Məhkəmə qərarları › İş №1(101)-718/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-718/2022

14.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-718/2022 14.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 1 (bir) azyaşlı uşağı olan, Bakı şəhəri, Suraxanı rayon MKTB-də süpürgəçi işləyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 2 (iki) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,328 qram və 0,671 qram, ümumi təmiz çəkisi 1,999 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda, yəni 2 (iki) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,913 qram və 1,194 qram, ümumi təmiz çəkisi 2,107 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış və 13 avqust 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında narkotik vasitələrin istifadəsində və saxlanılmasında şübhəli bilinərək saxlanılmışdir. Təqsirləndirilən şəxs Suraxanı rayon Polis İdarəsinə gətirilib üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan, üzəri gül şəkilli qısa şalvarın (şortikin) sağ yan cibindən 4 (dörd) ədəd siqaret kağızı bükümündə, yəni 2 (iki) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 1,999 qram narkotik vasitə heroin və 2 (iki) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 2,107 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrdən istifadə edən bir şəxs olsa da, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Belə ki, o, 2-3 ildir ki, narkotik vasitə kimi tanıdığı “kakosu” və “patını” çəkmək yolu ilə istifadə etmişdir. O, əvvəllər daha çox “kakosdan” istifadə etmişdir. Lakin son vaxtlar o, “patıdan”, yəni metamfetamindən istifadə etməyə başlamışdır. 13 avqust 2021-ci il tarixdə, saat təxminən 02:00 radələrində o, 1 (bir) ədəd bükümdə psixotrop maddə “patını” Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində onunla qonşuluqda yaşayan “Ramin" adlı şəxsdən öz istifadəsi üçün almış və həmin gün axşam vaxtı həmin bükümdə (çet) olan vasitəni istifadə etdikdən sonra yatmışdır. 13 avqust 2021-ci il tarixdə, təxminən saat 11:00 radələrində o, yaşadığı ünvan 3 evdə yatdığı yerdə polislər onu tutmuşlar. Polislər onu tutan vaxt o, evində yatmış və əynində gecə paltarı olmuşdur. Polislər qəfil olaraq onun yaşadığı evə daxil olmuşlar. Evə daxil olan polislər mülki geyimdə olmuşlar. Mülki geyimdə olan şəxslər onun evinə daxil olaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. O, həmin vaxt gecə paltarında olduğundan, polislərdən biri ona tez bir şortik vermiş və ondan həmin şortiki geyinərək onlarla birlikdə Polis İdarəsinə getməyə məcbur etmişdir. O, polislərlə birlikdə Polis İdarəsinə getmək istəməsə də, polislər ona narkotik vasitələrin gəzdirilməsində və saxlanılmasında şübhəli olduğunu söyləmişlər və onu zorla Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə aparmışlar. O, polis əməkdaşlarına heç bir günahının olmadığını, heç kimə narkotik vasitə satmadığını bildirsə də, ona qulaq asan olmamış və polislər onu zorla Polis İdarəsinə aparmışlar. Polis İdarəsində ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra isə polislər onun üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməsinə başlamışlar. Şəxsi axtarış keçirilən zaman onun əynində evində polis əməkdaşının ona verdiyi şortik olmuşdur. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Videoçəkilişdən əvvəl polislər ona 4 (dörd) ədəd bükümdə narkotik vasitə verərək həmin narkotik vasitələrin ona məxsus olduğunu etiraf etməyə onu məcbur etmişlər. O, buna etiraz etmiş və polislərin ona verdikləri narkotik vasitəni qəbul etmək istəməmişdir. Polislər ona demişlər ki, “əgər sən bu 4 (dörd) ədəd bükümdə olan narkotik vasitənin sənə məxsus olmasını etiraf etməsən, biz səni məhkəməyə aparacayıq və səni həbs etdirəcəyik. Bundan sonra sən birdə öz uşağını görməyəcəksən, dövlət sənin əlindən uşağı alacaq”. O da həbs edilməkdən və uşağından ayrılmaqdan qorxduğu üçün polislərin dediyi məzmunda ifadə vermişdir. Çünki onun balaca azyaşlı uşağı vardır. Uşaq onsuz qala bilmir. O, övladının yanına qayıtmaq üçün polislərin dediyi məzmunda ifadə vermişdir. O, polislərin dediyi məzmunda ifadə verdikdən sonra polislər onu məhkəməyə aparmamışlar və buraxmışlar. Əgər o, polislərin dediyi məzmunda ifadə verməsəydi, o zaman polislər onu məhkəməyə apararaq həbs etdirəcəkmişlər. O, polislərə inanaraq ona təqdim edilmiş 4 (dörd) ədəd bükümdə olan narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Etiraf etdiyinə görə də polislər onu buraxmışlar. O, heç kəsə narkotik vasitə satmamışdır. O, Polis İdarəsinə aparıldığı və orada üzərinə şəxsi axtarış aparılan zaman onun üzərində narkotik vasitə olmamışdır. Həmin narkotik vasitələri polislər onun boynuna qoyaraq onu “yükləmişlər”. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsində baş əməliyyat müvəkili vəzifəsində işləyir. 13 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri istifadə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında 13 avqust 2021-ci il tarixdə, saat 11:00 radələrində o, digər polis əməkdaşı Şahid1 ilə birlikdə ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlamışdır. Sonra onlar Təqsirləndirilən şəxs Suraxanı rayon Polis İdarəsinə aparmışlar. Polis İdarəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunan əşya və ya predmet varsa, könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qısa şortikin sağ yan cibindən 4 (dörd) ədəd siqaret kağızı bükümünü çıxararaq təqdim etmiş və həmin bükümlərin içərisindəki maddələrin “patı” və “kakos” kimi tanıdığı maddələr olduğunu bildirmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəni və psixotrop maddəni həmin gecə saat təxminən 02:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində yaşayan “Ramin” adlı şəxsdən öz istifadəsi üçün 100 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 4 (dörd) ədəd büküm götürülərək kağız zərfdə qablaşdırılmış və həmin zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin həmin vaxt sonuncunun üzərindən heç bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və protokol oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oxşar məzmunlu ifadə verməklə Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 avqust 2021ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6-7) görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı, saxlaması və istifadəsi barədə əməliyyat məlumatı daxil olduğundan onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 20) görünür ki, həmin gün X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 21) görünür ki, həmin gün X5 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 30) görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 31-32) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən onun əynində olan üzəri gül şəkilli qısa şalvarın (şortikin) sağ yan cibindən 4 (dörd) ədəd bükümdə narkotik vasitəyə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3497 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 40-43) görünür ki, tədqiqata təqdim edilmiş və üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..." yazısı olan zərfdəki 4 (dörd) ədəd bükümdə, onlardan - 2 (iki) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,328 qram və 0,671 qram, ümumi təmiz çəkisi 1,999 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 2 (iki) ədəd kağız bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,913 qram və 1,194 qram, ümumi təmiz çəkisi 2,107 qram ağ rəngli kristallardan İbarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 56-57) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 avqust 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan (cild 1, iş vərəqə 76-77) görünür ki, həmin gün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiq tərəfindən verilmiş vəsatəti müdafiə etməkdən imtina etmiş və Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 avqust 2021-ci il tarixli iltizamdan (cild 1, iş vərəqə 79) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə bağlı ondan iltizam alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 90) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 noyabr 2021-ci il tarixli Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin cavab məktubundan (cild 1, iş vərəqə 101) görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi “Ramin” adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 4560 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 102-103) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 yanvar 2022-ci il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 122-128) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi, ona həmin maddə üzrə yenidən ittiham elan edilməsi, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,899 qram təşkil edən narkotik vasitə heroinin və qalıq çəkisi 2,007 qram təşkil edən psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və saxlanılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması görüntülərini özündə əks etdirən 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 131-132) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş çıxarışdan (cild 1, iş vərəqə 181) görünür ki, 26 may 2013-cü il tarixində Təqsirləndirilən şəxs oğlu X6 anadan olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Məhkəmə iclaslarında təqsirləndirilən şəxsin müdafiə hüququ tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclaslarında onun əleyhinə əldə olunmuş sübutları, habelə ona qarşı irəli sürülmüş ittihamı bötüvlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda, məlum olmayan mənbədən, məlum olmayan çəkidə və sayı məlum olmayan bükümdə qanunsuz olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə etmişdir. Məhkəmə istintaqında onun narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əvəzli və ya əvəzsiz qaydada əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Lakin o, qanunsuz şəkildə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdikdən sonra 4 (dörd) ədəd bükümdə, yəni 2 (iki) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 1,999 qram təşkil edən narkotik vasitə heroini və 2 (iki) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 2,107 qram təşkil edən psixotrop maddə metamfetamini üzərində saxlayaraq daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanı qeyd edilən xüsusatla bağlı faktiki olaraq heç bir araşdırma aparmamış, Təqsirləndirilən şəxs kimdən, hansı tarixdə, hansı mənbədən və hansı şəraitdə narkotik vasitə və psixotrop maddəni qanunsuz şəkildə əldə etməsini müəyyən etməmişdir. Halbuki Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etməsi ilə bağlı hissədə ittiham irəli sürüldüyündən, qeyd edilən xüsusatın tam şəkildə araşdırılıb müəyyən edilməsi onun barəsində olan cinayət işi üzrə ən əhəmiyyətli məsələlərdən birini təşkil etmişdir. Belə ki, qeyd edilən məsələlərin ətraflı şəkildə araşdırılması qanunla müəyyən edilmiş qaydada ibtidai istintaqı həyata keçirən səlahiyyətli şəxsin (müstəntiqin) üzərinə qoyulmuş əsas vəzifələrdən birini təşkil edir və ibtidai istintaq orqanı tərəfindən göstərilən halların ətraflı şəkildə araşdırılması ölkədə real şəkildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilməsində müstəsna rol oynayır. Bu səbəbdən də məhkəmə bu hissədə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır və aparılmış ibtidai istintaqı natamam və qüsurlu aparılmış ilkin araşdırma kimi qəbul edir. Buna baxmayaraq, məhkəmə istintaqında Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, əldə etdikdən sonra üzərində saxlaması və daşıması, habelə 13 avqust 2021-ci il tarixdə Suraxanı rayon Polis İdarəsinin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq Suraxanı rayon Polis İdarəsinə aparılması, orada onun üzərinə şəxsi axtarış keçirilməsi və şəxsi axtarış zamanı onun əynində olmuş şortikin sağ yan cibindən 4 (dörd) ədəd bükümdə, yəni 2 (iki) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 1,999 qram təşkil edən narkotik vasitə heroinin və 2 (iki) ədəd kağız bükümdə ümumi təmiz çəkisi 2,107 qram təşkil edən psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Bundan başqa, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini kiməsə satması, ümumiyyətlə onun həmin vasitə və maddələrin “alqı-satqısı” barədə üçüncü şəxslərlə sövdələşməsi, bu məqsədlə kiminləsə danışıqlar aparması və bu qəbildən sair fəal hərəkətlər etməsi təsdiq edilməmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərinin, tutulma şəraitinin və tutulması üçün səbəblərin ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdə tutulanadək onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə və psixotrop maddə satması, narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni, hüquq mühafizə orqanları Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv, dəqiq və yoxlanılmış məlumata sahib olmamışlar. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatının daxil olduğunu bildirmişlər. Bununla da şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olmasını təqzib etmişlər. Başqa sözlə, 13 avqust 2021-ci il tarixədək əməliyyat və istintaq orqanında Təqsirləndirilən şəxs kiməsə dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddə satması barədə yoxlanılmış və dəqiq məlumat olmamışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 1,999 qram təşkil edən narkotik vasitə heroinin və 2 (iki) ədəd bükümdə külli miqdarda, yəni ümumi təmiz çəkisi 2,107 qram təşkil edən psixotrop maddə metamfetaminin aşkarlanması özüözlüyündə həmin şəxsin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını, eləcə də onun həmin vasitəni/maddəni satış məqsədi ilə əldə etməsini təsdiq etmir və edə də bilməz. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitə və psixotop maddələrin satışı ilə məşğul olması, narkotik vasitə və psixotop maddələrin satışı ilə bağlı üçüncü şəxslərlə danışıq aparması, yazışması, bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitə və psixotop maddələrin satışı ilə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri və psixotop maddələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, qeyd olunan məqsədlər üçün “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Əksinə cinayət işinə əlavə edilmiş 13 avqust 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı, saxlaması və istifadəsi barədə əməliyyat məlumatının daxil olması göstərilsə də, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid1 ifadələrində Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatının sonuncunun məhz qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və saxlaması barədə olduğunu bəyan etmişlər. Bu hissədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş 13 avqust 2021-ci il tarixində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarda göstərilmiş məlumat ibtidai istintaq zamanı toplanmış sübutlar əsasında tam şəkildə təqzib edilmişdir. Bunun əyani sübutu ondan ibarətdir ki, Təqsirləndirilən şəxs əvvəlcə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilsə və xeyli müddət məhz bu ittihamla bağlı ibtidai araşdırma davam etsə də, ibtidai istintaqın sonunda, yəni 29 yanvar 2022-ci il tarixdə qəbul edilmiş sübutların qiymətləndirilməsi barədə qərar əsasında ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli əsassız olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. Məhkəmə 29 yanvar 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarın Təqsirləndirilən şəxs əməlinin daha ağır cinayət əməlinə tövsif edilməsi hissəsində ona görə əsassız hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini daha ağır cinayət əməli ilə tövsif edilməsi nəticəsinə gəlsə də, gəldiyini nəticəni qətiyyən əsaslandırmamış, bununla bağlı mötəbər sübutları təhlil etməmiş, əksinə formal mülahizələrə əsasən səhv nəticəyə gəlmişdir. Nəticədə isə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi ilə dövlət tərəfindən yüksək təminat altına alınmış müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdar təşkil etməyən, 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 1,999 qram olan narkotik vasitə heroini və külli miqdar təşkil edən 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 2,107 qram olan psixotrop maddə metamfetamini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi, habelə 13 avqust 2021-ci il tarixdə onun üzərindən həmin vasitə və maddələrin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 1,999 qram olan narkotik vasitə heroini və külli miqdarda 2 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 2,107 qram olan psixotrop maddə metamfetamini satmaq məqsədi ilə deyil, əksinə öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Eyni zamanda cinayət işinin materiallarında olan məhkəmə-narkoloji rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qeyd edilən rəydən göründüyü kimi Təqsirləndirilən şəxs aşkar edilmiş narkomaniya xəstəliyi onun məhz opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranmışdır. Bu kimi vacib xüsusat da ona dəlalət edir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni məhz öz istifadəsi üçün qanunsuz olaraq əldə edib üzərində saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə metamfetaminin çəkisinə gəldikdə isə məhkəmə belə hesab edir ki, ümumilikdə çəkisi 4,106 qram təşkil edən vasitə/maddənin (ümumi təmiz çəkisi 1,999 qram təşkil edən narkotik vasitə heroin və ümumi təmiz çəkisi 2,107 qram təşkil edən psixotrop maddə metamfetamin) həmin vasitə və maddələrdən istifadə edən şəxsin bir neçə günlük istifadə dozasını təşkil edir. Bu səbəbdən də Təqsirləndirilən şəxs qeyd edilən çəkidə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün əldə etməsi daha ağlabatan və inandırıcıdır. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları ayrı-ayrılıqda ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən sonuncu əynində olan şortikin cibindən 2 (iki) ədəd bükümdə narkotik vasitə heroini və 2 (iki) ədəd bükümdə psixotrop maddə metamfetamini çıxararaq polis əməkdaşlarına təqdim etmiş və həmin vasitə/maddəni öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Cinayət işi üzrə şahid ifadələri kifayət qədər ciddi sübutları təşkil edir. Belə ki, şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini, eləcə də onun həmin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirərək heç vaxt narkotik vasitə və psixotrop maddələrdən istifadə etmədiyini, onun üzərinə şəxsi axtarış aparılarkən üzərində narkotik vasitə və psixotrop maddənin ümumiyyətlə olmadığını, ibtidai istintaq zamanı təzyiq altında ifadə verməyə məcbur olduğunu bildirmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaq zamanı vermiş olduğu ifadədən fərqli məzmunda ifadə verərək məsuliyyətdən yaxa qurtarmaq istəmişdir. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının zorakılığına məruz qaldığını və törətmədiyi cinayəti təzyiq altında etiraf etdiyini bildirsə də, ibtidai istintaq zamanı zorakılığa və təzyiqə məruz qalmasını bildirməmiş, qeyd edilənlərlə bağlı heç bir hüquq mühafizə orqanına, o cümlədən məhkəməyə müraciət etməmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs məhkəmə istintaqı başlananadək məhkəmə istintaqında vermiş olduğu ifadəsində göstərdiyi xüsusatlarla bağlı heç bir orqana müraciət etməmiş, istinad etdiyi pozulmuş hüquqlarının bərpasına yönəlmiş heç bir hərəkət etməmişdir. Bundan başqa, Suraxanı rayon Polis İdarəsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onun müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətdə iştirak etmək üçün müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs icazəsi və onun müdafiəçisinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şortikin cibindən 2 (iki) ədəd bükümdə narkotik vasitə heroini və 2 (iki) ədəd bükümdə psixotrop maddə metamfetamini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə dair protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Həmçinin, o, onun üzərində şəxsi axtarış aparılan zaman və sonradan ifadə verərkən heç vaxt onun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmasını, həmin vasitə və maddənin növünü və çəkisini mübahisələndirməmişdir. Qeyd edilən hallar da cinayət işinin mübahisəsiz hallarıdır. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də üzərindən aşkar edilmiş narkotik vasitə heroini və külli miqdarda psixotrop maddəni öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübutu əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edə biləcək hər hansı bir sübutu əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa, mötəbər və obyektiv sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin çəkisi, eləcə də həmin vasitə və maddələrin ümumilikdə 4 (dörd) ədəd bükümdə olması təşkil etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ilkin ifadəsində belə ondan aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olduğunu və həmin vasitə/maddələri satmaq kimi məqsədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs belə məzmunda ifadələr verməsinə baxmayaraq, ibtidai istintaq orqanı onun dəlillərini nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını təsdiq edə biləcək heç bir sübutu əldə etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil etməyən narkotik vasitə heroinin və külli miqdarda təşkil edən psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanılması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmamışdır. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də yoxlanılmamış və öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, az təminatlı ailə kateqoriyasına daxil olmasını (süpürgəçi işləməsini) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirinin tam sübuta yetirilməsinə dair məhkəmə belə hesab edir ki, ona təqsirli bilindiyi maddə üzrə cəza kimi məhz azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına nisbətdə ona daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun üzərində daha çox məhrumiyyətlər yaradacaq. Bu isə ona və onun azyaşlı uşağına, sonuncunun tərbiyəsinə mənfi təsir göstərəcək. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası onu islah etməyə kifayət edəcək. Bundan başqa, Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdən 15 avqust 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində, yəni ünvan 5-də çəkməli, cəzanın çəkildiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 22:30-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, eləcə də Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, cinayət işində olan narkoloji rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,899 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 2,007 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması görüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 avqust 2021-ci il tarixdən 15 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 5 ünvanını gecə saat 22:30-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərində saxlanılan cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatdan sonra qalıq çəkisi 1,899 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 2,007 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması görüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar