Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-714/2023 30.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 15:05-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. 2.Belə ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2022-ci il tarixdə saat 12:00 radələrində Yasamal rayonu, “Şamaxinka” adlanan yerdə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 2,084 qram, yəni külli miqdarda narkotik vasitə olan heroini 10 manat pul müqabilində 01 ədəd şəffaf rəngli sellofan bükümdə alıb əldə edərək üzərində saxlamaqla daşımış, həmin gün saat 16:10-da Yasamal RPİ-nin 29cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün həmin polis şöbəsinə aparılıb üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan boz rəngli idman şalvarının sağ cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 2,084 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, Vasif Əliyev küçəsində qapılarından çıxan kimi pollislər tərəfindən saxlanılaraq 29-cu Polis Bölməsinə aparılmışdır. Bölmədə üzərindən yarım qram mal çıxmış, o da 234.1-ci maddə ilə təqsirləndirilməsinə qol çəkmişdir. Onda yalnız yarım qram heroin olmuşdur ki, həmin heroini 10 manata “Şamaxinka” ərazisindən almışdır. Sonradan polislər tərəfindən cibinə narkotik qoyulmuş, video çəkiliş aparılmışdır. Video çəkiliş zamanı üzərindən çıxan narkotik onun olmamışdır. Polislər ona fərqi olmadığını, 234.1-ci maddə ilə təqsirləndiriləcəyini bildirdikləri üçün sənədləri imzalamışdır. Polislər tərəfindən ona qarşı heç bir təzyiq olmamışdır. Qollarında olan xəsarəti daha öncə özü-özünə yetirmişdir. O, 18 avqust 2018-ci ildə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. 4.Məhkəmə iclas zalında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilində sərbəst danışa, həmin dildə latın qrafikası ilə sərbəst yazıb oxuya bilir. Fiziki və psixi cəhətdən tam sağlamdır. Təxminən 8- 10 ildən əvvəl narkotik vasitə heroindən istifadə etmişdir. Sonradan həm narkotik vasitədən istifadə etdiyi üçün, həm də xuliqanlıq və oğurluq etdiyi üçün məhkum olunmuşdur. Azadlığa çıxdıqdan sonra narkotik vasitədən istifadə etmirmiş. Son aylarda yenidən narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. 01 oktyabr 2022-ci il tarixdə səhər saatlarında narkotik vasitə heroin almaq qərarına gəlmişdir. Saat təxminən 12 radələrində Yasamal rayonu, “Şamaxinka” adlanan yerə getmiş və tanımadığı şəxsdən 10 manat müqabilində 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içində narkotik vasitə olan heroin almışdır. Həmin narkotik vasitəni əynində olan boz rəngli idman şalvarının sağ cibinə qoyaraq gizlətmişdir. Sonra həmin yerdə olan çayxanaların birində oturub çay içmişdir. Günorta saatlarında yaşadığı evə gəlmişdir. Saat təxminən 15:00 radələrində evdən çıxmış və gəzmişdir. Saat 16:10 radələrində Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi 103 ünvanının qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmiş və bildirmişlər ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşlarıdır. Ona narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduğunu bildirib Yasamal RPİ-nin 29cu PŞ-yə dəvət etmişlər. O etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 29-cu PŞ-nin inzibati binasına getmişdir. 29-cu Polis Şöbəsində ona hüquq və vəzifələri izah olunmuş, təqdim edilən siyahıda özünün seçdiyi vəkil 29-cu PŞ-yə dəvət edilərək ona təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən polis əməkdaşları, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri bir daha izah edilmiş, şəxsi axtarış keçiriləcəyi ilə bağlı qərar elan edilmiş və müdafiəçinin iştirakı ilə qərarla tanış olub imza etmişdir. Bundan sonra polis əməkdaşları, müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində saxladığı qanunsuz əşyalar olub-olmadığı, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etməyi təklif edilmişdir. O əynində olan boz rəngli idman şalvarının sağ cibində saxladığı, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içində narkotik vasitə olan heroini çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı 01 ədəd şəffaf bükümü içində narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Təhqiqatçı ona aşkar edilmiş həmin maddə barədə məlumat verməyi dedikdə bildirmişdir ki, aşkar olunan maddə narkotik vasitə olan heroindir, həmin maddənin istifadəçisidir, aşkar edilən maddəni həmin gün, saat 12 radələrində Yasamal rayonu, “Şamaxinka” adlanan yerdə tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün alıb üzərində saxlamış, saat təxminən 16:10 radələrində polis əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısında saxlanılmış və əməkdaşlarla birlikdə 29-cu Polis Şöbəsinə gəlmişdir. Bundan sonra iştirakçıların yanında təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılmış, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilən 01 ədəd şəffaf rəngli büküm içərisindəki “kakos” maddəsi ilə birlikdə şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə boş zərfə qoyularaq qablaşdırılmaqla, zərfin üzərinə möhürlənmiş və iştirakçıların ad və soyadları üzərinə yazılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, sonra həmin protokol ucadan oxunmaqla iştirakçılar tərəfindən hər hansı əlavə və ya düzəliş olubolmaması soruşulmuşdur. Protokol keçirilən şəxsi axtarışa uyğun tərtib edildiyindən o hər hansı əlavə və ya düzəlişinin olmadığını bildirmişdir. Bundan sonra tərtib edilmiş protokol və möhürlənərək qablaşdırılmış zərf onun, eləcə də şəxsi axtarışda iştirak etmiş vəkil və polis əməkdaşları tərəfindən imzalanmışdır. Bildirmək istəyir ki, onun üzərindən aşkar edilən narkotik vasitənin miqdarı külli miqdarda deyildi, bu səbəbdən onun maddəsi Cinayət Məcəlləsinin 234.1-ci maddəsidir. İstifadə etdiyi narkotik vasitəni müxtəlif şəxslərdən almışdır, onların heç birini tanımır. Sonuncu dəfə narkotik vasitə əldə etdiyi şəxsdən isə birinci dəfə idi ki, narkotik vasitə alırdı. Özü narkotik vasitə istifadəçisidir, narkotik vasitə heroini şəxsi istifadəsi üçün almışdır. O sonuncu dəfə aldığı 01 ədəd bükümdə olan “kakos”dan istifadə etməmişdir. Narkotik vasitə heroini heç kimə satmamışdır, heç kimə də bağışlamamışdır, öz istifadəsi üçün almışdır. Ona qarşı 29-cu PŞ-də heç bir psixi və fiziki zor tətbiq edilməmişdir. 2018-ci ildə həbsdən azad edildikdən sonra mobil telefon işlətmir (İ cild, səh. 73-76). 5.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Şahid1 əməliyyat məlumatı daxil olmuşdu. Məlumata əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli bilinmişdir. Məlumatın yoxlanılması üçün 29-cu PB-nin rəhbərliyindən icazə alınmış və qrup yaradılmışdı. Qrupun rəhbəri Şahid1 idi. Həmin tarixdə də saat 4-5 radələrində X7 103 ünvanın qarşısında saxlanılmışdı. Şöbəyə dəvət olunmuş və könüllü şəkildə onlarla şöbəyə gəlmişdir. Həmin vaxt bölmə rəisinə məruzə olunmuş və aidiyyəti üzrə təhqiqatçı tərəfindən araşdırma aparılmışdır. Saxlanılan şəxsə hər hansı zor və təzyiq göstərilməmişdir. Şəxsin üzərindən çıxan narkotikin az və ya çox olmasını bilmədiyini, bunu ekspertizanın müəyyən etdiyini bildirmişdir. 6.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 01 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 29-cu Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün 29-cu Polis Şöbəsinin rəhbərliyindən icazə alınmışdır. Bundan sonra əməliyyat-axtarış tədbirinin keçirilməsi və əməliyyat qrupunun yaradılması barədə qərar qəbul edilmişdir. Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. 01 oktyabr 2022-ci il tarixdə saat 16:10 radələrində Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi 103 ünvanının qarşısında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış və narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olması ilə əlaqədar Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gəlmək təklif edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Polis Şöbəsinin inzibati binasına gəlmişdir. Bundan sonra otaqların birində Əliağaya özünü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs özünü təqdim etmiş və sonra Əliağanın narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olması bildirilərək təhqiqatçı tərəfindən müdafiəçi seçmək hüququ izah edilmiş, vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri bir daha izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə tərəflərindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qanunsuz saxladığı əşyaları təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd rəngli cins şalvarın sağ cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, üzərində başqa qanunsuz əşya yoxdur. 01 ədəd şəffaf sellofan büküm açıldıqda içində qəhvəyi rəngli, tozşəkilli maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümün içində olan maddə narkotik vasitə heroindir, həmin gün saat 12:00 radələrində “Şamaxinka” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün almış və həmin gün saat 16:10 radələrində polis əməkdaşları tərəfindən Yasamal rayonu, M.C.Məmmədzadə küçəsi 103 ünvanının qarşısında saxlanılmışdır. Aşkar edilmiş 01 ədəd şəffaf sellofen bükümdə olan narkotik vasitə heroinə bənzər maddə təhqiqatçı tərəfindən zərfdə qablaşdırılmış, həmin zərf “Zərflər üçün 169” möhürü ilə möhürlənmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Daha sonra bu barədə tərtib olunmuş protokol bütün iştirakçıların yanında ucadan oxunmuş, hər hansı əlavə və düzəliş, yaxud şikayət daxil olmamış və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O da öz növbəsində həmin protokolu imzalamışdır (İ cild, səh. 126-128). 7.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, rəisə daxil olmuş məlumata əsasən 2022-ci ilin oktyabr ayının 1-də şəxsi saxlayaraq, polis əməkdaşı kimi vəsiqələrini göstərib, rütbələrini bildirib özlərini təqdim edərək yoxlanmaq üçün 29-cu Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onun tərəfindən şübhəli şəxs kimi saxlanılmış, şəxs hərəkətlərində şübhəli olmuşdur. Bölmədə üzərinə keçirilən baxış zamanı təhqiqatçının və vəkilin iştirakı ilə narkotik vasitə aşkar olunmuşdur. Şəxsi axtarış keçirilərkən telefon ilə video çəkiliş aparılmış, təhqiqatçının sualına cavab olaraq özü şəxsən cibindən sellofan paketdə narkotik vasitəni çıxarıb təqdim etmiş və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şəxsə qarşı heç bir təzyiq olmamışdır. 8.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2022-ci il tarixli 6/5655 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 169” dairəvi möhür əksi, "vət.şübhəli şəxs Ə.Əliağa” sözləri, soyadlar və imzalar qeyd edilmiş 01 zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2.084 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 39-43). 9.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin Ambulator X2 barədə 11 oktyabr 2022-ci il tarixli, 5949 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 129-130). 10.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 01 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında həmin bölmənin əməkdaşları tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkilişlə, eləcə də hüquq və vəzifələri izah olunmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan boz rəngli idman şalvarının sağ cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə, qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüş, qablaşdırıldıqdan sonra möhürlənmişdir (İ cild, səh. 30-31). 11.«Diskə baxış keçirilməsi haqqında» 03 noyabr 2022-ci il tarixli protokoldan və video görünütünü əks etdirən DVD diskdən görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında həmin bölmənin əməkdaşları tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkilişlə, eləcə də hüquq və vəzifələri izah olunmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman əynində olan boz rəngli idman şalvarının sağ cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüş, zərfdə qablaşdırıldıqdan sonra möhürlənmiş və həmin zərf iştirakçılar tərəfindən imza edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan bükümün içində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin tarixdə saat 12:00 radələrində Yasamal rayonu, “Şamaxinka” adlanan yerdə tanımadığı şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını və həmin gün saat 12:00 radələrində polis əməkdaşları tərəfindən ünvan 4 ünvanının qarşısında saxlanıldığını bildirmişdir (İ cild, səh. 121). 12.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 11905 nömrəli məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X6 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İ cild, səh. 144). 13.«Maddi sübut qismində tanıma və saxlanca verilmə haqqında» 18 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 2,084 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və Təqsirləndirilən şəxs üzərinə Yasamal RPİ- nin 29-cu PB-nin inzibati binasında şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman çəkilmiş videoçəkilişin olduğu 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut qismində tanınmış, ekspert tədqiqatından sonra qalıq çəkisi 1,984 qram olan narkotik vasitə heroinin iş üzrə sübut əhəmiyyətini nəzərə alaraq maddi sübut qismində saxlanılması üçün Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə Yasamal RPİ-nin 29-cu PB-nin inzibati binasında şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman çəkilmiş videoçəkilişin olduğu 01 ədəd DVD formatlı disk cinayət işi materiallarına əlavə edilmişdir (İ cild, səh. 107-108). 14.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 20). 15.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 4(004)- 840/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 01 oktyabr 2022-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 66-68). 16.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2014-cü il tarixli, 1(101)-694/2014 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər: 1.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 315.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 oktyabr 2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 2.Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2018-ci il tarixli qərarı ilə xx.xx.2017-ci il tarixli, 816 VQD saylı Qanun tətbiq edilməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177,3.2-ci maddəsi həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməklə cəzası qəti 04 il 06 aya endirilmiş, 18 avqust 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (İ cild, səh. 109-120). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 17.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 18.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 19.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 20.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 21.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 22.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 23.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 24.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 25.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 26.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İİ siyahının 5-ci bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. 27.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 28.Məhkəmə, təqsirləndirilən şəxsin üzərindən aşkar olunan külli miqdarda narkotik vasitənin ona məxsus olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 29.Belə ki, təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 30.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 31.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 32.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 33.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 34.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 35.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 36.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 37.Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 iyul 2012-ci il tarixli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2014cü hökmləri ilə məhkum edildiyi cinayət əməllərinə münasibətdə məhkumluğu ödənilmişdir. 38.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 39.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələbləri nəzərə alınaraq Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 40.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 41.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 42.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 43.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 44.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 45.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 01 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. 46.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 47.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 48.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 49.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,984 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 50.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 51.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 52.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 53.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 54.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 35 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 210 (iki yüz on) manat təşkil edir. 55.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 56.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 01 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 210 (iki yüz on) manat Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasında saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 1,984 qram narkotik vasitə heroin məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Siyavuş Hacıyev
3. Vüqar Quliyev