Məhkəmə qərarları › İş №1(101)-722/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-722/2020

29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-722/2020 29.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X2, müdafiəçi Bakı şəhər 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, « 29 » sentyabr 2020-ci il Bakı şəhərində xx.xx.1980-ci ildə Masallı rayonu, Qədirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay,himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Masallı rayonu, Qədirli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, «Motodrom» adlanan ərazidə nömrəsiz evdə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində ünvan 1 ünvanının qarşısında onunla yaşamaqdan imtina edərək az yaşlı övladları ilə birlikdə yaşamağa qərar vermiş qeyri-rəsmi arvadı Zərərçəkmiş şəxs yenidən onunla birlikdə yaşaması üçün getməkdən imtina etməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digər şəxslərin şəxsiyyəti fövqündə qoyub xuliqanlıq niyyəti ilə azyaşlı oğlu xx.xx.2006-cı təvəllüdlü Şahid2 gözü qarşısında sonuncuya xüsusi əzab verdiyini dərk edərək, xüsusi amansızlıqla əlində olan mətbəxt bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq ona qarının ön divarının qarın boşluğuna nüfuz edən 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2003-cü ildə Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi ailə həyatı qurmuş, rəsmi nigahları olmasada, molla kəbinləri vardır. Zərərçəkmiş şəxs ilə birgə nigahdan iki oğlu, 2004-cü il təvəllüdlü Zaur Tomarov və 2007-ci il təvəllüdlü Şahid2 vardır. Əvvəllər Gülsüm ilə münasibətləri normal olsa da, sonradan münasibətləri pisləşmiş və onlar ayrılmışlar. Buna görə də 2019-cu ilin sentyabr ayında Gülsümlə aralarında baş tutmuş şifahi sövdələşməyə görə Bakı şəhəri Binəqədi rayonu 1-ci mədən, 9-cu korpus ünvanında olan fərdi evini 8500 manata satmış, 5000 manatını Gülsümə vermişdir ki, özünə ev alsın. 3500 manata Abşeron rayonu Xırdalan şəhəri Söyüdlər adlanan ərazidə 1.5 sot torpaq almışdır. Gülsümdən ayrıldıqdan sonra oğlu Arizin xahişi ilə onlar üçün televizor, yorğan-döşək dəsti almışdır. xx xxxxxx 2019-cu il tarixdə 15 radələrində Arizi görmək və ona cib xərcliyi vermək üçün onların müvəqqəti kirayədə yaşadıqları Bakı şəhəri Binəqədi rayonu 1-ci mədən, 9-cu korpus ünvanın qarşısına gəlmişdir. Evin qarşısında az yaşlı oğlu Arizi görmüş, ona yaxınlaşmaq istədikdə Gülsüm yaşadığı evin darvazasından çıxmış və onu gördükdə əsassız olaraq onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, onun sözlərinə əhəmiyyət verməyək arxaya dönüb piyada getməyə başlamış, təxminən 15-20 metr piyada getdikdən sonra Gülsümün təhqiramiz ifadələrinə dözə bilməyib dayanmışdır. Bu zaman Gülsüm ona yaxınlaşmış, onlar əlbəyaxa olmuşlar, bir qədər itələşdikdən sonra özü ilə yaşadığı evdən götürdüyü bıçağı gödəkçəsinin sağ yan cibindən çıxarıb Gülsümün qarın nahiyəsindən bir dəfə vurmuşdur. Həmin vaxtı orada olan qonşuluqda yaşayan Qurban adlı şəxs ondan bıçağı götürmüşdür. Daha sonra Gülsümlə yaxınlıqda olan Elnurun mağazasının həyətinə daxil olmuşlar. Bu zaman Elnurun atası Əminağa kişi əsəbi vəziyyətdə evdən çıxmış və onu həyətlərindən bayıra çıxartmış, o da həyəcanlı olduğundan qaçaraq oradan uzaqlaşmışdır.Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2003-cü ildə Təqsirləndirilən şəxs Neymət oğlu ilə qeyri-rəsmi nigahla ailə qurmuş, həmin nigahdan iki övladları var. xx.xx.2004-cü il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü Şahid2dur. Raminlə ailə həyatı qurduqdan sonra Bakı şəhərinə köçüb, Bakı şəhəri, Binəqədi rayonu 1-ci mədən 9-cu korpus yeni yaşayış massivində fərdi ev tikdirib yaşayırmışlar. 2018-ci ilin aprel ayında Raminlə arasında mübahisə olmuş, Ramin evdən çıxıb getmiş və 6 ay evə gəlməmişdir. 2018-ci ilin sentyabr ayında Ramin geri qayıtmış, aralarında yenə mübahisə olmuşdur. Təxminən 2-3 gündən sonra onlar evdə olmadıqları zaman Ramin evi yandırmışdır. Bununla bağlı o, Binəqədi RPİ-nə şikayət etmiş və həmin faktla bağlı araşdırma aparılmışdır. Bundan sonra Ramin yanmış evi satmağını tələb etmişdir. Raminin təkidindən sonra 2018-ci ilin noyabr ayında yanmış evini 8500 manata satmış və 3500 manatı Raminə vermiş, 5000 manat isə özündə qalmışdır. Əlində olan pula Binəqədi rayonu, 1-ci mədən, 9-cu korpusda torpaq sahəsi alıb bir otaqlı ev tikmişdir. Lakin Ramin bildirmişdir ki, «sənin mənə verməli pulun qalıb, evi sat». Raminin təkidindən sonra bu evidə 8500 satmış və 3500 manatı Raminə vermişdir. Bu hadisədən sonra Raminə ondan ayrıldığını bildirmiş, kirayə ev tutub uşaqlar ilə birlikdə orada yaşamağa başlamışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində oğlu Arizlə birlikdə evdən çıxmış, bu zaman Ramin arxadan onlara yaxınlaşıb onu səsləmişdir. Ramin ona demişdir ki, «gəl mənimlə gedək». O, isə ona demişdir ki, «getmirəm, çıx get burdan». «Elnurun» mağazasına təxminən 10-15 addım qalmış arxadan Ramin əli ilə saçından tutub onu yerə yıxmış və vurmağa başlamışdır. O, Ramindən xahiş etmiş ki, onu buraxsın. Ramin onu buraxmış və o, ayağa qalxmış, Qurbanın işlətdiyi mağazaya getmişdir. Bu zaman Ramin qəflətən yenə saçından tutub və ayağı ilə badalaq vurub onu yerə yıxmış, bel hissəsindən bıçaq çıxarmış və onun qarın nahiyyəsinə bir zərbə endirmiş, sonra bıçağı boğazına dirəmişdir. Oğlu Ariz qışqıraraq onlara yaxınlaşıb Raminin sağ əlindən tutmuş və ona müqavimət göstərmişdir. X6 gücü çatmadığından köməyə çağırmışdı. Bu zaman Qurban onlara yaxınlaşmış və Raminin qollarından tutmuş, bıçağı əlindən alıb kənara atmış və Ramini ondan aralamışdır. O, ayağa qalxmış, Ramin ona «gəl mənimlə gedək» demiş, yenə sağ əlini bel hissəsinə salıb oradan daha bir bıçaq çıxartmış, onun boğaz nahiyyəsindən vurmaq istəmişdir. O, müqavimət göstərərək onu vurmasına imkan verməmiş, imkan tapıb qaçaraq Elnurun həyətinə girmişdir. Həyətdə qarşılarına Elnur çıxmış və onun Raminlə sadəcə mübahisə etdiklərini fikirləşərək onları həyətdən çıxarmışdır. Elnurun atası küçəyə çıxmış və onu həyətə salmış, Ramini isə oradan qovmuşdur.Həyətdə o, bıçaqla vurulduğu yerə baxmış və qarın nahiyyəsindən deşik olduğunu, qan gəldiyini görmüşdür. Sonra qonşulardan kimsə polisə və təcili yardıma zəng vurub həkim çağırmış,onu xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs bağışladığını, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, anası Zərərçəkmiş şəxs, atası Təqsirləndirilən şəxs Neymət oğlu və böyük qardaşı X5 ilə birlikdə yaşayırmış. 2019cu ilin oktyabr ayının əvvəllərindən atası Ramin evdən çıxıb getmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində anası ilə evdən çıxmışlar. Bu zaman atası arxadan onlara yaxınlaşıb anasını səsləmiş, anasına demişdir ki, «gəl mənimlə gedək». Anası isə demişdir ki, «getmirəm, çıx get burdan». Atası «gedirəm» demişdir. Bundan sonra onlar yollarını davam etmiş, mağazaya təxminən 10-15 addım qalmış atası onlara tərəf qaçıb arxadan bir əli ilə anasının saçından tutub yerə yıxmış və yerdə anasını vurmağa başlamışdır. Anası yalvararaq atasından onu döyməməsini və buraxmasını xahiş etmişdir. Atası sakitləşib anasını buraxmış və anası ayağa qalxmış və mağazaya getmişlər. O, arxaya baxdığı zaman görmüşdür ki, anası yerdə uzanıqlı vəziyyətdədir və atası üstündədir. O, qışqıraraq onlara tərəf qaçmış, görmüşdür ki, atası bel hissəsindən bıçaq çıxarmış və uzanıqlı vəziyyətdə olan anasının qarın nahiyyəsindən bir zərbə endirmiş, əlindəki bıçağı anasının boğazına dirəmişdir. O, onlara yaxınlaşıb atasının sağ əlindən tutmuşdur ki, anasını vurmasın. Lakin gücü çatmadığından qışqıraraq köməyə çağırmışdır. Bu zaman onlara Qurban yaxınlaşmış, atasının qolundan tutub bıçağı əlindən alıb kənara atmış və atasını da kənara çəkmişdir. Qurban isə onlardan aralanıb mağazasına getmişdir. Atası anasına demişdir ki, «gəl mənimlə gedək». Anası ona demişdir ki, «gedək paltarlarımı evdən götürüm, sonra gedək». Lakin atası isə demişdir ki, «yox indi gedək». Bu zaman atası yenə sağ əlini bel hissəsinə salıb oradan daha bir bıçaq çıxartmış və anasının boğaz nahiyyəsindən vurmaq istəmişdir. Anası onun əllərindən tutub buna imkan verməmiş, imkan tapıb qaçaraq Elnurun həyətinə girmişdir. O, da onun arxasınca getmişdir. Həyətdə qarşılarına Elnur çıxmış və anasının atası ilə sadəcə mübahisə etdiklərini fikirləşərək onları həyətdən çıxarmışdır. Bu zaman həyətdən Elnurun atası küçəyə çıxmış və atasının əlində bıçağı görüb anasını və onu həyətə salmışdır. Həyətdə anası bıçaqla vurulduğu yerə baxmış və qarın nahiyyəsində deşik olduğunu, qan gəldiyini görmüşdür. Sonra qonşulardan kimsə polisə və təcili yardıma zəng vurub həkim çağırmışlar. Polis əməkdaşları və daha sonra təcili yardım avtomobili gəlib anasını xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, yaşadığı həyətin bir hissəsində mağaza tikib atası Əminağa ilə işlədirlər. Mağazada satıcı kimi həm o, həm atası Əminağa işləyirmiş. xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində mağazada olduğu zaman qonşuluqda yaşayan Gülsüm mağazaya girmişdir. Onun arxası ilə mağazaya yoldaşı Ramin daxil olmuşdur. Ramin Gülsümə «gəl mənimlə gedək» deyirmiş. Gülsüm isə getməkdən imtina edirmiş. Ramin təkid etdikdə Gülsüm onun əlindən çıxaraq mağazadan həyətə keçmişdir. Ramin də onun arxası ilə getmişdir. O, bunu görüb onların arxası ilə getmişdir. Gülsüm həyətdə «qoymayın, qoymayın» qışqırmış, Ramin isə Gülsümün üstünə getmişdir. Bu zaman atası Əminağa həyətə çıxmış, onların bu hərəkətini görüb əsəbləşmiş və Raminə yaxınlaşmış və ona «həyətimdə nə işin var, evdə uşaqlar qorxurlar» demiş və Ramini həyətdən çıxartmışdır. Sonra Gülsümə oturacaq vermişdir. Gülsüm oturandan sonra atasından içməyə su istəmiş və atası mağazadan su gətirib ona vermişdir. Həmin zaman Gülsüm «qoymayın ona məni vursun» demişdir. Bir neçə dəqqiqədən sonra mağazının qarşısına polis əməkdaşları gəlmiş və Gülsüm həyətdən çıxaraq polislərin yanına getmişdir. Sonra təcili yardım avtomobili gəlmiş və Gülsümü aparmışlar. Orada ona məlum olmuş ki, mağazasının yaxınlığında Ramin Gülsümü bıçaqla vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 15 radələrində evin qarşısında qonşuların toplaşdığını görmüş, nə baş verdiyini maraqlandıqda ona bir kişinin, bir qadın ilə mübahisə etdiyini və kişinin qadını yerə yıxdığını, əlində bıçaq olduğunu demişlər. O, ətafa baxdıqda qonşusu Əminağanın həyətinin giriş qapısının ağzında adını sonradan bildiyi Gülsüm adlı qadının durduğunu və kənarda adını sonradan bildiyi Ramin adlı şəxsi görmüşdür. O, Raminə yaxınlaşıb «deyirlər səndə bıçaq var» demişdir. Ramin ona «məndə bıçaq yoxdu» demiş və kənara çəkilərək oradan qaçmışdır. Sonra o, Gülsümə yaxınlaşmış və Gülsüm ona demiş ki, «məni bıçaqla vurub». Sonra Gülsüm qarnındakı yaranı göstərib həkim çağırmağını bildirmişdir. Sonra o, 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, təcili yardıma zəng etmişdir. Birinci polis əməkdaşları gəlmiş və daha sonra təcili yardım avtomobili gəlmişdir. Məhkəmə kriminalistik ekspertizasının xx.xx.2019-cu il tarixli 587-MTKŞ/2019 saylı rəyindən görünür ki: Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus sviter və maykanın ön səthinin sol yarısının aşağı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr kafi itilikdə ülgücü, qabırğaları kafi biruzə olunan küpü və kafi itilikdə ucu olan alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər; - ekspertizaya təqdim olunmuş bıçağın tiyəsi və dəstəyi deformasiyaya uğradığı üçün həmin bıçaqla Zərərçəkmiş şəxs Babah qızına məxsus paltarların üzərində eksperimental zədələrin yetirilməsi mümkün olmadığından, həmin paltarlar üzərində olan zədələrin tədqiqata təqdim edilən bıçağın təsirindən əmələ gəlib-gəlməməsi barədə fikir söyləmək mümkün olmadı; - ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 876/2019-MTBŞ saylı rəyindən görünür ki: ekspertizaya təqdim edilən bıçaq üzərində aşkar edilmiş zəif intensivlikli qan ləkəsindən hazırlanmış məhlulda zülal aşkar olunmadığı üçün bu qanın növünü təyin etmək mümkün olmadı; - ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus mayka və kofta üzərində qan aşkar olunmadı. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 2232 №-li rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət qarının ön divarının qarın boşluğuna nüfuz edən 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsicialətin(əşyanın) ola bilsin ki, bıçağın tiyəsinin deşici-kəsici təsirindən onun tibbi yardım üçün Bakı Baş Sİ-nin X4 müraciət etdiyi xx.xx.2019-cu il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Vət.Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə bıçaqla yetirilən zərbə nəticəsində əmələ gələ bilərdi. Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 432 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlıhesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamədən görünür ki, Eynalov X3 rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 20% məbləğində tutulmaqla 06(altı) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və şahidləri dinləyərək, cinayət işinin materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş, ona görə də o, həmin maddələr ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və o, cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirilən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar- Binəqədi RPİ-də saxlanılan 01 ədəd bıçaq müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Zərərçəkmiş şəxs paltarları özünə qaytarılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərcinin olmadığı nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar- Binəqədi RPİ-də saxlanılan 01 ədəd bıçaq müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Zərərçəkmiş şəxs paltarları özünə qaytarılsın. Mülki iddia və ekspertiza xərcinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar