Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-718/2025 10.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun üzvü Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan təmiz çəkisi 3,217 qram olmaqla külli miqdarda narkotik vasitə sayılan heroin əldə edib, üzərində saxlayıb daşımaqla Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,217 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29 avqust 2024-cü il tarixdə saat 16:50-də Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 87 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 3,217 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli əməliyyat raportuna, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara, 3-13-51/Ə315/2024 nömrəli əmrə və əməliyyat raportuna əsasən etimad doğuran, məlum, qərəzsiz mənbədən xx.xx.1969-cu il tarixdə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, ev 93, mənzil 11 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid3 və xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Nəsimi Rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin əməkdaşları Şahid1, Şahid2 və X2 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs və Şahid3 xx.xx.2024-cü il tarixdə saat 16:50-də ünvan 5 ünvanın qarşısında saxlanılmış və həmin vaxt şəxsi axtarışın aparılmasına şərait olmadığına görə onlar Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqi 4; 6; 7-8; 9- 10;)
4. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş şəxsi axtarış və götürmə haqqında tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokol və ona əlavə olunmuş diskdən görünür ki, Şahid3 barəsində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl bu barədə tərtib olunmuş qərarla tanış edilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi Şahid3 təklif edilmişdir. Bundan sonra Şahid3 qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli toz səkilli maddəni olan bükümü, qara rəngli idman şalvarının sol yan cibindən “Redmi 7” markalı mobil telefonu, qolunda olan “Tissot” markalı qol saatını, 07 manat pulu və qara rəngli pul qabının içərisində “Bakı” kartı, **********212234 nömrəli bank kartını, sürücülük vəsiqəsini, “Volkswagen” markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə aid texniki pasportu masanın üzərinə qoymaqla təqdim etmiş, üzərindən başqa heç nə aşkar olunmamışdır. Şifahi sorğu zamanı Şahid3 cibindən çıxararaq təqdim etdiyi təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər maddəni polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl “Sovetski” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi məqsədilə alıb üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl bu barədə tərtib olunmuş qərarla tanış edilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli toz şəkilli maddəni olan bükümü çıxarıb masanın üzərinə qoymuş, qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd “Honor” markalı mobil telefonu, “Vinçestr” markalı siqareti, iki ədəd “Bakı” kartı və 04 manat pulu masanın üzərinə qoymaqla təqdim etmiş, üzərindən başqa heç nə aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs cibindən çıxararaq təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər maddəni polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 50 manata şəxsi istifadəsi məqsədilə alıb üzərində gəzdirdiyini bildirmişdir. Şahid3 üzərindən aşkar olunmuş, 01 ədəd ağ şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddələr bir ədəd kağız zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 186 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, 01 ədəd ağ şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddələr bir ədəd kağız zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 186 saylı möhürü ilə möhürlənib götürülmüşdür. (Cild 1, iş vərəqi 52-54)
5. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4383 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: -Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd şəffaf sellofana bükülmüş...(imza)...” yazıları olan zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 3,217 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 3,217 qram olmuş, 0,1 qram tədqiqata sərf edildikdən sonra 3,117 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təşkil edir. (Cild 1, iş vərəqi 83- 88)
6. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1188 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı xx.xx.2024-cü il tarixdə yetirilməyə uyğun xəsarət aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 245-246)
7. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5962 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (Cild 1, iş vərəqi 206-207)
8. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqi 39, 40)
9. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 140)
10. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” və “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, həmin tarixdə Əliyev X9 Rayon Polis İdarəsinin X6n azad edilmiş və barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqi 172-174; 180)
11. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Maddi sübutun tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 3,217 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,117 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin saxlanması üçün Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqi 186)
12. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs məxsus “Honor” markalı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. (Cild 1, iş vərəqi 222)
13. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş Binəqədi Rayon İcra Hakimiyyətinin Binəqədi qəsəbəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 1640 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. (Cild 1, iş vərəqi 232)
14. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə bağlı məlumatları özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. (Cild 2, iş vərəqi 19)
15. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi, əmələ hüquqi qiymətin verilməsi və cinayət işinin ayrılması haqqında və iş üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, müvafiq istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sənədlər sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması zamanı aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 3,217 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 3,117 qram heroinin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi nəzərə alınmış, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə sübut kimi tanınmışdır. Bundan əlavə, hazırki cinayət işindən təqsirləndirilən şəxs Şahid3 barəsində CM-in 234.1-ci maddəsi ilə ayrıca cinayət işinin ayrılması qərara alınmışdır. (Cild 2, iş vərəqi 24-39)
16. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, hazırkı cinayət işindən Şahid3 Seyfalpaşa oğlunun barəsində CM-iin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (Cild 2 iş vərəqi 41-43)
17. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Lakin bununla bağlı reabilitasiya mərkəzində müalicə olunub tərgitmişdir. Son 10 gün olar ki, yenidən narkotik istifadə etməyə başlamışdır. 29 avqust 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhərində "Kubinka" deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 50 manat verməklə bir ədəd sellofan bükümdə narkotik vasitə heroin almışdır. O, həmin şəxsdən aldığı heroini əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. Həmin gün tanışı olan Şahid3 ad günü olduğundan sonuncu ilə görüşüb birlikdə narkotik vasitə qəbul edəcəkmişlər. Elşəni təxminən 5-6 il əvvəllər narkomaniyadan müalicə ilə bağlı “Semaşko” xəstəxanasına gedib metadon suyu qəbul edərkən tanımışdır. Elşən də həmin vaxt narkomaniyadan müalicə olunmaq üçün metadon proqramı qəbul etmişdir. 29 avqust 2024-cü il tarixdə saat 16:50 radələrində tanışı Şahid3 Seyfalpaşa oğlu ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 87 ünvanının yaxınlığında olan zaman mülki geyimli şəxslər onlara yaxınlaşmış, həmin şəxslər özlərini təqdim etdikdən sonra onların hərəkətlərinin şübhəli olduğunu bildirərək, onları Nəsimi RPİ-nin inzibati binasında otaqlardan birinə dəvət etmişlər. Polis İdarəsində ona və Etibara dövlət hesabına vəkil təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşlar. Sonra onlara izah edilməklə vəkilin və polis əməkdaşlarının iştirakları ilə xidməti otaqda üzərlərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Xidməti otaqda olarkən Şahid3 üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Şahid3 ilk öncə əynindəki qara rəngli şalvarın cibində bir ədəd şəffaf selofana bükülmüş, içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan bükümü çıxarıb masının üzərinə qoymuşdur. Sonra Şahid3 qara rəngli idman şalvarının sol yan cibindən “Redmi 7” markalı mobil telefonu, qolundakı “Tissot” markalı saatı, 7 manat pulu və qara rəngli pul qabının içərisində “Bakı” kartı, **********212234 nömrəli bank kartını, özünə məxsus sürücülük vəsiqəsini, “Volkswagen” markalı avtomobilə aid qeydiyyat şəhadətnaməsini masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca Şahid3 şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabıları çıxarması təklif edilmiş, sonuncu deyilənləri etmiş, lakin üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra Şahid3 təqdim etdiyi əşya və maddələrə baxış keçirilmiş, təqdim olunan 01 ədəd bükümə baxış keçirilən zaman şəffaf sellofana bükülü halda olmaqla içərisində tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Şahid3 təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər maddəni polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl “Sovetski” adlanan yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 50 manata öz istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bilidirmişdir. Şahid3 üzərindən aşkar edilmiş 01 ədəd ağ şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddə müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-in 186 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən həmin qablaşdırmanın üzəri imzalanmışdır. Sonra ona üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş, o da masaya doğru yaxınlaşıb ilk olaraq əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş, qəhvəyi rəngli toz şəkilli maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra şalvarının sol yan cibindən “Honor” markalı mobil telefonu, “Vincester” markalı siqareti, iki ədəd “Bakı” kartı və 4 manat pulu masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca ona şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmiş, o da deyilənləri etmiş, lakin üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra onun təqdim etdiyi əşya və maddələrə baxış keçirilmiş, 01 ədəd bükümə baxış keçirilən zaman şəffaf sellofana bükülü halda olmaqla içində tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı o, təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər maddəni polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl “Kubinka” adlanan yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 50 manata özünün istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bilidirmişdir. Onun üzərindən aşkar edilmiş 01 ədəd ağ şəffaf sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər maddə müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün 01 ədəd kağız zərfdə qablaşdırılaraq DİN-in 186 saylı möhürü ilə möhürlənmiş və həmin qablaşdırmanın üzəri bütün iştirakçılar tərəfindən imza edilmişdir. Ondan aşkar edilmiş “Honor” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün saxlanılmış, “Wincester” markalı siqareti, iki ədəd “Bakı” kartı və 4 manat pulu özünə qaytarılmışdır. Onun və Elşənin üzərinə keçirilmiş şəxsi axtarış başa çatmış və videoçəkiliş dayandırılmışdır. Bundan sonra baxış keçirilməsinin nəticəsinə dair protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, protokol düzgün tərtib edilməsi imzalarla təsdiq edilmişdir. 29 avqust 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən Nəsimi Rayon Polis İdarəsinə gətirilərkən və həmin polis idarəsində olduğu zaman ona qarşı heç bir zorakılıq olmamışdır. Həmin narkotik vasitədən istifadə etməmişdir. Ona narkotik vasitəni satmış şəxsin heç bir məlumatını bilmir. Həmin şəxslə təsadüfi rastlaşmışdır. Həmin şəxsi narkotik istifadəçisi kimi üzdən tanıyırmış. Lakin harda qaldığını, adını və telefon nömrəsini bilmir. O, yaşadığı mənzildə və başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamamışdır. Arada bir istifadə etdiyi zaman üzərində gəzdirmişdir. Şahid3 şəxsi axtarış və götürmə zamanı üzərində aşkar edilən narkotik vasitəni onunla eyni şəxsdən almamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman həm Elşənin, həm də onun cibində narkotik vasitə olmuş, həmin narkotik vasitələri çəkiliş zamanı təqdim etmişlər. Əvvəllər Elşənlə bir yerdə narkotik vasitə və psixotrop maddə qəbul etmişlər. O, saxlanılana qədər ***-***-**-** saylı mobil nömrəni işlətmişdir.
18. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamaqla aralarında ədavət və düşmənçilik olmamışdır. 28 avqust 2024-cü il tarixdə saat 17 radələrində Nəsimi Rayon Polis İdarəsinə Etibar və Elşən adlı şəxslərin Nəsimi rayonu ərazisində narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun rəhbəri o, qrup üzvləri Şahid2 və Heydər Rzayev olmuşdur. Etibar və Elşən adlı şəxslər saxlanılaraq Bakı şəhəri Nəsimi Rayonu Polis İdarəsinə gətirilmiş, təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxslərin üzərinə baxış keçirilən vaxt onların üzərindən narkotik vasitə olan heroin aşkar edilmiş, aşkarlanmış narkotik vasitələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid1 ifadəsində həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış istintaq hərəkətində iştirak etmiş, Təqsirləndirilən şəxs saxlanılan vaxt polis əməkdaşlarına qarşı müqavimət göstərməmiş, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs heç bir fiziki və psixi zorakılıq edilməmiş, Təqsirləndirilən şəxs narkotik vasitəni könüllü şəkildə təqdim edərək şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirmiş, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs təqdim etməsi üçün əlavə heç bir kütlə təqdim olunmamış, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 87 ünvanında saxlanılmış, saxlanılan vaxt Təqsirləndirilən şəxs idman şalvarı geyinməsini xatırlamış, həmin vaxt Təqsirləndirilən şəxs yanında Elşən adlı şəxs olmuş, narkotik vasitə Təqsirləndirilən şəxs şalvarından aşkar olunmuş, narkotik vasitənin Təqsirləndirilən şəxs şalvarının hansı cibində olduğunu xatırlamamış, Təqsirləndirilən şəxs 3 nəfərdən ibarət əməliyyat qrupu tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə yalan söyləmiş, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş və həmin ifadədə olan imzaların ona məxsus olduğunu bildirmişdir.
19. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 Şahid1 məhkəmə iclasında verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək Təqsirləndirilən şəxs üzərindən ittihamda qeyd edilən çəkidə narkotik vasitə heroin aşkarlandığını bildirdi.
20. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımaqla aralarında ədavət və düşmənçilik olmamışdır. 29 avqust 2024-cü il tarixdə ad gününü qeyd etmək məqsədilə dostu Təqsirləndirilən şəxslə Nəsimi rayonu ərazisində görüşmək barədə razılığa gəlmiş, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 87 ünvanında yerləşən Araz marketdən çıxan vaxt bir neçə polis əməkdaşı ona yaxınlaşaraq söyüşlü şəkildə orada nə etdiyini soruşmuş, o, həmin polis əməkdaşlarına yaşlı kişi olduğunu, onunla söyüşlə danışmamalı olduqlarını söyləyən vaxt onu döyə-döyə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə aparmış, həmin idarəyə aparıldıqdan 30 dəqiqə sonra Təqsirləndirilən şəxs idarəyə gətirilmiş, həmin vaxta qədər artıq o, şiddətli şəkildə döyülmüş və bədəninə elektrik verilmiş, Təqsirləndirilən şəxs də idarəyə gətirdikdən sonra onlara videoçəkiliş vaxtı təqdim edilən narkotik tərkibli maddələri üzərilərinə götürmək tələb edilmiş, onlar da məcbur qalaraq polis əməkdaşlarının dedikləri hər şeyi etmişdir. Şahid3 ifadəsində həmçinin bildirmişdir ki, polis əməkdaşları onun cinsiyyət orqanını elektrikə verdiklərindən məcbur qaldığı üçün narkotik tərkibli maddələri üzərinə götürmüş, cinsiyyət orqanındakı zədə ilə bağlı həkim rəyi olmuş, həmin rəyi məhkəməyə təqdim etmiş, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə 2 dəfə məhkum edilmiş, sonuncu dəfə 2011-ci ildə azadlığa çıxmış, hazırda Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində cinayət işinin olmuş, onun narkoman olduğunu bildikləri üçün polis əməkdaşlarının onunla şəxsi qərəzi olmuş, proqramlı şəkildə metadon suyu içmiş, polis əməkdaşlar onu şiddətli şəkildə döymüş, Təqsirləndirilən şəxs də bir-iki sillə vurmuş, üzərlərində narkotik tərkibli maddə olmamış, polis əməkdaşları onları yükləmiş, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etməmiş, barəsində Bakı şəhəri Nəsimi rayon Məhkəməsində olan cinayət işində yekun məhkəmə aktı çıxarılmamış, saxlanılan vaxt üzərindəki mobil mobil telefonda ***-***-**-** saylı mobil nömrə olmuşdur.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
21. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, onun daxili orqanlarında problem olduğundan o, dövlət tərəfindən rəsmi qaydada metadon ilə təmin olunmaqla hər il qeydiyyata alınır. 29 avqust 2024-cü il tarixdə günorta saatlarında onunla birlikdə metadon suyu ilə dövlət tərəfindən rəsmi qaydada təmin olunan Elşən adlı şəxslə Amerika Səfirliyinin yanında görüşərək hər hansısa bir restoranda oturub çay içmək qərarına gəlmiş, bununla əlaqədar sözləşdikləri yerə gedən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilmişdir. İdarəyə girən zaman görüşəcəyi Elşən adlı şəxsin də orada olduğunu, polis əməkdaşları tərəfindən sonuncuya elektrik verməklə işgəncə verildiyini görmüşdür. Polis əməkdaşları onlara verdikləri narkotikləri üzərlərinə götürmədikləri təqdirdə onların üzərinə kiloqramlarla narkotik tərkibli maddə qoyacaqlarını söyləmiş, narkotik tərkibli maddələri birinin “Sovetski”-dən, digərinin isə “Kubinka”-dan əldə etdiyini söyləməli olduqlarını bildirmiş, ona da elektrik verərək işgəncə verdiklərindən o da məcbur qalaraq ona deyiləni təkrarlayıb narkotik tərkibli maddənin özünə məxsus olduğunu söyləmişdir. Təqsirləndirilən şəxs A.Təqsirləndirilən şəxs həmçinin ifadəsində bildirmişdir ki, o, əvvəllər məhkum edilməmiş, polis əməkdaşlarının onunla şəxsi qərəzi olmamış, polis əməkdaşları ona işgəncə vermiş, polis əməkdaşlarının ona işgəncə verməsi ilə bağlı prokurorluğa şikayət etməmiş, şikayət etməməsinə səbəb onu saxlayan “Orxan” adlı polis əməkdaşının ona “get hara şikayət edirsənsə, et, mənim atam prokurordur, heç kim mənə heç nə edə bilməz” məzmununda sözlər demiş, ibtidai istintaqdakı ifadəsini təzyiq altında vermiş, istintaqdakı ifadəsi latın qrafikalı əlifba ilə yazıldığından həmin ifadəni oxuya bilməmiş, onun hüquqlarını müdafiə etmək məqsədilə təyin olunan müdafiəçi də ifadəni ona oxumamış, polis əməkdaşları onun gözü qarşısında həmin müdafiəçiyə 20 manat məbləğində pul verib göndərmiş, o, əvvəllər narkotik tərkibli maddə marixuana istifadə etsə də, hazırda narkotik tərkibli maddələrdən istifadə etməmiş, xəstəliklə bağlı 2-3 ildir ki, müalicə almış, polis əməkdaşları onu Amerika Səfirliyinin yanında günorta saat 1-2 radələrində saxlasa da, üzərinə baxış videoçəkiliş vasitəsilə gecə saat 11-12 arasında aparılmış, həmin videoçəkilişdə müdafiəçi iştirak etmiş, polis əməkdaşları gecə zəng vuraraq 2 vəkil çağırmış, ona işgəncə verən polis əməkdaşlarını tanımış, 29 avqust 2024-cü il tarixdə günorta saat 1-2 radələrində Elşənə zəng vurmuş, onu saxlayan polis əməkdaşları 4 nəfərdən ibarət olmuş, o, piyada şəkildə Elşəni gözləyən zaman polis əməkdaşları onu saxlamış, 29 avqust 2024-cü il tarixi Elşənin ad günü olduğuna görə sonuncu ilə Amerika Səfirliyinin yanında görüşmək istəmiş, polis idarəsinə aparılana qədər ona hansı səbəbdən saxlanıldığı söylənilməmiş, saxlanılan vaxt üzərinə baxış keçirilməmiş, ibtidai istintaqdakı ifadə ona mənə məxsus olsa da işgəncəyə məruz qalması səbəbindən məcbur şəkildə həmin ifadəni verərək imzalamış, Elşən adlı şəxslə eyni vaxtda polis əməkdaşları tərəfindən saxlanılmış və videoçəkilişdə ikisinin də üzərinə eyni vaxtda polis əməkdaşları tərəfindən baxış keçirilmişdir.
22. Müdafiə tərəfi təqsirləndirilən şəxsin qardaşı X8 şəhid olmasına, təqsirləndirilən şəxsin digər qardaşı X7 və atasının vəfat etməsinə, anasının xəstəliyinə dair sənədləri məhkəməyə təqdim etmişdir.
23. Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 51/2-50829/24 nömrəli məktubu və ona əlavə edilmiş “X6 saxlanılan şəxslərin uçotu” kitabının və “Tibbi müayinənin keçirilməsi və Tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabının kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə həmin Polis İdarəsinin Müvəqqəti saxlama yerinə daxil olmuş, daxil olan zaman Təqsirləndirilən şəxs həkim müayinəsindən keçirilmiş və heç bir xəsarət aşkar olunmamışdır.
Hüquqi məsələlər:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
24. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
25. Maddə 15.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.
26. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
27. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
28. Maddə 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.
29. Maddə 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs bu vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.
30. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
31. Maddə 62.1. cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.
32. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır.
33. CM-in 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
34. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
35. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
36. Maddə 125.8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
37. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
38. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
39. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
40. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
41. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
42. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, narkotik vasitə heroinin təmiz halda 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
43. Maddə 1.0.1. narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir).
44. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
45. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
46. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
47. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
48. Qərarın 26-cı bəndi. CPM-in 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Avropa Məhkəməsinin president hüququ:
49. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı
50. Qərarın 16-cı bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.1-1-ci maddəsində həmin Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir.
51. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
52. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin miqdarı və digər sübutlar narkotik vasitənin satış məqsədi olmadan əldə edilməsinə dəlalət edir.
53. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (hökmün 4; 5-ci bəndləri) həmin hərəkətlərin nəticələri, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi, onun məhkəmə baxışı zamanı ittihama uyğun məzmunda verdiyi ifadəsi, şahid ifadələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
54. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: hökmün 5; 42-ci bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
55. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi olmadan narkotik vasitəni əldə etmə, saxlama və daşımaya görə verilmiş ittiham əsaslıdır. Belə ki, işdə olan sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs külli miqdarda, yəni 3,217 qram narkotik vasitəni satış məqsədi olmadan əldə edib, üzərində saxlamaqla daşımışdır.
56. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin külli miqdar təşkil etməsini iş üzrə toplanmış digər sübutlarla məcmu halda qiymətləndirərək hesab edir ki, o, külli miqdarda narkotik vasitə heroini məhz satış məqsədi olmadan əldə etmişdir.
57. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs saxlanılan vaxt üzərində narkotik vasitə aşkar edilmədiyini, narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, metadon suyu içdiyini, ona qarşı fiziki və psixoloji təsir göstərildiyini, döyüldüyünü bildirmişdir.
58. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, nə özü, nə vəkili və nə də başqa şəxslər bildirməmiş, Müvəqqəti saxlama yerinə daxil olarkən üzərində hər hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmiş, həmin dəlilləri ancaq məhkəmədə bildirmişdir.
59. Belə ki, Nəsimi RPİ-nin Müvəqqəti saxlama yeri tərəfindən tərtib edilmiş 30 avqust 2024-cü il tarixli aktdan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncuda xəsarət aşkar edilməmişdir. Göründüyü kimi, tutulduğu zaman ona fiziki zorakılıq edilməsi ilə bağlı hər hansı məlumat verməmiş, bunu mübahisələndirməmişdir. Psixi zorakılıq isə, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
60. Nəzərə almaq lazımdır ki, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.
61. Məhkəmə bir halı qeyd etməyi zəruri bilir ki, Şahid3 Təqsirləndirilən şəxs ilə yaxın münasibətdə olmasını, onunla birlikdə saxlanılmasını nəzərə alıb Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik tərkibli maddənin olmamasını bildirməsini işin faktiki halları ilə ziddiyət təşkil edən ifadə kimi qiymətləndirir və həmin ifadənin qeyri-səmimi olduğunu nəzərə alır.
62. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.
63. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
64. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır. (hökmün 24; 26; 27; 28; 29; 30; 31-ci bəndləri)
65. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqi 203)
66. CM-in 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, ailəsinin vəziyyətini, Təqsirləndirilən şəxs qardaşı X8 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmasını, atası və digər qardaşının da vəfat etməsini, anasının diabet və hipertoniya xəstəliklərindən əziyyət çəkməsini, onun şəhid ailəsinin üzvü olmasını, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı davranışını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir.
67. Məhkəmədə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
68. Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi üzrə məsələ həll edilərkən cəzanı yüngülləşdirən hala və ya bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənilməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsi göstərilməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olması əsaslandırılmalıdır.
69. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli qanuna ziddir.
70. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərkən onun ittiham olunduğu maddənin sanksiyasında, yəni Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulmasına baxmayaraq, qanunvericiliyin tələbləri baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini, eyni zamanda təqsirləndirilən şəxsin barələrində olan cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də məcmu halında nəzərə alır.
71. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə məqsəd və motivini, cinayətin törədilməsində rolunu, sonrakı davranışlarını, təqsirləndirilən şəxsin qardaşı X8 1-ci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmasını, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamasını, ailəsinin vəziyyətini, atası və digər qardaşının da vəfat etməsini, anasının diabet və hipertoniya xəstəliklərindən əziyyət çəkməsini, onun şəhid ailəsinin üzvü olmasını, məhkəməyədək icraat və məhkəmə baxışı zamanı davranışını, təqsirləndirilən şəxsin özünün səhhətinin vəziyyətini, təyin ediləcək cəzanın ona və ailəsinin həyat şəraitinə, anasının səhhətinə mənfi təsirini, barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozmamaqla, məhkəmə iclaslarına vaxtında gəlməsini, “Respublika Narkoloji Mərkəzi” X11 xx.xx.2024-cü il tarixli sertifikatına əsasən, təqsirləndirilən şəxsin narkotik vasitədən müalicə yoluna qədəm qoymaqla əvəzedici terapiya proqramına qoşulmasını törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmaqla həmin hallar, eləcə də hökmün təsviri hissəsində göstərilmiş yüngülləşdirici hallar həm ayrı-ayrılıqda, həm də bütövlükdə müstəsna xarakterə malikdir. (hökmün 66-cı bəndi)
72. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs barəsində törətdiyi cinayət əməlinə münasibətdə CM-in 62-ci maddəsi tətbiq edilməli, ona təqsirli bilindiyi maddələrin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü, yəni azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.
73. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X3rşı, § 26).
74. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü, yəni azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi CM-in cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə də uyğundur.
75. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin.
76. Məhkəmə cəzanın həddi ilə bağlı məsələni də müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 52-1-ci maddəsində müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının ən yuxarı həddində, yəni beş il həddində təyin edilməsi cəzanın məqsədinə nail olunması prinsiplərinə zidddir.
77. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, hər bir təqsirləndirilən şəxsin cinayətin törədilməsini rolunu, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların mövcudluğunu, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü, yəni azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. (hökmün 66; 67-ci bəndləri)
78. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi əsası ilə azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqi 40; 172-174; 180-183)
79. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 3 (üç) gün müddətə şübhəli şəxs qismində tutularaq saxlanılmışdır.
80. Məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 03 (üç) gün müddət bir günə iki gün hesabı ilə cəmi 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmalı və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır.
81. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun üzərinə təbii fəlakət və sair fövqəladə hallarla əlaqədar mənzili tərk etmək və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla, yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən mənzili saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.
82. Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı gündən hesablanmalıdır.
83. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
84. İş üzrə mülki iddia, həbs edilməli və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
85. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 3,117 qram heroin məhv edilməlidir. Digər maddi sübut – təqsirləndirilən şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. (hökmün 37-ci bəndi)
86. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. (hökmün 7-ci bəndi)
87. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə məsrəfinin ½ hissəsi, yəni 40 (qırx) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. (hökmün 41-ci bəndi)
88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 03 (üç) gün müddət bir günə iki gün hesabı ilə cəmi 06 (altı) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə təbii fəlakət və sair fövqəladə hallarla əlaqədar mənzili tərk etmək və xəstəliyi ilə əlaqədar həkimə müraciət etmək halları istisna olmaqla, yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən mənzili saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 40 (qırx) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,117 qram təşkil edən heroin məhv edilsin. Şəxsi axtarış və götürmə aparılması videosunu özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova