Məhkəmə qərarları › İş №1(101)-720/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-720/2021

01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-720/2021 01.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1960-cı il tarixdə Yardımlı rayonunun Gendərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Gendərə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, 09 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin 10 oktyabr 2020-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 09 oktyabr 2020-ci il tarixdə səhər saatlarında Yardımlı rayonu, Gəndərə kəndi ərazisində şəxsiyyəti məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1075 qram çəkidə narkotik vasitə heroini və 1005 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, həmin tarixdə saat 12:00-da Sumqayıt şəhəri, Koroğlu prospektində yerləşən «LİNKOİL» yanacaq doldurma məntəqəsinin yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhər Polis idarəsinin 4-cü Polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış aparılarkən sağ əlində saxladığı narıncı rəngli polietilen torbanın içində olan 1 bükümdə 1075 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 bükümdə 1005 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 09 oktyabr 2020-ci il tarixdə səhər saatlarında yaşadığı Yardımlı rayonu Gendərə kəndində həmin kənd sakini «həkim» təxəllüslü Şahid4 polietilen torbanın içində olan 1 bükümdə heroin və 1 bükümdə metamfetamini götürmüşdür. Rüstəm ona demişdir ki, həmin bükümləri Sumqayıt şəhərində onun dediyi yerə qoymaq lazım olacaq və bunu edərsə, Gendərə kəndinə qayıdanda ona 1000 manat pul verəcəkdir. Rüstəmin dediyinə görə, onun Sumqayıtdan qayıtmasını Yardımlı rayonunda gözləyəcək və narkotik vasitələri götürəcək şəxs onları götürəndən sonra bu barədə ona xəbər etdikdən sonra həmin 1000 manatı ona verəcəkdir. O da, Rüstəmin təklifi ilə razılaşmış və ona verilən narkotik vasitələri deyilən yerə çatdırmağa razılaşmışdır. 09 oktyabr 2020-ci il tarixdə saat 12 radələrində o, Sumqayıt şəhərinə çatmış və Koroğlu prospektində yerləşən «Linkoil» yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkət edərkən sonradan Baş Narkotiklərlə mübarizə idarəsinin əməkdaşı olduğunu bildiyi mülki geyimli şəxslər onu saxlamışlar. Ona hansı səbəbə saxlanılması izah olunmuş, sonra onu Sumqayıt şəhəri 4-cü Poldis bölməsinə dəvət etmişlər. Orada müdafiəçi ilə təmin olunaraq, ona hüquqları izah olunmuş və üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Bu zaman o, sağ əlində saxladığı narıncı rəngli polietilen torbanın içindən 1 büküb heroini və 1 büküm metamfetamini polis işçilərinə təqdim etmiş, həmçinin ona məxsus «Samsung» markalı mobil telefon da götürülmüşdür. Lakin o, narkotik vasitələrin satışı ilə məşğul olmamış və satışdan hər hansı qazancı olmamışdır. Saxlanılarkən, eləcə də polis bölməsində ona qarşı heç bir təzyiq göstərilməmiş, hər şeyi özü etiraf etmişdir. Yalnız Polis bölməsində olarkən “həkim” təxəllüslü Rüstəm adlı şəxsin həmkəndlisi Şahid4 olduğunu bildirməmiş, onun iranlı olduğunu demişdir. Fikirləşmişdir ki, tutularsa, yəqin Rüstəm onun azadlığa çıxmasına köməklik göstərəcəkdir. Bununla belə, tutulandan sonra Rüstəm tərəfindən ona hər hansı köməklik edilmədiyini görüb onun əslində Şahid4 olduğunu deməyi qərara almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 09 oktyabr 2020-ci il tarixdə Yardımlı rayonu Gendərə kəndində yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində külli miqdarda narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında qeyd olunan tarixdə saat 12 rvadələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Koroğlu prospektində yerləşən «LİNKOİL» yanacaq doldurma məntəqəsinin yaxınlığında müəyyən olunaraq saxlanılmış və Sumqayıt ŞPİ-nin 4-cü Polis bölməsinə gətirilmişdir. Bölmədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Bundan əvvəl Təqsirləndirilən şəxs hüquqları izah edilmiş və ona vəkil təqdim edilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs qərarla tanış edilmiş və üzərində narkotik vasitələr və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan olunmuş digər əşyaları və sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı narıncı rəngli polietilen torbanın içində olan 1 ədəd bükümdə narkotik vasitə olan heroini və 1 bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Sonra saxlanılan şəxsin üzərində şəxsi axtarış keçirilərkən 1 ədəd ağ rəngli “Samsunq” markalı mobil telefon da aşkar olunmuş və əhəmiyyət kəsb etməsi nəzərə alıvnaraq həmin telefon da ondan götürülmüşdür. Müştəbadan həmin 2 ədəd bükümləri kimdən və haradan əldə etdiyi soruşulduqda, Təqsirləndirilən şəxs bükümləri 09 oktyabr 2020-ci il tarixdə səhər saatlarında "həkim" təxəllüslü Rüstəm adlı şəxsdən əldə etdiyini, onları Sumqayıt şəhərində Rüstəmin dediyi ünvana çatdırmalı olduğunu, əvəzində Gendərə kəndinə qayıdandan sonra Rüstəmdən 1000 manat pul alacağını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 1 bükümdə narkotik vasitə olan heroin və 1 ədəd psixotrop maddə olan metamfetamin onların iştirakı ilə elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq qablaşdırılmış, müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs də həmin sənədlərlə tanış olaraq imza etmişdir. Saxlanılarkən və polis bölməsində olarkən Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 həmkarı Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdilər. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən onun həmkarı Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 106- 107). Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs bir həmkəndlisi kimi tanıyır, aralarında normal münasibət vardır. Müştəba ilə kənddə gün ərzində demək olar ki, hər gün görüşürlər və ümumi söhbət edirlər. Dəqiq tarixini xatırlamadığı bir gün o, Müştəbaya zəng etsə də, sonuncu telefonu açmamış, bundan sonra onun evinə gedib Müştəbanın harada olduğunu soruşmuşdur. Sonuncunun həyat yoldaşı onun Sumqayıta qızıgilə getdiyini demişdir. Onun əvvəlcədən Müştəbanın həmin gün Sumqayıta qızıgilə gedəcəyi barədə məlumatı olmuş, bu barədə Müştəba özü ona bildirmişdir. Lakin o, həmin gün Müştəba Sumqayıta gedərkən ona hər hansı bir bağlama, o cümlədən narkotik və psixotrop maddələr verməmişdir. Müştəbanın tutulmasını həmin gün təxminən 3-4 saat sonra bilmişdir. O, 09 oktyabr 2020-ci ildə Müştəbaya zəng etmiş, lakin sonuncu telefon zənglərinə cavab verməmişdir. Onun istifadəsində ***-***-**-** nömrəsi olmuşdur. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinə əlavə edilmiş şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, 09 oktyabr 2020-ci il tarixdə Yardımlı rayonu Gendərə kəndində yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində külli miqdarda narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həmin tarixdə saat 12:00-da Sumqayıt şəhəri, Koroğlu prospektində yerləşən «LİNKOİL» YDM-in yaxınlığında müəyyən olunaraq saxlanılmış və Sumqayıt ŞPİ-nin 4-cü Polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində həmin bölmədə xidməti otaqların birində videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqi yardım almaq, cinayət mühakimə icraatının aparıldığı bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları, eləcə də Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutumuş hüquq və vəzifələri izah edilmiş, ona hüquqlarını müdafiə edən vəkil təqdim edilmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı narıncı rəngli polietilen torbanın içində olan 1 ədəd bükümdə narkotik vasitə heroini və digər 1 bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli pəncəyinin sol yan iç cibindən 1 ədəd ağ rəngli “Samsunq" markalı mobil telefon da aşkar olunmuş və həmin telefon da götürülmüşdür. Müştəbadan həmin 2 ədəd bükümləri kimdən və haradan əldə etdiyi soruşulduqda, Müştəba Nuriyev bükümləri 09 oktyabr 2020-ci il tarixdə səhər saatlarında “həkim" təxəllüslü Rüstəm adlı şəxsdən əldə etdiyini, onları Sumqayıt şəhərində Rüstəm adlı şəxsin dediyi ünvana çatdırmalı olduğunu, əvəzində Gendərə kəndinə qayıdandan sonra Rüstəmdən 1000 manat pul alacağını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 1 bükümdə narkotik vasitə heroin və 1 bükümdə psixotrop maddə metamfetamin müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış protokolunda göstərilənlər cinayət işinə əlavə edilmiş və maddi sübut kimi tanınmış DVD formatlı diskdə öz əksini tapmışdır (cild 1, iş vərəqi 85-87, 134-138). İş materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 09.10.2020-ci il tarixli 6/2113 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» yazısı olan paketdəki 1 ədəd bükümdlə təmiz çəkisi 1075 qr qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 ədəd bükümdə təmiz çəkisi 1005 qr ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 1, iş vərəqi 38-43). Məhkəmə-narkoloji ekspertizasının 12.11.2020-ci il tarixli 3173 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxan olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 126-127). İbtidai istintaq orqanının 12.10.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 1074,8 qr çəkidə narkotik vasitə heroin və 1004,8 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-də məsul saxlanışa təhvil verilmişdir (cild 1, iş vərəqi 77-78, 134-138). Cinayət işinə əlavə edilmiş 16.12.2020-ci il tarixli 212 saylı arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Nuriyev X2 rayonunun Gendərə kəndində qeydiyyatda olmaqla həyat yoldaşı və oğlu ilə yaşayır, ərazi üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 135-136). Cinayət işində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 09.12.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə həmin idarədə məlumat yoxdur (cild 1, iş vərəqi 124-125). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndində məhkəmələrə tövsiyyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, ilk dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş şəxsər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 09 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİNnin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2020-ci il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt şəhər Polis idarəsinin məsul saxlanışına təhvil verilmiş cinayət işi üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalan 1074,8 qr çəkidə narkotik vasitə heroin və 1004,8 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin Təqsirləndirilən şəxs üzərində Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörünütləri əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 114 (yüz on dörd) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 12.11.2020-ci il tarixli 3173 saylı rəyinə əsasən belə hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxan olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olunmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09 oktyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməsin, o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq qalan 1074,8 qr narkotik vasitə olan heroin və 1004,8 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar