Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-722/2023 03.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X14 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1963-cü il ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidamətin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan vaxtda və yerdə tanışı X1 məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,864 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 20 sentyabr 2022-ci il tarixdə, saat 12:30-da Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq 20-ci Polis bölməsinə gətirilmiş, orada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən kimyəvi tərkiblərinə görə eyni olan 3 (üç) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,985 qram, 0,428 qram və 0,451 qram olmaqla, ümumi təmiz çəkisi 2,864 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, onun bir nəfər uzaq qohumu olmuşdur. Hadisə baş verən gün, yəni o, saxlanıldığı gün həmin qohumu ilə “Yeganə” şadlıq sarayının yanında çayxanada oturub nərd oynamışdır. Onun üzərində olan narkotik vasitəni bir nəfər axşam onda olduğunu görmüşdür. Həmin narkotik vasitə heorin olmuşdur. O, həmin şəxslə bir evdə yaşamışdır. Həmin şəxs də bu barədə polis əməkdaşlarına məlumat vermişdir. O, narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, səhər təxminən saat 10:00-11:00 radələrində nərd oynadığı vaxt polis əməkdaşları ona yaxınlaşmışlar və üzərində narkotik vasitə olduğunu bildirmişlər. Onun üzərində axtarış etməyə başlamışlar. Polis əməkdaşları onun üzərində axtarışı elə həmin çayxananın bağlı kabinetlərinin birində etməyə başlamışlar. Orada polis əməkdaşları üzərində saxladığı narkotik vasitəni çıxarıb təhvil verməyini ondan tələb etmişlər. O, polislərin onun üzərini axtardığını görüb demişdir ki, “narkotik vasitə corabımın içindədir”. Bundan sonra narkotik vasitə onun corabından çıxarılmışdır. Həmin narkotik vasitə 1 (bir) bükümdə olmuşdur. Bundan sonra onu Polis bölməsinə aparmışlar. O, həmin narkotik vasitəni saxlanılmamışdan bir gün əvvəl Fərhad adlı tanışının köməkliyi ilə almışdır. Heroinin çəkisi təxminən yarım (0,5) qram olmuşdur. O, həmin heroini 20 manata almışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona elan olunmuş ittiham üzrə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, 2022-ci ilin sentyabr ayında Polis İdarəsinə məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs “Papanin” ərazisində “mal” satır. Təqsirləndirilən şəxsn saxlanılması məqsədilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün o, iş yoldaşı İzzətlə birlikdə hadisə yerinə yaxınlaşmışdır. Həmin yerdə onlar Təqsirləndirilən şəxsı görmüşlər və Əlikramı həmin yerdən götürərək 20-ci Polis bölməsinə aparmışlar. Polis bölməsində təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və həmin vaxtə Əlikramın üzərindən narkotik vasitələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində nə qədər miqdarda narkotik vasitənin aşkar edildiyini o, dəqiq bilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə münasibətdə bildirmişdir ki, həmin narkotik vasitəni “Şamaxinka” adlanan ərazidə Fərhad adlı şəxsdən almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, hazırda baxılan iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini xatırlamır. Lakin o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Sözünü belə əsaslandırmışdır ki, hazırda baxılan iş üzrə təqsirləndirilən şəxs saxlanıldıqdan sonra o, çox əməliyyat tədbirlərində iştirak etmiş, habelə çox adam saxlamış, buna görə də bu iş üzrə yaddaşını təzələyə bilməmişdir. Buna görə də o, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini düzgün verdiyini hesab edərək həmin ifadəsini təsdiq edir. Şahid qismində dindirilməsi nəzərdə tutulmuş Şahid1 məhkəmə iclasına dəvət olunsa da, o, faktiki olaraq məhkəmə iclasında ifadə verə bilməmiş, cinayət prosesi iştirakçılarının, ələlxüsus müdafiə tərəfinin suallarına “yadımda deyil, xatırlamıram” kimi cavablar vermişdir. Bu səbəbdən də məhkəmə qeyd edilən şahidin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini məhkəmə istintaqında elan etmək, şahiddən elan olunmuş məzmunda ibtidai istintaq zamanı ifadə verib-vermədiyini dəqiqləşdirmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Şahid1 ifadəsi elan olunduqdan sonra, o, elan edilmiş məzmunda ifadə verdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, şahid məhkəmə istintaqı zamanı ağlabatan şəkildə ifadə verə bilmədiyi və cinayət prosesi iştirakçılarının suallarına “yadımda deyil, xatırlamıram” kimi cavab verdiyi halda, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin məzmununu dinlədikdən sonra qeyd edilən ifadəni formal cəhətdən təsdiq etməsi, sözügedən şahidin ifadəsinin təqsirləndirilən şəxsin əleyhinə olan sübut kimi qiymətləndirilməsinə kifayət etmir. Bu səbəbdən də təqsirləndirilən şəxsə ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürüldüyü halda, məhkəmə ittiham tərəfinin əldə etdiyi bu sübutu formal sübut kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: 20 sentyabr 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Əlikram” adlı şəxsin mütəmadi olaraq qanunsuz şəkildə narkotik vasitə əldə etməsi, həmin vasitələrin qəbulu ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 20 sentyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərardan (cild 1, iş vərəqə 5) görünür ki, “Əlikram” adlı şəxsin qanunsuz əməllərinin ifşa olunması məqsədi ilə barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. 20 sentyabr 2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 11) görünür ki, həmin gün saat 12:30-da Təqsirləndirilən şəxs ünvan 2 ünvanında polis əməkdaşları tərəfindən saxlanılmışdır. 20 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 22-23) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. 20 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 26) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 20 sentyabr 2022-ci il tarixli şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 44-45) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. 20 sentyabr 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 49) görünür ki, Təqsirləndirilən şəxs barəsində keçiriləcək şəxsi axtarışda onun hüquqlarının müdafiəsi məqsədi ilə dəvət edilmiş müdafiəçi X2 iştirak etməməsinə etiraz etməmişdir. 20 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 50-55) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan şalvarın sağ yan cibindən 3 (üç) bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroinə oxşar kütlə, 1 (bir) ədəd “Mobitel” markalı mobil telefon, 1 (bir) ədəd üzərində “Birbank” yazılan visa bank kartı, 1 (bir) ədəd 10 manatlıq, 1 (bir) ədəd 5 manatlıq, 1 (bir) ədəd 1 manatlıq pul əskinazları aşkar edilərək götürülmüşdür. 21 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/5360 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 61-63) görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN “Zərflər üçün 188” möhür əksi, “Təqsirləndirilən şəxs və imzalar olan zərfin içərisində 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,985 qram, 0,428 qram, 0,451 qram olmaqla, ümumi təmiz çəkiləri 2,864 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, narkotik vasitələrin İ siyahısına daxildir. 22 sentyabr 2022-ci il tarixli Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin cavab məktubundan (cild 1, iş vərəqə 72) görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində onun narkotik vasitə heroini X5 aldığı müəyyən edilmiş və sonuncu tutularaq istintaq orqanına təhvil verilmiş, habelə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Şübhəli şəxsin dindirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 76-77) görünür ki, X9 xx.xx.2022-ci il tarixində “Şamaxinka” kimi adlanan ərazidə 60 manata almış narkotik vasitə heroini tanışı Təqsirləndirilən şəxs satmaq istədiyini, həmçinin bir neçə dəfə Təqsirləndirilən şəxs narkotik vasitə satdığını bildirmişdir. 22 sentyabr 2022-ci il tarixli üzləşdirmə haqqında protokoldan (cild 1, iş vərəqə 78- 79) görünür ki, X9 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilərkən Təqsirləndirilən şəxs 80 manat müqabilində 3 (üç) ədəd bükümdə narkotik vasitə heroini X5 aldığını, habelə X9 əvvəllər bir neçə dəfə ona narkotik vasitə satdığını bildirmişdir. 22 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 79A) görünür ki, həmin gün X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. 22 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 80-81) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. 22 sentyabr 2022-ci il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)- 513/2022 saylı qərarından (cild 1, iş vərəqə 102-106) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu gündən, yəni 20 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. 16 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 124-126) görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. 21 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 7030 nömrəli rəyindən (cild 1, iş vərəqə 141-142) görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 02 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/6539 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 144) görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş 3 (üç) ədəd bükümdəki narkotik vasitə heroin kütlələri həm öz aralarında, həmçinin X6 üzərindən aşkar olunmuş 1 (bir) ədəd bükümdəki narkotik vasitə heroin kütləsi ilə kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edirlər. 20 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 146-153) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,744 qram təşkil edən narkotik vasitə heroinin maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilməsi, X10 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət təqibinin həyata keçirilməsinin nəzərə alınması, üzərindən aşkar edilmiş 1 (bir) ədəd “Mobitel” markalı mobil telefon və 1 (bir) ədəd bank kartının maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. 20 fevral 2018-ci il tarixli Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-64/2018 saylı hökmün surətindən (cild 1, iş vərəqə 127-129) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinmiş, həmin maddə ilə ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, habelə qeyd edilən cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 6 ay müddətə müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qəti cəzanın əvvəli 09 noyabr 2017-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, lakin ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini külli miqdarda əldə edib üzərində saxlamış və daşımışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə tanışı X4 qanunsuz olaraq külli miqdarda 2,864 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış və 20 sentyabr 2022ci il tarixdə, saat 12:30-da Nəsimi rayon Polis idarəsinin 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılaraq 20-ci Polis bölməsinə aparılmışdır. Orada onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən kimyəvi tərkiblərinə görə eyni olan 3 (üç) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,985 qram, 0,428 qram və 0,451 qram olmaqla, ümumi təmiz çəkisi isə 2,864 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadə verərək polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir müddət əvvəl tanışı Fərhad adlı şəxsin köməkliyi ilə öz istifadəsi üçün 0,5 qram çəkidə narkotik vasitə heroin aldığını, sonra isə həmin narkotik vasitə heroini geyindiyi corabda saxladığını və polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin narkotik vasitəni polis əməkdaşlarına təqdim etdiyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs uzun müddət narkomaniya xəstəliyindən əziyyət çəkdiyini və üzərində saxladığı narkotik vasitəni məhz öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmçinin məhkəmə istintaqında Təqsirləndirilən şəxs verdiyi ifadəsində üzərindən 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,985 qram, 0,428 qram və 0,451 qram, ümumi təmiz çəkisi 2,864 qram təşkil edən külli miqdarda narkotik vasitə heroinin aşkar edilmədiyini, tutulduqdan sonra polis əməkdaşlarının zorakılığına məruz qaldığını, nəticədə etirafedici ifadə verməyə məcbur qalaraq qeyd edilən məzmunda ifadə verdiyini bildirmişdir. Həmçinin o, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı bildirmişdir ki, polislər elə formada ona xəsarət yetirmişlər ki, həmin xəsarətlərin izi qalmamış, habelə o, döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı heç bir dövlət orqanına müraciət etməmişdir. Bu səbəbdən də qeyd edilən hissədə məhkəmə araşdırma aparmış və araşdırma nəticəsində məlum olmuşdur ki, o, həbs edildikdən sonra saxlanıldığı İstintaq Təcridxanasına təhvil verilərkən onun üzərində xəsarət aşkar edilməmişdir. Bundan başqa, o, döyülməsi və işgəncəyə məruz qalması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən onun iddia etdiyi halların həqiqət olmasını məhkəmə istintaqında müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə belə nətiəcəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi qismən etirafedici ifadəsində göstərdiyi hallar, yəni onun polis əməkdaşları tərəfindən döyülməsi və sair formada işgəncəyə məruz qalması halları baş verməmişdir. Eyni zamanda məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitə heroini tanışı Fərhad adlı şəxsin köməkliyi ilə qanunsuz şəkildə aldığını bildirsə də, məhkəmə istintaqında tədqiq edilmiş prosessual hərəkətlərin nəticəsinə dair tərtib edilmiş protokollardan məlum olmuşdur ki, ona narkotik vasitə satan şəxs məhz Fərhad adlı şəxs olmuşdur. Bu səbəbdən də Fərhad adlı şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və sonuncu barəsində toplanmış sübutlardan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürümüş narkotik vasitə heroin həmin Fərhad adlı şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eyni tərkibli olmuşdur. Belə olduğu halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun üzərindən 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,985 qram, 0,428 qram və 0,451 qram olmaqla, ümumi təmiz çəkisi 2,864 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin aşkar edilmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında başqa hal/hallar müəyyən edilməmişdir. Göstərilənləri həm məcmu halda, həm də ayrı-ayrılıqda təhlil edib və əldə olunan nəticəni nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də külli miqdarda narkotik vasitə heroini qanunsuz şəkildə əldə edib üzərində saxlamaqla daşımış və üzərində şəxsi axtarış keçirilərkən 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,985 qram, 0,428 qram və 0,451 qram olmaqla, ümumi təmiz çəkisi 2,864 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin aşkar edilmiş, habelə o, həmin külli miqdarda narkotik vasitə heroini şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edib saxlamaqla daşımışdır. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşlı olmasını, yəni onun 60 yaşlı şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, işin digər hallarını, eləcə də aşkar edilmiş narkotik vasitənin çəkisini (nisbətən az olmasını) və onun yaşlı olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 20 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,744 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, onun üzərindən aşkar edilmiş 1 (bir) ədəd “Mobitel” markalı mobil telefon və 1 (bir) ədəd bank kartı yaxın qohumlarına qaytarılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 110 (yüz on) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 20 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,744 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, üzərindən aşkar edilmiş 1 (bir) ədəd “Mobitel” markalı mobil telefon və 1 (bir) ədəd bank kartı yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-722/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-722/2023
03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver