Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-724/2023 20.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:55-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq külli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 11.060 qram psixotrop maddə kustar üsulla hazırlanmış metamfetamini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 30 avqust 2022-ci il tarixdə saat 18:30-da Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “TOS oil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb ünvan 3 ünvanında yerləşən 32-ci Polis Bölməsinə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 11.060 qram psixotrop maddə kustar üsulla hazırlanmış metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 30 avqust 2022-ci il tarixdə yaşadığı evdə olarkən qapı döyülmüş, oğlu gəlib ona polislərin gəldiklərini demişdir. Daha sonra polis əməkdaşları evin arxa pəncərəsini sındıraraq, evə daxil olub, onu Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə aparmışlar. Polis bölməsində o, xəstə olduğu üçün işi uzatmamaqdan ötrü psixotrop maddə metamfetaminin ona aid olduğunu demişdir. Evə onu aparmaq üçün 12-13 nəfər polis gəlmişdir. O, saxlanılmamışdan iki gün qabaq Zığ şossesində avtomobillə iki dostu ilə hərəkət edərkən post patrul xidməti avtomobili saxlamışdır. Avtomobili müharibə veteranı, qazi dostu idarə etmişdir. Həmin dostu polis əməkdaşlarına maşının sənədlərinin dövlət tərəfindən ona verilmiş avtomobildə olduğunu bildirərək, hətta dövlət tərəfindən verilmiş həmin avtomobilin nömrə nişanının yük hissəsində olmasını deyərək, avtomobildən düşüb yük hissəsini açmışdır. Bu zaman onlara ikinci post patrul xidməti avtomobili yaxınlaşmışdır. Polislər yığışaraq, onun dostunu vurub yerə yıxmış, onlar etiraz edəndə polis əməkdaşları onları itələmişlər. Onlar yenidən avtomobilə əyləşərək qaçmağa başlamışlar. Qazi dostunun gözünə gözyaşardıcı qaz vurduqları üçün bir qədər sonra maşını saxlamış və sükan arxasına o keçərək avtomobili idarə etməyə başlamışdır. Güman edir ki, baş vermiş həmin hadisə polis əməkdaşlarını qıcıqlandırmış və onlar bu səbəbdən onu tutmuşlar. O, saxlanılan zaman üzərində hər hansı qanunsuz əşya, eləcə də, narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 30 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan, Suraxanı RPİ-nin 32-ci PB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 18:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsində xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini istəmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Ona narkotik maddələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 32-ci PB-ə dəvət etmişlər. Təqsirləndirilən şəxs razı olaraq onlarla birlikdə 32-ci PB-ə gəlmişdir. 32-ci PB-də xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra onun hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə görüşdükdən sonra onun üzərində videoçəkiliş ilə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Kənan Dadşova üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının qabaq sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bir ədəd büküm açılaraq içərisinə baxıldıqdan sonra ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Kənan Dadşov həmin bükümün içərisində şüşə kimi tanıdığı maddə olduğunu, həmin maddəni “Papanin” adlanan ərazisində tanımadığı şəxsdən cəmi 50 manata öz istifadəsi üçün aldığını və sonra istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm götürülərək qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 32-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısının əridir. Avqust ayının sonu günorta saatlarında, o, bacısıgilə gələrkən görmüşdür ki, 10-15 nəfər mülki geyimli şəxslər bacısının əri Kənanı aparırlar. O, evə daxil olmuş, bacısından soruşduqda demişdir ki, Suraxanı rayonu ərazisində maşınla polisdən qaçdıqları üçün hazırda polis əməkdaşları Kənanı saxlayıblar. Kənanın qolu bağlı olmuşdur. Polis əməkdaşlarının evə baxış keçirib-keçirməmələrini dəqiq bilməmişdir. Polis əməkdaşlarının mülki və ya xidməti avtomobillə gəldiklərini görə bilməmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs dostu Natiq vasitəsilə tanımışdır. Kənan və Natiq adlı dostu ilə birlikdə Zığ şossesində avtomobillə hərəkət edərkən, post patrul xidmətinin əməkdaşları avtomobillərini saxlamışdır. Avtomobili müharibə veteranı, qazi dostu Natiq idarə etmişdir. Həmin dostu polis əməkdaşlarına maşının sənədlərinin dövlət tərəfindən ona verilmiş avtomobildə olduğunu bildirərək, hətta dövlət tərəfindən verilmiş həmin avtomobilin nömrə nişanının yük hissəsində olmasını deyərək, avtomobildən düşüb yük hissəsini açmışdır. Bu zaman onlara ikinci post patrul xidməti avtomobili yaxınlaşmışdır. Polislər yığışaraq, onun dostunu vurub yerə yıxmışlar. Eləcə də, polislər onun qoluna da qandal vurmuşlar, buna baxmayaraq, onlar avtomobilə əyləşərək oradan yayına bilmişlər. İki gün sonra polis əməkdaşları onun yaşadığı evə gəlmişlər. Polis əməkdaşları onu yaşadığı evdən aparmışlar. Lakin, onun barəsində cinayət işi açılmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən artıq onun özü də müvəqqəti saxlanma yerinə aparılmışdır. O, məhəllədə olan tanış uşaqlardan öyrənmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları yaşadığı evdən çıxararaq aparmışlar. Onun Kənanın narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməsinə dair məlumatı olmamışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 1-ci və 2-ci Qarabağ müharibəsinin iştirakçısı və Qarabağ qazisidir. O da keçmiş polis əməkdaşı olmuşdur. O, dostları ilə birlikdə Qaraçuxur qəsəbəsinəd yoldaşının istifadəsində olan “Hyundai Elantra” markalı avtomobili ustaya aparmışdır. Ustanın yerini öyrənmək üçün avtomobili saxladıqda polis avtomobili ona yaxınlaşmışdır. Ondan sənədlər tələb olunduqda, o, özü də keçmiş polis əməkdaşı, qazi olduğunu bildirərək, sənədlərin ona dövlətin verdiyi digər maşında olmasını bildirmişdir. Bu zaman polis əməkdaşı onunla kobud danışdığı üçün o, müharibədə aldığı “kontuziya” səbəbindən aqressivləşmişdir. Bu zaman ikinci post patrul xidməti avtomobili hadisə yerinə gəlmiş və ona qarşı zor tətbiq etmişlər. O, vəziyyətin pis olmasını görüb Kənana avtomobili idarə etməsini bildirmişdir. Daha sonra isə polis əməkdaşları onların arxasınca güllə atmışlar. Onlar hadisə yerindən uzaqlaşaraq, yaşadıqları evə getmişlər. Təqsirləndirilən şəxs evdən tutub polis bölməsinə apararkən onun özü də polis bölməsində olmuş, lakin, Təqsirləndirilən şəxs xeyli sayda polis əməkdaşları tərəfindən öz yaşadığı evdən zorla çıxarılaraq tutulduğunu qonşulardan öyrənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31 avqust 2022-ci il tarixli 6/4655 №li rəyindən görünür ki, - tədqiqata təqdim edilmiş “1.imza şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazı və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 11,060 qram olan açıq çəhrayı rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanuni ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İİ siyahısına daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi: 11,060 qr, tədqiqata sərf edildi : ümumi 0,05 qr, qalıq:11,010 qr (iş vərəqə 46-50) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 X6-narkoloji X2 01 dekabr 2022-ci il tarixli 7290 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 108-109) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X3 Hüquqi Şəxsin 01 dekabr 2022-ci il tarixli 3186 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 111-113) İş materiallarında olan 30 avqust 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd büküm aşkar edilmişdir. (iş vərəqə 31-32 ) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təsvir edilmiş cinayət əməllini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, polis əməkdaşlarının onu yaşadığı evdən çıxarması, saxlanılarkən üzərində hər hansı qanunsuz əşya, eləcə də, ittihamda qeyd edildiyi kimi 11.060 qram psixotrop maddə metamfetamin olmaması ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi özünün ibtidai istintaq zamanı verdiyi etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 31 avqust 2022-ci il tarixli 6/4655 №li rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 X6-narkoloji X2 01 dekabr 2022-ci il tarixli 7290 №-li rəyi, “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokol və digər sənədlərlə tam təkzib olunmuşdur. Məhkəmə tərkibi, həmçinin, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş şəxslər Şahid3, X1 və X5 ifadələrinə tənqidi yanaşaraq belə qərara gəlir ki, həmin ifadələr həqiqətə uyğun olmayan, başqalarının sözlərinə əsaslanan və yaxın münasibətdə olduqları təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədi güdən ifadələr olmaqla iş üzrə sübut hesab edilə bilməz. Həmçinin, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həmin psixotrop maddəni “Papanin” adlanan ərazidən üzdən tanıdığı şəxsdən 50 manata alıb öz istifadəsi üçün üzərində saxlamışdır. Sonuncu dəfə polis əməkdaşları tərəfindən saxlandığı gündən bir neçə gün əvvəl “Papanin” adlanan ərazidən üzdən tanıdığı şəxsdən öz şəxsi istifadəsi üçün 50 manata bir büküm “şüşə” kimi tanıdığı psixotrop vasitə almış və sonra istifadə etməyi üçün üzərində saxlamışdır. Həmin gün, yəni 30 avqust 2022-ci il tarixdə saat 18:30 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “TOS oil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşları onun narkotik maddələrin qanunsuz dövrüyyəsində şübhəli olduğunu bildirərək üzərinə baxış keçirilməsi üçün 32-ci PBnə dəvət etmişlər. O da razılaşmış və polis əməkdaşları ilə birlikdə 32-ci PB-nə gəlmişdir. PBdə şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları onun hüquq və vəzifələrini izah etmişlər və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət etmişlər. Müdafiəçi ilə görüşdükdən sonra polis əməkdaşları video çəkiliş aparmaqla onun üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, isə buna etiraz etməmiş, ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynində olan göy rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin bükümü açıb baxdıqdan sonra həmin bükümün içərisində olan maddənin nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməyi barədə soruşmuşdur. O da həmin bir ədəd bükümün içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə olmasını, onu bir neçə gün əvvəl “Papanin” adlanan ərazidən üzdən tanıdığı şəxsdən cəmi 50 manata öz şəxsi istifadəsi üçün aldığını və sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Ondan aşkar edilmiş həmin bir ədəd büküm polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanmışdır. O, psixotrop və narkotik maddələrin satışı İlə məşğul olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edibetməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 11,060 qram təşkil edən psixotrop maddə olan metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (iş vərəqə 101-102, 103-106) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. (iş vərəqə 93) Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşirən hal kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəqə 28) İş materiallarında olan 01 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vərəqə 83-84) Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni 20 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 X6-narkoloji X2 01 dekabr 2022-ci il tarixli 7290 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, lakin, o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 55 (əlli beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə AR CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,010 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 (bir) ədəd DVD formatlı disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. AR CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün elan edildiyi vaxtdan, yəni, 20 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 11,010 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 55 (əlli beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Fərid Namazov İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-724/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-724/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver