Məhkəmə qərarları › İş №1(101)-717/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-717/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-717/2021 22.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhər 2 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə « 22 » aprel 2021-ci il Bakı şəhərində xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, YAT-15, Bakı küçəsi, mənzil 41-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsi, Talışlar məhəlləsi, nömrəsiz fərdi evdə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi xalis çəkisi – 2,922 qram, yəni külli miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumi xalis çəkisi – 0,473 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Şüvalan qəsəbəsinə daşıyaraq üstündə saxlamış, xx xxxxxx 2020-ci il tarixdə, saat 00:30 radələrində Əlahiddə ÇPA-nın 11-ci patrul bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 230 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətirilmiş və həmin gün saat 02:10 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasında xidməti otaqların birində video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd mavi rəngli “Rothmans” markalı siqaret qutusunun içərisində olan 12 ədəd bükümdə şəffaf sellofana bükülmüş, ayrı-ayrılıqda çəkiləri 0,213 qram, 0,165 qram, 0,272 qram, 2 0,259 qram, 0,252 qram, 0,185 qram, 0,273 qram, 0,217 qram, 0, 254 qram, 0,284 qram, 0,256 qram və 0,292 qram ümumilikdə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 2,922 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 ədəd bükümdə siqaretin qızılı rəngli kağızına bükülmüş, ayrı-ayrılıqda çəkiləri 0,136 qram, 0,096 qram, 0,081 qram və 0,160 qram ümumilikdə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən ümumi təmiz çəkisi 0,473 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 5 ildən artıqdır ki, narkotik vasitələrdən istifadə edir. Öz istifadəsi üçün narkotik vasitələri əsasən Bakı şəhərinin müxtəlif yerlərindən üzdən tanıdığı adını bilmədiyi şəxslərdən almışdır. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 10 radələrində yenə də o, Suraxanı rayonu, Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən 100 manat verərək 12 büküm narkotik vasitə heroin, 04 büküm metamfetamin almış və həmin narkotik vasitələri cibinə qoyaraq yaşadığı Şüvalan qəsəbəsinə getmişdir. xx.xx.2020-ci il tarixdə saat 00:30 radələrində Xəzər rayonu, Şüvalan qəsəbəsi, Şimal/Dres yaşayış massivində 230 nömrəli orta məktəbin yaxınlığında olarkən iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onun üzərində narkotik vasitə olduğu üçün o, qaçmağa başlamış və polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar. Bir qədər sonra polis əməkdaşları hüquqlarının müdafiəsi məqsədi ilə təyin olunmuş vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər və ona bildirmişlər ki, əgər üzərində narkotik vasitə, yaxud gəzdirilməsi qanunla qadağan olunmuş əşya varsa, könüllü təqdim etsin, əks halda üzərinə baxış keçiriləcəkdir. O, əynində olan mavi rəngli cins şalvarın sağ cibində olan 12 büküm narkotik vasitə heroini və 04 büküm psixotrop maddə metamfetamini, 01 ədəd şprisi və sellofan paketdəki limon duzunu təqdim etmişdir. Sorğu zamanı polis əməkdaşlarına həmin maddələri xx xxxxxx 2020-ci il tarixdə Suraxanı rayonu, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 100 manata aldığını, həmin narkotik vasitədən başqa üzərində heç bir narkotik vasitə və qadağan olunmuş əşya olmadığını bildirmiş, polis əməkdaşı üzərində şəxsi axtarış aparmış, lakin təqdim etdiyi narkotik vasitələrdən başqa üzərindən heç bir maddə aşkar edilməmişdir. Göstərilən narkotik vasitə polis əməkdaşları tərəfindən onun iştirakı ilə qablaşdırılaraq götürülmüş, bu barədə polis əməkdaşı protokol tərtib edərək iştirakçılara ucadan oxunmuş, protokolun doğruluğu, həmçinin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qablaşdırıldığı zərfi o və digər iştirakçılar imza etmişlər. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamış, həmin narkotik vasitə olan heroini öz istifadəsi üçün əldə etmişdir.Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən də olsa etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Daxili İşlər Nazirliyinin X3 Alayının 11-ci patrul bölüyündə polis nəfəri vəzifəsində xidmət aparır. xx.xx.2020-ci il tarixdə o iş yoldaşı Şahid2 ilə birlikdə 12 saylı piyada marşurutunda xidmət aparmışlar. Həmin vaxt ölkədə komendat saatı ilə əlaqədar olaraq onlar küçədə icazəsiz gəzən vətəndaşları yoxlamışlar. Təxminən saat 00:30-da bir nəfər şəxsi küçədə görmüşlər və ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin şəxs özünü şübhəli aparmış və qaçmağa başlamışdır. Onlar həmin şəxsdən şübhələnərək onu Xəzər RPİ-nin 1-ci PŞ-nə apararaq təhvil vermiş və bu barədə raport yazmışlar. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı polis mayoru Anar İsayev tərəfindən onun və xidmət yoldaşı Şahid2, dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş apararaq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etiraz etməmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində gəzdirilməsi qadağan olunmuş hər hansı bir qeyri qanuni əşya və ya maddə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şpris və bir ədəd “Rothmans” markalı siqaret qutusu çıxarmış, həmin siqaret qutusunun içərisindən 12 büküm şəffaf sellofana bükülmüş narkotik vasitəyə bənzər maddə, 04 büküm siqaretin qızılı kağızına bükülmüş narkotik vasitəyə bənzər maddə və 01 büküm limon duzuna bənzər maddələri təqdim etmişdir. Həmin bükülüləri açıb içərisinə baxan zaman içərisində spesifik iyə malik olan narkotik 3 maddə hesab edilən heroinə bənzər maddə və ağ rəngli kristal şəkilli spesifik iyə malik maddələr olduğunu gördükdə Təqsirləndirilən şəxs həmin maddənin nə olduğunu və haradan əldə etməsi soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin bükülülərin narkotik vasitə “kokos” və narkotik vasitə “Şüşə” yəni metamfetamin olduğunu və həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə Suraxanı rayonu ərazisindən aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitə heroinə oxşar maddə və metamfetaminə bənzər kristalik maddə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 6/2397 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki, -12(on iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,213 qram, 0,165 qram, 0,272 qram, 0,259 qram, 0,252 qram, 0,185 qram, 0, 273 qram, 0,217 qram, 0,254 qram, 0,284 qram, 0,256 qram,0,292 qram, ümumi təmiz çəkisi 2,922 qram qəhvəyi rəngli tozşəkilli maddə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; -04(dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,136 qram, 0,096 qram, 0,081 qram, 0,160 qram, ümumi təmiz çəkisi 0,473 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; -heroin və metamfetamin müxtəlif növ və tərkibli maddələr olduğu üçün, onlar arasında müqayisəli tədqiqat aparmaq mümkün deyildir; -bir ədəd bükümdə ağ rəngli kristallardan ibarət maddə narkotik və psixotrop maddələrə aid olmayan-limon turşusudur; -bir ədəd 1ml-lik şprisdə narkotik və psixotrop maddələrin izləri yoxdur; -xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 3317 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstıxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb. Cinayət işinə əlavə edilmiş şəxsi axtarış, baxış və götürmə aparılması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şprisi və 01 ədəd “Rothmans” markalı siqaret qutusunu təqdim edərək həmin siqaret qutusunun içərisində olan 12 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitəni, 04 ədəd siqaretin qızılı kağızına bükülmüş narkotik vasitəni və 01 ədəd şəffaf sellofana bükülmüş limon duzunu təqdim edərək, həmin narkotik vasitənin kokos və şüşə, yəni metamfetamin olduğunu və şəxsi istifadəsi üçün Suraxanı qəsəbəsi ərazisindən 100 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş DVD diskə keçirilmiş xx xxxxxx 2020-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs, DİN-nin ƏPÇA-nın 11-ci PB-nün polis nəfərləri Şahid1, video çəkiliş aparan Şahid2 olunun və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Bakı şəhər 8 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə Xəzər RPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Anar İsayev tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şprisi və 01 ədəd “Rothmans” markalı siqaret qutusunu təqdim edərək həmin siqaret qutusunun içərisində olan 12 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitəni, 04 ədəd siqaretin qızılı kağızına bükülmüş narkotik vasitəni və 01 ədəd şəffaf sellofana bükülmüş limon duzunu təqdim edərək, həmin narkotik vasitənin 4 kokos və şüşə, yəni metamfetamin olduğunu və şəxsi istifadəsi üçün Suraxanı rayonundan aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan Anar İsayev tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş üç ədəd 5 manatlıq pul əskinası, on iki ədəd 1 manatlıq pul əskinazı iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2000 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş,xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə cəza çəkməkdən azad olunsa da, cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün tələb olunan 2 il müddət başa çatmadığından Təqsirləndirilən şəxs törətdiyi əməl cinayətin resdivi hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə edib gəzdirməsinə dair heç bir sübut əldə edilməmiş, onun narkotik vasitənin satışı ilə məşğul olubolmamasının yoxlanılması üçün isə heç bir əməliyyat-axtarış və ya istintaq hərəkəti aparılmamış və narkotik vasitənin başqa istehlakçısı müəyyən edilməmişdir. Göründüyü kimi istintaq orqanının gəldiyi nəticə mülahizə xarakteri daşıyır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndində də qeyd olunur ki, Azərbaycan Respublikası CMin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İstintaq orqanı yalnız aşkar olunmuş narkotik vasitənin külli miqdar təşkil etməsini əsas götürərək, heç bir mötəbər sübuta əsaslanmadan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham irəli sürmüş, eyni zamanda məhkəmə istintaqı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti, yəni narkotik vasitənin satışını törətməsini təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları da ifadələrində Təqsirləndirilən şəxs komendant vaxtı icazəsi olmadığı üçün saxlanıldığını bildirmişlər. Məhkəmədə təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olması təsdiq olunmamışdır. Məhkəmə belə nəticəyə gələrkən həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsini də nəzərə alır. Həmin qanunun tələblərinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq 5 məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Qeyd edilən tövsiyələrə və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin miqdar əlaməti, onun narkotik vasitənin satış məqsədilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir. Belə məqsədin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçının olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, narkotik vasitələrin hazırlanması və bölüşdürülməsi üçün avadanlığın olması isə ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, digər müvafiq mötəbər sübutların mövcud olmadığı şəraitdə, göstərilən halda Təqsirləndirilən şəxs üzərindən 2,922 qram olan narkotik vasitə heroinin aşkar olunması ilə bağlı xüsusatlar, Təqsirləndirilən şəxs ağır cinayət əməli törətməkdə, yəni məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də, məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin yalnız qeyd edilən ölçüdə olmaqla külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış məqsədi ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib, daşıması sübut olunmamışdır. Ona görə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə yəni, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşımaya tövsif edilməli və həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətinin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsini rəhbər tutur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. 6 İş üzrə maddi sübutlar- Bakı şəhəri, Xəzər RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,802 qram olan heroin, qalıq çəkisi 0,393 qram olan psixotrop maddə metamfetamin müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 114 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Maddi sübutlar- Bakı şəhəri, Xəzər RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,802 qram olan heroin, qalıq çəkisi 0,393 qram olan psixotrop maddə metamfetamin müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərcləri 114 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar