Məhkəmə qərarları › İş №1(101)-716/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-716/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-716/2025 27.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, Cəbizadə Aybəniz Emin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1996-cı ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, işsiz, İmişli şəhəri, H.Cavid küçəsi 7 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Hökməli qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış, 10 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 sentyabr 2024-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayətişinə baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: CM) 126.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və Azərbaycan Respublikası Prezidentinin 08 may 2023-cü il tarixli Əfv sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməklə azadlığa buraxılmasına baxmayaraq, məhkumluğu ödənilmədən və ya qanunla nəzərdə tutulmuş qaydada götürülmədən qəsdən naməlum vaxtda və naməlum şəraitdə naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 5,358 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanının yaxınlığına daşımışdır. Bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra: DİN-nin, BMCMİ-nin) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 10 sentyabr 2024-cü il tarixdə, saat 14:30-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 3MCMİ-nə gətirilməklə həmin tarixdə, saat 16:12-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli qısa yay şalvarının sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 5,358 qram olan külli miqdarda kustar üsulla hazırlanmış ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamin əldə etməsi, saxlaması və daşıması, yəni onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı tədqiq olunan mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onu BMCMİ-nin əməkdaşları tutmuş, narkotik vasitəni ona «yükləmişlər». Belə ki, saxlanıldığı gün ona tanımadığı nömrədən zəng gəlmiş, danışan şəxs kuryer olduğunu, ona “bank kartı sifariş vermisən, düş aşağı götür” demiş, guya o, kart sifariş vermiş və özü olduğu yer barədə onlara «konum» (burada: olduğu yerin sputnik məlumatları) atmış və kartı ora gətirmələrini istəmişdir. Hansı ki, o, bank kartını sifariş etməmiş və heç kimə konum atmamışdır. O, ona zəng edən şəxsə kart sifariş vermədiyini bildirdikdə, həmin şəxs ona “sifariş ola bilsin ki, əlin dəyib” cavabını verdikdə o, heç bir problem olmadığını bildirmiş və kuryerlə görüşmək, kartı götürmək üçün qapının ağzına düşmüş və elə oradaca onu tutmuşlar. O, onu tutan şəxslərdən tutulma səbəbini soruşduqda, birazdan məlumat veriləcəyini bildirmişlər və onu BMCMİ-nə aparmışlar. Onu saxlayanadək onu tutan BMCMİnin əməkdaşlarını tanımamış, onlarla düşmənçiliyi və ya ədavəti olmamışdır. BMCMİ-də olarkən ondan «nə üçün sənə bu qədər hörmət olunur?» sualı verilmiş, o da cavabında «yəqin həmin hörməti qazanmışam» bildirmişdir. Bundan sonra guya onun adının kriminallarda hallanması bildirildikdə o, «mən hansı cinayəti törətmişəm, deyin» cavabını vermişdir. Polis əməkdaşları tərəfindən BMCMİ-də fiziki təzyiq edilməsə də, psixoloji təsirlərlə hədə-qorxu gəlinmiş, o, narkoman olmasa da, narkotikin ona aidiyyəti olmasa da, o, idarədə həmin əməli boynuna götürmüş, sonra da müstəntiqə etirafedici ifadələr vermiş, guya ittihamda göstərilən psixotrop maddəni tutulmamışdan bir gün qabaq Bakı şəhərində Nərimanov rayonu ərazisində tanımadığım şəxsdən 50 manata özünün istifadəsi üçün aldığını bildirmişdir. Razılaşmadan sonra təhqiqatçının otağında onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, videoçəkiliş zamanı vəkilin iştirakı təmin edilmişdir. Belə ki, psixoloji təsirlər onun ailəsi ilə bağlı olmuşdur. Onun cavan, ali təhsilli qardaşı vardır, ata-anası müəllimdirlər və deyilməsi mümkün olmayan bəzi məsələlər vardır. Polis, lazım olacağı təqdirdə narkotiki vasitəni evinə atacaqları və ya qardaşını «yükləyəcəkləri» ilə onu hədələmişlər. Odur ki, məcbur qalıb psixotrop maddəni boynuna götürmüş və etiraf edici ifadələr vermimşdir. Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə onun ibtidai istintaqda verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun cinayət işinin məhkəməyədək icraatı mərhələsində vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilmiş maddəni 09 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisindən tanımadığı şəxsdən 50 manat qarşılığında almış, həmin maddəni şəxsi istifadəsi məqsədi ilə üzərində gəzdirmişdir. Hərdənbir narkotik vasitə quruldulmuş marixuana və psixotrop maddə metamfetamindən istifadə etmişdir. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində ittihamın mahiyyəti ilə bağlı göstərmişdir ki, 10 sentyabr 2024-cü il tarixdə, saat təxminən 14-15 radələrində ünvan 4 ünvanının yaxınlığında olarkən ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərmiş, DİN-nin BMCMİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, o da özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərimdə metamfetamin vardır. Bundan sonra polis əməkdaşları onu polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə BMCMİ-nə getmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynindəki qara rəngli qısa yay şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü, həmin qısa yay şalvarının sağ yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi bükümə baxış zamanı sellofan bükümün içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümün içərisində olan psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsində, həmçinin göstərmişdir ki, şəxsi axtarış davam etdirilərkən təqdim etdiyi 01 ədəd “İphone” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş maddəni 09 sentyabr 2024-cü ildə Bakı şəhəri, Nərimanov rayonu ərazisindən tanımadığı şəxsdən 50 manat qarşılığında aldığını, həmin maddəni şəxsi istifadəsi məqsədi ilə üzərində gəzdirdiyini, özünün hərdənbir narkotik vasitə istifadə etdiyini və üzərində olan maddədən heç kimin məlumatı olmadığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən üstündən digər əşya və predmetlər aşkar edilməmişdir. Şəxsi axtarış videoçəkilişdən istifadə edilməklə həyata keçirilmiş, daha sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və düzgün tərtib edildiyindən o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. O, narkotik vasitə və ya psixotrop maddələrin satışı məşğul olmamış, üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından heç kimin xəbəri olmamış, evində və ya başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamamış, “Bakcell” mobil operatoruna məxsus olan ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Polis əməkdaşları tərəfindən nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Saxlanılan zaman o, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Təxminən 3-4 il bundan əvvəl cəzaçəkmə müəssisəsində olduğu zaman ehtiyatsızlıqdan sol əlinin üst hissəsi kəsilmiş və buna görə də həmin hissədə kəsik izi qalmışdır. Bundan başqa, dəqiq xatırlamadığı tarixdə idmanla məşğul olan zaman özü-özünə bilməyərəkdən xəsarət yetirmiş və sağ əlinin üzərində çoxlu sayda yara izləri yaranmışdır. Eləcə də saxlanılmazdan 3-4 gün əvvəl dəqiq xatırlamadığı şəraitdə sol qolunun arxa hissəsi əzilmiş və həmin hissədə qançır əmələ gəlmişdir (iş vərəqə: 71-74). İfadələri arasında müəyyən olunan ziddiyyətlərlə aydınlıq gətirən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, etirafedici ifadələri polis əməkdaşlarının diqtəsi ilə demiş, özü sərbəst yazmamış, sərbəst ifadə verməmişdir. Cinayət işinə məhkəmsə baxışı zamanı şahid qismində dindirilən Azərbaycan Respublikası DİN, BMCMİ-nin əməkdaşı, əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, 10 sentyabr 2024-cü il tarixdə baxılan iş üzrə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, məlumatın yoxlanılması məqsədilə o, raportla rəhbərliyə məruzə edildikdən sonra məlumatla bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Qərarın icrası ilə bağlı onun rəhbərliyi ilə əməliyyat müvəkkilləri Ayaz Həsənli, Samir Əzimi, Nadir Aslanov və Məhəmməd Zeynalovdan ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş tədbirlər nəticəsində elə həmin gün, yəni 10 sentyabr 2024-cü il tarixdə, saat 14-15 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsi ərazisində olması müəyyən edilmiş və əməliyyat qrupu həmin yerə getmişdir. Saat 14:30-da ünvan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi müəyyən etmişlər. Əməliyyat-axtarış tədbiri keçirən zaman əməliyyat texniki vasitələrdən və özlərinə aid mobil telefonlardan istifadə olunmuşdur. Az bir müddət əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərara uyğun olaraq şəxsin ətrafında müşahidə aparmış, Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Daxil olmuş məlumata əsasən şəxsin xarici əlamətlərinə əsasən onlar həmin şəxsə yaxınlaşmış, sorğu-sual zamanı həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və Təqsirləndirilən şəxs DİN-in BMCMİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə BMCMİ-yə gəlmişdir. İdarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Natiq Əzimov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın ciblərindən 01 ədəd sellofan bükümü və 01 ədəd mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini Bakı şəhəri, Nərimanov rayonu ərazisində anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış başa çatdıqdan sonra bu barədə protokol tərtib olunmuş və həmin protokolu imzalamışlar. Şahid ifadəsinin yekununda göstərdi ki, əməliyyat-axtarış tədbiri zamanı və ya sonradan BMCMİ-də olarkən saxlanılan şəxs Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamış, Təqsirləndirilən şəxs heç bir müqavimət göstərməmişdir. Cinayət işinin məhkəməyədək icraatı mərhəlsində iş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN, BMCMİ-nin əməkdaşları, yəni Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirində əməliyyat qrupunun üzvü olaraq iştirak etmiş əməliyyat müvəkkilləri X6, X5, X2 və X3 ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, həmin şahidlər məhkəmədə şahid qismində dindirilmiş Şahid ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişlər(iş vərəqə: 146-147, 148-149, 151-152, 154-155, 143-144). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında” 10 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs protokol tərtib olunan 10 sentyabr 2024-cü il tarixdə, saat 14:30-da ünvan 2 ünvanının yaxınlığında saxlanılmış, BMCMİ-nin inzibati binasına aparılmış, şəxsi axtarış keçirilmiş, şəxsi axtarış prosesində sonuncu əynində olan qara rəngli qısa yay şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, həmin şalvarın sağ yan cibindən 01 ədəd “İphone” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd şəffaf sellofan bükümə baxış zamanı bükümün içərisindən psixotrop maddə metamfetaminə şübhəli maddə aşkar edilmiş, bir bükümdə olan həmin psixotrop maddə metamfetaminə şübhəli maddəyə baxış keçirilmiş, sonra boş zərfdə qablaşdırılmış, imzalarla təsdiqlənmiş və götürülmüşdür. Tədqiq olunan həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi nəticəsində, ondan həmçinin “İphone” markalı 01 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfetaminə şübhəli maddə ilə bağlı izah verib, həmin maddəni 09 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində anket məlumatlarını bilmədiyi şəxsdən 50 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi «Sony» markalı videokamera vasitəsi ilə videolentə alınmış və videogörüntülərin yükləndiyi 01 ədəd CD formatlı disk həmin protokola əlavə edilmişdir(iş vərəqə: 27-29). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd CD formatlı diskə baxış keçirilməsi haqqında 24 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan protokolun məzmunu “şəxsi axtarış və götürmə aparılması haqqında” məhkəmədə tədqiq olunan 10 sentyabr 2024-cü il tarixli protokolun məzmunu ilə eynidir və ziddiyyətlər müəyyən olunmur (iş vərəqə: 145). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd CD formatlı diskə yüklənmiş videogörüntülərlə, həmin videogörüntülərin şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında 10 sentyabr 2024-cü il tarixli və şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd CD formatlı diskə baxış keçirilməsi haqqında 24 sentyabr 2024-cü il tarixli protokolunun məzmunu ilə üst-üstə düşdüyü, ziddiyyətlər müəyyən edilmədiyi müəyyən edilmişdir(iş materialları). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 11 sentyabr 2024-cü il tarixli, 3-16-16/1-6/4524 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə müəyyən olunan ağ rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış metamfetamin psixotrop maddəsidir, təmiz çəkisi 5,358 qram təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiq olunan həmin rəylə müəyyən edildi ki, üzərində tədqiqat aparılan 5,358 qram metamfetamin psixotrop maddəsinin 0,050 qramı tədqiqata sərf olunmuş, 5,308 qram isə qalıq qalmışdır(iş vərəqə: 38-41). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının 11 sentyabr 2024-cü il tarixli müvafiq qərarına əsasən təqsiprləndirilən şəxs Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata sərf olunduqdan sonra qalıq qalmış 5,308 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir(iş vərəqə: 98-100). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 11 sentyabr 2024-cü il tarixli, 6166 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Tədqiq olunan rəydən, həmçinin görünür ki, narkoloji-tibbi yoxlama zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan marixuanadan və psixotrop maddə olan metamfetamindən istifadə etdiyini qeyd etmişdir(iş vərəqə: 172-173). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 23 sentyabr 2024-cü il tarixli, 3117/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan Amfetamin və Metamfetamin və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən Kannabinoid aşkar edilmişdir(iş vərəqə: 174-177). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs saxlanarkən üzərindən aşkar edilmiş 01 ədəd "xxxx" markalı mobil telefona baxış keçirilməsi haqqında 14 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, mobil telefona baxış keçirilən zaman “WhatsApp” proqram təminatının “Söhbətlər” bölməsində adı “Gunay Feride” kimi qeyd edilmiş ”Azercell” mobil operatoruna məxsus +**********70 mobil nömrəsinin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair yazışmalar müəyyən edilmişdir. Belə ki, tədqiq olunan protokoldan göründüyü kimi, +**********70 mobil nömrənin istifadəçisi 31 avqust 2024-cü il tarixdə, saat 21:40-da Təqsirləndirilən şəxs “Ay ürəyim, hardasan?” məzmunda səsli ismarıc göndərdikdən sonra Təqsirləndirilən şəxs ona səsli ismarıcla cavab göndərərək “Haycan ürəyim, evdəyəm, gəlmişəm evə. Birazdan çıxacam, nə olub salamatçılıqdı?” bildirmişdir. Bundan sonra “Gunay Feride” kimi qeyd edilmiş abonent bu dəfə yazılı ismarıc göndərməklə “He”, “Yatıb qalame”, “Temam yoxdue dıe”, “Salamtcılıq” bildirmiş, Elcan Qardaxanlı isə “Gunay Feride” kimi qeyd edilmiş abonentə “Hə, bildim. Bu gün getdim elə 6-ya qalmış gecikdim də ki maşını çıxardım. O da dedi inspektor yoxdu ancaq səhər yaxınlaş. Mənə də səhər “vajnı” lazımdı da maşın. Gedib səhər çıxartmalıyam. Evdəyəm. Evdə qalsam, “karoçi” da səhər gedib çıxarda bilmiyəcəm. Məcbur bəlkə birazdan çıxdım getdim. Dostum “smen”dədi. Açarı götürüb ondan qalxdım onlara bəlkə “Melisa Park”a. Tema da ki varımdı, varımdı 1-2 nəfər az-maz var. Elə oda bəlkə özüm səhərə kimi, səhər tezdən işim var da evdə olacam. Gedim görüm açarı götürsəm, qalxacam onlara” məzmunda səsli ismarıc göndərmişdir. Bundan sonra “Gunay Feride” kimi qeyd edilmiş abonent təqsirləndirilən şəxs “He”, “İnsaAllah”, “Tm”, “Saq salamat” məzmunda yazılı ismarıc göndərmişdir. Bundan başqa, tədqiq olunan həmin protokoldan görünür ki, “Gunay Feride” kimi qeyd edilmiş abonent 03 sentyabr 2024-cü il tarixdə, saat 21:41-də Təqsirləndirilən şəxs “Hardasan” məzmunda yazılı ismarıc göndərmiş, Təqsirləndirilən şəxs isə yazılı ismarıcla ona “Samaxida” cavabını vermişdir. Bundan sonra “Gunay Feride” Təqsirləndirilən şəxs “Evdeyem”, “Neyınse var” məzmunda yazılı ismarıc göndərdikdə, Təqsirləndirilən şəxs “İsim var gelecem yigacam seni”, “İki gun burdayam” məzmunda yazılı ismarıcla cavab göndərmişdir. Bundan sonra “Gunay Feride” Təqsirləndirilən şəxs “Harda”, “Neyinse var” məzmunda yazılı ismarıc göndərdikdə, sonuncu “Gunay Feride”yə “Ay balam samaxidan sene nece verim” məzmunda cavağ vermişdir. Bundan sonra “Gunay Feride” Təqsirləndirilən şəxs “Hecneda”, “Verme” məzmunda yazılı ismarıc göndərmiş və Təqsirləndirilən şəxs “ Gelende”, “Yigacam” məzmunda yazılı ismarıc göndərmişdir. Ən nəhayət, tədqiq olunan protokoldan görünür ki, telefona baxış keçirilməsi ilə bağlı fotocədvəl tərtib edilməklə protokola əlavə olunmuşdur (iş vərəqə: 164-168). Təqsirləndirilən şəxs məxsus "xxxx" markalı mobil telefona baxış keçirilməsi haqqında 14 oktyabr 2024-cü il tarixli protokolun tədqiqi ilə bağlı müəyyən olunan sms yazışmalar ətrafında dindirilən Təqsirləndirilən şəxs müəyyən olunan sms-lərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmadığını, yazışmaların başqa mövzu ilə əlaqədar olduğunu qeyd edib, nəzərdə tutduğu mövzu ətrafında açıqlama vermək istəmədiyini bildirdi. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 5(005)-2243/2024 saylı qərarından görünür ki, həmin qərarla Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili Şahid tərəfindən qəbul edilmiş 10 sentyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar qanunauyğun hesab edilmişdir(işvərəqə: 142). Tədqiq olunan əməliyyat tapşırığına aidiyyatı orqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-6/2-8612/24 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddəni onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi qeyd edilmiş, sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əlavə məlumatlar əldə edildiyi göstərilmişdir (iş vərəqə: 153). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddənin mənbəyinin müəyyənləşdirilməsi mümkün olmamış və qeyd olunan mənbənin müəyyənləşdirilməsi məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda müvafiq material ayrılmışdır (iş vərəqə: 220-221, 222). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixlə 8 №-li qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya» əsasən metamfetamin psixotrop maddəsinin xeyli miqdar olmaqla aşağı həddi 0,15 qram, külli miqdar olmaqla aşağı həddi 2 qram, xüsusilə külli miqdar olmaqla aşağı həddi 400 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ümumi çəkisi 5,358 qram psixotrop maddə metamfetaminin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı»da nəzərdə tutulmuş start külli miqdar həddindən 2-3 dəfə artıq miqdarlarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixlə 8 №-li qərarında məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli həmin qərarının doqquzuncu bəndində qeyd olunur ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və psixotrop maddələri təkcə satma deyidl, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yartdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Qeyd olunan Plenum Qərarında məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edərək üzərində saxlaması, daşıması, onun məhkəməyədək icraat mərhələsində şəxsi axtarış və götürmə prosesində, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində qismən etirafı, barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil əlaqələrinin, foto və video materialların olması, məhkəmə-narkoloji ekspertizanın rəyinə əsasən Təqsirləndirilən şəxs həm kannabinoidlərin və həm də psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan narkotik asılılığının olması, təqsirləndirilən şəxsin həmin psixotrop maddəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına, daşımasına və satmasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində saxlanılarkən üzərində hər hansı miqdarda psixotrop maddə və ya narkotik vasitə olmaması, onu saxlayan polis əməkdaşları tərəfindən üzərinə bir bükümdə psixotrop maddə metamfetamin qoyulması və müxtəlif psixoloji təsir və hədələrlə boynuna götürməyə məcbur edilməsi və bna görə etirafedici ifadələr verməsi barədə göstərdiklərini onun özünün müdafiəsi üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq olunur və sübutlar toplanılarkən qanun pozuntularına yol verilməsi müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin əməliyyat arayışından və müvafiq məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza çəkərkən Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əldiyevin 100 illik yubileyi münasibətilə» 08 may 2023-cü il tarixli əfv haqqında sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş (iş vərəqə: 108-109, 110-115) və baxılan cinayət işi üzrə yeni cinayət hadisəsinin törədildiyi 10 sentyabr 2024-cü il tarixə məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Təqsirləndirilən şəxs məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 126.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməli təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.1 və 15.4-cü maddəsinin tələblərinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs baxılan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə törətdiyi cinayətin və məhkumluğunun ödənilmədiyi Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin hər ikisinin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid olmasını nəzərə aldıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli cinayətlərin təhlükəli residivini yaradır və cinayətlərin təhlükəli residivi ona cəza təyin olunarkən cəzasnı ağırlaşdıran hal qismində nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2 və 18.2.2-ci maddəsinin tələblərinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə, cinayətlərin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi və cinayətlərin residivi cəzasını ağırlaşdıran hal hesab olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən Azərbaycan Respublikası CM-nin 59-cü maddəsində nəzərdə tutulan hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyəgəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, əvvəllər məhkum olunmaqla əməlinin cinayətlərin təhlükəli residivini yaratması nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, təhlükəli residivə görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli, şəxsiyyətinə uyğun cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələblərinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunub-olunmaması məsələsini müzakirə edib belə nəticəyə gəlmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizanın 11 sentyabr 2024-cü il tarixli, 6166 nömrəli rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması nəzərə alınmalı, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini, əməlinin cinayətlərin təhlükəli residivini yaratmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəza çəkmə müəssisələri ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun baxılan iş üzrə şübhəli şəxs qismində tutulduğu 10 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 10 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 sentyabr 2024-cü il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 10 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub saxlanıldığı tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİNnin BMCMİ-də saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq çəkisi 5,308 qram qalmış psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd "xxxx" markalı mobil telefon onun özünə qaytarılması üçün saxlanıldığı Cəzaçəkmə Müəssisəsinə göndərilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 81 (səksən bir) manat məbləğində ekspertiza xərci mövcuddur ki, həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İşüzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 10 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin. O, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 5,358 qram psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatlarından sonra qalıq qalan hissəsi - 5,308 qram psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd "xxxx" markalı mobil telefon onun özünə qaytarılması üçün saxlanıldığı Cəzaçəkmə Müəssisəsinə göndərilsin. İş üzrə məhkəmə məsrəfləri – 81 (səksən bir) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddətbaşaçatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar