Məhkəmə qərarları › İş №1(101)-718/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-718/2024

15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-718/2024 15.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X5 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və üzərində ödənilməmiş məhkumluğu olan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Verdiyev küçəsi, ev 22də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib, daşıyaraq saxlamışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 4,730 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda təmiz çəkisi 5,457 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib saxlayaraq ünvan 1 ünvanına qədər daşımış, xx.xx.2022-ci il tarixdə, saat 20:00-da ünvan 1 ünvanının qarşısında olan zaman həmin ərazidə xidmət aparan Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Sabunçu RPİnin 13-cü PB-yə gətirilmiş, orada saat 21:20-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 4,730 qram olmaqla külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 5,457 qram olmaqla külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə Zığ bağları yaşayış massivində yerləşən evindən 2 (iki) nəfər qonşusu ilə birlikdə çıxmışdır. Onun yanında 2 (iki) nəfər məhəllə uşağı olmuşdur. Həmin vaxt o, içkili vəziyyətdə olmuşdur. 20 oktyabr 2022-ci il tarixdə Bəxtiyar adlı polis əməkdaşı digər 2 (iki) nəfər polis əməkdaşı ilə birlikdə onu saxlamışdır. Polislər onu saxladıqdan sonra ağ rəngli “Lada Granta” avtomobili ilə Sabunçu RPİ-yə aparmışlar. Sabunçu RPİ-də polis əməkdaşları onu döymüşlər. Polislər onun üzündən başqa, demək olar ki, bədəninin bütün nahiyələrinə zərbə endirmişlər. O, döyülməsi barədə Sabunçu rayon prokurorluq orqanının əməkdaşlarına da məlumat vermişdir. Daha sonra onu Sabunçu RPİ-nin 13-cü PB-nə aparmışlar və orada onu 2 (iki) gün ərzində döymüşlər. xx.xx.2023-cü il tarixədək onu Sabunçu RPİ-nin 13-cü PB-də saxlamışlar və xx.xx.2023-cü il tarixdə onu narkoloji ekspertizaya aparmışlar. Narkoloji ekspertiza zamanı onun narkotik vasitə istifadə etməsi təsdiqlənməmiş və bununla bağlı onun analiz kağızını polislərə vermişlər. Sonra polis əməkdaşları xidməti avtomobildə narkoloji ekspertizanın nəticəsi olaraq onun narkotik vasitə istifadə etməsinin təsqiqlənməməsini öz rəislərinə bildirmişlər. Rəis isə öz növbəsində polis əməkdaşlarına həmin ekspertizanın nəticəsinin məhkəməyə təqdim edilməməsini tapşırmışdır. Polis əməkdaşları onun üzərinə şəxsi axtarışı xx.xx.2022-ci ildə həyata keçirmişlər. O, saxlanıldığı zaman üzərində siqaret belə olmamışdır. Üzərindən narkotik vasitənin olmasından isə heç söhbət belə gedə bilməz. Onu Sabunçu RPİ-yə çağırarkən orada Rasim Ağayev və Bəxtiyar adlı şəxs olmuş və o, orada döyülmüşdür. Daha sonra onu Sabunçu RPİ-nin 13-cü PB-nə aparıb xx.xx.2022-ci il tarixədək orada döymüşlər. Onun üzərinə şəxsi axtarış xx.xx.2022-ci il tarixdə keçirilmiş və guya həmin vaxt üzərindən narkotik vasitə aşkar edilmişdir. Onun üzərindən aşkar olunan narkotik vasitəni ona Nurlan və Taleh adlı polis əməkdaşları öz rəislərinin əmrinə uyğun olaraq vermişlər. Narkotik vasitəni qəbul etməyəcəyi təqdirdə polis əməkdaşları onun qardaşını da cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirmişlər. Daha sonra polislər onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirəcəklərini bildirmişlər. O da, buna görə məcbur qalaraq polis əməkdaşlarının bu təklifi ilə razılaşmışdır. Sonra o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında olarkən ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə deyil, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət işinin başlandığını öyrənmişdir. Təqsirləndirilən şəxs qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmasını, saxlanılarkən üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmamasını, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülməsini, şəxsi axtarış zamanı üzərindən aşkarlanmış narkotik vasitə və psixotrop maddənin Nurlan və Taleh adlı polis əməkdaşları tərəfindən ona verilməsini, əsassız yerə saxlanıldıqdan 4 (dörd) gün sonra üzərinə şəxsi axtarış keçirilməsini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və bu səbəbdən də qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəni mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında yuxarıda göstərilən məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 2022-ci ilin oktyabr ayında o, iş yoldaşı Nurlan ilə birlikdə xidmətdə olduğu vaxt Təqsirləndirilən şəxs görüb sonuncudan şübhələnmişdir. Bundan sonra onlar həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxs bizə Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Lakin həmin vaxt Elvinin üzərində şəxsiyyət vəsiqəsi olmamışdır. Onlar Elvinə yaxınlaşan zaman sonuncu onlardan yayınmaq istəmiş və özünü bir qədər şübhəli aparmışdır. Elvinin narkotik vasitədən istifadə etməsi onlarda şübhə yaratdığı üçün onlar Elvini Sabunçu RPİ-nin 13-cü PB-nə dəvət etmişlər. 13-cü PB-də təhqiqatçının iştirakı və videoçəkiliş vasitəsi ilə Elvinin üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin əvvəlcə Elvinə üzərində qanunsuz əşya olub-olmaması ilə bağlı təhqiqatçı tərəfindən sual verilmişdir. Səhv etmirsə, Elvin üzərində olan gödəkçənin cibindən “kakos” və “metamfetamin” adlandırılan narkotik vasitələri çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkarlanan narkotik vasitələri Bülbülə qəsəbəsində tanımadığı şəxsdən 80 və ya 100 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş və məhkəmədə elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, o, Sabunçu RPİ-nin 13-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində o, ünvan 1 ünvanının yaxınlığında iş yoldaşı 13-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə xidmət aparan zaman 1 (bir) nəfər şəxsin özünü şübhəli apardığını görmüşdür. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərməklə həmin şəxin anket məlumatlarını soruşmuşlar. Həmin şəxs üzərində şəxsiyyət vəsiqəsinin olmadığını, xx.xx.1988-ci il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan və Suraxanı rayonu, Zığ bağlar massivində nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxs onlardan yayınmaq istədiyinə görə onlarda şübhə doğurmuş və narkotik maddələrin qəbulunda şübhə yaratdığından onlar həmin şəxsi Polis bölməsinə dəvət etmişlər. Həmin şəxs onlara etiraz etmədən onlarla birlikdə Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə gəlmişdir. Orada üzərinə baxış keçiriləcək şəxsin şəxsiyyəti müəyyən edildikdə, həmin şəxsin xx.xx.1988-ci il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan və Suraxanı rayonu, Zığ bağlar massivi, nömrəsiz fərdi tikilmiş evdə yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs Polis bölməsində olan zaman üzərində axtarış aparılana kimi olan müddət ərzində tərəflərindən müşahidə altında saxlanılmış, bu səbəbdən də sonradan məlum olduğu kimi üzərində olan narkotik vasitəni və psixotrop maddəni hər hansı bir üsulla özündən kənarlaşdırmağa imkanı olmamışdır. Sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq şübhəli şəxs qismində tutulmuş, bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, eləcə də üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçiriləcəyi bildirilmişdir. Lakin Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək üzərinə keçiriləcək baxış zamanı müdafiəçinin həmin baxışda iştirakından imtina etmişdir. Bundan sonra video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edildikdə, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 02 ədəd şəffaf sellofana bükülmüş bükümləri təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin 02 ədəd büküm açıldıqda, bükümün birinin içərisində ağ rəngli, kristallardan ibarət metamfetaminə bənzər maddə, digər bükümdə isə qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində psixotrop maddə “şüşə”, yəni metamfetamin və “kakos”, yəni heroin olduğunu, habelə həmin maddələri xx.xx.2022ci il tarixdə, səhər saatlarında Suraxanı qəsəbəsində adını və ünvanını bilmədiyi şəxsdən 100 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz maddə və əşya aşkar olunmamışdır. Bundan sonra baxış iştirakçılarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növü kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 14) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 15) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 25) görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 26-27) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt onun əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində ağ rəngli maddə olan bükülü və 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində qəhvəyi rəngli maddə olan bükülü aşkar edilmişdir. Sorğusual zamanı o, üzərindən aşkarlanmış bükümlərin birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu və göstərilən vasitə/maddəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Suraxanı qəsəbəsindən adını və ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün 100 manata aldığını bildirmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/6172 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 36-37) görünür ki, tədqiqata təqdim edilmiş üzərində, “Azərbaycan Respublikası DİN arayışlar üçün №60” dairəvi möhür əksi, “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,730 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla alınmış narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 5,457 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkoitk vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildirlər. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 49-50) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-895/2022 saylı qərarından (cild 1, iş vərəqə 67-72) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 7266 nömrəli ekspertiza rəyindən (cild 2, iş vərəqə 12-13) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 9- 10) görünür ki, cinayət işi üzrə əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 181.2.1 və 234.1-1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-157/2023 saylı qərarından (cild 2, iş vərəqə 29-32) görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş həmin gün xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 86-87) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, göstərilən məhkəmə hökmü xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 184-200) görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 181.2.1-ci maddələri ilə cinayət təqibinə xitam verilməsi, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə ayrıca icraata cinayət işinin ayrılması, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 231.1-1-ci maddəsi ilə cinayət təqibinin davam etdirilməsi, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 218-219) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş cavab məktubundan və ona əlavə edilmiş tibbi kitabçadan (cild 3, iş vərəqə 40-44) görünür ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçirilmiş və həmin vaxt onun üzərində xəsarət izi aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi tərəfindən verilmiş cavab məktubundan (cild 3, iş vərəqə 78) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin gün 13-cü Polis Şöbəsinə aparılmış və bu barədə Polis Şöbəsinin NHdə gətirilmiş şəxslərin qeydiyyat kitabında qeydiyyat aparılmışdır. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Probasiya İdarəsi tərəfindən verilmiş cavab məktubundan (cild 3, iş vərəqə 91) görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs üzərində saxlanılmış 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasə icra edilməmişdir. Bakı şəhəri Sabunçu rayon prokurorluğunun 36C/24 saylı cavab məktubundan (cild 3, iş vərəqə 68) görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən döyülərək xəsarət alması, o cümlədən təzyiqə məruz qalması ilə bağlı prokurorluqda araşdırma aparımış və fakt öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi tərəfindən verilmiş şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə olan dövr üzrə çıxarışından (cild 3, iş vərəqə 79-88) görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində 13-cü Polis Şöbəsinə gətirilmiş, sonradan həmin gün saat 20:45-də Sabunçu Rayon Polis İdarəsinə aparılmışdır. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-179/2022 saylı hökmündən (cild 2, iş vərəqə 89-96) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun 2 (iki) gün şübhəli şəxs qismində saxlanıldığı müddət nəzərə alınmaqla üzərində 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X1 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə və müdafiəçi vasitəsilə suallar vermiş, habelə müxtəlif vəsatətlər verərək ittihamı bütövlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə edib saxlamış və daşımışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi onun əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:00-da ünvan 1 ünvanının qarşısında olan zaman həmin ərazidə xidmət aparan Sabunçu RPİ-nin 13-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 3 ünvanında yerləşən Sabunçu RPİ-nin 13-cü PB-yə gətirilmiş, orada saat 21:20-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sol iç cibindən 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 4,730 qram olan külli miqdarda narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 5,457 qram olan külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədən tamamilə fərqli məzmunda (inkaredici) ifadə verməklə külli miqdarda narkotik vasitə heroinə və külli miqdarda psixotrop maddə metamfetaminə aidiyyətinin olmamasını, ittiham aktında göstərildiyi gün tutulmamasını, bunun əksinə xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən tutulmasını, tutularkən və 13-cü Polis bölməsinə aparıldıqdan sonra polis əməkdaşlarının fiziki təzyiqinə məruz qalmasını, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində külli miqdardan narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin olmamasını, polis əməkdaşlarının fiziki təzyiqi nəticəsində ona aid olmayan külli miqdarda narkotik vasitə və psixotrop maddənin ona məxsus olmasını etiraf etməsini, təzyiqə dözməyərək polislərin dediyi məzmunda etirafedici ifadə verməyə razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə tutuldugu vaxtı (xx.xx.2022-ci il tarixdə tutulduğunu iddia etmiş) və şəraiti mübahisələndirsə də, iddia etdiyi hallarla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir (saxlanılarkən üzərində mobil telefon olmadığından məhkəmənin təşəbbüsü ilə anten məlumatlarının götürülməsi mümkün olmamış, müdafiə tərəfi Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmasını təsdiq edə biləcək şəxslərin dindirilməsi ilə bağlı məhkəmədə vəsatət verməmişdir). Bu səbəbdən də Təqsirləndirilən şəxs iddia etdiyi kimi xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb-saxlanılmamasını müəyyən etmək məqsədi ilə məhkəmə tərəfindən sorğular verilmiş və həmin sorğulara cavab olaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi tərəfindən verilmiş şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat kitabının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə olan dövr üzrə çıxarışdan müəyyən edilmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində 13-cü Polis Şöbəsinə gətirilmiş, həmin gün saat 20:45-də isə Sabunçu Rayon Polis İdarəsinə aparılmışdır. Başqa sözlə, Təqsirləndirilən şəxs iddia etdiyi kimi onun xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq 13-cü Polis şöbəsinə aparılması öz təsdiqini tapmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qaldığını iddia etdiyindən qeyd edilən hissədə məhkəmə tərəfindən araşdırma aparılmış və əldə edilmiş tibbi kitabçadan məlum olmuşdur ki, o, saxlanılması üçün istintaq təcridxanasına təhvil verilərkən üzərində hər hansı xəsarət izinin olması barədə səlahiyyətli şəxs tərəfindən heç bir qeydiyyat aparılmamışdır. Beləliklə də, Təqsirləndirilən şəxs məhkəmədə yalan ifadə verməsi və iddia etdiyi halların həqiqəti əks etdirməməsi təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs aid tibbi kitabça əldə edilib məhkəmədə araşdırılarkən müəyyən edilmişdir ki, o, saxlanıldığı istintaq təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçsə də, həmin vaxt onun üzərində hər hansı bir xəsarət aşkar edilməmiş, eləcə də xəsarət izinin aşkarlanması ilə əlaqədar müvafiq qeydiyyat aparılmamışdır. Bu hissədə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına təhvil verilərkən üzərində xəsarətin olmasını və tutularkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə, işgəncəyə və digər formada qeyri-insani rəftara məruz qalmasını bildirməmiş, eləcə də ibtidai istintaqın sonunadək bu barədə heç bir səlahiyyətli orqana müraciət etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulması, uzun müddət ərzində ibtidai araşdırma aparılması, bu müddət ərzində onun əməlinin əvvəlcə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, sonradan Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmasına baxmayaraq, o, ibtidai araşdırma zamanı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək törətmiş olduğu cinayət əməli barədə ətraflı məlumat vermişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs barəsində uzun müddət ərzində ibtidai araşdırma aparılmasına baxmayaraq, o, külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetaminin ona məxsus olmamasını, eləcə də polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalmasını bildirməmişdir. O, ilk dəfə bununla bağlı dəlillərini məhkəmədə irəli sürmüş, məhkəmə isə bu hissədə araşdırma aparmaqla, onun iddia etdiyi halların həqiqət olmamasını müəyyən etmişdir. Belə olduğu təqdirdə Təqsirləndirilən şəxs iddia etdiyi kimi onun xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılması və saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması hallarını məhkəmədə müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs iddia etdiyi halları yoxlayıb və iddia olunan halların həqiqət olmaması nəticəsinə gələrək hesab edir ki, o, məhkəmədə yalan ifadə verərək qanunsuz əməllərinə haqq qazandırmaq və bununla da cinayət məsuliyyətindən yayınmaq məqsədi güdmüşdür. Təqsirləndirilən şəxs həbs edildikdən sonra saxlanıldığı istintaq təcridxanasına təhvil verilərkən üzərində xəsarətin aşkar edilməsi ilə bağlı qeydiyyatın aparılmaması, habelə döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməməsi onun iddia etdiyi halların həqiqət olmasını istisna edir. Beləliklə, məhkəmə belə nətiəcəyə gəlir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallar, yəni onun polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saxlanılması, saxlanılan zaman üzərində külli miqdarda narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin olmaması, saxlanılarkən və bundan sonrakı müddət ərzində polis əməkdaşları tərəfindən döyülməsi və sair formada işgəncəyə məruz qalması halları baş verməmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal/hallar müəyyən edilmədi. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(010)-179/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsə və üzərində çəkilməmiş cəza olduğu halda yenidən qəsdən cinayət törətsə də, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyindən bu hal cinayətlərin residivini yaratmır. Bu səbəbdən də onun cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivi yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətlərin residivini yaratmır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin çəkisini, ailədə yeganə qazanc gətirən şəxs olmasını və əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb edilməsini, həmin maddə ilə ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsini, bi cəzanın onu islah etməyə kifayət etməməsini məcmu halda nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(010)-179/2022 saylı hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı iş üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 24 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan narkoloji rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,630 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 5,357 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarışın keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və həmin maddə ilə ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(010)-179/2022 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə hökmlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət qəti cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 24 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,630 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 5,357 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarışın keçirilməsini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Azad Məcidov Səbinə Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar