Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-720/2025 17.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi, hakimlər: Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X5 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1996-cı il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Söyüdlü ə\d, Söyüdlü kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, nömrəsiz evdə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:10-da baçıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etmiş, saxlamış və daşımışdır. 2.Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan «Şahbuz» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək həmin şəxs tərəfindən əvvəlcədən razılaşdığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi 15 ünvanda əvvəlcədən təyin olunmuş yerə qoyduğu külli miqdarda 05 (beş) ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1395 qram; 1705 qram; 805 qram; 795 qram; 560 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 5260 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana və 1(bir) ədəd sarı rəngli kağız bükümdə təmiz çəkisi külli miqdarda 580 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək maddəsini 27 iyun 2024-cü il tarixdə 300 manat müqabilində satış məqsədi ilə qanunsuz olaraq əldə edib əlində olan bənövşəyi rəngli çantada saxlamaqla daşımış, həmin gün, yəni 27 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 23:35 radələrində, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, 15 saylı binanın yaxınlığında saxlanılaraq Suraxanı RPİ-nin 33- cü PB-nə aparılmış və orada videoçəkliş aparılmaqla üzərində şəxsi axtarış və götürmə aparılan zaman əlində olan bənövşəyi rəngli idman çantasının içərisindən 05 (beş) ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1395 qram; 1705 qram; 805 qram; 795 qram; 560 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda 5260 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana və 1 (bir) ədəd sarı rəngli kağız bükümdə təmiz çəkisi külli miqdarda 580 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək maddəsi aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, narkotik vasitə marixuanadan müharibədən sonra isifadə etmişdir. Birlikdə narkotik istifadə etdiyi Rüfət adlı şəxsə Zabrat qəsəbəsində narkotik satan adamın ona gündə satmağa 2 qram narkotik verməsi ilə bağlı təklifini demiş, lakin bununla bağlı heç bir iş görməmişlər. Sosial şəbəkə vasitəsilə tanış olduğu iranlı ilə az miqdarda narkotik üçün danışmış və bunun müqabilində iranlı ona üç yüz manat pul verməli olmuşdur. Narkotikin çəkisi üç yüz qram olmuş və iranlı üçün bu işi birinci dəfə görmüşdür. Telefonunda sübutlar, yazışmalar və faktlar hamısı mövcuddur. O, özü iki mobil telefon nömrəsindən istifadə etmiş, iranlı ilə mesajlaşmanı “whatsapp” tətbiqi vasitəsilə aparmışdır. Yeddi yüz manata ona görə razılaşmışdır ki, iranlı ona narkotikin yarım kiloqram - üç yüz qram arasında olacağını demişdir. İranlı adı ilə danışdığı şəxs polis olmuşdur. Polislər tərəfindən tutulandan sonra 32-ci polis bölməsinə aparılmış, orada onu döyüb çantanı qabağına qoyaraq “sənindir” demişlər. Bölmədə polislər onu təxminən 3-4 saat döymüşlər, həmin vaxt iki dəfə özündən getmiş və su tökərək onu ayıltmışlar. Çantanı gətirib “sənindir, necə deyiləcəksə o qaydada da denən çəkiliş olacaq” demişlər. Onu birinci mərtəbədə 4-5 nəfər döyərək təzyiq göstərmiş, bədən hissələrinə təpik və yumruqla vurmuşlar, bədənində əzik zədələri olmuşdur. Onu döyən şəxslərdən ancaq təhqiqatçı Elməddini tanımışdır. Onu döydüklərindən şəxsi axtarış keçirilməsi zamanı müdafiəçidən imtina etməyi ilə bağlı ərizəni imzalamışdır. Tutulandan iki ay sonra döyülməyi ilə bağlı şikayət etmiş və ondan izahat almışlar. Şikayəti ilə bağlı onu ekspertizadan keçirməmişlər və təcridxanaya daxil olanda onu yoxlamamışlar. O, ibtidai istintaq dövründə ifadəsini təzyiq altında vermişdir. 4.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, “V” massivində şübhəli şəxsin əlindəki çantasında narkotik vasitə olması barədə əməliyyat müvəkkili Tərlan və ona məlumat daxil olmuşdur. Əməliyyat tədbirində onunla Tərlan iştirak etmiş və əməliyyat axşam radələrində, saat təxminən 11-12-nin yarısında keçirilmişdir. Şəxs şübhəli şəxs qismində bölməyə dəvət olunmuşdur. Bölmədə təhqiqatçı və vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmiş, baxış keçirilən zaman beş ədəd qara sellofan bükümdə narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotiki tanımadığı şəxsin pul təklif etməsi ilə əldə etdiyini və çatdırıb digər şəxsə verməli olduğunu bildirmişdir. Əməliyyatın tarixini və saatını xatırlamır. Onlar hadisə yerinə gələndə təqsirləndirilən şəxs saxladıqları ərazidə hərəkət etmiş və əlində çanta olmuşdur. Şəxsin təhqiqatçı tərəfindən döyülməsi halı və qarşısına çanta qoyaraq razı salmağa məcbur etmə halı olmamışdır. Təqsirləndirilən şəxsə saxlanılan zaman, idarədə hansısa zor və təzyiq olmamışdır. Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 5.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə etimad doğuran, məlum və qərəzsiz mənbədən Suraxanı RPİ-nin 33-cü PB-nə Gədəbəy rayonu, Söyüdlü ə/d, Söyüdlü kəndində qeydiyyatda olan və faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi, saxlaması, gəzdirməsi və qanusuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat barədə 33-cü PB-nin rəisinə raportla məruzə etmişdir. 33-cü PB-nin rəisinin əmri ilə onun rəhbərliyi ilə 33-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş, əməliyyat müvəkkili Tərlan Bədəlovla birlikdə əməliyyat-axtarış tədbirlərinin icrasına başlamışlar. xx.xx.2024-cü il tarixdə saat 23:35 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi 15 nömrəli binanın yaxınlığında olduğunu müəyyən edib, orada onu saxlayıb polis əməkdaşları olduqlarını bildirmişlər. Özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib, onu Suraxanı RPİ-nin 33-cü PB-nə dəvət etmişlər. 33-cü PB-yə gətirildikdən sonra PB-nin inzitbati binasında xidməti otaqda Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah olunaraq hüquqlarının müdafiə olunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə qərar elan edilərək videoçəkliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, şəxsi axtarışa başlamazdan əvvəl üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qadağan olunmuş hər hansı bir əşyası varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 1 (bir) ədəd «Samsung» markalı mobil telefonu çıxarıb təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs məxsus bənövşəyi rəngli çanta açılaraq baxış keçirilmiş və çantanın içərisindən 5 (beş) ədəd qara rəngli sellofan torbalara bükülmüş və üzəri skoçla bağlanmış böyük bükümlər, 1 (bir) ədəd isə sarı rəgli kağız bağlamaya bükülmüş üzəri skoçla bağlanmış nisbətən kiçik bağlama aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin marixuana olduğunu, həmin bükümlər olan çantanı sosial şəbəkədə tanış olduğu İran vətəndaşından «kuryer» kimi Yeni Günəşli qəsəbəsində gizlədildiyi yerdən əldə edib başqa şəxslərə çatdırmaq istədiyini və bunun müqabilində İran vətəndaşı ona 300 manat pul verməyi vəd etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunan hər hansı bir əşya aşkar edilməmişdir. Həmin bükümlər içərisinə baxmaq üçün kəsildiyi zaman beş ədədinin içərisindən yaşıl rəngli spesifik iyə malik narkotik vasitə marixuanaya bənzər ot kütləsi, sarı rəngli kağız bağlamanın içərisindən isə tünd qəhvəyi rəngli, kəskin spesifik qoxulu bərk halda olan maddə aşkar edilmiş və həmin 6 (altı) ədəd büküm yenidən çantaya qoyularaq ekspertizaya göndərilməsi üçün möhürlənmiş və tərəflərindən imzalanmışdır (İ cild, səh. 107-109). 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 110-112). 7.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2024-cü il tarixli, 3-16-16-2-7/1064 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən...» yazısı və imzalar olan sintetik çantadakı 05 (beş) ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1395 qram, 1705 qram, 805 qram, 795 qram, 560 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi - 5260 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər (İ cild, səh. 34-37). 8.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2024-cü il tarixli, 3-16-16/2-6/3398 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün №171» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)» yazısı və imzalar olan idman çantasının içərisindəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 580 qram tünd qəhvəyi rəngli, qətranabənzər, spesifik iyə malik maddə kütləsi xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə - tiryəkdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir (İ cild, səh. 38-42). 9.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 04 oktyabr 2024-cü il tarixli 6671 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabiodilərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydə alınması məsləhət görülür (İ cild, səh. 179-180). 10.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9-Hüquqi şəxsi ambulator məhkəmə-psixiatrik ekspertizasının 04 oktyabr 2024-cü il tarixli, 2904 nömrəli rəyindən görünür ki, İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər-hansı psixi xəstələyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ.Yekun hissə. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (İ cild, səh. 156-157). 11.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 28 iyun 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntüləri özündə əks etdirən diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd qara rəngli «Samsung» markalı mobil telefon aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz saxlanılan əşya aşkar edilməmişdir. Bundan sonra saxlanılarkən Təqsirləndirilən şəxs əlində olan bənövşəyi rəngli idman çantasına baxış keçirilmiş və həmin çantanın içərisindən 05 (beş) ədəd qara rəngli sellofan torbalara bükülmüş və skoçla bağlanmış böyük bükümlər, 01 (bir) ədəd sarı rəngli kağız bağlamada skoçla bağlanmış bükülü aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bağlamalarda olan maddələr narkotik vasitə olan qurudulmuş marixuanadır, qurudulmuş marixuananı sosial şəbəkədə tanış olduğu İran vətəndaşından kruyer kimi Yeni Günəşli qəsəbəsində gizlədildiyi yerdən əldə edib başqalarına çatdırmaq istəmişdir və bunun müqabilində İran vətəndaşı ona 300 manat pul verməyi vəd etmişdir. Aşkar edilərək götürülmüş bağlamalar bir yanından kəsildikdə içərisində yaşıl rəngli spesifik iyə malik ot kütləsi olması müəyyən edilmişdir. Sarı rəngli kağız bağlama açılıb baxıdıqda isə içərisində tünd qəhvəyi rəngli, kəskin spesifik qoxulu, bərk halda olan maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd bənövşəyi rəngli idman çantasından aşkar olunmuş 05 (beş) ədəd qara rəngli sellofan bağlamada olan bükümlər və 01 (bir) ədəd sarı rəngli kağız bağlama cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (İ cild, səh. 28-29). 12.«Telefona baxış keçirilməsi haqqında» 04 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ***-***-**-** və ***-***-**-** simkart nömrələri olan «Samsung» markalı mobil telefonunda «WatsApp» səhifəsində +**********31 nömrəli profillə aşağıdakı məzmunda gələn və gedən səsli mesajlar və SMS yazışmaları maraq kəsb etmişdir. Həmin yazışmalar xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır:Təqsirləndirilən şəxs səsli SMS: “qaqa mən yarım kiloya 300 manata riskə gedəsi deyiləm də” Yazılı SMS: “700 manat verərsən” 18:54 və 18:58-də daxil olmuş zənglər,Təqsirləndirilən şəxs - “narahat olma”, +**********31 nömrəsindən daxil olmuş səsli SMS - “vəsiqəni at mənə, vəsiqəni at mənə, maşını zadı da hazır etginən, mən sənə haçan deyəndə sən çıxarsan ordan Günəşliyə gedəcəksən, şəxsiyyəti mənə atginən”, “qardaş vəsiqəni atda mənə, mən də söhbət elədim hazır ol ginən, mən sənə deyəndə çıxacaqsan”,Təqsirləndirilən şəxs səsli SMSi: “hə beş dəqiqə səbrli ol yığacam səni”, +**********31 SMS: “yaxşı”, +**********31 nömrədən yönləndirilmiş SMS: “Günəşlidə Atil hamamın yaxınlığına atacam, ora sakitçilikdi”,Səsli SMS: “Bax bu atdığım yazıya gedərsən ora yox, əvvəlcə atmışdım ha sənə yazı ora yox”, “qaqa kuryer ora gedib akifin yanına sakitçilik deyilmiş ora, yazı atdım ha sənə bax ora”, növbəti qarşılıqlı yazılı və səsli SMS-lər yerin təyini və Təqsirləndirilən şəxs göndərilmiş yerə getməsi ilə bağlı aralarında olan oxşar məzmunlu yazışmalardır. Saat 22:23-də +**********31 nömrədən yönləndirilmiş yerin təyini (konum) göndərilir. Həmin yerin təyininə daxil olduqda müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən “Bolt” taksi sifarişinə Cəfərov/Yeni Günəşli massiv V 15 ünvanı sifariş verilir hansı ki, sifariş verilən ünvan göndərilmiş ünvandır. Bundan sonra isə işarələnmiş ünvanın fotoşəkilləri Təqsirləndirilən şəxs göndərilmişdir. Həmin 4 ədəd fotoşəkil saat 22:23 radələrində çəkilərək göndərilmişdir, fotoşəkillərdən görünür ki, həmin yer asvalt yola (küçəyə) bitişik olan ağ rəngli mişar daşından hasar çəkilmiş, darvazası olan, bir tərəfi isə yarımçıq hasar çəkilmiş torpaq sahəsidir, torpaq sahəsinin hasara yaxın olan yerində ağaclar vardır, ağacların dibi şərti formada işarələnmişdir. Bundan sonra qarşılıqlı yazışmalar Təqsirləndirilən şəxs işarələnmiş yerə gedib çatması və narkotik vasitəni “malı” götürməsi ilə bağlı oxşar məzmunludur. Təqsirləndirilən şəxs- “ə bildime yol qırağındadı, nəbilim nədi burda iki dənə ağac var nəyin dibindədi, nədi görünmür axı, ayə neçə dəqiqə nədi belə şeylərin adamı şübhələndirir də, inamsızlıq yaradırda, qaqaş gözdüyən varki orda məni neçə dəqiqə”, +**********31 - “ağacın elə dibindədi də, orda işarə eliyibdir, qara salafandadır”, “ə yoxe bu nə sözdür, səni orda kim gözdüyür, malı qoyub orda çıxıb oyana, biri birdən kuryeri zadı izliyər, yerin ordan öyrənər, malı ordan oğurlayar da, mən ona xatir sənə deyirəm neçə dəqiqəyə gedərsən, and ola allaha nəyim var hamsını vermişəm mala o mal da ordan yoxa çıxa mən day qaldım pis vəziyyətə”, “anamın canına and olsun arxayın ol mən sənlə istəyirəm işləyəm, bu iş alınsın ikinci partiya iki kilo zad şey eliyəcəm yaxşı işləyəcəyik arxayın ol”, Təqsirləndirilən şəxs- “yaxşı”,+**********31- “neynədin qardaş nə xəbər, götürdüne deyəsən inşallah”, Təqsirləndirilən şəxs - “tələsmə götürüm deyəcəm sənə, maşın gözdüyürəm hələ maşın”,+**********31 - “yaxşı-yaxşı”. Göstərilənlərdən başqa mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir SMS və ya fotoşəkil aşkar edilməmişdir (İ cild, səh. 102-106). 13.«Diskə baxış keçirilməsi barədə» 05 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, son altı ayda Təqsirləndirilən şəxs adına olan ***-***-**-** nömrəsindən X3 adına olan ***-***-**-** və ***-***-**-** nömrəsinə iş üçün daha çox əhəmiyyət kəsb edən aşağıdakı məzmunda sms-lər göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “qaqa mən sənə 15 manat verirəm, 10 manat da sabah verərəm, 25 manatlıq normal götürüb verə bilərəm” xx.xx.2024-cü il tarixdə ***-***-**-** nömrəsindən ***-***-**-** nömrəsinə “Rüfət qaqa gör nə deyirəm özüm ölüm sənə yaxşı jest eliyəcəm, mən əmanət dalınca gedirəm, mənə yarım yarım saata 40 dəqiqəyə 7-8 manat ata bilərsən?”, “bir-iki saata səni yaxşı sevindirəcəm sən allah mənə bir xəbər de”, “inanıram qaqa inşallah bugündə bizim üzümüz gülər, səbrli mən səni yığanda aç telefonu yaxşı əmanətlər olacaq ağıl başdadı hərəkət edək az müddət özümüzü tutaq”, “yaxşı qaqa bugün olacaq istiyən olur özü də”, “bugün olmasa da sabah olacaq qaqa məndən çox adam istəyir gör nə deyirəm sənə 1Q verəcəm pulu sal 1 qramını 50 verəcəm gündə 2Q məhlədə verə bilərsən ZO”, “R olar mən sənin dalında dururam. Sən də qazan mən dəsən hara desən mən sən gətirib verəcəm dalıca getdiyəssən sən mən hamısını həll edəcəm sən etibarlı adam var” ***-***- **-** nömrəsindən X4 adına olan ***-***-**-** nömrəsinə «tema var 15 manata gələ bilərsən». Diskə baxış zamanı aşkar olunmuş digər sms-lər də oxşar məzmunda olmaqla özündə narkotik vasitələrin qanunsuz satışını üstüörtülü şəkildə əks etdirəq məzmundan ibarətdir . Son altı ayda Təqsirləndirilən şəxs adına olan ***-***-**-** nömrəsindən X4 adına olan 050- ***-**-** nömrəsinə «yaxşı nəişəm var gör patıya dəyişan var?» nömrəsinə SMS göndərilmişdir (İ cild, səh. 137,138,139-151). 14.«Cinayət iş üzrə sübutların qiymətləndirilməsi haqqında» 15 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ümumilikdə təmiz çəkisi 5260 qram olan nakrotk vasitə marixuana iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5259,5 qram narkotik vasitə marixuana, həmçinin ümumilikdə təmiz çəkisi 580 qram olan nakrotk vasitə tiryək iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 579,7 qram narkotik vasitə tiryək maddi sübutun taleyinə məhkəmədə aydınlıq gətirilənə kimi saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs məxsus olan və şəxsi axtarış zamanı üzərindən götürülmüş 01 ədəd «Samsung» markalı mobil tetefon cihazı iş üzrə maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, səh. 190-202). 15.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sağ saidin ön səthində köhnə çapıq aşkar edilmişdir. 16.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 iyun 2024-cü il tarixli, 4(010)- 207/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 iyun 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 90-93). 17.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 99-100). 18.Cinayət işinin materiallarında olan vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 19.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 20.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 21.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 22.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış mötəbər sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. 23.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 24.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 25.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 26.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 27.Qanunun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 28.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 29.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 30.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. Həmin siyahının 182-ci bəndinə görə 50 qram və yuxarı həddə narkotik vasitə olan tiryək külli miqdar hesab hesab edilir. 31.Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 32.Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə ifadəsinə münasibətdə isə onu qeyd edir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olan və göndərilən sms mətnlərinə dair məlumatların əks olunduğu elektron məlumat daşıyıcısına baxış zamanı jarqon terminlərdə ifadə olunan, əslində isə dövriyyəsi qadağan olunmuş narkotik vasitələrin satışı ilə bağlı kifayət qədər sms yazışmalarının olması təqsirləndirilən şəxsin həmin narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. 33.Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. 34.Belə ki, 18.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sağ saidin ön səthində köhnə çapıq aşkar edilmişdir. 35.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X6rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 36.Məhkəmə təqsirləndirilən şəxsin onun şəxsi axtarışı barədə videoçəkilişin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «Şəxsi axtarış və götürmə aparılması haqqında» 28 iyun 2024-cü il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitələrin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 37.Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təzyiq edilməsinə dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. 38.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 39.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 40.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 42.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 43.Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 44.Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 45.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, vətən müharibəsi iştirakçısı olmaqla “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarla təltif olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 46.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 47.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 48.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 49.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 50.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 51.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 52.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı - 27 iyun 2024-cü il tarixdən hesablanmalıdır. 53.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 54.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi . 55.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 56.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5259,5 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın və qalıq qalmış 579,7 qram çəkidə narkotik vasitə tiryəkin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefon aparatı onun özünə (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılmalıdır. 57.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 58.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 59.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 192 (yüz doxsan iki) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 60.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 61.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 62.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 63.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 27 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 192 (yüz doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 5259,5 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 579,7 qram çəkidə narkotik vasitə tiryək məhv edilsin, 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın, bir ədəd «Samsung» markalı mobil telefon aparatlı Təqsirləndirilən şəxs (etiraz etmədikdə yaxın qohumlarına) qaytarılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev