Məhkəmə qərarları › İş №1(101)-715/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-715/2020

01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-715/2020 01.12.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə x xxxxxx 1994-cü ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Biləsuvar rayonunun Xırmandalı kəndində qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq soyuq silah hesab olunan qısa tiyəli xəncər əldə edib üzərində gəzdirmiş və xx xxxxxx 2019-cu il tarixdə saat 14 radələrində Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti 81 saylı binanın yanında şəxsiyyəti istintaqa məlum olmayan şəxslə dini mövzuda fikir ayrılığı yaranması səbəbindən aralarında sözlə baş vermiş mübahisəni sakitləşdirməyə iradını bildirən Zərərçəkmiş şəxs mübahisənin sonlandırmasını tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zəmnində sonuncunun onu təpiklə vurması səbəbindən əvvəlcə əli ilə Elşən Məmmədvun baş nahiyyəsindən, sonra isə qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab olunan qısa tiyəli həmin xəncərlə bir dəfə bədən nahiyyəsindən vurub ona «hemorragik şok və sol tərəfli hemopnevmotoroksla müşayiət olunan sol ağciyərin yuxarı payının zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön səthinin plevra boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası» ilə nəticələnən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4 və 228.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə günorta saat təxminən 1-2 radələrində namaz qımaq üçün «Lotos» ticarət mərkəzinə getmiş, dəstəmaz alandan sonra namaz otağına keçib namaz qılmağa başlamışdır. Həmin vaxt içəridə üç nəfər cavan oğlanın əyləşib söhbət etmiş, onlardan birinin arıq hündürboy və uzunsaç oğlanın əlində kitab olmuşdur. Ondan bir qədər sonra Zərərçəkmiş şəxs da otağa gəlmişdir. O, sünni, Elşən isə şiə namazı qılmışdır. Otaqda olan üç nəfər şəxs əhli-sünnə təriqəti haqqında xoşagəlməz ifadələr işlətmiş, əlində kitab olan arıq hündürboy və uzunsaç oğlan isə sünnilərin kökünün olmadığını bildirmişdir. Namazını qılıb qurtarandan sonra həmin üç nəfərə danışıqlarına görə iradını bildirmişdir. Hündürboy oğlan ona haqlı olduğunu və nə istəsə, istədiyini də danışacağını demişdir. Bu məzmunda aralarında yüngül mübahisə yaranmışdır. Həmin oğlan ona gedib ayrı yerdə də söhbəti davam etdirə biləcəyini demişdir. Bu zaman Zərərçəkmiş şəxs ondan namaz otağında nə üçün mübahisə yaratdığını soruşub, iradını bildirmişdir. Sonuncuya həmin 3 nəfərin mübahisəyə səbəb olduğunu demişdir. Bu zaman Elşən onu sanki vuracaqmış kimi üstünə gəlmiş, lakin, hündürboy oğlan onu tutub saxlamışdır. Həmin vaxt bir nəfər də otağa gəlib, namaz otağında mübahisə etdiklərinə görə onlara irad tutmuş və belə halların namaz otağının bağlanması ilə nəticələnə biləcəyi barədə xəbərdarlıq etmişdir. Hündürboy oğlan ona gedib kənarda söhbət etməyi təklif etmiş və o, razılaşmışdır. Bundan sonra həmin oğlanın namazını bitirməsini gözləmişdir. Bayıra çıxıb «whatsapp» proqramı vasitəsilə dostu Ümidə mesaj yazıb, bir neçə nəfərlə mübahisəsi düşdüyünü, gəlib kənardan baxmasını və təklənərsə müdaxilə etməsini xahiş etmişdir. Az sonra Ümid gəlib «Lotos» ticarət mərkəzinin qarşısında yolun digər tərəfində dayanmışdır. Təxminən 5 dəqiqə sonra hündürboy oğlanla Elşən namaz otağından çıxıb ona tərəf gəlmişlər. Elşən dayanmış, o isə hündürboy oğlanla metronun «Neftçilər» stansıyası tərəfə getmişlər. «Xəzər» klinikasına çatmamış 9 mərtəbəli binanın yanında Elşən arxadan qaça-qaça gəlib onlara yaxınlaşmış və çatan kimi ona: «tülküsüz»-demişdir. Elşənə eyni sözlə cavab qaytarmışdır. Daha sonra Elşən papağını götürüb yerə çırpmış, onu qorxutmaq üçün yumruqlarını sinəsinə vurub, onları Bakı şəhərindən siləcəyi ilə hədələmişdir. Elşənə ətrafdakılardan ayıb olduğunu deyib nömrə verməsini, başqa vaxt görüşüb söhbət edə biləcəyini bildirmişdir. Elşən isə nömrə verməyəcəyini deyib, onunla təkbətək söhbət edəcəyini demişdir. Elşənə hər an təkbətək söhbətə də hazır olduğunu bildirmişdir. Bu vaxt Elşən qəflətən sol ayağı ilə onun sağ bud nahiyəsinə təpik atmışdır. Elşən idmançı cüssəli olduğundan, döyüləcəyindən ehtiyyat edib, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı «T» formalı, iti uclu dəmir aləti çıxardıb, sonuncunun sol qolundan vurmaq istəmişdir. Elşən qolunu qaldırdığından, alətin ucu onun sinəsinin sol tərəfinə batmışdır. Zərbədən Elşən arxaya getmiş və münaqişə sona çatmışdır. İmkanı olsa da, daha Elşəni vurmamışdır. Bundan sonra hadisə yerindən uzaqlaşıb, metronun «Neftçilər» stansiyası istiqamətində getmişdir. Elşəni vurduğu dəmir aləti Ümidə verib gizlətməsini xahiş etmişdir. Elşənə xəsarət yetirərkən sağ əlinin orta və şəhadət barmaqları zədələnmişdir. Təxminən 2-3 gündən sonra Biləsuvar RPŞ-dən zəng edib onu soruşmuşlar. Qanuni yolla Yalama sərhəd keçid məntəqəsindən Rusiyaya keçmək istərkən saxlanılmışdır. Öznü CM-nin 126.1 və 228.4-cü maddələri ilə təqsirli bilir. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, «Lotos» ticarət mərkəzində mağaza işlədir. xx xxxxxx 2019-cu il tarixdə saat 13:40 radələrində namaz qılmaq üçün ticarət mərkəzindəki namaz otağına getmişdir. Həmin vaxt içəridə 4 nəfər olmuşdur. Təqsirləndirilən şəxs namaz üstə olmuş, digər üç nəfər isə öz aralarında dini mövzuda, sünni təriqəti əleyhinə söhbətlər etmişdir. Onların söhbətinə əhəmiyyət vermədən namaz qılmağa başlamışdır. Birinci namazdan sonra müzakirənin bitmədiyini görüb, həmin üç nəfərə irad tutub namaz otağında sünni və şiələrin birlikdə namaz qıldığını bildirmişdir. Onun iradından sonra həmin şəxslər sakitləşmiş və o, ikinci namaza başlamışdır. Elə bu vaxt Təqsirləndirilən şəxs namazını bitirib, sünnilərin əleyhinə danışdığına görə həmin üç nəfərə irad tutmuşdur. Həmin üç nəfərdən hündürboy olanı özünə haqq qazandırıb Elçinlə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı həssas dini məsələlərə toxunulduğuna görə o, dərhal 2-ci namazını yarımçıq saxlayıb, Elçini namaz otağından çölə çıxarmışdır. Digər mübahisə edən hündürboy oğlanı çıxarmamasının səbəbi, onların çöldə dalaşmamaları olmuşdur. Elçin otaqdan çıxarkən hündürboy oğlan namaz qılandan sonra onunla söhbət edəcəyi bildirmişdir. O, ikinci namazına başlamış, hündürboy oğlan da namaz qılmışdır. Namazını bitirməmiş Elçin otağın qapısını açıb, hündürboy oğlanı çağırmış və sonuncu otaqdan çıxmışdır. O isə namazını bitirəndən sonra onların arxasınca çıxmışdır. «Lotos» ticarət mərkəzinin çıxışından 200 metr aralıda Elçin və hündürboy oğlanın səki ilə metronun «Neftçilər» stansiyası istiqamətində getdiklərini görmüşdür. Elçinin həmin şəxsə xəsarət yetirəcəyini güman edib, onların arxasınca qaçmışdır. Yolda Ümid onu saxlayıb Elçinlə həmin şəxsin söhbətinə müdaxilə etməməsini xahiş etsə də, sonuncuya əhəmiyyət verməmişdir. Elçingilə yaxınlaşıb mübahisə etməmələrini, özünün də namaz otağında hündürboy oğlana irad tutduğunu bildirib, söhbəti uzatmamağı xahiş etmişdir. Elçin isə onun sözünə əhəmiyyət verməmiş, həmin şəxslə söhbəti olduğunu, hətta onunla da söhbət edəcəyini və nömrəsini saxlamasını bildirmişdir. Bundan sonra Elçin hündürboy oğlanın qolundan tutub aparmaq istəyərkən, sonuncunun digər qolundan tutub onu aparmasına imkan verməmişdir. Buna görə Elçinlə aralarında münaqişə yaranmışdır. Elçin israrla hündürboy oğlanın qolundan tutub onu söhbətə aparmağa çalışmışdır. Elçini fikrindən daşındırmaq üçün onunla əlbəyaxa olacağını bildirib, sonuncunun ayağından təpiklə vurmuşdur. Bundan sonra Elçin qəflətən sol əli ilə onun başından vurmaq üçün yumruq atmış, o isə müdafiə üçün qollarını qaldırmışdır. Elə bu anda Elçin sağ əlində olan əşya ilə onun sol qoltuqaltı nahiyəsindən vurmuşdur. Həmin nahiyəsində isinmə hiss edib, əli ilə toxunduqda qan axdığını görmüşdür. Elçindən onu nə ilə vurduğunu soruşmuş, sonuncu əlindəki həmin əşyanı gizlətmək üçün cibinə qoymuşdur. O, arxaya çəkilmiş, bundan sonra Elçin onu vurmağa cəhd etməmişdir. Hesab edir ki, hadisə onun Elçini təpiklə vurması üzündən baş vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, onu bağışlayır, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə dostu Elçinlə birlikdə «Lotos» ticarət mərkəzinin yaxınlığındakı 9 mərtəbəli binalarda lift quraşdırılması işlərində fəhlə işləmişdir. Həmin gün günorta Elçinlə birlikdə nahar etmişdir. Fəhlə paltarında olduğuna görə işlədiyi binanın blokunda namaz qılmış, Elçin isə saat 14 radələrində namaz qılmaq üçün paltarını dəyişib «Lotos» ticarət mərkəzindəki namaz otağına getmişdir. Bir qədər sonra Elçin ona «whatsapp» vasitəsilə mesaj yazıb, «Lotos» ticarət mərkəzinin arxasına gəlməsini, bir neçə nəfərlə mübahisəsi düşdüyünü, gəlib kənardan baxmasını və əgər təklənərsə müdaxilə etməsini xahiş etmişdir. O, həmin yerə getmişdir. Bu zaman Elçin bayıra çıxıb ona içəridəki şəxslərin onların dinini və imamlarını söydüyünü bildirmişdir. Elçin yenidən içəri keçmiş və az sonra hündürboy bir nəfər oğlanla bayıra çıxmışdır. Həmin oğlanın əlində kitab olmuşdur. Elçinlə həmin hündürboy oğlan metronun «Neftçilər» stansiyası istiqamətində getməyə başlamışdır. Odur ki, onların arxalarınca getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onun yanından qaçaraq Elçingilə yaxınlaşmış və sonuncu ilə mübahisə etməyə başlamışdır. Mübahisənin böyüdüyünü görüb onlara yaxınlaşıb Elşəni sakitləşdirməyə çalışmışdır. Bu vaxt sonuncu Elçinə təpik atmışdır. Elçin isə cavabında Elşənin sinə nahiyəsindən yumruqla vurmuş və geri çəkilib qaçmağa başlamışdır. O da Elçinin arxasınca getmişdir. Metronun «Neftçilər» stansiyasının üstündəki körpüyə çatanda Elçin əlindəki iti uclu «T» formalı aləti ona verib gizlətməyi xahiş etmişdir. Bundan sonra əvvəlcə taksi ilə Babək prospektində olan köhnə maşın bazarına, oradan isə başqa bir taksi ilə kənd Əhmədliyə getmişlər. Yolda Elçin ona Zərərçəkmiş şəxs ona verdiyi alətlə vurub xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Şahid1 onun oğludur. 2009-cu ildən İsveç krallığında qaynaqçı işləmişdir. 2015-ci ilin sonlarında Ümidi də özü ilə aparmışdır. Sonuncu müvafiq sənədləşmə işlərindən ötrü 2019-cu ilin aprel ayının sonlarında Bakı şəhərinə qayıtmış, Kənd Əhmədlidə kirayə mənzil tutub anası Leyla Mahmudova ilə birlikdə yaşamağa başlamışdır. xx xxxxxx 2019cu il tarixdə sonuncu ona zəng edib oğlu Ümidin polis tərəfindən saxlanıldığını demişdir. xx xxxxxx 2020-ci il tarixdə atası dünyasını dəyişmişdir. 2020-ci ilin yanvar ayının sonunda Bakı şəhərinə gəlmişdir. Eşitdiyinə görə oğlu Ümidin xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs adlı şəxsin xəsarət alması ilə nəticələnən hadisədə iştirakı olmamışdır. Təqsirləndirilən şəxs da tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Nizami rayonunda yerləşən «Lotos» ticarət mərkəzində avtomobiİlərin parklanmasına nəzarət edir. Ondan əvvəl həmin işdə Təqsirləndirilən şəxs işləmişdir. Sonradan Elçinin harada işləməsindən məlumatı olmasa da, sonuncunu bəzən günorta saatlarında «Lotos» ticarət mərkəzinin 3-cü mərtəbəsində olan namaz otağına gələrkən görmüşdür. Elçin idmançı cüssəli olsa da, əvvəllər onun kiminləsə dalaşdığını görməmişdir. Zərərçəkmiş şəxs isə hadisədən 5-6 ay əvvəl «Lotos» ticarət mərkəzində olan «Nur» uşaq geyimləri mağazasını icarəyə götürüb işlətməyə başlamışdır. Sonuncunu səmimi, dindar insan kimi tanıyır. xx xxxxxx 2019-cu il tarixdə «Lotos» ticarət mərkəzinin dayanacağında olarkən Təqsirləndirilən şəxs bir nəfər hündürboy, əlində kitab olan oğlanla «Lotos» ticarət mərkəzinin arxa tərəfində olan pilləkənlərlə düşüb, metronun «Neftçilər» stansiyası istiqamətində səki ilə getdiklərini görmüşdür. Bir neçə dəqiqədən sonra Zərərçəkmiş şəxs tələsik öz mağazasına gedib, əynindəki gödəkcəsini çıxarıb onların arxası ilə qaçmağa başlamışdır. Bu vaxt onların arasında mübahisə düşdüyünü başa düşmüşdür. Həmin şəxslər irəliləyib, onun artıq görüntü dairəsindən uzaqlaşmışlar. Bir qədər sonra Elçinlə birlikdə gedən, əlində kitab olan hündürboy oğlan onun yanına gəlib, onun təqsiri üzündən Elçinin Elşəni bıçaqla vurduğunu bildirmişdir. Hadisənin birbaşa şahidi olmamışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, Şahid1 onun oğludur. xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində Ümid yaşadıqları evə gələrkən əlində bıçağa oxşar alışqan formalı əşya görmüşdür. Həmin əşyanın nə olmasını xəbər almış, Ümid əvvəlcə alışqan olduğunu demişdir. Oğlu siqaret çəkmədiyinə görə həmin əşyanı aparıb yiyəsinə təhvil verməsini bildirmişdir. Ümid həmin əşyanın dostu Təqsirləndirilən şəxs olmasını, sonuncunun həmin əşya ilə bir nəfərə xəsarət yetirdiyini bildirmişdir. Həmin əşyanı aparıb Elçinə qaytarmasını tapşırmışdır. Ümid həmin əşyanı Elçinə qaytarmaq adı ilə evdən çıxmış və qayıdandan sonra əşyanı sonuncuya qaytardığını bildimişdir. xx xxxxxx 2019-cu il tarixdə polis əməkdaşları Ümidi yaşaqları evdən tutub aparmışlar. Səhəri günü yaşadıqları evin həyətinin darvazasının girişini süpürərkən, yerdəki daşın altından Ümidin əlində gördüyü alışqan tipli kəsici əşyanı görmüşdür. Bu zaman Ümidin həmin əşyanı Elçinə qaytarmadığını başa düşmüşdür. Odur ki, əşyanı götürüb, müstəntiqə təhvil vermişdir. İşin 2-ci cildinin 61-ci vərəqəsindəki protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etmiş olduğu CD diskdə baxış keçrilmiş və müəyyən olunmuşdur ki, diskdə 2 ədəd videogörüntü vardır. Həmin videogörüntülər «Lotos» ticarət mərkəzinin yaxınlığında olan ticarət obyektləri üzərində quraşdırılmış müşahidə kameraları vasitəsi ilə qeydə alınmışdır. İlk görüntü yolun kənarındakı səki üzərində olan görüntülərdir. Yol kənarında avtomobillərin parklanmış halda olduğu, səki ilə yol tərəfdə qara gödəkcə, göy rəngli cins şalvar, idman ayaqqabısı, başında qara rəngli kepka olan, üzü saqqalı X3, onun yanında əlində sellofan torba olan hündür boylu, qara kepkalı, üzü saqqalı, qara gödəkcə, qara şalvar geymiş istintaqa məlum olmayan şəxsin yanbayan hərəkət etməsi və kameranın müşahidə dairəsindən keçən zaman Təqsirləndirilən şəxs kameraya baxması, həmin şəxslərdən bir neçə metr arxada səki ilə eyni istiqamətdə yol tərəfdən 1-ci qara şalvar, qara gödəkcə geymiş sarışın keçəl şəxsin hərəkət etməsi, onun yanında isə qara şavlar, qara gödəkcə geymiş üzü tüklü Şahid1 bir qədər öndə hərəkət etməsi və onlardan bir neçə metr arxada isə iti addımlarla səki ilə eyni istiqamətdə qara şalvar, idman tipli boz jaket geymiş üzü tüklü Zərərçəkmiş şəxs onların arxasınca hərəkət etdiyi, digər video görüntüdə isə öndə Təqsirləndirilən şəxs arxasınca Şahid1 qaçaraq ağaclıq sahəyə doğru hərəkət edib yol kənarında olan ağ rəngəli «Toyota» markalı və yaşıl rəngli furqon tipli üzərində taksi bukleti olan «Mercedes» markalı avtomobillərin ortası ilə qaçıb ağaclıq sahəyə keçməklə görüntü dairəsindən itmələri müşahidə olunmuşdur. İşin 1-ci cildinin 8-9-cu vərəqələrindəki protokoldan görünür ki, hadisə yeri Nizami rayonu Qara Qarayev prospekti 81 saylı ünvanda yerləşən 9 mərtəbəli binanın yanıdır. İşin 1-ci cildinin 126-128-ci vərəqələrindəki protokoldan görünür ki, X2 Mahmudlunun yaşadıqları evin həyətdə giriş darvazasının yanında betonun altına gizlətmiş olduğu «T» formalı bir tərəfi nizə başlıqlı iti kəsici, bir tərəfi isə nizə başlığına bitişik alışqan olan aləti təqdim edərək, həmin aləti xx xxxxxx 2019-cu il tarixdə oğlu Ümidin əlində gördüyünü, Ümidin deməsindən Elçinin həmin alətlə adam vurmasını bilib, onu Elçinə qaytarmasını tələb etmişdir. Sonradan həmin aləti yaşadıqları evin həyətinin darvazasının yanında olan betonun altından tapdığından, Ümidin həmin aləti Elçinə qaytarmayıb gizlətməsini bildikdən sonra istintaqa təqdim etmişdir. Məhkəmə tibb ekspetizasının 22 yanvar 2020-ci il tarixli 13434 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hemorragik şok və sol tərəfli hemopnevmotoroksla müşayiət olunan sol ağciyərin yuxarı payının zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön səthinin plevra boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət deşici-kəsici əşyanın, ola bilsin ekspertizaya təqdim edilmiş kəsici dəmir alət təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə yəni xx xxxxxx 2019-cu il tarixdə yarana bilər və dərcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Lokalizasiya və xarakterinə əsasən demək olar ki, xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində yaranması inandırıcı deyil və eləcə də xəsarət alarkən zərərçəkənlə zədə yetirən şəxsə bir biri ilə müxtəlif qarşılıqlı duruş vəziyyətində (üzbəüz) ola bilər. Məhkəmə-ballistik ekspertizanın xx xxxx 2020-ci il tarixli 3/43 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bir ədəd predmet kustar üsulla hazırlanmış iki tərəfi kəsici, ucu batıcı xassəyə malik olan qısa tiyəli xəncərdir, soyuq silah hesab edilir, üzərində əlavə və dəyişikliklər edilməmişdir. İşin 2-ci cildinin 122-142-ci vərəqələrindəki «Sübutların qiymətləndirilməsi haqqında» xx xxx 2020-ci il tarixli qərardan görünür ki, 1 ədəd CD disk, kustar üsulla hazırlanmış iki tərəfi kəsici, ucu batıcı xassəyə malik olan qısa tiyəli xəncər maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 47-ci vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 2-ci cildinin 5-6-cı vərəqələrindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 228.4-cü maddələri ilə verilmiş ittihama əsasən o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq soyuq silah hesab olunan qısa tiyəli xəncər əldə edib üzərində gəzdirmiş və xx xxxxxx 2019-cu il tarixdə saat 14 radələrində Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti 81 saylı binanın yanında ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib, özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə hörmətsizlik və laqeydlik nümayiş etdirməklə istintaqa şəxsiyyəti məlum olmayan şəxslə dini mövzuda fikir ayrılığı yaranması səbəbindən, aralarında sözlə baş vermiş mübahisəni sakitləşməyə haqlı iradını bildirən Zərərçəkmiş şəxs mübahisənin sonlandırmasını tələb etməsini cüzi səbəb kimi bəhanə edib əsaslı səbəb olmadan qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs əvvəlcə əli ilə baş nahiyyəsindən, sonra isə qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab olunan qısa tiyəli həmin xəncərlə bir dəfə bədən nahiyyəsindən vurub ona «hemorragik şok və sol tərəfli hemopnevmotoroksla müşayiət olunan sol ağciyərin yuxarı payının zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön səthinin plevra boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası» ilə nəticələnən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə xəsarət yetirməsi öz təsdiqi tapmamışdır. Belə ki, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs şəxsi münasibətlərinin pozulması zəmnində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onu təpiklə vurması səbəbindən əvvəlcə əli ilə Zərərçəkmiş şəxs baş nahiyyəsindən, sonra isə qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab olunan qısa tiyəli həmin xəncərlə bir dəfə bədən nahiyyəsindən vurub ona insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs soyuq silah hesab olunan qısa tiyəli xəncərlə ağır dərəcəli bədən xəsarət yetirməsi öz təsdiqini tapsa da, bunu ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib, özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə hörmətsizlik və laqeydlik nümayiş etdirməklə, əsaslı səbəb olmadan qəsdən xuliqanlıq niyyəti ilə etməsi öz təsdiqini tapmadı. Beləliklə məhkəmə, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib, özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə hörmətsizlik və laqeydlik nümayiş etdirməklə, əsaslı səbəb olmadan qəsdən xuliqanlıq niyyəti ilə vurması öz təsdiqini tapmadı. Məhkəmədə müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq soyuq silah hesab olunan qısa tiyəli xəncər əldə edib üzərində gəzdirmiş və xx xxxxxx 2019-cu il tarixdə saat 14 radələrində Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti 81 saylı binanın yanında şəxsiyyəti istintaqa məlum olmayan şəxslə dini mövzuda fikir ayrılığı yaranması səbəbindən aralarında sözlə baş vermiş mübahisəni sakitləşdirməyə iradını bildirən Zərərçəkmiş şəxs mübahisənin sonlandırmasını tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zəmnində Zərərçəkmiş şəxs onu təpiklə vurması səbəbindən, əvvəlcə əli ilə Elşən Məmmədvun baş nahiyyəsindən, sonra isə qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi soyuq silah hesab olunan qısa tiyəli həmin xəncərlə bir dəfə bədən nahiyyəsindən vurub ona «hemorragik şok və sol tərəfli hemopnevmotoroksla müşayiət olunan sol ağciyərin yuxarı payının zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön səthinin plevra boşluğuna nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarası» ilə nəticələnən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Ona görə Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməli Azərbaycan Respublikası CM-nin 126.2.4 və 228.4-cü maddələrindən həmin Məcəllənin 126.1 və 228.4-cü maddələrinə tövsif edilməli və o, CM-nin 126.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib, cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.10 və 59.1.12-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu xx xxxxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfinin olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: iş materiallarına əlavə edilmiş kustar üsulla hazırlanmış iki tərəfi kəsici, ucu batıcı xassəyə malik olan qısa tiyəli xəncər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd CD disk isə iş materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 126.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 228.4-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş kustar üsulla hazırlanmış iki tərəfi kəsici, ucu batıcı xassəyə malik olan qısa tiyəli xəncər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd CD disk isə iş materiallarında saxlanılsın. Hökmdən elan edildiyi (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar