Məhkəmə qərarları › İş №1(101)-725/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-725/2021

29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-725/2021 29.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Xankişiyev Mirzə Aslan oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi X1 iştirakları ilə xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsi, ev 16-da qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 29 oktyabr 2020-ci il tarixdə səhər saatlarında Bakı şəhəri “Savetski” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4,247 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış və həmin tarixdə saat 19:30-da Binəqədi RPİ-nin 43-cü PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsində yerləşən «Amart» marketin yanında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Binəqədi RPİ- nin 43-cü Polis Bölməsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 4,247 qram qəhvəyi rəngli maddə olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərək göstərdi ki, 29 oktyabr 2020ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində, Zeynalov küçəsində yerləşən «Amart» marketin yaxınlığında 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və üzərində narkotik vasitə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə dəvət etmişlər. Bundan sonra öz razılığı ilə Binəqədi RPİ-nin 43-cü PB-yə aparılmış və orada video çəkiliş vasitəsilə, müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Polis əməkdaşlarına həmin narkotik vasitəni həmin gün saat 11 radələrində Bakı şəhəri Savetski adlanan ərazidən tanımadığı, adını bilmədiyi şəxsdən 100 manata şəxsi istifadəsi üçün aldığını bildirsə də, ona satış məqsədi ilə əldə etməsi barədə ittiham verilmişdir. O, bu ittihamla razılaşmır, o narkotik vasitəni yalnız qəbul etməsi üçün əldə etmişdir, heç vaxt narkotik vasitənin satışı ilə məşqul olmamışdır. Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş, şahid ifadələri, ekspert rəyləri və digər sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 vermiş olduğu ifadəsində bildirmişdir ki, Binəqədi RPİ-nin 43-cü PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. Əməliyyat aparatına Təqsirləndirilən şəxs Binəqədi rayon polis idarəsinin 43-cü Polis Bölməsinin inzibati ərazisi olan Binəqədi qəsəbəsində qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında onun və Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində 29 oktyabr 2020-ci il tarixdə saat 19:30-da Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Zeynalov küçəsində yerləşən “Amart” marketin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Özlərini polis əməkdaşı kimi təqdim edərək həmin şəxsi yaxınlıqda yerləşən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsininə dəvət etmişlər. Bundan sonra Emin onlarla birlikdə bölməyə gəlmişdir. Bölmənin təhqiqatçısı polis kapitanı Rəşad Bayramov tərəfindən onun xidməti otağında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, istifadəsi və daşımasında şübhəli bilindiyi üçün şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra həmin xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyini bildirib ona üzərində dövriyyəsi məhdudlaşdırılmış eləcədə qadağan olunmuş hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş və o, heç bir etiraz bildirmədən könüllü olaraq əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf selofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin bükümü açaraq içərisində olan açıq qəhvəyi rəngli tozşəkilli maddənin narkotik vasitə “kakos” olduğunu, həmin narkotik vasitəni 29 oktyabr 2020-ci il tarixdə Bakı şəhəri, “Savetski” adlanan ərazidə tanımadığı şəxsdən 100 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin aşkar olunmuş büküm bir ədəd zərfə qoyularaq möhürlənmiş və qablaşdırılmışdır. O və digər işitrakçılar həmin zərfin üzərini və tərtib edilmiş protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı GSM nömrəyə 01 yanvar 2020-ci ildən 29 oktyabr 2020-ci il tarixədək daxil olan və göndərilən “SMS” mətnlərini əks etdirən 25.11.2020-ci il tarixli AZF/LGL-13736/20 saylı məktubla Azəron MMC-dən daxil olmuş CD diskə baxış keçirilən zaman müəyyən edildi ki, Təqsirləndirilən şəxs gəlmiş mesajlarda göstərilmişdir ki, «qaqaşım sabah 40 manat düzüm qoşum 4 dənə düz qoş da, mənim vəziyyətim pisdi qardaşımsan bir günə kimi divijeni edim qaytarım arxayın olun, 20li patı istiyirlər varındı götürüm, qaqaş ot lazımdı bi dənə, bidənədə yarı gəlim nəğdi». «qaqaş necəsən qaqaş mənə 15 manatlıq ot lazımdı alınar gözləyim» «qaqaş kola varındı?, salam qərdeş mənə yarım litr kola lazımdı puluynan alınır amma soyuq olsun» qaqaş niyazdı qaqaş 10 manatım var vəzyətimdə pisdi nəsə tapa bilərsən mənə? « qaqaş sabah həkimə gedəcəm tezdənnən gör yarım litr kola alınır puluynan vacibdi, atas salam necəsən noldu yekə oğlansan dedik axı iş görək yetimin 500 manat pulu var, qaqaş kola lazımidı var? kimi sms danışıqları vardır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs, CD diskə baxış keçirdikdən sonra bildirmişdir ki, həmin mesajlar istifadəsində olan ***-***-**-** GSM nömrəsinə daxil olan və ya çıxan mətnlərdir. “Kola” yazdıqda o narkotik vasitə heroini, “Patı” yazdıqda psixotrop maddə metamfetamini, “Ot” yazdıqda isə narkotik vasitə marixuananı nəzərdə tutmuşdur. Həmin narkotik vasitənin istifadəçisi olduğu üçün arada satışı ilə də məşğul olmuşdur ki, gəlir əldə edib şəxsi istifadə üçün narkotik vasitə əldə edə bilsin. Həmin 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş təmiz çəkisi 4,247 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 4,097 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin saxlanılması üçün Binəqədi RPİ-nin X5 Kamerasına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 30 oktyabr 2020-ci il tarixli 6/2326 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki bir ədəd bükümdə, təmiz çəkisi 4,247qr qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan-heroindir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-psixiatrik ekspertizasının 24 noyabr 2020-ci il tarixli 2318 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamış, həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin hərəkətlərini idarə etmək iqtidarında olmuş və onun əməlləri Azərbaycan Respublikası CM- nin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 11 yanvar 2021-ci il tarixli 53 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya, əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, habelə cinayət işinin materialları üzrə toplanmış sübutların məcmusu ona elan olunmuş ittihamın əsasını təşkil etdiyinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi kifayət qədər sübut olunmuşdur. Cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində ağırlaşdırıcı halların olması müəyyən olunmadı. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 29 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 4,097 qram olan narkotik vasitə heroin məhv edilməlidir . Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntünü özündə əks etdirən iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə evkspertiza xərcləri 114 ( yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı “İnsan hüquqlarını və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü hissəsinin c bəndinə, Azərbaycan Respublikası CPM-nin 19-cu maddəsinin 19.4.4-cü bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına 3.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş “Fides” vəkil bürosunun vəkili X2, yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından “Fides” vəkil bürosunun hesabına 204 (iki yüz dörd) manat pul ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 29 oktyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 4,097 qram olan narkotik vasitə heroin məhv edilsin . Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı video görüntünü özündə əks etdirən iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə evkspertiza xərcləri 114 ( yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. X2, hüquqi yardım göstərdiyi üçün dövlət büdcəsinin hesabından “Fides” vəkil bürosunun hesabına 204 (iki yüz dörd) manat pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar