Məhkəmə qərarları › İş №1(101)-715/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-715/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-715/2023 05.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1988-ci il tarixdə İmişli rayonu, Əliyetməzli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 03 il 01 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13 fevral 2020-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 02 il 01 ay müddətə endirilmiş, 14 avqust 2021-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, İmişli rayonu, Əliyetməzli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsi, ev 32də yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, naməlum vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,955 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edərək üzərində saxlamaqla daşımış, 21 iyul 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsində özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 2,955 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin marixuana növündən istifadə edir. Onun yaşadığı ünvanda qonşuluqda yaşayan qadın əxlaqsız həyat tərzi keçirirmiş. O, həmin qadına dəfələrlə bildirmişdir ki, burdan çıxıb getsin, burada əxlaqlı ailələr yaşayır, həmçinin övladı olan ailələr var. Həmin qadın da polisə ərizə yazaraq onun həmin qadını narahat etdiyini bildirmişdir. Bu səbəbdən Sabunçu RPİ-nin 12-ci PŞ-dən polis əməkdaşları onun evinə gələrək onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə aparmışlar. Polis əməkdaşları onu tutduqdan sonra ondan izahat alınmış və növbəti gün səhər vaxtına qədər onu Sabunçu RPİ-nin 12-ci PŞ-də saxlamışlar. Növbəti gün səhər saatlarında onu PŞ-dən buraxmışlar, lakin, onun telefonu PŞ-də qalmışdır. O, qonşuluqda yaşayan və ondan şikayətçi olan qadının evinə gedib ona bildirmişdir ki, bu məsələ burda bitməmiş və həmin qadın buradan çıxacaq. O, PŞ-də telefonu qaldığı üçün PŞ ilə əlaqə yaratdıqda bildirilmişdir ki, onu tutan polis əməkdaşı hazırda növbədə olduğu üçün sonrakı günlərdə gəlib telefonunu götürsün. Lakin, 1-2 gündən sonra o telefonunu götürməyə getdikdə, AR CM-nin 234.1-1-ci maddəsi ilə ona qarşı ittiham irəli sürülmüşdür. PŞ-də polis əməkdaşları tərəfindən ona qarşı işgəncə verilmişdir. Həmin polis əməkdaşlarından biri Şahid1dur. Polis əməkdaşları onu qolu bağlı döymüş və başqa işgəncələr vermişlər. Onu kiçik bir otaqda saxlayırmışlar və o, bu şəraitdə heç bir orqana müraciət edə bilməmişdir. Polis əməkdaşlarının ona işgəncə vermələrinə dözməyərək, məcburiyyət qarşısında polislər ona nə demişsə, o da videoçəkiliş zamanı dediklərini təkrar etmiş və bildirmişdir ki, narkotik vasitə ona məxsusdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hakim Nigar Quliyevaya bu barədə bildirmiş, 3 ay sonra da Nigar xanıma bildirmişdir ki, onunla maraqlanmırlar. Hətta Nigar xanım da bu özbaşınalıqlarla bağlı müstəntiqlərə öz iradını bildirmişdir. Narkotik vasitədən hərdənbir istifadə edir. O, PŞ-nə telefonunu götürməyə gedəndə üzərinə narkotik vasitə qoyuldmuş və ona ittiham irəli sürülmüşdür. O, bir neçə dəfə məhkum olunmuş, onun kimi biri PŞ-nə heç vaxt narkotiklə girməz. O, PŞ-nə telefonu götürməyə getdikdə üzərində narkotik vasitə olmamışdır Elan olunmuş cinayət işinin 1-ci cild 29-30-cu vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildimişdir ki, ona təqdim olunmuş imza onundur, protokola təzyiq altında imza etmiş, onda narkotik vasitə olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadə ilə izahat arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahatı və ifadələri elan olunmuş, izahatın və ifadələrin sonunda olan imza təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 31-ci vərəqəsində olan izahatında, 49-52 və 63-66-cı vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: «... Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 15 manata narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün alaraq üzərində saxlamışdır ki, sonradan istifadə elsin. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsində olan zaman iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və xidməti vəsiqələrini göstərərək Sabunçu RPİ-nin 12-ci PŞ-nin polis əməkdaşları olmalarını bildirərək ondan şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Həmin zaman üzərində heç bir sənəd olmadığından və ifşa olunmağından qorxaraq onlardan yayınmağa çalışmışdır. Lakin, polis əməkdaşları ondan şübhələndikləri üçün onu 12-ci PŞ-nə dəvət etmişlər. ...Bundan sonra üzərinə videoçəkiliş aparılmaqla təhqiqatçı və digər polis əməkdaşlarının itşirakı ilə axtarış keçirilmiş, axtarış keçirilməzdən əvvəl təhqiqatçı ona üzərində dövriyyəsi qadağan edilmiş hər hansısa bir maddə və ya predmet olduğu halda təqdim etməyini təklif etmiş, bu səbəbdən əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibində şəffaf sellofan bükümdə narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoyaraq təqdim etmişdir. İlkin sorğu zamanı üzərindən aşkar edilən maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olmasını, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. ...» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim edilmiş imzalar onun imzasıdır, elan olunmuş izahatı və ifadələri təsdiq etmir. İzahatı və ifadələri döyülərək təzyiq altında imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabunçu RPİ-nin 12-ci PŞ-də əməliyyat müvəkkili işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 21 iyul 2022-ci il tarixdə saat 20 radələrində Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov keçmiş adı ilə Anaşkin küçəsində xidmətdə olarkən, sonradan adı məlum olan Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onlar sorğu zamanı onun Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Təqsirləndirilən şəxs verilən suallara qeyri-səmimi cavablar verərək özünü şübhəli apardığından və onlardan yayınıb getmək istədiyindən onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olmasından şübhələnib onu 12-ci PŞ-nə dəvət etmişlər. 12-ci PŞ-də xidməti otaqda təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olub-olmamasını soruşduqda, Təqsirləndirilən şəxs əynində olan cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm təhqiqatçı tərəfindən açılmış və içərisində qəhvəyi rəngli, toz halında maddə olması aşkar olunmuşdur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “kakos” olduğunu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən özü istifadə etmək məqsədilə 15 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində əlavə axtarış nəticəsində başqa qanunsuz predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş, bütün iştirakçılar imza etmişlər. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs PŞ-nə telefon üçün gəlməmiş onlar xidmət apardıqları ərazidə onu tutmuşlar. Təqsirləndirilən şəxs etiraf etmişdir ki narkotik vasitədən istifadə edir. Onlar bu şəxsi döyməmiş,o, heç bir işgəncəyə məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində Sabunçu RPİ-nə şikayətlər daxil olmuş, həmçinin, Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı tərəfindən də onun narkotik vasitələrin istifadəsi ilə əlaqədar müraciətlər daxil olmuşdur. Tarixi dəqiq yadında olmayan vaxtda o Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı iştirak etmişdir. Təqsirləndirilən şəxs hansısa maddəni təqdim etmiş və bu barədə protokol tərtib etmişdir. O və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı qeyr-insani rəftar, fiziki və psixi təsir olmamışdır. Cinayət hadisələrinin çoxluğu ilə əlaqədar o protokolla tanış olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunan predmetləri dəqiq deyə bilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 2-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 12-c PŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 21 iyul 2022-ci il tarixli raportundan görünür ki,21.07.22-ci ildə saat 20:00 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi Anaşkin küçəsində xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar, həmin şəxs yayınmağa çalışdığından onu Sabunçu RPİ-nin 12-ci PŞ-nə dəvət etmişlər. PŞ-də həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Cinayət işinin 28-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq şəxsi axtarış zamanı müdafiəçinin iştirakını tələb etmədiyini bildirmişdir. Cinayət işinin 29-30-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış başlanılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli maddəni təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə “kakos” olduğunu, həmin maddəni Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 15 manata alaraq istifadə üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarışz zamanı digər qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş büküm qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı «Panasonic» markalı videokamera vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 37-40-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2022-ci il tarixli, 6/3991 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №159" dairəsi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 2,955 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 152-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 28 dekabr 2022-ci il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 21 iyul 2022-ci il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən CD diskə keçirilmiş baxışdan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı, sonuncu əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümün içərisindən qəhvəyi rəngli, toz halında maddəni çıxarıb təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “kakos” olduğunu, özü istifadə etmək məqsədilə Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 15 manata aldığını bildirir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir. Cinayət işinin 176-181-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 02 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin müəyyən edilməsi üçün hazırki cinayət işindən material ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, onda narkotik vasitə olmamış, polis şöbəsinə gedib telefonunu götürmək istəyəndə, ona CM-nin 234-cü maddəsi ilə ittiham elan edilmiş, polislər tərəfindən ona təzyiqlər göstərildiyi üçün narkotik vasitənin ona məxsus olmasını demişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadələrindən fərqli ifadə verməsini, ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və cinayət məsuliyyətindən boyun qaçırmağa cəhd kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.4.2-ci maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrə təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları araşdırmaq vəzifəsi qoyulmuşdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli qərarın, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qətnaməsi ilə qəbul edilmiş «İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqət alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın» və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müvafiq tövsiyyələrinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən işgəncəyə məruz qalıbqalmamasını müəyyən etməkdən ötrü cinayət işi üzrə müvafiq qərar çıxarılaraq icra olunması üçün Bakı şəhəri, Sabunçu rayon prokurorluğuna göndərilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Prokurorluğundan 01 mart 2023-cü il tarixli, 68 C/23 nömrəli məktubla daxil olmuş, Sabunçu Rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X3 01 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək xəsarət alması barədə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən, cinayət hadisəsi olmadığına görə rədd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 99-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 17 sentyabr 2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 23 oktyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 70-ci maddəsi tətbiq edilməklə, N ay intizam xarakterli hərbi hissədə salxama cəzasına məhkum edilməklə cəzası şərti hesab edilmiş; Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02 noyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2-ci maddələri ilə təqsirli bilinərək 05 il 06 müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04 iyul 2012-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 04 il N ay müddətə endirilmiş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 400 saat ictimai iş cəzasına məhkum edilmiş; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 03 il 01 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 1(001)-532/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.4-cü maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(005)-193/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş 400 (dörd yüz) saat ictimai işlər cəzasının səkkiz saatı, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 1 (bir) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, həmin cəza CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hökmlə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 3 (üç) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin 107-112-ci vərəqələrində olan 13 fevral 2020-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 02 il 01 ay müddətə endirilmiş, 14 avqust 2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən 02 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətlərin residivini yaradır. Cinayət işinin 156-cı vərəqəsində olan doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı – xx.xx.2017-ci il təvəllüdlü X5 vardır. Cinayət işinin 96-cı vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 20 sentyabr 2022-ci il tarixli, 8779 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Cinayət işinin 117-118-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin 29 sentyabr 2022-ci il tarixli 5641 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Azərbaycan Respublikası CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyyən edilmiş daha ciddi caza növünün son həddinin yarısından az ola bilməz. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Bundan başqa, cinayət işinin 18-ci vərəqəsində olan 21 iyul 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 72-76-cı vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyul 2022-ci il tarixli 4(008)-614/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 iyul 2022-ci il tarixdən hesablanmaqla, 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 123-128-ci vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 4(008)-876/2022 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və sonuncu məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 129-130-cu vərəqələrində olan Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X1 21 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimakn tədbiri seçilmişdir. Cinayət işinin 134-135-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X1 01 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 149-cu vərəqəsində olan 28 dekabr 2022-ci il tarixli könüllü olaraq istintaqa gəlmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü Sabunçu RPİ-nin İŞ-nə gəlmişdir. Cinayət işinin 167-168-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X2 28 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək olan 03 (üç) ay müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 yanvar 2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı 18 yanvar 2023-cü il tarixindən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 2,905 qram çəkidə qalan narkotik vasitə heroin məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək tutulduğu 03 (üç) ay müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhküm edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, aparılmış ekspertiza tədqiqatdan sonra qalıq qalmış 2,905 qram çəkidə qalan narkotik vasitə heroin məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar