədəd elektron tərəzini çıxararaq təqdim edib bükümlərdəki narkotik maddələri və psixotrop vasitələri Bakı şəhəri Yasamal rayonunun ərazisində Ruslan adlı şəxsdən satmaqla pul qazanmaq məqsədi ilə əldə etdiyini, heroinin və metamfetaminin hər birinin qramını 20 manata alaraq 25 manata satdığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona zor tədbiq olunmadığını bildirmişdir. İş üzrə əhəmiyyət kəsb edən mobil telefon götürülmüş, dörd manat pul Təqsirləndirilən şəxs qaytarılmışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis kapitanı olmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə analoji ifadə verdi. Məhkəmə iclasında elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaqdakı izahatında, şübhəli və təqsirləndirilən şəxslər qismində dindirilərkən ifadələrində 2022-ci il sentyabrın 08-də səhər radələrində Bakı şəhəri Yasamal rayonunun ərazisində Ruslan adlı şəxsdən satış məqsədi ilə narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin hər birinin bir qramını 20 manata alıb 25 manata satmaq istədiyini, göstərilən tarixdə saat 13:50-də yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 50 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimli şəxsin ona yaxınlaşmaqla özlərini polis əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə dəvət etdiyini, orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli şalvarın sol yan cibindən dörd manat pulu və bir ədəd “Nokia” markalı mobil telefonu, sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini, iki ədəd bükümdə psixotrop maddə metamfetaminini və bir ədəd elektron tərəzini çıxarıb təqdim etməklə narkotik vasitəni və psixotrop maddəni Bakı şəhəri Yasamal rayonunun ərazisində Ruslan adlı şəxsdən satış məqsədi ilə əldə etdiyini, heroinin və metamfetaminin hər bir qramını 20 manata alaraq 25 manata satmasını bildirdiyini, aşkarlanan bükümlərin qablaşdırılıb üzərinin onun və digər iştirakçılar tərəfindən imzalandığını, mobil telefonun götürülüb dörd manat pulun ona qaytarıldığını, polis əməkdaşları tərəfindən ona heç bir zor tədbiq olunmadığını göstərmişdir (1-ci cild, iş vərəqi 34-35, 48-51 və 60-63). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2022-ci il 08 sentyabr tarixli raportlarından, eyni tarixli Ə290-008-22 №-li əməliyyat qrupunun yaradılması haqqında əmrindən, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2022-ci il 09 sentyabr tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Yasamal rayonunun ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, adı çəkilən şəxs 2022-ci il sentyabrın 08-də saat 13:50-də Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 50 ünvanının yaxınlığında saxlanmaqla Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirilmiş, məhkəmə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı qanuni hesab etmişdir (1-ci cild, iş vərəqi 4-7, 10 və 46). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2022-ci il sentyabrın 08-də tərtib etdiyi protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:50-də Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə sonuncunun arvadı X2 məlumat verilmiş, protokola əlavə və qeydlər daxil olmamışdır (1-ci cild, iş vərəqi 22). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin tərtib etdiyi 2022-ci il 08 sentyabr tarixli və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 12 sentyabr tarixli protokollardan görünür ki, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan vaxt sonuncu tam sərbəst şəkildə əynində olan göy rəngli şalvarın sol yan cibindən dörd manat pulu və bir ədəd «Nokia» markalı mobil telefonu, sağ yan cibindən üç ədəd bükümü və bir ədəd elektron tərəzini çıxarıb təqdim etməklə bir bükümdəki narkotik vasitə heroini və iki bükümdəki psixotrop maddə metamfetamini hər bir qramını 20 manata Bakı şəhəri Yasamal rayonunun ərazisində Ruslan adlı şəxsdən almaqla pul qazanmaqdan ötrü 25 manata satdığını, şəxsi axtarışdan əvvəl üzərinin yoxlanılmadığını, polis əməkdaşları tərəfindən ona heç bir zor tətbiq edilmədiyini, başqa haradasa narkotik maddə saxlamadığını bildirmiş, dörd manat Təqsirləndirilən şəxs qaytarılmaqla digər aşkarlananlar götürülmüş, tərtib edilən protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiqlənmiş, heç bir şikayət, təklif və protokola qeydlər daxil olmamış, cinayət işinin materiallarına əlavə edilən bir ədəd DVD-R diskinə baxış keçirilərkən qeyd olunanlar müəyyənləşdirilmişdir (1-ci cild, iş vərəqi 31-33 və 79-80). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2022-ci il 09 sentyabr tarixli 6/4907 №-li rəyindən görünür ki, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7» dairəvi möhür əksi olan, «Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən....» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 3,830 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,352 qram və 9,804 qram, ümumi təmiz çəkisi 11,156 qram ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd elektron tərəzidə narkotik vasitə heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamışdır və digər bir ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 3,780 qram və 11,056 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 65 manatdır (1-ci cild, iş vərəqi 40-42). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 10 sentyabr tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (1-ci cild, iş vərəqi 52-53). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2022-ci il 10 sentyabr tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2022-ci il sentyabrın 08-dən, saat 13:50-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmiş, sonuncu ittiham edildiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə özünü təqsirli bilməsini, şübhəli şəxs qismində saxlanarkən heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamasını və iş materialları ilə tanış olmasını bildirmişdir (1ci cild, iş vərəqi 76-78). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il sentyabrın 17-də tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2013-cü il 29 noyabr hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur (1-ci cild, iş vərəqi 88-89). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 2022-ci il 20 sentyabr tarixli 091-7816-122 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapsa da əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır (1-ci cild, iş vərəqi 90). İş materiallarında olan «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 28 sentyabr tarixli 19213 №-li və «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 30 sentyabr tarixli BKC/LGL-13803/22 №-li məktublarından görünür ki, ***-***-**-** saylı mobil nömrə şəbəkələrində istifadə olunmamışdır (1-ci cild, iş vərəqi 94 və 96). İş materiallarındakı Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 13 dekabr tarixli protokoldan görünür ki, «Azerfon» məhdud məsuliyyətli cəmiyyətinin 2022-ci il 01 dekabr tarixli AZF/LGL-17687/22 №-li №-li məktubu ilə daxil olan bir ədəd CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən müxtəlif vaxtlarda aparılan danışıqlarda və SMS-lərdə iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkarlanmamışdır (1-ci cild, iş vərəqi 100- 102). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2022-ci il 05 dekabr tarixli 7357 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmaqla məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild, iş vərəqi 103-104). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəmə psixiatrik 2022-ci il 19 dekabr tarixli 3379 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar edilməmiş, sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur (1-ci cild, iş vərəqi 106-107). İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 20 dekabr tarixli toplanmış sübutların qiymətləndirilməsinə dair, eyni tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 234-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndi tətbiq olunmamış, Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədi ilə hazırki cinayət işindən Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış, maddi sübut kimi tanınmaqla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 3,780 qram və 11,056 qram çəkidə qalıqlarının, habelə bir ədəd tərəzinin saxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Polis Şöbəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, maddi sübut kimi tanınan bir ədəd DVD-R və bir ədəd CD disklərinin cinayət işinin materillarına əlavə olunması nəzərə alınmışdır (1-ci cild, iş vərəqi 108-116 və 118-119). Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlar ilə təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təzyiq göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrini psixi təzyiq altında verməsi barədə ifadəsinə qiymət verməklə hesab edir ki, bu, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadələrin təzyiq tətbiq edilməsi ilə alınmasına dair iddialardan və sonuncunun öz maraqlarına əsaslanıb vəziyyətini yüngülləşdirməyə çalışmasından irəli gələn dəlillərindən ibarətdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin həmin Məcəllənin 237-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici, şahidlərin ifadələri, məhkəmə iclasında elan edilərək tədqiq olunan ibtidai araşdırmadakı Təqsirləndirilən şəxs izahatı, şübhəli və təqsirləndirilən şəxs qismindəki etirafedici ifadələri, maddi sübutun mövcudluğu, axtarış, baxış və digər istintaq hərəkətləri protokolları, ekspert rəyi, eləcə də iş üzrə başqa mötəbər sübutlar ilə tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etməmişdir. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2013-cü il 29 noyabr hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 83.3.3.-cü maddəsinə müvafiq olaraq, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının CM-nin 18.4.3.-cü maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Yasamal Rayon Polis Şöbəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 3,780 qram və 11,056 qram çəkidə qalıqları, habelə bir ədəd tərəzi məhv edilməli, bir ədəd DVD- R və bir ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 65 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 26 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 156 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2022-ci il sentyabrın 08-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2022-ci il sentyabrın 08-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. 65 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 156 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Yasamal Rayon Polis Şöbəsinin maddi sübutları saxlama kamerasına təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 3,780 qram və 11,056 qram çəkidə qalıqları, habelə bir ədəd tərəzi məhv edilsin, bir ədəd DVD-R və bir ədəd CD disklərinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Səbuhi Hüseynov Əhməd Quliyev
Məhkəmə qərarları › İş №1(101)-713/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-713/2023
27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver