Məhkəmə qərarları › İş №1(101)-722/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-722/2021

09.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-722/2021 09.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1994-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmuş və bunun nəticəsində ehtiyatsızlıqdan zərərəçəkmiş şəxs ölmüşdür. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 17:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi texniki cəhətdən saz “VAZ-21144” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ilə Türkan qəsəbəsi istiqamətində saatda 70-80 km sürətlə hərəkətdə olan zaman ünvan 3 ünvanın qarşısında “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, 50-ci maddəsinin 1-ci hissəsinin və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu, nəqliyyat vasitəsini hadisə baş verən sahədə icazə verilmədən artıq sürətlə hərəkət etdirdiyindən, nəqliyyat vasitəsini yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda həmin təhlükəsizlik tələblərinə əməl etməyərək mövcud şəraitdə yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin orta sağ tərəfi ilə ehtiyatsızlıqdan vurub, sonuncuya həyat üçün təhlükəli sayılan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə aid edilən baş beyinə, qişalarına və mədəciklərinə qansızma, sol said sümüklərinin qapalı, sağ said sümüklərinin açıq sınıqları, sol diz qapağının sınığı, qabırğaların hər iki tərəfdə çoxsaylı sınıqları, sol ağciyərin cırılması, hər iki ağciyərin əzilməsi, bədənin çoxsaylı sıyrıqları və əzilmiş yaraları xəsarətlərini yetirib, ağır qapalı kəllə-beyin travması nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızma səbəbindən ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, evlidir və hazırda uşağı yoxdur. O, Bakı şəhərində tikilməkdə olan binalarda fəhləlik etməklə ailəsini dolandırmışdır. Onun avtomobil idarə etmək üçün heç vaxt sürücülük vəsiqəsi olmamışdır. Lakin o, uşaqlıqdan avtomobil idarə etməyi bacarmışdır. O, idarə etdiyi ağ rəngli VAZ-21144 markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili 2019-cu ilin dekabr ayının sonlarında X2 kreditlə almışdır. Onun sürücülük vəsiqəsi olmadığından avtomobilin əvvəlki sahibi Gözəl Abbasova onun qardaşı X5 etibarnamə vermişdir. Həmin gündən həmin avtomobili onun qardaşı Şamo idarə etmişdir. xx xxx 2020-ci il tarixdə axşam saatlarında o, Hövsan qəsəbəsi ilə üzü Türkan kəndi istiqmətində yaşadığı evə həmin avtomobillə getmişdir. O, avtomobili öz hərəkət hissəsi ilə, yəni yolun sağ hərəkət hissəsilə saatda 70-80 km sürətlə idarə etmişdir. O, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində olan "Ləvəngi"' adlanan çörək satılan mağazaya çatmağa bir qədər qalmış ani bir anda ara küçədən sağ tərəfdən dövlət qeydiyyat nişanını bilmədiyi VAZ-21011 markalı avtomobil hərəkət hissəsinə çıxmışdır. O, həmin avtomobillə toqquşacağını görüb avtomobili sol hərəkət hissəsinə istiqamətləndirmiş, lakin qarşı tərəfdən hərəkət edən avtomobillərin hərəkət hissəsinə çıxdığından avtomobili öz hərəkət hissəsinə qaytarmışdır. Bu zaman onun idarə etdiyi avtomobil fırlanmış və nəticəədə o, idarə etməni itirmişdir. Onun avtomobili fırlandıqda o, yolun orta hissəsində bir nəfər kişinin yolu keçmək istədiyini görmüşdür. Həmin anda o, idarə etməni itirdiyi üçün avtomobilini saxlaya bilməmiş və avtomobilin sağ tərəfi ilə həmin piyadanı vurmuşdur. O, piyadanı vurduqdan sonra piyada yolun sağ tərəfinə düşmüşdür. Avtomobil isə yolun sağ tərəfində olan su çənlərinə çırpılaraq dayanmışdır. Bundan sonra o, dərhal avtomobildən düşərək piyadaya yaxınlaşmışdır. Həmin şəxs yerdə uzanıqlı vəziyyətdə olmuşdur. O, həmin şəxsi yerdən qaldırıb avtomobilin arxa oturacağına uzadaraq xəstəxanaya doğru hərəkət etmişdir. O, avtomobili idarə edən zaman piyadanın nəfəs almadığını görüb artıq sonuncunun ölməsini fikirləşmişdir. Bu səbəbdən də o, Hövsan qəsəbəsi ərazisində olan Suraxanı RPİ-nin 30-cu Polis şöbəsinə gedərək baş vermiş hadisə məlumat vermişdir. Sonra Polis şöbəsinə təcili tibbi yardım avtomobili gəlmiş və həkimlər kişiyə baxdıqda sonuncunun öldüyünü bildirmişlər. Həmin gün o, sərxoşluğun müayinəsi məqsədilə həkim müayinəsindən keçmiş və onda sərxoşluq müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində, həmçinin törətdiyi əməldə peşman olduğunu və hazırda arvadının hamilə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərinin nəzərə alınmasını və ona aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması və bunun ehtiyatsızlıqdan zərərəçəkmiş şəxsin ölümünə səbəb olması ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi məhkəmə istintaqında obyektiv araşdırılmış digər sübutlarla tam şəkildə təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq piyada hərəkət edən Zərərçəkmiş şəxs vurmuş və nəticədə zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Zaxaroviç dəfələrlə məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq, sonuncu yaşlı və ağır yataq xəstəsi olduğundan məhkəmə iclasına gəlməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Zaxaroviç məhkəməyə teleqram göndərərək yaşlı və xəstə olması səbəbindən məhkəmə iclaslarına gələ bilmədiyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini və təqsirləndirilən şəxslə barışdığını, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını ifadə etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Zaxaroviçin məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, 40 ildən artıqdır ki, Oğuz rayonu Böyük-Söyüdlü kəndində yaşayır və həmin ünvanda qeydiyyatdadır. Zərərçəkmiş şəxs onun qardaşı oğlu olmuşdur. Zərərçəkmiş şəxs Bakı şəhərində yaşamış və o, Aleksandrı uzun illərdir ki, görməmişdir. Zərərçəkmiş şəxs Bakı şəhərində heç bir yerdə işləməmiş və evi olmamışdır. O, Aleksandr ilə uzun müddətdir ki, görüşməmiş və sonuncu onun yaşadığı evə də gəlməmişdir. Zərərçəkmiş şəxs evli olmamış və sonuncunun ondan başqa yaxın qohumu olmamışdır. Aleksandrın başqa yaxın qohumu olması barədə onun heç bir məlumatı olmamışdır. Onun bildiyinə görə Zərərçəkmiş şəxs Bakı şəhərində küçələrdə tüfeyli həyat tərzi keçirmiş və spirtli içki alüdəçisi olmuşdur. Onun xatırlamadığı tarixdə o, yaşadığı evdə olan zaman onun mobil mobil telefonuna zəng gəlmiş və zəng edən şəxs özünü polis əməkdaşı kimi təqdim etmişdir. Polis əməkdaşı onun Zərərçəkmiş şəxs ilə qohumluq əlaqələri barədə maraqlanmışdır. O da Aleksandrın onun qardaşı oğlu olduğunu, lakin Aleksandrın onlarla yaşamamasını və sonuncunu uzun müddətdir ki, görmədiyini polis əməkdaşına bildirmişdir. Polis əməkdaşı ona Aleksandrın avtomobillə vurulmasını və sonuncunun ölməsini demişdir. Polis əməkdaşı onu Bakı şəhərinə dəvət etmişdir. Lakin o, yaşlı olduğu üçün Bakı şəhərinə gələ bilməyəcəyini demiş və polis əməkdaşından onu yaşadığı ünvanda Aleksandrın hüquqi varisi qismində tanıyıb dindirməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, elan olunmuş zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəq 5-16) görünür ki, yol-nəqliyyat hadisəsi ünvan 6 ünvanın qarşısından keçən Hövsan-Türkan avtomobil yolunda baş vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 25) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 1/1157 saylı aktdan (cild 1, iş vərəqə 48) görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 01:20 radələrində tibbi müayinədən keçirilmiş və o, ayıq vəziyyətdə olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli avtomobilə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 54-55) görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21144 markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobilin sağ tərəfinin orta hissəsinin əzilməsi, içəri salona tərəf batması, sağ hər iki qapıların əzilməsi və sağ tərəfinin üst künc hissəsinin əzilmiş vəziyyətdə olması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 8/596 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 62-64) görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən VAZ-21144 markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddənin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 65-66) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittiham elan olunmuş və o, həmin maddə üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X15 63 nömrəli meyitin ekspertizası barədə rəyindən və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 107-111) görünür ki, naməlum kişi cinsli meyiti üzərində aşkar edilmiş xəsarətlər - baş beyinə, qişalarına və mədəciklərinə qansızına, sol said sümüklərinin qapalı, sağ said sümüklərinin açıq sınıqları, sol diz qapağının sınığı, qabırğaların hər iki tərəfdə çoxsaylı sınıqları, sol ağciyərin cırılması, hər iki ağciyərin əzilməsi, bədənin çoxsaylı sıyrıqları və əzilmiş yaralardan ibarətdir. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümdən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən yol-nəqliyyat hadisəsi nəticəsində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin piyadanı vurması nəticəsində əmələ bilərlər, alınma müddətləri qərarda göstərilən xx xxx 2020-ci il tarixə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəlidirlər. Naməlum kişinin ölümünə - ağır qapalı kəllə-beyin travması nəticəsində baş beyinə, qişalarına və mədəciklərinə qansızına səbəb olmuşdur. Ölüm meyit meyitxanada müayinə olunduğu vaxtdan təxminən 14-18 saat əvvəl baş verə bilərdi. Naməlum kişinin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı - 2,7%-dir. Bu miqdar canlı şəxslərdə ağır dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-109/2020 saylı qərarından (cild 1, iş vərəqə 89-91) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində xx xxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş məktubdan və ona əlavə edilmiş əl-barmaq əkslərindən (cild 1, iş vərəqə 93-94) görünür ki, zərərçəkmiş şəxs xx xxxxxx 1963-cü il tarixdə Oğuz rayonunda anadan olmuş Zərərçəkmiş şəxsdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 100) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Baş Dövlət Yol Polisi İdarəsinin arayışından (cild 1, iş vərəqə 105) görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 8/829 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 118-119) görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən VAZ-21144 markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddənin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını alnığa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli arayışdan (cild 1, iş vərəqə 129) görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası X1, X3 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xasiyyətnamədən (cild 1, iş vərəqə 130) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 134-135) görünür ki, X4 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, xx xxxx 2005-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, o, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş, ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, xx xxxxxxx 2008-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X11 Hüquqi Şəxsin 1506 nömrəli ekspert rəyindən (cild 1, iş vərəqə 165-166) görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansi bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhliikəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, onda hər hansı bir psixi xəstəliyin və ya fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqh hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-205/2020 saylı qərarından (cild 1, iş vərəqə 155-158) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılmasına dair verilmiş vəsatət təmin edilməmiş, onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti başa çatmış və onun üzərinə qoyulmuş vəzifələr ləğv edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan (cild 1, iş vərəqə 159-160) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli başqa yerə getməmək haqqında iltizamdan (cild 1, iş vərəqə 162) görünür ki, həmin gün Təqsirləndirilən şəxs iltizam alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbirinin dəyişdirilməsi barədə qərardan (cild 1, iş vərəqə 204-205) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbiri olə əvəz edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 209-219) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə yeni məzmunlu ittihamın elan edilməsi, VAZ-21144 markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və sahibinə təhvil verilməsinin nəzərə alınması, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə cinayət təqibinin başlanmasından imtina edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan olunması haqqında qərardan (cild 1, iş vərəqə 221-222) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli etibarnamənin surətindən (cild 1, iş vərəqə 20-21) görünür ki, **-SJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli “VAZ 21144” markalı avtomobilin mülkiyyətçisi X9 nəqliyyat vasitəsinə dair bütün hüquqları təqsirləndirilən şəxsin qardaşı X5 vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli qeydiyyat şəhadətnaməsinin surətindən (cild 1, iş vərəqə 19) görünür ki, **-SJ-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli “VAZ 21144” markalı avtomobilin mülkiyyətçisi X6r. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs onun hüquqlarının müdafiəsi məqsədi ilə dəvət olunmuş müdafiəçi ilə birlikdə açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları və ittihamı bütovlükdə mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Təqsirləndirilən şəxs və onun müdafiəçisi ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əleyhinə əldə edilmiş sübutlara dair öz etirazını bildirməmişlər, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu və irəli sürülmüş ittihamı mübahisələndirməmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətli olması demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vurmuş və nəticədə sonuncu aldığı xəsarətlərdən ölmüşdür. Başqa sözlə, ehtiyatsızlıqdan baş vermiş yolnəqliyyat hadisəsi zərərəçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara obyektiv hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx xxx 2020-ci il tarixdə, saat 17:00 radələrində texniki cəhətdən saz vəziyyət olan “VAZ-21144” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Hövsan qəsəbəsi, Kondisioner Bağlar sahəsi 1360 saylı ünvanın qarşısında yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən, həmin vaxt ağır sərxoş halda olan piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin orta sağ tərəfi ilə ehtiyatsızlıqdan vurmuşdur. Nəticədə Zərərçəkmiş şəxs çoxsaylı xəsarətlər almış və təqsirləndirilən şəxs onu xəstəxanaya aparan zaman sonuncu yolda ölmüşdür. Göründüyü kimi cinayət hadisəsinin baş verməsinə səbəb Təqsirləndirilən şəxs Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin (yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox sürətlə hərəkət etməsi), həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin (hərəkət üçün təhlükə yaranmasını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tədbirləri görməməsi) və həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin (sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etməsi) tələblərinin kobud şəkildə pozulması olmuşdur. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobil ilə Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurduqdan sonra avtomobil yolun sağ tərəfində olan su çənlərinə çırpılaraq dayanmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kömək etmək və sonuncunu xəstəxanaya çatdırmaq məqsədi ilə dərhal avtomobildən düşmüş və Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs özündə olmadığını görüb dərhal sonuncunu avtomobilin arxa oturacağına uzandırmış və avtomobili xəstəxanaya doğru sürmüşdür. Lakin yolda gedən zaman Zərərçəkmiş şəxs nəfəs almadığını hiss edib onun öldüyünü düşünmüşdür. Təqsirləndirilən şəxs bunu gördükdə idarə etdiyi avtomobili Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinə sürmüş və orada polis əməkdaşlarına törətdiyi cinayət əməlini etiraf etmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Qeyd edilənlərdən görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan cinayət əməlini törətsə də, cinayət hadisəsi baş verdikdən sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsində göstərilən vəzifələri tam şəkildə icra etmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsinə əsasən yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “təcili tibbi yardım” maşını çağırmaq, zərərçəkən həyat üçün təhlükəli xəsarət aldığı hallarda onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərərçəkənləri öz nəqliyyatında xəstəxanalara aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələri qoyur. Odur ki, Təqsirləndirilən şəxs əməllərində yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün zəruri tərkib əlamətləri var. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün zəruri tərkib əlamətləri mövcud olduğundan və qeyd edilən cinayət əməli həqiqətən də onun tərəfindən törədildiyindən məhkəmə təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini ehtiyatsızlıqdan törətmiş və həmin cinayət başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs əməlini cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan və evli olmasını, gənc ailə olmaqla arvadının hamilə olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, cinayəti törətdikdən sonra hadisə yerindən qaçmayaraq Zərərçəkmiş şəxs xəstəxanaya aparmaq niyyətində olmasını və bu məqsədlə müvafiq aktiv hərəkətlər etməsini, ibtidai istintaqı həyata keçirən orqana törətdiyi cinayət barədə səmimi etiraf edərək könüllü təslim olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, sonuncunun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, bu barışığın hələ ilkin mərhələdə, yəni ibtidai araşdırma zamanı əldə edilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin könüllü şəkildə 30-cu Polis şöbəsinə gedərək törətmiş olduğu əməli etiraf etməsini və polis əməkdaşlarına təslim olmasını onun cəzasını yüngülləşdirən müstəsna hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda və onun əməlində cəzanı ağırlaşdıran hallar olmadıqda, təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini təhlil edərək belə nəticəyə gəlir ki, o, təqsirli bilindiyi cinayət əməlini qəsdən deyil, ehtiyatsızlıqdan törətmişdir. Yəni, onun təqsirli bilindiyi cinayət əməlini törətmək kimi məqsədi və niyyəti olmamışdır. Cinayət hüququ nəzəriyyəsinə görə - ehtiyatsızlıqdan törədilən cinayətlər xarakterinə, mahiyyətinə və nəticələrinə görə qəsdən törədilən cinayətlərdən kəskin şəkildə fərqlənirlər. Qəsdən törədilən cinayətlər əvvəlcədən planlaşdırılır, hazırlıq tədbirləri həyata keçirilir, təqsirkar cinayət nəticəsində baş verə biləcək bütün nəticələri əvvəlcədən görür və arzu edir. Ehtiyatsızlıqdan törədilən cinayətlər isə təqsirkarın bu və ya digər şəkildə yol verdiyi səhlənkarlığı, diqqətsizliyi, səriştəsizliyi və sair səbəblərin ucbatından baş verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Eyni zamanda cəza təyin ilə bağlı məhkəmə onu da xüsusilə qeyd edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi idarə etmək hüququ olmadan avtomobil idarə edərək ehtiyatsızlıqdan zərərçəkmiş şəxsi avtomobillə vursa da, həmin hadisədən sonra özünü nümunəvi sürücü və vətəndaş kimi aparmış, yəni zərərçəkmiş şəxsi xəstəxanaya aparmaq istəmiş, lakin yolda olan zaman zərərçəkmiş şəxs nəfəs almadığından sonuncunun öldüyünü başa düşdüyünə görə xəstəxanaya getməmiş, avtomobili birbaşa 30-cu Polis şöbəsinə sürmüş və törətdiyi cinayət hadisəsi barədə könüllü olaraq polis əməkdaşlarına məlumat verərək təslim olmuşdur. Qeyd edilən hallar hazırki iş üzrə əhəmiyyət kəsb edən halları təşkil edir və bu səbəbdən də cəza təyini zamanı onların nəzərə alınmaması ədalətsizliyə səbəb ola bilər. Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, ona həmin maddə üzrə əlavə cəza kimi nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza təyin edilməlidir. Yalnız bu cəzalar vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin xx xxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 26 (iyirmi altı) gün müddət ona təyin ediləcək cəzaya daxil edilərək həmin cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs üzərində saxlanılacaq cəzanın əvvəli onun müvafiq səlahiyyətli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, maddi sübut qismində çıxış edən VAZ-21144 markalı **- SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə 140 (yüz qırx) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 140 (yüz qırx) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan digər əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 26 (iyirmi altı) gün müddət ona təyin edilmiş cəzaya daxil edilərək həmin cəzadan çıxılsın və onun üzərində 4 (dörd) il 8 (səkkiz) ay 4 (dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılmış azadlıqdan məhrum etmə cəzasının əvvəli onun cəza çəkəcəyi müəssisədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində çıxış edən VAZ- 21144 markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 140 (yüz qırx) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar