Məhkəmə qərarları › İş №1(101)-726/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-726/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-726/2024 28.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1981-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, natamam orta təhsilli, fərdi qaydada əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Novruzlu kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Atçılıq yaşayış sahəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 28 fevral 2024-cü il tarixdə, saat 13:00-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda 6,920 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdə, saat 13:15-də ünvan 1 ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq ünvan 2 ünvanda yerləşən Baş İdarənin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümündə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 4,132 qram və 2,788 qram olmaqla ümumi təmiz çəkisi 6,920 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, tutulmazdan təxminən iki ay əvvəl Yasamal rayonunda yerləşən “Qayçı” bərbər salonunda işləmişdir. O, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. 12 may 2023-cü il tarixdə, saat 11:00 radələrində ***-***-**-** saylı mobil telefon nömrəsindən ona əvvəllər müştərisi olduğunu zənn etdiyi qadın tərəfindən zəng gəlmiş, sonuncu ona uşaqlarının saçını düzəltdirmək istədiyini bildirmişdir. O həmin qadına işləmədiyini bildirərək dostunun Hüseyn Cavid prospekti 87A ünvanında yerləşən “Aysel” adlı salonunun olduğunu, dostundan xahiş edərək saçını orada kəsə biləcəyini demişdir. Bundan sonra o, “Aysel” salonuna getmiş, həmin salona çatmağa təxminən 10 metr qalmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin (bundan sonra mətndə- BMCMİ) əməkdaşları tərəfindən saxlanılaraq həmin idarəyə aparılmışdır. Belə ki, həmin İdarənin əməkdaşları ona 28 may ərazisində yerləşən “Elit” aptekdən “triqavarin” adlı psixotorop tərkibli dərman aldığını bildirərək həmin dərmanı kimlərə verdiyini soruşmuşlar. O isə əvvəllər “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə etdiyini, lakin təxminən iki ay həmin psixotrop maddədən istifadə etməmək üçün “triqavarin” adlı psixotrop tərkibli dərmandan öz şəxsi istifadəsi üçün alaraq qəbul etdiyini, o cümlədən heç kimə vermədiyini bildirmişdir. “Triqavarin” dərmanını isə müxtəlif apteklərin qarşısında resept satanlardan əldə etdiyi resepti təqdim edərək əldə etmişdir. BMCMİ-nin əməkdaşları ona hər şeyi etiraf etdiyi təqdirdə bir ay müddətinə “Kürdəxanı” ərazisində yerləşən cəzaçəkmə müəssisəsinə göndərəcəklərini, daha sonra isə ailə vəziyyətini nəzərə alaraq məhkəmədən aşağı həddə cəza təyin edilməsini xahiş edəcəklərini bildirmişlər. Sonuncularla razılaşmadıqda isə evindən külli miqdarda narkotik vasitə çıxaracaqlarını demişlər. Ona əvvəlcə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuş, sonradan ona elan olunmuş ittiham həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə dəyişdirilmişdir.

3. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, o, dörd nəfər tanımadığı polis əməkdaşları tərəfindən təxminən saat 12-13 radələrində saxlanılmışdır. “Qayçı” salonunda işləyən zaman onu saxlamış polis əməkdaşlarından biri onun müştərisi olmuş, lakin cinayət işində həmin şəxsin ifadəsi alınmamışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki təzyiq göstərilməsə də, psixi təzyiqlərə məruz qalmışdır. Ona göstərilmiş psixi təzyiqlərlə əlaqədar hər hansı hüquq mühafizə orqanına və quruma şikayət etməmiş, heç kimə məlumat verməmişdir. Əvvəllər iki gündən bir psixotrop maddə metamfetamin qəbul etmişdir. Həmin maddənin istifadəsini BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılmazdan təxminən iki ay əvvəl dayandırmışdır. Müştəriləri yüksək vəzifəli şəxslər və onların övladları olmuşdur. BMCMİ-nin əməkdaşları ona müxtəlif avtomobil nömrələri barədə suallar verməklə həmin avtomobillərin sahibləri haqqında məlumat verməsini, eləcə də sonuncuların tutulması üçün özünün “konum”unu yollamağını istəmişlər. Lakin o bununla razılaşmamışdır. Polis əməkdaşları onu saxlayarkən tutmağa “Hundai Sonata” markalı avtomobillə gəlmişlər. Saxlanılarkən ona hüquqları izah edilməmişdir. Daha sonra ona tanımadığı nömrədən zəng gəlmiş, həmin şəxs ona “malları hara qoyduğunu” soruşmuşdur. Həmin şəxsə onun dediklərini başa düşmədiyini bildirdikdə sonuncu ona İdarəyə getdikdən sonra başa düşəcəyini demişdir. Belə ki, polis əməkdaşları onların təqdim etdiyi sənədlərə imza çəkməyəcəyi təqdirdə bütün ailə üzvlərini İdarəyə gətirərək evindən 70 kiloqram narkotik maddə çıxaracaqlarını deməklə hədələmişlər. Buna görə də təqdim edilmiş sənədlərə məcbur qaldığından imza çəkmişdir.

4. Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, ailə üzvlərinə işlərinin yaxşı getmədiyindən icarə haqqını ödəyə bilmədəyini, buna görə də işdən ayrıldığını söyləmişdir. İşlədiyi “Qayçı” salonundan çıxmaqda məqsədi ətrafındakı narkotik vasitələrdən istifadə edən şəxslərdən, o cümlədən narkotik vasitə qəbulundan uzaqlaşmaq və narkomaniya xəstəliyindən sağalmaq olmuşdur. İşdən çıxdığı iki ay ərzində bir sıra müştərilərin evinə gedərək xidmət göstərmiş, qazandığı pul isə ona dolanmaq üçün kifayət etmişdir. O həm qadın, həm də kişi müştərilərlə işləmişdir.

5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr məhkəmədə elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, o, təxminən 3 ildir narkotik vasitədən istifadə edir, lakin satışı ilə məşğul deyildir. Belə ki, saxlanılandan bir gün əvvəl “Tural” kimi tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 80 manat pul ödəməklə iki ədəd bükümdə psixotrop maddə olan metamfetamin alıb əldə edərək həmin bükümləri üzərində saxlamışdır. 12 may 2023-cü il tarixdə, saat 13:10 radələrində ünvan 3 ünvanda piyada hərəkət edən zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq BMCMİ-nin əməkdaşları olduqlarını bildirib ondan özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını bildirərək onu BMCMİ-nin inzibati binasına dəvət etmişlər. O, etiraz etməyib həmin idarəyə çatdıqda dövlət hesabına vəkillə təmin olunmuş və bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirildikdə etiraz etməmişdir. Bundan sonra onu saxlayan polis əməkdaşlarının və dəvət edilmiş vəkilinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilərkən ona üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. O həmin vaxt polis əməkdaşlarına üzərində “şüşə” olduğunu bildirib masaya yaxınlaşaraq üzərində olan bütün əşyaları, əynində olan göy rəngli şalvarın sağ yan cibindən 2 (iki) ədəd ağ rəngli kristal şəkilli sellofan bükümləri, daha sonra şalvarının sol cibindən “İphone” markalı mobil telefonu, digər cibindən alışqanı təqdim etmişdir. Onun üzərində polis əməkdaşı tərəfindən şəxsi axtarış aparılan zaman şalvarının arxa cibindən 40 qəpik və gödəkçənin içəri sol cibindən isə 1 (bir) ədəd şəffaf borucuq aşkarlanmışdır. Bundan sonra təqdim etdiyi 2 (iki) ədəd sellofan bükümlərə baxış keçirilmiş, bükümlərin içərisində kristal şəkilli maddə olması məlum olmuşdur. Aşkarlanmış maddələr ekspertiza tədqiqatı üçün götürülməklə qablaşdırılmış və iştirakçılar tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. 40 qəpik pulu və alışqan özünə qaytarılmış, mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (Cild 1, iş vərəqi (bundan sonra i.v) 35-36; 53-56; 67-70; 174-177;).

6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

8. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs sonradan tanımış, onunla hər hansı münasibəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə əldə etməsi, özündə saxlayaraq daşıması, eləcə də satışı ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən BMCMİ-yə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunu ifşa etmək məqsədilə dərhal əməliyyat tədbirinin həyata keçirilməsi üçün xidmət etdiyi Baş İdarənin rəisinə 12 may 2023-cü il tarixdə raportla məruzə etmiş, alınmış razılıq əsasında əməliyyat tədbirinin həyata keçirilməsinə dair tərəfindən qərar qəbul edilərək əməliyyat tədbiri həyata keçirməyə başlamışdır. Qabaqcadan hazırlanmış plana əsasən 12 may 2023-cü il tarixdə, saat 13:10 radələrində o, tədbirə cəlb edilmiş Baş İdarənin digər əməliyyat müvəkkili, Şahid3 və Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 87A ünvanına gələcəyindən qeyd olunan ünvana gedərək orada gözləmə mövqeyi seçmişlər. Həmin gün, saat 13:15 radələrində Təqsirləndirilən şəxs həmin ünvanda olan zaman sonuncuya yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və ona barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarı elan etmişlər. Bundan sonra üzərində şəxsi axtarışın aparılması məqsədilə BMCMİ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların hər şey haqqında məlumatlı olduqlarını dərk edib hər hansı etiraz bildirmədən onların müşayiəti ilə BMCMİnin yerləşdiyi inzibati binaya gəlmişdir. Müvafiq raport yazıldıqdan sonra, araşdırmanın aparılması Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı Murad Azayevə həvalə olunduğundan, Təqsirləndirilən şəxs İdarədə təhqiqatçı üçün ayrılmış xidməti otağa aparmışlar. X14 müdafiəçi dəvət etdikdən sonra sonuncunun üzərində şəxsi axtarış aparılacağını nəzərinə çatdırmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək üzərində olan əşyaları çıxarıb stolun üstünə qoyması təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ cibindən 2 (iki) ədəd sellofan bükümlərini, sol cibindən “İphone” markalı mobil telefonu, gödəkçənin sol cibindən alışqanı, 40 qəpik pulu və gödəkçənin içəri cibindən borucuğu təqdim etmişdir. Qeyd olunanlardan başqa üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məxsus 40 qəpik pulu və alışqanı iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, lakin 1 (bir) ədəd, “İphone” markalı mobil telefon və bir ədəd borucuq iş üzrə əhəmiyyət kəsb etdiyin ona izah edilməklə götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış zamanı içərisində metamfetaminə bənzər maddə aşkar edilmişdir. Aşkar edilmiş kütlə içərisi boş zərfə qoyularaq qablaşdırılmış, üzəri “DİN-nin Zərflər üçün 6 saylı” möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdə olan maddənin “şüşə” olduğunu, həmin maddəni bir gün əvvəl “Tural” kimi tanıdığı şəxsdən 80 manata öz şəxsi istifadəsi üçün əldə edərək üzərində daşıdığını bildirmişdir. Aparılmış şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir.

9. Şahid qismində dindirilmiş Şahid2 ifadəsinə əlavə edərək göstərdi ki, Təqsirləndirilən şəxs qarşı onun özü və digər polis əməkdaşları tərəfindən saxlanılarkən, polis idarəsinə aparılarkən və idarədə hər hansı fiziki və ya psixoloji təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs onlara hər hansı müqavimət göstərməmiş, etiraz etməmiş və şikayət olmasını bildirməmişdir.

10. Məhkəmədə şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu, Şahid2 ilə əsasən oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir.

11. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkili, polis mayoru X8 ifadəsi tərəflərin vəsatəti əsasında elan edilməklə tədqiq edilmiş və onun Şahid2 və Şahid3 ifadələri ilə eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir (Cild 1, i.v. 93-95;).

12. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin fiziki-kimyəvi ekspertizalara şöbəsinin baş eksperti X2 ifadəsi tərəflərin vəsatəti əsasında elan edilməklə tədqiq edilmiş və o, ifadəsində göstərmişdir ki, tərtib etdiyi ekspert rəyində mexaniki səhv olaraq geri qaytarılan maddənin miqdarı 6,120 qram olaraq yazılmışdır. Buna görə də, qalıq maddənin 6,820 qram təşkil etməsi istintaq materiallarında nəzərə alınmalıdır (Cild 1, i.v. 101-102;).

13. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

14. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 12 may 2023-cü il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilməsi faktına görə BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı X12 tərəfindən 13 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraatına qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1).

15. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 12 may 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, BMCMİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən xx xxxx 1981-ci il təvəllüdlü, Ağdam rayonu, Novruzlu ərazi dairəsi, Novruzlu kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Abşeron rayonu, Masazır qəsəbəsi, “Atçılıq” yaşayış sahəsi, nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar BMCMİ-nin rəisi, polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilərək Şahid2 rəhbərliyi ilə həmin İdarənin əməliyyat müvəkkilləri, polis mayoru Şahid3 və polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v. 3-9).

16. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli qərarı ilə “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” BMCMİ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi, polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 12 may 2023-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir (Cild 1, i.v. 108).

17. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı X13 tərəfindən 12 may 2023-cü il tarixdə, saat 14:20-də müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, o, azadlığının faktiki məhdudlaşdırıldığı 12 may 2023-cü il tarixdə, saat 13:15-dən tutulmuş hesab edilmişdir(Cild 1, i.v. 19).

18. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 may 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs müdafiəçisi X4 iştirakı ilə elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 15:01-dən 15:14-dək BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı X13 tərəfindən həmin İdarənin əməliyyat müvəkkilləri, polis mayoru Şahid3, polis kapitanı Şahid1 və polis leytenantı Şahid2 iştirakı ilə BMCMİ-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməklə bu barədə protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən olunmuş, ona hüquq və vəzifələri ətraflı şəkildə izah edilməklə istintaq hərəkətinin mahiyyəti izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan olunan əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” kimi tanıdığı narkotik vasitələr olduğunu bildirərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibində olan 2 (iki) ədəd sellofan bükümü, şalvarın sol yan cibindən 1 (bir) ədəd “İphone” markalı mobil telefonu, əynində olan tünd yaşıl rəngli gödəkçəsinin sol yan cibində olan 1 (bir) ədəd alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol iç cibindən 1 (bir) ədəd şəffaf borucuq və şalvarının sağ arxa cibindən 40 (qırx) qəpik pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 (iki) ədəd şəffaf sellofan bükümlərin içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olmayan psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 2 (iki) ədəd şəffaf bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələri və 1 (bir) ədəd şəffaf borucuğu 11 may 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonunda olarkən anket məlumatlarını bilmədiyi “Tural” adlı şəxsdən ümumilikdə 80 manata aldığını, psixotrop maddədən istifadə etdiyini, həmin maddələrdən heç kimə vermədiyini, heç kimə satmadığını, habelə üzərində aşkar olunmuş maddələrdən heç kimin məlumatının olmadığını qeyd edərək həmin maddələri şəxsi istifadə məqsədilə üzərində daşıdığını və 1 (bir) ədəd borucuğu isə həmin maddələri istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 (iki) ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 (bir) ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənməklə iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd “İphone” markalı mobil telefon iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş, 1 (bir) ədəd alışqan, 40 (qırx) qəpik pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bu barədə həmin tarixdə, saat 15:22-dən saat 15:48-dək protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 26-28).

19. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 may 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD-R” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən bir ədəd müddəti 13 dəqiqə 51 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi C.S.Mayılov tərəfindən müdafiəçi və təqsirləndirilən şəxsin iştirakı ilə baxış keçirilməsinə dair müvafiq olaraq 23 iyun 2023-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılması zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz əksini tapmışdır. Video görüntülərdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, ona ətraflı olaraq hüquq və vəzifələrinin izah edilməsi, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi müşahidə edilməklə onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (cild 1, i.v. 129).

20. Məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 6/2766 saylı, 13 may 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş 2 (iki) ədəd bükümdə (imza Təqsirləndirilən şəxs)” yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,132 qram və 2,788 qram, ümumi təmiz çəkisi 6,920 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azrəbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr siyahısına (siyahı İ) daxildir. Metamfetamin təmiz çəkisi – 6,920 qram, tədqiqata sərf edildi - 0,10 qram, qalıq - 6,820 qramdır. Aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır (Cild 1, i.v 38-42).

21. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 13 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 12 may 2023-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən pis rəftara məruz qalması, üzərində ittihamda göstərilən miqdarda hər hansı psixotrop maddənin olmaması, habelə psixi təsir və ya təzyiqə məruz qalmasına dair məhkəməyə hər hansı məlumat verməmiş, əksinə ona istinad edilmiş əməldə özünü təqsirli bildiyini bildirmişdir (Cild 1, i.v 84-89).

22. “Maddi sübut hesab edilməsi haqqında” 15 may 2023-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 6,820 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilməklə saxlanılması üçün BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (Cild 1, i.v. 103-105).

23. “Cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 15 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinə göndərilmişdir (Cild 1, i.v. 107).

24. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 15 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X10 tərəfindən icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 109-110).

25. “Maddi sübut kimi tanınma haqqında” 23 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (Cild 1, i.v. 131-132).

26. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 29 iyun 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş şəxsdir (Cild 1, i.v. 135-136).

27. Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının 24 iyun 2023-cü il tarixli, 1780 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərdk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur (Cild 1, i.v. 141-142).

28. Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının 24 iyun 2023-cü il tarixli, 4048 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixosimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Qeyd edilən rəyin təsviri hissəsində göstərilmişdir ki, deməsinə görə 3 ildir ki, psixotrop maddə metamfetamindən istifadə edir. Əvvəllər narkotik vasitə tiryəkdən istifadə etmişdir (Cild 1, i.v.143-144).

29. “Sübutların qiymətləndirilməsi və başqa cinayət işinin ayrılması haqqında” 16 avqust 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirildiyindən ona elan olunmuş ittiham dəyişdirilərək yeni məzmunda ittiham elan olunması qərara alınmışdır. Həmin qərarda həmçinin 13 may 2023-cü il tarixli,6/2766 saylı ekspert rəyindən tədqiqata sərf edildikdən sonra qalan psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisinin 6,820 qram olmasının nəzərə alınması qeyd edilmişdir (Cild 1, i.v. 154-162).

30. “Təqsirləndirilən şəxs qismində yenidən cəlb etmə haqqında” 17 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisi Mübariz Məmmədovun iştirakı ilə elan edilməklə mahiyyəti izah edilmişdir (Cild 1, i.v. 166-167).

31. “AZEMİS” elektron məhkəmə sistemindən əldə edilmiş məlumatlardan və təqdim edilmiş Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqələrindən aydın olur ki, Təqsirləndirilən şəxs ailə tərkibi 7 sentyabr 1991-cü il təvəllüdlü arvadı X6, habelə qızları 20 dekabr 2010-cü il təvəllüdlü Aynişan Əhmədova və 4 avqust 2015-ci il təvəllüdlü Fatimə Əhmədovadan ibarətdir (Cild 2).

Əməlin tövsifi və digər hüquqi məsələlər:

32. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

33. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

35. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

36. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

37. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir.

38. CM-in 234.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, şəxsin CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

40. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İİ siyahısının 67-ci bəndində isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

41. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddə metamfetaminin ona məxsus olmaması, polis əməkdaşlarının onu aldadaraq, habelə ona psixi təzyiq edərək onların bildirdikləri kimi demədiyi halda evinə külli miqdarda narkotik vasitə qoymaqla daha ağır maddələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi və pis rəftara məruz qalacağı ilə hədə-qorxu gəlmələri, məcbur qaldığından polislərin təklifi ilə razılaşaraq onların bildirdikləri kimi deməsi və təqdim edilmiş sənədləri imzalaması, videoçəkiliş zamanı polis əməkdaşlarının ondan nə və necə tələb etmişlərsə elə də deməsi, həmçinin məhkəməyədək icraat zamanı ifadələrini və tərtib edilmiş sənədləri oxumadan imzalaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

42. Belə ki, hökmün 18-19-cu bəndlərində də qeyd edildiyi kimi Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən onun üzərində olan əşya və predmetləri özünün sərbəst olaraq təqdim etməsi və tərtib edilmiş protokolun düzgünlüyünü yoxlayaraq imzalaması əyani formada öz əksini tapmışdır.

43. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin iddia etdiyi kimi Təqsirləndirilən şəxs qanunsuz olaraq tutularaq üzərinə psixotrop maddə qoyularaq təzyiq və aldatma nəticəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə sənədləşdirilməsinə dair qeyd edilənlər iş materialları ilə öz təsdiqini tapmadığından inkar edilir.

44. Belə ki, hökmün 15-16 və 18-19-cu bəndlərində göstərilənlərə əsasən də müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs BMCMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılmış, üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması nəticəsində külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunmuş və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada sənədləşdirilməklə cinayət məsuliyyətinə cəlb edilmişdir.

45. Məhkəmə həmçinin xüsusi vurğulamaqla qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təkidlə üzərində aşkar edilmiş psixotrop maddə metamfetaminin özünə məxsus olmamasını, ibtidai araşdırma zamanı psixoloji təzyiqlərə məruz qalmasına görə etiraf etdiyini və istintaq hərəkətinin gedişatına dair tərtib olunmuş protokolu oxumadan imzalamasını və sair hallar onun məhz ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşımasını bir daha təsdiq edir. Halbuki, məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində, habelə barəsində məhkəmə nəzarəti qaydasında həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən ona istinad edilən əməli səmimi etiraf etməklə hər hansı şəxs tərəfindən, o cümlədən polis əməkdaşları tərəfindən hər hansı pis rəftara məruz qalmasını göstərməmişdir.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

47. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.

48. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X3rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.

49. Halbuki, Təqsirləndirilən şəxs ona qarşı psixi zorakılıq tətbiq edilməsi, aldadılması barədə məhkəmədə ifadəsində göstərdiklərini məhkəməyədək icraat zamanı ümumiyyətlə qaldırmamış, onun saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir.

50. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

51. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.

52. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

53. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

54. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

55. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

56. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-1ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

57. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

58. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

59. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

60. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

61. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, habelə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməklə sağalmaq istəməsini bildirməsi, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını və məhkəmə icraatı dövründə davranışını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

62. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.

63. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın ən aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

64. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

65. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

66. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 12 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 13 may 2023-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 12 may 2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 22 iyun 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (Cild 1, i.v.18-19; 84-89; 121-124 cild 2).

67. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 12 may 2023-cü il tarixdən hesablanmalıdır.

68. Məhkəmə hökmün 28-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

69. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir.

70. Belə ki, CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur.

71. Qeyd edilənlərə əsasən, məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

72. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri, BMCMİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 6,820 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

73. CPM-ə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

74. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

75. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

76. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

77. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

78. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 12 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 6,820 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 1 (bir) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın, habelə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar